17.11.2020

Unutmağa haqqımız yoxdur: İGİD KƏŞFİYYATÇI Ümüd Xəncəlov

Qusar rayonunun Hil kəndinin sevimlisi idi Ümüd Xəncəlov. Tay-tuşları arasında yüksək mədəniyyəti, böyük-kiçik yeri bilməsi, zəhmətkeşliyi ilə seçilirdi. Evin sonbeşiyi olsa da valideynləri onu ərköyün böyütməmişdilər. 
Orta məktəbi bitirib hərbi xidmətə yollanan Ümüd 2014-ci ildən taleyini MAXE ilə bağladı, kəşfiyyatçı oldu. O Qusardakı hərbi hissənin poliqonunda təlimlərdə olanda valideynləri hər gün 25 kilometr məsafə qət edib maneələri dəf edən övladlarının əzminə məəttəl qalmışdılar.
Cəsarətli və qətiyyətli kəşfiyyatçı kimi o Qarabağ müharibəsinin ilk günlərindən sinəsini düşmənə sipər etdi. Suqovuşanın alınmasında xüsusi igidliklər göstərən bu ucaboy, yaraşıqlı, ağbəniz gənc döyüş yoldaşlarının sevimlisi idi. O oktyabrın 7-də qəhrəmancasına həlak olanda bu igid ləzginin ölümü hər kəsi sarsıtdı.
Dərdli valideynlər – Radiflə Məryəm taleyin bu amansızlığı ilə hələ də barışa bilmirlər. Onların acı kədəri, Ümüdin həyat yoldaşı Zarinanın bədbin halı ürək dağlayır.
Ümüdin iki yadigarı – 3 yaşlı Ulyana ilə 8 aylıq Ömər hələ dünyadan xəbərsiz halda öz uşaq dünyalarındadır. Məryəm xanıma isə onlar taleyin oxşar zərbələrini xatırladırlar.
Məryəm 15 günlük uşaq ikən atası 26 yaşında qəfildən vəfat edib, anası ərə gedib. Məryəmi nənəsi böyüdüb. Uşaqlıqda çox çətinliklər görmüş Məryəmi və ömür yoldaşı Radifi kasıblıq çox imtahana çəkib. Bu namuslu insanlar beş övladı – Könül, Oksana, Fatma, Mumin və Ümüd xoşbəxt böyüsün deyə özlərini daim oda-közə vurublar. Radif sürücü, Məryəm xidmətçi işləyib ev dolandırıblar. Həyat yeni-yeni onların üzünə gülməyə başlayanda 26 yaşlı oğul itiriblər.
Ümüdin 40-ı keçirilən gün bu evin telefonları susmaq bilmədi. Şuşadan zəng edən onun çoxlu dostları göz yaşları içində Ümüdin qəhrəmanlıqlarını xatırlayır, belə igid böyütdüklərinə görə valideynlərinə minnətdarlıq edirdilər. Fikir verirdim ki, yalnız belə sözlər eşidəndə ata ilə ananın əyilmiş qəddləri düzəlir. Qəhrəman oğul böyütdüklərinə görə qürur hissi keçirirlər. Allah rəhmət eləsin!
PS. İmkanı olan insanlar bu ailəni himayəyə götürsələr savab yiyəsi olarlar. Bu, Allaha da xoş gedər. Belə xeyirxahlara indidən minnətdarlığımı bildirirəm.

Sədaqət Kərimova

Комментариев нет:

Отправить комментарий