13.12.2012

Cənublu millət vəkili

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində təmsil olunan şəxsiyyətlərin böyük əksəriyyəti dövrün tanınmış ziyalıları idi. Bu ziyalılardan biri də görkəmli maarifçi Hacı Səlim Axundzadə olmuşdur. Hacı Səlim Axundzadə 1872-ci ildə Lənkəran şəhərində dünyaya gəlib. Onun atası öz dövrünün tanınmış şairi Mirzə İsmayıl Qasir (1805-1900) idi. Tarixi mənbələrin yazdığı kimi, İ. Qasir Şirvandan Lənkərana köçdükdən sonra burada “Üsuli-cədid” məktəbi yaratmış və maarifçiliklə məşğul olmuşdur.
Hacı Mirzə Səlim ilk təhsilini atasının dərs dediyi məktəbdə alıb və burada fars və ərəb dillərini öyrəndikdən sonra o dövrdə Lənkəranda fəaliyyət göstərən rus gimnaziyasına daxil olub. Təhsilini başa vurduqdan sonra şəhər polis idarəsində, sonra isə yerli mülkiyyətçi Əsgər xan Talışinskinin yanında katib işləyir. Bundan sonra o, dini təhsil almaq məqsədilə Ərdəbil, Zəncan və Nəcəf şəhərlərinə gedir. Bu təhsil düz 8 il davam edir. O, Türkiyə və bir sıra Avropa ölkələrində uzunmüddətli səyahətdə olur. Vətənə qayıdandan sonra 1911-1916-cı illərdə Lənkəran şəhər gimnaziyasında İslam dini və şəriətdən, o cümlədən fransız dilindən dərs deyir.

1916-cı ildə Axundzadə Lənkəranda “Müsavat” partiyasına üzv olur.
1918-ci il yanvarın 9-da Bakıdan Lənkərana teleqram göndərilir. Bir nəfər rus dili bilən lənkəranlının Tiflisə gedib erməni və gürcülərlə birlikdə “Seym”in işində iştirak etməsi tələb olunur. 58 yaşlı Hacı Səlim Axundzadə bu hadisəni belə xatırlayırdı: “Mən təklif etdim ki, Ağa Məhəmmədəli getsin. Lakin təşkilatın üzvləri mənim getməyimi məsləhət gördülər. 1918-ci il yanvarın 10-da Bakıya gəlib ”Açıq söz" idarəsinə getdim və “Xeyriyyə”də sakin oldum.
M. Ə. Rəsulzadə məni görcək ehtiram göstərdi. Həmin gün axşam saat 8-də Bakıdan qatarla Tiflisə yola çıxdıq. Heyətimizdən adları yadımda qalan yoldaşlarım bunlar idi: Məhəmməd Əmin Rəsulzadə, Xəlil bəy Xasməmmədov, Məhəmmədhəsən bəy Hacınski, Mehdi bəy Hacıbababəyov, Cavad bəy Məlikyeqanov, Mehdi bəy Mustafabəyov, Məmməd Yusif Cəfərov, Fətəli xan Xoyski, doktor Həsən bəy Ağayev və İslam bəy Qəbulzadə. …Hərə bir münasib yerdə dayanıb bura toplaşan camaat üçün müvafiq nitqlər edilirdi... " (Vikipedia)
Tiflisdə iş belə oldu ki, hər üç millət ayrılıb özlərini müstəqil respublika elan etdi. Əvvəlcə gürcülər “Qruzinskaya Respublika” adı ilə ayrıldılar.
Sonra ermənilər özlərini “Ararat” – “Araratskaya Respublika” adlandırdılar. Sonra gürcülər ilə ermənilər bizə məsləhət gördülər ki, biz də öz cumhuriyyıtimizi yaradaq. Çünki bizə müraciət etməli olsalar, nə adla müraciət etsinlər.
Biz “Oriant” mehmanxanasında qalırdıq. Bizim 28 nəfərdən ibarət olan “Seym” in işində iştirak edən heyətimiz orada müşavirə keçirdib Qafaqazın bu qiymətli diyarını “Azərbaycan Cümhuriyyəti” adlandırmaqı qərara aldıq. Bu qərarı imzalayan 12-ci vəkil Hacı Mirzə Səlim Axund Axundzadə idi.
Ermənilərin azərbaycanlıları qırmasının və qafqaz müsəlmanlarını almaq üçün “seym”in işində iştirak edən müsəlmanlar belə qərara gəldilər ki, 4 nəfər İstanbula gedib kömək istəsin. Bu məqsədlə Qafqaz müsəlmanlıq firqəsindən doktor Miryaqub, Dağıstan sosial firqəsindən İbrahim bəy, Bakılı mühəndis Məhəmmədhəsən Hacınski və Gəncə “Müsavat” firqəsindən Xəlil bəy Hacıməmmədov seçilmişdir. Bunlardan əlavə Məmmədəmin bəy Rəsulzadə özü də getmişdir.
Bu nümayəndə heyəti gedəndən sonra gürcü və ermənilər hər gün iclaslarda bizi nalayiq sözlərlə təhqir edirdilər ki, siz bizimlə burada işlədiyiniz halda, Türkiyəyə nümayəndə göndərib onlardan kömək istəyirsiniz. Biz onlara cavab verməyib türklərin gəlməsini gözləyirdik.
Türkiyədə nazirlər kabineti bizim nümayəndə heyətini o qədər də yaxşı qarşılamır. Bir çoxları bizə köməyə qarşı etiraz edir. Onlar deyir ki, Lenin Qars və Ərdağını Türkiyəyə qaytardığı üçün türk qoşunu Qafqaza girməməlidir. Lakin Tələt paşa ilə Ənvər paşa kabinet üzvlərinə qarşı çox ciddi etiraz edirlər. Onlar deyirlər ki, erməniləri başlı-başına buraxmaq olmaz ki, bizim din qardaşlarımızı qırandan sonra oradakı ana və bacılarımız namusuna təcavüz etsinlər. Nə vasitə ilə olursa olsun biz Qafqaza qoşun yeritməliyik. Həmən günün səhəri Ənvar paşa qardaşı Nuru paşa ilə əmisi Xəlil paşanı 25 min qoşunla Qafqaza tərəf yola salır.
Axundzadənin xatirələrində Türk qoşunlarının Azərbaycana gəlişilə də bağlı bir sıra maraqlı bilgilər var. Belə ki, türk qoşunu Batuma yaxınlaşanda almanlar gürcüləri öyrədirdilər ki, türkləri Batumdan keçməyə qoymasınlar. Buna görə də, Nuru Paşa yolu dəyişib başqa tərəfdən Gəncəyə gəldi. Bununla da Qafqaz müsəlman əhlinə böyük bir qüvvə yetişdi. Sonra Gəncədən 4 min türk əsgəri Hacı Mirzə Səlim Axundzadənin nümayəndəliyi ilə Zəngəzura tərəf hərəkət edir ki, orada ermənilərin mühasirəsində olan azərbaycanlıları azad etsin. Buna uğurla nail olurlar. Odur ki, sonralar Zəngəzur camaatı Hacı Mirzə Səlim Axundzadəni Azərbaycan Cümhuriyyəti parlamentinə deputat seçmişdi.
1920-ci ilin aprel işğalından sonra, o dövrün görkəmli siyasi xadimləri, hökumət üzvləri kimi, Axundzadə də məcburiyyət qarşısında vətəni tərk etməli olur. O, əvvəlcə İrana gedir, Ərdəbildə hökumət mədrəsəsində müəllimlik etməyə başlayır. Daha sonar şərqdə böyük nüfuz sahibi olan Hacı Səlim həmin ölkələrə üz tutur. O, İrandan Əfqanıstana yollanır. Ötən əsrin 20-ci illərində Əfqanıstanda hakimiyyətdə olan rusiyameylli Əmənullaxan Hacı Səlimə mübarizədən əl çəkməyi və Əfqanıstanda qalmağı təklif edir. Axundzadə bu təklifi qəbul etməyib, sarayı tərk edir. Bir tərəfdən işğal altında olan Azərbaycan dərdi, digər tərəfdən qürbətdəki doğma od-ocaq həsrəti, övlad nisgili onu əzir.
Hacı Səlim Axundzadə öz vətənində 42 yaşında evlənmişdi. Onun Aişə və Cəmilə adında iki qız övladı vardı. Hələ Vətəndə olarkən başı siyasi qovğalara qarışan Hacı Səlim ailə qayğıları ilə düz-əməlli məşğul ola bilmir. Atası mühacirətə gedəndən bir il sonra Aişə atasızlığa dözə bilməyib dünyasını dəyişir. İki il sonra - 1923-cü ildə Axundzadənin ikinci qız övladı, Cəmilə vəfat edir.
Eyni zamanda, öz doğma yurdunda qərib kimi yaşamaq məcburiyyətində qalan Axundzadələr zamanın sərt sınaqları ilə üz-üzə qalırlar. Təqiblər, təhqirlər, repressiyalar bu nəslin nümayəndələrini cana doyurur. Ərinin bir daha Vətənə dönə bilməyəcəyini anlayan Mirzə Səlimin ömür-gün yoldaşı onun arxasınca İrana qaçmağa qərar verir.
Hacı Səlim Axundzadənin qaynı Məşədi Tağı bəy 1924-cü ildə öz bacısını Lerik yolu ilə onun yanına - Ərdəbilə aparır. Amma belə bir cəsarətli addım ona həyatı bahasına başa gəlir. Lənkərana qayıdan kimi Məşədi Tağı bəyi həbs edib Sibirə sürgün edirlər və doğma vətənə qayıtmaq ona bir daha nəsib olmur. O, elə Sibirdəcə vəfat edir.
1927-ci ildə Hacı Səlim Axundzadənin İşıq (Rövşən), 1930-cu ildə isə Zahir adlı oğlanları dünyaya gəlir. Zahir dünyaya gələndə Hacı Səlim Axundzadənin 58 yaşı vardı. O, bundan çox keçməmiş dekabrın 15-də vəfat edir. Onu Ənzəlidə torpağa tapşırırlar.

Zahir Əmənov                             "Cənub xəbərləri"

Комментариев нет:

Отправить комментарий