15.12.2012

Fazil Mustafa, Rafael və Çoşqun

Salam Sarvan

Fazil Mustafa Rafael və Coşqunun qadın paltarında reklama çəkilməsinə həm də ona görə əsəbiləşməkdə ki, onlar hacı. Başıma qara əmmamə qoyub qətiyyətlə deyirəm: aktyorlar həmin reklama çadrada çəkilsəydilər, cəmiyyətdə etiraz bu səviyyədə olmayacaqdı.
Hə, qardaş canı. Bu qənaətim Əhməd Ağdamskinin damski paltarda rol oynadığına görə bıçaqlandığını QÜRURLA ifadə eləyən “Facebook” şərhlərinə də aid. Yəqin ki, bu aktyor o zaman Rafael və Coşqunun çəkildiyi reklamda olduğu kimi,  dizdən yuxarı donda olduğuna görə bıçaqlanmış. Bir az abırlı donda səhnəyə çıxsaydı, kimin nə işi vardı onunla. 
Məsələn, kəndli nənələrəmizin qırxtaxta tumanını əynimə geyib küçəyə çıxsam, əsəbi oğlanlar məni qətiyyən yortmaz, əksinə ağbirçək kimi əlimdən tutub hörmətlə yolu o üzə keçməkdə kömək eləyərlər.
Hə tooba, söhbət kişinin qadın paltarında olmasında deyil, hansı qadın paltarında olmasında. 

Desəm öldürərlər, deməsəm ölləm…
Yəni ki, igidliyi Beyrəyin qanlı köynəyində, mədəni-intellektual səviyyəsi Fatının tumanında təzahür eləyən mühitin özünəməxsus paltar fəlsəfəsi.
Bax elə buna görə də onu anıb, sonu anıb dərd eləməkdəyəm. Ki, “Azercell”də bir balaca hiyləgərlik olsaydı, Rafaellə Coşquna həmin reklama çəkilməkçün qadın donunu hərbi geyimin parçasından sifariş verərdi. Yoxdu da, yoxdu…
Olum sənə qurban, ay sarıköynək… Paltardan danışanda bir vaxtlar insanların öz ayıb yerlərini örtdüyü əncir yarpağının yada düşməməsi mümkünsüz. Ta keçib, neçə müddətdi bağrımı partladan bir sualı verəcəyəm. Görən, insanlar hansı məntiqlə, məsələn, qollarını, qulaqlarını deyil, məhz əncir yarpağıyla örtdükləri həmin yerləri ayıb yerlər hesab eləmişlər? Görən, həmin yerlərin ayıblığı nədədi axı?
Oxucunun başını bu sualla qataraq, “qaçaqmal” bir fikri də sərhəddən keçirirəm: əslində, əyindəki paltarın “jeniski” və ya “mujuskoy” olmasının dərin düşüncə qatlarındakı böyük mahiyyətə heç bir dəxli yox. Amma bu ağır söhbət.
Hərçənd lazım gəlsə, bu söhbəti istənilən “tində” xırdalamağa mən hazır.
İndi gör, nə deyirəm… Paltarın meydana çıxması insan cəmiyyətinin inkişafının ilkin mərhələrinə aid. İlk geyim heyvan dərilərindən idi axı. Diqqət, diqqət: məsələ də onda ki,  bu ilk geyimdə “qadın paltarı” və “kişi paltarı” kimi bir bölgü olmamış. Yəni qədim qadının ceyran dərisindən, qədim kişinin pələng dərisindən geyinməli olduğu bir qayda olmamış. 
Lap yəni, qədimdə dişi şirin dərisindən paltar geyən kişiləri mağaraların birində xəlvətə çəkib süngüylə yortmurdular, o vaxtın “Facebook” səhifələri olan qayaüstülərdə  təhqiramiz rəsm-şərhlər cızmırdılar.
Axx qədim insan, sən nə qədər çağdaşmışsan!
Onu deyirdim axı… Dünyanın gedişatı qarşısında paltar məsələsi bu toplumun ən həssas yeri. Başının  yalnız əxlaq məsələlərinə qarışdığı bütün tarixi boyu bu toplum bu əxlaqa yalnız hansı don geyindirmək suallarıyla girinc-giriftar. Məsələn, təkcə “qadınlarımıza şalvar geymək olar, ya yox” dartışmasına mənəviyyat tariximizin  düz otuz ili getdi.
Hələ də güzgü qarşısında dayanıb papağı başa necə qoymaq haqqında düşünməkdəyik. Məşədi İbadıq ki, Məşədi İbad.
P.S. Əziz dostum İsmayıl! Eşitdim ki, sən də Rostovda  Rafael və Coşqunun qadın paltarında reklama çəkilməsinin əxlaqımızı pozacağından təşvişə düşübsən. Qorxma, belə bir təhlükə yoxdur, rahat işinlə məşğul ol.

salamsarvan@mail.ru              teleqraf.com 

Комментариев нет:

Отправить комментарий