İyunun 6-sında AMEA-nın əsas binasının önündəki parkda İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində yazıçı Anarla keçirilən görüşdə akademik İsa Həbibbəyli dedi: "Yazıçının yaradıcılığa başladığı dövrdə Sovet ideologiyasının hökm sürməsinə baxmayaraq, o müstəqil Azərbaycan ədəbiyyatı uğrunda mübarizə aparıb".
İsa Həbibbəylinin bu çıxışının bir yozumu da odur ki, guya Sovet ideologiyası Azərbaycan ədəbiyyatına qənim kəsilmişdi.
Əgər belə düşünülürsə, bu kökündən yanlışdır.
Əvvəla, müstəqilliyi etiket edib hara gəldi yapışdırmaq olmaz. Onun birini də İsa Həbibbəyli ədəbiyyatımızın yaxasından asdı.
Əlbəttə, fərqli anlayışı nəzərə alsaq, ədəbiyyatımızın milli köklər üstündə qurulması zəruridir, ancaq millilikdə dirənib qalmaq da düz deyil.
Müstəqil ədəbiyyat ilə isə Biləcəriyə qədər getmək olar. Ədəbiyyat bəşəri olmalıdır. Bəlkə də son 30 ildə Azərbaycan ədəbiyyatının dünyaya çıxa bilməməsinin səbəblərindən biri də onun İsa Həbibbəylinin iddia etdiyi "müstəqilliyindədir". Ancaq "Sovet ideologiyasının hökm" sürdüyü illərdə ən azı 15 ölkədə Azərbaycan ədəbiyyatı məktəblərdə tədris edilib, təbliğ olunub və çoxmillətli xalqların maraq dairəsində idi.
Sevimli yazıçımız Anarın ədəbiyyatımıza İsa Həbibbəylinin qeyd etdiyi "milli istiqlal məzmunu" gətirməsinə imkan verən Sovet ideologiyasının açdığı obrazlı təfəkkür sərhədləri idi. Güman edirəm ki, böyük yazıçımız özü də bunu inkar etməz.
Yeri gəlmişkən, hörmətli İsa Həbibbəyli 1984-cü idə çap etdirdiyi "Romantik lirikanın imkanları" (1984), "Ədəbi yüksəliş" (1985) və 90-cı illərə qədər yazaraq Cəlil Məmmədquluzadəyə həsr etdiyi kitablarında marksizm-leninizm klassiklərinə istinad etməklə Sovet ideologiyasına layiqli xidmət göstərmişdir.
Ədalət Abdinov
Комментариев нет:
Отправить комментарий