Əbilov Şahin Musa oğlu - Şahin Musaoğlu 1963-cü il iyulun 11-də Masallı rayonunun Qızılağac kəndində dünyaya gəlib. Bu gün gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsində böyük rol oynayan 30-a yaxın hərbi-vətənpərvərlik mahnılarının musiqisinin, eləcə də əksəriyyətinin sözlərinin müəllifidir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, ehtiyatda olan zabit Şahin Əbilovu “İgid əsgər, möhkəm dayan” adlı şeirlər kitabı 2003-cü ildə “Adiloğlu” nəşriyyatı tərəfindən işıq üzü görüb.
1986-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. Təyinatla Biləsuvar rayonunda 4 il işləyəndən sonra Bakıya qayıdıb. 1991- 93-cü illərdə Müdafiə Nazirliyinin əməkdaşı olaraq cəbhə bölgələrində hərbi həkim kimi fəaliyyət göstərib. “İgid əsgər, möhkəm dayan” adlı ilk mahnısını da həmin illərdə yazıb. Azərbaycanın Levitanı adını qazanmış hərbi aparıcı Şəmistan Əlizamanlının ilk dəfə ifa etdiyi bu mahnını Şahin Musaoğlu Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin şəhid ruhuna həsr edib.
Onu da qeyd edək ki, mahnının mətni 10 ildən artıqdır ki, Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin 4-cü sinif üçün dərs vəsaiti olan “Ana sözü” kitabına daxil edilib.
Sonra Şəmistan Əlizamanlının ifasında səslənən ““Ağ ümid”, “Birinci batalyon”, “Cənab leytenant” mahnıları da böyük uğurlar qazandı. “Cənab leytenant” şərəfli döyüş yolu keçmiş, keçən və keçəcək bütün Azərbaycan zabitlərinə həsr olunsa da, bu mahnını xarici ölkələrdə təhsil alan soydaşlarımız sevə-sevə, həm də böyük şövlə ifa edirlər.
Kanadada Yusif adlı tələbənin universitet şəhərciyində təşkil olunmuş konsertdə “Cənab leytenant” mahnısına müraciəti xaricdə təhsil alan azərbaycanlı gənclərimizin bu mövzuya olan həvəsinin və marağının bariz nümunəsidir.
Marş kimi səslənən “And içirəm”, “Yol ver türkün bayrağına” və başqa mahnıların müəllifi olan həmyerlimiz deyir:
“Hərbi vətənpərvərlik mövzusu ciddi mövzudur. İnsanların ruhuna, qeyrətinə, mənəviyyatına hesablanmış mövzudur. Bu mövzu Vətənə, Anaya münasibətdir... Coşqudur, ruhdur, qisasdır... Hər yeni mahnı yazmaq yeni nəfəs deməkdir... Hər yeni mahnı yeni səhifədir. Hər yeni mahnı - yeni səs, yeni söz deməkdir...”
Şahinin sözləri və musiqisinin müəllifi olduğu 12 əsəri isə Silahlı Qüvvələrin hərbi hissə və məktəblərində tədris edilir. Özünün qələmə aldığı nəzm parçalarından savayı, M. Şəhriyarın, (“Azərbaycan”), Əhməd Cavadın (“Bismillah”), Bəxtiyar Vahabzadənin (“Yurdum”), Ramiz Rövşənin (“Yalquzaq”), Hidayətin (“Torpaq”), Rüstəm Behrudinin (“Salam, dar ağacı”), Nizami Saraclının (“Türkün bayrağına”) sözlərinə bəstələdiyi mahnılar Azərbaycan Teleradiosunun "Qızıl" fonduna daxil edilmişdir.
Şahinin Gülağa Tənhanın sözlərinə bəstələdiyi “Daha ayrılmarıq” adlı mahnısı isə lirik səpkidədir.
Şahin 2001-ci ildən Bakıda “MedServis” özəl tibb mərkəzində poliklinika şöbəsinin müdiri vəzifəsində çalışır. 2006-cı ildə Türkiyənin Başkənd Univeristetində diaqnostika mütəxəssisi kimi yüksək ixtisasartırma kursu keçmişdir. Bu sahədə 15 ildən çoxdur ki, təcrübəli həkim kimi insanların sağlamlığının keşiyindədir. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tibb xəbərləri” jurnalının baş redaktorudur. Mahnı və şeirlərindən nümunələr “Masallının söz çələngi” ədəbi almanaxına daxil edilib.
Nurəddin ƏDİLOĞLU, yazıçı-jurnalist "Cənub xəbərləri"
Комментариев нет:
Отправить комментарий