11.07.2023

DAĞLIQ QARABAĞDA SÜLH: GÜCLƏ YOX, AĞILLA HƏRƏKƏT ETMƏK LAZIMDIR


Valeri Korovin
PRAVDA.RU SAYTI ÜÇÜN MÜSAHİBƏ, 23.11.2020

Azərbaycanın Qarabağ ərazilərini fəth edib geri qaytarmasının nəticələri haqqında. Azərbaycan hakimiyyəti və cəmiyyəti Qarabağ ermənilərini inteqrasiya etməyə nə dərəcədə hazırdır? Ən əsası, onlar köhnə düşmənlərinə nə qədər loyal yanaşa bilərlər?

Ermənistan Dağlıq Qarabağda məğlubiyyətə uğradı. Lakin Azərbaycan üçün bu qələbə başgicəlləndirici ola bilərmi? Qum və daşlardan ibarət bu məkanı götürməklə Azərbaycan hansı yükün altına girdi? Çətin problemlər kompleksini nizamlı şəkildə ağrı-acısız həll etmək olarmı? Rusiyanın bunda rolu nədir? İnna Novikovanın bu və digər suallarına Geopolitik Ekspertizalar Mərkəzinin direktoru Valeri Korovin cavab verir.

—Valeri Mixayloviç, İlham Əliyev qələbəni elan edərkən dedi ki, “biz bütün işğalçıları qovmalıyıq”, “işğalçılar, Qarabağdan rədd olun!”. Aydın olmadı bu kimə ünvanlanıb. İşğalçılar təkcə erməni hərbçiləridir, yoxsa orda yaşayan erməni xalqına mənsub dinc sakinlər də? Axı Dağlıq Qarabağın vətəndaş əhalisinin öz baxışları, identikliyi, simpatiyaları və antipatiyaları var.
Və tam aydındır ki, onlar heç bir orduda xidmət etməsələr də, əllərində heç bir silah, avtomat, hətta paya yoxdursa da, onları düşmən hesab edən Azərbaycana münasibətdə tamamilə qeyri-loyaldırlar. Odur ki dinc əhalinin kim olmasını, qeyri-dinc əhalinin kim olmasını, kimi saxlamağı, kimi isə çıxarıb harasa yola salmağı necə müəyyənləşdirmək olar?

—Prezident Əliyevin bu frazası doğrudan da ikimənalıdır və ifrat təhlükəlidir. Çünki Qarabağın sakinləri Qarabağda son 30 ildə və buna kimi yüzillərdir yaşayan ermənilərdir. Bu adamlar əllərində silah bir çox əsrlər özlərinin həmin torpaqda yaşamaq hüquqlarını müdafiə ediblər, öz identikliklərini saxlamaqla erməni olaraq qalıblar.

Bəzən bu çox uğurlu, bəzən az uğurlu alınıb. Lakin istənilən halda bu xalqın hər bir nümayəndəsi Azərbaycana qarşı müqaviməti Qarabağda müxtəlif zamanlarda yaranacaq vəziyyət və situsiyadan asılı olaraq bu və ya digər mümkün üsullarla davam etdirəcək.

Bu müasir dövrümüzün reallığı və tarixin ortalığa qoyduğudur. Ermənilər çox döyüşkəndirlər, onlar daim zərbə altında qalırlar, hansısa xarici aqressiyaya tuş gəlirlər, odur ki bir çox əsrlərdir praktiki olaraq daim vuruşurlar. Əlbəttə bu əhalini yola gətirmək, özünün siyasi nəzarəti altına qoymaq Azərbaycan üçün çox çətin olacaq. Ümumiyyətlə etnoslararası və ya xalqlararası düşmənçilik zəminində baş verən bütün belə konfliklərdə həll məsələsi on qat çətinləşir.

Məsələn, Saakaşvili 2008-ci ildə Cənubi Osetiyaya müdaxilə edərkən niyə öz hərbi əməliyyatını “Təmiz çöl” adlandırmışdı? Çünki o başa düşürdü ki, osetinlər öz identikliklərindən imtina etməyəcəklər, əldə silah vuruşacaqlar, heç vaxt gürcü olmağa razılaşmayacaqlar.

Eyni şey Qarabağda ermənilərlə də bağlı baş verir. Təsəvvür edirsiz Qarabağ ermənisinə Azərbaycan pasportu və digər sənədləri veriləndə o özünü necə hiss edəcək, hansılarda ki bu pasportu daşıyan adamın Azərbaycan vətəndaşı, yəni azərbaycanlı olduğu yazılacaq?

Azərbaycanlılara 30 il ərzində nifrətlə yaşayan ermənilər indi azərbaycanlı olmaları və Azərbaycan milli dövlətində yaşamaları ilə barışa bilərlərmi? Azərbaycanlılar əslində Qarabağ ermənilərinə necə yanaşacaqlar? Yaxşı yanaşacaqları ehtimalı nə qədərdir? Yəni Azərbaycan bu ərazini ağır yüklə birgə almışdır.

Əlbəttə bu ərazi ermənilərdən təmizlənməsə Azərbaycan get-gedə qızışan düşmənçilik, qarşıdurma və hər cür müqavimətlə bağlı ciddi problemlə üz-üzə qalacaq – dinc qarşıdırmadan tutmuş silahlı toqquşmalara kimi. Çətin məsələdir.

Odur ki hələ məlum deyil Azərbaycan ərazilərin qaytarılmasından uduşda olacaq, ya yox, xüsusən bu ərazilərdə ermənilər qaldığı təqdirdə. Burdan belə çıxır ki, təkcə sadə azərbaycanlılar ermənilərə neqativ yanaşmayacaq, hakimiyyətin də həmin protestə, müqavimətə sərt reaksiyası olacaq.

Yatırılma istisna olunmur, necə ki etnik təmizləmə də istisna olunmur. Kosovada serblərlə bağlı baş verdiyi kimi və belə hallarda bir çox yerlərdə olduğu kimi. Burda söhbət problemlərin çətin toplusundan gedir ki, Azərbaycan bu əraziləri özünə birləşdirməklə üz-üzə qalmışdır.

Azərbaycan hakimiyyəti necə reaksiya verəcək, sadə azərbaycanlılar və orda qalan ermənilər özlərini necə aparacaqlar, onlar öz vəziyyətləri ilə və bir-birləri ilə məcburi qonşuçuluqla qane ola biləcəklərmi, qarşılıqlı düşmənçiliyi necə yoluna qoymaq olar – bütün bunlar nəhəng suallar kompleksidir.

Rusiya sülhməramlılarının olması – bu minimim məsələdir ki, sadəcə açıq genosid olmayacaq və Qərb strateqlərinin ciddi-cəhdlə çalışdıqları qarşıdurmanın isti fazasının yenidən başlanmasına imkan verilməyəcək. Rusiyanın sülhməramlı iştirakı qarşıdurmanın qarşısını alacaq, amma bu yanğını tam söndürməyəcək. O yenidən alışacaqmı, yanacaqmı və ya tədricən sönəcək – bunu indi heç kəs birmənalı şəkildə deyə bilməz. Hansı ki bu ziddiyyət dolaşığını sistemli şəkildə açmaq üsulları da ortalıqdadır və biz bu haqda hələ danışacayıq.

—Yəqin ki çox şey Azərbaycanın nə dərəcədə güclü və müdrik dövlət olmasından asılı olacaq. Onun bütün bunlara sinə gərməyə və konflikti planlı şəkildə yoluna qoymağa səbri çatacaqmı? Bunda Rusiyanın da rolu vacibdir. Dövlət güclü və hakimiyyət ağıllı olanda istənilən konflikt aradan qalxır. Elə ki hakimiyyət zəiflədi, qarşıdırmalar yaranır, o cümlədən etnoslararası konfliklər ortalığa çıxır, ardınca qırğınlar, davalar və müharibələr baş verir. Odur ki əlbəttə hakimiyyətinin gücünün yetərliliyi vacibdir.

—Təkcə güc kifayət deyil, ağıl da lazımdır. Çünki güc yolu ilə hər şeyi sərt şəkildə yatırarsan, hamını üzü üstə asfalta uzadarsan, daşqalaq edərsən və toza çevirərsən. Lakin bu güclü dövlət tərəfindən ağıllı gediş olacaqmı?

Bu daha qorxulu reaksiya doğura bilər və daha katastrofik nəticələrə gətirib çıxarar. Onda Azərbaycan beynəlxalq arenada hansı qiyməti alar? Ona Qərb dünyası, Rusiya, başqa ölkələr necə yanaşar? Və ən böyük sual da odur ki, bütün bunlar nəyə aparıb çıxarar və nəylə qurtarar? Odur ki təkcə güclə deyil, ilk növbədə ağılla hərəkət etmək lazımdır. Ən çətini də elə budur.

Söhbətləşdi: İnna Novikova

Tanınmış rusiyalı politoloq və filosof, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovinin “Qarabağ haqqında imperiya söhbəti: Rusiya, Azərbaycan, Ermənistan, İran və Türkiyə Cənubi Qafqazın regional geopilitikasında” kitabından

Комментариев нет:

Отправить комментарий