22.05.2021

AVRASİYA HƏRƏKATININ PROQRAMI. 2-Cİ HİSSƏ: AVRASİYAÇILIĞIN 7 MƏNASI

1.ANLAYIŞIN EVOLYUSİYASI

“AVRASİYAÇILIQ” TERMİNİ MƏNASINI DƏYİŞİR. Müəyyən terminlər həddindən artıq çox işləndiyindən öz ilkin mənalarını, tarixi məzmunlarını itirirlər. “Sosializm”, “kapitalizm”, “demokratiya”, “faşizm” kimi anlayışlar fundamental məzmun eroziyasına məruz qalıblar. Hazırda mənaların təhrifi olunması onların həddindən artıq sıx istifadə edilməsindən irəli gəlir. Anlayışların bayağılaşması onları mənasızlaşdırır.
“Avrasiyaçılıq”, “Avrasiya” anlayışlarında da müəyyən qeyri-dəqiqlik var. Ancaq tamamilə başqa səbəbdən. Bu terminlər çox yeni olduqlarından o qədər də çeynənməyiblər. Onlar yenicə formalaşan və tətbiq olunan siyasi dilə mənsubdurlar, formalaşma mərhələsinə yenicə qədəm qoyan intellektual kontekstə aiddirlər. “Avrasiyaçılıq” termini canlıdır, o hansısa ciddi şəkildə uydurulmuş gerçəkliyi deyil, fəal dinamik prosesi əks etdirir. Tarixi və intellektual təcrübənin gedişində öz ciddi mənasına yenicə qovuşur, odur ki bu məna hələ açıqdır və daim dəqiqləşməyə, inkişafa, dərinləşməyə ehtiyac duyur.
AVRASİYAÇILIQ FƏLSƏFİ GÜC KİMİ. Avrasiyaçılıq bəşəriyyətin siyasi, ideoloji, dünyagörüş, etnik və dini tarixinin fundamental baxımdan yenidən dəyərləndirilməsinin nəticəsidir. Avrasiyaçılıq ənənəvi standartları və ümumi ştampları aşan təsnifatların və kateqoriyaların novator-yaradıcı sistemini irəli sürür. Avrasiyaçılıq öz yaradıcı intuisiyasından çıxış edərək, başqa dünyagörüşləri müəyyənləşdirmək əzmindədir, odur ki, kənardan verilən sərt xarakteristikalardan yayınmağa çalışır.
Müasir avrasiyaçılığı iki dövrə bölmək olar: 20-ci əsrin əvvəllərində rüs mühacirləri (Trubetskoy, Savitski, Alekseyev, Suvçinski, İlyin, Blomberq, Xara-Davan və b.) arasında yayılan klassik avrasiyaçılıq mərhələsi və aradan təxminən yarım əsr keçdikdən sonra yalnız Lev Qumilyovun tarixi əsərləri ilə tamamlanan yeni avrasiyaçılığın meydana çıxması (80-ci illərin ikinci yarısı və indiki dövr).
KLASSİK AVRASİYAÇILIQDAN YENİ AVRASİYAÇILIĞA. Klassik avrasiyaçılıq, şübhəsiz, keçmişə aiddir və 20-ci əsrin ideologiyalar muzeyi çərçivəsində ciddi təsnif və düzgün təsvir olunmalıdır. Əgər klassiklərin intuisiyalarına yeni aktuallıq, yeni məna, yeni miqyas və yeni məzmin verən neoavrasiyaçılıq olmasaydı, bu hadisə ideoloji arxeologiyanın fraqmenti olaraq qalardı. Klassik avrasiyaçılıq yeni avrasiyaçılıqda yenidən doğdu və bununla “keçmişin” dar çərçivələrini tərk etdi. O yeni həyata qədəm qoyduqdan sonra göründüyü qədər aydın olmadı, yeni gizli potensial, yeni cəhətlər qazandı.  
Beləliklə, bütün avrasiyaçılıq ideyası neoavrasiyaçılıq vasitəsilə tam olaraq yeni müstəviyə çıxdı.
Bu gün artıq neoavrasiyaçılıq ideyasının keçdiyi çox böyük yolu görməmək mümkün deyil, odur ki bu hadisəni tam olaraq müasir kontekstdə dərk etməyə çalışmaq lazımdır.
Bundan sonra haqqında danışdığımız anlayışın müxtəlif aspektlərini təsvir etməyə çalışacağıq.

2.AVRASİYAÇILIQ PLANETAR TREND KİMİ (ALTERQLOBALLAŞMA)

QLOBALLAŞMA- MÜASİRLİYİN BAŞLICA MƏZMUNUDUR. Tam qlobal mənada avrasiyaçılıq və konsept olaraq Avrasiya, coğrafi mənada Avrasiya materikinə sərt şəkildə bağlı deyil. Avrasiyaçılıq qloballaşmanın obyektivliyini və müvafiq olaraq milli dövlətlər (Etat-Nations) epoxasına son verilməsini etiraf edən planetar strategiyadır. Lakin avrasiyaçılıq bununla yanaşı qloballaşmanın keyfiyyətcə fərqli və orijinal ssenarisini təklif edir. Avrasiyaçılıq birqütblü dünya və vahid dünya hakimiyyəti olan vahid dünya dövləti deyil, bir neçə qlobal zona- qütblər varinantını irəli sürür. Bu variant- çoxqütblü qloballaşmadır.
QLOBALLAŞMA PARADİQMASI – ATLANTİZM PARADİQMASIDIR. Qloballaşma mövcud dünyanın başlıca və fundomental prosesidir, o müasir tarixin əsas vektorunu təşkil edir.
Bu gün milli dövlətçilik quruluşu qlobal modelə keçir; biz vahid unifikasiyalı inzibati-iqtisadi sistemi olacaq planetar dövlətin yaranması astanasındayıq.
Lakin nəhəng dünyamızı təşkil edən bütün xalqların, dövlətlərin, sosial istiqamətlərin, siniflərin və iqtisadi modellərin qəflətən, hansısa sehrli çubuğun hərəkəti ilə öz aralarında aktiv şəkildə, vahid planetar məntiq əsasında qarşılıqlı fəaliyyətə başlayacağını düşünmək düzgün deyil. Bu, yanlışdır.
Qloballaşma bu gün çatdırıldığı və sızdırıldığı kimi, birölçülü, birplanlı, biryönlü hadisədir, spesifik Qərb (anqlo-sakson, amerikan) sivilizasiyası tərzinin universallaşdırılmasıdır. Bu, müxtəlif sosial-siyasi, etnik, dini, konfessional, milli-dövlət quruluşlarının, sosial-iqtisadi aspektlərin (bəzən zorla, süni yolla) vahid şablona salınması, (əsassız olaraq) universal sayılan vahid modelin qəbul etdirilməsidir. Qloballaşma amerikan sistemində öz pik nöqtəsinə çatmış Qərbi Avropanın tarixi trendidir. Qloballaşma atlantik paradiqmanın zorla qəbul etdirilməsidir.
Qloballaşma atlantizmin mütləqləşdirilməsi olsa da, bu cür birmənalı təyinatdan qaçmağa çalışır. Qloballaşma nəzəriyyəçilərinin fikrincə, atlantizm qloballaşanda və böyük alternativi olmayanda, müəyyən mənada “atlantizm” olmağı dayandırır. Amerikalı politoloq F. Fukuyama bunu “tarixin sonu” adlandırır ki, bu həm də “geopolitik tarixin sonu”, atlantizmlə avrasiyaçılıq arasındakı duelin finalı deməkdir (onun geopolitik düşüncəsinə görə). Ancaq indiki halda bu, “atlantizmin qələbəsini” və “dünyanın yenidən qurulmasını” (“yeni dünya nizamı”) nəzərdə tutur. Orda heç bir müxalifət olmayacaq. Buna görə də, atlantizm ikiqütblü sistemin bir qütbü kimi də yox, bundan sonra bütün dünya ərazisini öz ətrafında təşkilatlandıran yeganə qütb kimi nəzərdə tutulur (deməli, onun təbiəti həqiqətən bir qədər dəyişir). Qloballaşmanın arxitekturası iki qütb (Şərq-Qərb, yaxud Şimal-Cənub kəsiyinin iki ucu) arasındakı gərginlikdən mərkəz-əyalət modelinə keçir (burda mərkəz Qərb, “varlı Şimal”, “qızıl milyard”, əyalət isə yerdə qalanlardır). “Yeni dünya nizamının” bu arxitekturasında avrasiyaçlılıq total şəkildə inkar olunur.
BİRQÜTBLÜ QLOBALİZMİN (SUBYEKTİV LAYİHƏ KİMİ) ALTERNATİVİ OLA BİLƏR. Lakin “yeni dünya nizamı” layihədən, plandan, trenddən o yana keçmir. O çox ciddi və əzəmətlidir, ancaq qətiyyən labüd deyil. Qloballaşma tərəfdarları alternativi, gələcəyin fərqli layihəsinin mümkünlüyünü belə, rədd edirlər. Ancaq dünyada getdikcə möhkəmlənən nəhəng bir əks istiqamət – antiqlobalizm də mövcuddur. Avrasiyaçılıq da öz total təyinatı etibarilə elə birqütblü qloballaşmanın əleyhdarlarını inteqrasiya edən və yaradıcı formada ortalığa çıxan proyektdir. Avrasiyaçılıq birqütblü qloballaşmanı təkcə inkar etmir, o alternativ irəli sürür, daha əsaslı çoxqütblü qloballaşma və ya alterqloballaşma layihəsini təklif edir.
AVRASİYAÇILIQ POLİVERSUM (QLOBAL SİYASİ ALTERNATİV) KİMİ. Avrasiyaçılıq sərt “mərkəz-əyalət” modelinə əsaslanan dünya strukturunu rədd edərək, onun yerinə yarımavtonom və bir-birinə münasibətdə açıq olan “böyük məkanlar” bürcündən ibarət planet qoyur. Bu məkanlar ayrı-ayrı milli dövlətlər deyil, kontinental federasiyalar halında yenidən qurulmuş dövlət birlikləri, yüksək dərəcədə daxili avtonomiyaya malik özünəməxsus “demokratik imperiyalar” olmalıdır. Bu kontinental federasiyaların hər biri öz-özlüyündə mürəkkəb etnik, mədəni, konfessional və inzibati vahidlər sisteminə malik olmaqla çoxqütblüdür.
Bu (daha qlobal) mənada avrasiyaçılıq dünyanın bütün sakinlərinə açıqdır- o doğum və yaşayış yerindən, milliyətindən və vətəndaşlığından asılı olmayaraq istənilən insan üçün fikir platformasına çevrilə bilər. Deməli, avrasiyaçılıq süni şəkildə sırınan birqütblü klişeyə alternativ olaraq gələcəyi seçmək üçün ümumbəşəri imkana çevrilir. Avrasiyaçılıq sadəcə status-kvonu, yaxud keçmişi qorumağa çalışmır, dünya nizamının radikal dəyişikliklərinin obyektiv olaraq yetişdiyini, milli dövlətlərin və modern industrial cəmiyyətlərinin öz tarixi potensiallarını tükətdiyini görərək, gələcəyə cəsarətlə baxır, bununla belə hesab edir ki, liberal-demokratik sistem və qlobal bazar əsasında vahid “dünya dövlətinin” yaranması yeni şəraitdə bəşər övladının yeganə çıxış və inkişaf yolu deyil.
21-ci əsrdə avrasiyaçılıq ən qlobal mənada alterqloballaşma layihəsinə sadiqlik, “çoxqütblü dünya”nın sinonimidir.
ATLANTİZMİN UNİVERSALLIĞINDAN İMTİNA. Avrasiyaçılıq atlantizmin və amerikanizmin universallığını, onun totallıq və ümumi vəzifə hüququnu qəti surətdə rədd edir. Qərbi Avropa və Amerika sivilizasiyasının təqlid olunmağa və fəxr etməyə layiq çox sayda cəlbedici cizgiləri və aspektləri vardır, ancaq bütövlükdə onlar məhz öz tarixi konktestlərində digər sivilizasiya və sistemlərlə yanaşı yaşamaq hüququna malik lokal dəyər və mədəniyyət sistemləridir. Avrasiyaçılıq bundan çıxış edərək, yalnız antiatlantik dəyər sistemini deyil, dəyərlər strukturunun rəngarəngliyini, ABŞ və atlantizm üçün də müəyyən mənada layiqli yeri olan (ancaq hökmən digər heç də az layiqli olmayan sivilizasiyalarla bərabər) “poliversum”u da müdafiə edir.
Avrasiyaçılıq təkcə bir sivilizasiyanı deyil, hamını müdafiə edir: həm tarixən Avtasiya materikinin geniş torpaqlarında, həm də digər qitələrdə – Amerikada, Afrikada, Sakit Okean regionunda və başqa yerlərdə formalaşanları.
AVRASİYAÇILIQ QLOBAL İNQİLABİ KONSEPT KİMİ. Avrasiyaçılıq planetar trend səviyyəsində qlobal inqilabi sivilizasiya konseptidir və tədricən dəqiqləşərək yeni qarşılıqlı anlayış dünyagörüşü və atlantik qloballaşmadan imtina edən müxtəlif güclərin, dövlətlərin, xalqların, mədəniyyətlərin, konfessiyaların geniş konqlomeratının əməkdaşlıq platforması olmaq əzmindədir.
Bütün dünyada ən müxtəlif güclərin – siyasətçilərin, filosofların, intellektualların bəyanatlarını diqqətlə oxusaq, əmin olarıq ki, avrasiyaçılar böyük əksəriyyəti təşkil edir. Bir çox xalqların, cəmiyyətlərin, konfessiyaların və dövlətlərin mentaliteti avrasiyaçı mentalitetidir və hətta onlar özləri bunu anlamasalar da belə.
Bizə sırınan “tarixin sonu” ilə razılaşmayan müxtəlif mədəniyyətlərin, dinlərin, konfessiyaların və ölkələrin çoxluğu haqqında düşünəndə bizdə ruh yüksəkliyi yaranır. 21-ci əsrdə isə birqütblü dünya qurulması ilə bağlı amerikan strateji təhlükəsizlik konsepsiyasının reallaşması riskinin ciddiliyi kəskin şəkildə artacaq.
Avrasiyaçılıq birqütblü qloballaşma yolunda bütün təbii və süni, obyektiv və subyektiv maneələrin həm də sadə inkardan pozitiv layihəyə, yaradıcı alternativə qədər yüksəlmiş toplusudur. Bu maneələr hələ ki pərakəndə və xaotik haldadır və qlobalistlər onların öhdəsindən ayrı-ayrılıqda gəlirlər. Ancaq onları inteqrasiya edən, bütövləşdirən, planetar xarakterli ardıcıl dünyagörüşü halında birləşdirən kimi, avrasiyaçılığın bütün dünyada qələbə şansı tamamilə ciddiləşəcək.

3.AVRASİYAÇILIQ KÖHNƏ DÜNYA (QİTƏ) KİMİ

YENİ DÜNYA KÖHNƏ DÜNYANIN BƏHRƏSİ KİMİ. “Avrasiyaçılıq” termininin ikinci, daha konkret və dar mənasını “Köhnə Dünya” adlanan anlayışa tətbiq edək. Bir qayda olaraq Avropaya aid edilən “Köhnə Dünya” məfhumuna qat-qat geniş baxmaq olar. O dialektik taleyin tarixi və coğrafi ümumiliyi ilə bir-birinə bağlı xalqların, dövlətlərin, mədəniyyətlərin, etnosların və konfessiyaların məskunlaşdığı nəhəng bir multi-sivilizasiya məkanıdır.
Köhnə Dünya adətən Yeni Dünyaya- Amerika materikinə qarşı qoyulur, hansını ki, avropalılar kəşf etdilər və modern Avropa layihələrini, İntibah dövrünü ifadə edən süni sivilizasiya quruluşu platformasına çevrilib. Yeni Dünya bir sivilizasiya kimi praktiki olaraq boş yerdə qurulub: Amerikanın yerli əhalisi ya mahiyyətcə insan sayılmayıb, ya qırılıb, ya da rezervasiyaya göndərilib. İstənilən halda, Amerika cəmiyyəti süni lekallar üzərində qurulub, tarixi köklər Atlantik okeanının duzlu suları ilə yuyulub. Tarix Köhnə Dünyada qalıb. Yeni Dünyada süni, rafinə olunmuş “modern sivilizasiya” formalaşıb.
“Yeni Dünya”nın matrisası Köhnə Dünya – Qərbi Avropa olsa da, o öz inkişafının müəyyən konkret mərhələsində “ideal cəmiyyət” süni layihəsini işləyib-hazırladı; əsasən də İngiltərə, İrlandiya və Fransa arealında. Almaniyanın və Şərqi Avropanın Amerika cəmiyyətinin strukturuna təsiri cüzi və fraqmentar oldu. Burda söhbət ilk növbədə Şimali Amerikadan, bir az da konkretləşdirsək, ABŞ-dan gedir. Çünki ispanların və portuqalların istila etdiyi Cənubi və Mərkəzi Amerika bütövlükdə Köhnə Dünyanın adi əyaləti olaraq qaldılar. Təkcə ABŞ-da qeyri-adi, sırf müasir sivilizasiya qurulması eksperimenti tam və açıq şəkildə baş tutdu.
O. Şpenqlerin terminlərində “Köhnə Dünya” ilə “Yeni Dünya” arasındakı dualizmi “mədəniyyət” və “sivilizasiya”, “təbii” və “süni”, “tarixi” və “texniki” cütlüklərlə uzlaşdırmaq olar.
YENİ DÜNYA VƏ ONUN MESSİANİZMİ. Öz inkişafının müəyyən mərhələsində Qərbi Avropanın konkret tarixi məhsulu olan Yeni Dünya, İntibah dövrünün liberal-demokratik ideallarının ifrat protestant esxatologiyası ilə ayrılmaz şəkildə çulğalaşdığı “messian” təyinatını erkən anladı. Həmin messianlıq “Manifest Destiny”, “Aşkar Tale” nəzəriyyəsi adını alıb və bir çox amerikan nəsillərinin etiqadının simvolu olub. Bu nəzəriyyəyə görə, Amerika sivilizasiyası Köhnə Dünyanın bütün mədəniyyət və sivilizasiyalarına qalib gəlib və bundan sonra planetin digər xalqlarına qəbul etdiriləsi universal normadır.
“Yeni Dünya”nın bu cür messianlığı tədricən aşkar şəkildə təkcə Şərq və Asiya mədəniyyətlərinin əleyhinə işləməklə kifayətlənməyib, özünü “laboratoriya cəmiyyəti” qarşısında arxaik, xürafatlarla və köhnəlmiş ənənələrlə dolu görünən Avropaya qarşı da qoydu.
Beləcə, Yeni Dünya yavaş-yavaş Köhnə Dünyanın mirasından azad oldu və İkinci Dünya müharibəsindən sonra Avropanın özündə şəksiz və şəriksiz lider kimi, “son instansiyadakı həqiqət meyarı” kimi çıxış etməyə başladı. Bu, təbii ki etiraz dalğasına səbəb oldu və Avropada okeanın o tayındakı “böyük qardaşın” kobud strateji, iqtisadi və siyasi nəzarətindən geopolitik qurtuluş layihəsi yetişməyə başladı.
MATERİKİN İNTEQRASİYASI. 20-ci əsrdə Avropa özünəməxsus mahiyyətini dərk etdi və yavaş-yavaş öz dövlətlərinin bütün məkana suverenlik, müstəqillik, təhlükəsizlik və azadlıq təmin etməyə qadir Vahid Birlikdə inteqrasiyasına doğru irəlilədi.
Avropa Birliyinin yaradılması Avropanın tarixə qayıdışı məsələsində çox böyük dönüş nöqtəsi oldu. Bu, “Köhnə Dünya”nın “Yeni Dünya”nın çox böyük iddilarına cavabı idi. Əgər ABŞ və Qərbi Avropa (ABŞ-ın dominantlığı ilə) alyansını Avropanın inkişafının atlantik vektoru kimi nəzərdən keçirsək, onda Avropa dövlətlərinin inteqrasiyasını da kontinental ölkələrin üstünlüyü ilə (Fransa-Almaniya) Avropaya xas avrasiyaçılıq saymaq olar.
Əgər Avropanın geopolitik olaraq Atlantik okeanından Urala (Şarl De Qoll), ya da Vladivostoka qədər uzanması haqda nəzəriyyəni hesaba alsaq, məsələ daha da aydınlaşar. Başqa sözlə, Rusiyanın ucsuz-bucaqsız ərazisi də tam şəkildə inteqrasiya olunası Köhnə Dünyaya daxildir.
Beləliklə, avrasiyaçılıq bu kontekstdə Avrasiya materikinin şimalının- Avropa tarixinin beşiyi sayılan, bir-birinə sıx bağlı xalqların və mədəniyyətlərin matrisası kimi dərk olunan hissəsinin strateji, geopolitik, iqtisadi inteqrasiyası kimi də müəyyən oluna bilər. 
Amma Rusiya özü (elə bir çox avropalıların əcdadları da) mühüm dərəcədə türk-monqol dünyası, Qafqaz xalqları ilə bağlı olduğundan, Rusiya vasitəsilə (paralel olaraq həm də Türkiyə vasitəsilə) inteqrasiya olunan Avropa, Köhnə Dünya kimi artıq tam olaraq Avrasiyaya daxildir; və indiki halda yalnız simvolik deyil, həm də coğrafi mənada. Burda “avrasiyaçılığı” “qitəçilik” ilə də sinonimləşdirmək olar.
Son əsrlər Böyük Avropanın birləşdirilməsi ideyası Avropa elitasının inqilabi kəsimindən qaynaqlanır. Qədimdə buna bənzər bir şeyi Makedoniyalı İsgəndər Avrasiya torpaqlarının inteqrasiyası vasitəsilə etmək istəyib. Ən böyük dünya səltənətinin yaradıcısı Çingizxan da buna cəhd edib. 

4.AVRASİYAÇILIQ MERİDİAN ÜZRƏ İNTEQRASİYA ETMİŞ ÜÇ “BÖYÜK MƏKAN” KİMİ

ÜÇ AVRASİYA ZOLAĞI (MERİDİONAL ZONALAR). Növbəti səviyyədə inteqrasiyanın üfüqi vektoruna şaquli vektor əlavə olunur.
Dünyanın gələcəyinin Avrasiya planı planetimizin şimaldan cənuba uzanan dörd şaquli zolağa, yaxud meridional zonalara bölünməsini nəzərdə tutur. Hər iki Amerika materiki bütövlükdə ABŞ-a orientasiya olunmuş vahid məkandır və amerikanlar ora bir zamanlar qəbul etdikləri “Monro doktrinası” çərçivəsində nəzarət edirlər. Bu əsas etibarilə atlantik meridian zonasıdır.
Qalan üç meridian zonasını Avrasiyaya aid etmək olar. Bunlara aşağıdakılar aiddir:
-Avropa Birliyinin mərkəzi funksiyasına tabe olan Avro-Afrika;
-Rusiya-Orta Asiya zonası;
-Sakit Okean zonası. 
Bu zonalar ərazisində əməyin regional bölgüsü baş verir, inkişaf ocaqları və yüksəliş koridorları öz aralarında qarşılıqlı fəaliyyət göstərirlər.  
Üç Avrasiya zonası bir-birinə münasibətdə olduğu kimi, Atlantik zonaya münasibətdə də balanslaşdırma aparır. 
Bu meridian zonaları çoxqütblü dünyanın qütbləri olaraq gələcəyin Avrasiya obrazı kimi nəzərdə tutulur.
Meridian zonaları baxımından çoxqütblülük konkret mahiyyət kəsb edir: burda qütblərin sayı ikidən artıqdır, ancaq formal suveren milli dövlətlərin sayından xeyli azdır. Avrasiya modelində öz geopolitik, strateji, iqtisadi və mədəni özünəməxsusluğunu qoruya bilən real geopolitik qütblər 4-dən az olmamalıdır.
“BÖYÜK MƏKANLAR”. Avrasiya layihəsində meridian zonaları bir neçə “böyük məkan”dan və ya “demokratik imperiya”dan ibarət nəzərdə tutulur. Hər bir “böyük məkan” müəyyən muxtariyyata və müstəqilliyə malik olsa da, strateji baxımdan meridional zonaya inteqrasiya edir. “Böyük məkanlar” təxminən “sivilizasiyaların” sərhədlərinə uyğundur və ona öz növbəsində bir neçə “dövlət”, yaxud dövlətlər bloku aiddir. 
Avro-Afrika – Avropa Birliyindən, Şimali Afrikaya və Yaxın Şərqə inteqrasiya etmiş “böyük ərəb məkanından” və “qara” (Böyük Səhradan keçən) Afrikadan ibarətdir.
Rusiya-Orta Asiya meridian zonası üç “böyük məkanın” varlığını nəzərdə tutur; bəzi hallarda bu “böyük məkanların” ciddi delimilitasiya edilmiş sərhədləri olmur, onlar bir-birinin üzərinə düşür. Birinci “böyük məkan” Rusiyadan və Avrasiya Birliyinə daxil olan bir neçə MDB ölkəsindən ibarətdir. Bundan sonra kontinental islamın “böyük məkanı” gəlir; bura Türkiyə, İran, Əfqanıstan, Pakistan aiddir. MDB-nin Asiya ölkələri bu halda “aralıq sahə” kimi çıxış edirlər.
Ən nəhayət, üçüncü “böyük məkan” müstəqil sivilizasiya sektoru olan Hindistandır.
Sakit Okean meridional zonası şimalda Çin və Yaponiyanın (iki paralel “böyük məkan”) kondominiumudur; ona İndoneziya, Malayziya, Filippin və Avstraliya (digər layihələrdə amerikan zonasına aiddir) daxildir. Bu mozaik geopolitik region müxtəlif kriteriyalar üzrə də differensiasiya oluna bilər.
Amerikan meridional zonasına Amerika-Kanada “böyük məkanından” başqa Mərkəzi Amerika və Cənubi Amerika böyük məkanları da aiddir.
“DÖRDÜNCÜ ZONANIN” VACİBLİYİ. Meridional zonalar bölgüsü ilə müəyyən dərəcədə “yeni dünya nizamı” quran və birqütblü qloballaşma xətti yürüdən atlantist geopolitiklər də razıdır. Lakin avrasiyaçılıq layihəsinin prinsipial fərqi burda Rusiya-Orta Asiya da daxil məhz 4 zolağın varlığıdır. Bu zolağın varlığı və ya olmaması dünya düzəninin şəklini tamamilə dəyişir.
Atlantik futuroloqlar zonalar üzrə bölgünü üç hissəyə ayırır: Amerika qütbü, yaxın əyalət – Avropa Birliyi (qismən Avro-Afrikaya da yer verilir), uzaq əyalət – Asiya və Sakit Okean regionu. Rusiya və Orta Asiya sahəsi xırda, parçalanmış görünür, onun ayrı-ayrı hissələri Avropa və Asiyanın regional dövlətlərinə aid edilir. Məhz “Dördüncü zona”sız birqütblü dünya mənzərəsi yaranır. Ancaq “Dördüncü zonanın” varlığını qəbul etsək, qüvvələr nisbəti tamamilə dəyişir. Məhz Rusiya-Orta Asiya meridional zolağı amerikan təzyiqini müəyyən mənada tarazlaşdırır və digər zolaqlara (Avropa və Sakit Okean) sadəcə onların əyalətləri kimi deyil, müstəqil sivilizasiya qütbü kimi çıxış etməyə imkan verir.
Məhz real çoxqütblü dünyanın, real azadlığın və müstəqilliyin, bütün meridional zolaqların və onlara daxil olan “böyük məkanların” bir-birinə münasibətdə suverenliyinin və avtonomluğunun təminatı “Dördüncü zonanın” yaradılması ilə bağlıdır!
Amerikan zolağı yalnız üç digər kontinental zolaqların birlikdə təması ilə tarazlaşdırıla bilər, onlardan hansısa birinin ayrıca götürülmüşü ilə yox. “Dördüncü Rusiya-Orta Asiya zolağının” varlığı planetar masştabda real balansın əldə olunması üçün hökmən lazımdır. Ancaq bu halda da “Dördüncü zona” hətta inteqrasiya formasında, yeni “ikiqütblü sistemin” qütblərdən birinin yerini tutmaq üçün kifayət olmayacaq. ABŞ-ın strateji baxımdan qəfildən sıçraması yalnız bütün üç meridional zolağın geopolitik əməkdaşlığı sayəsində tarazlaşdırıla bilər. 
Məhz “Dördüncü zona” layihəsi avrasiyaçılığı növbəti strateji səviyyədə reallaşdırmaq əzmindədir.

5.AVRASİYAÇILIQ RUSİYA-ORTA ASİYA İNTEQRASİYA PROSESİ KİMİ

MOSKVA-TEHRAN OXU. Keçək avrasiyaçılığın dördüncü səviyyəsinə. Bu, Rusiya-Orta Asiya meridional inteqrasiyası prosesidir. Burada əsas və mərkəzi rolu Moskva-Tehran oxunun qurulması oynayır.
Bütün Avrasiya inteqrasiya prosesi məhz Rusiyanın Tehranla həm uzun, həm də orta müddətli perspektivdə sıx strateji tərəfdaşlıq formatı tapa biləcəyindən asılıdır. Rusiyanın İranla iqtisadiyyat, hərbi və siyasi resurslar sahəsində potensialını birləşdirməsi meridional inteqrasiya prosesini dönməz və avtonom məcraya salmaq, digər əlavə faktorlardan asılı qoymamaq üçün kifayət edəcək. Moskva-Tehran oxunun qurulmasından başlayaraq Avrasiya layihəsi özünün konkret olaraq geopolitik skelet, “inteqrasiyanın onurğası” halına gəlir. Həm İran, həm də Rusiya öz strateji məkan modellərini təşkil etməyə qadir qüdrətli avtonom regional dövlətlərdir.
ƏFQANISTAN VƏ PAKİSTAN ÜÇÜN AVRASİYA PLANI. Rusiya-İran vektoru həm Rusiyanın isti dənizlərə yolunu açan strateji konstruksiyanın yaradılması, həm də bütün Orta Asiya regionunun (MDB-nin Asiya ölkələrinin, Əfqanıstan və Pakistan zonalarının) siyasi-dini baxımdan yenidən qurulması üçün prinsipial olaraq vacibdir.
İranın Rusiya ilə sıx əlaqələri Əfqanıstan-Pakistan məkanının həm Tehrana, həm də Moskvaya neytral-loyal olan azad islam konfederasiyasına çevrilməsinə hesablanıb. Əfqanıstan və Pakistan yeni gerçəkliyin unitar dövlətləri olaraq, Avrasiya qitəsini bölən daimi təhlükələr və qeyri-sabitlik qövsü yaradacaqlar. Yalnız bütün bu dövlətlərin yeni Mərkəzi Asiya federativ modelini yaratmaq üzrə birgə və həmrəy geopolitik təşəbbüsləri bu mürəkkəb regionu əməkdaşlıq və tərəqqi zonasına çevirəcək.
MOSKVA-DEHLİ OXU. Rusiya-Hindistan əməkdaşlığı materikimizin geniş ərazilərinin inteqrasiyası üçün ikinci çox vacib meridional oxdur. Moskva-Dehli oxundan Avrasiya ümumi kollektiv təhlükəsizlik sisteminin yaradılması üçün əməkdaşlığın güc xətti keçəcək. Bu halda mühüm olan odur ki, Moskva İslamabad ilə Dehli arasında Kəşmir məsələsi ilə bağlı gərginliyin aradan qaldırılmasında fəal iştirak etsin. 
Belə olduğu halda, sponsorluğunu Moskvanın edəcəyi Avrasiya layihəsi Hindistanın özü üçün sikhlər və müsəlmanlar da daxil geniş etnik və dini azlıq spektrinə malik hind cəmiyyətinin bütün rəngarəngliyini əks etdirən və möhkəmləndirən federativ quruluşun yaradılması formulası olacaq.
MOSKVA-ANKARA. Rusiya-Mərkəzi Asiya zolağının inteqrasiyasında ən mühüm regional tərəfdaşlardan biri Türkiyədir. Bu ölkə çoxsaylı avrasiyaçı elementlərə malikdir, orda Qərb tendensiyaları ilə Şərqin xüsusiyyətləri sıx çulğalaşıb. Türkiyə daha çox anlamağa başlayır ki, Avropa Birliyi ilə sivilizasiya fərqi var, regional maraqların spesifikası mövcuddur, suverenliyini itirmək təhlükəsi ilə bağlı qloballaşma riskinə gedir. Odur ki, Rusiya və İranın timsalında yeni strateji tərəfdaşlar axtarışı Türkiyənin imperativinə çevrilir. Türkiyə öz quruluşunu yalnız çoxqütblü dünya layihəsində qoruya bilər və türk cəmiyyətindəki müxtəlif qüvvələr – öz məntiqi yanaşması olan dünyəvi rəhbərlik, solçular, fərqli düşünən dindar dairələr, üçüncü mövqedə duran ali hərbi rəhbərlik – bunu anlamaqdadırlar. Uzunmüddətli qarşılıqlı soyuqluğa baxmayaraq, Moskva-Ankara tədricən tam ehtimal olunan geopolitik reallığa qədəm qoyur.
QAFQAZIN FUNKSİYALARI. Qafqaz regionu Avrasiya inteqrasiyasının ağrılı nöqtəsidir, çünki mədəniyyət və etnosların mozaikliyi onu yüksək gərginlik zonasına çevirə bilir və bundan da adətən Avrasiya inteqrasiya prosesini pozmaq istəyən qüvvələr istifadə edir. 
Qafqaz anklavı bəzən müxtəlif dövlətlərə, yaxud sivilizasiya sahələrinə aid xalqlarla məskunkaşıb. Bu region inteqrasiyanın laboratoriyası ola bilər, çünki Qafqaz üçün adekvat olan Federasiyanın Avrasiya modeli bütün Rusiya-Orta Asiya zonasının yenidən adekvat strukturlaşması yolunda üstünlüyünü göstərəcək. Avrasiyaçılıq nəzərində Qafqaz problemi təkmillətli (monoetnik) dövlətlərin yaradılması və ayrı-ayrı xalqların sərt şəkildə bu və ya digər dövlətlərin tərkibinə daxli edilməsi şəklində deyil, meridional zolağın ümumi strateji etno-mədəni və konfessional əlamətləri əsasında çevik federasiya yaradılmasıyla həll olunacaq.
Belə olduğu təqdirdə, inteqrasiya prosesində Moskva ilə Qafqazın mərkəzləri arasında yarımoxlar sistemi yaranır: Moskva-Bakı, Moskva-Yerevan, Moskva-Tbilisi, Moskva-Maxaçqala, Moskva-Qroznı və s.
ORTA ASİYA ÜÇÜN AVRASİYA PLANI. Orta Asiya MDB-nin yerini tutmaq əzmində olan Avrasiya Birliyi çərçivəsində Rusiya ilə vahid strateji və iqtisadi bloka inteqrasiya edir. Bu halda Orta Asiyanın funksiyası kontinental islam ölkələri ilə (İran, Pakistan, Əfqanıstan) Rusiya arasında yaxınlaşma zonası olmaqdır. Ona görə də ilk əvvəl bu meridional zolağın Orta Asiya sektoruna çoxvektorlu inteqrasiya imkanları vermək lazımdır; müəyyən parametrlər üzrə mədəni cəhətdən, iqtisadi və enereji maraqları, təhlükəsizliyin strateji sistemi və digər məsələlər baxımından yaxın Rusiya prioritet tərəfdaş kimi kimi çıxış edəcək – Türk, İran və daha geniş miqyasda İslam dünyası ilə etnik, yaxud konfessional yaxınlığa xüsusi diqqət yetiriləcək. 

6.AVRASİYAÇILIQ POSTSOVET MƏKANININ İNTEQRASİYASI KİMİ.

AVRASİYA BİRLİYİ. Avrasiyaçılığın daha dar- 20-ci əsrin 20-30-cu illərinin ilk avrasiyaçılarının bu anlayışa verdikləri məzmunla qismən səsləşən mənası postsovet məkanının lokal inteqrasiyası prosesi ilə məhdudlaşır. 
Analoji inteqrasiyanın müxtəlif formalarını tarixi kontekstdə hunların çöl imperiyasından, digər köçəri imperiyalardan (monqol, türk və hind-avropa) tutmuş Çingizxanın səltənətinə və “orda”lara qədər izləmək mümkündür. Sonra inteqrasiya funksiyasını Rusiya pravoslav monarxiyası, daha sonra isə SSRİ öz üzərinə götürdü. Dövlətçiliyin hər bu cür bir növbəti formulası konkret mərhələnin tarixi spesifikasını əks etdirdi.
Bu gün inteqrasiya ənənəsini davam etdirən Avrasiya Birliyi demokratiya prosedurunu, xalqların hüquqlarını, inteqrasiya prosesinin bütün iştirakçılarının mədəni, dil və etnik xüsusiyyətlərini nəzərə alan xüsusi dünyagörüşü modeli hazırlamışdır.
Avrasiyaçılıq qismən dar olan bu miqyasda postsovet məkanının demokratik, qeyri-zorakı və könüllü əsaslarla, hər hansı etnik və ya konfessional qrupun dominantlığına əsaslanmayan inteqrasiya fəlsəfəsi kimi də baxıla bilər.
ASTANA, BİŞKEK VƏ DÜŞƏNBƏ İNTEQRASİYANIN MÜHƏRRİKLƏRİ KİMİ. Postsovet məkanının inteqrasiyası baxımından MDB-nin müxtəlif Orta Asiya respublikaları qeyri-bərabər vəziyyətdədirlər. Bu ideyanı hamıdan fəal Qazaxıstan dəstəkləyir. Qazax xalqının lideri Nursultan Nazarbayev avrasiyaçılığın inamlı və fəal tərəfdarıdır. Qırğızıstan və Tacikistan da layihəyə eyni dərəcədə müsbət yanaşırlar, lakin Nazarbayevlə müqayisədə bu dəstəyin formatı yetərincə təşəbbüskar və möhkəm deyil.
DAŞKƏND VƏ AŞQABAD. Özbəkistan və xüsusilə də Türkmənistan Avrasiya inteqrasiyasından bir qədər məsafə saxlayırlar, yenicə əldə olunmuş milli dövlətçilikdən maksimum dərəcədə müsbət nəticələr əldə etmək istəyirlər. Lakin qlobalist layihələr aktivləşdikcə bu ölkələr dilemma qarşısında qalacaqlar: ya amerikan liberal dəyərlərinin dominantlığı ilə vahid qlobal dünyada əriyib milli dövlətçiliklərini itirməli, ya da Avrasiya Birliyi kontekstində öz milli kimliklərini qorumalıdırlar. Alternativlərin obyektiv ölçülüb-biçilməsi bu ölkələri tarixlərindən və məkan strukturlarından doğan ikinci variantı seçməyə sövq edəcək.
ZAQAFQAZİYA DÖVLƏTLƏRİ. Ermənistan daha çox ətrafındakı islam qövsünə münasibətdə Rusiyanın dəstək və dayağını axtararaq, ardıcıl olaraq Avrasiya Birliyinə meyil edir. Bakı neytral mövqedən çıxış edir, ancaq Ankaranın avrasiyaçılığa daha ardıcıl və dönməz münasibəti çox şeyi dəyişə və bu da dərhal Azərbaycanın mövqeyinə təsir edə bilər. Öz mədəni quruluşu etibarilə Azərbaycanın Rusiyaya, Qafqazın və Orta Asiyanın postsovet respublikalarına yaxınlığı dindar İrana və hətta dünyəvi Türkiyəyə yaxınlığından qat-qat çoxdur. Gürcüstan isə bir neçə səbəbdən daha çox problemlidir. Gürcü dövlətinin mozaik xarakteri yeni milli dövlət qurulması üçün ciddi problemlər yaradır – Abxaziya, Cənubi Osetiya, Acarıstan və başqaları buna ciddi etiraz edirlər. Bundan başqa, Gürcüstanın qonşu dövlətlər arasında etibarlı tərəfdaşları olmadığından, Moskva əleyhinə ABŞ və NATO-nun şəxsində balans axtarır. Bununla da məhz Gürcüstanda ümumi avrasiyaçılıq prosesinin altına daha təhlükəli strateji mina qoyulur. Situasiyanı yalnız Gürcüstanın atlantizmlə heç bir əlaqəsi olmayan, sırf dərin Avrasiya cizgiləri olan pravoslav mədəniyyəti, gürcü cəmiyyətinin ənənəvi dayaqları xilas edə bilər.
MDB-nin SLAVYAN RESPUBLİKALARI – UKRAYNA və BELARUS. Avrasiya Birliyi yaradılmasının uğuru üçün bu layihəyə Qazaxıstan və Ukraynanın yetərli dəstək verməsi zəruridir. Moskva-Astana-Kiyev yeni yaradılan qurumun bütün konstruksiyalarının sabitliyini təmin edəcək konfiqurasiyadır.
Odur ki, Kiyevin Avrasiya inteqrasiya layihəsinə cəlb olunması bütün bu təşəbbüsün birinci dərəcəli vəzifəsidir. Rusiya və Ukraynanı çox şey yaxınlaşdırır: mədəniyyət, dil, etnik ümumilik, din. Ukraynanın müstəqilliyi lap əvvəldə rusofob, dezinteqrasiya xarakteri daşıdığından, Avrasiya layihəsində məhz bu iki ölkəni yaxınlaşdıran aspektləri maksimum dilə gətirmək lazımdır.
Bu prosesdə qlobal strateji baxımdan Şərqi Avropadakı proseslərin harmonizasiyasında maraqlı olan Avropa İttifaqı ölkələri müsbət rol oynaya bilər. Moskvanın Kiyev ilə yaxınlaşmasına Avropa əleyhinə yönəlik jest kimi deyil, hər iki salvyan ölkəsinin Avropayönlü siyasətinin ifadəsi kimi baxmaq lazımdır.
Ukrayna haqqında deyilənlərin hamısı tam olaraq inteqrasiya tendensiyalarının daha qabarıq təzahür etdiyi Belarusa da aiddir. Lakin Belarusun strateji və iqtisadi statusu Avrasiya layihəsi üçün Astana və Kiyevin mövqeləri qədər vacib deyil. Bundan başqa, Moskva-Minsk oxunun digər inteqrasiya marşrutlarından daha prioritet olması müəyyən məqamlarda inteqrasiya prosesinə ziyan vura da bilər. Ona görə də, Rusiya ilə Belarusun yaxınlaşması Avrasiya prosesinin digər vektorları ilə bərabər təbii və orta ritmdə getməlidir. 

7.AVRASİYAÇILIQ XÜSUSİ DÜNYAGÖRÜŞ KİMİ

ORİJİNAL FƏLSƏFƏ. Avrasiyaçılığın son təsnifatı müəyyən dünyagörüşə, özündə orijinal tərzdə ənənəni, müasirliyi, hətta postmodern elementləri birləşdirən bəlli siyasi fəlsəfəyə tətbiq olunur. 
Avrasiyaçılığın bu fəlsəfəsi ənənəvi cəmiyyət dəyərlərinin prioritetindən doğur, texniki və sosial modernizasiyanın (mədəni köklərdən ayrılmadan) imperativlərini qəbul edir və öz ideya proqramını “postmodern” adlanan postindustrial, informasiya cəmiyyətinin şərtlərinə adaptasiya etməyə çalışır.
Postmoderndə ənənə ilə müasirlik arasında formal qarşıdurma aradan qalxır. Lakin atlantist aspektdə postmodernizm onları laqeydlik və mahiyyətin tükənməsi mövqeyindən bərabələşdirir. Avrasiyaçı postmodern isə əksinə, ənənə ilə müasirliyin alyansını yaradıcılığa və inkişafa sövq edən qurucu, optimist, enejili impuls olaraq mümkün sayır.
Avrasiyaçılıq fəlsəfəsində Maarifçilik dövrünün sıxışdırdığı reallıqlar legitim yerdə durur: bunlar din, etnos, imperiya, kult, miras və s.-dir. Eyni zamanda, moderndən də texnoloji sıçrayış, iqtisadi inkişaf, sosial ədalət, azad əmək və s. götürülür. Ziddiyyətlər aşılaraq, vahid harmoniyada qovuşur, bəşəriyyətin əbədi problemlərinin həlli üçün yeni fikirlər və qərarlar doğuran orijinal nəzəriyyəyə çevrilir.
AVRASİYAÇILIQ – AÇIQ FƏLSƏFƏDİR. Avrasiyaçılığın fəlsəfəsi – açıq fəlsəfədir, ehkamçılığın istənilən forması ona yaddır. Bu fəlsəfə çoxsaylı cərəyanlarla – dinlər tarixi, sosioloji və etnoloji kəşflər, geopolitika, iqtisadiyyat, ölkəşünaslıq, kulturologiya, strateji və politoloji tədqiqatların müxtəlif növləri və s. ilə tamamlana bilər. Bundan başqa, avrasiyaçılıq fəlsəfə olaraq hər bir konkret mədəniyyət və dil kontekstində orijinal inkişafı nəzərdə tutur: rusların avrasiyaçılığı labüd olaraq fransızların, yaxud almanların avrasiyaçılığından, türklərin avrasiyaçılığı iranlıların, ərəblərin avrasiyaçılığı çinlilərin avrasiyaçılığından fərqlənəcək və s. Bununla belə, bu fəlsəfənin əsas güc vektorları bütövlükdə dəyişməz qalacaq.
AVRASİYAÇILIĞIN MADDƏLƏRİ. Avrasiya fəlsəfəsinin əsas nişangahlarını aşağıdakı kimi sadalamaq olar:
– differensializm, dəyər sistemlərinin plüralizmi hansısa ideologiyanın (ilk növbədə amerikan liberal-demokratiyasının) məcburi dominantlığına qarşı;
– ənənəçilik ənənəvi cəmiyyətlərin mədəniyyətlərinin, doqmatlarının və ayinlərinin məhvinə qarşı;
– dövlət-dünya, dövlət-qitə milli-birjua dövlətlərinə, eləcə də “dünya hökümətinə” qarşı;
– xalqların hüququ “qızıl milyardın” hökmranlığına və “varlı Şimalın” neokolonial hegemoniyasına qarşı;
– etnos tarixin dəyəri və subyekti kimi xalqların simasızlaşdırılmasına və süni sosial-siyasi konstruksiyalarda yadlaşdırılmasına qarşı:
– sosial ədalət və zəhmət adamlarının həmrəyliyi istismara, zülmə əsaslanan qazanc və insanın insan tərəfindən alçaldılması məntiqinə qarşı.


Müəllif: Aleksandr Duqin








Tərcümə: Nadir Qocabəyli

Комментариев нет:

Отправить комментарий