02.12.2015

Altı tərkibli nəsihətlər

Peyğəmbərdən (s) nəql olunan hədislər

◘Ey müsəlmanlar, zinadan çəkinin! Zinanın altı cəzası var. Onun üçü dünyada, üçü isə axirətdədir. Dünyada olan cəzaları bunlardır; gözəlliyi aradan aparar, fəqirlik gətirər və ömrü qısaldar. Axirətdə olan əzabları isə bunlardır; Allahın qəzəbinə səbəb olar, hesabı çətinləşdirər və əbədi atəşə səbəb olar.

◘Sizə sədəqəni tövsiyə edirəm. Onun altı xüsusiyyəti var. Onun üçü dünyada, üçü isə axirətdədir. Dünyadakı xüsusiyyətləri bunlardır; ömrü uzadar, ruzini artırar və şəhərləri abad edər. Axirətdəki xüsusiyyətləri bunlardır; övrəti örtər, Qiyamət günü baş üzərinə kölgə salar və insanı cəhənnəm odundan qoruyar.

◘Siz altı şeyi yerinə yetirməyi öz öhdənizə alın, mən də behiştə getməyinizdən ötrü sizə zamin dururam; yalan deməyin, və`dinizə xilaf çıxmayın, əmanətə xəyanət etməyin, haramdan gözünüzü yumun, iffətsizlik etməyin, əlinizi və dilinizi qoruyun. Bunlar elə işlərdir ki, hər kəs yerinə yetirsə behiştə daxil olar.

◘Məndən sonra peyğəmbər yoxdur, sizdən sonra da ümmət. Bəs elə isə, Allaha tapının, gündəlik beş vacib namazlarınızı yerinə yetirin, Ramazan ayının oruclarını tutun, Allah evinin ziyarətinə gedin, malın zəkatını rəğbətlə verin, imamlara itaət edin ki, behiştə varid olasınız.

◘Altı xüsusiyyət mərd insanlara məxsusdur. Bunların üçü səfərə, üçü isə vətənə aiddir. Vətənə aid olanlar; Qur`an oxumaq, Allahın məscidlərini abadlaşdırmaq və Allaha xatir yaxşı insanlarla dostluq. Səfərə aid olanları isə bunlardır: azuqəni dostların ixtiyarında qoymaq, xoş xasiyyət və halal zarafat.

◘Allah-təala altı işi məndən, canişinlərimdən və ardıcıllarımdan ötrü bəyənməyib; namaz halında bir şeylə oynamaq, oruc halında qadınla yaxınlıq etmək, sədəqə verdikdən sonra minnət qoymaq, cunub halda məscidə getmək, camaatın evinə girmək və qəbristanlıqlara gülmək. (Bu altı işin birinci və altıncısı məkruh, qalanları isə haramdır.)

◘Peyğəmbər hər gün altı şeydən Allaha pənah aparırdı; şəkk, şirk, yersiz təəccüb, qəzəb, zülm və həsəd. (Şəkdə məqsəd üsuli-əqaiddə olan şəkk, şirkdə isə məqsəd mə`bud və ibadətdə şirkdir.)

◘Allaha qarşı itaətsizlik göstərmənin əvvəli altı şeydən başladı: Dünya məhəbbəti, böyüklük istəyi, qarınqululuq, qadınlara meyl, yuxuya ifrat meyl və rahatlığa can atma.

◘Dördayaqlının öz sahibi boynunda altı haqqı var; elə ki, bir yerdə dayandı birinci gərək ona ot versin, suya çatanda birinci ona içirsin, üzünə vurmasın (çünki, Allaha təsbih deyir), dayanarkən belində oturmasın (yalnız Allah yolunda, yə`ni, cihad meydanında və s.) gücü çatdığı qədər yükləsin və ondan bacardığından artıq sür`ət tələb etməsin.

◘Bir gün Peyğəmbər (s) bir yerdən keçirdi. Gördü ki, bir dəstə insan bir yerə yığışıb. Soruşdu: Nə olub? Dedilər: Burada biri var  dəli olub, onu cin vurub. Buyurdu: Bu dəli deyil, xəstədir. İstəyirsinizmi ki, sizə həqiqi dəlinin kim olduğunu bildirim? Dedilər: Bəli, ey Allahın rəsulu! Həzrət (s) buyurdu: Həqiqi dəli o kəsdir ki, təkəbbürlə yol gedir, hamıya yuxarıdan baxır, o tərəf-bu tərəfə yekəxanalıqla dönür, günah edir, amma behişt arzusundadır, nə şərindən amandadırlar, nə də xeyrinə ümidvardırlar. Belə adam həqiqi mə’nada dəlidir.

◘Altı dəstə insana Allah və bütün peyğəmbərlər lə`nət etmişlər; Allahın kitabına bir şey artıran kəslər, qəza və qədəri inkar edənlər, mənim sünnəmi tərk edənlər, Allahın mənim xanədanıma qarşı haram bildiyi işləri halal bilənlər, camaata zor gücünə hakim kəsilərək Allahın əziz etdiyi kəsləri zəlil etməklə özünün əziz olmağından ötrü çalışan kəslər və müsəlmanların malını halal bilib özünə aid edən kəslərə.

◘Təqvalı alimin əcri İsa ibn Məryəmin (ə) əcrinə bənzəyir, səxavətli varlının əcri İbrahim Xəlil peyğəmbərin (ə) əcrinə bənzəyir, səbirli fəqirin əcri Əyyubun (ə) əcrinə bənzəyir, ədalətli rəhbərin əcri Süleyman ibn Davudun (ə) əcrinə bənzəyir, tövbəkar cavanın əcri Yəhya ibn Zəkəriyyanın (ə) əcrinə bənzəyir, məhrum qadının əcri Məryəmin (ə) əcrinə bənzəyir.

◘Münafiq verdiyi və`də xilaf çıxar, rəftarı pis olar, danışığı yalan olar, əmanətə  xəyanət edər, pulu çox olanda bərk gedər, az olanda da səsi çıxmaz.

***
Sünnilərin Peyğəmbərdən (s) nəql etdikləri hədislər

◘Beş dəstə insan beş əmələ görə cəhənnəmə gedər; padşah zülmünə görə, çöl-biyaban camaatı təəssübünə görə, kənd sahibləri yalanlarına görə, tacirlər xəyanətlərinə görə, kəndlilər nadanlıqlarına görə və mütəfəkkirlər paxıllıqlarına görə.

◘Hər bir müsəlmanın digər müsəlman boynunda altı haqqı var; görüşən zaman salam vermək, də`vətini qəbul etmək, ona qarşı xeyirxah olmaq, ona nəsihət etmək, asqıran zaman ona “yərhəməkumullah” demək, xəstə olan zaman onu yoluxmaq, öləndən sonra dəfn mərasimində iştirak etmək.

◘Altı şey altı yerdə qəribdir; məscid namaz qılmayanlar arasında, Qur`an onu oxumayanların evində, Qur`an fasiqin qəlbində, müsəlman qadın dinsiz, zülümkar və bədxasiyyət ərin evində, müsəlman kişi əxlaqsız və alçaq qadının evində və alim sözünə qulaq asmayanların arasında.

◘Bir kişi Peyğəmbərə (s) ərz etdi: “Mənə elə bir əməl öyrət ki, onun vasitəsi ilə həm Allah, həm də bəndələri məni sevsin, var-dövlətim çox, bədənim sağlam, ömrüm uzun olsun və Qiyamət günü də səninlə məhşur olum.” Peyğəmbər (s) buyurdu: “Sənin bu istədiklərin altı şeyə bağlıdır. Ona görə də gərək həmin altı şeyə riayət edəsən. Allahın səni sevməyini istəyirsənsə Ondan qorx və təqvalı ol. Camaatın səni sevməsini istəyirsənsə onların malına tamah salma. Əgər istəyirsənsə var-dövlətin çox olsun çoxlu sədəqə ver. Bədəninin sağlam olmağını istəyirsənsə çoxlu oruc tut. Əgər uzun ömürlü olmaq istəyirsənsə qohumlarınla mehriban və xoşrəftar ol. Qiyamət günü də mənimlə məhşur olmaq istəyirsənsə Qəhhar Allah qarşısında çox səcdə et.”

◘Elə ki, Allah behişti yaratdı, üç dəfə buyurdu: “Xoş mö`minlərin halına.” Ərşi saxlayan mələklər də bunu eşitcək təkrar etdilər. Daha sonra xitab olundu: “Hər kəs altı xüsusiyyətə sahib olsa mö`min hesab olunur; düz danışmaq, və`dəyə vəfalı olmaq, əmanətə xəyanət etməmək, ata-anaya yaxşılıq etmək, sileyi-rəhm, günahdan tövbə.

◘Şəhidin Allah yanında altı mükafatı var; torpağa yıxılan kimi günahları bağışlanar, özünün behiştdəki yerini görər, qəbir əzabından amanda olar, Qiyamət gününün qorxusundan amanda olar, başına elə bir tac qoyulub ki, bircə yaqutu bütün dünyadan üstündür, onunla yetmiş iki huri evləndirərlər və qohumlarından yetmiş nəfər barədə şəfaəti qəbul olunar.

◘Allah-təala buyurur: “Ey mənim bəndələrim! Altı şey sizdəndir, altı şey Məndən; tövbə sizdəndir, bağışlamaq Məndən, itaət sizdəndir, behişt Məndən, şükr sizdəndir, ruzi Məndən, riza (razılıq) sizdəndir, qəza (təqdir) Məndən, səbr sizdəndir, bəla Məndən, dua sizdəndir qəbul etmək Məndən.

***
Peyğəmbərin (s) Əliyə (ə) nəsihətləri

◘Ey Əli! Elə ki, gördün camaat müstəhəbbi əməllə məşğuldur, sən vaciblərlə məşğul ol. Elə ki, gördün camaat dünya işləri ilə məşğuldur, sən axirət işləri ilə məşğul ol. Elə ki, gördün camaat başqalarının eyiblərini axtarmaqla məşğuldur, sən öz eyiblərini axtarmaqla məşğul ol. Elə ki, gördün camaat öz dünyasını bəzəməklə məşğuldur, sən öz axirətini zinətləndirməklə məşğul ol. Elə ki, gördün camaat əməlini artırmaqla məşğuldur, sən əməllərinin ixlası ilə məşğul ol. Elə ki, gördün camaat məxluqatın ətəyindən tutub, sən Xaliqin ətəyindən yapış.

◘Ey Əli! Bir neçə şeyi şəxsən sənin özünə tapşırıram.  Onları heç vaxt unutma! Allahdan istəyirəm onları yerinə yetirməkdə sənə yardımçı olsun.
1. Doğru danışmaq, məbada ağzından yalan söz çıxsın!
2. Təqva, məbada xəyanət etmək cəsarətində olasan!
3. Allahdan elə qorx ki, sanki onu görürsən.
4. Allah qorxusundan çox ağla. Belə etsən behiştdə səndən ötrü min ev hazırlanar.
5. Malını və canını din yolunda fəda et.
6. Namaz, oruc, sədəqə və mənim sünnəmə ciddi riayət et!
Sonra üç dəfə buyurdu: “Gecə namazını əldən vermə!” Sonra üç dəfə də buyurdu: “Zöhr namazını da əldən vermə! Hər bir halda Qur`an oxu! Namaz halında əllərini qaldır, dəstəmaz alan zaman dişlərini yumağı unutma. Xoş xasiyyət ol və pis xasiyyətləri özündən uzaqlaşdır. Əgər mənim bu dediklərimə riayət etməsən, özündən başqa heç kəsi günahlandırma!”

◘Hər kəs gününü bu işləri yerinə yetirməmiş başa vursa həmin günə zülm edib və Allahın əzabına düçar olar; hər hansı bir haqqı yerinə yetirmək, hər hansı vacib bir əməli yerinə yetirmək, elm öyrənmək, xeyir bir işin təməlini qoymaq, yaxşı ad qazanmaq, böyük bir iş həyata keçirmək.

◘Allah-təala buyurub: ”Ey Adəm övladı! Hər gün ruzin çatır, lakin qəmginsən. Hər gün ömründən azalır, lakin şadsan. Sənə kifayət edəcək miqdarın çatır, sənsə tüğyanına səbəb olacaq artığın arxasınca gedirsən. Nə aza qane olursan, nə də çoxdan doyursan.”

***
Əmirəlmö`minindən (ə) nəql olunan hədislər

◘Hər kəsdə altı xüsusiyyət olsa behiştin hansı qapısından istəsə içəri daxil olar və cəhənnəmin bütün qapıları üzünə bağlanar; Allahı tanıyıb ona itaət etmək, şeytanı tanıyıb ona qarşı müxalifətçilik etmək, haqqı tanıyıb ardınca getmək, batili seçə bilib ondan uzaq gəzmək, dünyanı tanıyıb tərk etmək və axirəti tanıyıb arzusunda olmaq.

◘Kufə məscidində Şam əhlindən olan bir kişi Həzrət Əliyə (ə) yaxınlaşıb ondan bir neçə sual soruşdu: “Ana bətni görməyən altı məxluq kimlərdir?” Buyurdu: “Adəm (ə), Həvva (ə), İbrahimə (ə) göndərilən qurbanlıq qoç, Musanın (ə) əsası, Salehin (ə) dəvəsi, İsanın (ə) düzəltdiyi yarasa.” (İsa (ə) onu düzəltdi, ona üfürdü və o da Allahın izni ilə cana gəlib uçdu.”

◘Allah-təala altı qrup insanı altı xüsusiyyətə görə əzaba düçar edər; çöl-biyaban əhlini təəssübünə görə, kənd-qəsəbə böyüklərini təkəbbürə görə, rəhbərləri zülmə görə, fəqihləri həsədə görə, tacirləri xəyanətə görə, kənd-qəsəbə əhalisini də cəhalətə görə.

◘Ölü heyvanın pulu, itin pulu, şərabın pulu, zinakarın mehriyyəsi (yə`ni, ona verilən pul), məhkəməyə verilən rüşvət, qeybət edənə verilən muzd haramdır.

◘Kişinin kamalı beş şeydədir; iki kiçik üzvündə, iki böyük üvzündə və ikisi də sair ona aid olan şeylərdə. İki kiçik üzvü bunlardır; ürək və dil, döyüşdə ürək lazım olur, danışıqda dil. İki böyük üzvü bunlardır: əql və iman. Ona aid olan digər iki şey də bunlardır; malı və üzü.

◘Altı gözəl xüsusiyyət var, lakin bu altı xüsusiyyət altı nəfərdə olsa daha gözəldir; ədalət yaxşıdır, lakin rəhbərdə olsa daha yaxşıdır. Səbr yaxşıdır, lakin yoxsulda olsa daha yaxşıdır, təqva çox gözəldir, lakin alimlərdə olsa daha gözəldir. Səxavət hamı üçün yaxşıdır, lakin dövlətlidən ötrü daha yaxşıdır. Tövbə hər bir günahkardan baş versə yaxşıdır, lakin cavanlardan baş versə daha yaxşıdır. Həya hər kəsdə olsa yaxşıdır, lakin qadınlarda olsa daha yaxşıdır. Ədalətsiz rəhbər yağışsız bulud kimidir. Səbirsiz fəqir nursuz çıraq kimidir, təqvasız alim bəhrəsiz ağaca bənzəyir, simic dövlətli otsuz torpağa bənzəyir, tövbəsiz cavan susuz arxa bənzəyir və həyasız qadın duzsuz yeməyə bənzəyir.

◘Hər kəsdə altı xüsusiyyət olsa onunla dostluq etməyin heç bir xeyri yoxdur; yalan, başqalarının sözünü təkzib etmək, əmanətə xəyanət, təmiz adama böhtan atmaq, başqalarının yaxşılıqlarına qiymət verməmək və öz etdiyi yaxşılığa minnət qoymaq.

***
Həzrət İmam Sadiqdən (ə) olan hədislər

◘Altı kəsə salam vermək olmaz; yəhudi, məcusi, nəsrani (yalnız zərurət olan hallar və ya onları hidayət etmək məqsədi istisnadır), ayaqyolunda olan kəsə, şərab  süfrəsi kənarında oturan kəs, ərli qadınlara nalayiq sözlər deyən şairlərə və camaatla onların anasını söyməklə zarafat edən kəslərə.

◘Süleyman deyib: “Altı şey məni heyrətə gətirir. Onun üçü ağlamalıdır, üçü gülməli. Ağlamalı şeylər bunlardır: “Məhəmmədin (s) dostları və əshabından uzaq düşmək, qəbrin dəhşətli qorxusu, Allah qarşısında dayanmaq (Qiyamət günü). Gülməyə səbəb olan şeylər bunlardır: Gözü doymayan tamahkarlar dünya arxasınca qaçır, ölüm də onun arxasınca. Qafil insan özü Allahdan qafildir, Allah isə ondan yox. Çox gülən adama nə vaxt baxırsan gülür, amma bilmir ki, Allah ondan razıdır, ya yox.

◘Məhəmmədin (s) sadə və asan dini bunlardan ibarətdir: Namaz, ramazan ayının orucu, həcc, imama itaət və mö`minlərin haqqına riayət etmək.

◘Mö`min dünyanın altı şeyindən öldükdən sonra da yararlanar; ondan ötrü bağışlanma diləyən saleh övlad, ondan yadigar qalan və camaatın oxuduğu Qur`an, əkdiyi ağac, davamlı sədəqə (Məs. kitabxana, məscid və s.) və ondan yadigar qalan gözəl bir adət.

***
Sair imamlardan (ə) nəql olunan hədislər

◘İmam Səccad (ə) buyurub: ”Bizim dövrün insanları altı təbəqəyə bölünüb; şirlər, canavarlar, tülkülər, itlər, donuzlar və qoyunlar. Şirlər sultanlardır ki, kimə istəsələr qalib gəlir və məğlub olmurlar. Canavarlar tacirlərdir ki, alanda yalandan pisləyirlər, satanda isə yalandan tə`rifləyirlər. Tülkülər riyakarlardır ki, camaatdan istifadə etməkdən ötrü özlərini hiyləgərcəsinə müsəlman kimi göstərirlər, əslində isə onların içində imandan əsər-əlamət yoxdur. Donuzlaar arvadsifətlər və şəhvətpərəstlərdir ki, hər çirkin işə getməkdən çəkinməzlər. İtlər acıdil insanlardır ki, camaat onlara dillərinin qorxusundan hörmət edirlər. Qoyunlar  mö`minlərdir ki, yununu qırxırlar, ətini yeyirlər, sümüklərini də sındırırlar. Biçarə qoyun, bir sürü şirin, canavarın, tülkünün, donuzun və itin arasında nə etsin?”

◘İmam Musa ibn Cə`fər (ə) buyurub: “Elə ki, İbrahimi (ə) mancanağa qoydular, Cəbrail qəzəbləndi. Allah tərəfindən vəhy nazil oldu: “Nə üçün qəzəblisən?” Ərz etdi: “İlahi, sənin dostun – yer üzərində ondan başqa bir kəsin Sənə ibadət etmədiyi bir dostun - indi Sənin və özünün düşməninin əlindədir.” Cavab gəldi: “Sakit ol. Sənin kimi bəndələr qorxar ki, birdən fürsət əlindən çıxar. Amma mən hər bir an istəsəm ona nicat verə bilərəm.” Cəbrail sevindi. Üzünü İbrahimə (ə) tutub dedi: “Köməyə ehtiyacın varmı?” Buyurdu: “Bəli, var, amma sənin köməyinə yox.” Bu zaman Allah İbrahimdən (ə) ötrü bir üzük göndərdi ki, onda altı kəlmə yazılmışdı: “La ilahə illəllah”, Məhəmmədən rəsulullah”, “La hövlə və la qüvvətə illa billahil əliyyil-əzim”, “Fəvvəztu əmri iləllah” (İşimi Allaha tapşırdım), “Əsnədtu zuhri iləllah” (Allaha e`timad etdim) “Həsbiyəllah” (Allah mənə bəsdir).
Bundan sonra vəhy nazil oldu: “Bu üzüyü barmağına tax. Mən odu səndən ötrü sərin edəcəyəm.”

◘Məhəmməd Hənəfiyyə deyib: “Biz altı imtiyaza malikik. Bizdən əvvəl heç kəs bu imtiyaza sahib olmayıb və bizdən sonra da belə bir şey olmayacaq: Peyğəmbərlərin sərvəri olan Məhəmməd (s) bizim nəsildəndir. Həmçinin övsiyaların sərvəri Əli (ə) də bizdəndir. Bundan başqa şəhidlərin sərvəri Həmzə (ə), behişt cavanlarının ağası olan Həsən (ə) və Hüseyn (ə), Allahın ona behiştin istədiyi yerinə uçmasından ötrü iki qanad verdiyi Cəfəri-Təyyar (ə) və İsa ibn Məryəmin (ə) onun arxasında namaz qılacağı Məhdi (ə) də bizim nəsildəndir.

◘Həzrət Musaya (ə) vəhy oldu: “Altı şey altı yerdədir, lakin camaat onu başqa yerdə axtarır və (belə etsələr) heç vaxt tapmayacaqlar; Mən asayişi və rahatlığı behiştdə qərar vermişəm, lakin camaat onu dünyada axtarır. Elmi aclıqda qərar vermişəm, camaatsa onu toxluqda axtarır. İzzəti gecə oyaq qalmaqda qərar vermişəm, camaatsa onu padşahların qapısında axtarır. Ucalığı təvazödə qərar vermişəm, camaatsa təkəbbürdə axtarır. Duanın müstəcab olmasını yeməyin halal olmasında qərar vermişəm, camaat onu səs-sədada axtarır. Ehtiyacsızlığı da qənaətdə (qane olmaqda) qərar vermişəm, lakin camaat onu mal-dövlətin çoxluğunda axtarır.”

◘Həzrət Davuda (ə) vəhy oldu: “Ey Davud! Hər kəs Məni tanısa Məni yad edər, hər kəs Məni yad etsə Mənə diqqət yetirər, hər kəs Mənə diqqət yetirsə Məni axtarar, hər kəs Məni axtarsa tapar, hər kəs Məni tapsa qoruyub saxlayar və hər kəs də Məni qoruyub saxlasa həmişə başqalarından üstün tutar.”

◘Əmirəl-mö`minin (ə) buyurub: «Mən altı nəfərin behiştə getməsinə zaminəm; sədəqə verən yerdə ölən, xəstəni yoluxmağa gedən yerdə ölən, Allah yolunda cihada gedən yolda ölən, Həcc səfərində ölən, Cümə namazına gedərkən yolda ölən və hər hansı bir müsəlmanın dəfn mərasimində onun cənazəsini müşayiət edərkən ölən kəsin.»

◘Bir nəfər Həzrət Əlinin (ə) yanında “Əstəğfirullah” yə`ni, “Allahdan bağışlanma istəyirəm” dedi. Həzrət ona belə buyurdu: “Anan sənə ağlasın! Heç bilirsənmi ki, “istiğfar” nədir? İstiğfar ali-məqam kişilərin dərəcəsidir. Bu sözün altı şərti var:
1. Keçmiş günahlara görə peşman olmaq.
2. Gələcəkdə də bir daha günah etmək qərarına gəlməmək.
3. Camaatın haqqını ödəmək və bundan sonra heç bir kəsin haqqı ölənədək boynunda qalmasın.
4. Keçmişdə yerinə yetirmədiyi vacib əməlləri icra etmək.
5. O qədər qəm-qüssədə olmaq ki, bədənin günah zamanı əmələ gələn ətləri əriyib aradan getsin.
6. Günahın şirinliyini daddığın kimi ibadətin də əziyyətini dadmaq.
Yalnız bütün bunları yerinə yetirdikdən sonra “əstəğfirullah” de. (Əvvəlki dörd şərt vacib, axırıncı iki şərt isə müstəhəbdir. Bu altı şərt birlikdə tövbənin ali dərəcəsini bildirir.)

◘Deyirlər ki, bir gün həzrət Adəm (ə) oturmuşdu. Altı nəfər ona yaxınlaşdı. Üçü sağ tərəfində, üçü isə sol tərəfində oturdu. Adəm (ə) ağlardan birindən soruşdu: 
–Sən kimsən?
Cavab verdi:
–Əql.
Soruşdu: 
–Sənin yerin haradır?
–Beyin.
Adəm (ə) ikincidən soruşdu:
–Sən kimsən?
–Məhəbbət.
–Sənin yerin haradır?
–Ürək.
Həzrət Adəm (ə) üçüncüdən soruşdu:
–Sən kimsən?
Dedi:
–Həya.
–Sənin yerin haradadır?
–Göz.
Sonra Adəm (ə) üzünü sol tərəfə tutub qaralardan birindən soruşdu:
–Sən kimsən?
Cavab verdi:
–Təkəbbür.
–Sənin yerin hardadır?
–Beyin.
Adəm (ə) soruşdu: 
–Əql ilə bir yerdəsiniz?
Dedi:
–Elə ki, mən gəldim əql gedir.
İkincidən soruşdu: 
–Sən kimsən?
–Həsəd.
Soruşdu: 
–Yerin hardadır?
–Ürək.
–Məhəbbətlə bir yerdəsiniz?
–Mən gəldimsə, məhəbbət gedəcək.
Adəm üçüncüdən soruşdu:
–Bəs, sən kimsən?
Cavab verdi:
–Tamah.
–Bəs sənin yerin hardadır?
–Göz.
–Həya ilə bir yerdəsiniz?
Dedi:
–Mən daxil olan kimi, həya xaric olur.
(Mümkündür ki, bu altı nəfər Adəmi (ə) tə`limatlandırmaqdan ötrü bu surətdə gələn mələklər olmuşdur. Yaxud da mətləbi başa salmaqdan ötrü aydın bir yuxu olmuşdur.

***
Hikmət sahiblərinin, zahidlərin və abidlərin dediklərindən

◘Bir hikmət sahibi deyib: Altı şey nadanlıq əlamətidir; yersiz qəzəb, boş-boş danışmaq (yə`ni, faydasız sözlər işlətmək), yersiz bəxşiş, sirri açmaq, hər kəsə e`tibar etmək və dostu düşməndən seçə bilməmək.

◘Loğman öz oğluna vəsiyyətində deyib: Ey oğul! Sənə altı şey vəsiyyət edirəm. Bu altı şeydə əvvəldəkilərin və axırdakıların elmi xülasələnib:
1. Dünyada qalacağın müddətdən artıq bu aləmə bağlanma.
2. Axirət üçün orada qalacağın qədər iş gör.
3. Allaha Ona ehtiyacın olduğu qədər itaət et.
4. Bütün qüdrət və bacarığını atəşdən nicat tapmağa sərf et.
5. Atəşə dözməyə qüdrətin çatdığı qədər günah et.
6. Günah edərkən elə bir yer seç ki, heç kəs səni görməsin. (Yə`ni, hətta, Allah və mələklər də.)

◘Yunan filosoflarından biri belə deyib: “Altı şey bütün dünyaya bərabərdir. (Yə`ni, hər kəs bu altı şeyə sahib olsa, sanki bütün dünyaya sahibdir.); dadlı yemək, saleh övlad, yaxşı qadın, mətin və qətiyyətli söz, kamil əql və sağlam bədən.”

◘Bə`zi tarix kitablarında belə yazılıb: “Kəsra Bozorgmehrə qəzəbləndi. Əmr etdi onu zəncirləyib, qaranlıq bir otaqda həbs etsinlər. Bir neçə gündən sonra bir nəfəri onun yanına göndərdi ki, halından xəbərdar olsun. Həmin şəxs Bozorgmehrin yanına gəlib, onu aram, fikri rahat bir halda görüb təəccüblə soruşdu: Necə olur ki, bu çətinlik və sıxıntıda da belə xoşhal oturmusan? Dedi: Altı tərkibdən ibarət bir mə`cun düzəldib istifadə etdim və həmin mə`cun mənim şad olmağıma səbəb oldu. Həmin şəxs dedi: Onun tərkibini bizə də öyrət, biz də ondan istifadə etməklə çətinliklərdə ondan yararlanaq. Bozorgmehr dedi: Allaha e`timad və təvəkkül, Allahın təqdirinin mütləqliyini bilmək, çətinliklərin ən yaxşı dərmanı olan səbir, səbir edə bilməsəm dözümsüzlük göstərməklə bəlanı daha da şiddətləndirmirəm. Bilirəm ki, bundan daha da çətin bəla ola bilər, hər bir an fərəc və düyünlərin açılmasının intizarındayam.” Elə ki, bu sözlər Kəsraya çatdı, onu azad edib yanında izzət sahibi etdi.

◘Bir filosof deyib: “Hər kəs dünyanı axirətdən üstün tutsa altı ilahi cəzaya mübtəla olar. Onun üçü dünyada, üçü isə axirətdədir. Dünyada olanlar bunlardır; sonsuz arzu, hərislik və heç bir şeyə qane olmayan şiddətli acgözlük. Axirətdə olanlarsa bunlardır; Qiyamət gününün dəhşətli qorxusu, haqq-hesabın çətinliyi və bitib-tükənməyən həsrət.”

◘Aristotel deyib: “Padşahla yoldaşlıq etməkdən çəkin, dostunla təvazökar ol, düşməninə qarşı bədgüman, başqaları ilə xoş keçin, özün barədə nəfsani və dinin ziddinə olan istəklərinə qarşı müxalif ol, Allah qarşısında isə təqvalı ol.

◘Bir hikmət sahibi deyib: “Altı xislət var ki, yalnız ali-şərafətli insanlarda olar və sair insanlarda olması qətiyyən mümkün deyil; böyük bir ne`mətə çatan zaman aramlıq və soyuqqanlılıq, ağır müsibət və bəlalar üz verən zaman səbr, şəhvət həyəcana gələn zaman ağıldan yapışmaq, dost və düşməndən sirlərini gizlətmək, aclığa dözüm və qonşunun əziyyətinə təhəmmül etmək.”

◘Başqa birisi deyib: “Allah altı şeyi altı şeydə gizlədib: Öz razılığını itaətdə, qəzəbini Ona qarşı çıxmaqda, İsmi-ə`zəmi Qur`anda, Öz dostlarını camaat arasında, ölümü ömürdə, Qədr gecəsini Ramazan ayında və “vusta” (ən üstün) namazı da gündəlik beş vacibi namazda.

◘Yəhya ibn Məaz deyir: “Elm əməlin nişanəsi, fəhm elmin qabı, əql xeyrin yol göstərəni, həvəs günahın miniyi, arzu mütəkəbbirlərin azuqəsi və dünya da axirətin bazarıdır.”

◘Əhnəfdən soruşdular: Bəndəyə verilən ən gözəl şey nədir? Dedi: Fitri əql Dedilər: Əgər o olmasa? Dedi: Gözəl ədəb. Dedilər: Əgər o da olmasa? Dedi: Münasib dost. Dedilər: Əgər o da olmasa? Dedi: Allaha bağlı olan qəlb. Dedilər: Əgər o da olmasa?  Dedi: Uzun uzadı sükut. Dedilər: Əgər o da olmasa? Dedi: Nəqd ölüm.

◘Əbu Salman Darani deyir: “Həddindən artıq yeməyin altı ziyanı var; ibadətin şirinliyini dada bilməmək, hikmətli mətləbləri başa düşməkdə acizlik, aclara qarşı rəhimsiz olmaq (çünki, hamını özü kimi tox bilər.), ibadət zamanı ağırlıq, şəhvətin çoxluğu və nəhayət, mö`minlər məscidlərdə olduqları halda, çox yeyənlər zibillikdə hərlənər.”

◘Əllamə Dəvani öz risalələrinin birinin axırında belə yazır: “Altı şeyi gizlin saxla, çünki bu, saleh insanların əməllərindən və təqvalıların gövhərlərindəndir:
1. Yoxsulluğunu elə gizlət ki, səni dövlətli hesab etsinlər.
2. Sədəqəni elə gizli saxla ki, səni simic hesab etsinlər.
3. Düşmənçiliyini elə gizli saxla ki, səni dost hesab etsinlər.
4. Qəzəbini qəlbində elə gizlət ki, səni razı hesab etsinlər.
5. Nafilə namazlarını və sair müstəhəb işləri elə gizlət ki, səni təqsirkar bilsinlər.
6. Nəhayət, xəstəliyini elə gizlət ki, səni sağlam hesab etsinlər.

◘Bir filosof deyib: “İnsan müsafirdir və gərək altı mənzildən keçsin. Onun üçünü keçib, üçü isə hələ qarşıdadır. Keçdiyi mənzillər bunlardır: 
1) Atanın beli; Allah-təala buyurur: “(Sperma) kişilərin bel sümüyündən xaric olar.”
2) Ana bətni; Allah-təala buyurur: “Allahdır ki, sizə analarınızın bətnində surət verir.”
3) Dünya.
Onu qarşıda gözləyən üç mənzil də bunlardır:
1) Qəbir; Hədislərdə var ki, “qəbir dünyanın axırıncı, axirətin isə birinci mənzilidir.”
2) Qiyamət; Allah-təala buyurur: “...Allahın qarşısında sıraya düzülmüş halda durarlar.”
3) Ya behişt, ya cəhənnəm. Bu barədə də Allah-təala buyurur: “Bir hissəsi cənnətdə, bir hissəsi də cəhənnəmdədir.”
İndi biz dördüncü mənzilə gedən yoldayıq. Ötməli olduğumuz zaman müddəti ömrümüz qədərdir. Hər bir gün bir fərsəxdir, hər saat bir mil və hər bir nəfəs də bir addım. Bir qrup insanın bir neçə fərsəxi qalıb, bir qrup insanın da bir neçə addımı.

◘Xalid deyir: “Mö`mini bir-biri ilə müxalif olan altı xüsusiyyətlərdə görərsən; iffətli və çox üz vuran, əziz və zəlil, ehtiyacsızlıq və ehtiyac. Camaat qarşısında iffətli, Allah qarşısında çox şey istəyəndir. (Yə`ni, yalvarıb-yaxarandır), öz-özlüyündə əziz (yə`ni, özünü xar etməz), haqq qarşısında isə zəlildir, camaatdan ehtiyacsız, Allah qarşısında isə ehtiyaclıdır.”

◘İbrahim Ədhəm: “Çox danışan adam qəlb yumşaqlığına ümid bəsləməsin. Çox yatan şəxs gecə namazı tamahında olmasın. Camaatla çox qaynayıb-qarışan adam ibadətin şirinliyini arzulamasın. Zülümkarlarla yoldaşlıq edən dində davamlı olmaq intizarında olmasın. Qeybət və yalana adət edən kəs imanla dünyadan gedəcəyinə ümidvar olmasın. Hər kəs camaatın rəğbətini güdsə, Allah razılığı arzusunda olmasın.”

◘Həsən Bəsri deyir: “Qəlbin qəsavət və bərkliyi altı şeydən irəli gəlir; tövbə etmək ümidi ilə günah etmək, elm öyrənib ona əməl etməmək, ixlassız əməl, yeyib şükür etməmək, Allahın təqdirinə razı olmamaq, ölüləri dəfn edib bunlardan ibrət götürməmək.”

Ayətullah Meşkini, “Nəsihətlər” kitabı. 
Tərcümə edən: Xəlifə Həmidov
Nəşr edən: Şəhriyar

Mirzəli kəndinin yandırılması

Araz Gündüz

Mirzəli kəndi Dilağarda oymağındandır. Dilağardanın çoxusunun çapqınçılıq eləməyi sevdiklərini bilməyən yoxdur. Ancaq Mirzəli kəndinin adamlarının oğurluqla işləri yox idi. Bundan başqa da bu kənddə çoxlu oxumuş, adlı-sanlı mollalar da var idi. Bunlardan ən tanınmışları Şeyx Həsən, molla Məmmədəli, molla İbrahim, molla Babacan, molla Qüdrət olmuşdur. Bu kəndin insanları öz əllərinin əməyi ilə dolanar, hər il də xüms və zəkat verməklə öz var-yatırlarını təmizə çıxarardılar. Onlar halal-haramla bağlı işlərdə oracan vasvası idilər, başqa kəndlərə gedəndə tanımadıqları adamların evində yemək yeməzdilər, düşünərdilər birdən onun çörəyi haram ola bilər.
Ancaq 1917-20-ci illər arasında baş verən çoxlu yaramaz olaylar bu kənddən də yan keçmədiyindən, sonradan Mirzəli kəndinin adamları da düz yoldan azdılar, necə çöçün görünsə də, molla Qüdrətin başçılığı ilə talançılıq eləməyə başladılar. Mirzəli kəndinin adamlarının əyri yola düşməklərinin niyəsi ilə bağlı bir neçə olayı sizlərə danışmaq istəyirəm.
1.LƏZRAN KƏNDİNDƏ MİRZƏLİ AVDININ BAŞINA GƏLƏNLƏR. Bir gün Mirzəli Avdı Ləzranlı məşədi Ağamoğlanla görüşər, ondan soruşar: “Mənə tövlə tikmək üçün ağac gərəkdir. Siz meşəyə yaxın olursunuz, bilmirsən kimdən ağac tapmaq olar?” Məşədi Ağamoğlan deyər: “Haçağ istəsən gəl bizə, elə mənim özümdə nə qədər desən ağac vardır, pulunu verib götürərsən”. Bir neçə gün sonra Avdı qardaşı Səmişi də götürüb gəlir məşədi Ağamoğlan gilə. Ağamoğlanın qapısında olan ağaclardan seçib ayırırlar, pulunu verirlər. Məşədi Ağamoğlan onları evinə qonaq çağırır, onlar da evə keçib otururlar. Evə keçəndə patron qatarlarını soyunub tüfəngləri ilə birgə otağın qapısının ağzında qoyur, içəri keçib otururlar. Aradan biraz keçmiş Başsız kndindən olan Mustafa on iki atlı ilə məşədi Ağamoğlanın qapısına gəlir. Yeri düşmüşkən, istəyirəm bu Mustafanı sizlərə tanıdam. Mustafanın atası Hacı Ağalı uzun bir sürədə Çar hökuməti dönəmində bizim bölgənin kəndlərində katdalıq eləyib, xalqı soymaq yolu ilə varlanmışdı, ondan sonra Mustafa özü də katda olmuşdu, çar hökuməti yıxılandan sonra da özünü katda kimi aparır, idarəsində olmuş kəndlərdən pul-para alır, onlardan qol gücünə aldığı torpaqları özü üçün əkirdi. Bizim Ləzran kəndinin də bir çox yerlərini yiyələrinin əlindən alıb özü üçün taxıl əkməkdə idi. Bu Mustafa Avdını ağac satmaq adı ilə evinə çağırmış məşədi Ağamoğlan ilə dost idi. Beləliklə də, Mustafa öz yaraqlı adamları ilə Ağamoğlanın evinə gəlir, tüfənglərini Avdı ilə qardaşının üstünə tutub, onların tüfəng-patrondaşlarını götürəndən sonra, ikisinin də paltarlarını soyundurur, təkcə alt tuman-köynəkdə qoyaraq, atdöşü eləyib, Şərif bağı deyilən tut bağına gətirir, qardaşlardan hərəsini bir ağaca sarıyaraq, xalqın gözünün qabağında onları gülləməyə hazırlaşır. 
Mustafanın quldurları Avdı ilə Səmişi güllələmək üçün kəndin bütün adamlarının yığışmasını gözləyirdilər, bizim kənd adamı da dinməz-söyləməz, böyüklü-kiçikli tut bağına toplaşmaqda idi. Bizim evdə bu işin baş verməsini bir az gec bildilər, bizimkilər o günü obaşdan çağı xırmanda işləyib yorulduqlarından, evə gəlib yatmışdılar, gərək axşam üstü yel qalxanda yenə xırmana gedib, taxılı sovurub qurtaraydılar. Nə yaxşı Məmmədəli oyaq imiş, kənddəki hay-küydən işin nə yerdə olduğunu öyrənib tez bizimkilərə xəbər vermişdi. Bunu eşidən kimi atam Ağabalanı, Məhərrəmi, Nurməmmədi oyadıb, Məmmədəli də onlara qoşularaq tüfənglərini götürüb tut bağına qaçdılar. Tut bağında isə Avdı Ləzran kəndinin ağsaqqallarını bir-bir adları ilə çağırıb deyirdi: “Ay kişilər, biz sizin kəndin qonağıyıq, niyə qoyursunuz bizi günahsız yerə öldürsünlər, əlimizdən atımızı, tüfəngimizi, paltarımızı alıblar, qoy aparsınlar, daha bizi nə üçün öldürürlər?” AvdI bu sözləri qışqırıb deyəndən sonra kənd adamından səs çıxmadığını görüb, köksündən yanıqlı bir ah qopdu, üzünü Mustafaya tutub dedi: “Məni sənin gülləndən qabaq bu Ləzranlıların namərdliyi öldürdü, bir az da bu alçaqların davranışına baxsam, gülləsiz də ürəyim partlayıb öləcəyəm, sənin varını yoxunu (burada Avdı Mustafaya dişinin dibindən çıxan ən qatı söyüşləri verdi)... tez ol məni güllələ, birdən bu alçaqlığa dözməyib ürəyim partlayar, deyərlər qorxusundan öldü”. Mustafa yanındakı Qulam adında gəncə üz tutub, Avdını güllələməyi buyurdu. Artıq bizimkilər gəlib tut bağına çatmış, ağacların arxasında daldalanmışdılar, Mustafa Avdını gülləmək buyuruğu verəndə Nurməmməd üçataılanı ona tuşlayıb qışqırdı: “Mustafa, bu nə alçaqlıqdır sən eləyirsən, o yazıqların günahı nədir, sən onları öldürmək istəyirsən?” Mustafa dedi: “Bunlar dilağardalıdırlar, oğrudurlar, ona görə də gərək öldürülələr”. Nurməmməd dedi: “Onlar sənin nəyini oğurlayıblar, niyə yalan danışırsan? Sən onları alçaqlıqla təkləyib tutmusan, indi də öldürürsən, birdən sağ qalsalar əllərindən aldığın atlara, pullara, geyim-gecimlərə görə səndən öc alacaqlarından qorxursan”. Mustafa dedi, bilmirəm kimsən, ancaq sən gəl mənim işimə qarışma, get işinin dalınca, yazıqsan. Nurməmməd dedi: “Sənin atan da, sən də bu kəndlərdə katdalıq eləmisiniz, əlsiz-ayaqsız kəndçilərə qan uddurub əllərindəkiəri tutub alaraq varlanmısınız, sənin atan haram yeyən olduğundan onun toxumundan yaranan sənin damarında axan qan da haramdır, ancaq onu da biləsən səni güclü eləyən çar hökuməti idi, indi də o çağlar sənə qazağlıq eləyən adamları başına yığıb quldurluq eləyirsən”. Nurməmməd, Məhərrəm, Ağabala, Məmmədəli ağacların arxasında, bir də yaxınlıqdakı çökəklikdə daldalanıb, tüfənglərini Mustafanın adamlarına tuşlamışdılar. Nurməmməd qışqırıb Mustafaya dedi: “Sağ qalmaq istəyirsinizsə, tüfənglərinizi tökün yerə, çıxıb gedin”. Mustafa dedi: “Siz bizimlə nə üçün belə davranırsınız, sözünüzü açıq deyin bilək”. Nurməmməd dedi: “Ağaca bağladığın adamları öz əlinlə aç burax, tüfənglərinizi tökün yerə, çıxın bu kənddən üzüsulu gedin”. Mustafa dara düşdüyü üçün yumşaldı: “Yaxşı, bu iki adamı açıb buraxıram, ancaq nə onlardan aldığımız şeyləri, nə də tüfənglərimizi verməyəcəyik. Nə deyirsən?” Nurməmməd dedi: “Olsun, adamları aç burax, sonra da itilib gedin buralardan”. Mustafa öz əli ilə qəzil sicim ilə ağaca bağladığı Avdı ilə Səmişi açıb buraxdı. Onlar qırağa çəkilən kimi dedilər, gərək Mustafa bizdən aldıqlarını qaytarsın. Mustafa qışqırmağa başladı: “Biz söz danışmışdıq, siz niyə sözünüzü dəyişirsiniz? Nə olursa olsun, götürdüyümüz şeyləri qaytarmayacağıq!” Onda Nurməmməd dedi: “Mustafa, soyduğun şeyləri qaytarsan yaxşıdır, biz daldalıqda oturmuşuq, sizsə açıqlıqdasınız, tərpənənizi vuracağıq, yaxşısı qaytar kişilərin şeylərini”. Mustafa aranı qarışdırmaq üçün dedi: “Siz moranlısınız, nə üçün bu dilağardalılara arxa durursunuz?” Məmmədəli dedi: “Mən heç moranlı deyiləm, otayın Qaradağ bölgəsindən qaçqınam, əncümənliyəm. Bu kənddə mənə yiyə duran olmasaydı, özüm də ailəm də acından öləcəkdi. Mən bu kəndin duz-çörəyini itirmədiyim üçün alarlılar buranın otlaqlarını, əkinlərini otaranda ölümdən qorxmadan onların qabağına çıxdım, indi burada sənə qarşı çıxan bu adamlarla birlikdə vuruşub kəndi onların basqınından qoruduq. Ancaq alarlılar bizdən qat-qat çox olduqlarından onların qarşısında çox dayana bilməyəcəkdik, Mirzəli kəndinə xəbər yolladıq, indi sənin alçaqcasına aldadıb tutduğun bu Avdı başının dəstəsi ilə bizə köməyə gəlməsəydi, indi heç birimiz sağ deyildik. Sən Moran qeyrətin çəkən idinsə, onda niyə bu kəndin köməyinə gəlmədin? Əksinə hər il gəlib bu kəndin Qarğalıqla, Hamar deyilən yerlərini qolgücünə əkdirirsən. Alarlılar buranın əkinlərin otara bilsəydilər, sənin taxıllarını da otaracaqdılar. Bu dilağardalılar bu kəndin də, sənin də əkinlərini qorudular, indi sən namərdliklə onları soyursan, hələ üstəlik öldürmək istəyirsən, budurmu sənin kişiliyin? Yaxşısı bu kişilərin tüfənglərini ver, çıx get” Demə, Avdı tüfənglərinin Ağamoğlanın evində olduğunu bilirmiş, qaçaraq gedib tüfənglərini götürüb qayıtdı, qardaşına da tüfəngini verib Şərifin evinin tinində daldalanaraq, Mustafaya sarı qışqırdı: “Mən tüfəngimi götürdüm, indi sən mənim əlimdən qurtara bilməyəcəksən, mən sənin kimi alçaq deyiləm, paltarlarınızı soyundurmayacağam, ancaq qalan nəyiniz var tökün yerə, sonra çıxın gedin”. Mustafa onun üstünə bozardı: “Onu sənin ata-baban eləyə bilməyib, sən də eləyə bilməzsən!” Onda Avdı tüfəngin çaxmağını qarışdırıb atmaq istəyəndə Hacı Ağabala özünü ortaya atıb qoymadı, sonra Mustafaya üzünü tutub dedi: “Sənin istəyin bizim kəndə qan salmaqdır, daha dara düşmüsən, heç olmaya acı dilinlə aranı qarışdırma, mən Avdı ilə Vəliyə deyərəm səninlə işləri olmaz”. Mustafa biraz düşünüb dedi: “Hacı, mən bir söz demirəm, qoy sən deyən olsun, biz gedirik”. Avdı qarğaşanın yatdığını görüb, daldalandığı yerdən çıxıb gələrək Mustafa ilə üz-üzə durub dedi: “Siz on iki adamsınız, biz iki nəfərik. Biz gedib çıxırıq o görünən təpənin başına, siz də o biri təpənin başına qalxın, atışaq, görək kim-kimə üstün gələcək”. Avdı bunu deyən kimi qardaşı ilə yola düzəldi, 50-60 addım gedəndən sonra arxaya baxıb Mustafanın yerindən tərpənmədiyini görəndə geri qayıdıb dedi: “Biz yaraqsız oturanda üstümüzə gələ bilirdiniz, indi niyə gəlmirsiniz, heş utanıb ölürsünüzmü?” Yenə Hacı Ağabala araya girib dedi: “Avdı, sən mənə de görüm Mirzəlidən buraya ağac almağa gəlmisən, yoxsa qan tökməyə? Biz barış yaradırıq, sən yenə qovğaya başlayırsan, belə olmaz axı!” Avdı dedi: “Hacı, allah imanını kamil eləsin, mən buradakılara onun necə kişi olduğunu göstərmək üçün belə eləyirdim, istəyirdim onun kimliyini yaxşı tanısınlar”. Hacı Ağabala üzünü Mustafaya tutub dedi: “Sənin bu kəndə heç vaxt yaxşılığın keçməyib, indi də gəlib burada qan tökmək istəyirsən. Atan da, sən də katda olanda gəlib bizdən rüşvət alırdınız, əkin yerlərimizi əlimizdən alıb əkirdiniz, hələ indiyə kimi də bizim kəndimizin torpaqlarından qolgücünə salıb əkirsən. Yaxşısı burada qan tökülməmiş çıx get”. Bu sözdən sonra Mustafa adamlarını başına toplayıb çıxıb getdi. Atam Vəli Avdı ilə qardaşını evə aparıb o günü qonaq saxladı, onlar ertəsi günü kəndlərinə gedib iki gündən sonra araba ilə gələrək aldıqları ağacları daşıyıb apardılar.
2.MİRZƏLİ ŞEYX HƏSƏNİN SOYULMASI. Moranın Əlialabad kəndində birisi ölər, yas yerinə o çağın ən adlı-sanlı mollalarından biri olan Mirzəli Şeyx Həsəni çağırarlar. Şeyx Həsən yası yola verəndən sonra atını minib kəndinə qayıdanda Kürdlər kəndindən dörd yaraqlı adam bunun arxasınca düşüb gələrlər, Eçara kəndində Hacı Nəcəfin evinə çatanda yetişib bunu saxlarlar, atını, pulunu alarlar, bununla ürəkləri soyumaz geyimini də soyundurarlar, kişini bir alt tuman-köynəkdə qoyarlar. Şeyx yalvar-yaxar eləyər heç olmasa əmmaməmi verin, deyərlər sənin əmmaməndən yaxşı alt tuman köynək çıxar, ondan gözünü çək. Şeyx yeriyər atını minib getsin, bunu qırmanclayıb ata yaxın getməyə qoymazlar, Eçaralı Surxay deyər, şeyx sənə əmmaməni verməyən atını verərmi? Eçara kəndinin adamları da yığışıb baxarlar, nə quldurlara bir söz deyər, nə də şeyxə yardımçı olarlar. Şeyx beləcə yarıçılpaq yola düşüb kəndinə gedər. Eçara ilə Mirzəli kəndləri arasında bir təpə var, Mirzəliyə gedən yol oradan keçir, şeyx təpənin üstünə qalxanda bunu kənddən görərlər, ancaq uzaqdan tanımazlar. Kənd adamı deyər, görəsən o adama oxşar ağ şey nədir belə təpənin üstü ilə gəlir. Şeyx kəndə yaxınlaşanda bunu tanıyarlar, hərə bir söz danışar, biri deyər deyəsən kişinin başına hava gəlib, pal-paltarını cırıb atıb, o birisi deyər, yox, dəli olsaydı düşərdi çöllərə, daha kəndə gəlməzdi. Şeyx gəlib çatır, kəndliləri bunu qarşılayıb soruşurlar, şeyx, bu nə gündür sən düşmüsən, niyə özünü belə yaramaz duruma salmısan? Şeyx araya savaş düşməsin deyə, sözü gizli saxlamaq istər, kəndlilər əl çəkməz, sonunda açıb onu Kürdlər kəndindən olan quldurların soyduğunu deyər. Bunu eşidən Mirzəli kəndinin adamları tüfəngi olan tüfəng, olmayan baltadan, yabadan, kimin əlinə nə keçsə götürüb, hamılıqla Kürdlər kəndinin üstünə getmək istəyirlər, ancaq şeyx bunların qarşısına çıxaraq yalvar-yaxarla geri qaytarıb deyir: “Mən onları Allaha tapşırmışam, darıxmayın çox keçməz Allah özü onların cəzasını verər. Siz iki kənd arasında qanlıçılıq yaratmayın”. Bununla adamlar toxdayıb yerlərində oturarlar.
3.MİRZƏLİ MOLLA QÜDRƏTİN SOYULMASI. Perimbel oymağından olan Dostalılar kəndində adam ölər, Mirzəlidən molla Qüdrəti ölünü basdırmağa çağırarlar. Molla Qüdrət gəlib yası yola verəndən sonra atla öz kəndinə qayıdanda Calayır kəndinin yanından keçəndə bunu Qara bəyin adamları saxlayarlar. Demə, o günü Qara bəy otaydan gəlib Calayır kəndinə düşübmüş. Qara bəyin adamları molla Qüdrətin atını, üstündə olan pullarını alandan sonra deyərlər geyimini də soyun bizə ver. Molla yalvar-yaxar eləyər, deyər, aldığınız hamısı halalınız olsun, ancaq məni soyundurub el içində rüsvay eləməyin. Quldurlar mollanın yalvarışlarına qulaq asıb gülüşərlər, tüfənglərini üstünə tutub onu soyundurar, bir alt tuman-köynəkdə saxlarlar. Molla Qüdrət sonralar deyərmiş, onların məni soyundurmaqlarından çox, ələ salıb gülməkləri yandırıb yaxmışdı. Molla yaxınlıqdakı kənd adamından bu quldurların Qara bəyin adamları olduğunu öyrənib, Qara bəyin üstünə şikayətə gedər. Qara bəy Məşədi Qasımın evində oturubmuş, qapı açılır, molla Qüdrət alt tuman-köynəkdə içəri girib, bəyə salam verir. Bəy onun salamını almadan deyir, bu haranın dəlisidir belə düşüb çöllərə, gəlib buraya çıxıb? Molla Qüdrət dedi: “Bəy, mən dəli deyiləm, mollayam”. Bəy dedi: “Sənə beləmi mollalıq öyrədiblər, düşüb ortalıqda çılpaq gəzəsən?” Molla Qüdrət dedi: “Bəy, mən arsız adam deyiləm, məni quldurlar soyub bu günə salıblar”. Qara bəy dedi: “Ayə, o hansı yaramazlardır mollanı soyublar? Mirzəxan bəy, gör hansı kənddirsə, gedin onların bütün mal-qarasını yığın gətin bura, bunu eləyən adamları da xalqın qarşısında güllələyin, qoy başqalarına da görk olsun”. Molla Qüdrət dedi: “Bəy, mənə başqa kəndin adamı ilişməyib, sənin adamların soyublar”. Qara bəy görür, öz sözü ilə özünü dolaşığa salıb, başlayır sözü evir-çevir eləməyə, deyir, səni harada soyublar? Molla Qüdrət deyir, elə bu kəndin yanından keçib evimə gedirdim, saxlayıb soydular. Bəy də qayıdıb deyir, sənin bu kəndin yanında nə işin vardı, səni də soyalar? Molla Qüdrət dedi: “Bəy, bu yaxın kənddə ölü yerinə çağırmışdılar, oradan öz kəndimə qayıdanda başqa yol yoxdur deyə, buradan keçməli oldum. İndi səndən xahiş eləyirəm adamlarına buyur, məndən aldığı şeyləri qaytarıb versinlər”. Qara bəy biraz düşünəndən sonra dedi: “Molla, daha səni soyublar da, mən indi onların qazancını necə əllərindən alım? Sən belə elə, get evinə, Allaha dua elə, qoy tez bir adam öldürsün, onun paltarını alıb geyinəsən”. Qara bəyin onu belə ələ salması mollaya bərk toxundu, dedi: “Bəy, mən səni adam bilib yanına şikayətə gəldim, indi belə oldusa, mən də bugündən mollalığı yerə qoyub quldurluq eləyəcəyəm, butayın Kövüzbulaq kəndini demirəm, oracan gələrsən, ancaq Kövüzbulaqdan buyankı kəndlərə keçsən, məndən incimə, bilirəm hər il Dilağarda kəndlərindən töycü yığmağa gəlirsən, o sıradan bizim kəndə də, ancaq bugündən o kəndlərdən töycü yığmağı unut, yoxsa qarşında məni görəcəksən”. Qara bəy dedi: “Deyəsən acığını soyutmaq üçün dilinə güc verməyə başlamısan, get əlindən gələni beş qaba çək!” Molla Qüdrət dedi: “Bəy, mən səni ayağıma gətirsəm oluram molla Qüdrət, yox gətirə bilməsəm bu yer üzündə məndən əskik adam olmasın!” Molla Qüdrət bunu deyib getdi.
4.MOLLA QÜDRƏTİN QARA BƏYİ ÖZ AYAĞINA GƏTİRMƏSİ. Molla Qüdrət Mirzəliyə yaxınlaşanda hay salıb kənçilərini başına yığdı, bütün kənd toplaşdı, hələ hay-küyə Mirzəliyə çox yaxın olan Rəcəbli kəndindən gələnlər də oldu. Yığışanlar molladan onu kimin bu günə saldığını soruşanda molla Qüdrət onlara başına gələnləri danışdı. Toplaşan adamlar söyüb-söylənməyə başladılar: “Bu nə həyatdır biz yaşayırıq, sadə adamımızı soymaqları bir yana, kəndimizin başbilənlərini də soyurlar, özü də gör necə? Əyninin geyiminəcən tutub alırlar, bunlar artıq bizi kişi saymırlar”. Kənd arvadlarından dillənən oldu, dedilər: “Yoxsa, siz özünüzü kişi sayırsınız, haçağdandır kənddən qırağa çıxanınızın pul-parası oyana qalsın, əyin-başını papağı qarışıq əlindən alıb buraxırlar!” Molla Qüdrət üzünü toplaşan kənd adamlarına tutub dedi: “Bugündən mollalığı yerə qoyub, məni bugünə salıb abrımı tökən adamdan öcümü almağa çalışacağam. Bizim kənd dindar olduğundan buçağacan elə bilirdik bizə dəyib-dolaşan olmaz, indi özünüz görürürsünüz, addımbaşı, kənddən qırağa çıxanımızı soyurlar. Düzdür, çox ola bilsin bu tutduğumuz yol bizi heç də yaxşı yerə aparıb çıxarmasın, ancaq mənliyimizi qorumaq üçün biz də gərək yaraqlanaq. Biz dindarlığımıza arxayın olduğumuzdan axtarsan kəndimizdə bir-iki tüfəng ancaq tapılar, ancaq bununla indiki çağdakı quldurluğun qarşısında duruş gətirə bilməyəcəyik. Bugün Babaxanlı kəndindəki tüfəng alverçilərinə soraq eləyəcəyəm, kəndə gəlsinlər, kimə tüfəng gərəksə onlardan alsın”. Mirzəli ilə Rəcəbli kəndinin ora yığışan kəndliləri dedilər, molla sən necə desən biz elə də eləyərik, təki sən bizə nəyi necə eləməyin yolunu göstər. Ertəsi günü Babaxanlının tüfəng alverçiləri gəldi, Mirzəli kəndinin adamlarına iyirmi tüfəng, bir atyükü güllə satdılar. Rəcəbli kəndinə tüfəng çatmadı, Babaxanlı alverçilər iki gün sonra onlara da gərəkən sayda tüfəng gətirməyə söz verdilər. İki gün sonra doğrudan da gətirib onlara da yetərincə tüfəng satdılar. O gündən başlayaraq Mirzəli kəndinin adamları tüfəng işlətməyin çəmini öyrənməyə başladılar, bu işi bacaran bir-iki nəfər qalanlarına tüfəngdən necə yararlanmağı öyrətdilər. Mirzəlilər tüfəng aldıqlarının ertəsi günü Şabanlı kəndinə basqın eləyib, onların mal-qarasını örüşdən qovub apardılar. Rəcəbli kəndi də yaraqlanandan sonra iki kəndin adamından bir bölük tüfəngli axşam Süleymanbəyli kəndinə basqın eləyib onların mal-qarasını yığıb gətirdilər, atışmada o kənddən bir adamı da vurub öldürdülər. Sonra Kürdlər kəndindən Şeyx Həsənin öcünü almaq üçün ora basqın eləməyə getdilər, ancaq kimsə qabaqcadan Kürdlər kəndinin adamına bunu xəbər verdiyindən, mirzəlilər gələndə kəndin dördbir yanında keşiklər qoyulduğunu görüb, əliboş geri qayıtmalı oldular. 
Molla Qüdrət butaydakı Dilağarda kəndlərinin hamısına xəbər göndərib, bu il Qara bəyə töycü verməmələrini tapşırdı, onlara Qara bəyi öz gücü ilə vurub geri qaytaracağını çatdırdı. Günlərin bir günü Qara bəyin otaydan gəlib Kövüzbulaq kəndinə düşdüyünü, ertəsi günü Lallar, Hüseynxanlı, Calayır, Mənsimli, Güdəkərimli kəndlərinə töycü yığmağa gedəcəyi xəbərini molla Qüdrətə gətirdilər. Molla Qüdrət Mirzəli ilə Rəcəbli kəndinin tüfənglilərini toplayıb dedi: “Bugün Qara bəy otaydan gəlib, sabahdan Dilağarda kəndlərindən töycü yığmağa çıxacaqdır. Mənə elə gəlir, Pərdi kəndi ilə Lallar kəndi arasındakı dağın başında özümüzə yer eləyib onun qarşısını kəsərək geri qaytara bilərik. Elə bilirəm onu, kəndliləri sızıldadıb aldığı bu töycünü toplamağa qoymasaq bu Allaha da xoş gedər”. Hamı bir səslə dedilər, molla, sən nə desən onu eləmək bizim gözümüz üstünə. Ağsaqqallardan biri qayıdıb dedi: “Molla, yaxşı olardı bir adamı elçi kimi Kövüzbulağa göndərib Qara bəyi kəndlərə çıxmaqdan çəkindirəydik. Çox ola bilsin, bizim sözümüzə qulaq asmayacaq, ancaq yenə də biz öz sözümüzü deyək”. Bir adama yüyrək bir at verib Kövüzbulağa yola saldılar. Bu adam gəlib Qara bəyi taparaq dedi: “Bəy, məni bura molla Qüdrət göndərib, deyir Qara bəyi butayın Dilağarda kəndlərindən töycü yığmağa qoymayacağam, yaxşısı qan tökülməmiş qayıdıb getsin otaya, oranın kəndlərindən yığdığı töycü ilə yetinsin, bir də butaya ayaq basmasın”. Qara bəy bərk acıqlandı, elçiyə üz tutub dedi: “Molla Qüdrət kimdir mənim yolumu kəsə, töycü yığmağa qoymaya? Mən hər il olduğu kimi töycümü yığacağam, molla Qüdrətə deyərsən Mirzəli kəndinə gələndə özünün verməli olduğu töycünü gətirib mənim qabağımda diz çöküb, yalvara-yalvara verər, yoxsa onun üçün bu iş yaxşı qurtarmayacaq”. Elçi dedi: “Bəy, molla Qüdrət sənin keçmişdə gördüyün adam deyildir, arxasında yaraqlı-yasaqlı qırxa yaxın tüfəngli dayanıb, özünün də üzü dönübdür, gəlsən atışma olacaq, qan töküləcək”. Qara bəy dedi: “Sən gəl o mollanı bizim gözümüzdə şişirtməyə çalışma, elələrini az görməməşik, özün də yanşayıb bizə burada baş ağrısı vermə. Mən kəndlərə töycü yığmağa gələcəyəm, görüm hələ molla Qüdrət mənə neyləyə bilər”. Elçi qayıdıb Qara bəyin sözlərini molla Qüdrətə çatdırandan sonra molla, Mirzəli ilə Rəcəblinin kəndlilərini toplayıb bu xəbəri onlara çatdırdı. Adamlar dedilər: “Molla, Qara bəyin döyüşçüləri yığma adamlardır, nökərdirlər, biz isə burada qan qardaşları, bağrıbir insanlarıq, sənin arxanda necə gərəkirsə, elə də dayanacağıq, qoy gəlsin, biz ona kimliyimizi göstərərik”. Molla Qüdrət döyüşçülərinin arxasında bərk dayanacağına arxayın olandan sonra dedi: “Gedin evlərinizə dincəlin, sabah səhər ertədən yeməklərinizi yeyib bu dayandığımız yerdə toplaşarsınız”. Sonra molla Qüdrət atını minib Mənsimli və Calayır kəndlərinə sürdü. Bu kəndlərin ağsaqqallarına da Qara bəyin töycü yığmağa gəldiyini deyəndən sonra onun qarşısına çıxıb, bəyi töycü yığmağa qoymaq istəmədiyini bildirdi. Molla Qüdrətin sözünün özəti belə idi: “Qara bəy nə haqla otaydan gəlib bizim kəndlərin yoxsul adamlarından güc-xoş töycü yığır, bir iş olanda da hayımıza-harayımıza yetişmir. Hələ onu demirəm, gələndə adamları töycü almaqdan başqa qarşılarına çıxanları soyub-talayırlar. Qara bəy öz gücünə arxayındırsa, biz də haqqa sarı olan Allahımıza arxayınıq. Sabah Lallarla Pərdi kəndləri arasındakı dağın başında daldalanıb, Qara bəyi kəndərdən töycü yığmağa buraxmayacağam”. Bu kəndlərin ağsaqqaları da molla Qüdrətə tərəf olduqlarını dedilər, gərəkərsə onun arxasınca haraya, kimin üstünə desə gedib vuruşmağa hazır oduqlarını bildirdilər. Molla Qüdrət kəndə qayıdıb bu xəbər Mirzəli ilə Rəcəbli kəndinin adamlarına xəbər verib onları sevindirdi. 
Molla Qüdrət Calayırla Mənsimli kəndlərinin ağsaqqalları ilə danışanda Lallar kəndindən olan Məşədi Əzim də orada idi. Məşədi Əzim ağsaqqal, dünyagörmüş bir kişi idi. Oturub bir az götür-qoy elədi, bu işlərin yönünün pisliyə sarı getdiyini anladı: Molla Qüdrətin danışığından onun xalqa dayaq durmaq istədiyi görünürdü, ancaq Qara bəy də çox tərs adamdır, bundan başqa da, Mirzəlilər də, Qara bəy də Dilağardadır, bunlar savaşsa bir oymağın içində qanlıçılıq düşəcək, bölünmə-parçalanma baş verəcək, Dilağarda ilə yağıçılıq eləyən oymaqlar bunların ikiyə bölünüb gücdən düşməsindən yararlanıb ikisini də əzəcəklər, kəndlilər də bu savaşlarda əl-ayaq altında qalacaqlar. Məşədi Əzim belə düşünəndən sonra atını minib Kövüzbulaq kəndinə gəldi, soraqlaşıb Kərbəlayi Böyükağa bəyin olduğu evi tapdı. Kərbəlayi Böyükağa bəy məşədi Əzimi çoxdan tanıyırdı, onun ağsaqqal bir adam olduğunu bilirdi, ona görə də məşədi Əzimin gəldiyini eşidib onu qarşılamağa çıxdı, birlikdə evə keçdilər. Oturub hal-əhval tutandan sonra Kərbəlayi Böyükağa bəy soruşdu: “Məşədi Əzim, belə gec vaxtı buralara gəlməkdə xeyir ola?” Məşədi Əzim dedi: “Bəy, allahın köməyi ilə xeyir olar. Mən sizə bir sözü gənəşmək üçün gəlmişəm, ancaq qorxuram sözüm yerə düşə”. Kərbəlayi Böyükağa bəy dedi: “Məşədi, mən səni bir ağıllı adam kimi tanıyıram, elə bilirəm sənin gənəşikli sözün də yaxşılığa çəkən bir söz olar, ürəyindəkini gizlətmə, aç de”. Məşədi Əzim dedi: “Bəy, özün məndən yaxşı bilirsən, biz dilağardalılar buralara gəlməyik, özü də sayımız yan-yörədəki oymaqlardan qat-qat azdır. İkincisi də biz özümüzün pis öyrəncəliklərimizlə bütün bu oymaqları özümüzə yağı eləmişik. Bu pis öyrəncəliyimiz də içərimizdə geniş yayılmış çapqınçılıqla oğurluqdur. Buçağacan bu qədər yağı çevrəsində duruş gətirməyimizin də niyəsi aramızda olan birlikdir, bir-birimizə arxa durduğumuzdan kimsə bizə bata bilmir. İndi iş gəlib o yerə çatıbdır, bizim aramızda bölünmə yaranıbdır. Bunun da suçu sizin üstünüzdədir. Bəy mollanı soyanda molla da qayıdıb əlindən gələn pisliyi bəyə qarşı yönəldər. İndi budur, Qara bəyin adamları ötən il Mirzə Qüdrəti soyublar, əyninin geyiminəcən alıb abırdan salıblar. O da başına 30-40 yaraqlı yığıb deyir, Qara bəyi butay Dilağarda kəndlərindən töycü yığmağa qoymayacağam. Siz sabah kəndlərə çıxanda Pərdi kəndinin üstündə qarşınıza çıxacaq, mən bu gün onu görmüşəm, üzü çox bərk dönübdür, xalq da arxasında dayanıbdır. İndi bu işlərin sonu nə ilə qurtaracaq mən deyə bilmərəm, ancaq burada qan töküləcəyini yaxşı bilirəm. Dilağardalı birbirini öldürməyə başlasa, bütün yan-yörədəki oymaqlar gücdən düşməyimizi bilib üstümüzə ayaq alacaqlar, sonrası pis olacaq, yaxşı olmayacaq. Ona görə də, mənim düşüncəmə görə siz kəndlərdən töycü yığmayıb geri qayıtsanız yaxşı olar”. Kərbəlayi Böyükağa bəy dedi: “Məşədi, yaxşı olardı sən bu sözləri gedib molla Qüdrətə deyəydin, getsin mollalığını eləsin, onun nə işinə qalıb bizim töycü yığmağımıza qarışır? İkincisi, biz rəiyyətdən töycü yığmasaq nə ilə dolanarıq? Onda gərək neçə yüz ilin bəyliyini qoyaq yerə!” Məşdəi Əzim dedi: “Bəy, mən nə üzlə molla Qüdrətə söz deyə bilərəm, indicə dedim, onu yolundan siz azdırmısınız. İndi onun arxasında otuz-qırx yaraqlı döyüşçüsü var, üç-dörd kəndin adamı da onun sözünü tutur. Bəy, gecdir, mən evimə getməliyəm, mənə bir söz de, qurtulum gedim”. Kərbəlayi Böyükağa bəy dedi: “Məşədi, mən sözümü sənə dedim, biz neçə yüz ilin bəyliyini bir molladan qorxub yerə qoya bilmərik. Get ona de, ağlını yığsın başına, getsin mollalığını eləsin, o bizə heç nə eləyə bilməz, özünə pis olar”. Əzim ayağa qalxıb dedi: “Bəy, məni bura molla Qüdrət göndərməyib, ona görə də sənin sözünü də ona çatdırası deyiləm. Sağlıqla qal, mən gedəsi oldum”. Məşədi Əzim gedəndən sonra Kərbəlayi Böyükağa bəy dərin düşüncələrə daldı, sonra axşam bəyləri yanına çağırıb gənəşməyi kəsdirdi. Axşam olunca bəyləri yanına çağıran Kərbəlayi Böyükağa bəy Məşədi Əzimin sözlərin onlara çatdırdı, yaşlı adamlar hamılıqla otaya qayıtmağın düzgün olduğunu dedilər, ancaq Qara bəy buna qarşı çıxıb dedi: “Biz buradan əliboş qayıtsaq, başqa oymaqların bəyləri bizə gülərlər, otaydakı töycü yığdığımız kəndlər də üstümüzə ayaq alarlar”. Kərbəlayi Böyükağa bəy onun üstünə acıqlanıb, söyüb-söylənsə də Qara bəy sözünün üstündə durdu, yığıncaqdakı gənclər də ona sarı olduqlarından sabah kəndlərə töycü yığmağa gedəcəklərini kəsdirib dağılışdılar. 
Molla Qüdrət obaşdan çağı durub namazını qılandan sonra çay-çörəyini yedi, fars qızı olan arvadı ilə halal-hümmət eləyib döyüşçüləri ilə razılaşdıqları yerə gəldi. Qonşu kəndlərdən yardıma gələnlərə də xəbər göndərib Calayır kəndində yığışmağı tapşırdı. Calayır kəndində hamılıqla toplaşandan sonra Lallar ilə Pərdi kəndi arasındakı dağın üstünə çıxaraq orada yerlərini bərkidib, Kövüzbulaqdan gələn yolu pusmağa başladılar. Pərdi kəndinin adamları onları görəndə ora bir elçi göndərib işin nə yerdə olduğunu öyrəndilər. Pərdi kəndi Gilarlı oymağındandır. Qara bəyin adamları bu kənddən bir neçə dəfə oğurluq eləmişdilər, bir-iki dəfə də örüşdən mal-qaralarını atdöşü eləyib aparmışdılar, ona görə də onlar da Qara bəydən yanıqlı idilər. Kəndin ağsaqqalı Möhsü adamları kəndin ortasına toplayıb dedi: “Qara bəy molla Qüdrəti yensə, sözsüz, bizim kəndləri də çapıb talayacaqdır, nə yaxşı tüfənglərinizi götürün, kəndin qarşısındakı o biri təpədə daldalanın, molla Qüdrət bəylə atışmaya başlayan kimi, siz də bəyin adamlarını vurmağa başlayın”. Kəndin bütün tüfəngliləri yaraqlanıb deyilən təpənin başında daldalanaraq, gözləməyə başladılar.
Bir az keçmiş Qara bəyin atlıları Unlu dağın başından aşıb Pərdi kəndinin tuşuna gəlib çatdılar. Qara bəy lap yaxınlaşanda molla Qüdrət onu çağırıb dedi: “Bəy, geri qayıt, gəlib bu yoxsul adamları sızıldadıb əllərindən çörəyin alma”. Bəy dedi: “Molla, mən onlara bəylik eləməsəm, onlar dolana bilməzlər, mənim adım üstlərində olmasa, gəlib əllərində nə var alıb apararlar”. Molla Qüdrət dedi: “Bəy, sən onların əlindəkini alma, başqasının onlarla işi yoxdur. Sənə deyirəm, qayıt üzüsulu çıx get, yoxsa qardaş qanı töküləcək”. Bəy dedi: “Sən elə yekəlmisən daha əlindən qan tökmək də gəlir?” Molla Qüdrət dedi: “Bəy, mən qan tökən deyiləm, ancaq sən geri qayıtmasan, qan tökməli olacağam, get otayın Dilağrda kəndlərinin töycüsünü yığ, sənə yetər, bugündən sonra butay Dilağarda kəndləri sənə töycü verməyəcəkdir, butayın yolunu unut!” Bəy bir söz deməyib, atlılarına irəliyə getməyi buyurdu. Molla Qüdrətin adamları daldalandıqları yerdən bəyin atlılarını gülləyə tutdular, işin yaxşılığından adamlardan ölən olmadı, ancaq iki ata güllə dəyib öldürdü, onlardan biri də Qara bəyin mindiyi at idi. Molla Qüdrət atışmaya başlayan kimi oyandan pərdililər də bəyin adamlarına güllə atmağa başladılar, belə olanda bəyin adamları onun buyuruğuna qulaq asmayıb geri çəkilməyə başladılar. Bəy işi belə görəndə adamlarını da götürüb geriyə qayıtdı. Molla Qüdrəti maraq götürmüşdü, bu Pərdi kəndindən ona nə üçün kömək elədilər. Çağırıb kəndə gəlməyə razılıq alaraq Pərdiyə gəldi, onlarla görüşüb ağsaqqallara sağ ol deyəndən sonra dedi: “Birdən bizim xəbərimiz olmaz Qara bəy qayıdıb buralara gələr, mənə xəbər eləyin, mən onun ayağını buralardan kəsməyə özümə söz vermişəm”. Beləliklə də, molla Qüdrət Qara bəyi butay Dilağarda kəndlərindən töycü yığmağa qoymadı.
İndi də Molla Qüdrətin Qara bəyi öz ayağına necə gətirdiyindən danışaq. Ləzran kəndinin qarşısında Lələ dağı deyilən hündür bir təpə vardır, o təpənin güney üzündə Məşədihüseynli kəndi yerləşir. Danışdığımız çağlarda Məşədihüseyinli kəndinin ağsaqqalı molla Məmmədbağır idi. Bilinmir molla Qüdrət bunu bilərəkdənmi, yoxsa elə-belə eləmişdi, ancaq nə idisə günlərin birində onun adamları yan-yörədəki kəndlərə toxunmadan gedib gecəynən Məşədihüseyinli kəndinin mal-qarasını yığıb aparmışdılar. Kənddən bir neçə adam gedib mallarını geri istəsə də, molla Qüdrət onların yalvarışlarına baxmayıb mallarını verməmişdi. Molla Məmmədbağır Musalı molla Qəfərlə quda idi, molla Qəfər də Dilağarda bəyi Qara bəylə çox bərk dost idi. Onlar bir-birini qardaşdan artıq sevirdilər. Məşədihüseyinlilər gedib öz dərdlərini Musalı molla Qəfərə deyərlər, ondan bu işdə yardım istəyərlər. Molla Qəfər çox düşünəndən, götür-qoy eləyəndən sonra Qara bəyin yanına gəlib məsələni ona danışdı, molla Qüdrətə ağız açıb kəndin mal-qarasını ondan almağını xahiş elədi. Dostunun sözündən çıxa bilməyən Qara bəy dedi, mənim molla Qüdrətlə aram yoxdur, o məni otay Dilağarda kəndlərindən halalca töycümü yığmağa buraxmır, mən də Dilağarda oymağı bölünməsin deyə ona baş qoşmaq istəmirəm, o isə bildiyimə görə get-gedə cızığından çıxır; indi səninlə aramızda olan qardaşlığa görə bu işə qoşuluram, ancaq gərək sən də mənimlə gedəsən. Qara bəy özü ilə bir bölük atlı götürüb molla Qəfərlə birlikdə Kövüzbulaq kəndinə gəldilər, oradan Lallar kəndinə gedib Məşədi Əzimin araçılığı ilə molla Qüdrətlə görüşməyi kəsdirdilər. Ancaq Qara bəy dedi, Lallar kəndinə getmək üçün biz gərək Pərdi kəndinin yanından keçək, o kənd isə molla Qüdrətin tərəfini saxlayır, oradan keçəndə qan tökülə bilər. Düşünüb daşınandan sonra Lallarlı Məşədi Əzimi Kövüzbulağa çağırtdırdılar, ona nə baş verdiyini danışandan sonra Lallar kəndində, onun evində Qara bəyin molla Qüdrətlə görüşmək istədiyini dedilər. Məşədi Əzim razılıq verəndən sonra atlanıb onun kəndinə yola düşdülər. Yerin də qulağı var deyərlər, Pərdi kəndinin adamı Qara bəyin Kövüzbulağa gəldiyini eşidərlər, düşünərlər yəqin yenə də Dilağarda kəndlərindən töycü yığmağa gəlib, bir yüyrək atlı göndərib bunu molla Qüdrətə çatdırarlar. Molla Qüdrət yenə öz döyüşçülərini başına toplayıb Pərdi kəndinin üstündə Qara bəyin yolunu kəsməyə gələr. Qara bəylə molla Qəfər Məşədi Əzimlə Lallara gedəndə ilk olaraq Pərdi kəndinin adamları onun yolunu kəsib, uzaqdan qışqırdılar: “Bəy, geri qayıt, yoxsa sənə güllə atacağıq”. Məşədi Əzim pərdililərlə danışıb razılaşandan sonra keçib getdilər, artıq molla Qüdrət də olduğu yerdən danışığı eşidib işin nə yerdə olduğunu anlamışdı. Məşədi Əzim molla Qüdrəti çağırıb onu öz evində Qara bəylə görüşməyə çağırdı. Hamı bir yerə yığışandan sonra Qara bəy üzünü molla Qüdrətə tutub dedi: “Molla, sən Məşədihüseyinli kəndinin mal-qarasını aparmısan. O kənddə mənim dostum molla Qəfərin qudası ağsaqqaldır. İndi qardaşlığım molla Qəfər məndən xahiş eləyib sənə ağız açım, onların mallarını qaytarıb verəsən”. Molla Qüdrət dedi: “Bəy, unutmuş olmazsan, bir il bundan qabaq sənin nökərlərin məni soyanda, mən paltarımı, atımı qaytarmaq üçün sənə yalvar-yaxar elədim, ancaq sən məni ələ saldın. Onda mən sənə demişdim, gün olar sən də mənim ayağıma gəlib ağız açarsan, indi həmən gün gəlib çıxdı. O apardığımız mallar qurban olsun molla Qəfərlə sənə, deyərəm sabah aparıb yiyələrinə çatdırarlar”.
5.MİRZƏLİ KƏNDİNİN YANDIRILMASI. Mirzəli kəndində molla Qüdrətin başına yığışmış yaraqlı adamlar getdikcə cızıqlarından çıxmağa başlayır, yan-yörədəki kəndlərə basqınlar eləyib insanların mal-qarasını aparırdılar. Onların Kürdlər kəndinə basqın eləyib Şeyx Həsənin soyulmasına görə bu kəndin bir az mal-qarasını aparmasına necəsə haqq qazandırmaq olardısa, ancaq Gilarlı oymağının Şabanlı və Hacıməmmədli kəndlərini, bir sıra Moran kəndlərini soyması açıq-aydın quldurluq sayılmalıdr. Bu arada Moranın ən böyük kəndlərindən olan Başsız kəndinə uğursuz qurtaran basqın da Mirzəli kəndinin xeyrinə deyildi.
Beləliklə də Mirzəlilərin bu azğınlığından bezən kəndlər onlara qarşı birləşməyə başladılar, Alar kəndindən də bir bölük adam, mirzəlilərdən Ləzran kəndində baş verənlərlə bağlı yanıqlı olduqlarına görə bu birliyə qoşuldular. Beləliklə də, Gilarlı, Moranlı, Perimbel, bir də Alarlılardan düzəlmiş üç yüzə yaxın yaraqlı döyüşçülər 1919-cu ilin yazında Mirzəli kəndinin üstünə yeridilər. Mirzəlilərin isə 40-a yaxın döyüşçüləri vardı. Basqınçılar çox böyük itki verəndən sonra Mirzəli kəndinin yarısını tuta bildilər, elə o andaca tutduqları yarıdakı evlərə, tikililərə od vurdular. Bu isə bir yandan, suçu olmayan yoxsul insanların evini yıxmaq idisə, ancaq başqa yandan, basqınçıların özünə çox böyük korluq vermiş oldu. İş burasındadır, Mirzəli kəndinin döyüşçüləri kəndin o biri yarısındakı evlərdə, tikililərdə daldalanıb vuruşurdular, basqınçılar isə törətdikləri yanğına görə, kəndin aldıqları yarısından qırağa çıxıb, açıqlıq yerdə döyüşməli olurdular. Buna görə də çox böyük itkilər verirdilər. 
Mirzəliyə basqın eləyən oymaqların başında Perimbelli Qaraşimalla, Moranlı Mirzəxan dururdular. Mirzəlidən çox yaxşı atıcı olan Avdı, oğlu Zəkulla ilə birgə, su quyusunun üstündə qurulmuş daşdan hörülmə tikilinin arxasında daldalanıb vuruşurdu. Avdı qarşı tərəfdə döyüşən perimbelli Qaraşimalı tapıb onu harayladı, dedi kəndin yarısını yandırdınız yetər, çəkilin qırağa barışıq eləyək. Qaraşimal özünü sındırıb ona cavab belə vermək istəməyəndə, Avdı onu köksündən güllə ilə vurub öldürdü. Savaşın gedişində Avdı baxıb görürdü, basqınçıların ikinci başçısı Mirzəxanı bir neçə dəfə vurmağa imkanı olsa da, nədənsə oğlu Zəkulla ona güllə atmır. Oğlundan bunun niyəsini soruşanda, Zəkulla dedi: “Ata, mən onunla dost olmuşam, evində duz-çörək kəsmişəm, ona güllə atmağa əlim gəlmir”. Bu vaxtı Mirzəxan kənd qəbirastanlığındakı bir xəndəkdə daldalanıb onlarla vuruşurdu, ancaq özü də bilmədən başının bir hissəsi açıqlıqda qalıb görünməkdə idi. Avdı bir az yaşlandığından ona atdığı güllənin yan keçəcəyindən qorxaraq, oğluna üz tutub dedi: “Odur, Mirzəxanın başı xəndəkdən görünür, sənin gözün məndən itidir, onu vura bilsən, bu adamlar başsız qalıb dağılışacaqlar”. Oğlu yenə Mirzəxanı vurmaqdan boyun qaçıranda Avdı dedi: “Sən onu vurmasan, mən elə indicə birinci səni, sonra da özümü vurub öldürəcəyəm, onsuz da kəndimizi tutandan sonra bizim yaşamağımızın bir anlamı qalmayacaqdır”. Bu sözdən sonra Zəkulla atasının sözünü yerə salmadı, Mirzəxanı vurub öldürdü. Mirzəxan da öləndən sonra başını itirən basqınçılar geriləməyə başladılar, itkiləri bir az da artmağa başladı, sonra isə ölüləri ilə yaralılarını da ortalıqda qoyub, baş götürərək kənddən qaçıb getdilər. Sonradan Mirzəlilər basqınçıların ağsaqqallarını çağırıb, yaralıları ilə ölənlərini apamağa icazə verdilər. 
Mirzəli kəndinə basqın eləyən oymaqlar çoxlu itki verib, bu savaşda yeniləndən sonra yenə də onların ağsaqqalları bir yerə yığışıb götür-qoy eləməyə başladılar. Onlar çox araşdırandan sonra öz gücləri ilə Mirzəli kəndinə bata bilməyəcəklərini anladılar, ona görə də qıraqdan kömək axtarmağa başladılar. Çox götür-qoydan sonra Çar hökumətinin buralarda ilişib qalmış, el içində Luqiyan deyilən pristavına üz tutdular. Bu Luqiyan uzun bir sürədə katdaların yanında mirzəlik eləmiş, sonradan pristav qoyulmuşdu, bunun adı dilə yatmasa da, deyilənə görə müsəlman idi. Luqiyanın haralı olduğu bilinməsə də, ancaq onun Ali adında bir qardaşı Başsız kəndində bir varlı adamın yanında nökər idi, o biri qardaşı Nəsir isə Musalı kəndində yaşayırdı. Luqiyan çar hökuməti yıxılandan sonra rusların çoxluqda olduğu Göytəpə kəndinə çəkilib, orada olurdu, çar vaxtından qalma kazaklar da yaraqlı-yasaqlı onun qulluğunda idi. Yuxarıda adını çəkdiyimiz oymaqların ötən çağlarda Luqiyanla işləmiş katdaları yığışıb onun yanına getdilər, Mirzəli kəndini dağıtmaq üçün ondan kömək istədilər. Luqiyan bu adamların çoxu ilə bir yerdə işlədiyindən onlara yox deyə bilməzdi, sözsüz burada onun öz qazancı da olacaqdı. Bir neçə gündən sonra Eçara kəndinin üstündəki təpədə Luqiyanın gətirdiyi topları qurub, Mirzəli kəndini vurmağa başladılar. Mirzəlidə ən çoxu qırxa yaxın əlitüfəngli döyüşçü vardı. Mirzəlilər üstlərinə böyük qüvvə ilə basqın olunacağını bildiklərindən kəndin qırağında özlərinə daldalanmaq üçün yerlər düzəltmişdilər, bir də bütün kənd kişili-qadınlı ölənəcən kəndlərini qorumağa söz də vermişdilər. Ona görə də atılan top güllələri kənddəki tikililəri dağıtsa da adamlara ziyan vura bilmirdi, top atılandan sonra kəndə sarı istər ayaqla, istərsə də atla irəliləmək istəyən adamları isə mirzəlilər daldalandıqları yerdən vurub öldürürdülər. Beləliklə də basqınçılar yenə də ağır itkilər verməyə başlamışdı. Kəndin bütün tikililəri top atışından dağılsa da, mirzəlilər duruş gətirir, atışmaqda davam eləyirdilər. Onda bu savaşa qatılan Ağusəmli Şirin Luqiyana üz tutub dedi: “Belə görürəm burada hələ çox qanlar töküləcək, ən yaxşısı mən gedim Mirzəlilərə deyim arvad-uşaqlarını götürüb kənddən çıxsınlar, haraya ürəkləri istəyir getsinlər, bununla da bu savaş bitsin”. Luqiyan razılıq verəndən sonra Şirin Mirzəliləri çağırıb dedi: “Ay Mirzəli kəndinin adamı, mən sizin yanınıza danışıq aparmaq üçün gəlmək istəyirəm”. Kənddən molla Məmmədəli ilə Kərbəlayi Ağaş onun səsinə səs verib gəlməsinə izin verdilər. Şirin gəlib kəndin ağsaqqallarına dedi: “Mən oradakı adamlara gənəşmişəm, istəyirik siz kənddən çıxıb gedəsiniz, biz də qayıdıb gedək öz evimizə”. Molla Qüdrət dedi: “Şirin, biz sən deyənə razıyıq, ancaq ola bilər biz kənddən açıqlığa çıxanda üstümüzə basqın olsun, sən arxayınsanmı belə bir alçaqlıq baş verməyəcək”. Onun bu sözündən sonra Şirin bir də Luqiyanın yanına qayıdıb dedi: “Onlar kənddən çıxmaq istəyirlər, ancaq düşünürlər açıqlığa çıxanda üstlərinə basqın ola bilər, mən onları arxayın eləyə bilərəmmi, belə bir alçaqlıq olmayacaq?” Luqiyan buna da razılıq verəndə Şirin dedi: “Mən indi gedib onları arxayın eləyib kənddən çıxaracağam, ancaq kənddən qıraqda onlara qarşı basqın olsa, onda mən də öz adamlarımla onlara qoşulub sizinlə vuruşacağam” Luqiyan belə bir yaramazlığın baş verməyəcəyinə söz verəndən sonra o kəndə gəlib onları arxayın elədi. Mirzəli kəndinin adamları kişili-qadınlı, qocalı-uşaqlı yığışıb kənddən çıxaraq, Calayır kəndinə getdilər. Basqınçılar kəndə girib oradakı bütün evləri yandırdılar, sonra isə dağılışdılar. Bundan sonra Mirzəli kəndi yenidən öz yerində tikilsə də, ancaq daha oğru-quldurluqdan əl çəkdilər.

Cəlilabad rayonunun Ləzran kənd sakini Mirzəqulu kişi, Azərbaycanda Sovet inqilabından əvvəlki illərə təsadüf edən hadisələri qələmə alır. 50 şagird dəftərindən ibarət olan bu əlyazmanın böyük hissəsi it-bata düşür. Yalnız bir hissəsi qorunub saxlanılır və hal-hazırda Rusiyada yaşayan həmyerlimiz, yazıçı Araz Gündüz Vətənə tətilə gəldiyi zamanlarda bu əlyazmaların izinə düşür və onun fədakarlığı sayəsində bu qiymətli əlyazma tarixin qaranlığına düşmür. Araz Gündüzün düzgün imlada yenidən işləyib çapa hazırladığı "Ləzranlı Mirzəqulu - Olanlardan keçənlərdən" kitabı bu tay Azərbaycanın Cəlilabad-Yardımlı, o tay Azərbaycanın Ərşə-Ucarlı bölgəsində yaşayan insanların keşməkeşli həyatını əks etdirən tarixi bir salnamədir.

Məmi bəyin igidliyi

Araz Gündüz

Moranlılar Cəlilabadda, Muğan bölgəsində, bir də o tay Azərbaycanın Ərdəbil bölgəsində yaşayan çoxsaylı bir oymaqdır. Dilağardılılar isə çox keçmişlərdən Qarabağ bölgəsində yaşamış, buranın köklü oymaqlarından biri olmuşlar. Çar hökuməti Azərbaycanı tutandan sonra, Qarabağ bölgəsində Dilağarda oymağı ilə başqa oymaqlar arasında çoxdan sürülüb gedən qanlı didişmələrin qarşısını ala bilmirdi. Dilağarda sayca o biri oymaqlardan az olduğuna görə, bu işi yoluna qoymaq üçün, onları bütünlüklə Qarabağdan köçürüb, Azərbaycanın İranda qalan bölümündə, Moranlıların torpağında yerləşdirmişdilər. Çar hökuməti Moran bəyi ilə bağlaşaraq, ondan pul ilə, Dilağarda oymağını yerləşdirmək üçün yüzilliyinə torpaq almışdı. Moran torpaqlarına köçən Dilağardılar burada kəndlər saldılar, əkin-biçinlə keçinməyə başladılar. Yüzillik bağlaşma sona çatandan sonra Moran bəyi Əmin bəy Dilağardalılara tutduqları torpaqları boşaldıb getməli olduqlarını bildirdi. Dilağardalılar isə bəyə belə deilər: “Biz uzun illər boyunca burada yerləşib ev tikmişik, dolanışığımızı qurmuşuq, burada yaşamağa alışmışıq. Gəlin bağlaşmanın vaxtını uzadaq, sizə çatası pulu ödəyək, ancaq bizi buradan çıxarmayın, yoxsa üstündən neçə illər keçib, biz indi haraya gedəcəyimizi belə bilmirik”. Moran bəyləri onların sözünü yerə salıb, buradan köçməli olduqlarını dedilər, Dilağardalılar isə çıxılmaz durumda qalmışdılar, hara köçəcəklərini bilmədiklərindən çıxıb gedə də bilmirdilər. Bir yandan da çar hökuməti yıxıldığından, o çağlarda Azərbaycanda dayanıqlı bir hakimiyyət  olmadığından, bu işi yoluna qoymaq üçün kimə üz tutmalı olduqlarını da bilmirdilər. Yazın orta ayında, ot çalımı başlayanda, Moran bəyləri Dilağardalıların otlaqlarını çaldırmağa başladılar. Dilağarda bəyi Qəhrəman bəy öz oymağının ağsaqqallarını da götürüb, Moran bəylərinin qulluğuna gəldi, onların ot yerlərini çalmamaq, dilağardalıları yerlərindən çıxarmamaq üçün onlara bir də ağız açdılar. Ancaq Moran bəyi Əmin bəy, elə Moranın ağsaqqalları da, onlara tezliklə köçüb getməli olduqlarını deyib dirəndilər. Bu işin dinc yolla baş tutmadığını görən dilağardalılar moranlılarla qovğaya başladılar. Tutaqlaşmalarda neçə başlar yarılıb, qol-qıçlar sındı, sonra tüfəngə əl atdılar, hər iki tərəfdən ölənlər də oldu. İş böyüyüb qanlıçılıq savaşına çevrildi, dilağardalıların tüfəngləri çox olduğundan savaşın sonunda onlar moranlılara üstün gəldilər, öz yerlərindən tərpənməyib, əkin-biçinlərini də əllərində saxlaya bildilər. Bu qanlı savaşların qızğın çağında şah hökumətinin Ərdəbildə yerləşən hakimi Dilağarda bəyi Qəhrəman bəylə, Moran bəyi Məmi bəyi tutdurub damlatdırdı, oymaqlar arasındakı davanı toxtadmaqdan ötəri onların ikisinə də dar ağacından asılmaqla ölüm kəsdi. Nəyə görəsə qazamatda Qəhrəman bəylə Məmi bəyi bir otağa salmışdılar. Aralarında qanlıçılıq olan bu iki bəy Ərdəbil qazamatında üç ay bir otaqda qalsalar da, biri-birinin üzünə baxmaz, biri-birini dindirməzdilər.
Dilağardalı Qəhrəman bəyin oymağından başıtərpənən Kərbəlayı Böyükağa bəy qabağa düşüb, bütün oymağın adamlarının pul-para yardımları ilə, ha çalışmışdısa da Qəhrəman bəyin üstündən ölüm işini götüzdürə bilməmişdi. Ona görə də, dilağardalılar oturub Qəhrəman bəyin ölümünü gözləməkdə idilər.
Bu iki bəyin dar ağacından asılmasına az qalmış Moran bəyi Əmin bəy qardaşı oğlunu qurtarmaq üçün bir də özünü sınamağı kəsdirdi. Burası da vardı, Əmin bəy hökumət yanında sayılıb-seçilən bir kimsə idi. Əmin bəy Ərdəbilə gəlib buranın fərmandarına yol tapa bildi, ona çoxlu pul verərək, qardaşı oğlu Məmi bəyin üstündən ölüm cəzasını götüzdürüb onun azad olunması üçün icazə də ala bildi. Fərmandardan aldığı bağışlanma buyuruğunu götürüb, qardaşı oğlunu buraxdırmaq üçün qazamatbaşının yanına gələn Əmin bəy əlindəki kağızı ona göstərib, qardaşı oğlunu götürmək üçün gəldiyini dedi. Qazamatbaşı onunla birgə Məmi bəyin dustaq olduğu otağı açıb ona dedi: “Məmi bəy, səni fərmandar bağışladı, burada nəyin varsa yığışıdır, çıx bayıra, səni evə buraxıram”. Məmi bəyin cavabı qazamatbaşını da, əmisi Əmin bəyi də çaşdırdı: “Mən burada tək deyiləm, yoldaşnanam, mən yoldaşımı dar ayaqda qoyub qaçan adamlardan deyiləm”. Əmin bəyə elə gəldi, Məmi bəy qazamatbaşının dediyini düzgün başa düşməyib, ona görə də özü danışmağa başladı: “Qardaşoğlu, sənin başqası ilə nə işin vardır? Mən fərmandardan sənin bağışlanma kağızını almışam, buradakı ayın-oyununu götür, çıxıb evimizə gedək”. Məmi bəy cavabında dedi: “Əmi, mən yoldaşımı darda qoyub getməyi öz kişiliyimə sığışdırmıram, sən ya onu da ölümdən qurtarmalısan, ya da mən onunla bir yerdə öləcəyəm. Onu buraxdırmağı bacarmasan, mənimlə də işin olmasın”. Əmin bəy qardaşı oğlunun tərslik elədiyini görüb, qazamatbaşına dedi: “Gedim yenə də fərmandara ağız açım, görək nə olur, ola bilsin Qəhrəman bəyi də buraxdıra bildim”. Ertəsi günü, səhər çağı Əmin bəy fərmandarın qulluğuna gəlib baş verənləri ona danışdı, sonra da Qəhrəman bəyin də bağışlanması üçün ona dil tökdü. Fərmandar ona dedi: “Bəy, o Qəhrəman bəyin suçu böyük olduğundan mən onu bağışlaya bilmərəm, qaldı sənin qardaşın oğluna, onu mən qazamatdan güclə çıxartdırıb sənə qoşaram, çıxıb gedərsiniz”. Sonra fərmandar qazamatbaşını çağırıb, Əmin bəyin qardaşı oğlu özü çıxmaq istəməsə, onu güclə qazamatdan bayıra çıxarmağı tapşırdı. Əmin bəylə qazamatbaşı yenidən qazamata gəldilər, Əmin bəy qardaşı oğluna üz tutub dedi: “Qardaşoğlu, fərmandara nə qədər yalvar-yapış elədimsə, dedi, Qəhrəman bəyin bağışlanması üçün yol yoxdur, sən gəl ayın-oyununu yığışdır, çıxaq gedək, haçağdandır qohum-qardaş bizim qayıtmağımızı gözləyir, onları gözü yolda qoymayaq”. Məmi bəy bunun cavabında dedi: “Əmi, mənim qohum-qardaşım kimi bunun da doğmaları yolunu gözləmirmi? Sən elə bilirəm, pula qızırğandığına görə, fərmandar Qəhrəman bəyi buraxmayıbdır”. Əmin bəy bir az susandan sonra dedi: “Qardaşoğlu, nə pulumuz vardısa, sənin yolunda qoymuşuq, əlimizdə bir qara qəpik də pul qalmayıbdır”. Burada Qəhrəman bəy, Məmi bəyi cavab verməyə qoymayıb dilləndi: “Mənim ölümdən qurtulmağımla keç kimin işi olmasın, məni uzağı bir-iki günə dar ağacından asacaqlar, qurtarıb gedəcək, siz öz işinizdə olun”. Qəhrəman bəyin belə deməsi Məmi bəyi bərk acıqlandırdı, üzünü yana tutub, Qəhrəman bəyə eşitdirərək, uca səslə dedi: “Mən bilmirəm, burada bəzi özgə adamlar niyə mənimlə əmimin işinə qarışırlar, biz özümüz bilərik nəyi necə eləyirik!” Sonra əmisinə üz tutub dedi: “Əmi, biz əlsiz-ayaqsız adamlar deyilik, mən bilirəm, sənin bu Ərdəbil şəhərində çoxlu varlı-pullu dostların vardır, sən get onlardan borc elə mənim bu yoldaşımı da buradan qurtar, yoxsa onu buraxmasalar mən də buradan çıxmayıb, onunla birlikdə ölümə gedəcəyəm”. Yenə də Qəhrəman bəy dilləndi: “Mənim doğmalarım ha çalışdılar məni buradan pul-para verməklə qurtara bilmədilər, mənim ömrümdən lap az qalır, mən istəmirəm kimsə mənə görə özünü oda-közə vursun, ölümə atsın”. Məmi bəy yenə də acıqla çımxırdı: “Mən bilmirəm, hər yetən nə üçün bizim işimizə qarışır?!” Sonra əmisi ilə qazamatbaşına üz tutub dedi: “Özünüzü burada boş yerə yormayın, otaq yoldaşım buradan qurtulmasa, mən də ondan ayrılmayacağam, gedə bilərsiniz”. Qazamatbaşı Məmi bəyə dedi: “Bəy, səni fərmandar öz buyuruğu ilə bağışlayıbdır, gərək çıxıb gedəsən, sənin burada qalmağın mənim qanunu pozmağım deməkdir, ona görə də gəl dinməz-söyləməz çıx bayıra, get öz ev-eşiyinə!” Məmi bəy ona belə cavab verdi: “Sən mənim buradakı yoldaşımı da buraxmasan, mən buradan çıxan deyiləm!” Qazamatbaşı Məmi bəyin bu sözündən bərk acıqlanıb, köməkçilərinə onu güclə bayıra çıxarmağı buyurdu. İki nəfər köməkçi ha çalışdılar, Məmi bəyə güc gəlib onu bayıra çıxara bilmədilər, onda qazamatbaşı da onlara yardım eləməyə başladı, Məmi bəy onların güc gəldiyini görüncə bərk-bərk Qəhrəman bəyə sarılıb onu da özü ilə bayıra çıxarmağa çalışdı. Siz indi də yaşlı adamlardan soruşsanız, Qəhrəman bəyin necə bir güclü adam olduğunu sizə danışarlar. Beləliklə də, Məmi bəy Qəhrəman bəydən yapışsa da, üç nəfər köməkləşib nə onu Qəhrəman bəydən ayıra bildilər, nə də Qəhrəman bəyi yerindən tərpədə bildilər. Qazamatbaşı işi belə görüb Məmi bəyi döydürməyə başlayanda, Qəhrəman bəyin ürəyi dözmədi, onu vuran adamların üçünü də süpürləyib, otaqdan bayıra tulladı, sonra qapını örtüb, arxadan kilidlədi. Qazamatbaşı istədi köməyə adam çağırıb, qapını sındıraraq, Məmi bəyi şölə çıxarsın, ancaq Əmin bəy qoymadı, dedi mənə iki gün də vaxt ver, görüm fərmandarla danışıb bu işi yoluna qoya bilirəmmi? Əmin bəy Ərdəbildəki dostlarının yanına gedib onlardan çoxlu borc pul aldı, ertəsi günü fərmandarın yanına gəlib dedi: “Fərmandar ağa, sənin yanına çoxlu pul ilə gəlmişəm, necə olursa olsun, gərək o Qəhrəman bəyi də buraxasan getsin evinə, yoxsa mən qardaşım oğlu ilə bacarmıram”. Fərmandar bəyin çoxlu pul ilə gəldiyini eşidəndə ürəyində bərk sevinsə də, özünü o yerə qoymayıb dedi: “A bəy, mən onu dustaqdan açıb buraxsam, məndən yuxarıdakılara nə cavab verərəm, bu işin üstü açılsa mənə ağır cəza verərlər”. Əmin bəy ona dedi: “Ağa, sən yaxşı bilirsən, mən şahın yanında sayılıb seçilən, tanınan bir adamam, bu işə görə sənə bir söz gəlsə, mən özüm Tehrana gedib bu işi yoluna qoyaram”. Fərmandar bəyin bu sözündən sonra Qəhrəman bəyin bağışlanması üçün buyuruq yazıb Əmin bəyə verdi, Əmin bəy də gətirdiyi çoxlu pulu ona verib qazamata sarı yollandı. Qazamatbaşına fərmandarın  yazdığı buyuruğu göstərəndən sonra onunla birlikdə Qəhrəman bəylə Məmi bəyin olduğu otağın qapısına gəldilər. Qazamatbaşı otağın qapısını çöldən açarla açdı, ha itələdi qapı açılmadı, qapı içəridən kilidli idi. Onda o bəyləri səsləyib, onların ikisini də buraxmaq istədiyini deyərək, qapını açmalarını buyurdu. Məmi bəy qayıdıb deyəsi, sən bizi aldatmaq istəyirsən, qapını açan deyilik. Onda Əmin bəy işə qarışıb dedi: “Qardaşoğlu, o yalan demir, fərmandardan Qəhrəman bəyin də bağışlanmaq kağızını almışam, qapını açın, ikiniz də çıxın çölə”. Qapı açılandan sonra Qəhrəman bəy özünün bağışlanmasına inanmadığı üçün yerindən tərpənmədi, ona görə Məmi bəy də çölə çıxmaq istəmədi, onda Əmin bəy qazamatbaşına dedi: “Sən özün bu Qəhrəman bəyi başa sal, qoy bağışlandığına inansın, çıxıb evimizə gedək”. Qazamatbaşı acıqla qışqırıb Qəhrəman bəyə dedi: “A kişi, sənə deyirlər bağışlanmısan, nə quruyub qalmısan yerində, içəridə nə ayın-oyunun var götür çıx bayıra, açıl mənim başımdan”. Bundan sonra Məmi bəylə Qəhrəman bəy birlikdə bayıra çıxdılar. Ayrılanda Əmin bəy Qazamat baxıcısına da bir az pul verdi, sonra yola düşüb getməyə başladı. Məmi bəy əmisindən evə nə ilə gedəcəklərini soruşanda Əmin bəy dedi: “Mən iki at gətirmişəm, birini mən, o birini də sən minib gedəcəyik”. Məmi bəy dedi: “Əmi, Qəhrəman bəyi burada qoyub getmək düzgün olmaz, onun üçün də bir at tapmaq gərəkdir”. Qəhrəman bəy dilləndi: “Məndən yana darıxmayın, mən özüm bilirəm buradan necə gedəcəyəm”. Məmi bəy yenə də acıqlandı: “Mən bilmirəm başqaları bizim işimizə niyə qarışır axı?” Əmin bəy şəhərdə kirayəsinə at verilən yer tapıb, bir yaxşı qaçaraq at kirayə götürdü, üçü də atlanıb yola düşdülər. Yollarının üstündə olan Germi şəhərinə çatanda, yemək üçün dayandılar. Yeməkxanada bir süfrə arxasında oturub yeməyə başladılar, ancaq yenə də nə bir-birilərinin üzünə baxır, nə də birbirini dindirirdilər. Gözlənilmədən bura yemək üçün gələn Pərməyirli Qələmmirzə bəy onların bir yerdə oturub yemək yediklərini görəndə çaşıb qaldı. Qələmmirzə bəy Qəhrəman bəylə Məmi bəyə ölüm kəsildiyini bilirdi, indi birdən necə olmuşdusa onlar ikisi də buraxılmışdılar, özü də aralarında qanlıbıçaqçılıq ola-ola bir süfrə başında oturub yemək yeyirdilər. Qələmmirzə bəy özünü itirmişdi, onun bildiyinə görə, bu gün bu bəylərin ikisi də asılmalı idilər, onda necə olmuşdu onlar belə bura gəlib çıxmışdılar, sonra da bir-birindən neçə-neçə adamlar öldürən bu qanlıbıçaq adamlar necə olmuşdu birdən-birə belə barışmışdılar? Qələmmirzə bəyi görən Əmin bəy onu yemək süfrəsinə çağırdı. Qələmmirzə bəy oturandan sonra dedi: “Sizinlə çörək yeməyə sözüm yoxdur, ancaq qabaqca mən sizdən bir-iki söz soruşmaq istəyirəm. Mənim bildiyimə görə Qəhrəman bəylə Məmi bəy bu gün Ərdəbildə dar ağacından asılmalı idilər. İndi necə olub onlar ikisi də ölümdən qurtula biliblər? İkincisi, sizin aranızda qanlıçılıq ola-ola necə olur bir süfrə başında oturub yemək yeyirsiniz?” Süfrə başında oturanlardan səs çıxmadı, Qələmmirzə bəy bir də soruşdu, yenə də səs çıxmadı, özünü toplayıb üçüncü dəfə soruşanda Əmin bəy dilləndi: “Bəy, bildiyiniz kimi bizimlə bu Qəhrəman bəy arasında qanlıçılıq vardır, birbirimizdən neçə adamlar öldürmüşük. İş belə gətirmişdi, Qəhrəman bəylə qardaşım oğlu Məmi bəy Ərdəbil qazamatında üç ay bir otaqda qalmış, ancaq yenə də küsü saxlamışdılar, biz elə indi də Qəhrəman bəylə küslüyük, ona görə də, sənin sorğuna cavab vermirik”. Sonra Əmin bəy Qəhrəman bəylə Məmi bəyin ölüm işindən necə qurtulduqlarını başdan ayağa kimi danışdı. Qələmmirzə bəy əlini uzadaraq Qəhrəman bəyin əlindən tutub onun əlini Əmin bəylə görüşdürdü, sonra Məmi bəyin əli ilə Qəhrəman bəyin də əlini birləşdirib dedi: “Bəylər, bu gündən mən sizi barışdırdım, ancaq bu azdır, mənə elə gəlir, çox yaxşı olar, siz biri-birinizə qız verib, qız alıb yaxın qohum olasanız, mən bilən Qəhrəman bəy qardaşı qızı Süfeyrəni Məmi bəyin oğlu İbrahimxan bəyə, Məmi bəy isə qızı Pərini Qəhrəman bəyin qardaşı oğlu Əjdər bəyə ərə versə, siz bu qanlıçılığı unudub, bundan sonra barış içində yaşaya bilərsiniz”. Qələmmirzə bəy sözünü qurtaran kimi Əmin bəy: “Allah mübarək eləsin!” deyib, bu işə qol qoyduğunu bildirdi. Bu andan başlayaraq bəylər öz aralarında barışdılar, biri-biriylə şirin-şirin danışmağa başladılar. Yeməklərini yeyib qurtarandan sonra bəylər atlandılar, Qələmmirzə bəy öz kəndinə yola düşdü, Əmin bəygil də yaşadıqları Kürdlər kəndinə gedən kəsə yolu tutub getməyə başladılar, bu kəsə yol Qəhrəman bəyin kəndinin yanından keçdiyindən, ora çatanda Qəhrəman bəy yol yoldaşlarını şam yeməyinə çağırdı. Əmin bəy ona dil-ağız eləyib dedi: “Bəy, bizdən inciməyəsən, mən evdən çıxanda iki gün bundan qabağa kimi qayıdacağımı demişdim, elə bilirəm, indi evdə mənim gecikməyimə görə bərk qanqaraçılıqdır, ona görə də, özümüzü evə nə qədər tez çatdıra bilsək yaxşı olar”.
Qəhrəman bəy yoldaşları ilə sağollaşıb, öz yaşadığı kəndə döndü. O evə çatanda qaranlıq çökmüşdü, qapılarına yetişəndə evlərindən bərk ağlaşma səsi gəldiyini eşitdi. Qəhrəman bəy gələndə itlər bərk hürüşməyə başladılar, əmisi Kərbalayı Böyükağa bəy qulluqçulardan birinə buyurdu, çıxıb görsün nə olubdur, qulluqçu eyvandan baxıb qapıya bir atlının gəldiyini dedi, düşündülər, bu kimdirsə Qəhrəman bəyin ölümünü eşidib yasa gələnlərdəndir. Kərbəlayi Böyükağa bəy buyurdu, gələni qarşılayıb evə gətirsinlər, atını da yerbəyer eləsinlər. Qulluqçu gəlib Qəhrəman bəyin atın tutanda o soruşdu, burada nə baş veribdir, bu nə ağlaşmadır belə? Qulluqçu həm qaranlıqda Qəhrəman bəyi tanımamışdı, həm də qarğaşadan başını itirmişdi deyə belə cavab verdi: “Germidən soraq gəlib, Qəhrəman bəyi bu gün Ərdəbildə dar ağacından asıblar, indi qohum-qardaş buraya onun evinə yas tutmağa yığışıblar”. Qəhrəman bəy qulaq verib bacılarının, uzaq-yaxın qohumlarının ağı deyib ağladıqlarını eşitdi, dözməyib qaçaraq özünü evə saldı. Qəhrəman bəyi sağ görən qohumlar bu dəfə sevincdən bir az da bərkdən ağlamağa başladılar. Gecəynən neçə qurbanlar kəsdilər. Kərbəlayı Böyükağa bəy soruşdu: “Qardaşoğlu, biz səni ölümdən qurtarmaq üçün çoxlu pul-para toplayıb, ha çalışdıqsa əlimiz boşda qaldı, danış görək necə oldu sən dar ağacından qurtula bildin?” Qəhrəman bəy baş verənləri siz oxucuların yuxarıda öyrəndiyi kimi, necə varsa eləcə də danışdı. O, başına gələnləri danışıb qurtarandan sonra ora toplaşanların çoxu uca səslə Əmin bəylə Məmi bəyə sağ ol dedilər, onların bu kişiliklərini yüksək dəyərləndirdilər. Sonra Qəhrəman bəy söz alıb danışmağa başladı: “Bura yığılanlar hamısı mənim qandaşlarım, ən yaxın adamlarımdır. Dediyim kimi, Qələmmirzə bəy Germidə məni Əmin bəylə, Məmi bəylə barışdırdı, bizi qız alıb verməklə bu barışığı bir az da bərkitməyə çağırdı, indi söz sizindir, məncə bütün bu baş verənlərdən sonra biz Dilağardalılar Moranlılarla qanlıçılığı yerə qoyub barış içində yaşamalıyıq”. Qəhrəman bəy sözünü danışıb qurtarandan sonra ora yığışanlar hamısı bir ağızdan, Moranla barışığa getməyin düzgün yol olduğunu deyib, yeni yaranacaq qohumçuluğa da “Allah mübarək eləsin” dedilər.
Bir neçə gündən sonra Kərbəlayi Böyükağa bəyin başçılığı ilə Dilağardanın görkəmli kimsələri bollu sovqatlar ilə Morana getdilər, Məmi bəyin qızına elçilik eləyib onu Əjdər bəyə adaxladılar. Üstündən on gün keçməmiş Moran bəyləri yığışıb Dilağardaya, Qəhrəman bəyin qardaşı qızı Süfeyrə xanıma elçi gəldilər, onu Məmi bəyin oğlu İbrahimxan bəyə adaxladılar.

“Ləzranlı Mirzəqulu. Olanlardan keçənlərdən” (sənədli povest)

01.12.2015

Azərbaycanın baş nazirinin soyad MÜƏAMMASI

Artur Rəsi-zadə, Rəsizadə, yoxsa Rəsulzadə?

Azərbaycanın baş nazirinin soyadının necə olması yenidən gündəmə gəlib. Ölkə mətbuatında baş nazirin soyadı ya Rəsizadə, bəzi hallarda Rəsi-zadə, hətta Rəsulzadə formasında da yazılır. İnternetdə axtarış verdiyimiz zaman mətbuat səhifələrində  baş nazirin soyadının daha çox Rəsizadə kimi yazıldığının şahidi olsaq da, Vikipediyada bu, Rəsi-zadə olaraq qeyd olunub. Baş nazirin soyadını necə yazaq?
Məsələ ilə bağlı dəqiq məlumat almaq üçün Nazirlər Kabinetinin mətbuat xidməti ilə əlaqə yaratmağa cəhd etsək də, buna nail ola bilmədik. Onu da qeyd edək ki,  Nazirlər Kabinetinin rəsmi saytında  baş nazirin soyadı Rəsi-zadə kimi qeyd olunub.
Miqrasiya Mərkəzinin direktoru, keçmiş polis rəisi Əlövsət Əliyev də sosial mediadakı şəxsi səhifəsi vasitəsilə öz fikrini bildirib. O hesab edir ki, Artur müəllim soyadını dəqiq bilsə təkzib verər və bu  müxtəlif soyadlılığı aradan qaldırardı: “Valideynlərinin soyadı Rəsizadə olan bəzi uşaqların doğum haqqında şəhadətnamələrinin soyad qrafasında Rəsi-zadə və ya Rəsi Zadə kimi soyadlara da rast gəlinir. Əslində belə halda uşağın doğum haqqında şəhadətnaməsi etibarsız hesab olunmalıdır. Çünki uşağa verilən soyad valideynin soyadına uyğun deyil. Doğum haqqında şəhadətnamələrdə yazılan adlar bəzən məmurların səhlənkarlığı ucbatından şəxsiyyət vəsiqəsində, diplomda, pasportda və ya digər sənədlərdə fərqli yazılır”.
Ə.Əliyevin sözlərindən belə aydın olur ki, ölkədə təkcə baş nazir deyil, bir çox vətəndaşların soyadlarının necə olması məlum deyil: “Son 6 ay ərzində mənə edilən müraciətlərdə daha çox adın və ata adının yazılışındakı fərqliliklərin yaratdığı problemlərlə bağlıdır. Məsələn, Almaniyada nikaha daxil olmaq istəyən Azərbaycan vətəndaşının doğum haqqında şəhadətnaməsində soyadı Rəfizadə, şəxsiyyət vəsiqəsində Rəfi-zadə, pasportunda Rəfi Zadə, subaylıq  şəhadətnaməsində isə soyadı Rəfi-zadə kimi yazılıb. Nikahı qeydiyyata alan orqan isə bu soyadlardakı işarələrin fərqi səbəbindən nikahı qeydiyyata almaqdan imtina edib.
Başqa bir müraciət isə Almaniyada işə düzəlmək istəyən və sənədlərində soyadlarının fərqli yazılmasına görə imtina alan şəxsdəndir. Onun doğum haqqında şəhadətnaməsində soyadı Əlif- zadə, şəxsiyyət vəsiqəsində və diplomunda Əlif Zadə, pasportunda isə Əlifzadə kimi yazılıb.
Ailə birləşməsi ilə bağlı müraciət edən bir ailədə isə qeydiyyat şöbəsi bir ailədə doğulan 3 uşağın hərəsinin soyadını bir formada: birinci uşağı Xankişiyev, ikincisini Xan-kişiyev üçüncünü isə Xan Kişiyev soyadı ilə rəsmiləşdirmişdir".
Ə.Əliyev məsələ ilə bağlı qanunvericiliyin tələblərinin necə olmasından da danışıb: “Qanunvericiliyin tələbinə görə, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Bu, o deməkdir ki, şəxsə verilən soyad valideynin soyadına uyğun yazılmalı, hətta işarə dəyişikliyinə yol verilməməlidir. Şəxsiyyət vəsiqəsi də təqdim olunan doğum haqqında şəhadətnaməyə uyğun yazılmalı, soyadların bölünməsi, bir hissəsinin böyük hərflə yazılması, hər hansı hərfin buraxılması kimi hallara yol verilməməlidir. Digər sənədlər isə şəxsiyyət vəsiqəsinə uyğun yazılmalı və səhvə yol verilməməlidir. Bir müddət əvvəl Azərbaycanda ”Adlar (və soyadlar) haqqında" qanun qəbul olunacağı gündəmə gətirilmişdi. Hətta Milli Məclisdən Nizami Cəfərov bununla bağlı açıqlama da vermişdi.
Əslində adlarla bağlı yaranan münasibətləri tənzimləyən normativ sənədlər kifayət qədərdir. Ola bilsin ki, bu sahədə ayrıca qanunun da qəbul olunmasına həqiqətən ehtiyac var. Bunun üçün əsaslı araşdırma və təhlillər aparılmalı, ehtiyaclar müəyyən olunmalıdır". (musavat.com)

Servislərdən sığorta şirkətlərinə ittiham: İcbari siğortaya ciddi yanaşmırlar

Azərbaycanda fəaliyyət göstərən avtomobil servisi müəssisələri sığorta şirkətlərini icbari sığorta müştərilərinə ögey münasibət göstərməkdə ittiham edirlər. Servislərdən verilən məlumata görə, sığorta şirkətləri kasko sığorta müştərilərinə göstərilən xidməti icbari sığorta müşərilərinə etmirlər.
«İcbari sığortada «zəmanət»ə əhəmiyyət vermirlər». Avtomobilin icbari sığortası ilə bağlı cərimələrin artırılması avtomobillərini sığortalayanların artmasına təsir göstərib. Bu da öz növbəsində sığortalı qəzaların artırıb. Lakin sığorta şirkətləri köhnə avtomobillərlə yanaşı «qarantiya»ya daxil olan yeni avtomobilləri də rəsmi servisdə deyil, adi bokslarda təmir etdirirlər. Rəsmi servislərdən verilən məlumata görə, sığorta şirkətləri hətta bir il əvvəl alınan və «zəmanət» müddəti bitməyən avtomobillərə belə əhəmiyyət vermirlər. Bir neçə sığorta şirkəti istisna olmaqla, bazardakı əksər şirkətlər bu məsələdə bir-birlərini təkrarlayırlar: «Məsələn, yenicə alınmış «Toyota Prado» avtomobilinin hərəkət hissələri, yan qanad və diskləri qəza nəticəsində yararsız vəziyyətə düşüb. Avtomobilə min manatdan çox ziyan dəyib. Amma «zəmanət»li olmasına baxmayaraq sığorta şirkəti bu avtomobili orjinal olmayan ehtiyat hissələri və adi kustar üsullardan istifadə edilən boksda təmir etdirib». Servislərdən verilən məlumata görə, adi təmirxanalarla müqayisədə servislərdə qiymətlər 20-30 % baha olsa da, lakin görülən işə zəmanət verilir. Bundan əlavə istifadə edilən ehtiyat hissələri də orjinaldır. Təmir xəcrlərindən sığorta şirkətlərinə 10-20% endirim də təklif edilir.
“Rəsmi servisdə təmirlə bağlı tələb qoyulmayıb”. Lakin sığorta şirkətləri bununla razılaşmırlar.“Azsığorta” şirkətinin sığorta hadisələri departamentinin müdiri Tural Şükürov bildirib ki, avtomobillərin icbari sığortasında təmirin hansı servisdə aparılması ilə bağlı tələb qoyulmayıb. Digər tərəfdən adi servislərlə rəsmi servislərin xidmətlərində fərq yoxdur. Əksinə rəsmi servislərin xidmətləri 30-40 % bahadır: «Bir ehtiyat hissəsini 400 manata almaq olarsa, rəsmi servis bunu 600 manata satır. Buna görə servislərin bu ittihamı əsassızdır». Tural Şükürov bildirib ki, rəsmi servislər verdikləri zəmanəti yerinə yetirə bilmirlər: «Məsələn, yeni avtomobil alan sürücülərdən biri «zəmanət»in bütün tələblərinə riayət edib. Hətta mühərrik üçün həmişə rəsmi servisin tələb etdiyi yağdan istifadə edib. Lakin mühərrik yararsız hala düşdüyü halda avtomobilə sahib çıxmayıblar. Cavab isə bundan ibarət olub ki, Azərbaycanda istifadə edilən mühərrik yağları kefiyyətsiz olduğundan bu zəmanətə daxil deyil. Rəsmi servis öz müştərilərinə aid “zəmanət”i təmin etmir. Belə hallar isə sığorta şirkətlərində rəsmi servislərin “qarantiya” tələbinə qarşı şübhə doğurur». Tural Şükürovun sözlərinə görə, avtomobil o zaman rəsmi servisdə təmir edilə bilər ki, könüllü sığortalı olsun və müqavilədə bununla bağlı tələb qoyulsun. Yəni,müştəri istədiyi halda əlavə ödəniş edərək kasko sığortaya zəmanətli təmiri də daxil etdirə bilər. Yalnız bu zaman qəza baş verdikdə avtomobil rəsmi servisdə təmir edilir.
«Müştəri təmirdən narazı olduğu halda, nəğd ödəniş verilməlidir». Sığorta eksperti Xəyal Məmmədxanlı bildirib ki, burada əsas məsələ dəyən ziyanın əvəzinin ödənilməsidir. Əgər sığorta şirkəti ilə müştəri arasında dəyən ziyanın məbləğində mübahisə yaranırsa və təmirin harda edilməsi mübahisə doğurursa, bu zaman müstəqil qiymətləndiricilər çağırılmalıdır. Və yaxud “Audotex”in qiymətləndirməsindən istifadə edərək dəyən ziyanın məbləği hesablanıb pul şəklində müştəriyə verilməlidir. Artıq burada müştəri özü təmirin harada aparılmaasını müəyyən edə bilər. X.Məmmədxanlı «zəmanət» məsələsi ilə bağlı sığorta şirkətlərini haqlı hesab edir. Çünki bəzi hallarda rəsmi servislər «zəmanət»dən sui-istifadə edib dəyən ziyanı şişirdirlər: «Tərcübəmdə belə halla qarşılaşmışam. Məsələn, «Mazda Servis» 6 min manat ziyan dəyən avtomobilə 19 min manat təmir xərci hesablamışdı». /fins.az/

Milyonçudan MTN-lə bağlı şok açıqlamalar: Əsas adamlar çöldədir...

Azərbaycanlı milyonçu, şair Gülağa Tənha MTN işi ilə bağlı maraqlı faktlar açıqlayıb.  AzNews.az xəbər verir ki, o, Eldar Mahmudovun əleyhinə ifadə verən şəxslərin saxtakar olduğunu, vaxtilə E.Mahmudova “işləyən”, onun “nökər”i olduqlarını iddia edib.
“Guya, Eldar Mahmudovun törətdiyi cinayətlər haqqında baş prokurorluğa ərizə yazırlar, izahat verirlər, haqq-ədalət tələb edirlər. Onların çoxu nəinki Eldar Mahmudovun, hətta Akif Covdarovdan qəbulana düşmək üçün növbəyə dayanırdılar. Yazılan ərizələrin hansı şəxslər tərəfindən təqdim olunduğunu biləndə şoka düşdüm. Demək olar ki, ərizə yazanların bir çoxu şübhəli, qeyri-qanuni bizneslə məşğul olanlar, ya da MTN-in əməkdaşları ilə birgə millətə “atan”lar idi… Belələrini el arasında agentlər- iş verənlər adlandırırlar”- deyə, biznesmen vurğulayıb.
G.Tənha belə şikayətçilərdən birinin general Akif Çovdarovun agenti “Akula” Akifin adamı olduğunu vurğulayıb: “Həmin agent Akif Çovdarovla və onun agenti “Akula” Akiflə birgə qeyrətli, vicdanlı insanlara, uzun illər xaricdə yaşayan, özlərinə ad-san qazanan, Vətənin adını uca tutan oğullarımıza, Azərbaycana gəldiyi vaxt şər-böhtan atmaqla pul qazanırdılar. Xaricdə pul qazanıb Bakıya gələn pullu oğullarımıza torba tikən nökərlərdən bir neçəsi bu gün öz ağalarından şikayət edirlər… Çox qəribə mənzərədir! Nökərin nökəri ağadan şikayət edir. Həmin nökərlərdən birini yaxşi tanıyıram”.
Gülağa Tənha həmin şəxslərin “işləmə prinsipləri” ilə bağlı da maraqlı faktlar açıqlayıb. Bildirib ki, iş adamlarını soymaq üçün MTN-in əməkdaşları əvvəlcə onlarla dostluq edirmiş, bir süfrə arxasında oturub, hətta hesabı da özləri verirmiş. Vaxt tapan kimi iş adamının cibinə və yaxud çantasına narkotik atırmış. Restoranı tərk etmək istəyən “qurban” isə çıxışda Akif Çovdarovun “qoçu”ları ilə rastlaşırmış və 1 milyon dollar verməsi tələb olunurmuş. Həmin 1 milyonun da 10 faizi iş adamının cibinə narkotik atan şəxsə verilirmiş.
Gülağa Tənha iddia edir ki, son belə hadisə 2015-ci ilin oktyabr ayının 13-də baş verib. O, hələ bir neçə il əvvəl MTN-də baş verən qanunsuzluqlarla bağlı məmurlara xəbərdarlıq etdiyini, lakin onun sözünə heç bir əhəmiyyət vermədiklərini bildirib.
İş adamı 2 il əvvəl SƏS TV-yə verdiyi müsahibədə MTN-in “biznes club”a çevrildiyini də deyib.

“MTN zabitləri ölüləri də soyurmuş” – Həmid Herisçinin növbəti sensasion reportajı

Həmid Herisçi

Gəncədəki xudmani, sakit otellərin birində tək oturmuşdum. Hiss edirdim ki, dəhlizə açılan qapının arxasında kimsə var. Əlimi silaha uzatdığım vaxt cib telefonuma xaricdən, çox-çox uzaqlardan zəng gəldi. 
Eşitdiklərimə təəccübləndim.
– Həmid bəy?
– Özüdü ki, var.
– Təcili olaraq qaldığınız oteli tərk edin. Özünüzü elə aparın ki, guya heç nə baş verməyib. Həyatınız təhlükə altındadır.
Dedektiv kinofilmlərin ritmi, surəti qəfildən bax bu cür həyatıma sıçradı. Hərəkətlərim əvvəlcədən ölçülü-biçiliydi sanki. Astaca pəncərəni aralayıb eyvana adladım. Su navalçlarından ehtiyatla sallana-sallana aşağı düşdüm. İki-üç dəqiqədən sonra məni artıq bu ünvanda kimsə aşkarlaya bilməzdi…
Qəribə əhvalat idi lap…
Kinoya oxşayırdı…
***
Dedektiv kino qəhrəmanına çevrilməyimdə, düzü, əslində təəccüblü heç nə axtarmayın. Neçə vaxtır ki, özümə əziyyət verərək yeni telelayihəm üzərində işləyirdim. Mövzum həmişəki kimi lap ağlasığmazdı.
Azərbaycandakı xəzinə-dəfinələri aşkarlamaq, tədqiq etmək azarı mənə bir an belə dinclik vermirdi. Gecəni gündüzümə qatmışdım. Yeməyi-içməyi lap unutmuşdum az qala. Bilgisayarımda ayrıca sarı qovluq açmışdım. Bu sahədə eşitdiyim, bildiyim müxtəlif məlumatları yığmışdım ora. Qovluq günü-gündən şişirdi.
Ancaq, tək mən deyildim bu sahədə gecəmi-gündüzümə qatan.
Bir başqa mənfi qüvvələr də sanki yarışa, rəqabətə girişmişdilər mən yazıqla. Hara gedirdim, hansı uzaq ünvana özümü çatdırırdım, hə, görürdüm ki, bax bu yad, qorxulu qüvvələr ya məni burda önləyiblər, yaxud məndən sonra ora gəlib öz çirkin əməllərini törədiblər. Minillik məzardaşlarını parçalayıb üyüdüblər. Qədim pirlərə necə deyərlər “ütü çəkib” yerlə bir ediblər. Məsəl üçün, Zirədəki məşhur Qələndərxana ərazisində bu göreşənlər çox gözəl qədim məzardaşlarından birini hamının gözü qarşısında param-parça etmişdilər – adamın ürəyi ağrayır indi həmin nadir abidəyə baxanda…
Gəncədəki Şah Abbas məscidinə özümüzü çox gec çatdırdıq. Bəlli oldu ki, oxşar şər qüvvələr buranı da əməlli-başlı qarət ediblər. Şah xəzinəsini qamarlayıb özləriylə aparıblar.
Günümüzə bir bax… Belə çıxırdı ki, İrakda, Suriyada qədim antik abidələrini, ziyarətgahları söküb yerində goreşənlik edən İŞİD-çilərin bir qolu elə bizim Azərbaycanda da istədiyini edir. Bir nəfər də demir onlara ki, ay balam, belə olmaz, özünüzü yığışdırın, bəsdir kənd-obalarda qədim abidələri sökdüyünüz.
Əksinə, hiss edirdim ki, bu şər qüvvələrin hakim qüvvələr arasında güclü havadarları, himayədarları mövcuddu.
Gec-tez bu iki zidd qüvvə, hardasa bir uzaq nöqtədə, bir yad yerdə görüşüb öz aralarında haq-hesab çürütməliydilər. Belə bir fürsət, şükür, axır ki, əlimə Mərəzə tərəflərdə keçdi. Qəsəbənin Seyid İbrahim ocağından xeyir-dua alıb altdan geyindim, üstən qıfıllandım. Az getdim, üz getdim, gəlib yetişdim Müşfüqabad dini icmasının sədri Süleymanov İlşad Əlseyran oğlunun hüzuruna. Onunla söhbətimiz tutdu.
Bəlli oldu ki, məni təqib edən şər qüvvələr bu yaşlı kişiyə də göz verib işıq vermirlər.
Həmin müasir göreşənlər, bayaq dediyim kimi TV-lərin göstərdiyi İŞİD-çilər kimi hərəkət edirdilər –  dağıtdıqları məzarlıqlar, pirlər, digər başqa abidələr altında ləl-cəvahirət, qır-qızıl axtarırdılar. Hərdən bəxtləri gülürdü. Belə ovlardan qənimətlə qayıdıb qazanclarını bəzi dövlət rəsmiləriylə bölüşürdülər.
İlşad qardaşımızı bu cür iblislərlə tək-tənha buraxmaq azca qeyrətimə toxundu mənim.
Mərəzənin Seyid İbrahim ocağıdan xeyir-dua alaraq İlşad kişiylə görüşə tələsdim.
Burda hər an başımıza nə desən gələ bilərdi…
Hava yağmurluydu. Kənd çayxanasında isti sobaya söykənib telefonumun nə vaxt səslənəcəyini gözləməyə başladım.
***
Axır ki, əl telefonum silkələnib titrədi. Zəngvuran kəs mənə çox qəribə bir yerdə görüş təyin etdi. Gəldim çıxdım Mərəzənin İlanlı obasındakı palçıq vulkan ərazisinə… Hə, ya mən püskürməliydim burda, yaxud arxamdakı bu yatmış təbiət möcüzəsi…
Düzü, püskürən nə mən oldum, nə arxamdakı vulkan tacı. Vulkan olub püskürən təzəcə tanış olduğum İlşad müəllimin elə təkcə özüydü.
İlşad müəllimin yerinə, vallah, kimsə bir başqası olsaydı, düşdüyü sərgüzəştlərdən mütləq başına hava gələrdi bəlkə. Təsəvvür edin, sizə səhər çağı zəng edib deyirlər “Ay aman, özünü tez çatdır bura, Mərəzənin Ceyrankeçməz qəbristanlığına. Əcdadlarına məxsus bütün məzarlar darma-dağın edilib!”. İlşad müəllim əvvəlcə qulaqlarına inanmır, tezbazar cəld hərəkət edərək başılovlu gəlir göstərilən ünvana. Gördüyü mənzərəni öz məşhər günü bilir əvvəlcə:
– Ta qədimlərdən hamının müqəddəs bildiyi məzarlıq əvvəlki halında deyildi. Burdakı 53 məzarın hamısı sökülüb dağıdılmış, eskavatorun timsah dişlərinə tuş gəlmişdi. Dağıdılmış abidələr sırasında doğma bacım Sədaqətin, qardaşım Nizaminin məzardaşları da vardı axı… Gözlərimə inanmırdım. Bir ara elə bildim ki, dünyanın axırıdı, məşhər başlayıb, məzarlardan indicə qohum-qardaşlarım, ulu babalarım, bacı-qardaşlarım durub qalxacaq. Bir an bu cür dayanıb qaldım orda. Mərhum əcdadlarımın sür-sümükləri, kəllə-qafaları ora-bura səpələnmişdi. Çox sonra özümə gəlib ətrafımdakı maşınların AZ 10 PL 636, AZ 90 SE 067, AZ 90 KX 889 dövlət nömrələrinə fikir verdim. Etirazlarıma, harayıma fikir verən olmadığını görəndə təcili olaraq 102-yə telefon açdım, faciəni bütün təfərrüatıyla, xırdalıqlarıyla təsvir edib dövlətdən, polisdən yardım umdum.
– Nəticəsi oldumu? –  ilk sualım, öz-özünə, qəfildən gəlib qondu qupquru dodaqlarım üzərinə.
– Qobustan Rayon Polis İdarəsinin rəis əvəzi Ceyhun müəllim zəng etdi az sonra mənə. İzahat yazmağımı xahiş etdi. Halım özümdə deyildi o vaxt. Həm də təcili Ukraynaya uçmalıydım deyə məsələni qoyduq sonraya. Səfərimdən elə təzəcə geri dönmüşdüm ki, Ceyhun yenidən zəng etdi mənə. Dedi bəs şad xəbər olasan, cinayətkarları aşkarlamışam. Telefonum susmaq bilmirdi o vaxt – bir də gördüm, həəə, bəs məni Anar müəllim axtarır.
– Kimdi bu Anar müəllim? – polis kimi danışmağım həm özümə təəccüblü göründü, həm də həmsöhbətimə.
– Dini Qurumlarla İş Üzrə Dövlət komitəsinin Bakı şöbəsinin rəisi. O, dedi ki, bəs, gəl kabinetimə. Getdim. Gördüm otaqda tanımadığım birisi var. Anar müəllim dedi ki, sədrin müavini Səyavuş bəy xahiş edir anlaşılmazlığı dədə-baba yoluyla həll edək. Bayaqdan bəri susub danışmayan o naməlum kəs bu vaxt arxadan gəlib məni bərk-bərk qucaqladı. Başladı hönkürtüylə ağlamağa. Dedi bəs adı Zamiqdi, qardaşı bilmədən xəta edib, bizim məzarlığı dağıdıb. Özü isə guya MTN-də işləyir. Ancaq vəsiqəsini göstərmədi.
Özümdə aşkarladığım müstəntiq istedadı, düzü mənə xoş gəlmirdi bu vaxt. İstəyirdim bu xislətimi tez dəf edib yenidən yazıçı istedadıma qayıdam. İlşad müəllimə diqqətlə qulaq asır, hadisələrin gur axarında azmamağa çalışırdım. Eşitdiklərimdən dəhşətə gəlmişdim, vallah. Arxamdakı palçıq vulkanı da deyəsən mənlə eyni hissləri paylaşırdı. İndicə partlayıb coşacaqdı elə bil.
Ancaq indi o deyil, İlşad bəydi söhbətimizin coşub partlayan vəhşi vulkanı:
– Qərara gəldik söhbətimizi hadisə yerində davam etdirək. Ancaq yoldaykən Zamiqin ürəyi sancdı nədi bilmirəm… sükan arxasına özüm keçdim. Yol boyu Zamiqin əli ürəyi üstə qaldı. Dağıdılmış məzarlığımızı bir də görəndə ağlım başımdam çıxdı az qala. Özümü yenə məşhər günündə gördüm. Bu yerdə Zamiq əlini, nəhayət, ürəyi üstündən götürdü. Dedi ki, bəs guya məzarlığı bərpa etmək istəyir indi. O vaxtlar Ceyhun müəllim də mənə dedi ki, işi dədə-baba yoluyla həll edək qurtarsın getsin. Dedim, rayon rəhbərliyi ilə görüşmədən buna cavab verə bilmərəm.
***
Xülasə, axırda Qobustan icra başçısı Adil müəllim də işə qarışır.
– Yol kənarındakı bir kafenin kabinetində başçıyla görüşdüm. Dərdimi danışdım. Dedim, qoy məzarlığı bərpa etsinlər, sonra mən müvafiq hüquq-mühafizə qurumlarına müraciət edərəm. Polisə gedib izahatımı yazdım. Sonra Zamiqlə bir də görüşdüm.
Bu zaman hadisə iştirakçıları sıralarında bir başqa mühüm şəxs – Milli Təhlükəsizlik Nazirliyinin Qobustan şöbəsi rəisi Əfqan Məmmədov da peyda olur.
İlşad bəy bunu belə təsvir edir.
– Mərəzədəki “Post QAİ” ünvanında Zamiqin gedib bir nəfər şübhəli şəxslə görüşməyi diqqətimdən qaçmadı o vaxtlar. Sonralar biz həmin şəxslə bir başqa yerdə, Mərəzədəki “Nərimanın kafesi”ndə görüşəndə bildim ki, həmin bu vacib şəxs Qobustanda MTN rəisidir.
Xülasə Ceyhun, Zamiq, Əfqan bəy… Sonralar bu heyətlə bizim İlşad bəy bir-iki dəfə də görüşür. Görüşlərin birində Zamiq hətta ona iki min manat pul da ötürür ki, bəs get yerli əhalidən fəhlə yığ, məzarlığı bərpa et və s.i. və ilaxır. İlşad bəy məbləği götürsə də, ehtiyat edərək Zamiqdən əlavə bir izahat almağı da yaxşı ki, unutmur.
– Pulu götürmək istəmirdim. Bərpa işləri guya bir-iki günə başlayıb tez də qurtarmalıydı. Ancaq deyilən tarixdə Zamiq verən telefon nömrələrinə nə qədər zəng vurdumsa, dəstəyi qaldıran olmadı. 
Nəysə, şübhlər başladı məni boğmağa. Arada bir Zamiq mənə sms ötürdü ki, bəs xəstədir. Qoy bir az səbr edim. Təzədən polis rəisi əvəzi Ceyhun bəylə zəngləşdim. Dedi, bəs axşam 10-11 radələrində gəl həmişəki kimi “Nərimanın kafesi”nə. Getdim gördüm ki, eyni heyət ordadır – Əfqan, Ceyhun, Zamiq. Söhbət zamanı bu Əfqan həmin Zamiqi kafedən qovaladı. Dedi bəs işi öz nəzarəti altına götürür. Guya tezliklə məzarlıq bərpa olacaq.
Söhbətimizi burda yarımçıq kəsdim. İlşada dedim ki, səbirli olsun, söhbətin ən dramatik məqamlarını mənə burda deyil, cinayət törənən yerdə, Mərəzənin Ceyrankeçməz məzarlığında danışsın.
İlanlı obasının bom-boz vulkan tacına son dəfə bir də baxıb həm onun səbrinə təəccübləndik, həm də öz səbrimizə. Vulkanın partlayışı görünür burda deyil, başqa ünvanda baş verməliydi.
Orda, 2015-ci ilin avqustunda, 7-dən 8-nə keçən gecə sözün əsl mənasında məşhər mənzərəsi yaşanmışdı axı.
Oturmuşdum dərə-təpələr qoynunda silkələnən qara “Mersedes”in ön cərgəsində. Sürücünün lap yanında. Gözlərimi bircə saniyə belə olsun qarşımdakı vəhşi mənzərələrdən ayırmırdım. Elə bilirdim həyat məni sürətlə məşhər gününə doğru dartıb sürükləyir.
***
Gəlib yetişdik məlum ünvana.
“Yeddi oğul istərəm” kinofilminin ilk kadrları neyçünsə gözlərim qarşısında canlandı – bayquş ulayır, qara qarğa bir ağacdan ayrılıb digərinə doğru uçur. Düzü, bu uçuşu axıracan təqib etməyə səbrim çatmadı. Ayağıma nəyəsə toxundu bu vaxt. Görüb aşkarladığımdan dəhşətə gəldim.
– Görürsüz də bu şərəfsiz əməllərin acı nəticəsini…uşaq qabırğasıdır, – İlşad bəy, kürəyimdən yapışıb məni geri dartdı. Sonra əlavə etdi:
– Bu da çanaq sümükləri…kəllə-qafalar…
Köhnə məzarlıqdan əsər-əlamət belə qalmamışdı – onu dünyadan amansızcasına silib-süpürmüşdülər.
Qədim məzardaşları da ortada yoxdu. Bilmirəm niyə, hansı səbəbə onları da aradan götürüb birdəfəlik yox etmişdilər. “MTN-çilərmi etmişdi bunu, yoxsa xalq arasında adına “vəhhabi” deyilən şər qüvvələr?” sualına belə cavab  verərdim- “hər ikisi”…
Əslində bu işbirliyi təkcə Azərbaycanda deyil, digər ölkələrdə, məsəl üçün, İraqda, Suriyada da özünü göstərir – İSİD-çilər aldıqları sifarişlər əsasında bəzi çox nadir qədim memarlıq abidələrini götürüb amansızcasına sökürlər. Ad da qoyurlar ki, bəs bu “islama ziddi”. Abidələrdən çıxan nadir əşyaları, artefaktları, qızıl, zinət əşyalarını isə götürüb ötürürlər lazımı əllərə. Qərbdəki gizli ünvanlara. 
Bəlkə də Eldar Mahmudovun evindən çıxmış o məşhur üç şüşə balonun dərinliyinə.
Suriyada, İraqda, Liviyada, həəəə, oxşar şər əməllərin törədilməyi ağlabatan idisə, Azərbaycanda bu cür cinayətlərin mövvcudluğu adamda təəccüb hissi doğururdu. Gözlərimə hələ də inana bilmirdim. İlşad bəyə tərəf tez-tez baxır, bu “möcüzələr talası”nda reallıq hissimi itirmək istəmirdim.
Ceyrankeçməz məzarlığını bircə gecəyə dağıtmış bu, belə deyək, “İŞİD” qüvvələri özbaşına deyildilər əsla –  sabiq MTN generalları ilə sıx əlaqədəydilər. Diriləri soyub talan etməklərini bir kənara qoyaq. Ölüləri də soyub talan edirmiş bu bizim İŞİD-MTN cütlüyü…
– Ölülərin, mərhumların da borcu varmış görəsən bu quldurlara? – sualımı İlşad bəy deyəsən heç eşitmədi də. Məcbur oldum sualımı özüm cavablandıram.
– Cəlil Məmmədquluzadə ruhu mələyir ey bax bu mənzərələrçün. Mələyir! Bu əclaflar lap Şeyx Nəsrullahlıq edirmişlər ki, bütün Azərbaycanda. Ölüləri qəbirlərdən durğuzurdular… Hər iki aləmi qarət edirmişlər. Həm bu, həm o dünyanı!
Söhbətimizin mücərrəd bədii axarı, deyəsən İlşad bəyə xoş gəlmədi bu dar məqamda. O, söhbətimizi real məcraya qaytardı:
– Nə Zamiqdən, nə Əfqandan səs çıxmadı sonra. Məcbur qaldım ictimaiyyət adından məktub yazıb onu müvafiq qurumlara göndərim. Həəəə….bundan sonra telefonuma gələn naməlum zənglərin sayı-hesabı kəsilmədi. Ünvanıma saysız hədə-qorxular yağdırıldı.
– Nəydi bəs bu hərbə-zorbalar? – sualımı İlşad bəy çox gec cavablandırdı. Dağılmış məzarlığa əvvəlcə bir xeylax uzun-uzadı baxdı.
– Pulu geri istədilər… Dedilər ki, səni elə hala salarıq ki, dirilərin qalar, qəbirlərdən çıxardığımız ölülərin halına ağlayar. Dörd tərəfdən böhtan atmağa başladılar ünvanıma.
– İnşallah, Allah özü cəzasını verir bütün bunların. O sən dediyin köhnə MTN rəhbərliyi artıq iş başında deyil. Dərdin, inşallah yerdə qalmaz.
– Nə bilim… təki siz deyən olsun… Əşi, bu qibləsizlərin əlindən dörd rükət namazdan savayı nə desən gələr.
İlşad bəyin son cümləsi xüsusi nidayla yaddaşıma əbədi olaraq həkk olundu bu vaxt. Cavabına xəfifcə gülümsədim bir-iki dəfə. İlşadın pələng biləklərini bir müddət əlimdən buraxmadım.
Ayrıldıq dinməzcə.
***
Sabiq MTN rəhbərliyinin bütün Azərbaycan ərazisində qurduğu bu əməliyyatın şərti adını gəlin indi “Məşhər günü” qoyaq.
Kim bilir, bəlkə bu əməliyyatın həqiqi adı elə məhz beləymiş?

http://realmedia.az/mtn-zabitl%C9%99ri-olul%C9%99ri-d%C9%99-soyurmus-h%C9%99mid-heriscinin-novb%C9%99ti-sensasion-reportaji/