10.12.2012

XƏBƏR ALSAN BU VİLANIN ƏHVALIN...

Elnur Nəhmətov

- Görmə! – Baş üstə, yumaram gözlərim.
- Dinmə! – Mütiyəm, kəsərəm sözlərim.
- Bir söz eşitmə! – Qulağım bağlaram.
- Gülmə! – Pəkey, şamu səhər ağlaram.
- Qanma! – Bacarmam! Məni məzur tut,
Boyləcə təklifi-məhalı unut! 

                                                        M.Ə.Sabir

Bu  həyat nifrətə layiqdir. Gözüaçıq olmasaq, fırıldaqçılar öz  bildiklərini  edəcək  və  sən  bir   gün  məhv   olduğunu  görəcəksən. Sabaha  ümid  bağlayaraq həyatımızda  mühüm  yeniliklərin  olacağını  səbirsizliklə  gözləmək  böyük sadəlövhlükdür.

Yaranışdan  bəri   dünyada  baş verənləri  təhlil  edərək  bu  qərara  gəlmək  olur. Dünyaca  məşhur  yazar və şairləri  əsərlərinə  nəzər  saldıqda  açıq-aşkar  görmək  olur  ki, düşündüyümüz “xoşbəxtlər  ölkəsi”  heç vaxt  mövcud  olmayıb.
XII əsrdə dahi  Nizaminin  özünə   müəllim  saydığı  Ə.Xaqani zalımlara  qarşı  etiraz  səsini qaldırdı  və  ömrünün  bir  hissəsini  zindanda  keçirdi:

 Biz  ədl  sarayıykən  zülm  ilə  xərab  olduq,
 Zalımlar  olan  qəsrə  gör  neyləyəcək  dövran! 

Nizami  ədalətli  idarəetmə  arzulaya – arzulaya  bu dünyadan   köçdü.
Nəsimi  əsələrində  dünyagirlikdən  qaçmağa  çağırdı. Sonda  dərisini  soydular. 
Füzuli “Şikayətnamə”-sində rüşvət  sindromunu  açıq-aşkar göstərərək  hakimiyyətin  üzünə  tüpürüb. Faydası olmayıb...
Ömrü kef-damaq içərisində  keçən  M.P. Vaqif   belə  dövranı lənətləyir:

 Mən  cahan  mülkündə  mütləq  doğru  halət  görmədim,
 Hər  nə  gördüm, əyri  gördüm, özgə  babət  görmədim

Dövlətin  idarə  olunması,xalq  və insan  taleyi  A.Bakıxanov  yaradıcılığında  ciddi şəkildə  tənqid olunur:

Şah  bir  etsə zülmü,onun  xadimləri  yüz  edər,
Ölkənin  hər  iqtidarı, rövnəqi  əldən  gedər.

M.F.Axundov  “Aldanmış kəvakib” lə zülmə  etirazın ən  mükəmməl  nümunəsini  yaratdı.
Zadəgan  nəslindən  olan  Dante  “İlahi  komediya”da  göstərir ki,dövlət  xalqın  varlı  təbəqəsinə aiddir,sosial  bərabərlik  yaratmaq  böyük  maneələrdən  keçir.
İngilis  yazarı  Cefri  Coserin  XIV əsrdə  yazdığı  “Quşlar  parlamenti”   dövlətin  himayəsində  yaşayan  parlamentin  yarıtmazlığını ,heç  bir  işə  yarımadığını,xalq  üçün  heç  nə  etmədiyini  açıqlayır.
Bu siyahını  sonsuzluğadək  uzatmaq  olar.
Məqaləyə  başlıq  kimi  seçilən  cümlənin  müəllifi  Q.B.Zakir cəmiyyətdəki  hər  növ yaramazlığın səbəbini dövlət məmurlarının çirkli əməllərində,
rüşvətxorluğunda  görür:

Həddən aşıb  bu vilada  şərarət,
Hər  kim  hər  iş  görsə, puluna  minnət.
Mu  qədər  yoxdur  ədlü  ədalət,
Və  lakin  şöhrəti-bicaya  bir  bax.

Yox! Heç  kimdə  günah  yox...
Ömrümüzü  yaşayaq, hər  şey  yaxşı  olacaq.
Füzuli  rəhmətlik yaşadı, yaratdı. Dərd  boyda  ağrısını  dırnağı ilə qoparıb  tulladı:

Kuhikən  künd  eyləmiş  min  tişəni  bir  dağilən,
Mən  qoparıb  atmışam,min   dağı  bir  dırnağilən.

(tərcüməsi-Dağçapan  bir  dağı  yarana  kimi min  dənə  külüng  zay  etdiyi  halda, mən bəndəniz  ürəyimdəki  min  dərdi  bir  dırnağımla  qoparıb  atmışam)
Bizə  nə  olub  bəs?
Hər  şeyi  ürəyimizə  salıb  dərd  etməyək, həyatımızı  yaşayaq.
Övladımızın  bir  təbəssümünə  belə dəyməz  bu  dərd.

Комментариев нет:

Отправить комментарий