13.08.2019

Rusiyanın tam məxfi yeni silahısı və ya “5-ci imperiya” mühəndisləri

Həmid Herisçi

“İdeoloji silah”... Bəli, bu gün ən kütləvi qırğın silahı nüvə silahı deyil. Yox. Məhz “ideoloji silah”dı. Azərbaycanın cəbbəxanasında belə bir kütləvi qırğın silah növü mövcud olmasa da, digər ordularda var. Misal üçün, Rusiya ordusunda bu silah növünün gör neçə ildir sınaq uçuşları keçirilir.
Rus yazarı Aleksandr Proxanov, mübahisəsiz-filansız, bu təcrübəvi silahın baş mühəndisi sayılır Rusiyada. Mart ayında Moskvadaykən mən bu silahın ağır barıt qoxusunu bir çox ünvanlarda, xüsusən Rusiya Dövlət Teleradio şirkətində, habelə “Zavtra” qəzetinin redaksiyasında burnuma çəkə bildim. O məxfi silahın mühəndisi Aleksandr Proxanov ilə üzbəsurət görüşdüm. Mövzu ilə əlaqədar sualımı ona ünvanlayanda cavabında görün nə eşitdim: “Bəli. İndi biz “5-ci imperiya”nı qururuq. İlk İmperiya Kiyev Rusiyasıydı. İkinci Rüryukların Moskva dövləti. Üçüncüsü Romanov xanədanı. “4-cü imperiya”nın rəngi qırmızıydı. Beşinci imperiya gəldikdə isə... bu model radio və televiziya dalğalarında, kino sənətində, heykəltəraşlıqda, ən vacibi-siyasətdə hələ pilot-layihə cərgəsindədir. Beşinci imperiya modeli, yadda saxlayın, yad əraziləri deyil, oxşar ruhları, mədəniyyətləri birləşdirəcək özündə. Azərbaycan da, bəli, qoşula bilər bu ideoloji silahın təcrübəvi uçuşlarına”.
Söhbətimizdən mənə aydın oldu ki, bu ideoloji silah növü Rusiya yaradıcı təşkilatlarında, kinomatoqrafında, TV-lərində artıq çoxdan bəri uğurla sınaqdan çıxarılır. Beləliklə, bu kütləvi qırğın silah növüylə indi siz də yaxından tanış olun.
DOSYE: 5-Cİ RUSİYA İMPERİYASI. İdeoloji silah növüdür. Rusiya Yazarlar Birliyində misal üçün təp-təzə, cağbacağ “İmperiya mədəniyyəti” ödülü də mövcuddu. Mükafatlandırılanlar siyahısında bir çox məşhur imza sahibləri, o cümlədən Rusiya xarici İşlər naziri Sergey Lavrovun solğun şerləri də var.
QƏRARGAHI: 2012-ci ildə ultrakonservativ Rusiya elitası üzvləri, başda yazıçı Aleksandr Proxanov, Estoniya sərhədində yerləşən İzborsk şəhərinə toplanaraq burda eyniadlı diskussiya klubunu təsis edirlər. “İzborsk klubu” qısa zamanda gündəmi işğal edir. Kreml rəhbərliyi tərəfindən 10 milyon rubl məbləğində qrantla mükafatlandırılır. İndi həmin bax, bu klub “5-ci imperiya” ideoloji silahının bir növ ana nüvəsi, baş qərargahı kimi tanınır Rusiya Federasiyasında.
İKONASI: 2015-ci ilin may ayında klub üzvləri qərara gəlirlər bax bu “5-ci imperiya” ideyasını bir ikonada əks etsinlər. “Derjavnaya ikona Bojyey Materi” adını qazanan bu ikonada İosif Stalin öz ən yaxın silahdaşları əhatəsində təsvir edilib. Proxanov indi bu ikona ilə birgə vaxtaşırı bütün Rusiya bölgələrini gəzib dolanır. Deyilənə görə, günlərin birində “5-ci imperiya” aşiqləri məhz bu ikonanın arxasınca Kremlə daxil olacaqlar.
KÜTLƏVİ TƏBLİĞAT TƏDBİRLƏRİ: “ÖLMƏZ TAKIM”. Rus pravoslav kilsəsi öz “xaç yürüşləri” ilə məşhurdu. “İzborsk klubu” nümayəndələri bir gün qərar verirlər bu unudulmuş ayini redaktə edib yenilənmiş şəkildə cəmiyyətə qaytarsınlar. “İzborsk klubu” üzvləri yamanca dindardırlar. Öz təşəbbüslərinə göydən, qeybdən, yuxu-röya aləmindən razılıq işarəsi almasalar, heç vaxt növbəti yeni addımlarını irəli atmazlar. 2007-ci ildə Tomsk şəhəri sakini Gennadiy İvanov yuxu görür: milyonlarla rus vətəndaşı... əllərində müharibə iştirakçılarının böyüdülmüş foto lövhələri Qızıl meyadana doğru axışırlar.
Bu röyanı tirajlamaq, təbliğat vasitəsinə çevirmək dönür 5-ci imperiya müəlliflərinin bir saylı vəzifəsinə. Tezliklə bütün Rusiya şəhərlərində bu cür xaç... üzr istəyirəm, xalq yürüşləri keçirilir. Hətta Vladimir Putinin özü belə, əlində rəhmətlik atasının böyüdülmüş fotosu, 2015-ci ilin 9 may tarixində bu xalq yürüşünə qatılır.
“5-Cİ İMPERİYA” MEMARLARI. Siyahı uzundu - filosof Aleksandr Duqin, yazıçı A.Proxanov, televiziya aparıcıları Maksim Şevçenko, Mixail Leontyev, iqtisadiyyatçı Mixail Delyaqin, diplomat Dmitri Roqozin, hərbi ekspert Leonid İvaşov, publisist Nikolay Starikov, jurnalist Maksim Kalaşnikov, Valeriy Korovin, Nobel mükafatı laureatı, fizik Jores Alferov, habelə onlarla digər tanınmış imza sahibləri. Belələrindən biri- iqtisadiyyatçı Sergey Qlazyev, müasir Putin rejiminin bir saylı iqtisadi eksperti sayılır.
VURUCU İSİMLƏR. Rusiyada “İmperiya sənəti” modelini incəsənət, kino sahəsində sınaqdan çıxaran ən görkəmli sənətkar, mərhum rejissor Mixail Bondarçukun oğlu Fedordur.
“İzborsk klubu” üzvləri tam mistiklərdi. Öz doğum tarixlərinə, ulduz fallarına xüsusi fikir verəndirlər. Misal üçün, Aleksandr Duqinin 1962-ci ilin 7 yanvar tarixində-pravoslav təqviminin birinci günündə dünyaya göz açması, klub üzvləri gözündə ilahi bir rəmzdi. Ancaq Fedor Bondarçukun payına belə rəmzlərdən ən müqəddəsi - 9 may tarixi düşüb. Bondarçukun 9 may 1967-ci ildə, yəni qələbə günü dünyaya gəlməsi klub üzvləri arasında çox ciddiyə alınır. Çoxları bunda göydən gələn xüsusi işarə gördüklərini utanmadan, çəkinmədən açıq-aşkar boyunlarına alırlar.
Bu və digər müəmmalı səbələrdən Fedor Bondarçuk kinolentləri, xüsusən “Stalinqrad”, “Cəsus” blokbasterləri bu yeni neoimperiya sənətinin ən vacib nümunələri siyahısına daxildi. Siyahı hələlik, bu filmlərlə açılıb, Proxanovun növbəti romanları ilə qapanır.
Şəxsən mən “Cəsus”un 4 seriyasına birnəfəsə baxdım. Filmin süjeti, ssenarisi də əladı, rejissor həlli də. Misal üçün, filmdəki 30-cu illər Moskvası texnoloji, futuristik, fantastik bir şəhərdi. Küçələrində, səkilərində xoşbəxt Sovet insanları ələ-ələ verib sağa-sola gəzişir. Öz səadətlərindən doymaq nədi bilmirlər. Nəhəng Stalin göydələnləri adamın xəyallarını dartıb göyün yeddinci qatına aparır sanki. Babil qülləsini xatırladan “Sovetlər sarayı” göydələnin kağız üzərindəki layihəsi filmdə canlanıb reallaşır. Dönür ağ kostyumlu Stalinin baş iqamətgahına. Filmdəki Stalin müdrükdü, Hitler isə hiyləgər. Sonuncu Stalinə canlı məktub, yəni xüsusi təyinatlı cəsus Vasseri göndərir. Stalini inandırır guya müharibə olmayacaq. Ürəyi geniş Stalin buna aldanaraq ehtiyatı əldən verir. Nəticədə müharibənin ilk dövründə sarsıdıcı zərbələrə tuş gəlir. Ordusunun tən yarısını itirir az qala.
Filmin məqsədi eyni gizli mesajdı. “İzborsk klubu” kahinləri bu filmdə iddia edirlər ki, Putin də Stalin kimi Qərbin, indiki Hitlerlərin yağlı vədlərinə aldanır. Elə bilir Qərblə Rusiya arasında guya qanlı müharibə olmayacaq. Ay-hay... Müharibə labüddü... Qərbin sülhməramlı mesajları qara qəpiyə də dəyməz, vallah.
BAYKERLƏRİN ŞOU-PARADI. Krım hadisələri olmasa, “İzborsk klubu”nun “5-ci imperiya” layihəsi elə kağız üzərində qalıb özünü reallaşdıra bilməyəcəkdi. Krım hadisələri bütün bu prosesləri çadra altından çıxarır, ikinci nəfəs verir bu layihəyə. Dinamikasını sürətləndirir. “5-ci imperiya” modeli barədə məxfi sənədlər nəhayət, gəlib çıxır Putinin yazı masası üzərinə. Putinin iti qələmi, bir an bu sətirlər üzərindən sürətlə ötür. Axır, çılğın bir imzaya çevrilir bu sənədlərin son sətirləri altında. 
Putinin bayker dostu, “Gecə canavarları” motoklubunun sədri, “Cərrah” təxəllüslü Aleksandr Zaldostanov da bu proselərsdən kənarda qalmır. Putinin sifarişi ilə ötən il Sevastopolun Qasfort dağında “5-ci imperiya” bayk-şousunu təşkil edib minlərlə şəhər sakinini qatır bu tədbirinə. Rok konsert, kaskadyor fəndləri, hərbi texnikanın iştirakı ilə yadda qalan bu mərasim, bütün ümidləri doğruldur sanki. Qərar qəbul edilir ki, bu cür “5-ci imperiya” tədbirləri Rusiyanın digər coğrafi nöqtələrində də təkrar-təkrar keçirilsin. Baykerlərin uzun karvanı belə tədbirlərdən bir an əskik olmasın.
ŞƏRHLƏR. Rusiya İctimai Palatası tərəfindən maliyyələşdirilən bu “5-ci imperiya” tok-şousu çərçivəsində Krım baykerləri 7 milyon rubl qranta layiq görülüblər. Mətbuata verdiyi müsahibəsində Aleksandr Proxanov bu şounu görün necə dəyərləndirib: “5-ci İmperiya” müasir Rusiyadır. Gənc tamaşaçılarımızın beynində biz imperiya təfəkkürünü oyatmalıyıq. Daxili gizli defekt, müasir dünyanı öz süqutuna doğru sürükləməkdədir. Biz Rusiyanı bu təlatümlərdən qoruyub onu yenidən bir qılınc kimi düşmənlərin köksünə sancmalıyıq”.
5-Cİ İMPERİYA TEXNOLOGİYALARI. “İzborsk klubu” “5-ci imperiya” modelinin inşasına əliboş qatılmayıb. Bu sahədə ən mükəmməl dərslik yenə də Aleksandr Praxanov ilə filosof S.V. Kuquşov tərəfindən qələmə alınıb. “5-ci İmperiya texnologiyaları” adlanan bu kitabı oxumasanız, bəli, “narıncı inqilablar”ın növbəti qurbanı məhz sizsiz.
AYIN GÖRÜNMƏYƏN TƏRƏFİ. “İzborsk klubu” son zamanlar öz xarici siyasətində böyük uğurlar əldə edib. Misal üçün, klubun üzvü İqor Dodon Moldova prezidenti seçilincə öz iqamətgahı üzərindən Avropa Birliyi bayrağını aşağı endirib. Öz saytının dilini rumıncadan moldova ləhcəsinə dəyişib. İlk səfərini Moskvaya salıb. Putinlə görüşündə özünü avrasiyaçı kimi göstərib.
“İzborsk klubu” sədri Aleksandr Proxanovun ölkəmizə marağını, hətta sevgisini indi mən heç cür izah edə bilmərəm. Ancaq bu Avrasiya təəssübkeşinin ölkəmizə son səfəri məncə boş yerdən qaynaqlanmır. “5-ci imperiya” müəlliflərinin bizdən umacaqları az deyil. Tərəzinin bir gözündə bizim maraqlardı, digərində Rusiya maraqları. Rusiya pərdəönü ilə münasibətlərimiz azdı. Gərək bizim Rusiya pərdəarxası ilə də sıx əlaqə tellərimiz olsun. Proxanovun ölkəmizə son səfəri, sözsüz, bu sahədə bizə yeni üfüqlər vəd edir.

moderator.az

Комментариев нет:

Отправить комментарий