İbrahim Əliyev
Düşünürəm ki, rəylərdə həmvətənlərimiz baş verən hadisə ilə bağlı layiqli qiymət veriblər. Azərbaycanda, xüsusilə də Naxçıvanda xarici turistlərin özbaşınalığı pik həddədir. Bəzən polis belə onlara göz yumur. Bəli, polis göz yumur. Öz başıma gəlmiş bir hadisədən bilirəm.
Bir dəfə Naxçıvanda mərkəzi küçələrin birində dayanmışdım. Enli səki, mən də çox zəif sürətlə yeriyirəm. Başım telefona qarışıb, hardasa dayanmaq sayılır, yerimək yox. Piyada keçidindən iki nəfər cavan oğlan düz üstümə yeridi, çiyin ata bilmədi, amma əlimdəki torbaya dəydi, torba yelləndi. Çönüb baxdım, göz-gözə gəldik. Susub qoyun kimi gözlərini döyürdülər. Dillənəndə gördüm ki türkdürlər. Danışdırdım, gördüm rus demişkən, "borzı" uşaqlardılar. Belə də olmalıdır. Dəyib keçməliyəm, üzrxahlıq da etməməliyəm. Axı onlarda mentalitet budur. Üzrxahlıq, anlayış (ponyatka) Şərq millətlərinə məxsusdur. Xoş dillə alınmadı, cumdum bunların üstünə. Qaçdılar, qovaladım 50-60 metr, sonra dayandılar əlləri ilə dayanmağı işarə verdilər. Əsəbdən nə gözlərim görmürdü, nə qulaqlarım eşitmirdi. Yetirməyimə birini "ilişdirdim". "Abicim, bir dur" sözlərini eşidəndən sonra dayanıb qulaq verdim. "İstediğin özür değil mi? Özür diliyorum" dedi, məni qucaqladı. Biraz da ağıl verəndən, başlarına ağıl qoyandan sonra bunları yola saldım getdilər.
Arxaya dönüb qaçdığım 50-60 m məsafəni geri qayıdanda obyektiv "Post Patrul Xidməti" əməkdaşlarının bir qisim "hadisə şahidləri" ilə dayandığını gördüm. "Şahidlər" məni işarələyib təsdiqləyəndən sonra əməkdaşlar məni yanlarına çağırdılar. Yəqin ki səsə gəlmişdilər. Məsələ ilə maraqlandılar, olduğu kimi danışdım. "Şahidlər" də təsdiq etdilər. Dedim ki, problem yoxdur, yola salmışam çıxıb gediblər. Sahə müfəttişinin yanındakı polis işçisi dəftər çıxartdı ki, əlaqə məlumatlarını verməlisən. Bir xeyli söhbət elədim, izah elədim ki, hadisə iştirakçısı təkcə mən deyiləm. Altınızda maşın var, türkləri də saxlayıb gətirin, onda mən də əlaqə məlumatlarımı verməyə hazıram. Tərpənmədilər. Dedim ki, əllərini-qollarını sallayıb gedəcəklər, baxacaqsınız? Dinmədilər, qurbağa gölünə daş atmış kimi hiss etdim özümü. Davam etdilər ki, bizə əlaqə məlumatlarını verməlisən. Göstərdilər ki, şəxsi dəftərçədir. Bir xeyli nəticəsiz dirəşməkdən sonra dəftərin ayrı vərəqinə yazdırdım, təminat aldım ki, problem çıxmasa cırıb atacaqlar. Sonra da maşınlarına əyləşib gözdən itdilər. Beləcə hadisə iştirakçısı olan türklər məsuliyyətdən tam azad çıxıb getdilər.
Mənim başıma demək olar heçnə gəlməyib, maddi zərər dəyməyib, amma Naxçıvan əhalisi təngə gəlib. Naxçıvan sakinlərindən türklər və iranlılar barədə çox giley-güzar eşitmişəm. Kirayə tutub pulunu fırladan kim, əşyasını satan kim, küçədəki xırda marketlərdən nisyələri yığıb aradan itən kim, kirayələrdə qrup şəklində gecə məclisləri quranlar kim, küçələrdə istədiyi kimi xuliqanlıq, avtoxuliqanlıq edənlər kim... Avtomobili qanunlara məhəl qoymadan, istədikləri kimi idarə edirlər, istədikləri əlavə quraşdırmaları da edirlər. Tünd qara plyonka onların tanınmasını məhdudlaşdırır. Qızları oğlanlardan daha həyasızdır. Öz evlərindən, ölkələrindən uzaq istədikləri hər şeyi edən, küçədə "lifçik-tumanla" gəzən, siqaret damağında gecə küçələrdə qışqıraraq yuxunu camaata haram qılan, barların bəzəyi canlılardan danışıram.
Muzey işçisinin də çörəyinə bais olan belələrindəndir.
Hər halda düşünmək lazımdır ki, o qadın işçini bu qədər özündən çıxardan turistin uyğunsuz hərəkəti olub. Turizm işçisidir deyə turistin bütün hərəkətlərinə qatlanmalıdır, nazı ilə oynamalıdır deyə bir şey yoxdur.
Zərərçəkənlər isə polisə müraciət etmirlər. Çünki məsuliyyət daşıyan tərəf o dəqiqə səfirliyə qaçır. Onların güvən yeri olan səfirlik olduğu ölkənin hüquq-mühafizə orqanlarına təsir etməyi bacarır. İş də olduğu kimi qalır. Onlar nə etsələr də cəza almırlar.
Buna görə Naxçıvan sakinləri ümidlərini üzüb, mərdiməzardan uzaq olmaq lazımdır prinsipi ilə yaşamağa davam edir.
Muzey işçisi barədə qərarı qətiyyətlə pisləyirəm.
Комментариев нет:
Отправить комментарий