08.11.2018

Elias Xanna: “Hizbullah ərəb dünyasının şərəfini qorumuşdur"

Nə üçün Hizbullah döyüşür, Livan ordusu isə yox?

Bi-Bi-Si xəbər verir ki, İsrail ilə indiki münaqişədə Livan ordusu hələlik kazarmalarda saxlanılır. Hizbullah isə Livanın cənub sərhədini keçərək İsrail əsgərlərinə və vətəndaşlarına hücumlar edir.
15 illik vətəndaş müharibəsinin dəhşətlərini görən ölkədə hərbi güc ciddi məsələdir. Livan ordusuna əsgərləri ölkənin əsas dini icmalarından- müsəlmanlardan (şiələr, sünnilər və druzlar) və xristianlardan toplayırlar ki, ordu özlüyündə həqiqətən milli silahlı qüvvələr olsun. Livan ordusu kiçikdir, cəmi 38 min hərbi qulluqçusu var. Üstəlik ordunun keçmiş generalı Amin Xoteytin sözlərinə görə, pis silahlanmışdır. Adicə döyüş texnikası, məsələn, hava hücumundan müdafiə qurğuları çatışmır. Hərbi hava qüvvələrinin reaktiv qırıcıları, hərbi dəniz donanmasının döyüş gəmiləri yoxdur. General vurğulayır ki, Livan ordusunun zəifliyi Hizbullahın hərbi gücünü ancaq nəzərə çarpdırır. O, qeyd etmişdir ki, Hizbullah Livanın müdafiəsinin tərkib hissəsidir. Livan ordusu adi silahlı birləşmə olduğu halda, Hizbullahın İsrailə qarşı partizan reydləri keçirmək üçün geniş imkanları var.
Hizbullah məxfilik rejiminə ciddi riayət edir. Buna görə də onun nə kimi gücə malik olduğunu müəyyən etmək çətindir. Lakin hərbi təhlilçilər deyirlər ki, qruplaşmanın sıralarında yaxşı hazırlıq keçmiş minlərlə döyüşçü var və onlar partizan müharibəsi aparmaq üçün hər şeylə təmin edilmişlər.
Hizbullah 1980-ci ilin əvvəllərində, 1982-ci ildə İsrailin Livana müdaxiləsindən sonra meydana gəlmişdir. Onu İsrail qoşunlarını Livanın cənubundan çıxarmağa məcbur etmək məqsədi ilə bir qrup şiə yaratmışdır. Hərəkata Şeyx Həsən Nəsrulla başçılıq etmişdir. İsrail qoşunlarını Livandan 2002-ci ildə çıxarmışdır. Livan ordusunun keçmiş generalı Elias Xanna deyir: “Hizbullah ərəb dünyasının şərəfini qorumuşdur, tariximizdə ilk dəfə olaraq Livanın cənubunu azad etmişdir”. Livanlıların çoxu İsrail işğalına son qoyduğuna görə Hizbullaha minnətdarlığını bildirmişdir. /azertag.az/

Комментариев нет:

Отправить комментарий