12.12.2012

ABŞ-ın UŞAQ NAĞILLARI

Zümrüd YAĞMUR

ABŞ dövlət katibinin nümayəndəsi Tomas Melia Azərbaycanda səfərdədir. Bu dəfə o, el məsəlində deyildiyi kimi, “şeytanın ayağını qırıb” müxalifət liderləri ilə görüşüb. Olmayan yerdən bu da bir işdir. İndiyə qədər ABŞ nümayəndələri iqtidara xoş getməz deyə müxalifət liderləri ilə görüşməkdən boyun qaçırırdılar. Deməli, ən azı seçki ərəfəsi ABŞ-ın qorxusu aradan qalxmağa başlayıb.
“Ekspertlər” deyirlər ki, xalqla ABŞ-ın qorxusu eyni vaxtda aradan qalxmağa başlayanda ölkədə inqilab olur. Yəqin elə buna görə hakimiyyət də əlindən gələni edir ki, xof camaatın canından çıxmasın.
Cənab Melia mediaya açıqlamasında ölkəmizdə demokratikləşmə və insan hüquqları sahəsində elə bir irəliləyişin olmadığını bildirib.
Bu, təzə xəbər deyil. Biz bunu Meliadan da yaxşı görürük və bilirik. Təzə xəbər o olardı ki, ABŞ bu dəyişməyən vəziyyətdən çıxmaq üçün Azərbaycan iqtidarı ilə münasibətlərdə hansısa dəyişikliklər etməyə hazırlaşdığının anonsunu verəydi. Yoxsa siyasi şərhçi kimi ölkədəki durumu qiymətləndirməyə qalsa, burda vəziyyəti ABŞ rəsmisindən də yaxşı təhlil etməyi bacaranlar kifayət qədərdir.
Təbii ki, bu sözləri cənab Melianın özünə demiş olsaydım, cavabı bu olardı ki, hər şeyi Azərbaycan xalqı özü etməlidir.
Tamam, haqlı mövqedir, ancaq bizim ABŞ-dan demokratik dəyərlərə sadiqlik nümayiş etdirməsini gözləmək kimi bir istəyimiz də haqsız deyil. Bu dəyərlərə sadiqlik. Bakıda demokratik və şəffaf idarəetmənin necə olması ilə bağlı nəzəri mülahizələr bildirməklə olmur. Bunu öyrənmək üçün nəzəri kitablar da kifayət qədərdir, hansısa diplomatın çıxışlarına ehtiyac yoxdur. Əsas olan Azərbaycanın demokratik dəyərlər əsasında idarə olunmasını istəyənlərə real dəstək göstərilməsidir.
Məsələn, Azərbaycanda insan haqlarını pozan, ən çox korrupsiyada adı hallanan məmurlara ABŞ-a giriş sanksiyalarının qoyulması, onların bank hesablarının dondurulması kimi məsələlərdə konkret addımlar atılmayacaqsa, o zaman ABŞ-ın ölkəmizdə demokratiyaya dəstəyi olsa nə dəyişər, olmasa nə dəyişər...
Onsuz da hər seçkidə amerikalılar, avropalılar ölkəmizdə demokratik seçki olmasını istəmələrini xoş arzu kimi dilə gətirir, sonra da saxta seçkinin nəticələrini türklər demiş, paşa-paşa qəbul edirlər.
İndiyə qədər ABŞ-ın bu oyunbazlığına görüb verilən bəyanatlara ciddi yanaşmayan xalqa deyilsə ki, Qərb bu dəfə saxta seçki nəticələrini qəbul etməyəcək, o zaman vəziyyət görün necə dəyişir?! Təkcə xalq cəsarətlənməyəcək, iqtidar da ayağını necə deyərlər, dəng alacaq. Yox, əgər bunu deyə bilməyəcəklərsə, onda daha camaatı da uşaq yerinə qoyub nağıl danışmasınlar.
Təbii ki, diplomatik qaydalar, beynəlxalq hüquq və s. kimi bəhanələr arxasında həmişə gizlənmək mümkündür. Ancaq bizim gözümüzün qarşısında bir zamanlar ABŞ-ın Ukrayna və Gürcüstandakı dəyişikliklərdə həlledici rol oynaması nümunələri də var. Məhz bu ölkələrdə demokratik dəyişikliklərə açıq dəstəkdən sonra - 2005-ci ildə Azərbaycanda keçirilən saxta parlament seçkilərinin nəticələrinə fərqli münasibət oldu. O zaman saxta seçki nəticələrinə etiraz edən mitinqçilər “Qələbə” meydanında vəhşicəsinə döyüləndə ABŞ dövlət katibinin o zamankı müavini Daniel Frid ölkəsinin saxta yolla seçilən parlamentlə işləməyə hazır olduğu bəyanatını vermişdi.
İndi də ABŞ-ın fərqli mövqe bildirəcəyinə inananlar çox azdır. Çünki hər seçkidən-seçkiyə bu inam daha çox qırılıb. Ən azı bu gün Belarusdakı Lukaşenko rejiminə olan münasibətdən fərqli yanaşma davam etdikcə Qərbin demokratiya mesajlarının bir qara qəpiklik dəyəri də olmayacaq.
20 ildir ki, iqtidar onsuz da aldadır, Qərb boşuna ümidləndirir. Nəticə isə heç bir qanun, haqq tanımayan, getdikcə daha da azğınlaşan hakimiyyətdir. Məsələnin bu yerə gəlib çıxmasında meydanlarda aparılan mübarizəsinin qurban verilməsi hesabına alver edənlərin də məsuliyyəti var.
Ona görə də kimsənin demokratiya dərsinə ehtiyac duymadan Azərbaycan xalqı bu dəfə özü öz taleyini dəyişmək üçün qərar verməlidir.

musavat.com

Комментариев нет:

Отправить комментарий