20.04.2019

Qədim Misir kitabəsindən mətn: “Əsilzadələr paytaxtının düşmənlərini qırın”


Həqiqətən onun bənizi solmuş, sifəti qəzəblidir. Əvvəlcədən deyilmişlərin həyata keçməsi vaxtı çatmışdır. Ən yaxşı torpaqlar canilər dəstəsinin əlindədir. Heç yerdə keçmişin adamı yoxdur... hər yerdə çapqınçılardır. Hər bir adam deyir: “Ölkədə nə baş verdiyini biz başa düşmürük”. Qadınlar sonsuzdurlar, onlar hamilə olmurlar. Adi adamlar qiymətli daş-qaş sahibinə çevrilmişlər. Özlərinə səndəl düzəldə bilməyənlər indi var-dövlət sahibi olmuşlar. Əsilzadələr dərd içindədir, adi adamlar isə sevinirlər. Ürəkli adamlar qorxudan quşa dönmüşlər. Qızıl, gümüş və s. qiymətli daş-qaşlar kənizlər boynuna taxılmışdır. Əsilzadə qadınlar ölkəni sərgərdan gəzirlər. Evin hökmüdar qadınları deyir: “Əgər biz yeməyə bir şey tapa bilsəydik...”
Baxın! Hər yad ölkə deyir: “Bu bizim sudur, bizim sahədir”. Buna qarşı heç nə etmək mümkün deyil, axı hər şey tənəzzülə doğru gedir... Gülüş yaddan çıxmışdır. O heç yerdə eşidilmir. Ölkədə eşidilən yalnız fəryadla qarışıq olan ahu-zardır. Geridə olan adamlar əsilzadələr kimi olmuşlar, misirlilər isə yola atılmış gəlmələrə dönmüşlər. Hamının saçı tökülür. Atası olanlar yetimdən fərqlənmirlər. Böyük və kiçiklər deyir: “Mən ölmək istəyirəm”. Balaca uşaqlar da deyirlər: “O (atamız) mənə həyat verməsəydi yaxşı olardı”. Əsilzadələr ac və ümidsizləşmişlər. Azğınlaşmış adamlar deyir: “Allahın yerini bilsəydim ona qurban kəsərdim”. Həqiqətən! Hüququn yalnız adı qalmışdır. Adamlar Allah adı ilə yalan danışır və günahlar işlədirlər. İnsan öz dayısını öldürür. Adamlar kolluqda gizlənib, gecə yoldan keçənlərin mallarını alırlar. Kimin nəyi varsa tutub alırlar. Özlərini çubuqla döyüb, cinayətkarcasına öldürürlər. Qullar özləri qul sahibinə çevrilmişlər. Ağalar övladları küçəyə atılmışlar. Bilən adam bunu təsdiq edəcək, axmaq isə inkar edəcək, çünki cahillər üçün hər şey gözəl görünəcək.
Baxın! Od yüksəyə qalxmışdır. Onun alovu ölkənin düşmənlərindən gəlir. Əmələ gələ bilməyən işlər həyata keçmişdir. Şahlıq görməmişlərin əlindədir. Yalnız yerə su tökənlər bədbəxtlik vaxtı güclənmişlər. Onlara müqavimət göstərmək mümkün deyil. Alçaq adamlar güclülərin əmlakını alırlar. Özünə tabut düzəldə bilməyənlər indi məqbərə sahiblərinə çevrilmişlər. Özünə koma tikə bilməyənlər böyük imarətlər sahibidirlər. Əsilzadə qadınlar taxta daxmada yaşayırlar. Divar dibində yatmayanlar indi bir neçə nəfərlik yerlərə sahibdirlər. Var-dövlət sahibləri susuzluqla gecəni keçirirlər. Özlərinə qayıq düzəldə bilməyənlər gəmilər sahibinə çevrilmişlər. Kasıblığından arvadsız yatanlar indi əsilzadə arvadlar tapırlar. Onların üzünə baxmayanlar indi ayaq üstə durub hörmət edirlər. Ölkənin adi adamları indi var-dövlət sahibləridir. İdarə olunanlar indi idarə edirlər. Xidmətçilər indi xidmət olunana dönmüşlər. Saçının tökülməsinə qarşı öz dərmanı olmayanlar çəlləklərlə çoxlu şirniyyat sahibləridir. Öz sifətinə suda baxanlar indi güzgü sahibi olmuşlar. Daş-qaşlar sahibi olan böyük əsilzadələr nəslinin qadınları öz uşaqlarını kəniz verirlər. Qəssablar kasıbların heyvanlarını kəsirlər, çünki heyvanlar soyğunçular əlindədir. Gecəsini palçıq içində keçirənlər indi özü üçün dəridən bir neçə nəfərlik taxt düzəltdirirlər. Adamı öz qardaşının yanında öldürürlər, o isə öz canını xilas etmək üçün qaçır. Qısa müddətə qul saxlaya bilməyənlər indi qullar nəsli saxlayır. Kübarlar indi göstəriş yerinə yetirirlər. Hər şey məhvə doğru gedir.

Mənbə: Б.А. Тураев, «История Древнего Востока»

Комментариев нет:

Отправить комментарий