19.06.2021

İran xalqı göstərdi ki, o öz taleyini özü həll edir

Cəmil Şirvanov

Hamımızın bildiyi kimi cənub qonşumuz olan İran İslam Respublikasında eyni zamanda Prezident və Bələdiyyə seçkiləri keçirildi.
Mərkəzi Seçki Komissiyasında Prezidentliyə namizədlikləri qeydə alınan şəxslərin siyahısı rəsmən elan edildikdən sonra siyahıda ancaq mühafizəkar cəbhənin namizdələrinin yer alması bir çox mütəxəssislərdə belə bir fikir yaratmışdı ki, bu dəfəki seçkilər çox sönük keçəcək. Onlar fikirlərini belə əsaslandırırdılar ki, xalqın alternativ seçim etmək imkanı yoxdur.
Lakin İran xalqı özünün seçkidəki fəallığı ilə bu fikirlərin səhv olduğunu isbatladı. Seçkilər 18:00-da bitməli olduğu halda seçici aktivliyinin axşam üstü vaxtda daha çox olması Mərkəzi Seçki Komissiyasını səsvermənin müddətinin artırılması barədə qərar verməsinə səbəb oldu. Seçkilərin son müddəti gecə saat 00:00-a qədər uzadıldı.
Lakin saat 22:00 radələrində ölkənin bir çox məntəqələrində uzun növbələrin olduğu müşahidə edildi və namizədlər özləri belə səsvermə vaxtının artırılması barədə MSK-ya müraciət etdilər. MSK da öz növbəsində səsverməni saat 02:00-a qədər uzatdı. Buna baxmayaraq bəzi məntəqələrdə seçicilərin növbəsi bitmədi və məntəqədən çöldə qalan seçicilər səsvermə hüququndan istifadə edə bilmədilər. Xeyli narazılıqlar bildirilsə də onlar məntəqələrə buraxılmadılar.
İran xalqı göstərdi ki, o öz taleyini özü həll edir. Baxmayaraq ki, namizədlərin hamısı mühafizəkar hesab edilirdi, iranlılar onların arasında da kimin kim olduğunu, kimin bu vəzifəyə daha çox layiq olması barədə rəyini özü vermək qərarına gəldi və bu rəyi verdi.
Artıq bu gün səhər səslərin ilkin sayımı nəticələri elan edildi. Ali dini lider Seyyid Əli Xameneyinin də dəstəklədiyi namizəd – İbrahim Rəisi qalib elan edildi.
Seçki prosesi qurbansız da ötüşmədi. Xuzistan vilayətində seçki komissiyasının işini asanlaşdırmaq üçün xidmət göstərən vertolyot qəzaya uğradı. Qəza nəticəsində dövlət qulluqçularından həlak olan və ağır yaralananlar var.
Bu, seçkilərin daxili təzahürləri idi. İran xalqı öz dövlət idarəetməsinin daxili işində - seçkilərdə iştirak etdi. Daxili vəzifəsinin öhdəsindən gəldi. Xarici vəzifələrinin öhdəsindən gəlməyi isə bu seçkilərlə idarəetməni verdiyi mühafizəkarlara - antiqlobalistlərə, başqa sözlə desək avrasiyaçılara tapşırdı.
İslam rejimi qlobalistlərin əlinə oynayan siyasi oyunçulara heç bir şans vermədi. Onları heç seçkilərə namizəd kimi də buraxmadı. Qərbin kövrək ümidləri suya düşdü. Qatı mühafizəkar cəbhənin nümayəndələrindən fərqli, yumşaq siyasət yürüdən Ruhani hökumətinin yerinə Cavad Zərif komandasını - mahiyyət etibarilə eyni komandanı görmək istəyirdilər. Lakin bu siyahıda istədikləri namizədlər yer almadı.
Əlbəttə ki Amerika üçün ən ideal variant İslam İnqilabı rejiminin yıxılmasıdır. Amma onlar bunu həyata keçirənə qədər (amerikanlar buna çox ümid edirlər) hakimiyyətdə daha yumşaq adamların olması onlar üçün məqbul sayılır.
İranda İslam İnqilabı baş tutandan sonra onun geopolitik kursu bəllidir. O avrasiyaçı dövlətdir. Rejimi isə avrasiyaçı rejim.
İranın əsas hissəsi, onu idarə edənlərin çıxdığı torpaqlar Hartləndə aiddir. 40 ildən çox qatı antiqlobalist siyasət yürüdən islam rejimi uzun müddət Amerika ilə təkbətək mübarizə aparmışdır. İran ABŞ-ın regionda həyata keçirdiyi “Anakondanın” strategiyasının saysız-hesabsız və kəskin hücumlarına qarşı ləyaqətlə sinə gərmiş, təslim olmamış, hətta heyrətə layiq səviyyədə inkişaf etməyə də nail olmuşdur.
İran son illərdə kontinental qüvvələrlə (Çin, Rusiya və s.) strateji müttəfiqlik səviyyəsinə qalxmaqda olan münasibətlər quraraq atlantistlərə qarşı yeni müstəvidə mübarizə aparmaqdadır. Rəisi də avrasiyaçı qüvvələrin güclü simalarından biridir. Təsadüfi deyil ki, bu gün prezident seçildiyi elan edilən kimi onu ilk təbrik edən məhz Vladimir Putin oldu. Sonra isə Çin və Azərbaycan dövlət başçıları təbrik məktubları ilə İran xalqına və yeni prezidentinə uğurlar arzuladılar.
Məlum məsələdir ki, “Anakonda” dayanmayacaq. O yenə də amansız və aramsız hücumlar təşkil edəcək. Lakin bu dəfə İran xalqı 10 il əvvəlki kimi tək deyil. Onunla birlikdə bu cəbhədə iki nəhəng - zəhmətkeş Çin və döyüşkən Rusiya var. Həm də artıq yanında bir sıra digər dövlətlər, o cümlədən Azərbaycan şiələri durub.
İnşallah birlikdə “Anakondanın” başını əzib öldürəcəyik.

Комментариев нет:

Отправить комментарий