25.12.2012

Bəzi quşları daha gözəl oxumaq üçün kor edirlər

"Bəzi quşları daha gözəl oxumaq üçün kor edirlər"Dalğa Xatınoğlu

Aristotel deyirdi ki, xoşbəxtlik bilikdədir. Hazırda belə bir fikirlə razılaşanların sayı yox səviyyəsindədir. Səbəb Aristotelın fikrinin əksinin sübut olunduğu deyil. Sadəcə, insanlıq olduqca təhrif olunub. Bugünkü insanın həyatında həqiqətin yerini həmrəylik, missiyanın yerini isə vəzifə tutub.
Bugünkü insan ən uzağı işgüzar insan ola bilər, beləliklə, individual istedada malik olanlar da kütlənin və sistemin qulluğunda olmalıdır, yəni yeni sistem yaratmaq deyil, məhz mövcud sistemə qulluq borcunu yerinə yetirməli, əks halda təcrid olunmalıdır.
Tribunalardan sel kimi insanın üstünə hücum çəkən məlumatın əksər hallarda hətta yaşayışa çevrilmə qabiliyyəti də yoxdur.

Əlbəttə ki, milyonlarla tirajda nəşr olunan kitablar, medialar və "incəsənət məhsulları" bacardıqca gündəlik həyat narkomanlarının mürgülü zövqünə rəng qatmağa çalışır, özü də ən bayağı şəkildə!
Həqiqət, xoşbəxtlik, ruhi dinclik və missiya kimi dərin və möhtəşəm anlayışlar, öyüd-nəsihət janrında, yəni tərbiyənin ən aşağı səviyyəsində işgüzar və xadimlər ordusuna təqdim olunur. Demək, sistemin mirzələri dünyaya çeşidli pəncərə açmağa çalışırlar.
Bu pəncərələrin azad insanı qane etməsinə kifayət edəcəyini düşünmək belə gülüncdür. Azad insana nə zindan, nə də zindanın pəncərəsi lazımdır. Azad insana həqiqət axtarışı yolunda dəmir əlcək, dəmir başmaq və dəmir iradə lazimdir. Bunları istehsal edən varmı? Dünyada hansı qurum belə şeylər istehsal edir?

Nəsihət, ədəbiyyat-fəlsəfənin ən dayaz janrı

Bu gün öyüd-nəsihət janrında, yəni ədəbi-fəlsəfi janrların ən alçaq səviyyəsi, milyon tirajlarla nəşr olunan kitablarda mirzələr kifayət qədər dayaz arqumentlərlə "Necə şən yaşayaq?", "İşimizdə necə uğur qazanaq?", "Necə varlanaq?", "Necə hörmətimiz artsın?", "Necə sevgili tapaq?" və bu kimi suallara cavab verməyə çalışırlar. Məqsəd isə insan deyil, əslində, insanı mövcud sistemə daha artıq uyğunlaşdırmaq və sistemə verəcəyi səmərəsini artırmaqdır. Burada insanın fərdi həyatında dəyişiklik yaratmaq və onu azadlığa qovuşdurmaq məqsədi qətiyyən yoxdur. Bu təskinlik reseptinin qayəsi gündəlik məişətə alışmış yaralı insanları ağrı çəkmədən həyata və xidmətə davam etməyə təşviq etməkdir.
Bazara çevrilmiş toplum, robot insan və bu iki təhrif olunmuş fenomen arasında əlaqə yaradan sistem...
"Xoşbəxtlik bilikdədir" ideyası artıq bu sistemdə mənasını itirir. Xoşbəxtlik birbaşa həyata bağlıdır, hazırkı sistematik biliklər və tərbiyə metodlarının isə həyata çevrilmə qabiliyyəti yoxdur, əksinə kifayət qədər həyata ziddir.
SS-lərin əsiri olmuş yəhudi alim Viktor Frankl deyirdi ki, "məna dərdi sakitləşdirir", yəni dərdin səbəbini tapanda ona dözmək asanlaşır. İnsan dərd üzündən çox, dərdin səbəbini başa düşməməkdən əziyyət çəkir. "Nə üçün yaşayıram və qayəm nədən ibarətdir" sualı insanın instinktindədir. Sistem ya səmimi şəkildə insanlara imkan verməlidir ki, özləri buna cavab tapsınlar, ya da öyüd-nəsihət janrında yayılan saxta əsərlərin tirajını hər gün artırmalıdır. Bir zaman "ölməz və möhtəşəm" əsərlərin yaradılmasını qarşısına məqsəd qoyan incəsənət bu gün alver rəqabətində birinci olmaq, reytinq, həmrəylik və ən uzağı ağcaqanad ömrü qədər davam edən yeni moda yaratmağa çalışır.

İstehlak üzrə qurulmuş mövcud sistem:

Mövcud sistemi dərk etmək üçün mənəvi-insani dəyərləri çox da araşdırmaq lazım deyil, məişətdəki reallıqlar sistemin necə xəstə olduğunu göstərməyə kifayətdir:
- Tibb və dərmanla bağlı peşəkar jurnal "The Lancet"in iki həftə öncə yaydığı statistikaya görə, son 20 ildə köklükdən ölənlərin sayı qida azlığından ölənlərdən üç dəfə artıqdır.
- Maliyyə Stabilliyi Şurasının noyabr ayında yaydığı məlumata görə, 2011-ci ildə kölgə bank sisteminin həcmi 67 trilyon dollara çatıb, bu rəqəm təxminən bütün dünya ölkələrinin ÜDM-nə bərabərdir.
Hazırda dünyada 17 300 nüvə silahı var. Bu qədər nüvə silahı yaşadığımız planeti dəfələrlə məhv etmə qabiliyyətindədir.
"Tax Judice Netwok"un iyun ayında yaydığı məlumata görə, dünyanın ən zəngin adamları 2010-cu ildə vergilərdən yayınmaq məqsədilə 21 trilyon dollara yaxın pulu ofşor hesablarda gizlədiblər.
Mən heç qlobal istiləşmə və iqlim pozuntusuna və minlərlə digər faciələrə toxunmuram... Belə ədalətsiz və təhrifedici sistemdə mənəvi həyata vurulan zərbələr daha ağırdır. Əlbəttə ki, həmin sistemin ömrü tarix miqyasında bir göz qırpımı qədərdir, ancaq bunun mənəvi və insanların həyatına, düşüncəsinə və tərbiyəsinə vuracağı zərbə daha ağır olacaq.

Mükafat məsələsi

Nobel sülh mükafatının 2009-cu ildə Barak Obamaya hələ onun ilk prezidentlik dövrünün əvvəlində verilməsi sülh məsələsinə nə dərəcədə qeyri-ciddi yanaşmağın kiçik bir nümunəsidir. 1973-cü ildə daha təəccüblü hadisə ABŞ-ın dövlət katibi Henri Kissincer ilə vyetnamlı həmkarına birlikdə Vyetnam müharibəsinin dayandırılması üçün Nobel mühafatı verilməsi oldu, halbuki mükafatın təqdimatı zamanı müharibə davam edirdi və iki il də artıq davam etdi.
Bir neçə gün əvvəl 2010-cu ildə Oskar mükafatına layiq görülmüş Ketrin Bigelounun "The Hurt Locker" ("Fırtınalar hökmdarı") kinosuna bir də baxdım. Mina zərərləşdirən bir Don Kixot, qarşısında isə bədəvi İraq xalqı - övladlarının qarnına bomba yerləşdirən xalq!
Bu qədər təhrifedici, qeyri-səmimi və məzmunsuz...
Həmin sistemin nihilizm və anarxizmlə bağlı təhrifedici cəhdlərinə nümunə kimi baxaq: Sistemin tribunaları, yəni kitablar, media proqramları və s. nihilizm və anarxizmə qarşı kəskin hücumlar və təhriflər var. Nihilizmi puçluq, anarxizmi isə hərc-mərc, qanunsuzluq kimi qələmə verirlər. Mənim bu məktəblərin haqlı və ya haqsız olduqları ilə işim yoxdur, sadəcə, sistemlə yoldaşlıq etməyən fikirlərin necə təhrif olunduğunu göstərmək istəyirəm.
Fridrix Nitsşe - nihilizmin qabarıq carçısı! Onun fikrincə, dünyadakı fenomenlər öz-özlüyündə heç bir məna daşımır, biz onlara məna yaradırıq.
Noam Çomskinin fikrincə, anarxizm sistemdə yerləşən hər bir təbəqədən tələb edir ki, sistemə həqiqətən lazimlı olduqlarını sübut etsinlər. Əlbəttə ki, bu yanaşmaların hər ikisi mövcud sistemin əleyhinə olduğu üçün hərtərəfli təhrif olunur.

az.trend.az

Комментариев нет:

Отправить комментарий