28.06.2011

Fəzail Ağamalı:“İlk dəfə 8-ci sinifdə oxuyanda kitab oxudum” - MÜSAHİBƏ


Rəsul Həmzətovla Bayram Bayramovun kitabını cırdım

AVP sədri, millət vəkili Fəzal Ağamalının etirafları 


- Heç kitab oğurladınızmı? 
- Belə bir deyim var ki, kitab oğurluğu oğurluq deyil. Mənim düşüncəmə görə isə bu oğurluqdur və bunun başqa adı yoxdur. Elə kitablar olub ki, almaq istəmişəm, lakin imkanım olmayıb. Ancaq deyilən anlayışdan istifadə etməmişəm.

- Kitabxananızda sevmədiyiniz yazarların kitabı varmı? 
- Evimdəki şəxsi kitabxanamda belə kitablar yoxdur, lakin partiyamın ofisində təsadüfən mənə gəlib çatan, göndərilən, özümün axtarmadığım, özümün seçmədiyim yazarların kitabları var. Yəni elə olub ki, müəyyən təqdimatlara getmişəm, kitablar olub mənim ünvanıma gəlib, göndərilib və istər-istəməz o kitabları da götürmüşəm.

- Həyatınızın bir kitab olmasını, ya da bir kitabda yaşamaq istərdinizmi? 
- Məncə, hər bir insanın həyatı bir və ya bir neçə kitabdan ibarətdir. Çünki onun dünyaya gəldiyi gündən son mənzilə qədər tərcümeyi-halı var, həyatı var, həyat tərzi var və bunlar qələmə alınsa da, alınmasa da məcazi mənada kitablardan ibarətdir. Təbii ki, bir insan kimi mənim də həyatım hansısa kitablarda ifadə oluna bilər, indi bu bir cild, yaxud iki cild ola bilər, o məsələnin başqa tərəfidir.

- Məktəbdən, universitetdən dərs kitablarınız dururmu? 
- Məktəbdən yox, universitetdən bəzi dərs kitablarım qalmaqdadır.

- Birinci sinifə gedəndə yazı oxumağı çox sevirdiniz, yoxsa yazı yazmağı? 
- Xatırlamıram, ancaq onu bilirəm ki, birinci sinfə gedəndə hərfləri tanıyırdım, çünki məndən bir-iki yaş böyük, orta məktəbdə oxuyan bibim var idi. O, məktəbə gedirdi və mən hər zaman onunla bərabər olduğuma görə məktəbə gedənə qədər artıq hərfləri tanıyırdım. “Əlifba” kitabını rahatca oxuyurdum.

- Kitab oxuyanda qaldığınız yeri işarələmək üçün nə edirsiniz? 

- Əvvəllər hansı səhifədə qalırdımsa, kağız qoyardım və ya yaddaşımda saxlayardım. Son vaxtlar isə kitabların özündə lentlər olur və qaldığım yerə həmin lenti qoyuram.

- Əzbərinizdə neçə şeir var? Bəs kitabxananızda? 
- Orta məktəbdə oxuyan zaman istər-istəməz hamı kimi mən də şeir əzbərləyirdim. Çünki məcuri idi. Həm orta məktəbdə tədris proqramına salınırdı, həm də ali məktəbə hazırlaşanda bəzi şeirləri əzbərdən bilməliydin. M.Füzulinin, S.Rüstəmin, S.Vurğunun yadımda qalan şeirləri var. Sonradan daha çox mütaliə etdiyim şairlərin içərisində M.Araz, B.Vahabzadə ön yerlərdə olublar. Müasir şairlərdən isə ən çox müraciət etdiyim R.Rövşən və R.Behrudidir. Son vaxtlar isə S.Sarvanın şeirləri daha çox xoşuma gəlir. Mənim xüsusi olaraq şeirləri yaddaşımda əzbər saxlamaq kimi qabiliyyətim yoxdur, lakin mənə daha çox xoş gələn şeirləri yaddaşımda saxlamağı bacarıram.

- Oxuduğunuz ilk kitab yadınızdadır? 
- Səhv etmirəmsə, yeddi, ya da səkkizinci sinifdə oxuyarkən M.S.Ordubadinin “Dumanlı Təbriz” kitabını oxumuşam.

- Bir fəlsəfə kitabını başdan sona qədər oxudunuzmu? 
- Tələbə vaxtı Azərbaycan dilində fəlsəfə kitabları demək olar ki, yox dərəcəsində idi. Ancaq fəlsəfə ilə bağlı dərsliklər var idi, bu dərslikləri böyük məmnuniyyətlə oxuyurdum. Universitetdə oxuduğum zaman həm dialektik materializmdən, həm tarixi materializmdən, həm də fəlsəfə tarixindən imtahan verəndə hər üçündən “beş” qiyməti almışdım. Yerinə düşmüşkən, elə bu yaxınlarda D.Yerginin “Neft fəlsəfəsi” kitabını oxuyub bitirdim.

- Kiməsə kitab bağışlamısınızmı? 
- Yazdığım, müəllifi olduğum kitablardan bağışladıqlarım olub. Hətta indi həyat yoldaşıma da nişanlı vaxtımızda şeirlər kitabı bağışladığımı xatırlayıram.

- Ən sevdiyiniz film kitab olsaydı onu oxuyardınızmı? 
- Filmlərin əksəriyyəti povestlərin, hekayələrin, romanların motivləri əsasında ssenariləşdirilir, ekranlaşdırılır və böyük tamaşaçı auditoriyasına təqdim olunur. Hansı kitabları oxumuşamsa, düşünmüşəm ki, bunun haqqında filmlər çəkilsə, daha yaxşı olardı. Bunları hər zaman bir-biri ilə bağlı görmüşəm, ayırmamışam.

- Qarabağ problemi ilə bağlı bir kitab oxudunuzmu? 
- Qarabağla bağlı çoxlu tarixi kitablar oxumuşam. 1902-ci ildə V.Veliçkonun yazdığı kitabdan başlamış A.Dümanın əsərlərinə qədər Azərbaycanla, o cümlədən də Qarabağla bağlı kitabları oxumuşam.

- Sitayiş etdiyiniz dindən başqa dinləri araşdırdınızmı? 
- İslam dininə sitayiş edirəm, fanat deyiləm, heç dindarda deyiləm, lakin Allahımı tanıyan, İslamı qəbul edən, İslami dəyərləri öz içimdə daşıyan bir insanam. Digər dinlərə də münasibətim tolerantdır. Yeri gəlmişkən, xristianlığın, iudazimin tarixi ilə bağlı ayrı-ayrı kitablara da müraciət etmişəm. Din tarixi ilə bağlı məsələlər hər zaman məni maraqlandırıb.

- Elektron kitab oxumusunuzmu? 
- Xoşlamıram, birbaşa kitabın özü ilə təmasda olmağa üstünlük verirəm. Çünki kitabdan pozitiv bir enerji alıram. Elektron kitaba meylim tamamilə yoxdur.

- Heç zaman kitab yazmayan, amma kitab yazmasını istədiyiniz bir insan varmı? 
- Sözün düzü bilmirəm. Kitab yazan yazır, yazmayanda ola bilsin düşünür ki, mən də yaza bilərəm, amma bacarmır. Hər halda kitab yazmağı bacaran öz qələmini sınayıb uğur qazanmış biridir.

- Sonuncu dəfə nə zaman kitab oxumusunuz? 
- İndi Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun “Geosiyasət” adlı kitabını oxuyuram.

- Avtobusda çantasından bir kitab çıxardıb oxumağa başlayan bir qız görəndə nə düşünürsünüz? 
- Açığı çoxdandır avtobusa minmirəm. Hər halda oğlan və ya qız oldu, sevinərəm bu mənzərəyə. Vaxtı ilə avtobusda, metroda kitab oxumaq çox geniş yayılmışdı. Kitab oxuyanlara münasibətim həmişə yüksək olub. Əvvəllər məndə avtobusda və ya metroda kitab oxuyanlardan biri olmuşam.

- Yandırdığınız kitab olubmu? 
- Yandırmamışam, amma para-para edib atdığım kitab olub. Bu Rəsul Həmzətovun “Mənim Dağıstanım” adlı kitabı idi. Baxmayaraq ki, o kitab çox xoşuma gəlirdi. Lakin onun Qarabağla bağlı ermənipərəst mövqeyi məni son dərəcə hiddətləndirdi və o kitabı iki cıraraq zibil qabına atdım. Bir də Bayram Bayramovun bir kitabı var idi. O romanda H.Əliyevə qarşı ədalətsiz və haqsız hücumlara etiraz əlaməti olaraq onun da kitabını cırıb atdım. Kitaba qarşı bu addımlarım, əlbəttə ki, mənim hədsiz dərəcədə vətənimə, torpağıma, H.Əliyevə sadiqliyimlə bağlı idi.

- Birnəfəsə oxuyub bitirdiyiniz kitab varmı? 
- Əvvəllər səhərə qədər yatmayıb oxudugum kitablar olub. Amma indi oxuya bilmirəm, gözlərim buna imkan vermir.

- İnsanın həyatını dəyişdirə biləcək bir kitab tanıyırsınızmı? 
- Ümumiyyətlə, kitablar insanların həyatını formalaşdırır, onu dəyişdirməkdə müsbətə və ya mənfiyə həlledici rol oynayır. Məsələn, bəzən yeniyetmələr və gənclər elə kitablara meyllənirlər ki, bəzən bunun təsiri altına düşərək xoşagəlməz əməllərə, hərəkətlərə yol verirlər. Belə hallarda olur. İnsanın formalaşmasında kitabın çox mühüm, həlledici və əhəmiyyətli rolu var.

Fərid Mirzəyev                  kulis.az

Комментариев нет:

Отправить комментарий