26.05.2021

Bizə yazdır ayaz da

Həsən Lütfi Novruzlu

Ruhum ki, itirmişdi qərarın gilavartək,
Səsləndi xəzər duyğularım: qüssədən əl çək!

Qoşdum özümü xəzriyə, əngəlləri yıxdım,
Sahildə duruxdum, bir az ənginliyə baxdım.

Ta can qağayım zümzüməyə buldu bəhanə,
Büllur ləpələrçün oxudu dürlü təranə.

Sönməz bir od almışdım alov qüllələrindən,
Mehr ilə küləklər şəhərin seyr eləyirkən.

Gördüm iki sevdalı gəlir, əl-ələ, xürrəm,
Sevməklə sevilməkdimi qarşımda mücəssəm?

Göz yerdə, xəyal göydə qızarmış biri gültək,
Bülbül kimi şeyda biri, qəlbində min istək.

Qeyrətlə həya yan-yana canlandı gözümdə,
Baxdım o gülən çöhrələrə, güldüm özüm də.

Birdən-birə könlümcə bir ülfət ələ gəldi,
Dillənmədi dillər fəqət əllər dilə gəldi.

Duydum ki, deyirlər ikilikdən bəriyik biz,
Birlikdə süzən sevgi göyərçinləriyik biz.

Biz bir döyünən sadiq ürəklərdən əlamət,
Biz yəni könül birliyi, biz yəni səadət.

Biz göylərə yerdən açılan incə çiçəklər,
Sonsuzluğa pərvaz eləyən ülvi diləklər.

Göz şəbnəmini silməyə biz gül dərən əllər,
Riqqət yaradan, qəlb açan, üz güldürən əllər.

Bir yaz günü sahildə tutub bir-birimizdən
Açdıq sonu yox, sahili yox sevgiyə yelkən.

Vəhdətlə hərarət tapırıq gündə bir az da,
Ey Lütfi, məhəbbətlə bizə yazdır ayaz da!

Комментариев нет:

Отправить комментарий