10.02.2019

Düşmən SSRİ-dən daşıyıb apara bilmədiklərini geri çəkilərkən məhv etməyə çalışdı. “Yandırılmış torpaq” taktikası həyata keçirən faşistlər özlərindən sonra boş zona saxlamaqla ümid edirdilər ki, Sovet ordusu irəliləyə bilməyərək ləngiyəcək. Himmlerin 3 sentyabr 1943-cü il əmrində deyilirdi: “Geri çəkildiyiniz yerlərdə insan, mal-qara, taxıl və vaqon qalmamalıdır. Salamat ev, şaxta qalmamalıdır, hətta quyuların hamısını zəhərləyin. Düşmən yandırılmış və dağıdılmış əraziyə ayaq basmalıdır. Düşmənə yalnız heç nəyə kara gəlməyən boş torpaq saxlamaq lazımdır”. Vermaxtın ali komandanlığının əmrində deyilirdi: “Geri çəkilərkən qoyub getdiyiniz ərazilərdə düşmənə xeyirli ola biləcək bütün tikililəri və tədarükü məhv etmək lazımdır: evləri və qazmaları, maşınları, dəyirmanları, quyuları, ot və küləş tayalarını. Bütün evləri ucdantutma yandırmaq, sobaları əl qumbarası ilə partlatmaq, quyulara leş, peyin, benzin atmaqla yararsız etmək. Tayalara od vurmaq, kənd təsərrüfatı maşınlarını və teleqraf dirəklərini partlatmaq, bərələri və qayıqları batırmaq. Körpülərin dağıdılması və minalanması sapyorların vəzifəsidir. Hamı çalışmalıdır ki, çıxdığınız ərazilərdə düşmən uzun müddət hərbi məqsədlərlə və kənd təsərrüfatı ehtiyacları üçün heç nədən istifadə edə bilməsin”. 7 sentyabr 1943-cü ildə reyxsmarşal Gerinq gizli dekret verdi ki, Sovet qoşunlarının əlinə keçəcək ərazilər adam yaşamayan boş səhralığa çevrilsin: “Bu yerlərin əhalisi qərbə doğru qovulmalıdır”.

Комментариев нет:

Отправить комментарий