20.06.2021

AVRASİYA HƏRƏKATININ PROQRAMI. 6-Cİ HİSSƏ: AVRASİYAÇILIĞIN MƏRHƏLƏLƏRİ


20-Cİ ƏSRİN 10-30-CU İLLƏRİNDƏ AVRASİYAÇILIQ HƏRƏKATININ QISA TARİXİ. Avrasiyaçılıq rus mühacirətinin ilk dalğasına məxsus ideya və ictimai-siyasi cərəyanıdır ki, Rus mədəniyyəti konsepsiyasını qeyri-Avropa fenomeni kimi özündə birləşdirir. Rus mədəniyyətinə qeyri-Avropa fenomeni ona görə xasdır ki, bu mədəniyyət dünya mədəniyyətləri sırasında Qərb və Şərq cizgilərini unikal şəkildə özündə toplayıb, ona görə də həm Qərbə, həm də Şərqə məxsusdur, eyni zamanda heç birinə aid deyil.
Bu cərəyanın tərəfdarları rus və dünya mədəniyyət və tarixinin “ən son”, metafizik problemlərinə açıq ifadə etdikləri maraqlarına baxmayaraq, mücərrəd düşüncəli mütəfəkkirlər deyildilər və fəlsəfəyə (mədəniyyət və tarixə) olduğu qədər, konkret humanitar biliyin müxtəlif sahələrinə də meyil göstərirdilər.
Beləliklə, avrasiyaçılığın yaradıcıları bunlardır:
–Knyaz N.S. Trubetskoy (1890-1938), filoloq və linqvist, R.O. Yakobsonla birlikdə Paris Linqvistik Dərnəyinin əsasını qoyub;
–P.N. Savitski (1895-1965), coğrafiyaçı, iqtisadçı;
–P.P. Suvçinski (1892-1985), musiqişünas, ədəbiyyat və musiqi tənqidçisi;
–Q.V. Florovski (1893-1979), mədəniyyət tarixçisi, ilahiyyatçı və patroloq;
–Q.V. Vernadski (1877-1973), tarixçi və geopolitik;
–N.N. Alekseyev, hüquqşünas və politoloq, cəmiyyət və fikir tarixçisi;
–V.N. İlyin, mədəniyyət tarixçisi, ədəbiyyatşünas və ilahiyyatçı.
O cümlədən, ilkin dövrdə avrasiyaçılığa mədəniyyət tarixçisi, filoloq, ədəbiyyatşünas Bitsilli, publisist knyaz D. Svyatopolk-Mirski, tarxçi Erenjen Xara-Davan da qoşulmuşdular.
“Klassik” avrasiyaçılığın (1921-1929) burda adı çəkilən hər bir nümayəndəsi öz konkret mədəni-tarixi materialına və təcrübəsinə (mədəni-tarixi, coğrafi, siyasi-hüquqi, filoloji, etnoqrafik, sənətşünaslıq və s.) əsaslanaraq təhlil və ümumiləşdirmə aparmış, mədəniyyət fəlsəfəsi problematikasına, eyni zamanda, rus və dünya tarixi və mədəniyyətindəki Şərqlə Qərbin dialektikası ilə bağlı tarix fəlsəfəsinə müraciət etmişlər.
“Avrasiya” terminini elmə Humbolt gətirmişdir; alim bununla Köhnə Dünyanın bütün ərazisini – Avropa və Asiyanı nəzərdə tuturdu. Rus dilinə onu coğrafiyaçı V.İ. Lamanski (1833-1914) salmışdır.
Avrasiyaçılar “ümumi Avropalaşdırma kabusuna” qarşı mübarizəyə çağırır, “Avropa əsarətindən qurtulmağı” tələb edirdilər. “Biz romano-german aləminin öz mədəniyyəti ilə birlikdə qəddar düşmənimiz olması fikrinə adət etməliyik”, – 1920-ci ildə Sofiyada nəşr olunan”Avropa və Bəşəriyyət” proqram kitabında N. Trubetskoy aydın və birmənalı şəkildə yazırdı. 
20-ci illərin ortalarında avrasiyaçıların liderlərindən biri Pyotr Savitski Avrasiya ideoloji platforması bazasında Sovet Rusiyasında gizli iş görməyə yönəlmiş siyasi təşkilat yaratmağa cəhd edir. Savitski QPU-nun (Dövlət Siyasi İdarəsi) “Trest Əməliyyatına” cəlb olunur (Çekistlər SSRİ-də Avrasiya prinsiplərinə əsaslanan gizli çoxşaxəli antibolşevik təşkilatının mövcudluğu görüntüsü yaratmışdılar). Savitski bir neçə dəfə SSRİ-yə gizli səfər edir. “Trestin” iflası avrasiyaçılığın siyasi təşkilatlanması ideyasına ciddi uzunmüddətli zərbə vurur.
1926-cı ildə Parisdə çıxmağa başlayan “Avrasiya” qəzetində hərəkatın bolşevik istiqaməti açıq-aşkar görünür. Digər tərəfdən, ata baniləri (xüsusən Savitskinin özünü və Alekseyevi) birləşdirən Paris Dərnəyi getdikcə daha çox mühafizəkar mövqeyə meyillənir.
Avrasiyaçılığın başlıca dəyəri həm orijinal, həm də rus tarixinin və dövlətçiliyinin dərin ənənələrinə daxilən doğma olan ideyalarda idi. Avrasiyaçılıq rus mədəniyyətinə sadəcə Avropa mədəniyyətinin bir hissəsi kimi yox, özü üçün həm Qərbin, həm də Şərqin təcrübəsini seçən tamamilə müstəqil sivilizasiya kimi baxırdı. Bu baxımdan rus xalqını nə avropalılara, nə də asiyalılara aid etmək mümkündür – o tamamilə özünəməxsus Avrasiya etnik xüsusiyyətinə malikdir. Rus mədəniyyətinin və dövlətçiliyinin bu orijinallığı (eyni zamanda Avropa və Asiya elementlərinin olması) elə Rusiyanın xüsusi tarixi yolunu, onun Qərbi Avropa ənənəsi ilə üst-üstə düşməyən milli dövlət proqramını müəyyən edir. Yeri gəlmişkən, Asiya kökləri Rusiyaya daxilən Avropa köklərindən daha yaxındır. Avrasiyaçılar Rusiyanın Şərq orientasiyasını hər şeydən öncə geopolitik sfera ilə bağlayır, onu dini sahəyə aid etmirdilər. Onlar, P.N. Savitskinin yazdığı kimi, əsl “pravoslav insanlar” olaraq qalırdılar; onlar üçün “Pravoslav kilsəsi yollarına işıq salan çıraqdır”.
Avrasiyaçılıq parçalanmağa başlayır və 30-cu illərin ortalarına doğru sönür. Sol avrasiyaçılar hərəkatın əzəlki orijinallığından imtina edərək  faktiki olaraq Moskvanın sözəbaxan alətinə çevrilirlər, sağlar isə diqqətlərini dar ixtisas sahələrinə – tarixə, geopolitikaya, iqtisadiyyata və s. yönəldirlər.
KLASSİK AVRASİYAÇILIĞIN ƏSAS YANAŞMALARI.
1.MƏDƏNİ (SİVİL) YANAŞMA.
a)QƏRB (AVROPA) İNSANLIĞIN ƏLEYHİNƏDİR. Romano-german sivilizasiyası prinsip və dəyərlərin xüsusi sistemini işləyib hazırlamışdır ki, onu universal sistem kimi təqdim edir. Həmin romano-german sistemini digər xalqlara və mədəniyyətlərə güc və hiylə yolu ilə sırımağa başladılar. Qərbin bəşəriyyətin digər hissəsini öz mənəvi və maddi müstəmləkəsinə çevirməsi neqativ haldır. Hər bir xalqın və hər bir mədəniyyətin öz məntiqi ilə inkişaf etməyə daxili haqqı var. Rusiya özünəməxsus bir sivilizasiyadır. O təkcə Qərbə qarşı müqavimət göstərərək öz yolunu müdafiə etməklə kifayətlənmir, həm də Yer üzünün bütün xalqlarının və ölkələrinin öz mədəni azadlıqlarını qorumasında avanqard rol oynamaq əzmindədir.
b)ROMANO-GERMAN SİVİLİZASİYASININ TƏNQİDİ. Romano-german sivilizasiyası Qərb xristianlığı (katoliklik, protestantlıq) sekulyarlığına əsaslanaraq, ilk yerə individualizmi, eqoizmi, rəqabəti, materializmi, texniki tərtəqqini, istehlak dəyərlərini, zəiflərin güclülər tərəfindən iqtisadi istimarını qoyan xüsusi postxristian sistem qurmuşdur. Bu sivilizasiya təkcə Şərqin və Üçüncü Dünyanın mədəniyyətlərini deyil, xristian aləminin qeyri-Qərb istiqamətlərini də, xüsusən Pravoslavlığı “geridəqalmış” sivilizasiyalara aid edir. Romano-german sivilizasiyası öz qlobal hüququnu mənəvi əzəməti ilə deyil, kobud maddi gücü ilə əsaslandırır; başqa xalqların mənəviyyatını yalnız öz “zəkasının” üstünlüyü haqda təsəvvürləri prizmasından qiymətləndirir (“rasionalizm”). Romano-german sivilizasiyası Maarifçilik dövründən başlayaraq, ümumiyyətlə açıq “allahsızlıq” yolu tutub, ənənələri və Tanrıya itaəti insan lovğalığı, onun tərifinin göylərə qaldırılması ilə əvəz etmişdir. Bu sivilizasiya ağır xəstədir, daxili böhran içərisindədir, onun maddi uğurları mənəvi eybəcərliyini və tənəzzülünü ört-basdır edir. Onun təsirinin dünyanın digər hissələrinə yayılması mənəvi epidemiya dalğasına bərabərdir. Romano-german sivilizasiyası özünün müstəmləkəçi-imperialist ifadəsiylə (başqa yanaşmanı o tarixən tanımır da) bəşəriyyətə təhlükədir və sivilizasiyanın bütün digər modellərinə ziddir, çünki onlara mövcud olmaq haqqı tanımaqdan imtina edir. 
2.MƏKAN AMİLİ.
a)YERİNDƏ İNKİŞAF NƏZƏRİYYƏSİ. Coğrafi məkan xalqların mədəniyyətinə və milli tarixinə çox böyük (bəzən həlledici) təsir göstərir. Hər bir xalq müəyyən coğrafi mühitdə inkişaf edərək özünün milli, etik, hüquqi, dil, ayin, təsərrüfat və siyasət formalarını işləyib hazırlayır. Xalqın və ya dövlətin “inkişafının” baş verdiyi “yer” həmin “inkişafın” trayektoriyasını və mahiyyətini xeyli dərəcədə qabaqcadan müəyyən edir. O dərəcəyə qədər ki, onlar bir-birindən ayrılmaz olur. Tarixi yerli şərtlərdən qoparmaq olmaz və sivilizasiyanın təhlili təkcə zaman oxuyla deyil (“əvvəl”, “sonra”, “inkişaf etmiş” millətlər, “inkişaf etməmiş” millətlər və s.), həm də məkan oxuyla (“şərq”, “qərb”, “səhralar”, “dağlar” və s.) aparılmalıdır. İnkişafın universal modeli yoxdur; Yer landşaftının müxtəlifliyi çoxçeşidli mədəniyyətlər doğurur ki, onlardan hər birinin öz dövrü, öz daxili kriteriyaları, öz məntiqi var. Heç bir inkişaf məkanının başqaları üçün etalon olmaq iddiası irəli sürmək haqqı yoxdur. Hər bir xalqın öz inkişaf modeli, öz “vaxtı”, öz “rasionallığı” vardır ki, öz orijinal daxili meyarlarına əsasən dərk olunmalı və qiymətləndirilməlidir.
b)COĞRAFİ DETERMİNİZM. Avropanın iqlimi, onun məkanlarının kiçikliyi, landşaftlarının təsiri spesifik Avropa sivilizasiyası doğurub ki, burda meşələrin (Şimali Avropa) və sahillərin (Aralıq dənizi) təsiri üstündür. Başqa landşaftlar fərqli tip sivilizasiyalar doğurublar: çöl massivləri – köçəri imperiyaları (skiflərdən türklərə qədər), səhra – ərəb (islam) sivilizasiyasını, dənəvər torpaqlar – Çin sivilizasiyasını, yüksək ada dağları – yapon sivilizasiyasını, meşə və çölün qovuşması – rus-Avrasiya sivilizasiyasını ərsəyə gətirib. Lanfşaftın izi bu sivilizasiyaların hər birində var, onu heç vaxt aradan qaldırmaq və yox etmək mümkün deyil. 
3.DÖVLƏT VƏ MİLLƏT.
a)NEOSLAVYANOFİLLİK. 19-cu əsrin ilk rus slavyanofilləri (Xomyakov, Aksakov, Kireyevski) israr edirdilər ki, rus (slavyan, pravoslav) sivilizasiyası unikal və özünəməxsusdur. Onun bir tərəfdən Qərb, digər tərəfdən liberal modernizm (yenə Qərbdən gələn) qarşısında özünü qoruyub-saxlamağa, möhkəmlətməyə ehtiyacı var. Slavyanofillər ənənələrin dəyərini, qədimliyin əzəmətini, rus ulularına sevgini təsdiqləyir, proqresin mənfi tərəflərini, materializmin və nihilizmin dalana dirəndiyini, Qərb modelinin bir çox aspektlərinin Rusiya üçün yad olduğunu göstərirdilər. Sonrakı slavyanofillər (Danilevski, Leontyev, “Avrasiya” anlayışını elmi ədəbiyyata gətirən V.İ. Lamanski) hesab edirdilər ki, Rusiya təkcə özünəməxsusluğunu qorumaqla kifayətlənməməli, qapılarını Qərbə bağlamalıdır. Çünki Qərbin Rusiyaya ümumi təsir balansı tamamilə neqativdir. Qeyd edək ki, ilk slavyanofillər sələflərindən fərqli olaraq bu məsələyə bir qədər ehtiyatla yanaşırdılar. Avrasiyaçılar bu fəlsəfi məktəbdən sonrakı slavyanofillərin mövqeyini miras alıblar və onların tezislərini Şərqin təsirinin müsbət qiymətləndirilməsi baxımından daha da inkişaf etdiriblər. Avrasiyaçıların (Savitski) fikrincə, rus özünəməxsusluğu təkcə “müdafiəyə və izolyasiyaya ehtiyac duymur”, həm də fəal surətdə romano-german sivilizasiyasına qarşı qoyulmalıdır və bütün bəşəriyyətin azadlıq hərəkatının dayağına çevrilməlidir. Rusiyanın missiyası universallaşdırılır.
b)TURAN AMİLİ. Rusiya öz slavyan kökünü məhz Turanla birləşdirərək müstəqil sivilizasiya kimi formalaşıb. Monqol-tatar dövrünün mirası rus tarixinin vacib elementi olmuşdur ki, bu bir neçə parçalanmış şərqi slavyan əyalət knyazlığını dünya imperiyasının gövdəsinə çevirmişdir. Kiyev Rus dövlətinin 13-cü əsrdə Avropa təsiri altına düşmüş sektorları yavaş-yavaş onun içində əriyərək, siyasi və mədəni müstəqilliklərini itirdilər. Ordanın tərkibinə daxil olan torpaqlar isə sonradan kontinental imperiyanın nüvəsinə çevrildilər. Tatarlar Moskva Çarlığında dirçələn və “Çingizxanın mirası”na (knyaz N.S. Trubetskoyun kitabının adı) daxil olan Qədim Rus dövlətinin mənəvi özünəməxsusluğunu qoruyub saxladılar. Avrasiyaçılar rus filosofları və tarixçiləri içərisində ilk ideoloqlardır ki, Turan amilini müsbət qaynaq kimi dəyərləndirmişlər, rus-tatar münasibətləri dialektikasını Avrasiya dövlətçiliyinin canlı mənbəyi hesab etmişlər.
c)MİLLİ TARİXİN DİALEKTİKASI. Rusiyanın milli tarixi dialektikdir. Kiyev Rus dövlətində biz gələcək messianlığın (mitropolit İllarion) ilk intuisiyalarını görürük, lakin o Bizansın şimal əyalətində yerləşən tipik zəif Şərqi Avropa dövləti idi. Monqol istilası çiçəklənən Rus dövlətini dağıtmayıb, əksinə pərakəndə halda olan və daim çəkişən şərqi slavyan vilayətləri üzərində nəzarəti bərpa edib. Kiyev Rus dövləti haqqında mif monqol epoxasında “qızıl əsrə” nostalgiya kimi yetişib və gələcək dövlətin dirçəlişi üçün “səfərbəredici layihə” xarakterinə malikdir. Moskva Çarlığı rus dövlətçiliyinin ən yüksək inkişaf çağı idi. Milli ideya yeni status aldı: Moskva Florensiya uniyasını tanımaqdan imtina etdikdən sonra (mitropolit İsidorun həbsi və sürgün olunması) və tezliklə Çarqrad çökərkən Rusiya öz üzərinə pravoslav səltənəti estafetini götürdü. Moskva Üçüncü (sonuncu) Rim oldu. Paralel olaraq Orda hakimiyyətinə son qoyuldu. 15-ci əsrin ikinci yarısında Moskva həm siyasi müstəqillik qazandı, həm də yenidən formalaşdırılmış dini missiya əldə etdi. 200 illik Moskva çarlığı dövrü – Müqəddəs Rus dövlətinin çiçəklənmə çağıdır. 17-ci əsrdəki parçalanma bu dövrün sona çatdığını göstərir. Bu parçalanma təkcə kilsə ilə bağlı deyil, onun həm də geopolitik və sosial mahiyyəti var. Rusiya üzünü Avropaya çevirdi, aristokratiya çox sürətlə xalq kütlələrindən ayrılmağa başladı. Qərbyönümlü (yarıkatolik, yaxud yarıprotestant) zadəganlıq bir qütbə ayrıldı, köhnə etiqada, yaxud sektanlığın milli formalarına meyilli arxaik xalq kütlələri isə digərinə. Avrasiyaçılar Peterburq mərhələsini “romano-german əsarəti” adlandırırlar. Ordanın rusları qoruduğu şey Romanovlar vasitəsilə baş verdi. 200 il davam edən Romanov sistemi dağıldı və dibdəki xalq stixiyası üzə çıxdı. Avrasiyaçılar bolşevizmi “Moskva istehsalı” olan, “parçalanmaya qədərki”, özünəməxsus “avrasiyaçı” Rus dövlətinin “romano-german istehsalı olan” Peterburq üzərində revanş götürməsi kimi qəbul etdilər. Avrasiyaçılar marksizmin ektravaqant ideya fasadı altında rus bolşeviklərinin milli və imperialist idelayalarını gördülər. Avrasiyaçılar Rusiyanın gələcəyini “bolşevizmin aradan qaldırılmasında” və Avrasiya dövlət quruculuğunun magistral yoluna çıxmaqda görürdülər – pravoslav və milli, amma mahiyyətcə Peterburq epoxasından, xüsusilə də Avropa “liberal-demokratiyasının” istənilən kopyasından fərqli.
4.SİYASİ PLATFORMA.
a)İDEOKRATİYA. Dövlət, cəmiyyət, xalq, hər bir konkret insan ali mənəvi məqsədə xidmət etməlidir. Yer üzündəki yaşamın maddi şərtləri məqsəd ola bilməz və olmamalıdır. Zənginlik və tərəqqi, güclü dövlətçilik və səmərəli təsərrüfat, qüdrətli ordu və inkişaf etmiş sənaye yüksək ideallara çatmaq üçün vasitə olmalıdır. Dövlətə və millətə yalnız “hakim ideyanın” varlığı məna verə bilər. Avrasiyaçılar “hakim ideya”nı ali dəyər kimi nəzərdə tutan siyasi quruluşu “ideokratiya” adlandırırlar – yunanca “idea” “ideya”, “kratos” da “hakimiyyət” sözündəndir. Rusiya hər zaman Müqəddəs Rus dövləti kimi, xüsusi tarixi missiya həyata keçirən güclü dövlət kimi dərk olunub. Məhz avrasiyaçılıq dünyagörüşü gələcək Rusiyanın milli ideyası, “hakim ideyası” olacaq. Bu hakim ideyaya siyasətin, iqtisadiyyatın, ictimai quruluşun, sənaye inkişafının və s. bütün aspektləri tabe etdirilməlidir.
b)AVRASİYA SEÇİMİ. Kontinental masştablı meşə-çöl imperiyasının ifadəsi olaraq Rusiya-Avrasiya dövləti xüsusi “seçim” əsasında xüsusi idarəçilik metodu tələb edir. Həmin “avrasiyaçı seçim” landşaft şərtlərinə uyğun gələn xüsusi etika əsasında həyata keçirilir. Bu, kollektiv məsuliyyət, təmənnasızlıq, qarşılıqlı yardım, asketizm, iradə, dözüm, rəhbərliyə sözsüz tabeçilik etikasıdır. Yalnız bu keyfiyyətlər Avrasiya meşə-çöl zonasındakı geniş, az məskunlaşmış torpaqlar üzərində nəzarətin saxlanılmasını təmin edə bilər. Avrasiyanın hakim sinfi kollektivçilik, asketizm, döyüşçü ləyaqəti, ciddi iyerarxiya əsasında formalaşıb. Çingizxanın qanunlar məcəlləsi olan “Yasa”nın əsasında məhz bu prinsiplər dayanırdı. Sonralar “Avrasiya seçiminin” əsas motivləri Moskva Rus dövlətinin siyasi quruluşunda öz əksini tapdı. İstənilən ideoloji fasadda Rusiyanın-Avrasiyanın real idarəçilik mexanizmi təbii olaraq “Avrasiya seçimi” məntiqinə meyillənir.
c)DEMOTİYA. Qərb demokratiyası qədim Afinanın, uzun əsrlərdən sonra isə ada İngiltərənin spesifik şəraitində təşəkkül tapıb. Bu demokratiya Avropanın “yerli inkişafının” spesifik xarakteristikasını əks etdirir. Bu “demokratiya” universal meyar deyil. Başqa “yerli inkişaflar” xalqların siyasi idarəçilikdə fərqli formalı birgə iştiraklarını təklif edir; onlar hamısı həm formal, həm də məzmun xüsusiyyətlərinə görə bir-birindən fərqlidir. Rusiya-Avrasiya məkanı üçün Avropa “liberal-demokratiyası” normalarını kopyalamaq mənasız, mümkünsüz və zərərlidir. Rusiya xalqının siyasi idarəetmədə birgə iştirakı başqa terminlə – “demotiya” adlandırılmalıdır. Yunanca “demos” sözündəndədir və “xalq” mənasındadır. Bu birgə iştirak iyerarxiyaları inkar etmir və partiya-parlament strukturlarında formallaşdırılmamalıdır. “Demotiya” yerli şuralar sistemini, mahal nümayəndəliklərini və milli (kiçik xalqlar olduqda) nümayəndəlikləri nəzərdə tutur. “Demotiya” icma özünüidarəsi, kəndli “dünyası” əsasında inkişaf edir. “Demotiya”nın örnəyini Moskva Rusiyasında prixod üzvlərinin Kilsəyə Baş keşiş seçməsində görmək olar. Əgər “demokratiya” formal olaraq avtokratiyaya ziddirsə, “Avrasiya demotiyası” “Avrasiya avtoritarizmi” ilə tam uyğunlaşdırıla bilər.


Müəllif: Aleksandr Duqin


Tərcümə: Nadir Qocabəyli

Комментариев нет:

Отправить комментарий