31.10.2010

Şəhriyar və zəmanəmiz

101 Böyük Azərbaycanlı
 
 "İPƏKDƏN QƏZİL OLMAZ"

Poeziya yaranandan bəri üç mövzu onun əsasını təşkil edib: ayrılıq, məhəbbət və ölüm. Bu mövzuların bədii yaradıcılığın təməlində durması əslində insanın bir varlıq kimi təbiəti, yaradılışının xarakteri ilə şərtlənib. Həmin şərtlənmə ümumən insanın mahiyyəti və xislətinin istər mifoloji, istər dini, istərsə də elmi-fəlsəfi izahı ilə təsdiq olunur. Və hər şair öz istedadı, başqa sözlə, vücudunda daşıdığı ilahi nurun – çınqının hərarəti səviyyəsində (və dilin məhdud imkanları çərçivəsində) göstərilən mövzuları qələmə alır, onların fərdi ifadəsini, şərhini, açımını və həllini təqdim edir. Nəticə etibarilə həmin mövzular heç zaman və heç bir şairin yaradıcılığında ifadə potensiyasını tükəndirmir, qəti həllini tapmır və ona görə də əbədi mövzular statusunda yaşayaraq, dünyanın sonuncu şairinə doğru yolunu davam etdirir.

ŞAİR VƏ «YALAN DÜNYA»

Bu mövzuların çözümünə yönəlmiş poeziya aprior olaraq, dünya ilə antitezaya girir: ayrılıq – insanların fani dünyaya bağlılığına (sufi şairlərin «təəllüq» dedikləri şeyə), məhəbbət – ictimai birgəyaşayışa əsaslanan dünyadakı nifrət və ədavətə, nəhayət, ölüm – cismani həyat ehtirasına (Şəhriyar demiş, insanın qəbri görə-görə dünyadan həmişəlik şadlıq ummaq cəhdinə), mənası-məzmunu ötəri həzzi və müvəqqəti mövcudluğu təmin etmək uğrunda savaşdan və daimi iztirabdan ibarət olan ömrə qarşı dayanır. Poeziya – dünya içində dünya deyil, dünyaya qarşı duran dünyadır. Onun əbədi müxalifət funksiyası da buradan doğur. Bu funksiyanı müxalifət anlayışının dar mənasında konkretləşdirmək istəsək, deməliyik ki, heç bir ictimai sistem, sosial həyatın istənilən formada təşkili poeziyanın kamillik və harmoniya idealına uyğun gəlmir və gələ də bilməz. Çünki həmin idealın bu dünyaya yox, başqa bir aləmə dəxli var:

Şairin aləmi ölməz, ona aləmdə zaval yox,
Arzular orda nə xatırlaya imkandı, mahal yox,
Baği-cənnət kimi orda «bu haramdır, bu halal» yox,
O məhəbbətdə məlal yox,
Orda haldır, daha qal yox.


Klassik şeirimizdə «dünya» sözü sabit şəkildə «din» məfhumunun (ruhani, mənəvi həyat kimi ümumi anlamda) antonimi kimi işlədilir. Bir də həmin sözün «dəni» (alçaq) kəlməsindən çıxarılan poetik etimologiyası verilir. Belə olduğu halda ruhani başlanğıca, ülvi aləmə, mənəvi dünyaya bağlı olan şair bu «alçaq» dünyanı – «qilü-qal» və «halal-haram» dünyasını qəbul edə, «dünya adamı» ola bilməz.
«Fərzanələrin atdığı, divanələrin qapıb tutduğu» bu dünyada şair yaddır, qəribdir:

… Bilmirəm hardayam, bura haradır,
Ev-eşik yad gəlir hələ gözümə,
Elə bil qalmışam keçənlərdə…


«Keçənlər» heç də fərdi həyatın hansısa keçilmiş mərhələsi deyil, uzaq, çox uzaq bir keçmişdir – klassik şeirdə «ələst məclisi» kimi xatırlanan bir zamandır. Bu həsrət, bu nostalji hissi şairin «dünya duracaq yer deyil» (Nəsimi) qənaətini gücləndirir, ondan xilas olmaq şövqü doğurur:

Heydərbaba, gül qönçəsi xəndandı,
Amma heyif, ürək qəzası qandı,
Zindəganlıq bir qaranlıq zindandı,
Bu zindanın dərbçəsin açan yox,
Bu darlıqdan bir qurtulub qaçan yox.


«Gözünə qəmdən bir eynək taxan» dünya ilə sazişin bütün hallarda mümkünsüzlüyünü yaxşı anlayan Şəhriyar:

Çağır, Vurğun, çağır, qopsun bu gün aləmdə tufanlar,
Dağılsın məhvəri-aləm, kökündən tarimar olsun!


- deyən Səməd Vurğunun ardınca, dünyaya münasibətini:

Yaman qurğu yığılaydın,
Tufanlarda boğulaydın,
Nolaydı bir dağılaydın,
Bizi dərdə salan dünya!


- şəklində qətiləşdirir.

 ZƏMANƏMİZ: TƏMƏDDÜN VƏ SİYASƏT

Dünyaya belə münasibət heç də şairin öz həmnövlərinin – dünya əhlinin həyatına, yaşayış uğrunda savaşının gedişi və nəticələrinə nüfuzunu istisna etmir. Və bu hal poeziyanın əsas mövzu dairəsi barədə yuxarıdakı tezisin inkarı kimi başa düşülməməlidir – dünyadakı gerçəkliyin təsviri və qiymətləndirilməsi poeziyanın əzəli və əbədi mövzularının şərhində vasitə və üsuldur, son nəticədə dünyaya qarşı düran poeziyanın özünütəsdiqinə xidmət edir. İkinci bir tərəfdən, nəzərə almalıyıq ki, orta əsr şairlərindən fərqli olaraq, müasir dövr şairinin «üzlət guşəsini seçmək», «inzivaya çəkilmək» imkanları xeyli dərəcədə məhduddur. Bu da zəmanəmizin xarakterindən irəli gələn məhdudiyyətdir. Şəhriyar həmin xarakteri şərtləndirən iki amili – Təməddün və Siyasəti – xüsusi vurğulayır. Qeyd edək ki, həmin amillər elmi baxımdan da müasir tarixi prosesin tipologiyasınını müəyyənləşdirən faktorlar kimi qiymətləndirilir.

Şəhriyar «təməddün» dedikdə, çağdaş texnoloji sivilizasiyanı və ya bizim «elmi-texniki inqilab» adlandırdığımız («inqilab» sözu burada lap yerinə düşüb) hadisəni nəzərdə tutur. Şair bir vaxtlar bəşəriyyətin şövq və ümidlə qarşıladığı («Təməddünun uyduq yalan sözünə») texniki ixtiraların, texnoloji yeniliklərin istər qlobal nəticələrini, istərsə də gündəlik həyat və məişətdə doğurduğu problemləri qələmə alır:

Silo dair olalı hər nə dəyirman yığışıldı,
Amma xalis təmiz ünlar da dəyirman ilə getdi…
Hava insanı boğur, baş-başa «qaz-karbonik» olmuş,
Yel də əsmir, elə bil yel də Süleyman ilə getdi.


və ya :

Təməddünün gözü görüm kor olsun,
Ağzındakı şirin şərbət şor olsun.
Bal da yesə, zəhər olsun, çor olsun,
Ağzımızın dadın qapıb apardı,
Ürəkləri çəkib kökdən qopardı.


Şairin təməddünə mənfi münasibətini doğuran, ilk növbədə, onun məhz bu «kökdən qoparmaq» keyfiyyətidir. Belə ki, təməddün təkcə müxtəlif ekoloji fəlakətlər və xəstəliklər törətmir, insanı öz kökündən – təbiətdən ayırmaqla («Maşın bizi təbiətdən ayırıb, Mürdəşirə verim belə maşını») son nəticədə onun mahiyyətinin dəyişməsinə gətirib çıxarır. Əslində əsrimizin simasını müəyyənləşdirən ikinci amil – Siyasət də həmin dəyişikliklə şərtlənir. Belə ki, elmi-texniki inqilab əsrində yalnız təbiətə və ayrı-ayrı fərdlərə deyil, bütöv ölkələrə, xalqlara, millətlərə istehlakçı münasibət formalaşır.

İndi bəşər ac qurd təkin uduxub,
Çömbələnti göz qıcırdıb duruxub,
Baxırlar ki, görsünlər kim sınıxıb,
Tökülsünlər onun leşin yırtsınlar,
Hərə bir diş ənsəsindən qırtsınlar.


Bu siyasətin (geosiyasətin) texnologiyasını da yaxşı başa düşən Şəhriyar əsrimizdə istər bütövlükdə dünyada, istərsə də ayrı-ayrı xalqların taleyində baş vermiş hadisələrin kökündə duran həmin amili səciyyələndirmək üçün şeirlərində daim bir anlayışdan – Şeytan obrazından istifadə edir:

Biz millətin var harası?
Hardan sağalsın yarası?
Öz Şeytanı, öz barası
Ona deyir: «Qaç çaparı!»
Buna deyir: «Vur şikarı!»…

Köməkləşən gedir maha
Bizə kömək yoxdur daha,
Bizimki qalmış Allaha,
Şeytan quluymuş şahımız…


Beləcə Şəhriyar bir vaxtlar Hüseyn Cavidin irəli sürdüyü: «Təməddünün sonu vəhşətmidir?» sualına müsbət cavab vermiş olur.

MİLLİ DƏRDLƏR: «NƏDİR AXI BU MILLƏTİN GÜNAHI?»

Dünyada gedən proseslərin kökündə, özülündə dayanan amilləri iti fəhmi, dərin zəkası ilə analyan Şəhriyar «inkişaf etmiş ölkələrin» texnoloji hücumuna məruz qalan, geosiyasət obyektinə çevrilən ölkəsinin dərdlərini də yaxşı bilir. Şairin:

Obalar şairiyəm, dərdimizi
Duyuram, çox da dərin duyğudu bu


- sözləri onun yaradıcılığı ilə tam təsdiq olunur. Şəhriyar zaman-zaman xalqının başına gətirilən oyunları həm ürək ağrısı ilə, həm də bu oyunların mahiyyətini və mexanizmini açacaq bir tərzdə qələmə almışdır:

Kim qaldı ki, bizə buğun burmadı,
Altdan-altdan bizə kələk qurmadı,
Bir mərd oğul bizə havar durmadı.
Şeytanları qucaqlayıb gəzdiz siz,
İnsanları ayaqlayıb əzdiz siz.


Lakin ən mühümü budur ki, Şəhriyarın yazdıqları təkcə o vaxtkı İran gerçəkliyinə deyil, bütövlükdə əksər müsəlman ölkələrindəki vəziyyətə güzgü tutur. Misal üçün:

Çörək qəmi çıxıb xalqın ayına,
Hər kəs qalıb öz canının hayına…


və ya:

Gör necə qızları, övrətləri saillıq edirlər,
Millətin namusudur, fırlanır övbaş arasında.


yaxud:

İndi gərək, Amerikadan dən gələ,
Çörək gedə, Fransadan pən gələ,
Dən-düşümüz Sued, Norvejdən gələ,
Gəlməsə bir gün acımızdan ölək
Qapış-qapış bir çörəyi min bölək.


və s.
Məhz bu keyfiyyət Şəhriyarı milli hüdudlardan çıxarıb ümumşərq şairi edir və ona qoca Şərqin ən böyük dahiləri ilə bir sarıda dayanmaq haqqı qazandırır. Şəhriyarı Azərbaycan sovet şairlərindən fərqləndirən, yüksəyə qaldıran və müasirimiz olduğu halda, onun yaradıcılığına klassik mahiyyət bəxş edən xüsusiyyət də budur.

 «KEÇƏK YENƏ MƏHƏBBƏTİN SÖZÜNƏ»

Bir daha qeyd edək ki, Şəhriyarın dünyada baş verən hadisələri təhlil edib, ictimai, siyasi, milli məsələlərdən bəhs açması heç də onun şairlik dünyasından çıxıb bu dünya işlərinə qarışması, başqa sözlə, siyasətlə məşğul olması demək deyil. Bizim ictimai-siyasi həyata «fəal» müdaxilə edib bu mövzularda yazmaqla şəxsi mənfəət əldə etməyə çalışan, milli dərdlərlə, xalqın inamı ilə alver edən bir çox şairlərdən fərqli olaraq, burada Şəhriyarın mövqeyi tam qərəzsiz, obyektiv mahiyyət daşıyır və elə həmin mövqeyin sayəsində onun bu mövzudakı şeirlərində zəmanəsini dəqiq səciyyələndirmək, ən mühüm detalları qabarıq təqdim etmək keyfiyyəti meydana çıxır. Çünki bu şeirlər kənar və təmənnasız bir müşahidəçinin qələmindən çıxıb. Bu həlledici amilə şair özü də işarə edib:

Mənim yolum məhəbbət caddəsiydi,
Son sözlərim haqqın iradəsiydi,
Məhəbbətin risalət vədəsiydi,
Yoxsa məndə bir kəs ilə qərəz yox,


Siyasət – «qərəz» və «mərəz»dirsə, siyasətçi şair – absurddur, nonsensdir, çünki siyasət adamı olmaq dünya əhli olmağın kulminasiyasıdır, ifrat həddidir. Bu isə şairliyin dünyaya qarşı durmaq missiyası ilə bir araya sığışan şey deyil. Necə ki, ustad buyurur:

Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı,
Bir dəfə bunu qan ki, ipəkdən qəzil olmaz!



 
Məsiağa Məhəmmədi                                            
AMEA Şərqşünaslıq İnstitutu


                                                                                              mesiha.blogspot.com 

Allah - türkləri, оnlar isə insanı yaratdılar

Qədim sirləri açan məqalələr


Firudin Gilar Bəg                          http://www.gilarbeg.com/   



Firudin Gilar Bəg, 1964-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Gilar (ərəb. Cəlair) atabəglərinin nəslindəndir.
1970-1980-cı illərdə orta məktəbi, 1980-1985-ci illərdə Azərbaycan Politexnik institutunun Radiotexnika mühəndisliyini bitirmişdir. 1985-1989-cu illərdə Bakı “Ulduz” zavodunda, 1989-1990-cı illərdə isə rabitə sahəsində mühəndis işləmişdir. 1990-cı ildə “Qranit” kiçik müəssisəsini, 1993-cü ildə “Qorqud” partiyasını, 1994-cü ildə isə “Gilar” firmasını yaratmışdır. Professional Oxucu Liqasının üzvüdür.
1994-cü ildən elmi araşdirmalara başlamış və dövri mətbuatda onlarla elmi məqalələr və beş elmi kitab çap etdirmişdir.
Ailəlidir, iki övladı vardır.

Son dövrün elmi araşdırmaları sübut etmişdir ki, bu gün qəbul olunmuş qədim tarix səhvdir və biz keçmiş haqqında demək olar ki heç nə bilmirik. Ümumiyyətlə, əski dövr haqda fikir irəli sürməzdən əvvəl o dövrün məntiqini araşdırıb başa düşmək vacibdir. Firdovsi «Şahnamə»sində yazır: «Mənim sözlərimdə tapılmaz yalan, nə əfsun, nə əfsanə yazdım inan. Ağılla oxu, rəmz tapsan əgər, düşün, rəmz mənaya yol göstərər». Kitabında divlərdən, möcüzələrdən yazan Firdovsinin belə yazması onu göstərir ki, qədim həqiqətlər rəmzlərlə yazılmışdır və onları dərk etmək üçün rəmzləri açmaq lazımdır.

Bu gün qəbul edilmişdir ki, insanı Allah yaratmışdır. Lakin Tövratda Allahın iki növ insan yaratması xüsusi qeyd edilir. Araşdırıcı A. L. Xosroev, Aleksandriyalı Filona əsasən bu haqda yazır: «Təşkil olunmuş insanla (Tövrat, I kitab.2:7), Allahın obrazı ilə əvvəl yaranmış insan (Töv. I kit.1:27) arasında çox böyük fərq var. Çünki, hissiyatla bağlı yaradılan, yəni təşkil olunmuş insan, artıq keyfiyyətə aiddir və bədənlə ruhdan ibarətdir ki, kişi və qadın təbiətinə görə ölümlüdür. Obraza uyğun yaradılan isə – hansısa ilkin obrazdır və ya nəsil, və ya möhürdür, ağıllı, bədənsizdir: nə kişi, nə də qadın təbiətinə görə məhv olmayandır: «Yer» (Töv. I kit.2:7) və «Göy» (Töv. I kit.1:27) insanı. Göy adamı, Allahın obrazından yarandığı üçün məhv olmur və yerə aidiyyəti yoxdur, yer adamı isə qanunsuz materiyadan yaranmışdır ki, onu Musa peyğəmbər «kül» adlandırmışdır. Buna görə də Filon deyir ki, Göy insanı əllə düzəldilməmiş, Allahın obrazı ilə nüsxələnmişdir (möhürlənmişdir). Yer adamı isə usta vasitəsi ilə düzəldilmişdir» (А. Л. Хосроев, «Александрийское христианство», M. [Moskva] 1991, səh.110). Əflatunun (Platon) «Timey» əsərində bu haqda geniş danışılır. Bu fikir Quranla da təsdiqlənir: «O sudan bir insan düzəldib, ona qohum kişi və qadın yaratdı. Allah həqiqətən qüdrətlidir» (Quran, 25:56). Əgər biz su rəmzinin mənbələrdə ilkin materiyanın rəmzi olduğunu nəzərə alsaq, başa düşərik ki, Adəm adi insan yox, «dirilik suyundan», yəni ilkin materiyadan yaradılmış mistik varlıqdır. Adi insanlar isə bu mistik varlığa qohum kimi yaradılmışlar. Quranda, Allahın ilk insanı yaradandan sonra mələklərə, Adəmə sitayiş etməyi əmr etməsi onu göstərir ki, Adəm həqiqətən də Allahın obrazıdır.
 

Mənbələrdə Adəm [DM] rəmzi Osman [SMN] rəmzinə aid edilir və “Dami Osman” [DM-SMN] kimi yazılır. Diodor Siciliyalı Osman rəmzini “Osimon-Dias”, yəni Osman-Allah kimi qeyd edir və bu rəmzi II Ramsesə aid edir (Г. В. Носовский, А. Т. Фоменко, «Империя», M., 2000, səh.537). Bu o deməkdir ki, Osman elə Adəm, yəni adi insanları yaratmış Allah mənasındadır. Əski Misir yazılarına görə isə Allah ilk olaraq Oziri Allahını yaratmış və bəşəriyyət üzərində hakim təyin etmişdir. Məhz bundan sonra dünyanın 72 milləti yaradılmışdır. Oziri rəmzi bu gün türklərin Azər qolunun adı kimi qalmışdır. Belə çıxır türklərin ən əski qolu olan Azəri türkləri Osman nəslidir və bu Göy türkləri Allahın obrazına görə möhürlənmişlər. Adi insanlar isə usta, yəni bu Göy türklərinin əlləri ilə yaradılmışlar.
                      
Tövrata və s. mənbələrə görə, «İlk insan yarananda dünyanın o başından bu başına qədər olmuşdu» və yalnız günah işlətdikdən sonra Allah əlini qoyub onu kiçiltmişdir (Töv. V kit.4:32). Deməli, ilk yaranmış türklər Allahın qoyduğu qanunları pozduğu üçün, yəni «Adəmin cənnət almasını yeməsi» rəmzi ilə bağlı cənnətdən qovulmuş və bununla da öz qüdrətini itirmişlər. Göy türkünün rəmzi olan Adəmin (qədim Misirin Atum Allahı) obrazının öz qüdrətini itirməsi rəmzi Misir yazılarında Ozirinin (Azərin) axirətə yaxın ölməsi və axirətdə yenidən dirilməsi kimi qeyd olunur. Qurana görə, Azər - İbrahim peyğəmbərin atasıdır və o, büt düzəldib onlara can verir (Quran, 6:74). Yunan mifologiyasına görə, adi insan yaradıb ona can verən Prometeydir və o Zevs Allahı tərəfindən Qafqaz dağlarına qandallanmışdır. Prometey rəmzinin sufizmdə «Pir-Midiya», yəni «Midiya fironu» mənasını verməsi və onun insan yaratması, bu obrazın Allah mənasında olması deməkdir. Məlumdur ki, Prometey insanlara ilahi od gətirmişdir. Tövrata görə bu işi Musa peyğəmbər görmüşdür və o da Madiamdan, yəni Midiyadan olmuşdur. Z. Freydə görə Musa peyğəmbər Kadeş, yəni Kadus kahinlərinin əcdadı sayılır. Tarixçi B. A. Turayev isə bildirir ki, amoreylər, yəni marlar ölkəsi olan Kadeş – Aziru (Azəri) şahlığıdır. Araşdırmalarımızdan çıxan nəticəyə görə, amoreylər, yəni midiyalı marlar – bu gün ad və soyadlarının qarşısına «mir» sözləri yazılan əmir-seyidlərin (amorey-sutilər) əcdadlarıdır. Mar rəmzi ən əski dövrlərdən əjdahalar (ilan) nəslinə aid edilmişdir ki, erməni tarixçisi Təbrizli Arakel “əjdahadan doğulmuş” Midiya maqlarını “Osman şahlarının nəsli” adlandırır (А. Даврижеци, «Книга историй», M. 1973, səh.51). Bu isə onu göstərir ki, pir, bəg, seyid, şıx və s. adlandırdığımız Osman-Azəri müqəddəsləri adi insanların nəsli yox, Göydən gəlmiş və Allahın obrazı ilə nüsxələnmiş (qəlibdə yaradılmış!) 120 min (İslamda 124000) peyğəmbərin nəslidir.

A. Oppenheym “Qədim Mesapotamiya” kitabında açıq yazır ki, Mesapotamiyanın məşhur şahlar nəslinin, yəni Kutilər sülaləsinin hakimiyyəti mifik dövrlərdən - “şah (çar) hakimiyyətinin Göydən yerə endiyi dövr”lərdən başlanır (А. Л. Оппенхейм, «Древняя Месопотамия», М., 1980, səh.146). Əl Kufinin “Kitab əl-fütuh” əsərində isə nəzərə çatdırılır ki, Göydən yerə enmişlər - Salman ibn Rəbiyə və İran əhalisindən onunla gələnlərdir («Azərbaycan tarixi üzrə qaynaqlar», B., 1989, səh.59). Belə çıxır ki, Kutilər, Salman ibn Rəbiyə və onunla gələnlər - Osman şahlarının nəslidir və şah hakimiyyəti də onlarla birlikdə göydən yerə enmişdir. 

              

Qəbul olunmuşdur ki, İbrahim və digər bütün peyğəmbərlər yəhudilər nəslidir. Lakin bütün qədim mənbələrdə yəhudi deyəndə bilavasitə Xəzər türkləri olan xaqan və bəglər nəsli nəzərdə tutulur. Xəzər rəmzi sufilikdə ölümsüzlük qazanmış Xızır peyğəmbərin rəmzidir və bu rəmz bilavasitə ilkin materiya, yəni «dirilik suyu» ilə bağlıdır. İlkin materiya isə adi insanlar üçün gözəgörünməzdir və onu yalnız şamanlıq, qamlıq məqamında görmək mümkündür. Buna görə də sufizmdə ilkin materiyanın rəmzi olan “X” (“Q”/“G”/“H” və s.) səsi mənbələrdə bəzən yazılmır və bu halda Xəzər rəmzi Azər rəmzi kimi oxunur. Erməni mənbələrində Xazarapati (Xazarapet-Xəzər-Yafət) rəmzinin eyni zamanda Azarapati/Azarapet (Atropat rəmzi) kimi yazılışı məhz bu mənadadır. Buradakı Pat rəmzi isə Müqəddəs Azəri-Osman nəslinin - Yafət (Apet), yəni Misir yazılarındakı Pta Allahının nəsli olmasını göstərir.

Luka peyğəmbərin «İncil»ində İbrahimin atası Azər yox, Lazar kimi qeyd olunur (Əhdi-Cədid. Luk.16:22-25). Lazar [LZR] rəmzi sufilikdə El-Azər, yəni Azəri eli [L-ZR] deməkdir və bu rəmz İzrail [ZR-L] (Israil) rəmzi ilə eynidir. Məşhur ingilis alimi Artur Kestler 1976-cı ildə Amerikada çap olunmuş «Onüçüncü boy» kitabında onlarla sitat gətirərək bütün dünyaya sübut etmişdir ki, yəhudilər indiki İordan ərazisindən yox, arilərin (ər-ərənlər) vətəni olan Qafqazdan çıxmışlar və əsl yəhudilər Xəzər xaqanı və türk bəgləridir (A. Кестлер. «Тринадцатое колено», sayt: http://www.lib.ru/INPROZ/KESTLER/hazary.txt). Belə çıxır ki, qədim mənbələrdəki «Midiya yəhudiləri», yəni «Ya-Xuda» kimi yazılan Kuti rəmzi Azəri-Osman müqəddəsləri olan Kadeş, yəni kaduslar nəslinə şamil edilməlidir.

İslamda «müqəddəs» mənasını verən «kuddus», «əqdəs» rəmzləri də qədim Midiyanın «kadus» rəmzi ilə bağlıdır. Əhdi-Ətiqdə kuddus, əqdəs [KDDS/QDS], yəni müqəddəslik rəmzi kodeş [KDŞ] kimi yazılır. Xristian yazılarında bildirilir ki, «müqəddəs» sözü Əhdi-Ətiqdəki semit köklü «kodeş»lə (kdsh – müqəddəs) bağlıdır. Bu rəmz bəzi yerlərdə Allahlara və onunla bağlı olan şeylərə aid edilir. Əhdi-Cədiddə «kodeş» sözünün ekvivalenti yunan sözü olan «osios», «aqios», «aqiazo» və s. terminləridir. Əhdi-Ətiq sitatlarında «osios» - «Kodeş İsrael» (kedosh Yisrael), yəni Müqəddəs İsrail sözünün ekvivalentidir ki, onu Əhdi-Cədid müəllifləri Xristə və ya Allaha aid edirlər.

Xristianlar müqəddəslərini «aqi», «aqiya» adlandırırlar ki, bu rəmz Əhdi-Ətiq köklü sayılır və «Allaha qulluq və onu şöhrətləndirmə üçün ayrılmışlar» mənasındadır. Xristian müqəddəslərinin «aqi» adlandırılması, onların Azəri-Osman müqəddəsləri olan «ağa»lar nəsli, yəni pir, bəg, seyid, şıx və s. müqəddəslər nəsli olması deməkdir. Bütün bunlar isə o nəticəyə gətirib çıxarır ki, «Kodeş İsrael» rəmzi - «Müqəddəs Azəri eli» kimi başa düşülməlidir.

Bildirmək istərdik ki, rusların «Boq» rəmzi (iran. Baqa) məhz türklərin Bəg sözüdür. Eyni mənalı «Qospod» rəmzi isə «Aqios-Pta», yəni «Oğuz-Yafət» deməkdir. Erməni və gürcülərin «Katalikos» rəmzləri də bu mənada – «Xuda Eli - Oğuz» fikrini ifadə edir və s.
  
              
Quranda açıq qeyd olunur ki, Quran kitabı məhz İsrail oğulları üçün, yəni Azəri müqəddəsləri üçün göndərilmişdir və onlar Allah üçün bütün bəşəriyyətdən üstün olmuşlar: «Həqiqətən, Bu Quran İsrail oğullarına, onların fikir ayrılığına səbəb olan bir çox şeyləri rəvayət edir. Və həqiqətən o, əldə rəhbər və möminlər üçün rəhmətdir (mərhəmət)… And olsun ki, Biz İsrail oğullarına Kitab, hikmət və peyğəmbərlik əta etmiş, onlara pak nemətlərdən ruzi vermiş və onları aləmlərə üstün etmişdik!… Ey İsrail övladları! Sizə bəxş etdiyim nemətlərimi və sizi vaxtilə bütün aləmlərdə üstün tütduğumu yada salın… Ey İsrail oğulları, Sizə bəxş etdiyim nemətimi xatırlayın, Mənə verdiyiniz sözə əməl edin ki, mən də sizə olan əhdimi yerinə yetirim və yalnız məndən qorxun… Biz onları elmlərinə görə aləmlərdən üstün tutduq… Biz İsrail oğullarına kitab, müdriklik və peyğəmbərlik verdik, və onlara pak nemətlərdən ruzi verdik və onları aləmlərdən üstün etdik!... Verdiyi nemətlərlə sınamaq üçün O, yerdə sizi varislər etdi və dərəcələrə görə birinizi digərindən üstün tutdu. Həqiqətən, sənin Allahın cəzanı tez verəndir, bağışlayan və rəhmlidir» (Quran, 27:76,77, 45:16, 2:47,122,40, 44:32, 45:16, 6:165). Azəri (Osman) müqəddəslərinin Allahın varisləri sayılması, onların möcüzələr göstərmək qüdrətində Allaha yaxın olması ilə bağlıdır. Bu nəslin Allaha «söz verməsi» deyəndə isə, onların Ararat dağında Allahla bağladıqları müqavilə başa düşülməlidir (Tövrat. I kit.8:4, 9).

Azəri-Osman müqəddəslərinin, yəni «Kitabi Dədə Qorqud»da «ərənlərin əvrəni» (ərənlərin yəhudisi, seçilmişi) adlandırılan Midiya yəhudilərinin əsas qolu «levit» adlanır ki, onlar öz həyatlarını Allaha həsr etmişlər. İslamda bu qol «əl-Beyt» (əhli-Beyt) kimi yazılır və Məhəmməd peyğəmbərin Ailəsi mənasındadır. Ümumiyyətlə, Məhəmməd rəmzi sufizmdə «Midiya maqı» deməkdir. Quranda Allah Nurunun (Quran, 24:35, 61:8-9, 64:8) Məhəmməd peyğəmbərə verilməsi və ibn Ərəbinin bu Nuru «Həqiqə Məhəmmədiyyə» (Haqq-Məhəmməd) rəmzi ilə əlaqələndirməsi onu göstərir ki, Məhəmməd peyğəmbər adi insan yox, Kosmik İnsan (Adəm) olan və Allah funksiyasını daşıyan bir Varlıqdır. Belə çıxır ki, Məhəmməd peyğəmbər - nəhəng insan, yəni Allahu-Kəbirdir (Əkbər). Sufilər dahisi Qəzaliyə görə də Məhəmməd peyğəmbər kosmik insanın obrazıdır. Məhəmməd peyğəmbərin «iki dünyanın ağası» adlanması isə o deməkdir ki, o məhz qədim Misirin Ra-Amon (Amon-Ra), yəni Ra-Əman Allahının obrazıdır. Quranda Ra-Əman rəmzi Rəhman kimi yazılmışdır. Mənbələrə görə Qədim Misirin Ra-Amon Allahı ilkin materiyada, yəni göydə ruhlar dünyası yaratmış və öləndən sonra da Allaha çevrilərək Alban dağlarının üstündəki fəzada qərar tutmuşdur. Firdovsi «Şahnamə»sində Amon Allahının Göyü tutması hadisəsini Cəmşidlə bağlayır və qeyd edir ki, o bir dənizi keçib Göyə ilk ayaq açır. Göydə Kəyan taxtı qurub, divin çiynində taxta çıxan Cəmşid fəzada Günəştək qərar tutur. Quranda bu hadisə, yəni Allahın Göyə - ərşə yüksəlməsi belə təsvir olunur: «O elə bir yaradıcıdır ki, yerdəki hər şeyi sizin üçün yaratdı: sonra iradəsini Göyə yönəldib, onları yeddi Göy olaraq düzəltdi… Allah Göyləri dirəksiz ucaltdı, sonra öz taxtında qərar tutdu və Günəşi, Ayı özünə tabe etdi… Rəhman ərşə hakim oldu (Quran, 2:29, 13:2, 20:5).

Ra-Əman, yəni Rəhmanın ərşə - göylərə hakim olub Allaha çevrilməsi Mogilyan və Gültəkin abidələrinin ilk sətirlərində belə qeyd olunur: «Mən Tanrı tək Tanrı yaratmış bilici türk xanı... Mən Tanrı tək Göydə yaranmış bilici türk xanı...». Bu o deməkdir ki, Rəhman Allah məhz türk xanının obrazıdır. «Kitabi - Dədə Qorqud» abidəsində Ra-Əman Allahı - «varıban peyğəmbərin üzünü görən, gəlübən Oğuzda səhabəsi olan, acığı tutanda bığlarından qan çıxan, bığı qanlı Bügdüz Əmən» kimi qeyd olunur. Kadus mənasında olan Bügdüz [B-KDZ] rəmzi qədim misir yazılarında Təktüz (Taktiz Amon) kimi yazılır. Nizami Gəncəvi «İskəndərnamə» əsərində «Təkdis taxtı»nın sahibini «Sahibkəran», yəni yerin-göyün sahibi, ağası adlandırır. Belə çıxır ki, yerin-göyün sahibi olan Amon-Ra Allahı elə Oğuz bəgi olan Əmandır. Dilimizdə Amon Allahının adı Əmanulla, yəni Əman-Allah kimi qalmışdır. Qədim Misir mənbələrində bu Allah Napatlı Amon kimi də qeyd olunur ki, Strabonun «Coğrafiyası»sına görə kaduslar, amardlar və s. tayfalar məhz Nifat, yəni Napat və Zaqr dağlarına səpələnmişlər. Bu isə o deməkdir ki, bütün qədim mənbələrdə Allahlar yurdu deyəndə məhz Azəri (Osman) müqəddəslərinin vətəni olan Azərbaycan nəzərdə tutulmalıdır. Sufilikdə Azər rəmzi – “İssi Ra”, Osman rəmzi isə “İssi Əman” kimi açiqlanır ki, burada “issi” rəmzi “ruh” mənasındadır. Deməli, Azəri və Osman rəmzləri bilavasitə Ra – Əman, yəni Rəhman Allaha aid rəmzlərdir. 

            

Erməni, ərəb, yəhudi və s. tarixçilərinə görə bütün tarix yalnız seçilmişlərə, yəni əsil yəhudilərə aiddir. Dahi Ərəbi xüsusi qeyd edir ki, seçilmişlərin adi insanlardan fərqi ondadır ki onlar Allahın sirlərini bilmişlər. Nikolay Rerix özünün «Nur saçan Şambala» əsərində qədim Azəriləri - Böyük sirləri bilən «Böyük Azərilər» («Velikiye Azarı») adlandırır. Hegel isə özünün «Ruhun fəlsəfəsi» kitabında, Qafqaz irqinin müsəlman əhalisini ən ali insan kimi göstərir və qeyd edir ki, inkişafın əsas səbəbkarları məhz onlardır. Lakin o buradakı pir, bəg, seyid, ağa, şıx və s. Azəri müqəddəslərini «ərəb» adlandırır ki, həqiqətdə onun dövründə Qafqazda ərəb dilində danışan xalq olmamışdır.

Ərəb (Ereb) rəmzi qədim yunan mifologiyasında xaos mənasındadır və göyləri bildirir. E. ə. VIII əsrə aid Assuriya yazılarında Midiya ərazisində «Şərqin ərəbləri» (dəqiq: «Günəşin çıxdığı yerin ərəbləri») ölkəsinin adı çəkilir (И. Дьяконов, «История Мидии», М-Л., 1956, səh.219-221). Qəddar Assur şahı Sanxerib isə urbi, yəni ərəbləri - arami və xaldeylərlə birlikdə Uruk, Nippur və s. ölkələrdən çıxarmışdır (orada). Sanxerib rəmzinin «Sünik-ərəb» mənasında olması onu deməyə əsas verir ki, bu ərəblər ölkəsi məhz Midiyanın Sünik vilayəti ilə, yəni Albaniya ilə bağlıdır. Təbəriyə görə də indiki ərəblər əsil ərəblər deyil. Əsil ərəblər mifik Ad, Samud, Amalik, Casim, Cadis və s. tayfalarıdır ki, İslama qədər köçüb getmişlər (Тəбəри, I/215). Buradakı Cədis rəmzi təbii ki kadus nəslinə, yəni müqəddəs mənasında Midiya maqlarına aid rəmzdir. Deməli, Hegelin Azəri türklərinin hamısını seyid mənasında ərəb adlandırması təsadüfi deyildir.

Mənbələrdən məlumdur ki, Midiyada əsasən «dağ və səhralarda dolaşan qüdrətli midiyalılar» yaşamışlar. Burada «dağ və səhralarda dolaşan» deyəndə, Midiya dağlarını və ilkin materiya səhralarında ekstatik vəziyyətdə («suluq») dolaşan midiyalı maqlar nəzərdə tutulmalıdır. Sufizmdə, ekstatik vəziyyətdə («suluq») dolaşanlara, yəni sufi müridlərinə türüklər - türklər deyirlər. Sufi, tərikə (təriqət) silsiləsini, yəni sufi qardaşlığının (türük) mistik yolunu keçib sufiliyin ən ali məqamı olan bəqa (bəglik) fazasına, yəni Allahla - ilkin materiya ilə vəhdət səviyyəsinə nail olmaq üçün kamillik yolunu keçir. Deməli, tərikə yolu – türkün Haqqla vəhdət, yəni Allaha çevrilmə yoludur. Bu isə o deməkdir ki, «Şərqin ərəbləri» ölkəsi deyəndə, Sührəvərdinin Şərq kimi rəmzləndirdiyi Göydəki Ereb ölkəsində - Ərəbistanda dolaşan Midiya maqlarının ölkəsi başa düşülməlidir. Məhəmməd peyğəmbərin ərəb olması da bu mənada onun Göydə yaşayan Rəb, yəni Allah olması deməkdir.

Dini inama görə, Məhəmməd peyğəmbər Merac gecəsi insanbaşlı Buraq atı ilə Məkkədən səmadakı Yersəlimə «səyahətə» çıxmış, oradan isə «nur pilləkənı» ilə (bəzən «pilləkən gecəsi» də adlanır) qalxaraq, Allahla görüşüb «söhbət» etmişdir. Son peyğəmbərin merac gecəsi yeddi Göyü keçib Allahla görüşməsi, onun sufi silsiləsini, yəni tərikə (türk) yolunu keçməsi mənasındadır.
                    
Bildirmək istərdik ki, Mahmud Kaşğarinin qeydə aldığı hədislərin birində Allah Şərqdəki bu türkləri öz ordusu adlandırır və qəzəbi tutduğu xalqın üzərinə məhz bu ordunu göndərir. Quranda bu nəhənglər Allahın sevimli xalqı adlandırılır (Quran, 5:54). Əflatunun yazdığına görə isə yer insanlarını Allah özü yox, onun ilk yaratdığı bu sevimli xalqı, yəni nəhəng türklər (Göy türkləri) yaratmışlar: «Buna görə Mən sizə yaranışın başlanğıcını və toxumunu təqdim edirəm; qalanları ilə siz özünüz məşğul olub, ölümlülük ilə ölümsüzlüyü birləşdirib canlı varlıqların yaranışını qurtarın, sonra onlara qida hazırlayın, qidalandırın və onları qaytarın, ölümdən sonra isə onları yenidən özünüzə qəbul edin» (Platon «Timey» 41B,D,S). Bu isə o deməkdir ki, insanların ölümündən sonra onların ruhlarını göyə qaytaran «Əzrail» [ZR-L] nəsli də «Azəri eli»nin [ZR-L] mələkləridir. Erməni tarixçisi M. Xorenatsinin türkləri - mələk, yəni «Tork-Anqelea» adlandırması məhz bu mənadadır (М. Хоренаци, книга I, səh.8). Belə çıxır ki, mənbələrdə kadusların, yəni müqəddəslərin «qaniçən (qanasusamış) kadus» adlandırılması, onların ölüm mələyi olan Əzrail (Izrail/Azərel) nəsli olması ilə bağlıdır. Qeyd edək ki, qədim Misirdə də Oziri/Osiris Allahı, yəni Azər/Əsər - ölüm şahlığının Allahı və şahı sayılırdı.

Bütün bunlar o nəticəyə gətirib çıxarır ki, türklər – yerin adi insanlarından fərqli olan Göy insanının nəslidir. M. Xorenatsi isə açıq yazır ki, bütün müqəddəs yazılar yalnız «seçilmişlər» adlanan yəhudilərə (xuda/kuti nəsli) aiddir, adi insanlar isə nifrətə layiq olduqları üçün yazılarda qeyd olunmağa layiq deyillər. Deməli, qədim mənbələrdəki bütün yazılar, o cümlədən qədim misir, şumer, yunan, çin, hind, erməni və s. yazılar bu və ya digər variantlarda məhz Göy insanın nəsli ilə, yəni Azəri-Osman türklərinin eli ilə bağlıdır. Adi insanların həyatı isə digər canlıların həyatından fərqlənmədiyi üçün kitablarda yazılmağa layiq deyildir və ərəb, yəhudi, hind və s. mənbələri bu insanları “heyvani insan” adlandırır.

Bunlar haqda daha geniş məlumat, yeni çapdan çıxmış «Batini-Quran» kitabında verilmişdir. Kitabın bir hissəsi internetdə yer alır. Bu kitabı dərk edən insan qədim dünyanın demək olar ki bütün sirlərindən agah olacaqdır.

            

BAKI-MİNCEVAN QATARI

Həmid HERISÇİ                                                                  marakaqol@rambler.ru


Konspiroloji təfəkkür bədii əsərin başlıca, ən gizli, həm də ən vacib şərtlərindən biridir.
Konspirologiyadan məhrum bədii mətni bu gün heç ədəbiyyat saymırlar. Den Braun, necə deyərlər, öz işini gördü bu sahədə-oxucunu saldı öz girinə (söz girinə!). “Kitab kitab içində” tilsimini yaratmaq, düz sözümdür, hər yazarın işi deyil. Çağdaş ədəbiyyatşünaslıq, köhnə təhlil üslublarını cəhənnəmə vızıldadıb, məhz konspiroloji bir üsulla bədii mətnlərin təhlilinə (gizlinlərinə!) girişməlidir. Ədəbiyyatın zahiri tərəfini bir kənara qoyub, gəlin girişək onun tilsiminə, yəni kitabın görünməyən tərəfinə. Bir kriminalist kimi təhlil edək yazarlarımızın yaradıcılığını-ordakı cinayətləri, qatilləri, qanunsuzluqları, qətlləri araşdıraq!
Hər kitabın dərinliklərində hələ ifşa edilməmiş bir cani, zavallı qurban ,qətl, qatil yaşayır... Sirr yatır...
Böyük nasirimiz Sabir Əhmədlinin “Ömür urası”, “Yasaq edilmiş oyun” romanlarından başlayaq bu mübarək işə.


GEDƏNLƏRİN QAYITMAĞI
Hərbçilərimiz, siyasətçilərimiz, millətimizin eləyə bilmədiyini yenə də ədəbiyyatımız, əslində, yalqız qocaman bir yazıçımız həyata keçirdi-işğal altındakı torpaqlarımızı, xəyalən də olsa belə, düşmən tapdağından azad edib öz doğma yurdu Cəbrayıla qayıtdı. Getdi, qayıtdı ora-iti qələmi, yazıçı sənəti, Azərbaycan türkcəsinin köməyi ilə. Getdi ora-yazıçı cümlələrinin gücüylə açdı Cəbrayıldakı evinin paslı qıfılını, gəlib oturdu qapı ağzındakı alçaq səki üzərində. Təmizlədi, sildi-süpürdü dədə ocağının kir-pasağını...
Yazıçı Sabir Əhmədlinin son romanı-“Ömür urası” məhz bu mövzuya həsr olunub. MÜHARİBƏ BİTİB, TORPAQLARIMIZ GERİ QAYIDIB, “BAKI-MİNCEVAN QATARI” YENİDƏN ARAZ BOYU TAQQA-TUKLA YOL GEDƏRƏK CƏBRAYILDAN KEÇİR. Onun ilk sərnişini yanıb külə dönmüş ata yurduna qayıdan qocaman bir müəllimdir. Məncə, Sabir Əhmədlinin özüdür. Ruhudur bəlkə də. Bədəni deyil...
Nə bilim...
Deyirlər-ruh həmişə doğulduğu məkana qayıtmağa can atır. Romanın mövzusu, qayəsi elə budur-RUHUN QAYIDIŞI.
Yazarlarımızın hamısı indi sanki nastalji hisslərinə qapılaraq “geri qayıtmaq istəyir”-Əkrəm doğma Əylisinə, Anar Rzayev 60-cı illərin rahatlığına, Elçin Əfəndiyev müasir ədəbi prosesə qayıtmaq istəyir. Kamal Abdulla itmiş oxucu kütləsinin gizli ünvanını axtarır. İsa Hüseynov laməkan aləmlərin sehrinə düşüb-bir ayağı, bir qələmi ilə artıq o biri aləmdədir sanki.
Görünür, gəlib yetişdiyimiz (?) mənzillər, məqamlar çox mənasız, darıxdırıcı olduğundan, ümid yalnız QAYIDIŞadır.
İmkan varmı buna?
Bilmirəm... Bilmirəm...
Biz “kələfin ucunu” çoxdan əlimizdən buraxmışıq. “Kələf” sözünü isə tərsinə oxusaq qarşımıza tam amansız “fələk” kəlməsi çıxacaq...

***
Hələ ki, “çərx-fələyin” bu qapalı dairəsini yarıb geri qayıdanların (həm də irəli sıçrayanların!) içində mən, yalnız bir qocaman qəhrəmanı-yazıçı Sabir Əhmədlini görürəm. Hələ ki yalnız o, geri qayıtmağı (həm də irəli sıçramağı!) bacardı, mindi xəyal qatarına, vaqon bələdçiləriylə danışa-danışa gəlib yetişdi doğma Cəbrayılına. Qələminin iti ucu üzərində Qarabağa qayıdan ilk azərbaycanlı kimi, Sabir Əhmədli öz ömür dairəsini bu əsərdə qapamaq, son nəticədə bir müqəddəs “məqama yetişmək” niyyətindədir. “Məqam”, “muğam” kəlmələri isə dilimizdəki çox nadir sözlərdəndir-“ata, ana” sözləri kimi, onları tərsinə oxusan, eyni kəlməni eşidəcəksən.
Yəni bu müqəddəs kəlmələrin canında “əvvəllə axır birləşir”, nəticədə bir əbədiyyat, bir ədəbiyyat yaranır. “MUĞAM” adlanan bir əbədiyyat.
Ədəbi (əbədi!) süjetin əsas qəyəsi də elə bax bu qapalı dairələri tapmaq, yaratmaqdır. Bəli, yalnız “əvvəllə axırın birləşdiyi” məqamlarda, adına “süjet” (qədim ismi “muğam”) dediyimiz bir sirli dairə yaranır. Bu dairədən istifadə edən ustad yazıçılar öz xəyallarında tam azaddırlar, istədikləri vaxt geriyə, gələcəyə, müasirliyə müraciət etməyi bacarırlar. Üç zamanı öz əlinə almış yazıçı isə artıq adına “roman” dediyimiz bir janrın ustad sahibinə çevrilir.
“Ömür urası” əsərində, məhz buna görə, Sabir dədə, həqiqətən bu çətin janrın tam ağasıdır.

***
Dairənin həndəsi təsviri (O) iki məna verir- həm puçluq, həm də tamlıq. Onu hər hansı rəqəmə qoşsan, çoxluq qazanacaqsan. Bacarmasan, qanın getdi, sıfırdasan.
Dairəni qapamaq, MUĞAMa, MƏQAMa yetişmək istedadı isə hər yazıçının, müğənninin işi deyil.
Roman boyu Sabir Əhmədli bu “həyat dairələrini” tapıb həm üzə çıxarır, həm qapayır-zəngin həyat təsvirləri əsasında onları əsərin baş süjetinə qoşur, tək buraxmır. Həyatdakı əbədiliklə puçluğu vəhdətdə, bir-birinin qonşuluğunda təsvir edərək, insan taleyinin gözəgörünməz tellərinə toxunur. Əsərdəki ən incə, dərin yerlər Cəbrayıldakı xalça sexində çalışan xalçaçı qızların acı taleyi ilə əlaqədar yazılmış yanıqlı hissələrdir.
Xalça-palazlarımız həmişə düşmən tərəfindən yağmalanıb - lakin bu dəfə xalçanı yaradan əllər düşmən caynağına keçir. Əsrlər boyu Cəbrayılın sirrini-tilsimini ovcunda saxlayan, “ipin, kələfin sahibi” olan bu qız-gəlinlərin düşmənə əsir düşməsi ilə, sanki dairə qapanır, “kələfin ucu” keçir yad əllərə.
Bu dairəni yarmaq isə artıq hər qüvvənin, hər yazıçının işimi?
“Kələf” kəlməsini tərsinə oxusan, tam amansız “fələk” sözüylə təkbətək qalacaqsan:
“Xalçaçı qızlar Cəbrayılda axıra qalmış sakinlərdi. Onları əhaliyə qoşulub qaçmağa qoymayıblar. Qoy qalıb işləsinlər. Əhali də onlara baxıb, toxdasın...Qızlar, hər an bizimkilərin gələcəyini, onları darda qoymayacaqlarını gözləyirmişlər...
Şəhərə girən erməni bölüklərindən birindən, beş-altı əsgər ayrılıb cumurlar çaylağın o tayına, xalçaxanaya. Çatırlar xalçaxanaya, başlayırlar xanadakı xalçaları qopartmağa. Xalçaları yerə döşəyib, üstlərində qızları zorlamaq....”.
“Xalçaçı qızları gətirirlər Xankəndinə...Sex açıb...Üstünə erməni hərifləri...”
Xalçaçı qızların ermənilərə əsir düşməyi ilə bizim həyat ipimiz qırılır, xalçamız yarımçıq qalır. Həyat bitir, acı tale başlayır...
Qapalı bir dairə...XANADAN TƏRƏKƏMƏ XALÇASINI DARTIB QOPARAN DÜŞMƏN ƏLİ.
Sabir Əhmədli məğlubiyyətimizin bax bu acı mənzərəsini görmüş bir dahidir “Ömür urası” əsərində...

***
İstərdim burda romanın ilk parçasını diqqətinizə çatdırım. Ancaq mən, Sabir dədənin usta cümlələrini olduğu kimi, bütöv şəkildə təkrarlamaq istəmirəm neyçünsə. Bu dəfə həmin cümlələri qırıq-qırıq, yarımçıq eşitsəniz yaxşıdı. Elə bilin, kimsə uzaqdan sizə qırıq-qırıq teleqram misraları göndərir. Tələsir. Vaxt azdı. Cümlələri axıra çatdıra bilmir.
Qədim şumer mətnləri, dövrümüzə bütöv, sağ-salamat gəlib çatmayıb-zaman pozub, dağıdıb həmin misraları. Sabir dədənin mətnləri üzərindən də elə bil fələyin bax belə bir qasırğası ötüb:
“Saatlıdan...Beyləqana yax...yolları bürümüş...axınıyla qarşılaşdılar. Hellənib Haramıya doğru gələn xılı “jiquli” yarıb keçə bilmirdi, ilişdilər.
Haramı...belə lov görməmişdi...itlər boğazındakı zənciri torpağın üstüylə sürüyür...evdən çıxanda, köpəklər zəncirləri qoparıb düşmüşdülər bunların ardınca...
Arvad-uşağın üz-gözündən zəhər...kişilər hirs-hikkədən...
Fotoaparatı götürdü...Qadınlar, qızlar da şəkillərinin çəkilməyinə yol vermədilər...
Beyləqan İcra Hakimiyyətindən....
Dörd-beş kişi yanaşdı...İcra başçısından xahiş etsin, onlara yük maşını versinlər. Orda, kənddə xeyli taxıl qalıb. Gedib onu götürsünlər.
Qayıdıblar kəndə, giriblər taxıl ambarına... Ermənilər... güdürmüşlər... Hamısını taxıl-maşınlı girov götürüblər...”
Sanki şumer dövründən gəlib bizə çatmış bu mənzərəyə-insanların düşməndən qaçmaq səhnəsinə! Day nə deyəsən... Köpəklər öz sahiblərinə vəfalılığı, boyunlarındakı zənciri qopartmaqla sübut etdikləri halda...
Qaçqınlar heç layiqdirlərmi öz köpəklərinin vəfasına?
Bax bu dar məqamda bir dəstə qaçqın geri qayıdır. Düşmənlə döyüşməyə görə yox! Taxılı ambardan çıxarıb bazara çıxarıb satmaqdan ötrü!
Ancaq vətəni uduzanlar, öz kiçik ticarət sevdalarını da uduzurlar. Taxılı geri qaytarmaq həvəsinə düşənlər, vətəni geri qaytarmaq istəmirdilər...

Vətənə ilk QAYIDIŞ, Həramı düzündəki bax bu əclaf qayıdışla başlayır-vətən hardadır? Taxıl ambarında? Köpəklərin vəfasında, yəni köpəklərin yaşlı gözündə?
Sabir Əhmədli bu “qayıdış”ı görüb.
O, bilir ki, RUH QAYITMALIDIR öz doğma yurduna.
Tamah, gördüyümüz kimi, məğlub olub Həramı düzündə...
Sözə fikir verin-“həramı düzündə”...
RUH QAYITMALIDIR...RUH...TAMAH QAYIDIB, ANCAQ MƏĞLUB OLUB KÖHNƏ KOLXOZ AMBARINDA.
VƏTƏNƏ DÖNƏN XƏYALİ “BAKI-MİNCEVAN QATARI”NA BİLET ALMAQ DAY ONUN QİSMƏTİNDƏ DEYİL.

MÜCƏRRƏD KƏDƏRƏ “YOX!”
 Ustad şairimiz Şəhriyarın “Heydərbabaya salam!” əsərində təsvir edilib sadalanan XEYİR qüvvələr, belə baxsan, çox aydın, real simalardan ibarətdir. Əsərdə bu xeyir qüvvələrin adı, təsviri, yaşantısı, sevinci, kədəri tam realdır-“Nənəxanım, Şüca xalaoğlu, Xanım əmmə, Məmmədsadıq, Təbriz, Xoşginab, Qıpçaq” bu qüvvələrin dəqiq ünvanıdır. Lakin həmin müsbət qütbün qarşılığı kimi təsvir edilən ŞƏR DÜNYAsına gəldikdəysə, Şəhriyarın iti qələmi mücərrədliyə varır. Şair onu mücərrəd “çərxi-fələk, fani dünya, rüzgarın dəyirmanı, xərabeyi-Şam” simvolları ilə canlandırmaq istəyir.
Höte, Balzak, Dostayevski, Folkner, Selin kimi yazıçılara qədər dünya ədəbiyyatı bu cür oxşar xəstəliyə düçar idi-şər aləmini mücərrəd təsvir edirdi. Məhz şər aləmini təsvir edərkən mücərrədlikdən reallığa əl atmaq, sonralar ədəbiyyatın tam simasını dəyişdi. Nəticədə nəsrdə “realizm” deyilən bir janr yarandı. Dostayevski, Balzaka qədər, şərin ədəbiyyatda ancaq təxəllüsü, ayaması vardı. Realist yazarlar bununla barışmadılar. Stavroqin, Sverdliqaylov, Lujin kimi şər qəhrəmanlarını yaradan Dostoyevski sanki şəri ənənəvi mücərrədlikdən çıxarıb ona ad, isim verdi. Şəri insanın daxilində axtardı, nəinki kənarda.
Bizim çağdaş ədəbiyyat da, həmin köhnə mücərrədlik xəstəliyindən hələ ki, tam sağalmayıb. Biz öz ŞƏR QƏHRƏMANLARIMIZIN ƏDƏBİ SİMASINI oxuculara göstərə bilməmişik-onu mücərrədlik pərdəsi arxasında gizləmişik. Şərri bu cür təsvir etmək, ədəbiyyat konteksində, həm də ona uduzmaq deməkdir.
“Heydərbabaya salam!” poemasında xeyrin realist, şərin isə mücərrəd təsvirlərini verməklə, şəri realistcəsinə təsvir etməməklə, ustad Şəhriyar şər qüvvələrə uduzub. BURDA, MƏHZ BURDADIR AZƏRBAYCANIN ŞƏRƏ MƏĞLUBİYYƏTİ.
TƏBRİZLƏ BAKININ QOŞA MƏĞLUBİYYƏTİ.

***
...Bakı-Mincevan qatarına əyləşib tək-tənha Cəbrayıla qayıdan Sabir Əhmədlinin kupesinə daxil olub bu acı həqiqəti ona söyləyirəm. “Yaşıl teatr” romanındakı Kişibəyov surətini yadıma salan qocaman yazıçımız, deyir ki, şərə münasibətdə o, heç vaxt mücərrədliyə sürüşməyib. “Yamacda nişanə”də Həsənxanı tünd boyalarla təsvir edib. “Qanköçürmə stansiyası”, “Kef”, “Axirət sevdası”nda da mücərrədliyə varmayıb şər barəsində.
Qatarın taqqatuku eşidilməz olur. Şər dünyasının anadangəlmə (şeytandangəlmə?) lüt-üryan, çıl-çılpaq, eybəcər bədəni gəlib canlanır gözlərim önündə.
Sabir Əhmədli orda mənə deyir: “Şeirimizin canlı həyat-yaşantıdan ayrılması işində böyük zəhmətlər çəkmiş, poeziyamızı nəğmələşdirib-musiqiləşdirərək onu bəsit xülyaların-xəyalların ağuşuna tolazlamış dekadent-simvolistləri heç vaxt sevməmişəm. “Hansı dildə susaq?”, “biz Allaha yox, Allah bizə inanmır” kimi tapmaca sualları ədəbiyyatda yersiz görmüşəm. Özü də həmin bu tapmacalar, bilin, bizim şairlərdən öncə Peru şairi Sesar Valyexo, rus ədibi Konstantin Vanşenkin kimilərin də şeiriyyətində də eynən var (Literaturnaya qazeta, 1997, 12 noyabr). Sual olunur-plaqiatdırmı bu? Cavabım sadədir-yox! Dekadent-simvolist yazarlarımızın mövzu, həyat dairəsi dar olduğundan onlar həmişə həm özlərini, həm də özü kimi digər şairləri daim təkrarlayırlar.
Mücərrəd kədər mənlik deyil. Elə mücərrəd şər də...

ŞƏRİN QƏLƏBƏSİMİ?
Bəzi sirlərin üstünü açmaq çətindi-belə hallarda bəzən yaddaş dünyası, ədəbiyyatın iti qələmi də hətta bizə yardım etməyəcək. BELƏ HALLARDA SÖZÜN YADDAŞINA MÜRACİƏT ETSƏK YAXŞIDIR.
Götürək elə “yer” kəlməsini.
Yaşadığımız məkanı bildirən bu sözü incələmək elə bəsimizdir. Bu kəlmə, mən deyərdim ki, “kir” (çirkab), “xır” (çökəkdə salınmış bostan), “qır” (neftli məhsul) kəlmələriylə qohumdur. Farsca “zir”, diqqətinizə çatdırıram, “aşağı” mənasını verir. Latınca “terra” torpaq deməkdir. Gördüyümüz kimi bütün hallarda, protodildə “yer” kəlməsi “aşağı, kirli, çökək dünya” anlamındadır. Qədimi insanların dünyagörüşüncə, görünür, “yer” ən aşağı, qaranlıq aləmmiş.
Üç dünyada (yuxarı+orta+aşağı) yaşayan əski qəhrəmanlardan fərqli olaraq biz ancaq “yer”də, yəni ən aşağı aləmdə, sözün əsl mənasında, günümüzü çürüdürük.
Hər halda “yer” kəlməsinin yaddaşı, tarixçəsi bu məxfi informasiyanın daşıyıcısıdır.
Sabir dədə, “Ömür urası” romanında “yer” adlanan aşağı dünyanın bütün kir-kəsafətini, Cəbrayıldakı qocaman tut ağacının koğuşunda yaşayan əfi ilan simasında cəmləşdirir. Cəbrayıldakı bütün digər ağacları mişar ağzına vermiş düşmən, yalnız ona toxunmayıb. Əfi ilanın qorxusundanmı görəsən?
Bilinmir.
Cəbrayılda bircə tək-tənha bax bu qocaman azərbaycanlı (!) sağ qalıbdır.
Xeyir deyil, şər qoruyub onu.
Vətəninə dönmüş müəllimi, bu qocaman gər tut ağacı, onun əfi ilanıyla görüşdürən Sabir Əhmədli, şərlə xeyiri bax bu cür üzləşdirib barışdırır. Onların bir-birinə olan gizli sevdasını da məharətlə qələmə alır: “Gərin köksündəki koğuşdan bir ilan başını çıxarmışdı. Sarı-yaşıl başını dik tutub, tanış kişinin (vətənə dönmüş ilk azərbaycanlının!-müəllif) davranışını izləyirdi...Ermənilər bəlkə...Kişi ustufca yaxınlaşmaqda, ilan başını dik saxlayıb, onun gəlişini gözləməkdə...Kişi burdaca qərara aldı-ilan mən çatınca geri çəkilməsə, onun gözlərindən öpəcəm...Onun çatmağına bircə addım qalmış vıyıltı qopdu. Gərin koğuşu boşdu. İlan yox olmuşdu”...
Bu səhnədəki şərin xeyirlə görüşüylə, öpüşüylə sanki Cəbrayıldakı köhnə həyat bərpa olur. Cəbrayıl xarabalıqlarına yaşantı, isti insan həniri gəlir. Xeyir də, şər də öz muradına çatır.
Sabir burda öz doğma Azərbaycan şərini də sığallayıb əzizləyir. Ölkəmizin məğlub xeyri ilə onun qalib şəri qucaqlaşıb ağlaşır. Şərin vətənə sədaqəti (!) qaçıb getmiş xeyrə, yəni MÜƏLLİMə örnək olur.
Bakı-Mincevan qatarında atıla-atıla, yuxulaya-yuxulaya qocaman müəllim əslində Cəbrayıla yox, doğma evinə deyil, bax bu əfi ilanla görüşə tələsirmiş sən demə.

***
Cəbrayıldakı kəsik ağacların dibinə axan sulara baxa-baxa Müəllim şər üzərində qələbə çalmır. Əsirlikdən, Stepanakert ermənilərinə xalça toxumaqdan canını qurtarmış qızla, şəhid övladı barədə danışa-danışa, Müəllim sanki Cəbrayılda şərlə xeyirin tarazılığını bərpa edir. Bu isə, diqqət edin, şər üzərində qələbədən dəfələrlə səmimi, dərin, layiqli bir hərəkətdir.
Bakı-Mincevan qatarının son dayanacağı elə orda-sağ qalmış yeganı gər tut, yeganı xalçaçı qız, yeganə müəllim, yeganə əfi ilanın hüzurundadır.
Taqqa-tukk orda kəsilir.

KONSPİROLOGİYA!-ERMƏNİ YAZISI...
Bədii nəsrin canındakı nəinki dərin, gizli fəlsəfi qatlar, bəzən sadəlövhlük də yazıçıya uğur gətirən, ədəbi mətni həyatiliklə dolduran vacib şərtlərdəndir. Sabir Əhmədlinin romanından buna uyğun bircə misal: “Sabunçu vağzalında qatara əyləşən Müəllim vaqon bələdçilərini görüncə tanıyır. Cəbrayılın Harovlu kəndindən çıxmış bu iki qardaş, küllü qarabağlılar kimi, “c” səsini “j”laşdırmayanlar sırasındadır”. Əsərin bu yerində Sabir dədə lap sadəliyə varır-özünü “j”-yla danışanlarla birgə görür. Şərlə xeyirin arasındakı fərqi də sanki burda axtarır-“c”-yla danışanlarda nöqsan var, onlar bəsitdirlər, “j”-yla danışanlarda isə sanki təbiətin uğultusu, səs-sadası yaşayır. Erməni “harsın”larını-arvadlarını belinə alıb onları yaylaqdakı erməni kəndlərinə çıxaran bir Harovlu hambalının iyrənc taleyi barədə söz açan Sabir kişi, burda öz fikirlərini həyat təcrübəsiylə də təsdiqləyir...
Bəli, həyat da, dil də bəsit olmamalı, dəyişməlidir. O da sanki “J”laşmalıdır...
 “C”-yla danışanlar, erməni harsınları belinə alıb yaylağa qalxan hamballardır!

***
Lakin əsərdəki uşaqlıq, sadəlövhlüyün ömrü az çəkir, Sabir kişi tez qayıdır acı müharibə səhnələrinə:
“Ədə, bala, yıxılarsan! Uy-uy! Daha bəsdir! Düş aşağı!
O isə aşağı düşmür, işi başa çatdırmaq istəyirdi. Ana səsləyir, o, isə çalışırdı”...
Yığdığı qəpik-quruşla Cəbrayılda özünə ev tikən Müəllim, evin tavanını doğma oğluna rənglədirmiş. Anasının “aşağı düş, bəsdir!” harayına məhəl qoymadan. Bu oğlan həmin o ata evinin tavanından yıxılmadı. Murovda yıxıldı, şəhid oldu, bir düşmən gülləsinin badına getdi...
Həə, bax burda Bakı-Mincevan qatarı sürətini lap artırır. Elə bil gedib Murovun zirvəsinə, dikinə qalxır. Kim...hansı köpəkoğlu deyir ki, Murov dağı ata evinin, Vətən evinin uca tavanı deyil? Bax ora qalxır, ordan yıxılır Müəllimin oğlu. Cəbrayıldakı ata evinin tavanını əliflə, Morovdakı Vətən evinin tavanını qanıyla rəngləyə-rəngləyə...

***
Sabirin qatarı burda bütün taqqatukunu, səs-küyünü itirərək səssiz hala düşür, sanki dağ tunellərinə girib ordan bir başqa aləmə-yazıçının tale yollarına daxil olur. Qəribə əhvalat üzə çıxır sanki, o dediyim dağ tunellərindən: Sabir dədənin qardaşı, vaxtiylə, QONŞU HƏRƏKÜL kəndindən olan bir erməniylə faşistlərə qarşı çiyin-çiyinə döyüşürmüş. Bu oğlanın həlak olma xəbərini də ilk dəfə Vətənə elə Sabirin qardaşı yollayıbmış. O vaxt-1943-də, Sabir anası ilə birlikdə eniş-yoxuşlu dağ yollarıyla Hərkülə qalxmış, erməni anasına oğlunun qara xəbərini çatdırıbmış. MƏRHUMUN QARDAŞI SONRALAR SABİR BƏYİN ƏLİNƏ BİR DÖYMƏ YAZI DA HƏKK EDİBMİŞ.
Nəyi həkk edibmiş? Tale yazısını? Alın yazısını?
Bunu Sabir deyil, əsər boyu eşitdiyimiz qatar təkərlərinin səsi cavablandırır:
“Baxışları əlinin üstə, biləyə doğru, dəri altında göyərən hərflərə sancıldı. Bu üç hərfi onun qoluna erməni dərzi Zümrüdün kiçik oğlu yazmışdı. Böyük qardaşlarının əsgərlikdə birlikdə olduğunu biləndən sonra, uşaqlar da yaxınlaşmışdılar. Öyünürdülər qardaşlarının dostluğu ilə...
Yığılmışdılar....arxı üstə...Əllərinə yazı yazdırırdılar. Kirill əlifbasını, rus hərflərini erməni oğlan yaxşı bilirdi...İynəni batırırdı göyümsov boya-tuşa, sancır, iynə ilə döyürdü onun əlinin üstünə, boyanı, hərfləri yedirdirdi dəri altına. Qan çıxır, döyülən yeri bürüyür, heç nə görünmürdü...Əli-dərisi yara bağladı. Sonra yaralar qaysaqlandı. Qaysaqlar quruyub qopandan sonra hərflər göründü. Tərtəmiz, apaydın göyümsov üç hərf: adı, soyadı, atasının adının baş hərfləri”...
Hə, biz ermənilərin, ermənilər bizim taleyimizə həkk olunmuş hərflərik-Sabirin əlindəki o döymə yazı kimi.
Bu taleyin bütün çalarlarını “Əsli-Kərəm” dastanında görmək olar. Murova qalxıb orda şəhid olan Sabirin əziz balası, Əsli eşqiylə Ərzurumun Palantökən dağına qalxmış Kərəmi xatırladır bəzən. Palantökən dağında aşiqlərin belindən bütün “palan”lar düşür. Kərəm orda öz lələsi Sofudan, sanki öz bədənindən ayrılır.
Təkcə Ruhuyla qalır orda.
Bax orda Kərəm məşhur “Yanıq Kərəm” havasını ifa edərək üstünə yağan qarı əridir, əslində öz ilahi meracını həyata keçirir. Yüksəlir. Palanı belindən aşağı atır.
Necə ki, Peyğəmbərimiz merac zamanı göyün 7-ci qatında Həzrət Cəbrayıldan ayrılmalı olur.
Göyün bu qatında tale yazısı pozulur. İnsan karması sınır. Palanlar yerə tökülür. “Yanıq Kərəm” havası eşidilir.
Sabirin əlindəki o döymə yazı əriyib qeybə çəkilir.
Orda tale sınır, həqiqət başlayır. Yaşıl işıq yanır bütün qatarların yolunda.

***
Gördüyümüz kimi, burda Peyğəmbərimiz, Aşıq Kərəm, Murov dağı, Palantökən bir araya gəlir.
BAKI-CƏBRAYIL QATARI HƏZRƏTİ CƏBRAYILA ÇEVRİLİB DAYANIR.
GÖYÜN 8-Cİ QATINA BƏDƏNLƏ KEÇMƏK OLMAZ. ORDA RUH BƏDƏNDƏN AYRILIR.
AYRILIR Kİ, TƏMİZLƏNSİN, MÜƏLLİMİ TƏMİZ RUHA ÇEVİRİB CƏBRAYILA QAYTARSIN:
“Qatar gedirdi, bələdçilər çəkilmişdilər öz kupelərinə. Qaranlıqda qatarın keçdiyi yerlər görünməsə də, kişi açıq pəncərədən içəri dolan havadan duymuşdu ki, Arazbara yaxınlaşmaqdadırlar. Şam ətri, sərhəd zolağını bürümüş ulğun kollarından qopan meh vaqona bir sərinlik, məhrəm hava gətirirdi...O, alaqaranlıq vaqonun dəhlizində, öz kupesinin astanasında, asma kətil üstə əyləşib, göz dikmişdi qatarın keçdiyi yolların görünməyən mənzərəsinə”...
“Başlıcası SSRİ Ali Soveti Rəyasət heyətinin 24 mart 1945-ci il fərmanı idi. Fərman “Kommunist” qəzetinin birinci səhifəsində, başdan verilmiş, oradaca qardaşının iri şəkili çap edilmişdi. Bu şəkil qardaşının son şəkili deyildi, onu evdən aparmış, dəyişib, hərbi libas geydirmiş, sinəsinə orden-medallarını taxmışdılar. Əslində o, qəhrəman orden-medallarını döşünə vurmağa macal tapmamış, qəhrəmanlıq adı təsdiq olanacan şəhid olmuş, iyirmi yaşlı oğlan Polşada ağır bir vuruşmada bölük komandiriykən həlak olmuş, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü...
“Kişi məktublara göz gəzdirdi. Baxışları, açılmış üçkünc məktubun bənovüş sətirləri üzərində dayandı: “Qonşu Hərəkül kəndindən bir erməni oğlan da mənimlədir. Dərzi Zümrüdün oğludur. Birlikdə günümüz yaxşı keçir”...Sonra məktubda bildirilirdi: “Hərəküllü oğlanı apardılar. Hər ikimiz qəmləndik. Neynəyəsən, adam doğma ata-anasından da ayrılmalı olur”...

***
Sabir Əhmədlinin qardışı Sovet İttifaqı Qəhrəmanıydı. Qonşu Hərəkül kəndindən olan bir erməni dərzisinin oğluyla səngərdə dostlaşıbmış.
Sabir isə tamam başqa bir tale yaşadı bunun qarşılığında...

***
“Hələ Bakıdaykən eşitmişdi:ermənilər tutduqları kənd-şəhərlərdə bütün dəyərli ağacları, cevizləri kəsirlər. Odur ki, kişi, həyətindəki ağacları görməzdən görmüş kimiydi. Üç ceviz kəsilmişdi orda...Yoxsa ağaclar da ayaq açmış, yurdan baş götürüb qaçmış insanların ardınca çıxıb getmişdilər?...O, kəsilmiş iri cevizdən qalma kötüyə yanaşdı. Bir vaxt düşünmüşdü: bir ağac gövdəsi tapsa, ondan masa, kətil düzəldəcək, qoyacaq həyətə, əldəqayırma masanın qırağında, ağac kətillərdə əyləşib, fikir edəcəkdi dünyanın işlərindən...
Bu işi sanki ermənilər onun istəyincə görmüşdülər”...
Böyük ustalıqla təsvir edilən bu mənzərəyə daha nə deyəsən? Qarabağın özü qocaman ceviz təkin lap kötüyündən kəsilib. Zaman indi bizdən bir müdrik insan istəyir ki, getsin otursun həmin o kəsik cevizlərin yastı kötükləri üstə, düşünsün orda dünyanın, Azərbaycanın işlərindən. NECƏ Kİ, SABİR DƏDƏ ƏVVƏL Bakı-Mincevan qatarında, sonra doğma həyətindəki kəsik ağacların kötüyü üstündə əyləşib Cəbrayılın gələcəyini düşünür. Qatar hərəkətli, kəsik ceviz ağacının kötüyü hərəkətsiz olsa da belə, onları vahid, müqəddəs amal birləşdirib eyniləşdirir. İnnən sonra işimizi elə görək ki, bir də, kəsilmiş ağacların kötüyü üstə əyləşib kədərə qərq olmayaq. Sındıraq bu ölkənin taleyini, söndürək, yaxud daha da alışdıraq Yanıq Kərəmin əbədi alovunu, qayıdaq Qarabağın cənnətinə.
Sabir kimi.

***
Cənnətə isə ancaq pak ruhlar gedəcək...Elə, Qarabağa da...

ROMAN BARƏDƏ EKSPERT KRİMİNALİST RƏYİ: ƏSƏRDƏ BAŞ GİZLİ QƏHRƏMAN DƏRZİ ZÜMRÜDÜN OĞLUDUR. VAXTİLƏ O, MÜƏLLİMİN QOLUNA DÖYMƏ YAZI HƏKK ETMİŞ, SON NƏTİCƏDƏ ÖZ GİZLİ İSTƏYİNƏ NAİL OLMUŞDUR.
İNDİ HƏMİN DÖYMƏ YAZINI DEŞİFRƏ ETMƏYƏ BÜTÜN ALİMLƏRİMİZ, HÖKUMƏTİMİZ QATILIB.
SON NƏTİCƏNİ ZAMAN GÖSTƏRƏCƏK.

Ədəbi dərgilərimiz barədə

         

“Onların hamısını anla. Çox az hissəsini sev və fərqləndir”. Alber Kamyu

 Donub qalmış ədəbi proses bir balaca canlanmaqdadır. Bu hələ ilkin prosesdir və qəzetlər ətrafında birləşmələr alternativ ədəbiçevrələrin formalaşmasına gətirib çıxara bilər. Prosesin böyüməsi üçün sadəcə total təşkilat olan AYB-yə alternativ ədəbi mühitlərin özündə də «generallaşma» xəstəliyindən imtina etmək gərəkdir. «Biləcəri» sindromunu almamış ədəbiyyat nümayəndələri paqonsuz eqoist generallardan başqa bir şey deyil. Bizim çox yaxşıəsgərlərə ehtiyacımız var. Yaradıcı ədəbi atmosferin qurulması yolunda, dünyaya çıxmağımıza baza yaradacaq əsgərlərə.
 Beləliklə, çağdaş ədəbi prosesdə nə var; yəni ədəbiyyat oxumaq istərkən (və yaxud ədəbi məhsullarınızı dərc etdirmək arzusu ortaya çıxanda) hansı ünvanlara üz tuta bilərsiniz:
 «ALATORAN»- baş redaktoru Rasim Qaraca olsa da, AYO deyilən azad yazarların müştərək yaradıcılıq məhsuludur. Nəinki Quzey, həm də Güney Azərbaycandan olan yazarlarımız (əsasən gənclər) burada əsərlərini dərc etdirir. Jurnal içərisində jurnal layihəsi çərçivəsində xarici jurnallardan geniş səhifələr verir. Tez yayılır. Jurnalın müəyyən saylarına R. Qaraca ilə yanaşı, Nərmin Kamal, Əli Əkbər də redaktorluq etmişlər. İnternet saytı var: adyazar.az, alatoran.org.
 «Alatoran»da ədəbi həyatın ən son mənzərələrini görüb, müəyyən tendensiyalarını duymaq olar. Roman, şeir, hekayələr, publisistika, bədii tərcümə, tənqid notları; ədəbi-bədii prosesi ictimai-siyasi əhatədə, çağdaş sənət kontekstində vermək cəhdi. Ardıcıl və konseptualdır; jurnal oxucuya stimul verir, maraqlarını işğal eləyir, müəyyən istiqamətdə çəkib-aparır. Burada siz xatirə yarpaqlarınızdan tutmuş tənqid nümunələrinə kimi, sevgilinizə yazdığınız mesajlardan tutmuş, romanlarınızdan parça-parça da verə bilərsiniz, tam azadlıq var. «Alatoran» bir çox tanınmış markalar üçün tramplin rolunu oynamışdır. Görkəmli tənqidçi Tehran Əlışanoğlu «Alatoran»ı belə xarakterizə edir: «Jurnal hazırkı çağda-situasiyada radikalizmi Ədəbiyyatın etik-estetik ölçüsü kimi mütləqləşdirir, yəni radikalsansa, artıq Ədəbiyyatdasan…»
 Məramnaməsində isə oxuyuruq: «Məqsədimiz mənsub olduğumuz toplumu içərisində bulunduğu həmin bu alatorandan işıqlığa çıxarmaqdır… Ədəbiyyatda və incəsənətdə, dolayısı ilə, düşüncədə inqilab olmadıqca biz millət olaraq yeni müstəviyə çıxa bilməyəcəyik…»
 «Əgər bir adam sənə zəng edib desə ki, mən Rasim Qaracayam, siz «İstedadlar axtarırıq!» layihəsinə düşmüsünüz, sən ona «Onda mən də Alik Dumbrovskiyəm» deməyə tələsmə, çünki o adam doğrudan da Rasim Qaraca ola bilər…» (Vitoşun gündəlikləri). 

  «XƏZƏR»- Afaq Məsudun jurnalıdır. 1989-cu ildən çıxır, rəsmən Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşridir. «Dünya ədəbiyyatı jurnalı» vurğusu ilə 500 nüsxədə nəşr olunan dərgi yaxşı oxunur; hər halda köşklərdə qalmır.
 Qeyd edildiyi kimi, jurnalın həm coğrafi, həm də estetik əhatə dairəsi genişdir.
 Redaksiya kollegiyasından Ramiz Rövşən «Xəzər»ə müsahibəsində belə deyir: «Bu gün, qapılarımızın dünyaya taybatay açıldığı bir vaxtda, zahiri informasiya bolluğu altda dəhşətli bir nadanlaşma gedirdi. Xəzər curnalının ən böyük missiyası məhz bu nadanlığa qarşı dayanmaqdı».
 «Belə getsə, Tərcümə Mərkəzi bir məktəbə çevriləcək»- bunu isə Sabir Rüstəmxanlı deyir.
 Tərcümə dünyaya, başqa ədəbiyyatlara, mədəniyyətlərə açılan nəfəscikdir. Ayrıca götürülmüş, əlahiddə mədəniyyət olmadığı kimi, əlahiddə ədəbiyyat da yoxdur: ədəbiyyatlar bir-birini qarşılıqlı surətdə zənginləşdirir, bütövlükdə söz sənətinin inkişafına təkan verirlər.
 Azərbaycan tərcümə sənəti zaman-zaman pərakəndə də olsa, başqa ədəbiyyatlardan ustalıqla çevrilən əsərlərlə zənginləşib. Sözün əsl mənasında, klassik tərcümələr səviyyəsinə yüksəlmiş bu cür çevirmələr elə indi də sevilə-sevilə oxunmaqdadır. Orijinalın ruhunu, üslubunu, poetikasını əsl sənətkarlıqla saxlayaraq dilimizdə «səsləndirən» istedadlı qələm adamları bununla mübaliğəsiz ədəbiyyatımıza xidmət göstərirlər.

  «DÜNYA ƏDƏBİYYATI». Səlim Babullaoğlu buraxır. Dünya ədəbiyyatından books seriyasından ardıcıl kitabları da çıxır. Ümumən tirajı 300-350 nüsxə arasıdır, kitab dükanlarına verilir. Burda iri, bütöv, ayrıca görünən əsərlərə də yer var: Patrik Züskindin «Kontrabas» mini- pyesi, Alber Kamyunun «Kaliqula» pyesi, Milorad Paviçin «Xəzər sözlüyü» roman-leksikonu, Orxan Pamukun «Qar» romanı kimi əsərlər. Maarfçilik əzmi jurnalda aparıcıdır; bir görün kimlərin esseləri ilə tanış oluruq: Herman Hesse, Mişel Uelbek, Umberto Eko, Tomas Sternz Eliot, F.Q.Lorka, Otar Çiladze…; kimlərlə müsahib olur, fikirlərini eşidirik: Kşiştof Zanussi, Çeslav Miloş, Dmitri Zatonski, Vladimir Sorokin; kimlərin hekayə, ya şeirindən nümunələr alırıq: X.L.Borxes, Robert Forst, R.Bredberi, X.Kortasar, Qoderzi Çoxeli, Dino Bussati, Qrem Qrin, Ximenes, Vislava Şimborska, Aleksandr Solcenitsın, Varlam Şalamov, İosif Brodski, Yasunari Kavabata, Yukio Misima, Akutaqava Rünoske, Xaruki Murakami…- 3, 4, 5 və daha çox, bəziləri hətta qoy ikicə səhifə olsun, tanınmış adlarla təmsil olunan mətnlər birgəlikdə XX əsr ədəbiyyatı aurasını yarada bilir jurnalda.

  «TƏNQİD-NET»- akademik zəminə söykənməklə, eyni zamanda klassik akademizmdən fərqli, bu gün ədəbiyyatın, sənətin özündə gedən dəyişikliklərə adekvat reaksiya vermək qəsdindədir. Tanınmış tənqidçi Tehran Əlişanoğlunun təsis etdiyi bu jurnalı məmləkətin 1 nömrəli elmi-kulturoloji jurnalı da saymaq olar. 
 Əgər siz həqiqi ədəbiyyatsevərsizsə və ya ədəbiyyat aləminə qatılmaq fikrindəsinizsə, «Tənqid.net» məcmuəsinin istənilən nömrəsini əlinizə qələm alıb, qeyldlər edə-edə, ciddi bir maraqla oxuyacaqsınız. Bizdə belə bir məcmuənin nəşr olunması bir tərəfən böyük bir fədakeşlikdən xəbər verir, çünki dövlətdən vəsait alınmır, maliyyə mənbələri çox məhduddur, necə deyərlər boğazlarından kəsib, jurnal çıxarırlar. Digər tərəfdən isə bu jurnalın nəzəri-estetik səviyyəsi, problematikanın vacibliyi, məsələlərin işıqlandırılmasında ədəbi zövqün yüksəkliyi şübhəsiz ki, tənqidimizin silkələnməsindən, canlanmasından xəbər verir… 

 Təbii ki, çağdaş ədəbiyyatın göründüyü məkan daha genişdr. Geniş kitab prosesi ilə yanaşı, ənənəvi ədəbi məkanı təşkil edən «Azərbaycan», «Ulduz» jurnallarının, «Ədəbiyyat qəzeti»nin də çıxdığından xəbərdarıq. Amma bizə görə, bu nəşrlər məxsusi proses yaratmaq qayğısına qalmır, konseptual mövqe nümayiş etdirmirlər; eləcə stixiyalı gəlişən ədəbiyyatın çapı üçün daha bir imkanı, şəraiti təmsil edirlər. Olsun, qoy çox olsun, oxucu ələk-vələk eləyib, burdan da nəsə tapırsa, nəyi pisdir?



İbrahim Sel                                                                      Professional Oxucu Liqası