28.01.2023

ABŞ-IN QURDUĞU ŞƏBƏKƏ İMPERİYASI BİZİ TƏKLƏYİB ƏSİR EDİR


Valeri Korovin

Amerikanın məhz “imperiya” qurmasını italiyalı jurnalist Toni Neqri və amerikalı politoloq Maykl Xardt özlərinin “Empire” əsərlərində əminliklə və tammənalı şəkildə sübuta yetirirlər. İdeologiyaların sonu epoxasında müəyyən qədər dəyərsizləşmiş sol mövqelərdən çıxış etsələr də, onlar ciddi sübutedici baza ortalığa qoyurlar ki, dünyada amerikan imperiyaçılığı hökm sürür. Sol terminologiyadan istifadə etməklə onlar bildirirlər ki, postmodern dövründə Əməyin daşıyıcısı artıq fəhlə sinfi deyil, “çoxluqdur” (multitude). Fransız filosofu Alen de Benua da bu mövqedən çıxış edərək göstərir ki, amerikan imperiya quruculuğununun bazasını təşkil edən qlobalizasiya ilk əvvəl özündə atomizasiya prosesini, yəni insanın öz köklərindən ayrılmasını, təbii əlaqələrindən qopmasını nəzərdə tutur — Neqri və Xardtın təbirincə bu köklər insanı amerikan sistemi və ya imperiyaçılığı üçün əlçatmaz və toxunulmaz edirdi. İnsanlar bu yolla zəiflədildikdən və təkləndikdən sonra massifikasiya prosesi işə salınır ki, bu proses həmin yazıq, zavallı və dağınıq individuumları sifətsiz kütləyə çevirir. Belə kütləni isə amerikan sistemi rahat iderə edə bilir. Beləliklə amerikan imperiyası məhz idarəolunan individuumlara güvənir, Alen de Benuanın “istehsal və istehlak mənbəyi” adalndırdıığı sosial atomlara söykənir.
Sol müqayisələr zəncirini davam etdirməklə Neqri və Xardt göstərirlər ki, qələbə çalmış kapital marksist “dissiplinanın” yerinə “nəzarətdən” istifadə edir. Avropa “yeni sağlar” hərəkatının yaradıcısı Alen de Benua da Neqri və Xardtın fikirlərini təsdiqləyir: “Planetar masştabda nəzarət cəmiyyəti yaradılır, yəni bütöv silsilə metod və texnologiyalar qurulur ki, insanların hərəkətini izləməyə, onların normadan kənara çıxıb-çıxmadıqlarını yoxlamağa imkan olsun”. Nəzarət dedikdə Benua ünsiyyətə nəzarəti — telefonlara qulaq asılmasından, poçta baxılmasından tutmuş hər yerə videomüşahidə quraşdırılmasına, dronlarla izləməyə, insanların harda olmasını, nə ilə məşğulluğunu, zövq və baxışlarını müəyyənləşdirən elektron metodlardan istifadəyə kimi nəzərdə tutur. Benua hətta müəyyən paradoksa diqqət yetirir: “Məhz texnoloji nöqteyi-nəzərdən az-çox inkişaf etmiş cəmiyyətlər bu gün öz vətəndaşlarını güdməyə imkan verən alətlərin bütöv arsenalına malikdirlər. Belə alətlər əvvəllər keçmişin heç bir totalitar rejiminin əlində olmayıb”.
Neqri və Xardt göstərirlər ki, bizimçün adi olan “dövlətçiliyin” yerinə planetar şəbəkələr qurulmaqdadır. Məhz “şəbəkələr” Amerikanın qurduğu planetar imperiyada baza rolunu oynayır. İmperiya şəbəkə olan yerə kimi uzanır: “İmperiya nizam-intizamı təkcə qlobal sistem səviyyəsinə qədər birləşmə və genişlənmə imkanları sayəsində deyil, həm də dünya ictimaiyyətinin biopolitik şəbəkə strukturları vasitəsilə daha dərinə genişlənmə, dirçəliş və öz-özünə yayılma qabiliyyəti yolu ilə formalaşdırılır”.
Neqri və Xardt haqlı olaraq göstərirlər ki, amerikan imperiyası klassik imperiya anlayışından çox-çox uzaqdır. Klassik imperializm mitropoliya və koloniya, mərkəz və periferiyası ilə birgə quru imperiyaçılığını özündə ehtiva edir. Həm koloniya, həm periferiya odur ki, mitropoliya və yaxud mərkəz tərəfindən fiziki cəhətdən mənimsənilmişdir, yəni imperiya nümayəndələrinin ayağı dəyərək götürdükləri yerlərdir. Yeni imperiyanın isə postmodernik mənada strukturu belədir ki, imperiyanın nəzarətinə düşən istənilən zonanı özünə birləşdirir, yəni hökmən deyil ki imperiya nümayəndəsinin ora ayağı dəysin. Bu zonada işlək şəbəkənin olması kifayətdir. Hətta bəzən təkcə medianın olması da kifayətdir.
Belə imperiyanın mərkəzinin olması vacib deyil, vahid mitropoliyaya və ya mərkəzə malik deyil. Bu faktor postmodernik imperiyanın əsasını təşkil edən şəbəkənin strukturundan irəli gəlir. Harda ki imperiya şəbəkəsi var, orda da şəbəkə qovşağı — imperiyanın lokal mərkəzi var. Eyni dünyagörüşlü şablon əsasında yaradılmış, amma strukturuna görə fərqlənən çoxsaylı mərkəzlər öz növbəsində belə imperiyanın planetar və universal olmasını müəyyənləşdirirlər və şərtləndirlər.

Valeri Korovin, “Şəbəkə müharibəsi”

Комментариев нет:

Отправить комментарий