16.04.2019

AZƏRBAYCAN BÖYÜK VƏTƏN MÜHARİBƏSİNDƏ

 1941-1945-ci illər Böyük Vətən Müharibəsi dövründə Bakı Sovet cənubunun əsas strateji və iqtisadi mərkəzinə çevrilmişdi. Regionun bütün çətin problemləri Bakının imkanlarının cəlb olunması hesabına həll edilirdi. Almanların SSRİ-nin Avropa hissəsini, Krımı, Şimali Qafqazı, cənuba açar şəhəri olan Rostovu tutmasından sonra Moskva və Bakı SSRİ-nin ən vacib, qaynar və həlledici şəhərləri olmuşdular.
 Müharibə illərində Bakı Sovet ordusunun neftlə təminatını 75 faiz ödədi. Aviasiya benzini istehsalının 85 faizi Bakının payına düşürdü. Bakıda 100 növ neft-kimya məhsulu buraxılmağa başlandı. Marşal Georgi Jukov demişdi: “Bakı neftçiləri cəbhəyə və ölkəyə Vətənimizin müdafiəsinə, düşmən üzərində qələbəyə bəs edəcək qədər yanacaq verdilər”. Qeyd edək ki, həmin dövrdə Bakı nefti öz keyfiyyəti ilə bütün dünyada fərqlənirdi. Almanların öz tankları üçün istifadə etdiyi Loye-benzin bir az soyuq düşən kimi donurdu, Rusiyanın şaxtalı havası üçün yaramırdı. Alman tanklarından fərqli olaraq Sovet tankları dizellə işləyirdi.
 Ladoqa gölünün dibi ilə mühasirədə olan Leninqrada 28 km uzunluğunda benzin borusu çəkildi ki, iki il yarım ərzində Bakıdan benzin gətirilərək şəhər və ətrafındakı cəbhə təmin olundi. Bakı fəhlələri Leninqradın müadifəçilərinə yazdıqları məktubda bildirirdilər: “Vətənin başının üstünü təhlükə aldığı bu günlərdə on qat artıq güclə işləyəcəyik. Söz veririk ki, Leninqrad müdafiəçiləri benzin və neft korluğu çəkməyəcəklər. Quduz faşistlərin tam darmadağın edilməsinədək neft axını günü gündən genişlənəcəkdir”. Leninqrad fəhlələri cavabında yazırdılar: “Əziz bakılı dostlar, sizin məktub bizə dəstək verir və ruhlandırır. Möhtəşəm, ucsuz-bucaqsız vətənimiz bizimlə yüksələcək. Sizli-bizli bir şüarımız, bir hədəfimiz, bir arzumuz var: qələbə çalmaq. Bir addım da geri çəkilməyəcəyik! Biz ancaq irəli, qələbəyə doğru gedəcəyik!”. Tarixdən də göründüyü kimi, hər iki tərəf verdiyi sözün üstündə axıradək durdu.
 “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarını əldə rəhbər tutan Azərbaycan neftçiləri Vətənə verdikləri töhfələrə görə 160 dəfə Qırmızı Bayraqla təltif olundular. Marşal Fyodor Tolbuxin 28 aprel 1945-ci ildə yazdığı “Azərbaycan xalqına eşq olsun!” adlı məqaləsində göstərirdi: “Qızıl Ordu öz qələbələrinə görə Azərbaycan xalqına, qəhrəman Bakı neftçilərinə minnətdardır”. Azərbaycanlar cəbhəyə 75 milyon ton neft, 22 milyon ton benzin, 500 ton pambıq və digər strateji məhsullar göndərdilər. Bakı nəhəng arsenala çevrilmişdi; müharibə dövründə Bakıda 130 adda silah-sursat istehsal olunurdu. Əfsanəvi “Katyuşa” silahının mərmiləri, “Şpaqin” pulemyotu, “Yak-3” döyüş təyyarəsi Bakıda düzəldilirdi. Alman tankları ilə mübarizə etmək üçün Bakıda yandırıcı butulkaların istehsalına başlanmışdı. 8 noyabr 1941-ci ilə kimi 35 min yandıcırı butulka və 14 min ehtiyat patron düzəldildi. Təkcə 1941-ci ilin noyabr-dekabr aylarında Bakı müəssisələri cəbhə üçün 700 minomyot, 1050 pulemyot, 155 min qranat və digər silahlar istehsal etdilər. 1942-1944-cü illər ərzində Bakıdan cəbhəyə 11 milyon ədəd döyüş sursatı göndərildi. Gəncədəki aviaremont zavodunda 782 təyyarə, 1550 aviamühərrik və digər hissələr remont olunub cəbhəyə yola salındı.
 Müharibənin ilk günlərindən Bakı müəssisələri istirahət günü bilmədən 12 saatlıq iş rejiminə keçdilər. Cəbhəyə gedən fəhlələrin yerini onların qadın və uşaqları tutdu. Dəzgah arxasına qadın və uşaqlar keçdilər. Müəssisələrin çoxunda traktoristlər qadınlar idi. Komsomolun çağırışı ilə 15 min gənc oğlan və qız kəndlərdən şəhər müəssisələrinə işləməyə gəlmişdi. Azərbaycan xalqı fədakarcasına cəbhə üçün çalışırdı. Mədəniyyət evləri, məktəblər, xəstəxanalar hərbi hospitallara çevrilmişdi. 1941-1942-ci illərdə Azərbaycanda 70-dən çox hospital fəaliyyət göstərirdi ki, onlarda 470 min yaralı əsgər müalicə olunmuşdu. Azərbaycanlılar yaralı əsgərlərə donor qanı vermək üçün növbəyə dururdular.
 Azərbaycanlılar ölkənin müdafiəsi üçün 15 kq qızıl, 952 kq gümüş, 320 milyon manat pul verdilər. Tank və təyyarə düzəldilməsi üçün respublikada 230 milyon manat pul toplandı. 1941-1942-ci illərdə respublika zəhmətkeşləri vuruşan əsgərlərə onlarla vaqon isti paltar yolladılar. Moskvaya tonlarla balıq, ikra və digər delikateslər göndərildi. 19 noyabr 1941-ci ildə “Pravda” qəzeti yazırdı: “Vətənin Müdafiə Fonduna köçürmələrin miqdarına görə ilk yeri Moskva tutur, ardınca isə Xabarovsk diyarı, Qazaxıstan, Özbəkistan, Azərbaycan gəlir”. 1942-ci ilin yayında Bakı müəssisələri Leninqrada 2 vaqon ikra, 40 ton meyvə qurusu, 12 vaqon tomat və sok, çoxlu ərzaq, dərman və sarğı materialları yola saldılar. Stalinqrada, Stavropola və Krasnodara da əsaslı yardımlar getdi. 1944-cü ilin dekabrında Azərbaycandan Donbasa 250 min cüt ayaqqabı, 25 min komplekt isti alt paltarı, 5 min palto, 15 vaqon ərzaq verildi. Ümumilikdə cəbhəyə 1,6 milyon ədəd vacib mal və 125 vaqon isti paltar göndərildi. Azərbaycan hələ müharibə qurtarmamış SSRİ-nin dağılmış şəhərlərinin tikilməsinə də öz töhfələrini verməyə başladı. Xarkov vilayətinin qəsəbələrinin tikintisində azərbaycanlı inşaatçıların böyük əməyi oldu. Bakı müəssisələri Dnepr hidroelektrostansiyasının, Azov portunun və digər vacib obyektlərin bərpasında iştirak etdilər.
 Müharibənin elə ilk günlərində 40 min azərbaycanlı könüllü döyüşə getmək üçün hərbi komissarlıqlara müraciət etdi. Müharibə dövründə Sovet ordusuna Azərbaycandan 670 min kişi və 10 min qadın getdi ki, bunların 350 mini faşistlərlə döyüşlərdə həlak oldu. Azərbaycanın hər 5 sakinindən biri döyüşlərdə iştirak etdi, hər 10 sakinindən biri öldü. Ordu üçün 15 min tibb bacısı, 750 rabitəçi, 3 min sürücü hazırlandı. Azərbaycanlılar Sovet ordusunun tərkibində Brest, Leninqrad, Moskva, Stalinqrad, Qafqaz, Kursk, Krım, Pribaltıka, Şərqi Avropa və Berlin döyüşlərində mətinliklə vuruşdular. Göstərdikləri şücaətlərə görə 128 azərbaycanlıya Sovet İttifaqı Qəhrəmanı adı verildi, 170 min azərbaycanlı isə müxtəlif orden və medallara layiq görüldü. İlk Sovet İttifaqı Qəhrəmanı adı alan azərbaycanlı İsrafil Məmmədov oldu. General-mayor Həzi Aslanov isə 2 dəfə Sovet İttifaqı Qəhrəmanı adı aldı. Berlinin mərkəzində Brandenburq darvazalarına ilk bayraq sancanlar leytenant Rəşad Məcidovun rəhbərlik etdiyi azərbaycanlı döyüşçülər oldu. Azərbaycanlılar Şərqi və Qərbi Avropanın partizan dəstələrində də uğurla vuruşub ad-san çıxardılar. İtaliya və Yuqoslaviyada Mehdi Hüseynzadənin, İtaliyada Cavad Hakimlinin, Fransada Hüseynrza Məmmədovun, Krımda Məmməd Əliyevin, Belorusiyada Məmməd İsayevin komandirlik etdiyi partizan dəstələri düşmənə qan uddururdu.
 Əfsanəvi tankçı Həzi Aslanov hələ Stalinqrad uğrunda döyüşlərdə ad-san çıxardı. Onun rəhbərlik etdiyi tank polku 19 noyabr 1942-ci ildə düşmənin müdafiə xəttini tam yararaq 4 tankını, 5 minomyot batareyasını, 18 dzotunu məhv etdi, 700 alman əsgərini əsir götürdü. 22 noyabrda Həzi Aslanovun polku strateji nöqtə olan Abqanerovo stansiyasını tutdu. Polk Verxnekumsk xutorunda düşmənin hücumuna mətinliklə sinə gərdi. Həzi Aslanovun tankçıları almanların yolunu kəsərək onların 30 tankını və 50 maşınını vurdular. Bu qəhrəmanlığa görə Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı və “Qızıl Ulduz” medalı verildi. 1942-ci ilin dekabrında Həzi Aslanovun polku mühasirəyə düşmüş general Paulusun 6-cı ordusunu xilas etməyə tələsən general Manşteynin ordu qruplaşmasının qabağına çıxdı. Şiddətli döyüşlər zamanı Həzi Aslanovun tankçıları almanların 30 tankını, 26 topunu, 50 maşınını, 2 min hərbçisi məhv etdilər. “Vətən oğlu” qəzeti yazırdı: “Piyada və artilleriya ilə uyğunlaşdırılmış şəkildə tank əməliyyatlarının necə keçirilməsini Həzi Aslanovun qvardiyasından öyrənmək lazımdır. Qoy Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun tankçılarının ustalığı bizim bütün hərbi hissələrimiz üçün nümunə olsun”. 1944-cü ilin yay və payızında Həzi Aslanovun tank briqadası Vileyka, Borisov, Smorqon, Minsk, Molodeçno, Vilnyus, Şyaulyay, Yelqava və digər şəhərlərin azad olunmasında iştirak etdi. Briqada Ali Baş Komandan Stalinin 8 təşəkkürnaməsini aldı. Təkcə Belorusiyada bir ay döyüşlər zamanı Həzi Aslanovun briqadası düşmənin 45 tankını, 131 topunu, 12 minomyot batareyasını, 193 maşınını, 40 təyyarəsini, 2600 əsgər və zabitini məhv etdi. “Qırmızı Ulduz” qəzeti yazırdı: “Tarix hələ Həzi Aslanov və onun hərbçi dostları kimi igidliklə vuruşan döyüşçü görməyib. Düşmənin tank və piyadası nə qədər güclü olsa da, qüdrətli, iradəli komandir, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun başçılıq etdiyi hərbi hissə ilə müqayisəolunmazdır”. Belorusiya cəbhəsində göstərdiyi şücaətlərə görə Həzi Aslanov ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.
 Azərbaycanda döyüşə göndərilmək üçün 5 milli diviziya yaradıldı: 77-ci, 223-cü, 271-ci, 402-ci və 416-cı diviziyalar. Bunların içərisində ən çox fərqlənən və ad-san çıxaran 416-cı diviziya oldu. 416-cı diviziya şanlı döyüş yolu keçərək tarix yazdı. Diviziya 26 noyabr 1942-ci ildə Mozdok yaxınlığında alman ordusu ilə döyüşə girdi. Düşmən 10 dəfədən çox hücuma cəhd etsə də, hər dəfə geri otuzduruldu. 416-cı diviziyanın digər hərbi hissələrlə birgə hücumu sayəsində Staro-Lednevo, Kapustino, İşşerskaya, Qeorqiyevsk, Zolotaryova, Sovetskaya, Qrafskoe, Lipilin, Stavropol, Mozdok, Armavir, Rostov məntəqələri azad edildi. 416-cı diviziya almanların yaratdığı Mius müdafiə xəttinin yarılmasında mühüm rol oynadı. 27 avqust 1943-cü ildə diviziya düşmənin müdafiə xəttinə girərək 20 kilometr irəlilədi, ardınca bir sutka ərzində Boqaçyevka, Mokrıy Çaltır, Vasilyevka, Petropavlovka, Stepnoy, Çerniqovskiy məntəqələrini azad etdi. 30 avqustda 416-cı diviziya 6-cı tank briqadasının dəstəyi ilə Taqanroqa girdi və küçəbəçüçə döyüşərək şəhəri almanlardan təmizlədi. Taqanroqu alman işğalçılarından azad etməsi şərəfinə diviziya 416-cı Taqanroq diviziyası fəxri adını aldı. Ali Baş Komandan Stalin şəxsən diviziyaya təşəkkür etdi. 416-cı diviziyanın bütün əsgərlərinə xüsusi qramota verildi. Moskvada bu hadisə münasibətilə salyut atıldı. Taqanroqu azad etdikdən sonra 416-cı diviziya 35 km-lik marş həyata keçirərək irəlilədi. Kalmius hüdudlarında düşmənin müdafiəsini yararkən 4 min alman əsgər və zabiti məhv edildi. Azərbaycandan köməyə göndərilmiş 1500 əsgər diviziyanın tərkibinə qatılandan sonra diviziya daha aktiv şəkildə irəlilədi və ağır döyüşlərdə iştirak etdi. 23 oktyabr 1943-cü ildə diviziya Melitopolu azad etdi. Bu döyüşlər zamanı 416-cı diviziya digər hərbi hissələrlə birgə Vermaxtın 111-ci və 336-cı diviziyalarını məhv etdi. Melitopolun azad edilməsinə görə diviziya Qırmızı Bayraq ordeni ilə mükafatlandırıldı, Ali Baş Komandan Stalin diviziyanın şəxsi heyətinə təşəkkürünü bildirdi. Melitopol uğrunda döyüşlərdə pulemyotçu Ağaşirin Cəfərov xüsusilə fərqlənmişdi. O 1943-cü il ərzində 500-dən artıq faşist öldürmüşdü. Ona Sovet İttifaqı Qəhrəmanı fəxri adı verildi. Qələbədən ruhlanan diviziya daha 120 km irəlilədi və 20 noyabra kimi Krasnıy Mayak, Staxanov və Papanino kəndlərinə yaxınlaşdı. Qızğın döyüşlərdən sonra diviziyanın azərbaycanlı əsgərləri Yekaterinovka və Konstantinovka kəndlərini azad etdilər. 8 ferval 1944-cü ildə isə 416-cı diviziya digər hərbi hissələrlə birgə Nikopol şəhərini düşməndən azad etdi. Ali Baş Komandan Stalinin diviziyanın şəxsi heyətinə təşəkkürü elan olundu. Nikolayev şəhərinin alınması böyük məşəqqətlər hesabına başa gəldi. Almanlar şəhərin girişində 4 xətli müdafiə sistemi yaratmışdılar. Hər yerdə 1,5-2 metr dərinliyində səngərlər qazmış və pulemyotlar qoymuşdular. Şəhərin küçələrində xəndəklər qazmış, istehkamlar qurmuş və tikanlı tellərdən maneələr çəkmişdilər. Şəhərin bütün giriş yerləri minalanmışdı və sıx atəş altında saxlanılırdı. 18 mart 1944-cü ildə 416-cı diviziya şəhərə hücuma keçdi. Ağır döyüşlərdən sonra azərbaycanlı döyüşçülər almanların birinci müdafiə xəttini aşdılar. 25 martda gecə ikinci, 26 martda isə üçüncü müdafiə xətti götürüldü. Almanlar qaçmağa üz qoydular və 28 martda 416-cı diviziya Sovet ordusunun başqa hərbi hissələri ilə birgə Nikolayev şəhərini tam tutdu. Bu qəhrəmanlığa görə azərbaycanlı döyüşçülər 5-ci dəfə Ali Baş Komandanın təşəkkürnaməsini aldılar. Bundan sonra 416-cı diviziya bir neçə Ukrayna kəndini aldı, güclü çovğun olmasına baxmayaraq Tiliqul çayının limanını üzərək keçdi və digər hərbi hissələrlə 5 apreldə Odessanı faşistlərdən azad etmək üçün döyüşlərə başladı. 10 aprel 1944-cü ildə Odessa işğaldan tam azad olundu. Odessa döyüşlərdində 416-cı diviziya almanların 2 min əsgər və zabitini əsir götürdü, diviziyanın isə cəmi 27 əsgəri həlak oldu. Bu qəhrəmanlığa görə diviziya 2-ci dərəcəli Suvorov ordeni ilə təltif olundu, 500 azərbaycanlı əsgər isə orden və medallara layiq görüldülər. 1944-cü ilin may ayında diviziya Dnestr çayı sahillərinə çıxaraq düşmənin 97-ci və 325-ci piyada diviziyaları ilə üz-üzə gəldi. 30 maydan 5 avqusta kimi gedən qızğın döyüşlərdə diviziya almanların 2500 əsgər və zabitini, 46 tankını, 180 pulemyotunu məhv etdi. 23 avqustda səhər tezdən diviziya başqa hərbi hissələrlə birgə hücuma keçərək Kişinyovu almanlardan azad etdi. Diviziyanın komandir müavini Heybət Heybətov Kişinyovun komendantı təyin edildi. 1945-ci ilin yanvarında diviziya Varşava yaxınlığında döyüşlərdə əzmlə iştirak etdi, Visla-Oder əməliyyatı zamanı igidliklər göstərdi, buna görə də diviziyanın əsgərləri müxtəlif mükafatlar aldılar. 15 yanvarda diviziya düşmənin əsas müdafiə xəttini yararaq vacib məntəqə və qovşaq olan Strometsi ələ keçirdi, 16 yanvarda isə Byalobjeqi şəhərini tutdu. Moskvada bu qələbə şərəfinə 224 topdan salyut atəşi açıldı, diviziyanın şəxsi heyətinə təşəkkürnamə elan olundu. Xammer rayonunda döyüşlər zamanı diviziya düşmənin 200 əsgər və zabitini məhv etdi, 1 fevralda isə Kyustrinə gedən şosseni tutaraq düşmənin qaçmaq istəyən 433-cü diviziyasının yolunu kəsdi. 2 fevralda diviziya Zonenburqu tutdu və Kyustrin qalası uğrunda döyüşlərə başladı. 7 martda diviziya Kyustrinin əsas hissəsi sayılan Noyştadta hücum etdi və onun qarnizonunu mühasirəyə alaraq məhv etdi. Noyştadtın tutulması zamanı diviziya 461 əsgərini itirdi. Kyustrin uğrunda gedən döyüşlərdə diviziya almanların 1000 əsgər və zabitini, 7 artilleriyasını, 185 minomyot batareyasını, evlərdə yerləşən 150 atəş nöqtəsini məhv etdi, 78 topunu, 4 silah anbarını ələ keçirdi, eləcə də 265 alman əsgərini əsir aldı. Diviziyanın hərbçiləri müxtəlif dövlət mükafatlarına layiq görüldülər. 21 aprel 1945-ci ildə 416-cı diviziya Almaniyanın Ştrausberq şəhərinə hücum etdi. 27 apreldə diviziya Berlinin kənarına daxil oldu, şiddətli atəş altında Şpree çayını üzüb keçdi. 1 may 1945-ci ildə kapitan Xeyrulla Gülməmmədovun rəhbərliyi altında azərbaycanlılar Berlində kayzer Vilhelmin sarayına hücum etdilər. Günorta saat 3-də 416-cı diviziyanın zabitləri binanın üstünə Sovet bayrağı sancdılar. 2 may gecə saat 1-də azərbaycanlılar Komik Opera binasını tutdular. Ardınca hücum edərək Reyxsbankın və Sovet səfirliyinin binasını götürdülər, digər hərbi hissələrinin əsgərləri ilə birgə döyüşərək Berlin Universitetinin və Daxili İşlər Nazirliyinin binasını ələ keçirdilər. 2 may səhər tezdən 416-cı diviziyanın siyasi şöbəsinin rəisi polkovnik Rəşid Məcidov öz əsgərləri Məmmədov, Əhmədzadə, Berejnoy və Andreyevlə birgə Brandenburq darvazalarına Sovet bayrağı taxdı. Qələbə münasibətilə Brandenburq darvazaları önündə Sovet əsgərlərinin mitinqi keçirildi. Bu mitinqdə tankın üstündə ilk çıxış edən 416-cı diviziyanın komandir müavini general-mayor Heybət Heybətov dedi: “Berlin uğrunda tarixi döyüşdə axırıncı atəş burda, Brandenburq darvazalarında açıldı və bu atəşi Azərbaycan xalqının oğulları açdılar. Faşist Almaniyası paytaxtına hücumun qəhrəmanları barədə xatirə əsrlər boyu yaşayacaq. Biz sizinlə xoşbəxt adamlarıq, döyüş iştirakçılarıyıq və canlı şahidlərik ki, müharibə necə bir zəfərlə bitdi”. Beləcə, 416-cı diviziya Qafqazdan Berlinə kimi möhtəşəm döyüş yolu keçdi; həmin müddət ərzində diviziya 24 000 faşist əsgərini məhv etdi, 5 474 faşist əsgərini isə əsir götürdü.

İbrahim Sel, “Avrasiya tarixi”

Комментариев нет:

Отправить комментарий