23.06.2023

AZƏRBAYCAN ÜÇÜN AVRASİYA VEKTORU


Tanınmış rusiyalı politoloq və filosof, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovin ilə müsahibə

—Siz Rusiya siyasi camiəsində avrasiyaçılığın ideoloqlarından biri sayılırsız. Avrasiya Hərəkatının lideri Aleksandr Qelyeviç Duqinin bəyanatları kimi sizin də bəyanatlarınız tez-tez hansısa ölkəyə təhdid kimi səslənir, belə çıxır ki, öz xarici siyasətində Rusiyayönlü vektordan imtina edən ölkə hökmən Yer üzündən silinəcək. Mən Azərbaycanla bağlı soruşuram. Niyə Azərbaycan avrasiyaçı vektoru seçməlidir? Əgər Bakı Moskvanın bu təklifindən imtina edərsə Rusiya hansı addımları atacaq?
—Mən sizin fikrinizə bir az formula verərdim. Qərbin tərəfində duran hər bir Avrasiya dövləti “Yer üzündən silinəcək” – o deməkdir ki, suverenliyindən məhrum olacaq, müasir realiyalarla danışsaq, amerikan maraqlarına tabe etdiriləcək, Qərbin istismar obyektinə çevriləcək.
ABŞ birtərəfli qaydada milli dövlətlər epoxasına son vermişdir və birqütblü amerikan dünyasının yarandığını bəyan etmişdir. Amerikan elitalarının əmri ilə Şərqi Avropanın, postsovet məkanının, Yaxın Şərqin milli dövlətləri bir-birinin ardınca “inqilablar” yolu ilə dağıdılırlar, suverenlikdən məhrum olurlar, xaosa və vətəndaş müharibəsinə qərq olurlar, nəticədə, bəli, “Yer üzündən silinirlər”, dünya siyasi məkanından özbaşına subyekt kimi çıxırlar. ABŞ başda olmaqla Qərb beləcə itaət etməyənlərin, zəiflərin, müqavimət göstərməyə qadir olmayanların öhdəsindən gəlir, onları öz iradəsinə tabe edir, müstəqillikdən və identiklikdən məhrum edir, məcburən Qərb sivilizasion məkanına soxur. Axı bunlar ABŞ-a və Qərbə ikrah duyan avrasiyaçı ideoloqların hansısa şəxsi mülahizələri deyil, bunlar geopolitikanın qanunlarıdır. Və bunları obyektiv edən də məhz Qərb ölkələrinin sonuncu yüzilliklər ərzində bunları ardıcıl həyata keçirmələridir.
Nə vaxt ki mərkəzində Rusiya duran Avrasiya bloku zəifləyir, qoyub getdiyimiz pozisiyaları Qərb özünün klassik Qərb kolonializmi ruhunda əlində cəmləməyə başlayır, burda öz qurbanlarını maddi cəhətdən tükətməyə çalışır, eyni zamanda öz yaşam obrazını, Qərb sivilizasiyasına xas təfəkkürü yeridir, öz dinini, mədəniyyətini və dəyərlərini yayır. Bütün bunlar “quru” və “dəniz” sivilizasiyaları qarşıdurmasının geopolitik modelinə tam uyğundur və bu geopolitik yanaşmanı Ratselin, Şmittin və Makkinderin ortalığa qoyduqları zamandan üzü bəri prinsipial olaraq heç nə dəyişməmişdir.
Mahiyyətcə biz Avrasiya dövlətlərinin kolonizasiyasının cilalanmış alqoritmi ilə üz-üzəyik. Əvvəlcə təklif gəlir ki, könüllü olaraq amerikan kolonial “imperiyasına” biət edin. İmtina etdiyiniz təqdirdə demokratiyanın olmaması barədə ittihamlar səslənir, ardınca “vətəndaş cəmiyyətinin” iğtişaşları işə salınır, rəngli inqilablar olur, bu da kömək etməsə üsyan, hüquq-mühafizə qüvvələri ilə silahlı toqquşmalar törədilir. Əgər tabe olmaq istəməyən dövlət, ya rejim bundan sonra da müqavimət göstərirsə vətəndaş müharibəsi, dövlətin dağılması, NATO-nun bombardmanı və amerikan ordu kontingentinin yeridilməsi baş verir. ABŞ bu alqoritmi reallıq kimi ortalığa qoymuşdur və Avrasiya dövlətlərinə sərbəst seçməyi təklif edir: suverenliyin itirilməsinə müqavimət yolunda harda dayanmalı, hansı mərhələdə diz çöküb baş əyərək amerikan qüdrətini etiraf etməli. Beləcə onların müstəqil dövlət kimi varlığına son qoyur, amerikan koloniyası, geopolitik plasdarm, NATO-nun hərbi bazası statusunu qəbul etməyə məcbur edir.
Rusiya isə tam fərqli yanaşma həyata keçirir. Rusiya – Avrasiya, heartlanddır ki, Avrasiya blokunun özəyində yerləşir, amerikançılığa əks olan imperiya tipini – quru imperiyasını özündə ehtiva edir. Bu tip imperiya atlantizmdə olduğu kimi metropoliya-koloniya prinsipinə yox, mərkəz-periferiya prinsipinə əsaslanır. Bu yaradıcı tip imperiyadır, öz ərazilərinə dəstək verir və inkişaf etdirir, rəngarəngliyin bütün növlərini – etnik, mədəni, dini rəngarəngliyi strateji birlik çərçivəsində qoruyub saxlayır.
Atlantik və avrasiyaçı geopolitik yanaşmaların fərqi də burdadır. Birinci halda, yəni atlantik yanaşmada məqsəd Avrasiya məkanının fraqmentini öz xeyrinə qoparmaq, Avrasiya blokunun geopolitik nəzarətindən çıxarmaqdır ki, iqtisadi cəhətdən istismar etsin və sivil cəhətdən öz formatına salaraq bayağılaşdırsın. İkinci halda, yəni avrasiyaçı yanaşmada isə məqsəd məkanı öz himayəsinə götürmək, təhlükəsizliyini və inkişafını təmin etmək, mədəni rəngarəngliyi qoruyub saxlamaqdır. Bir-birinə əks olan bu iki yanaşmanın mahiyyəti belədir. Qərb istismar üçün ələ keçirir və baza identikliyini yox edir. Yerdə qalanlar isə təbliğat cəfənfiyyatıdır: “ümümbəşər dəyərlərindən”, “demokratiyadan”, “inkişafdan” və “insan hüquqlarından” dəm vururlar ki, guya Qərb bunları gətirir.
Azərbaycan da bu gün məhz belə seçim qarşısındadır. Ya ABŞ-ın növbəti şikarına çevrilə bilər, təkcə müstəqil dövlət kimi deyil, Azərbaycan xalqının cəmiyyəti kimi də, mədəniyyət kimi də, ənənəvi yanaşmaların məcmuəsi kimi də varlığını itirə bilər, Amerikanın xammal bazası və Avrasiyaya yürüşündə hərbi plasdarmı olar. Ya da Avrasiya yolunu seçərək suverenliyini, identikliyini, özünün başlıca zəfərlərini və mədəni nailiyyətlərini qoruyub saxlayar, təhlükəsizlik qazanar, özünün təbii, harmonik, mədəni-sivil mühitində qalar.
Seçimin qeyri-müəyyənliyi amerikan strateqlərinin əlinə fürsət verir. Nə vaxta kimi Azərbaycan rəhbərliyi tərəddüd edir, qiymətləşir, özünə yaxşı şərtlər seçir, amerikan strateqləri özlərinin ölüm alqoritmlərini həyata keçirirlər. İndi artıq insan hüquqlarının pozulması sahəsində ittihamlar fazasındadırlar. “Birləşmiş Ştatlar daha Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı dəhşətli faktlara gözübağlı qala bilməz”, – amerikan konqresmeni, Helsinki komissiyasının sədri Kris Smit 2015-ci ilin dekabrında bildirmişdir. Ardınca isə hər şey planda olduğu kimi gedəcək: xalq narazılıqları, rəngli inqilab, vətəndaş müharibəsi, ölkənin dağıdılması, NATO bombardmanı, amerikan kontingentinin yeridilməsi – seçin harda dayanacaqsınız.
Rusiya heç vaxt belə hərəkət etməyib və etməyəcək. Və əgər Bakı Avrasiya reinteqrasiyası ilə bağlı Moskvanın təklifindən imtina edərsə, Moskva yalnız çiyinlərini çəkəcək, belə ki bu həmişə könüllü sivil seçimdir. Azərbaycanla bağlı isə bu dövlətin könüllü seçimidir ki, tarixən Rusiya tərəfindən formalaşdırılmışdır, Rusiyaya mədəni cəhətdən yaxındır, Rusiya ilə eyni tarixi yaşamışdır. Bu o dövlətdir ki, Rusiya Sovet proyekti çərçivəsində sənayesini yaratmışdır və kənd təsərrüfatını inkişaf etdirmişdir. Lakin əgər Rusiyanın ona hər şey verdiyi – iqtisadiyyatından və industriyasından tutmuş suverenliyinə kimi – belə dövlət gedib könüllü Qərbə biət edirsə və altantik geopolitikanın tərəfinə keçirsə, obyektiv səbəblərdən yaxın və “özünkü” olmaqdan çıxır, bundan doğan səbəb və nəticələri ilə birgə könüllü “yada” çevrilir. Milliyyətçi Gürcüstan, bandera Ukraynası, oliqarxik Moldova və digərləri amerikan “imperiyasının” işğalından sonra hadisələrin necə inkişaf etməsinə nümunədirlər: separatizm, dağıntı və durğunluq qazanıblar. Geopilitik qanunlar belədir. Bu könüllü sivil seçim məsələsidir. Üçüncü yol yoxdur...

—Rusiya və Türkiyənin problemləri fonunda Rusiya Azərbaycanı necə görür? Məlum olduğu kimi Azərbaycan Türkiyənin müttəfiqidir. O Rusiya üçün düşmən ölkəyə çevriləcəkmi?
—Türkiyə bu gün bir tərəfdən amerikan geopolitikasının, bir tərəfdən də Türkiyənin daxilində, o cümlədən türk elitalarında olan amerikan şəbəkələrinin tamahkarlığının və acgözlüyünün girovuna çevrilib. Hər bir regional məmləkət kimi Türkiyə də sivil seçim qarşısındadır. Ya birdəfəlik özünü okeanın ö üzündən olan yeni ağaların əlinə vermək, tale ilə barışmaq, mübarək amerikan maraqları yolunda israfa verilmək. Ya da Avrasiya vektorunu qəbul etməklə öz suverenliyini müdafiə etmək, müstəqilliyini, mədəni identikliyini, rəngarəngliyini və bütövlüyünü qorumaq. Amerikanların bu seçimi gözləməyə səbrləri çatmadı, Fətulla Gülənin kurasiya etdiyi şəbəkələri vasitəsilə 2016-cı ilin iyulunda hərbi çevriliş prosesini işə saldılar və məğlubiyyətə uğradılar. Lakin Türkiyənin daxilində sivil seçim uğrunda daxili mübarizə hələ başa çatmayıb. Avrasiya seçimi və Rusiya ilə yaxınlaşmaq tələb edən kamalçılarla Qərb vektoru tərəfdarlarının, “paralel dövlətin” nümayəndələrinin qovğası hələ bitməyib.
Əgər Azərbaycan öz gələcək taleyini Türkiyə ilə bağlayıbsa, bu mənada Türkiyənin seçimi Azərbaycan üçün də taleyüklüdür. Əgər Türkiyə atlantik vektoru qəbul edərsə, hansının ki biz əlamətlərini uzun müddətdir müşahidə edirdik, Azərbaycan da sakitcə onun ardınca gedərsə, onların taleyinin necə olacağını mən əvvəlki suala cavabda təsvir etmişəm ki, qibtəedici olmayacaq.
Əgər Türkiyənin altantik seçiminə baxmayaraq Azərbaycan sərbəst şəkildə avrasiyaçı seçim edərsə, bu ona qorunmağa imkan verəcək, amerikan işğalının fəsadlarından yaxa qurtaracaq, amerikan sivilizasion dəyirmanında üyüdülməyəcək. Yəni belə vəziyyətdə Azərbaycanın Türkiyəyə orientasiyası kor-koranə və qeyd-şərtsiz deyil, praqmatik olmalıdır.
Və burda Azərbaycana sərfəlidir ki, hamı üçün fəlakətli olan Türkiyə-Amerika alyansına deyil, Rusiya-Türkiyə alyansına ümid bəsləsin ki, Moskva-Ankara geopolitik oxu çərçivəsində tam mümkündür. Bu da ki Türkiyədə hakimiyyətə “milli hökumətin” – bütün vətənpərvər partiyaların, ilk növbədə kamalçıların Rusiya ilə ittifaqa yönəlmiş avrasiyaçı qanadının daxil olduğu hökumətin gəlməsi ilə mümkündür. Belə ssenari həm Türkiyəyə, həm də Avrasiya alyansı çərçivəsində Türkiyə ilə əlaqəsinin təhlükəsiz və perspektivli olacağı Azərbaycana sərfəlidir. Bu halda Azərbaycanın inteqrasiyaçı rolu olacaq, Moskva-Ankara oxu isə Moskva-Bakı-Ankara oxuna transformasiya olunacaq.
Lakin tam neqativ ssenarı də var ki ehtiyatlı olmaq lazımdır. Birdən Azərbaycan amerikan plasdarmına çevrilər ki, Rusiyanı Türkiyədən ayırar, Moskva ilə Ankaranın yaxınlaşmasına sonuncunun seçimi avrasiyaçılıq olduğu halda imkan verməz. Bütün dramatizminə baxmayaraq bu ssenari o halda ehtimal edilir ki, amerikan strateqləri Rusiya və Türkiyə yaxınlaşmasının qaçılmaz olduğunu başa düşsünlər – onda bu alyansın qarşısını almaq üçün başılovlu tədbirlər həyata keçirməyə başlayacaqlar. Bu halda Azərbaycan Ukraynaya çevrilmək təhlükəsi ilə üzləşəcək, hansı ki Rusiyanın Avropadan ayrılması və Rusiya-Avropa alyansının qarşısının alınması ilə bağlı amerikan maraqları yolunda yandı.

—Keçən il Dağlıq Qarabağ regionunun erməni separatçılarının lideri Bako Saakyan Moskvada oldu və Bakıya münasibətdə Rusiya ərazisində bir sıra erməni provokasiyaları həyata keçirildi. Belə çıxır ki, separat “Dağlıq Qarabağ respublikası” bir növ Rusiyanın alətidir və ya təzyiq mənbəyidir ki, lazım olanda Bakıya qarşı işə salır. Rusiya erməni separatçılarının müstəqilliyinin tanınmasına gedəcəkmi?
—Bu məsələdə yenə də hər şey Azərbaycanın geopilitik seçimindən asılıdır. Bakı Vaşinqtonun və atlantik geopolitikanın tərəfində durarsa, özünü ABŞ-ın müttəfiqi elan edərsə, onda Dağlıq Qarabağ praktiki olaraq tanınacaq, necə ki atlantik Gürcüstanla bağlı situasiyada Cənubi Osetiya və Abxaziya tanındı, yaxud amerikanların işğal etdiyi Ukrayna olayında Krım, DXR, LXR tanındı. Burda necə deyərlər, şəxsi heç nə yoxdur, sırf geopolitikadır.
Nə qədər ki Azərbaycan tərəddüd edir, onun rəhbərliyi isə geopolitik seçimini edə bilmir, Qarabağ məsələsi asılı halda qalacaq. Və burda Ermənistanın da bu gün müəyyən sərfəli pozisiyaları var, belə ki Ermənistan öz sivilizasion seçimini artıq etmişdir, Avrasiya inteqrasiyası prosesinə - Gömrük İttifaqına, Avrasiya İqtisadi Birliyinə və s. qoşulmuşdur. Ermənistanın KTMT-yə üzvlüyünü də nəzərə alsaq, Ermənistanın Rusiyaya dost olmayan ölkələrin təlimlərində iştirakı ilə bağlı bəzi ayrı-ayrı çatlara baxmayaraq, ümumilikdə Qarabağ probleminin Azərbaycan tərəfindən hərb yolu ilə həlli məsələsini bir kənara qoymaq olar.
Başqa məsələ ki Azərbaycan avrasiyaçı yolu seçəcək. Belə seçimin perspektivləri, o cümlədən belə halda Qarabağ məsələsinin həlli variantları barədə mən artıq dəfələrlə, o cümlədən Azərbaycan KİV-lərində də danışmışam.

Söhbətləşdi: Vüqar Həsənov

VESTİ.AZ SAYTI ÜÇÜN MÜSAHİBƏ, 01.02.2016

Valeri Korovinin “Qarabağ haqqında imperiya söhbəti: Rusiya, Azərbaycan, Ermənistan, İran və Türkiyə Cənubi Qafqazın regional geopilitikasında” kitabından

Комментариев нет:

Отправить комментарий