17.07.2023

RUSİYA ZAQAFAZYEDƏ HƏR ŞEYİ BACARIR

Valeri Korovin
VZQLYAD.AZ PORTALINA MÜSAHİBƏ, 25.11.2021

—Rusiya prezidenti Vladimir Putinin, Azərbaycan prezidenti İlham Əiiyevin və Ermənistan baş naziri Nikol Paşinyanın imzaladığı üçtərəfli bəyanatın bir ilinin tamamlanmasına həsr olunmuş üçtərəfli danışıqlar 26 noyabrda Soçidə baş tutacaq. Sizin bu danışıqlardan gözləntiniz nədir?

—Mənim gözləntilərim ümumilikdə Rusiya tərəfinin gözləntiləri kimi Zaqafqazyedə sabit sülhün bərqərar olması ilə əlaqədardır. Qərb isə sülhdə maraqlı deyil. Planetin bütün regionlarında Qərb, xüsusən də amerikan hegemonluğu müharibələr yolu ilə qurulur. Müharibə – ABŞ-ın hərbi müdaxiləsi üçün əsas səbəbdir. Amerikan polittexnoloqlarının müharibə törətmək cəhdləri, Qərb siyasətçilərinin onların iştirakı olmadan sülh yaradılmasından narazılıqları da bununla əlaqədardır.

Bir il əvvəl imzalanmış üçtərəfli razılaşma Qərbi və regiondakı amerikan şəbəkələrini qane etmir. Onlar həmişə olduğu kimi hər iki tərəfdən eyni vaxtda hərəkət etməklə aranı qarışdırmaq istəyirlər. Nəticədə həm Ermənistan, həm Azərbaycan, həm də Türkiyə tərəfdə antirus təbliğatı sel kimi axır. Və əgər rəsmi KİV-lər müəyyən korrekt mövqe gözləyirlərsə də, bloqosfera nifrətlə aşıb daşır.

Əsas təsir obyekti Rusiya sülhməramlılarıdır ki, regionda real sülhün yeganə qarantıdılar. Bu isə dediyimiz kimi Qərbi və amerikan polittexnoloqlarını qane etmir. Onların məqsədi həm erməni, həm də azərbaycanlı tərəfini rusofob ritorika ilə qızışdırmaqdır ki, sülhməramlılar hər iki tərəfdən yağan nifrətin məngənəsi arasında qalsınlar, regionda sülh pozulsun. Hər bir tərəf üçün ayrıca səbəblər seçilib. Ermənilərə yeridirlər ki, Rusiya onlara lazımi dəstəyi vermədi, azərbaycanlılara yeridirlər ki, ruslar ancaq ermənilərə kömək edir. Həm bu tərəf, həm də o tərəf revanşist çağırışlarla qızışdırılır. Bu işdə əsas xeyirgötürən isə ABŞ-dır. Axı heç kəs o fikirdə deyil ki, müharibənin onun ölkəsi üçün hansısa xeyri ola bilər!

Beləliklə, hər üç ölkə liderinin vəzifəsi regionda sülhü möhkəmləndirməkdir, destabilizasiyaya səbəb olan bütün faktorları – ilk növbədə Qərb şəbəkələrinin müdaxiləsini aradan qaldırmaqdır. Bu həmin lderlərin birbaşa məsuliyyət zonasıdır: amerikan şəbəkələrini aradan götürmək, kökündə antirusiyaçılığı yaymaq dayanan amerikan təbliğatının mənbələrini qapamaq, Avrasiya inteqrasiya proyektlərinin realizasiyası üçün möhkəm özül yaratmaq. Bunlar müharibə vəziyyətində, hətta daim uzanan konflikt şəraitində mümkün deyil və bunu Vaşinqtonda gözəl başa düşürlər. ABŞ üçün avrasiyaçı proyektlər, bu proyektlərin uğurla həyata keçirilməsi ümumilikdə postsovet məkanında, xüsusən də Zaqafqazyedə həyata keçirilən atlantist geopolitika üçün birbaşa təhdiddir.

—Üçtərəfli bəyanatın yerinə yetirilməmiş punktlarından biri 9-cu punktdur ki, tərəflər regionda bütün iqtisadi və transport kommunikasiyalarının açılması barədə razılaşmışlar. Ermənistan Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Avtonom Respublikası arasında vətəndaşların, transport vasitələrinin və yüklərin maneəsiz hərəkətinin təşkili üzrə transport əlaqəsinin təhlükəsizliyinə qarantiya verib. Necə fikirləşirsiz, Ermənistan bu punktu yerinə yetirəcəkmi? Erməni tərəfi həmin punkt üzrə hansı tədbirləri həyata keçirəcək?

—Regionda iqtisadi və transport kommunikasiyalarının açılması bütün avrasiyaçı inteqrasiya proyektlərinin əsasıdır. Lakin dediyimiz kimi Qərbin atlantik geopolitikası avrasiyaçı modeli özünə təhdid sayır. Avrasiyaçı proyektlər Qərbin Zaqafqazyedə iştirakına təhlükə törədir – geopolitik qanunauyğunluq belədir. Regionda avrasiyaçı inisiativlərdən biri olan transport kommunkasiyalarının açılması işini pozmaq cəhdləri də bununla əlaqədardır.

Burda nəzərə almaq lazımdır ki, Avrasiya inteqrasiyasının əsas motoru Rusiyadır. Rusiya Avrasiya hartlendidir, tarixin coğrafi məhvəridir. Rusiyanın regionda aktiv iştirakı, onun güclü mövqeyi, Moskvanın həyata keçirdiyi aydın və ölçülü-biçili avrasiyaçı geopolitik model vacibdir. Bunsuz region yenidən amerikan geopolitik nəzarəti altına düşər, onda isə bütün inteqrasiya, o cümlədən transport inisiativləri əks effekt verər, Qərbin atlantik maraqlarına uyğun işləməyə başlayar. Erməni, o cümlədən İran tərəfinin də narahatçılığı bundadır ki, birdən Rusiyanın iştirakı zəifləyər, Qərbin iştirakı güclənər, onda maraqların ciddi disbalansı ortalığa çıxar, əyintilər yaranar.

Bu məsələdə Türkiyənin də rolu vacibdir ki, onun uğrunda bu gün avrasiyaçı və atlantik geopolitik liniyalar arasında döyüş gedir. Türkiyə bir tərəfdən (ona ABŞ-ın olmazın problemlər yaratmasına baxmayaraq) hələ də NATO blokunun üzvü olaraq qalır ki, bu onun amerikan geopolitikasına tabeçiliyini, ölkədə güclü Qərb təsirini qoruyub saxlayır. Digər tərəfdən isə ona soxuşdurulmuş amerikan qəyyumluğundan aktiv şəkildə qurtulmaq istəyir, türk elitalarında isə get-gedə daha ucadan NATO-dan çıxmaq və daha suveren mövqe tutmaq çağırışları səslənir.

Həmin avrasiyaçı modeldə əsas yerlərdən birini İran da tutur. Regionun atlantik geopolitik mənzərəsində İrana yer yoxdur. Azərbaycanın ictimai fikrini İrana qarşı kökləməyə çalışırlar ki, bu işlər məhz ABŞ maraqlarınə görə aparılır. Bütün bunlar hələ ki birmənalı deyil. Ona görə də erməni və İran tərəflərinin narahatlığı bundadır ki, Rusiya güclü avrasiyaçı geopolitik liniya aparmaqla regionda əhəmiyyətli rol oynayacaqmı, yoxsa əvvəlki kimi qarışmıram mənzərəsi yaradacaq, yalnız öz daxili problemləri ilə məşğul olacaq? Nə qədər ki Rusiyanın təsirinin belə dəqiqliyi yoxdur, qarantiyalar da olmayacaq, çünki onlara riayət etmək imkanı da olmayacaq.

—Bəzi ekspertlər iddia edirlər ki, indiki etapda və Azərbaycan tərəfinin irəli sürdüyü şərtlərdə Paşinyan sülh müqaviləsinə çətin imza atsın. Azərbaycanın sülh müqaviləsi təkilfini Ermənistanın qəbul etməsi, sərhədlərin demarkasiyası və delimitasiyası prosesinin başlanması üçün nələr etmək lazımdır?

—Hal-hazırkı dönəmdə yaranmış ziddiyyətlərin əsasında regionda atlantik və avrasiyaçı liniyaların bir-birləri ilə mübarizəsi durur. Türkiyədə də daxili siyasi qarşıdurma hələ bitməmişdir, demək əvvəl-axır aydın deyil sonda hansı tərəf – amerikanyönlü, yoxsa avrasiyayönlü tərəf üstünlük qazanacaq. Bundan isə öz növbəsində ekspansiyanın hansı tərəfə, o cümlədən Sünik-Zəngəzur koridorunun bərpası yolu ilə həyata keçiriləcəyi asılıdır. Bu koridor Avrasiya kontinentinin içlərinə doğru yönəlmiş, Rusiyaya qarşı istiqamətlənmiş Qərb ekspansiyasının aləti olacaqmı (belə olsa Azərbaycan da atlantik geopolitikanın plasdarmına çevriləcək), yoxsa əksinə, Avrasiya inteqrasiyasının instrumenti olacaq ki, Rusiyanın müttəfiqlərinə – həm Avrasiya Birliyinin tərkib hissəsi kimi Azərbaycana, həm də avrasiyaçı, antiqərb qüvvələrin üstünlük təşkil edəcəyi Türkiyəyə tərəf yönələrək sülh və əməkdaşlığın avrasiyaçı məhvərinin qurulmasına kömək edəcək?

Bu gün Azərbaycan həmin danışıqlar prosesində özünü ona görə inamlı aparır ki, Türkiyənin ona dəstəyi birmənalı və qəti şəkildədir. Amma Ermənistan tərəfi haqda bunu demək olmaz. Ermənistanın vəziyyəti daha ikimənalıdır, ona görə ki Rusiya bir tərəfdən Ermənistanı təhlükəsizliyin və suverenliyin təmini sahəsində dəstəkləyir, lakin digər tərəfdən Ermənistanın Sorosun dəstəyi ilə amerikan şəbəkələri tərəfindən bərqərar olmuş siyasi rejimindən narazıdır. Ermənistan tərəfinin danışıqlarda inamsızlığı, nəticədə isə ehtiyatlılığı da bununla əlaqədardır. Fikirləşirlər ki, birdən Rusiya dəstək vermədi? Onda Zəngəzur koridoru Azərbaycan və NATO üzvü kimi qalmaqda davam edən Türkiyə tərəfdən siyasi təzyiq instrumenti olacaq ki, İran da bunu istəmir.

Bütün tərəddüdləri isə məhz Rusiya həll edə bilər. Bütün iştirakçılar, o cümlədən maraqlı tərəflər də qarşıdakı Soçi görüşündən elə bunu gözləyirlər. Əgər Rusiya lideri Avrasiya inteqrasiyası proseslərni davam etdirməyin aydın və dəqiq liniyasını ortalığa qoyub təsdiqləsə, Rusiya bütün tərəflər, o cümlədən də Ermənistan üçün təhlükəsizlik qarantı kimi çıxış etsə, onda Sünik-Zəngəzur koridoru məsələsini həll edilmiş saymaq olar. Lakin bununçün erməni tərəfi qarşılıqlı addımlar atmalıdır ki, biri də ölkədə tüğyan edən antirus və rusofob təbliğatı dayandırmaqdır. İndiki erməni hakimiyyəti özünü elə aparır ki, guya bu təbliğatı görmür. Ya da Vaşinqtonun tapşırığı ilə özlərini görməməzliyə vururlar. Bu dərəcədə qızğın və qəzəbli rusofob informasion siyasətinin yeridilməsində yalnız Vaşinqton maraqlıdır.

—Qarabağ barədə imzalanmış üçtərəfli bəyanatın punktlarına riayət etməməklə Ermənistan hansı risklərlə üzləşir?

—Ermənistan ümumiyyətlə 44 günlük müharibədə məğlub olandan sonra çox riskli vəziyyətə düşüb. Erməni dövlətçiliyi mahiyyətcə yox olma ərəfəsindədir. Bunun səbəbi isə onun tutduğu ikimənalı geopolitik mövqedir. Ermənistan qəti qərara gəlməlidir: Rusiyanın yanındadır, ya Qərbin? Nə qədər ki bunu özü üçün müəyyənləşdirməyib, Ermənistanı sadəcə parçalayarlar, tikə-tikə edərlər. Əgər müəyyənləşdirsə, həmin tərəfə aydın addımlar atacaq. Rusiyanın 1990-cı illərdə, anabiozda, qarışıqlıq və geopolitik qərarsızlıq vəziyyətində olduğu vaxtlarda ikimənalılıq müəyyən qədər keçərli idi. Amma indi Rusiya həmin geopolitik yuxudan ayılıb, güclər nisbətini aydınlaşdırıb, dispozisiyanı müəyyənləşdirib. Geopolitik məntiq qayıdıb; o isə belədir ki, Avrasiyanın hartlendi olan Rusiya var, bir də ona qarşı olan atlantik Qərb var. Hamı bunlara münasibətdə öz seçimini ortalığa qoymalıdır.

Əgər Ermənistan doğrudan da dövlət kimi qalmaq istəyirsə, Qərb ilə oynamağa son qoymalıdır. Qərb Ermənistana məsrəf materialı kimi, onun sakinlərinə isə –sivilizasion Qərbin hüdudlarından kənardakı planetin digər sakinlərinə baxdığı kimi– vəhşi və varvar kimi baxır.

Bu isə o deməkdir ki, Paşinyan aydın və dəqiq bəyanatlar səsləndirməlidir. Avrasiya inteqrasiyası proyektlərini aydın və birmənalı dəstəkləməlidir. Qərbin Ermənistanın işlərinə qarışmasının qarşısını almalıdır: xarici agentlər haqda qanun qəbul etməlidir, yaradılmış minlərlə amerikan QHT-sini Belorusiyada olduğu kimi bağlamalıdır, Qərbdən maliyyələşən KİV-ləri qapamalıdır, ölkədəki saysız-hesabsız amerikan “diplomatlarının” sayını normal həddə azaltmalıdır ki, reallıqda kəşfiyyat işləri ilə məşğuldurlar. Nəhayət, bütün rusofob elementləri susdurmalıdır. Belə aydın və birmənalı addımlar olmadan erməni dövlətinin saxlanması qarantiyasını vermək Rusiya üçün çətin olacaq. Öz növbəsində Ermənistan da Qarabağ üzrə üçtərəfli razılaşmanın punktlarını yerinə yetirməyə qadir olmayacaq. Axı erməni tərəfinin öz öhdəliklərini yerinə yetirməsi üçün gərək Ermənistan ola. Ermənistan isə ya Avrasiya proyektləri çərçivəsində Rusiyanın himayəsi altında ola bilər, ya da... başqa alternativ də var: amerikan geopolitik maraqları tonqalında yanıb kül olacaq.

—Bakı ilə Yerevan arasında sülh müqaviləsinin imzalanmasına Rusiya təsir göstərə bilərmi?

—Rusiya bu gün Qafqazda hər şeyi bacarır. Çünki Rusiya Avrasiyanın geopolitik mərkəzi, sülh, əmin-amanlıq və inkişaf mənbəyi, gözümüzün önündə formalaşan çoxqütblü dünyanın Avrasiya sivilizasion qütbünün cazibə mərkəzidir.

Nəinki Azərbaycan və Ermənistan arasında, bütün Avrasiyada sülh mümkündür. Bununçün Qərb özünün destruktiv modelləri ilə Avrasiyadan rədd olub getməlidir. Qərb müharibə mənbəyidir, digər xalqlara qarşı təkəbbürlüdür, sivilizasion rasizm yeridir, dünya ağalığı iddiasındadır, əslində yerdə qalan bəşəriyyəti öz maraqları üçün köhnə Qərb kolonializmi ruhunda istismar etmək istəyir, bu yolda isə “demokratiya” və “insan hüquqları” kimi gəlişigözəl cəfəngiyyatlarla pərdələnib.

Amerikanın mərkəzində durduğu dünyada yalnız Qərb insanı (postinsan) hüquqlara malik olur. Yerdə qalanlar isə Amerikanın istismar obyektləridir ki, Qərbin maraqlarına görə lazımdırlar. Bu məcrada kolonial dövründən üzü bəri heç nə dəyişməmişdir və dəyişməyəcək də. Və əgər biz sülh və əmin-amanlıq istəyiriksə, özümüzün ümumi Avrasiya evimizdən Qərbi qovmalıyıq. Əgər könüllü getmək istəmirsə, bu yolda ona kömək etməliyik. Yoxsa sülh olmayacaq. Heç yerdə olmayacaq.

Söhbətləşdi: Seymur Məmmədov

Tanınmış rusiyalı politoloq və filosof, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovinin “Qarabağ haqqında imperiya söhbəti: Rusiya, Azərbaycan, Ermənistan, İran və Türkiyə Cənubi Qafqazın regional geopilitikasında” kitabından

Комментариев нет:

Отправить комментарий