27.12.2012

Ən böyük düşmənimiz mənəm-mənəmlik…

Oktay Hacımusalı

Həyatımızı çətinləşdirən nə varsa çox vaxt onları arzulayırıq… Keçib gedən zamana baxıb, arxada qoyduuğumuz müvəffəqiyyətlərimizi qiymətləndirmək, onlarla qürur duymaqdansa gələcəyin qeyri-müəyyən inadları və əsəbləri ilə boğuşuruq. Həmişə «daha çox»un arxasında qaça-qaça, bu gün olduğumuz yerin dəyərini bilmirik. «Gözəl insanların, gözəl atlara minib getdiyi» günlərin pərişanlığı içərisində hələ də qovruluruq. Sağa-sola vururuq özümüzü… Ən maraqlı jurnalların keçmişdə nəşr olunduğunu, ən qiymətli kitabların keçmişdə yazıldığını, ən yaxşı şeirləri yazan şairlərin artıq dünyadan köçdüyünü, ən mərd kişilərin artıq bu gün yaşamadığını düşünmək dünəndən ilhamlanıb dizayn etdiyimiz bu günün qısırlığını, sonsuzluğunu yaşadır bizə, çünki bu gün biz, özümüzün də fərqində deyilik heç… Çıxmaz dalana dirəndiyimiz ən çətin anlarda rahatlıqla imtina edirik hər şeydən … Məsələn nələrdən?
Sevməkdən, düşünməkdən, danışmaqdan, yazmaqdan, anlamaqdan… İçdən içə qaralmağa başladığımız yerdən ümidsizlik başlayır, dözümsüzlük başlayır, bədbəxtlik başlayır… «Dünən qaldı dünəndə, atam, indi təzə nəsə demək lazımdır» — deyəndə, «dünən elə dünəndir»i hesaba qatmırdı usta … Dünən yaranan dəyərlərin üstündə yeni nələrisə inşa etmək idi onun fikri… O, elə düşünür və bizlərə də bu təlqin etməyə çalışırdı… ***Əvvəl özümüzə mane oluruq … Özümüzə əngəl yaratdığımız andan etibarən eyni zamanda bizimlə birlikdə eyni qədəri yaşayan insanların müvəffəqiyyətlərini məhdudlaşdırmış, hətta onların uğurlarının qarşısını almış oluruq. Hamının şeirə, romana, sənətə, musiqiyə, düşüncəyə, hikmətə düşmən olduğu bir dövrdə, düşmənlərimizin işlərini bir az da asanlaşdırır; düşdüyümüz gülünc vəziyyət onların bizə qəhqəhə çəkərək gülməyinə şərait yaradır. Çünki, etdiyimiz səhvləri ənənə halına gətirdiyimiz üçün ümidimizi sabahlara bağlayırıq. Belə davam etdiyimiz təqdirdə sabahımızın da, elə bu günümüzə bənzəyəcəyimizi düşünmürük… ***Gözəl iş görənləri alqışlamırıq, çünki qısqanırıq … Beynimizdəki «yaxşı», yalnız bizə aid bir «yaxşılıq»dırsa, o zaman əhəmiyyətli və qiymətlidir. Müvəffəqiyyət, əgər bizimdirsə o zaman onu qeyd etmək olar… Mütləq müvəffəqiyyətə, mütləq gözələ və mütləq doğru gedən yoldakı bütün maneələri hiyləylə keçirik və sonunda utanıb-sıxılmadan mükafata layiq olduğumuz qənaətinə gəlib özümüzü cəngavər elan edirik… Başqalarını yəni namusu, çalışqanlığı, səviyyəsi ilə əsər ortaya qoyanları da «axmaq» adlandırırıq… Görürsünüz, necə ağıllıyıq!…***Nə qədər ki, yoldakı maneələri aradan qaldırıb arxamızca gələnlərin işini asanlaşdırmırıq, «ideal sabah» düşüncələrimiz ancaq elə düşüncə olaraq qalacaq … Nə qədər ki, biz olmayanda bizi əvəz edəcək insanları yetişdirmirik, unudulub gedəcəyik. Eynilə yer üzündəki minlərlə qəbiristanlıqda yatan milyardlarla bizdən yaşayıb ölən insanlar kimi … Elə isə, hər gün, hər saat, hər dəqiqə ayağımızı hara basdığımıza fikir verməliyik, diqqət göstərməliyik. Ola bilər ki, ayağımızın altında bir banan qabığı olsun, ayağımız sürüşsün. Amma diqqət etsəniz, ayağınızın altında qalacaq banan qabığından sürüşüb yıxılmaqdan həm siz, həm də sizdən sonra gələcəklər də xilas olacaq… Onda gəlin fikir verək?!…

Комментариев нет:

Отправить комментарий