14.11.2020

“Göyçəni, Zəngəzuru azad etsəydik belə, onlar yenə hakimiyyəti tənqid edəcəkdilər”

Azərbaycan və Rusiya prezidentləri, həmçinin Ermənistanın baş naziri arasında noyabrın 9-da imzalanmış bəyanat birmənalı olaraq işğalçının kapitulyasiyası, müzəffər Azərbaycan Ordusunun qələbəsi, beynəlxalq səviyyədə tanınmış ərazilərimiz üzərində suveren hüquqlarımızın tamamilə bərpa olunması deməkdir.
Bu sözləri modern.az saytına açıqlamasında Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Azər Kərimli deyib.
Azər Kərimli bildirib ki, sözügedən bəyanatla bağlı sosial şəbəkələrdə reallığı əks etdirməyən müzakirələr açan, ictimai rəyə narazılıq toxumu səpməyə çalışan, yaxın narahatlığını ifadə edən bir neçə qrup insan var: “Onlardan biri ənənəvi olaraq, hakimiyyətə qarşı əks arqument tapmağa cəhd göstərən Əli Kərimli və “Milli Şura” adlanan siyasi qrupun təmsilçiləri, Azərbaycanın qələbəsindən narahat olan siyasi mərkəzlərin nüfuz müvəkkilləri, digərləri isə hər gün torpaqlarımızın azad edilməsi ilə bağlı xəbərlər almağa, sevinc və qürur hissi keçirməyə alışmış və bunun davamlı olmasını arzulayan vətəndaşlarımızdır. Birincilər heç zaman düzəlməyəcəklər. Çünki onların bir hissəsi hətta Azərbaycan Ordusu hərbi əməliyyatları dayandırmasaydı, Qarabağın Ermənistanın kapitulyasıyası bəyanatında adları qeyd olunan rayonlarını da, hətta təcavüzkar ölkənin ərazisinə keçərək Göyçəni, Zəngəzuru da azad etsəydi, yenə hakimiyyətə qarşı ittihamlar səsləndirmək üçün bəhanə axtarışına çıxacaqdılar. Digər hissə isə sahiblərinin verdiyi təlimatlara uyğun olaraq, heç nəyin fərqinə varmadan qaralama kampaniyalarını davam etdirəcəkdilər. Bu baxımdan da onlara əhəmiyyət verməyə dəyməz. O ki qaldı qələbə xəbərlərinin bitməməsini arzulayan, qisasdan alışıb yanan vətəndaşlarımıza, onların hisslərini başa düşmək olar. Amma onlar da bilməlidirlər ki, bütün müharibələr bu və ya digər tərəfin üstün mövqedə dayandığı sülhlə başa çatır və indiki halda üstün mövqedə dayanan, diqtə edən, qalib gələn, ərazi bütövlüyünün bərpasına nail olan Azərbaycandır. Bu isə elə böyük sevinc, qürur hissidir ki, ömrümüzün sonunadək yaşasaq da bitən deyil”.

Комментариев нет:

Отправить комментарий