
Firudin Gilar Bəg(Məqalə, qədim fəlsəfi mənbə oxumuş insanlar üçündür)
Qədim dünyanın ən sirli obrazlarından biri də Adəm və Həvva obrazlarıdır. Qəbul olunmuşdur ki, Adəm ilk kişi, Həvva isə ilk qadındır. Tövrata görə Allah, ilk kişi və qadını - öz bənzəri və obrazı kimi, «Dünya»nın yaradılışının altıncı günü yaratdı və ona hər şey üzərində ağalıq verdi. Bu kitabda, Allah «Dünya»nı yeddi günə yaratdıqdan sonra, insanın yaradılışına qədər nə ot, nə kol, nə ağac, nə yağışın olmadığı vurğulanır ki, bu da ən sadə məntiqlə düz gəlmir. Çünki insanın, heyvanların yaradılışına qədər dünyada flora və yağış olmasaydı, yerdə həyat ola bilməzdi. Deməli, burada söhbət bizim yaşadığımız fiziki dünyadan yox, qədim Misir yazılarında geniş təsvir olunan göydəki ruhlar dünyasının yaradılışından gedir. Bu yaradılışı anlamaq üçünsə biz, qədim Misirin Gel şəhəri kahinlərinin məntiqinə və onların davamçıları olan Gel (Gelati-Şiə) sufilərinin Batin elminə müraciət etməliyik.
















































