Başqa nə ola bilər axı
Elə, düz görmüsən,
sən gördüyündü.
Elə körpəlikdən qəm içindəyəm-
anamın laylası gözü yaşlıydı
görmürsən, büsbütün nəm içindəyəm?
Başqa nə ola bilər axı,
mən tanrı sevgisinə sığınammadım.
Mənim sevdiklərim sevmir ki məni-
əlindən tutmağa kimsəm qalmayıb
əlimdən tutanlar gör nə qədərdi.
Başqa, ürəyinə heç nə gəlməsin
mən bu məmləkətin qara daşıyam.
Doğma bildiklərim məndən küsməsin
bir isti ocaq yox küncdə, bucaqda
yansın korun-korun məni isitsin-
mən acı rüzgarla qarşı-qarşıyam.
Nəfəsi bəsimdi balalarımın
adı üstümdədir qardaşlarımın,
adını dilimim ucunda gördüm
məni tanımayan doğmalarımın.
Tüprsəm, adları sürüşüb düşər
dilimin ucundan ayağım alta
özləri yanımdan uzaqlaşarlar
bu qədər yaxında olan tanışlar
təzə doğmalarla qucaqlaşarlar.
Elə sən deyəndi, sən gördüyündü,
içirəm dərdimi şərab əvəzi
dizimi əlimlə qucaqlayıram
yoxdur ürəyimin başqa həvəsi.
Içmək istəyirəm sabaha kimi,
anamın gözünün yaşını hər gün
ixtiyar yaşında əli qoynunda
dayanıb qardaşdan, bacıdan küskün-
yolumu gözləyir, əli qoynunda.
Əlinin qabarı bax, ürəyimin
damarı kimidir, qarma-qarışıq
mən uşaq vaxtından istiqanlıyam
qəmlə anlaşırıq, doğmalaşırıq-
dərd mənə doğmadı qəm içindəyəm,
anamın laylası məni ağladıb,
görmürsən büsbütün nəm içindəyəm?!
Комментариев нет:
Отправить комментарий