15.12.2012

“Anar müəllimi sevindirən odur ki...”

AYB-dən yeni açıqlamalar: “Üzvlərin sayı dəqiqləşdirilir, yeni vəsiqələr üçün sifariş verilib, tərcümə jurnalının çapı bərpa oluna bilər”

“Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayının 2013-cü ilin aprel ayına qədər keçirilməsi nəzərdə tutulur. Ola bilsin, tədbirin tarixi fevral və ya mart ayına təsadüf eləsin”. Azərbaycan Yazıçılar Birliyi (AYB) mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu “Gündəlik Teleqraf”a açıqlamasında belə deyib.
Qurultaya hazırlıqdan söz açan Ədalət Əsgəroğlu bildirib ki, bölgə filiallarında bəzi görüşlər keçirilməsi, qurultay nümayəndələrinin seçilməsi, eyni zamanda bir sıra texniki işlər qalıb: “Bunlar tamamlanınca qurultayın vaxtı dəqiq təyin olunacaq. Qurultaya hazırlıq işinin demək olar çox hissəsi görülüb, qalan 20 faizlik işi də başa çatdıracağıq”.

Qurultay nümayəndələrinin müəyyənləşdirilməsinə gəlincə, AYB təmsilçisinin sözlərinə görə, nümayəndələr həm birliyin mərkəzi təşkilatında, həm də filiallarda seçiləcək: “Bilirsiniz ki, Yazıçılar Birliyinin üzvlərinin sayı 1400-ü keçir. Bütün üzvlərin qurultaya qatılması qeyri-mümkün məsələdir. Ona görə də qurultayda uzağı 400-500-ə yaxın nümayəndə iştirak edəcək. Tədbirdə bir sıra nüfuzlu qonaqların da iştirakı nəzərdə tutulub. Qonaqlarla birgə hesaba alsaq, tədbirimizə haradasa 600-700 yaxın insanın qatılması gözlənilir”.
Ədalət Əsgəroğlu qurultaya qədər AYB-yə yeni üzvlərin qəbul edilməyəcəyini vurğulayıb: “Birliyə qəbul məsələsi bir çoxlarını maraqlandıran məsələdir. Ona görə də qeyd edim ki, üzvlüyə qəbul prosesi ancaq və ancaq qurultaydan sonra işə düşəcək. Hazırda olsa-olsa, sənədlərin qəbulu aparılır. Yaradıcılıq nümunələri, müəllifin kitabları ekspertlərə təqdim olunur, onlar da oxuyub fikirlərini bildirəcəklər”.
Hazırda AYB-də bir sıra texniki-təşkilati məsələlərin öz həllini gözlədiyini deyən Ədalət Əsgəroğlu əlavə edib ki, ilk növbədə AYB üzvlərinin sayı dəqiqləşdirilməlidir: “Bununla yanaşı, ödənməyən üzvlük haqları toplanmalıdır. Üzvlük vəsiqələrinin də dəyişdirilməsinə start veriləcək. Artıq təzə vəsiqələr sifariş olunub, texniki işlər davam etdirilir. Bütün texniki-təşkilati işlər başa çatdırılmalı, qurultaya hesabatda yer alan faktlar, rəqəmlər dürüst olmalıdır”.
Yeri gəlmişkən, Ədalət Əsgəroğlu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovun büdcədən maliyyələşən ədəbi qurumlarda yazıçılara ödənilən qonorarın artırılması ilə bağlı səsləndirdiyi fikirlərə Yazıçılar Birliyinin də qatıldığı və onun fikirlərini dəstəklədiyini söyləyib: “AYB ictimai-yaradıcı  qurumdur. Burada cəmləşənlərin hamısı yaradıcı insanlardır. Onların maddi təminatı təbii ki, hər birimizin ürəyincə olardı. Biz buna beş əlli səs veririk. Qaldı ki, Yazıçılar Birliyinin məsələyə fəal münasibət bildirməməsinə, deyim ki, elə Nizami Cəfərov da bu birliyin üzvüdür. Onun səsi hamımızın səsi sayılır”.
Ədalət Əsgəroğlu yeni ildə AYB-nin mətbu orqanlarında gözlənilən yeniliklərə toxunarkən deyib ki, bu barədə ətraflı danışmaq fikrində deyil: “Hər şey zamanında bəlli olsa yaxşıdır. Çox istəyərik ədəbi qəzet və jurnalların büdcəsində artım olsun. Maliyyə qıtlığı ucbatından nəşri dayandırılan “Dünya ədəbiyyatı”nın təkrar çapına ehtiyac var. Bir çox yazarlar, mən özüm də orada çap olunurduq. Bir sözlə, Səlim Babullaoğlunun rəhbərlik etdiyi bu dərginin yenidən çapını düşünürük.
Bununla belə, əsas yeniliklər yəqin ki, qurultaydan sonra baş verəcək. Qurultayın ardınca hər şey aydınlaşacaq. Ona görə də qurultayı gözləmək lazımdır. Ədəbi prosesin daha da zənginləşməsi üçün hər kəs, eyni zamanda Azərbaycan Yazıçılar Birliyi də öz üzərinə düşən vəzifələri yerinə yetirməlidir”.
Birliyin mətbuat xidmətinin rəhbəri bu yaxınlarda AYB sədri Anarın saytlardan birinə verdiyi müsahibənin doğurduğu rezonansa, müsbət-mənfi dəyərləndirmələrə də münasibət bildirib: “Kimsə ədəbiyyatın inkişafı naminə müəyyən bir əxlaqi dəyər ölçülərini də nəzərə almaqla irəli durur, Anar müəllimə əl uzadırsa, niyə onun əli sıxılmasın?.. İkinci tərəfdən, fikirləşmirəm ki, Yazıçılar Birliyinin rəhbəri, xalq yazıçısı Anar burda nədəsə uduza bilər. Anar müəllimi də sevindirən odur ki, gənclər müəyyən mənada ədəbiyyatın mənafeyi baxımından addımlar atırlar. Bizə nə lazımdır? Təbii ki, ədəbiyyatın inkişafı. Ədəbiyyat inkişaf etsin və bu inkişafı müəyyənləşdirən nəsillər arası birlik təmin olunsun. Hamı çəkici bir yerə vursun. Gənclər dəstəbazlığa meyl etməsinlər, ədəbi müstəvidə şou yaratmasınlar.
Məni və başqalarını Anar müəllimin yanında görmək istəməyən yazarlar anlamırlar ki, bura bizim iş yerimizdir. Mən burdan maaş alır, ailə dolandırıram. İşimi bəyənməyən adamlar mənə iş yeri göstərsinlər və aldığım maaşdan 10 faiz aşağı maaş təklif eləsinlər, gedim orada işləyim. Təki məni görəndə onların kefi korlanmasın”.

Könül Səid

Комментариев нет:

Отправить комментарий