30.08.2019

“NATO-nun təbliğat maşınının zay etdiyi şizofrenikləri haqq yoluna qaytarmalıyıq”

İbrahim Sel: “Avrasiya yolu – məntiq yolu, şüur yolu, təfəkkür yoludur”

Yazıçı-jurnalist, Avrasiya Hərəkatı Azərbaycan təşkilatının rəhbəri İbrahim Sel ilə müsahibə

-Son zamanlar sosial şəbəkələrdə əvvəlki aktivliyiniz hiss olunmur...
-Digər sosial şəbəkələrdə də profillərim olsa da, əsas fəaliyyət meydanı facebook idi. Amma facebook məni statuslarıma imkan vermir. İki ilə yaxındır ki, ardıcıl olaraq blok edilirəm. Bir aylıq blokdan çıxıram, cəmi iki-üç gün yaza bilirəm, sonra yenə məhdudlaşdırılıram. Polşada bunların mərkəzləri var, facebooka nəzarət edirlər ki, Rusiyayönlü və İranyönlü təbliğat genişlənməsin. NATO-nun təbliğat maşınına dirəniş göstərənləri bloklayırlar. Bir sıra postsovet respublikalarında moderasiya mərkəzləri də açdılar, bundan sonra antiqlobalist sektoru tam müəyyənləşdirib sıradan çıxardılar. Rusiyayönümlüləri və İranyönümlüləri cəzalandırırlar ki, işləri qaydasınca getsin, xalqın başını rahat piyləsinlər. Bizi əvvəllər də siyasi fikirlərimizə görə, Avropanın dürlü-dürlü “dəyərlərinə” qarşı çıxdığımıza görə, sionizmə nifrətimizə görə, bəzən də senzuradan kənar leksikonumuza görə bloklayırdılar, amma indi facebook-da işimizi tam iflic vəziyyətindədir. Rusiyanın siyasətini dəstəkləyənləri neytrallaşdırırlar. Təsəvvür edin türk faşizmi təbliğatı aparan profillərə toxunmurlar, Rusiya ilə birləşməyə səsləyən bizlərə isə imkan vermirlər. Suriya müharibəsi dövründə İŞİD-in bayrağını profilinə qoyanları bloklamırdılar, Əsədin şəkilini qoyanları bloklayırdılar. Çox təəssüf ki populyar sosial şəbəkə olan facebook-da tendensiya belədir. Hətta biz indi facebook-un heç bir qaydasını pozmuruqsa da, yenə bloklayırlar, çünki qara siyahıya salınmışıq. Başa düşmək lazımdır ki, facebook-un idarəçiliyində rusa və farsa nifrət eləyənlər otururlar. Onlara tapşırıq verilib ki, ancaq Qərbə sərf edən siyasi xəbərlərə və reseptlərə şərait qurun. Facebook ABŞ kəşfiyyatına məxsusdur. Mən bir dəfə yazmışdım, facebook – xüsusi olaraq İranı dağıtmaq üçün yaradılıb. Burada Rusiya və İranyönümlülərin fikri meydandan çıxarılır, Qərbyönümlülərin fikri tüğyan edir.

-Fikirləriniz bəziləri tərəfindən hiddətlə qarşılanır, hətta sosial şəbəkələrdə ünvanınıza söyüş də söyülməsinin şahidi olmuşuq...
-Saltıkov-Şedrin deyirdi ki, sağlam fikirləri yayırsansa, söyüş payı olmağın hökməndir. Çünki kütlənin mahiyyəti belədir. Məni kütlə yox, bəşəriyyətin xilası üçün çalışan kollektiv maraqlandırır. Kütlə kütdür və qədirbilən deyil. Kütlə piara uyandır və səthi fikir yürüdəndir. Mənim tezislərimi kütlə başa düşməz, yalnız seçilmiş insanlar başa düşər. Mənim də çoxlu anlamaq istədiyim məsələlər, cavab tapmaq istədiyim suallar var. Onlara aydınlıq gətirmək istəyəndə bəzən təhqirlə, hətta anonim təhdidlə üzləşirik. Əvvəllər tez-tez olurdu, indi belə hallar demək olar ki yoxdur, çünki artıq çoxu ağı qaradan seçməyi bacarır. Biz arqumentlər gətirəndə opponentlərimiz mahiyyəti üzrə danışmaq əvəzinə bəzən aşağılamağa və gülüş obyektinə çevirməyə çalışırlar. İudeylərin bunların beyninə yeritdiyi postulatlara şübhə ilə yanaşanlara düşmən gözü ilə baxırlar. Onlar bizim arqumentlərin qabağına vikipediya tipli məlumatlarından başqa heç nə çıxara bilmirlər. Onların siyasi baxışları NATO kəşfiyyatının maliyyələşdirdiyi “Müsavat” saytının və “Azadlıq” radiosunun fikirləri ilə tam üst-üstə düşür. Bu zombilərlə mübahisə etmək ona görə çətin deyil ki, onlar bizdən savadlıdırlar, yoxsa haqlıdırlar, ona görə çətindir ki, onlar dünyadakı siyasi prosesləri “Müsavat” və “Azadlıq” prizmasından görürlər, məntiqi yanaşmanı isə heç yaxına da buraxmırlar. Bu zombilər üçün həqiqət heç nədir, əsas beyinlərinə yeridilmiş liberal-demokratik trafaretlərdir. Biz onlara nə faktlar gətirsək də tutduqlarını buraxmayacaqlar, sərsəm yanaşmaları gətirdiyimiz faktları da kəsərdən salacaq. Onların ən elementar məsələlərə baxışlarını diqqətlə nəzərdən keçirsəz görərsiz ki, onların təqdimatları nəinki adi həyati qanunlarına görə, heç texniki cəhətdən düzgün deyil. İndi biz nə etməliyik, işimizi-gücümüzü ataraq zombiləri inandırmaq üçün mənbə mənbə ardınca tapıb ortalığa qoymalıyıq? Dediklərimizi sübuta yetirmək üçün dəridən-qabıqdan çıxmalıyıq ki, NATO-nun təbliğat maşınının başdan və daldan zay elədiyi şizofrenikləri haqq yoluna qaytara bilək? O gün bir ali təhsilli yoldaşı düz yarım saat başa salmağa çalışdım ki amerikan dolları pul deyil, kağızdır, başa düşmədi. Girmədi. Əlimi yerdən-göydən üzdüm. Onları haqq yoluna gətirməyə çox girişsən, dəyərli dostumuz Vüsal Həsənəlinin dediyi kimi, gərək yorğun canını da götürüb gedib oturub kürəyini söykəyəsən Əbəlfəzl Ağanın qəmli hərəminə, dərindən bir ah çəkəsən.

-Stalini bu qədər ideallaşdırmağınız liberal camiə tərəfindən etirazla qarşılanır.
-Stalini bəyənməyənlər intellektdən axsayan adamlardır. Xalqın gözündə Stalinin qara obrazını yaratmaq üçün 10 milyardlarla pul xərclənib. Qərb fondları sizlərə onu qaniçən kimi tanıtmaq üçün fahişə jurnalistlərə və psevdotarixçilərə külli miqdarda tula payı atıblar. Əsl həqiqətdə isə Stalin xalqa xidmət edib. Qaniçən Stalin fəhləni, müəllimi, həkimi 5 saatdan çox işlədən müdiri yerindəcə güllələtdirirdi. Əlbəttə ki bu insan hüquqlarının kobud şəkildə pozulmasıdır, elə şey olar, axı işçinin 19 saat işləmək azadlığı olmalıdır.

-Rusları niyə bu qədər ideallaşdırırsınız?
-Rus o qədər avam idi ki, evi bizə havayı bağışlayırdı, evi ipotekaya, yəni sələmə vermək ağlına da gəlmirdi. Öz kəndimizdəki, dədə-babalarımızın min illərdi yaşadığı yurdumuzdakı torpağın sotunu bizə 4 minə satmaq rusun ağlına da gəlmirdi. Rus məmurları kürd məmurları qədər dolanışığın yolunu-yolağını bilmirdilər. Rusun vaxtında işıq pulu 20 qəpik idi. Yazıqlar heç Mingəçevir SES-in mayasını da çıxartmadılar. Türkiyədə, İranda, İraqda zəlzələ olanda minlərlə adam qırılır, bizdə də o zəlzələdən çox olub, ölən olmayıb, çünki bizə ruslar kubikdən ev tikirdilər, o sadaladıqlarımda isə hələ də palçıq hinlərdə yaşayırlar.

-Türkiyəyə düşmən münasibətinizin səbəbi nədir?
-Türkiyə kimi dostu olana düşmən lazım deyil. Türkiyədən bura sərhədi bağlamalıyıq. Türkiyədən bizə ancaq virus gəlib. Türkiyədən idxalı tam dayandırmaq lazımdır. Bizə Rusiya və İran malı lazımdır, şiənin qanına susamız qəddar düşmənlərimizin yox! Bizə ekoloji təmiz Rusiya və İran qidası lazımdır. Türkiyənin toksiki zəhəri belə yaxşıdırsa, qoy Fətulla Gülənin hakimiyyətdəki imamları öz evlərində yesinlər o zəhəri.

-Şiəçiliyə bu qədər üstünlük verməyiniz bəzən izləyicilərdə hiddət doğurur. Məzhəb ayrıseçkiliyində günahlandırılmaqdan qorxmursunuz?
-Şiə də, sünni də qardaşdır. Sünni qardaşlarımızın hamısına elə burdan öz salamlarımı yetirirəm. Hamınız bizimçün əzizsiniz, qəlbimizdə yeriniz şiədən də üstündür. Hərdən ön cəbhədə vuruşan şiələrimizi mədh edirik, bəzilərinə elə görünə bilər ki sünni-şiə ayrıseçkiliyi edirik, xeyr. Uqo Çaves katolikdir, o qlobalizmə qarşı ön cəbhədə vuruşanda onu da mədh edirdik. Kastronu da mədh edirdik, Qəddafini də. Sünni Kadırovu da mədh edirik, ələvi Əsəd də bizə o qədər əzizdir. Müsəlman dünyasının liderləri Kadırov, Nazarbayev, Əsəd, Xomeyni kimi şəxslərdir, hərəsi bir cəbhəyə rəhbərlik edir, müqaviməti qururlar. Şərə, sionizmə, vahhabiliyə, nurçuluğa qarşı bir olmalıyıq. Sionistlərin aramıza girməsinə imkan verməməliyik. Şanlı keçmişimizə qiymət qoymalı, dəyərlərimizə hörmətlə yanaşmalıyıq. Şiəlik də, sünnilik də, pravoslavlıq bizim misilsiz nemətimizdir. Bu ölkədə ləzgidən adekvat, sivil və mədəni xalq yoxdur, bu bir həqiqətdir. Kənardan ayrıseçkilik kimi görünsə də, biz bunu heç xəyalımıza da gətirmədik. Sünni bizim qanımız, canımız, ruhumuzdu, biz sünni-şiə ixtilafı salmaqdan uzağıq, bu sionistlərin işidi. Sadəcə indi meydanda şiələrdi. Qlobalizmə, sionizmə və satanizmə qarşı öndə döyüşənlər şiələrdi. Mədhiyyəmizin səbəbi budur. Öndə döyüşənləri sizli-bizli dəstəkləməliyik, ruhlandırmalıyıq. Uzaq Amerikada venesuelalılar döyüşdü, onları da alqışladıq, Donbasda slavyanlar döyüşdü, onları da, indi də meydan şiələrindi. Sabah sünni Həmas Fələstində döyüşəcək, onlara da səs verəcəyik. ABŞ-İsrail murdar cütlüyünə qarşı kim döyüşdü, biz onun yanındayıq, buddaçı da olsa.

-Bəziləri sizin kommunist olduğunuzu düşünür. Nəriman Nərimanov, yoxsa Məmməd Əmin Rəsulzadə?
-Mən kommunist deyiləm, amma sosialistəm. Məmməd Əmin kimə ev verib, kimə torpaq verib, kimə iş yeri açıb? Milli dediyiniz o hökumət heç öz vətəndaşlarına maaş verməyib, ingilis komandanlığının layihəsini icra edən QHT qrupu olub. Bakı yəhudisi Rəsulzadə bu xalqa heç qoz da verməyib, heç bir azərbaycanlı ondan qara qəpik də xeyir görməyib. Amma Nərimanovgil Azərbaycana ev-ev düşmüşdülər, ölçmüşdülər, sajenləmişdilər, hamıya şəxsi həyətyanı torpaq sahəsi vermişdilər, ev tikməkdə kömək etmişdilər, işlə təmin etmişdilər. Nərimanovgilə kimi Azərbaycanda şəxsi evi olan yox idi, hamı yəhudi, seyid, avar, laçınlı bəy və xanların mülk torpaqlarında kirayədə qalırdı. Bu xalq Nərimanov kimilərin hesabına mal-mülk sahibi oldu. Amma axırda nə oldu? İndi xalq Nərimanovu əclaf çıxarıb, Rəsulzadəni isə böyüdüb tanrı kimi səcdə edir. Budur xalq! Xalq tikilən zavodların qədrini bilmirdi, gecə-gündüz kabelindən tutmuş turbalarına kimi oğurlayıb satırdı, hətta Sovet dağılanda həmin zavodların hasarlarını da söküb daşına kimi yedilər, indi ağsaqqal deyir xalq hakimiyyətə gələcək, zavodlar tikəcək! Ey Azərbaycan xalqı, nə qədər gec qurtulacaqsansa, bir o qədər çox biləcəksən əsl azadlığın qədrini! Əsl azadlığı sənə Rus vermişdi. Bu xalq naşükürlük etdi Sovetləri yıxdı! Əsl azadlıq Rusiyadadır, Çeçenistan kimi, Tatarıstan kimi Rusiyanın tərkibinə qatılmaqdadır.

-Son olaraq oxuculara sözünüz.
-Mən sizin hamınızı Avrasiya Hərəkatı Azərbaycan təşkilatına üzv olmağa çağırıram. Nə olacaq bu işlərin axırı? Nə fikirləşirsiz, Xalq Cəbhəsi Amerikaya kəllə atacaq, Müsavat BP-ni ölkədən çıxaracaq, yoxsa Avropadakı mühacirlər gəlib bank sələmini durduracaq? Ayıq olun. Qorxmayın, sıralarımıza qoşulun, Rusiyayönlü kontingentə dəstək verin. Cəsarətli olun, bu ölkədə Rusun ən axırıncı adamına toxunanın qulağını küçük qulağı kimi kəsərik! Xalqımızın Avrasiyaçı energetikası müvəqqəti anabioz vəziyyətindədir; o nə vaxtsa oyanacaq, Rusiya ilə bağlı şanlı keçmişimizə və gələcəyimizə diş atan çaqqal sürüsünü çıxdıqları mağara deşiyinə kimi qovacaq. Gələcək – Rusiyanındır. Tezliklə haqq ordusu burda olacaq, qardaşlar. Avrasiya yolu – məntiq yolu, şüur yolu, təfəkkür yoludur. Xalqımıza xas ən ali mənəvi dəyərlərin qayıdışıdır. Bu yol çətin və məşəqqətli yoldur, amma labüddür və qaçılmazdır. Fikirlərimi 41-ci ilin məşhur şüarları ilə bitirmək istəyirəm: “Bizim işimiz haqq işidir! Düşmənin başı əziləcək. Qələbə bizimlədir!”.

Hazırladı: Kamran Babayev

Комментариев нет:

Отправить комментарий