25.06.2021

AVRASİYA HƏRƏKATININ PROQRAMI:
“SOVET PARADİQMATİKASININ BÖHRANI”

80-ci illərin ortalarına doğru Sovet cəmiyyəti refleksiya və özünürefleksiya rabitəsini və adekvatlığını itirməyə başladı. Sovet özünüdərk modelləri dağılırdı. Cəmiyyət orientasiyasını itirirdi. Hamı dəyişikliyə ehtiyac hiss edirdi, amma bu duyğu tutqun idi, heç kəs dəyişiklikləri hardan gözləməli olduğunu bilmirdi. O dövrdə anlaşılmaz bir suayrıcı xətti yaranmışdı: “tərəqqi gücləri” və “reaksiya gücləri”, “islahatçılar” və “köhnəlik tərəfdarları”, “islahat tərəfdarları” və “islahat əleyhdarları”. Məsələ belə qoyulurdu: bəziləri Sovet sisteminin böhran keçirdiyini iddia edir, digərləri isə heç bir böhranın olmadığını söyləyirdilər. Hər şey bu (yetərincə saxta) problemin ətrafında fırlandığından, “islahatların” məzmunu, orientasiyası, onların digər tarixi mərhələlərlə əlaqəsi haqqında heç kəs düşünmürdü. Səciyyəvi haldır ki, “reaksiyaçı” və “islahat əleyhdarı” olan qüvvələr marksizmə və sovetizmə əsaslanan dünyagörüş rabitə sistemlərini çoxdan itirmişdilər və “islahatlara” qarşı əqidə baxımından yox, daha çox inersiya ilə müqavimət göstərirdilər. Belə bir şəraitdə “islahat” termini öz-özünə “liberal-demokratiyanın” sinoniminə çevrildi. Sovet sisteminin böhranı faktından tələsikcəsinə (və həqiqətən müəmmalı şəkildə) Qərb modelinin aşkar üstünlüyü, onun kopyalanmasının zəruriliyi barədə nəticə çıxarıldı. Nəzəriyyə səviyyəsində bu həqiqətən müəmmalıdır, çünki “ideologiyalar xəritəsində” primitiv dualizmdə olduğundan (sosializm yoxsa kapitalizm, Varşava Müqaviləsi yoxsa NATO) daha çox seçim sistemləri vardır. Lakin məhz primitiv ikili məntiq üstünlük təşkil etdi: “islahat tərəfdarları” Qərbin şəksiz məddahlarına çevrildilər, onun məntiq və strukturlarını sürətlə mənimsədilər, “islahat əleyhdarları” isə məntiq və strukturunun get-gedə öz əllərindən sürüşüb çıxdığı postsovet quruluşunun süst müdafiəçiləri kimi çıxış etdilər. Belə bir nataraz durumda enerji potensialı, yeniliklər, dəyişiklik ümidi, yaradıcı impuls, perspektiv islahatçı-qərbçilərin tərəfində idi, “reaksiyaçılara” qalan isə ətalət, durğunluq, alışılmışa və məluma müraciət oldu. Məhz belə bir psixoloji və estetik dumanda Qərb liberal-demokratları 90-cı illərin Rusiyasında üstünlüyü ələ aldılar. Hərçənd aydın və şüurlu ideoloji seçim həyata keçirmək üçün heç kəsə imkan verilmədi. Qərbçilik və liberal-demokratiya Rusiyada 80-ci illərin sonu 90-cı illərin əvvəlində “xəlvəti”, son dərəcə ümumi və konkret olmayan “İslahatlar uğrunda!” şüarı altında bərqərar oldu. Məhz hansı islahatların nəzərdə tutulduğu barədə isə heç nə deyilmirdi. “İslahatçıların” bir qrupu tərəfindən bu, şüurlu həyata keçirilən hiylə olsa da, əhalinin əksəriyyəti üçün azad seçkinin səhv başa düşülməsi, yəni manipulyasiya idi.

Комментариев нет:

Отправить комментарий