30.11.2015

Hacı İlqar Nardaran hadisələri ilə bağlı hakimiyyətə suallar ünvanladı

İlqar İbrahimoğlu

Son günlər baş verənləri çox böyük ürək ağrısı ilə izləyirik. Obyektiv və hərtərəfli məlumat hələ uzun müddət alına bilinməyə də bilər, bunu nəzərə alaraq, müəyyən qeydlərimizi çatdırmağı özümüzə borc bildik:
1) Baş verənlərlə bağlı çoxlu suallar var və irəli getdikcə, bu suallara cavablar yaranmaq əvəzinə, məchullar daha da çoxalır. Bu suallar arasında aşağıdakılar xüsusi çəkiyə malikdir:
Niyə ümumiyyətlə bu əməliyyat keçirildi? Niyə məsələ prosessual formatdan, gözlənilmədən silahlı əməliyyat formatına keçirildi?
Əməliyyatın keçirilmə amilləri bir yana, niyə hətta keçirilən əməliyyat da xüsusi vasitələrlə və metodlarla deyil, hücum (“şturm”) formatında keçirildi?
Niyə bu, kəndin içində edildi və niyə namaz vaxtı edildi?
Niyə bu, Ərbəin öncəsi baş verdi?
Niyə əməliyyatın çəkilişi ortaya çıxarılmadı?
Niyə kənd ağsaqqalları ilə dialoqa gedilmədi?
Niyə məhz indi kəndin işıqları söndürüldü və su kəsildi?
Niyə həmişəki ənənənin əksinə olaraq, sabitlik və vəziyyətə nəzarət bəyanları əvəzinə, təşviş və gərginliyə yönəli impulslar verilir? Niyə ölkədə hansısa şəbəkənin mövcudluğunu isbata yönəli addımlar atılır, xususi yoxlama rejimləri tətbiq olunur? Yəni nədən hərtərəfli gərginlik atmosferi yaradılır?
2) Niyə müstəqil mətbuat və vətəndaş cəmiyyəti ilk gündən bir tərəfin yayımladığı açıqlamalara əsaslanaraq, baş verənlərə apriori qiymət verir? Niyə hər zaman araşdırma və dəqiqləşdirməyi vacib sayan fərd və qurumlar, bu dəfə qeyd-şərtsiz bir mövqe tutur? Niyə məsələnin baş verməsinin rəsmi ifadəsi ilə bağlı hər zaman tərəddüd göstərən insanlar, bu dəfə bu ifadəni fakt kimi qəbul edirlər?
3) Niyə baş verənlər islamofobik sürəcə başladılmasına gətirib çıxardır? Niyə Bakıda keçirilən beynəlxalq tədbirdə tolerantlığa dəstək və islamofobiyanın pislənməsi bəyanatları verilən gün, faktiki olaraq kütləvi islamofobik sürəcin ictimai sferaya transfer edilməsi baş verir? İş o yerə çatır ki, hətta rəsmi dini qurum baş verənlərin İslama aid edilməsinə etiraz edən bəyanatla çıxış da etməli olur.
4) Nəyə görə baş verənlərlə bağlı əminlik hasil etmədən, hətta bəzi din adına olan fərd və qurumlar bu və ya digər formada təqib sürəcinin ünsürlərinə çevrilməyə başlayır?
5) Niyə ölkədə siyasi, iqtisadi, ictimai, dini sferalarda açılımın mümkünlüyünə dəlalət edən amillərin meydana gəlməsi ilə xarakterizə olunan bir dönəmdə, korrupsiyaya qarşı presedentsiz kampaniyaya rəvac verilən bir dönəmdə qəfildən ictimai gərginliyə dönüşlə səciyyələnən bir situasiya yaranır? Niyə cəmiyyətin əksər təbəqələri bu qəfil dönüşü görməmək mövqeyinə üstünlük verir və həqiqi ictimai-siyasi sabitliyə doğru gedilməli vektora bələd olduğu halda, bu vektorun tamamilə itməsi perspektivində faktiki iştirakçılıq edir?
6) Niyə öncə hakim komandada liberallaşma tərəfdarlarının görəvləndiyinin anons və təhlilini israrla verən media mənsubları, analitiklər, politoloqlar, siyasi-ictimai xadimlər qəfildən əks paradiqma tərəfdarlarının yaratdığı mühiti sezdikləri halda – xırda isitisnalarla – bunu rahatca həzm edir və ölkə üçün bu əks paradiqmanın mənfi perspektivlərini dərk etməkdən imtina edir?
Sonda...
Faciə baş verib. Böyük faciə. Və bu faciə öz növbəsində ictimai gərginliyin eskalasiyasına gətirib çıxarmışdır. Vəziyyətdən təcili çıxmaq lazımdır. Nardaranı blokadadan təcili çıxartmaq lazımdır. Ağsaqqallarla danışığa getmək lazımdır. Baş verənlərin dəqiq və obyektiv araşdırılması üçün bütün maraq tərəflərinin iştirakı ilə müstəqil komissiya yaradılmalıdır. Ən mühümü- gərginliyin eskalasiyasına aparan bütün tendensiyaları önləmək və ictimai-siyasi açılım mühitinin bərqərar olunması üçün zəruri gedişlərə imkan yaradan situasiyanı təcili bərpa etmək lazımdır.
Allah dünyasını dəyişən mərhumlara rəhmət eləsin.

aztoday.az

“Çovdarov başıma silah dayayıb 1 milyon pul istədi...”

“Sabiq idarə rəisi Akif Çovdarov məni görən kimi üstümə qışqırdı, əxlaqsız söyüşlər söyməyə başladı. Məni asacağını, içəri saldıracağını, lazım gəlsə, şantaj edib üzümə durduracağını, bütün əmlakımı satdıracağını və istədiyi məbləği mütləq alacağını bildirdi. Baş verənlərdən şokda idim...”
Bunu virtualaz.org saytına MTN-in hazırda həbsdə olan sabiq idarə rəisi, general-mayor Akif  Çovdarovun  əməlləri barədə danışan iş adamı Roman Səfərov deyib.
İş adamının söylədiklərindən belə məlum olub ki, 2010-cu ildə İrandan olan Cəfər adlı mühəndislə ona məxsus “SR” MMC arasında istixanaların quraşdırılması və istifadəyə verilməsi ilə bağlı anlaşma olub. Həmin vaxtlar Akif Çovdarov adlı şəxs “SR” şirkətinin Bakı şəhəri, Təbriz küçəsi, 116-da yerləşən ofisinə gələrək özünə məxsus 5 hektar ərazidə istixananın qurulması üçün sifariş verib.
R.Səfərovun sözlərinə görə, A.Çovdarov müqavilənin “Bəhrə 2010” MMC-nin adından bağlanacağını və yaxın adamı Adil Yaqubov tərəfindən imzalanacağını bildirib: “Onun harada işlədiyini, hansı vəzifənin sahibi olduğunu bilmirdim. Adi müştəri kimi yanaşdıq və işbirliyi qurmaq məqsədilə ümumi razılığa gəldik. İstixananın düzəldilməsi ilə bağlı məsələləri müzakirə edib qiymətlə razılaşdıq, ümumi müqavilə imzaladıq. 5 hektarlıq ərazidə istixananın quraşdırılaraq istifadəyə verilməsi 3 milyon 78 min manat olmaqla razılaşdıq. “SR” MMC və “Bəhrə 2010” MMC arasında müqavilə bağladıq”.
R.Səfərov deyir ki, bununla bağlı Türkiyənin Antalya şəhərində təşkil olunmuş kənd təsərrüfatı sərgisinə gedib. Orada İspaniya şirkəti ilə, Raul adlı şəxslə tanış olub, onunla danışıqlar aparıb, qiymətlər barıdə razılığa gəliblər. Raul onu İspaniyaya dəvət edib, məsələləri müzakirə etməyi və müqaviləni orada bağlamağı təklif edib.
R.Səfərov 2011-ci ilin fevral ayında İspaniyaya gedib, danışıqlar aparıb və 1 milyon 250 min avro qiymətində müqavilə imzaladıqdan sonra geri qayıdıb.
İspaniyadan qayıdandan sonra Akif Çovdarovla görüşərək bütün olanları ona anladıb, sənədləri göstərib. A.Çovdarov isə imzalanmış müqavilədə istixana adının yazıldığı üçün gömrük orqanlarında dövlət rüsumunun qiymətinin çox olacağını deyib.
R.Səfərovun sözlərinə görə, az pul ödəmək məqsədilə istixananı başqa adla, yəni adi metal konstruksiyası adı ilə ölkəyə gətizdirib: “Çovdarov dedi qudam Zakir gömrükdə işləyir, səlahiyyətli şəxsdir, onun vasitəsilə həmin kodları İspaniyaya ötürəcəm ki, onlar digər kodla həmin malları Azərbaycana göndərsinlər. Akif Çovdarov onu da dedi ki, bu işlər mənlikdir, bizim üçün heç bir problem yaranmayacaq. Sənədlərlə tanış olanda məlum oldu ki, Akif Çovdarov nəinki malın kodunu dəyişmiş, hətta malların qiymətlərini də vergidən yayınmaq üçün az göstəribmiş. İspanlarla aramızda olan anlaşmalara görə, bütün orijinal sənədlər mənim ünvanıma göndərilirdi. Həmin fakturaları, sənədlərdə qeyd olunan qanunsuzluqları görürdüm, qorxu hissi, həyəcan keçirirdim, çünki bütün bunların cinayət olduğunu bilirdim. Akif müəllim özü də bu hərəkətlərin cinayət olduğunu gözəl bilirdi, lakin qorxmurdu, kiməsə, nəyəsə güvənirdi. Deyirdi ki, sən mənim kim olduğumu hələ yaxşı bilmirsən, sus, danışma, hər şey mənlikdi”.
İş adamının sözlərinə görə, A.Çovdarov və yaxınları istixananaya aid olan malları qanunsuz yollarla Azərbaycana gətirməklə 1 milyona yaxın məbləği gömrükdən gizlətməyə nail olub. Bütün gömrük orqanlarında olan qanunsuz əməllərin hamısını da qudası Zakirin vasitəsilə həll edib.
Mallar hissə-hissə ünvana gəlib R.Səfərovun göstərişi əsasında iranlı mühəndisin rəhbərliyi və yerli işçilərin köməyi ilə işə başlanılıb: “Akif Çovdarov və onun yaxınları əvvəlcə İspaniyaya 850 min avro ödəmişdi. Qeyd olunan məbləği  ödədikcə mənə imzalatdırırdılar ki, guya mənim vasitəmlə pulu göndərirlər. Yəni bizim şirkət qarant verir ki, hər hansı problem yaranarsa, pul batarsa, mən cavab verim. Sonradan mən həmin qəbzləri imzalamaqdan imtina etdim. Həmin məsələləri özləri həll etməyə başladılar. Bu minvalla 5 hektarlıq ərazidə istilikxana quraşdırıldı”.
R.Səfərov deyir ki, işin təhvil verilməsinə 10 gün qalmış 5-6 nəfər maskalı şəxslərin ofisə gəlib onu axtardıqlarını öyrənib. Dərhal A.Çovdarova zəng vurub məsələni aydınlaşdırmaq istəyib: “Dedi ki, telefonuma cavab vermədiyinə görə sənin başına torba keçirib gətirmək istəyirdim. Dedim ki, maskalı göndərməyə ehtiyac yoxdur, hara desən, özüm gəlirəm. Milli Təhlükəsizlik Nazirliyinə getdim, qalxdım otağına. Qapını döyüb içəri keçdim. Məni görən kimi qışqırdı, asacağını dedi. İçəri saldıracağı, üzümə adam durduracağı, öldürəcəyi ilə hədələdi. Bir il ərzində daim məni izlədiyini dedi və 1 milyon 500 min manat tələb etdi. Baş verənlərdən şok vəziyyətində idim. Dedim, nəyə görə mən bu məbləğdə pul verməliyəm. O da cavabında dedi ki, sənin hər şeyini, bütün var-yoxunu, əmlaklını satdıracağam, səni içəri saldıracağam və səndən dediyim məbləğdə pulu mütləq alacağam. Dedim ki, imzalanmış müqavilə üzrə sifariş edilmiş işlər hamısı tam yekunlaşıb, sən bütün bunları mənə 1 100 000 (bir milyon yüz min) manat məbləğində pulu ödəməmək məqsədi ilə edirsənmi? O da cavabında bildirdi ki, həmin pulu yadından çıxart, sən mənə əlavə 1 milyon 500 min ödəyəcəksən”.
İş adamının sözlərinə görə, A.Çovdarov onun başına tapança dayayıb, onu ölümlə təhdid edib, ev-eşiyini əlindən alacağı ilə hədələyib: “Dedi ki, “Texnikabank”da həyat yoldaşımın adına 60 min manat pul var, onu çıxart gətir. Bir də “Range Rover” markalı maşının, oğlunun adına “BMW” markalı avtomobil var, onları təcili sat, gətir mənim pulumu sabah çatdır. Bildirdim ki, axı sabaha qədər maşın satmaq qeyri-mümkündür, yəni mən necə belə tez satım. O da mənə qayıtdı ki, bilmirəm get özünü öldür, as ki, bilim ölmüsən, onda iş bağlansın. Mən Akif Covdarovdan xahiş etdim ki, heç olmasa bir həftə vaxt versin, gedim maşınları satım, pulu ona verim. O isə üzünü Badamdar bələdiyyəsində işləyən qohumum Telman Quliyevə tutub dedi sən bir həftə qarant verirsənmi ki, o, maşını satıb pulu gətirsin? Telman da onun çox təhlükəli adam olduğunu bildiyi üçün buna razılıq vermədi. Mən Telmanı bayıra dəvət elədim ki, o, zamin dursun versin və mən də nəyin bahasına olursa olsun pulu tapıb verim ona. Telman da axırda girib içəri otaqda zamin durmağa razılıq verdi. Akif Covdarov mənə bildirdi ki, sən mənim artıq kim olduğumu yaxşı bilirsən. Bilirsən ki, mən nəyə qadirəm. Əgər bilsəm, eşitsəm ki, harasa şikayət etmisən, kiməsə demisən, səni də, ailəni də məhv edərəm, heç kim də mənə heç bir şey edə bilməz. Mən də bütün bu olanlardan çox qorxu hissləri, həyəcan, stress keçirdiyimdən Akif Covdarovun nə qədər təhlükəli insan olduğunu, hansı nazirlikdə işlədiyini, necə bir səlahiyyətli şəxs olduğunu bildiyim üçün, ailəmin təhlükəsizliyini düşünərək yoldaşımın adına olan “Texnikabank”dakı 60 000 manatı iki gün ərzində ona verdim. Daha sonra özümə və oğluma məxsus minik maşınlarını dəyər-dəyməzinə, ucuz qiymətə sataraq yerdə qalan 50 000 (əlli min- red.) manat pulu düzəldərək Telmanın vasitəsilə Covdarova verdim. Ondan qorxduğum üçün heç hüquq-mühafizə orqanına da şikayət etmədim. Özümə məxsus şirkətin fəaliyyətini də qeyd olunan səbəblərdən dayandırdım, özüm də, şirkət də müflis olduq, istixanalara aid işlərdən tam uzaqlaşdım”.
İş adamı qətl, banditizm, vətəndaşların qanunsuz həbsi və s. kimi ağır cinayətlərdə ittiham olunaraq həbs edilən MTN-in keçmiş idarə rəisi Akif Çovdarovun əməlləri barədə Baş Prokurorluğa müraciət edib.

İnarə Rafiqqızı           virtualaz.org

Ərdoğanın qızına məxsus hospitalda İŞİD yaraqlıları müalicə olunur

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı "məxfi" hərbi hospitalın sahibidir. Orada Rusiyada qadağan olunan İŞİD terror təşkilatının yaralı yaraqlıları müalicə olunur.
İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, hospitalın əməkdaşlardan biri adının gizli qalması şərti ilə bu barədə müstəqil tədqiqat və məlumat təşkilatı olan "Global Research" təşkilatına məlumat vermişdir ki, bu hərbi hospital Ərdoğanın qızı Sümeyya Ərdoğana məxsusdur və ölkənin cənub-şərqində yerləşən Şanlıurfa şəhərində yerləşir. 34 yaşlı qadının dediyinə görə bu hospitalda Suriyada yaralanmış və bura gətirilmiş İŞİD yaraqlılarına tibbi yardım göstərilir. O özü bu tibb müəssisəsində yeddi həftə işləyib. Onun sözlərinə görə, hər gün hospitala yaralı İŞİD yaraqlılarını türk hərbi yük maşınları gətirirdi.
"Biz əməliyyat otağını hazırlamalıydıq və həkimlərə müəyyən prosedurları hazırlamaqda kömək etməliydik",- qadın deyir. Onun sözlərinə görə, bu iş üçün bir ay ərzində bu xəstəxanadan 7500 dollar əmək haqqı alıb. Lakin onun daxilində mənsub olduğu "Ələvi" dini təriqəti, onun hərəkətlərinin düzgünlüyünə dair ciddi bir daxili narahatlıq yaradıb. İŞİD üzvləri ələvilərə qarşı son dərəcə düşməncəsinə yanaşırlar. Hospitalın sabiq əməkdaşının sözlərinə görə, o bununla barışa bilməyib və Ərdoğan rejiminin bu quldurlara sığınacaq verdiyi məxfi hospitalda, bu tibb mərkəzində işləməmək qərarına gəlib. /interpress.az/

25.11.2015

“Əhalinin ödəyə bilmədiyi kreditlər silinməlidir” - Deputatdan "gül kimi" təklif

"Milli Məclisdə təklif edəcəm ki, bankirləri yığıb toplantı keçirək və baxaq görək onların dərdləri nədir. Azərbaycanda niyə problemli kreditlər bu qədər artır? Banklar əhalidən 9-10%-dən əmanətlər götürür və 30-35%-dən kredit verir. Bankın 20-25% xərci ola bilməz. Bu məsələ çox ciddi diqqət yetirmək lazımdır”.
Mia.az xəbər verir ki, bunu Baku.ws-ə açıqlamasında millət vəkili, Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü Vahid Əhmədov söyləyib. Onun sözlərinə görə, ölkədə qaytarılmayan kreditlərin həcmi hər ötən ay artır və bunun qarşısı alınmalıdır: "Bilirsiniz ki, prezident bu məsələyə toxunub, amma təəssüf ki, kreditlər azalmaq bilmir. Qaytarılmayan kreditlər artıq 1,4 mlrd. manata çatıb. Bu hal Azərbaycanın maliyyə vəziyyəti üçün problemlər yaradır. Gecikdirilən kreditlər içərisində elə kreditlər var ki, bəlkə də onların qaytarılma imkanı sıfıra bərabərdir. Bütün bunlar araşdırılmalıdır. Bank özü də məsuliyyət daşımalıdır. Kredit hansı məqsədlə verilibsə, buna nəzarət edilməlidir. Biznes üçün verilən kreditlərdən gedib müştəri maşın və ya ev alırsa bu, sonda arzuolunmaz vəziyyətə gətirib çıxarır. Əgər biz bankların dəqiq problemlərini bilsək, onlara hansı maliyyə yardımı məsələsini də qaldıra bilərik”.
Millət vəkili vurğulayır ki, bank kredit faizini 30-35%-ə verir və sonradan bunu qaytarmaq qeyri-mümkün hala çevirilir. Prezident sahibkarlığın inkişafı ilə bağlı ciddi qərarlar verib: "Bu qərarlar onun üçündür ki, Azərbaycan gələcəkdə iqtisadi problemlərlə üzləşməsin. Neftin qiyməti yenə ucuzlaşır və bu, manatın növbəti devalvasiyasına gətirib çıxara bilər. Bir tərəfdən də problemli kreditlər əngəllər törədir.
Azərbaycanda bank sektoru normal işləməsə ölkə iqtisadiyyatı üçün problemlərin yaranması qaçılmaz olacaq. Ehtiyyac varsa qanunlara dəyişiklik edilməlidir və problemin həlli istiqamətində iş aparılmalıdır. Bank sisteminə inamı qaytarmaq lazımdır. Vaxt var idi banklara qoyulan əmanətlərin 75%-i manatla idi, indi isə tərsinədir. 75% əmanətlər xarici valyutada saxlanılır. Əhalinin manata olan inamını artırmaq lazımdır. Bunun üçün də banklar müəyyən güzəştlərə getməlidir”.
Vahid Əhmədov hesab edir ki, Azərbaycanda maliyyə amnistiyasına ehtiyac var. Komitə üzvü bildirir ki, ölkədə çoxları öz vəsaitlərini xaricdə saxlayır. İnsanlar pullarından Azərbaycanda istifadə etməyə qorxurlar: "Maliyyə amnistiyası ilə bağlı qanun qəbul edilməlidir və orada göstərilməlidir ki, vətəndaş bu sahələrdə vəsaitini istifadə edə bilər. Biz elə etməliyik ki, vətəndaşlarımız xarici ölkələrə investisiya yatırımı etməsin. İnsanlar əlindəki pulu ölkəmizdə hansısa biznes sahəsinə yönəltməlidir”.
Millət vəkili bildirib ki, problemli kreditlərin azalması üçün kreditlərin strukturuna baxmaq lazımdır. Lazım gələrsə bəzi güzəştlərə gedilməlidir: "Əgər kredit götürən şəxsin vəsaiti geri qaytarmaq qabiliyyəti sıfıra bərabərdirsə, onun heç bir mülkü yoxdursa, ona güzəştə getmək lazımdır. Siyahını artırmaqla Azərbaycan üçün heç bir müsbət nəticə əldə etməyəcəyik. Beynəlxalq maliyyə qurumlarına verilən hesabatlarda 1,4 mlrd. kredit olduğunu bildirmək Azərbaycanın maliyyə imici üçün də mənfi haldır. İlbəil problemli kreditləri artıra-artıra hara gedirik? Bunun qarşısını almaq üçün konkret addımlar atılmalıdır. Bəzi kreditlərin silinməsi və ya güzəştlərin edilməsi lazımdır”. /mia.az/

24.11.2015

İnformasiya əsirləri və türkmənlər

Muslim Abdullah

Son vaxtlar Suriya ordusunun ölkə daxilində türkmənlərin ənənəvi məskunlaşdığı ərazilərə (Qızıldağ və ya Türkmən dağı da deyirlər) doğru irəliləməsi Türkiyə mediasında Suriya dövlətinə qarşı "türkmənlər qətlə yetirilir" mövzulu təbliğatın artması ilə müşayiət edilir. Bu eyni vaxtda Türkiyə mediasının təsiri altında olan Azərbaycanın bir sıra media vasitələri və cəmiyyətin bir hissəsinin də türkmənlər barədə narahatlığına, bu istiqamətdə mənfi emosional münasibətinə səbəb olub. Bu narazılıq hətta o səviyyədə olub ki, onların bir hissəsi Azərbaycan Respublikasından bu münaqişəyə hərbi tərəfdən olmasa da, diplomatik tərəfdən müdaxilə etməsini tələb ediblər. Ən dəhşətlisi isə, onların informasiya müharibəsində xarici dövlət olan Türkiyənin hakim partiyasının piyadasına çevrilmələridir. Həmçnini nəzərə almaq lazımdır ki, Türkiyə mediasının çox hissəsi AKP hökuməti tərəfindən nəzarətə götürülüb və bu təbliğat da əsasən onlar tərəfindən aparılır.
Türkiyə mediası və onun təsirində olanlar elə mənzərə düzəltməyə çalışırlar ki, sanki Suriya ordusu dinc türkmənlərin yaşadıqları hansısa başqa dövlətin ərazisinə girib quş ovlayan kimi insanları vururlar; kompüter oyunlarında olduğu kimi quşlar uçur, sən də onları ovlayırsan. Təxmini belə bir mənzərə yaratmağa çalışırlar. Elə bil başı problemlər içərisində olan Suriya dövlətinin işi-gücü qurtarıb, gedib dinc türkmənləri öldürür. Hadisəyə aidiyyəti olmayan, Qəzzada İsrail rejimi aviasiyasının, Yəməndə Səudiyyə aviasiyasının bombardmanları nəticəsində dünyasını dəyişmiş uşaqların şəkillərini "öldürülən türkmən uşaqları" adı ilə yayıb bu təbliğata fon verməyə çalışırlar. Amma hansı ki, Suriya hökumət qüvvələrinin Qızıldağda və ya Türkmən dağında qarşısında dayanan tərəf "Ən-Nusra" terror təşkilatının üzvləridir ki, dəfələrlə mediada onların İsrail xəstəxanalarında müalicə almağı barədə məlumatlar dərc olunmuşdur. Həmçinin Qəzzanı bombalayan İsrail aviasiyasının yanacağının Türkiyədən getməsi barədə dəfələrlə xəbərlər dərc olunmuşdur. Və heç kimə gizli deyil ki, "Əl-Qaidə"nin Yəməndə uşaqları bombardman edib öldürən Səudiyyə ilə Türkiyə hökuməti müttəfiqdir. Yəməndə silsilə qətliamların baş verdiyi bir dönəmdə rəsmi Ankara Səudiyyənin siyasi cəhətdən və kəşfiyyat məlumatlarının paylaşılması ilə müdafiə edib. Deməli, öz müttəfiqləri tərəfindən törədilən, bir çox hallarda isə özlərinin də dayaq verdiyi qətliamları Suriya ordusunun üstünə atmağa cəhd edirlər. Məsələn, aşağıdakı şəkil Qəzzada İsrail təyyarələrinin bombardmanları nəticəsində həyatını itirmiş körpələrin şəklidir. Bu şəkli Suriya ordusunun öldürdüyü türkmənlər adı ilə yayırlar. Bu mövzuda yayılan çox sayda belə şəkillər var ki, birini nümunə olaraq təqdim etməklə kifayətlənib növbəti məsələyə keçmək istəyirəm.
Suriya ordusu öz ərazilərini geri qaytarmaq üçün bir neçə istiqamətdə sürətlə hərəkət edir, anti-terror əməliyyatları keçirir. Rusiya aviasiyasının və iranlı məsləhətçilərin yardımı da Suriya ordusunun mövqelərini möhkəmləndirir. Suriya ordusunun irəlilədiyi istiqamətlərdən biri də Qızıldağ və ya Türkmən dağı istiqamətidir. Məlumdur ki, Suriya dövləti həmin ərazilərə nəzarəti 3 il əvvəl itirmiş, həmin ərazilər (Əl-Qadiə terror təşkilatının Suriya qolu olan, Səudiyyə Ərəbistanı tərəfindən himayə edilən) "Ən-Nusra" terror təşkilatı, keçmiş Azad Suriya ordusundan ayrılmış silahlı dəstələr və Türkiyənin öz təsiri altında olan bəzi türkmənləri səfərbər edərək qurduğu separatçı, illegal silahlı ünsürlərin nəzarətinə keçmişdir. "Ən-Nusra" terrorçularının həmin əraziləri ələ keçirməsi də səbəbsiz deyil. Belə ki, həmin ərazilər Türkiyə ilə həmsərhəd olduğundan onlar Türkiyə vasitəsilə ora axın ediblər. Həmin ərazidə ordu ilə döyüşənlərin əhəmiyyətli hissəsi Şimali Qafqazdan, Ərəbistandan, Çindən (vəhhabiliyi qəbul etmiş uyğurlar) və digər Asiya ölkələrindən gəlmiş döyüşçülərdir. Əgər kimin üçünsə terrorçu qruplara qoşulmuş və ya onlarla çiyin-iyinə vuraşan türkmənlər əzizdirsə, onda nə üçün Suriyada vuruşmaq üçün getmiş və orada öldürülmüş azərbaycanlı sələfi-vəhhabilər üçün səslərini çıxarmırlar?
Həmin ərazinin işğal edilməsindən sonra türkmənlərin bir hissəsi Suriya dövlətinin nəzarət eydiyi ərazilərə köçmüş, bir hissəsi də Türkiyəyə mühacirət etmişlər. Orada qalıb ekstremist, separatçı və terrorçu silahlı qrupların hakimiyyəti altında yaşamaqla barışanlar da olmuşdur. Suriya ordusu hazırda həmin silahlı qruplarla döyüşərək öz ərazi bütövlüyünü təmin etməyə çalışır.
Adında "türkmən" sözünü daşıyan hansısa təşkilatların bəyanatları da bir çoxlarını aldadır. Suriyaya qarşı beynəlxalq imperializmin müharibəsi başlayandan sonra bu müharibədə imperialistlərin yanında olan Türkiyə hökuməti, Suriyanın bəzi ərazilərindəki hakimiyyət vakumundan və bəzi türkmənlərin sadəlövhüyündən məharətlə istifadə etdi. Türkiyə öz nəzarətində olan müxtəlif türkmən təşkilatlar yaradıb, həmin təşkilatların adından bəyanatlar yayır. O bəyənatların konturları isə türkiyəli kuratorlar tərəfindən hazırlanır. Məhz buna görə də onların yaydığı bəyənatlar (şəxsən mənim üçün) elə də əhəmiyyət kəsb etmir.
Türkiyə hökumətinin nəzarətində olmayan türkmən təşkilatları isə Qızıldağ və ya Türkmən dağı adlandırılan yerdəki döyüşlərin, hökumət qüvvələri ilə terrorçular, ekstremistlər arasında aparıldığını, dinc türkmənlərin hədəfdə olmadığını bildirirlər. Tam aydındır ki, məhz Türkiyə hökuməti türkmənləri odun, atəşin içərisinə atıb. Əgər Türkiyə hökuməti terrorçuları ora buraxmasaydı, Suriyadakı mənafeləri üçün türkmənlərdən vasitə kimi istifadə etməyə cəhd etməsəydi, türkmənlər öz elində 2011-ci ilə qədər yaşadıqları dinc, müharibəsiz həyatı davam etdirərdilər.
Türkiyə mediasının təsiri altında olan bəzi vətəndaşlarımızın Qızıldağı və ya Türkmən dağındakı döyüşlərə görə Suriya, Rusiya və digər dövlətlərə reaksiya verməyi, Azərbaycan Respublikası hökumətindən addım tələb etməsi də siyasi və əqli cəhətdən əsassızdır. Əvvəla ona görə ki, yuxarıda qeyd etdiyim kimi Qızıldağı və ya Türkmən dağındakı döyüşlər Suriya dövlətinin öz ölkəsinin ərazi bötövlüyünü təmin etmə savaşıdır. Sonrası da Azərbaycanın xarici siyasətini izləyənlər bilir ki, Azərbaycan öz ərazilərinin işğal edilməsinə və separatçılıqdan əziyyət çəkməsinə görə ölkələrin ərazi bütövlüyü prinsipini müdafiə edir. Həmçinin Şimali Kipr, Kosovo, Krım və digər subyektlərə münasibətdə də Azərbaycan Respublikası ölkələrin ərazi bütövlüyü prinsipini müdafiə edərək onların heç birinin müstəqilliyini və ya başqa dövlətin tərkibinə keçməsini qəbul etməyib. Bu baxımdan Azərbaycan Respublikası Suriyadakı separatçı meylləri, separatçıları müdafiə edə bilməz.
Azərbaycanda internet mediası yarananda sevinirdik ki, əhali TV-lərin təsirindən qurtuldu. Təbii ki, internet özünü inkişaf etdirib informasiyaları təhlil edə bilənlər üçün müəyyən qədər azadlıq gətirdi. Bir çoxlarının mütəmadi olaraq internetdə informasiya müharibəsi aparan dövlətlər, təşkilatlar tərəfindən yayılan əsassız xəbərlərə, şəkillərə və digər informasiyalara aldanması isə bu sahədə təlimlərin, mühazirələrin keçirilməsinin, məqalələrin yazılmasının, videoların yayılmasının vacibliyini göstərir.

islamazeri.az

Türkmən dağında kim vuruşur: Türkmənlər, yoxsa əl Nusra terrorçuları?

Türkmən dağı adlanan ərazidə Əsəd ordusu ilə Suriya türkmənləri arasında döyüşlər getdiyinə və Rusiya hərbi təyyarələrinin türkmən kəndlərini bombardman etdiyinə dair son günlərdə çox yazılıb. Təbliğatdan başqa bir şey deyildir. 
Türkmən dağında Əsəd ordusuna qarşı vuruşanlar dünyanın müxtəlif bölgələrindən buraya gəlmiş “cihadçı” terror dəstələridir. Onların hamısı Əl-Qaidanın bir qolu olan Cəbhət-əl Nusra təşkilatında birləşir. 
Son günlərdə bu bölgədə dinc türkmənlərə divan tutulduğuna və qətliam törədildiyinə dair iddialar əsassızdır. Yerli türkmən liderlərindən olan Əli Türkmən “Sputnik news”la müsahibəsində Əsəd ordusunun türkmənləri qoruduğunu bildirib. Onun sözlərinə görə, Suriya ordusunun Rusiyanın havadan köməyi ilə Bayır Bucaq bölgəsində apardığı əməliyyatlarda sivil xalqa zərər dəydiyinə dair iddiaların yalan olduğunu bildirib. 
Əli Türkmən Suriya ordusuna qarşı bu bölgədə əl Nusra Cəbhəsinin vuruşduğunu qeyd edib: "Aralarında türkmənlər də ola bilər, ancaq bu terror təşkilatların üzvləri əsas etibarilə dünyanın müxtəlif yerlərindən gələn şəxslərdir. Suriya ordusu məhz bu terror qruplarını vurur". 
Bununla yanaşı Əli Türkmən əlavə edir ki, Suriya türkmənləri hökumətin tərəfdarıdır və hökumət onları qoruyur. Rusiya təyyarəsinin vurulduğu bölgə türkmənlər yox, Əl Nusra terrorçularımın nəzarətindədir. /mirzexezer.com/

19.11.2015

Eşşəkçi ilə Qaradağlı kəndlərinin toqquşması

Araz Gündüz

Eşşəkçi kəndinin adını, pis səsləndiyi üçün, Sovet hakimiyyəti illərində dəyişib Zəhmətabad qoymuşlar. Bu kəndin adının yaranması, deyilənə görə, rusların ilk gəlişində baş verən qarşıdurmada Hasıllı kəndinin dağıdıması ilə bağlı olmuşdur. Hasıllıda böyük bazar olduğundan burada hərəsininöz adı olan ayrı-ayrı məhəllələr olmuşdur. Hasıllıdan qaçan bir neçə bölük insanlar dağlara çəkilib yeni kəndlər salmışlar: rusların dağıtdığı kəndin yükdaşıyanları yeni saldıqları kəndi öz işlərinin adı ilə- Eşşəkçi, bir az yuxarıda Hasıllıların çörəkbişirənləri yeni saldıqları kəndlərini- Şatırlı adlandırmışlar.
Eşşəkçi ilə Qaradağlı kəndlərinin arası çox yaxındır. Eşşəkçi çox kiçik bir kənddir, buranın adamlarına salavatlılar deyərlər, onlar da dilağardalılar kimi çapqınçılığa uyan olduqlarından, bu iki oymağın arası eyzən yaxşı olubdur. Qaradağlılar çox uzaq keçmişlərdə otayın Qaradağ bölgəsindən gəlib buralarda yurd salmışlar, ancaq dördbir yanları Moran kəndləri olduğundan onlarla qaynayıb qarışmışlar, oğurluğu sevməzlər. 
Meşə ətəyi kəndlərin adamları qışa ot yığmazdılar, payızın son ayında mal-qaralarını naxır ilə meşəyə ötürərdilər, bu naxır bütün qışı meşədə otlayar, yaza dönəndə qayıdıb kəndə gələrdi. Payızın son ayında Eşşəkçi kəndinin adamları camışlarını meşəyə otlamağa ötürərlər, yaz ağzı camışlar qayıdanda 5-6 baş camışları əskik gələr, bunu da Qaradağlı kəndinin adamlarının üstünə atarlar. Qaradağlılar deyərlər, bizim oğurluqla işimiz yoxdur, camışlarınızın itməyi bizlik deyil. 
Günlərin birində eşşəkçidən iki nəfər, ikisi də Məmmədhüseynin oğlanları olar, Qaradağlı örüşündə mallarını otaran Əmiralının yanına gələrlər, oturub bir az oradan-buradan danışandan sonra deyərlər tüfəngini ver baxaq. Əmiralı kişi türkəsaya adam olduğundan ürəyinə ayrı şey gəlməz, tüfəngi onlara verər, bunlar tüfəngi alan kimi yola düzəlib çıxıb gedərlər. Əmiralı kişi ha yalvar-yaxar eləyər tüfəngimi qaytarın, onlar deyərlər, siz haçağ bizim camışları qaytarsanız, biz də tüfəngi onda qaytararıq. Sonradan Qaradağlının ağsaqqallarından tüfəngi geri almaq üçün gəlib bunlara ağız açarlar, ancaq tüfəngi qaytarmazlar. Günlərin birində tüfəng oğrularının atası Məmmədhüseyin Pornayım kəndinə gedər, -Pornayımlılarla Eşşəkçililər əmiuşağı sayılır- bunu Kövüzbulaqdan kimsə Qaradağlılara xəbər verər. Qaradağlıdan, Əmiraslan ilə Əmiralının oğlu İbişalı Məmmədhüseyinin qayıdacağı yolda pusqu qurarlar. Məmmədhüseyin pusquya çatanda başının üstünü alıb deyərlər tüfəngi ver. Məmmədhüseyin tüfəngə əlini atıb bunları vurmaq istəyəndə, Əmiraslan çeviklik eləyər, onu vurub öldürər. Məmmədhüseynin atı ilə tüfəngini götürüb gedərlər. Ertəsi günü Eşşəkçi kəndi ilə Qaradağlı arasında güclü atışma oldu, Qaradağlıdan itki olmadı, ancaq Eşşəkçi kəndindən bir neçə adam öldürüldü. Eşşəkçi kəndinin adamları Qaradağlıya bata bilmədiklərini görüb savaşı dayandırdılar, dostluq elədikləri Dilağarda bəyi Qara bəyin yanına gizlincə adam göndərib yardım istədilər. Yardım gəlib çıxan kimi, gecə ilə Qara bəyin göndərdiyi adamlarla Eşşəkçi kəndinin adamları Qaradağlı kəndinin dördbir yanında pusqu qurub səhərin açılmasını gözlədilər. Yaz günü olduğundan, adamlar ertədən mal-qaralarını örüşə çıxaranda Eşşəkçi kəndinin qabaqcadan tapşırılmış əlitüfəngli adamları çobanların qabağından mal-qaranı alıb öz kəndlərinə aparmağa başladılar. Çobanlar kömək üçün kəndə hay saldılar, kənddən mal-qaranı Eşşəkçilərdən almağa gələn adamları isə Qara bəyin adamları güllə yağışına tutdular. Qaradağlılar ağıllı tərpəndilər, onların ən yaxşı atıcılarından olan Abbas, Süleyman, bir də Bədir, kəndin günçıxanındakı dərənin içi ilə meşəyə qaçıb orada Eşşəkçinin mal oğrularına pusqu qurdular. Mal-qaranı oğurlayanlar onları meşəqırağı açıqlıq yolla sürüb aparırmışlar, gəlib pusqu qurulan yerin yaxınlığından keçəndə qaradağlılar bunları gülləyə tutub bir neçəsini öldürdülər, qalanları mal-qaranı qoyub qaçdılar, ancaq çatdırıb bir-iki inək apara bilmişdilər. Qara bəyin adamları ilə Eşşəkçi kəndinin adamları Qaradağlı kəndinin güney tərəfində daldalanıb atışmağa başladılar, ancaq qaradağlılar çox yaxşı güllə atmağı bacardıqlarından, günortadan sonra eşşəkçililərlə onların köməyinə gələnlər bir neçə ölülərini də ortalıqda qoyub geri çəkildilər. Eşşəkçilər baş verənlərdən yanıqlı olduqlarından, onlardan bir neçə nəfəri hündür bir təpənin başından qaradağlılara sarı qışqırıb deyərlər: “İnəklərinizi aparıb, qatıq-ayran damazlığınızı kəsdik”. Qaradağlılar isə qışqırıb onlara deyərlər: “Qoyub qaçdığınız ölülərinizdən ötrü darıxmayın, bir az qatıq süzməsi qalmışdı, ayran eləyib tökürük boğazlarına”. Bu savaşın gedişində Eşşəkçidən doqquz adam ölmüşdü, Qaradağlıdan yaralanan olsa da, itki olmamışdı. Bundan sonra Eşşəkçi kəndinin adamları Qaradağlı kəndinin üstünə getməyə ürək eləmədilər, ancaq qaradağlılar dinc durmadılar, ayrı-ayrı vaxtlarda meşədə pusqu qurub, Eşşəkçilərdən daha altı adamı vurub öldürdülər.

Cəlilabad rayonunun Ləzran kənd sakini Mirzəqulu kişi, Azərbaycanda Sovet inqilabından əvvəlki illərə təsadüf edən hadisələri qələmə alır. 50 şagird dəftərindən ibarət olan bu əlyazmanın böyük hissəsi it-bata düşür. Yalnız bir hissəsi qorunub saxlanılır və hal-hazırda Rusiyada yaşayan həmyerlimiz, yazıçı Araz Gündüz Vətənə tətilə gəldiyi zamanlarda bu əlyazmaların izinə düşür və onun fədakarlığı sayəsində bu qiymətli əlyazma tarixin qaranlığına düşmür. Araz Gündüzün düzgün imlada yenidən işləyib çapa hazırladığı "Ləzranlı Mirzəqulu - Olanlardan keçənlərdən" kitabı bu tay Azərbaycanın Cəlilabad-Yardımlı, o tay Azərbaycanın Ərşə-Ucarlı bölgəsində yaşayan insanların keşməkeşli həyatını əks etdirən tarixi bir salnamədir.

18.11.2015

5 karatlıq brilyant şüşə qaşla əvəzlənib - MTN-də cinayət

MTN çetesinin soyduğu iş adamı musavat.com-a danışdı

İş adamı Maqsud Mahmudov “Azəriqazbank”a 2009-cu ildə qızıl-brilyantları girov qoymaqla bankdan 1 milyon manata yaxın kredit götürüb. 2 illik kredit müddətinin bitməsinə bir neçə ay qalmış “Azəriqazbank”a çağırılıb: “Pulu vaxtında ödəyirdim, gecikmə olmurdu. Mən sizin qəzetin saytında bankın zərgər-qiymətləndiricisinə qulaq asdım. O, düz deyir. 2011-ci ildə mənə xəbər verirlər ki, sizin malları (banka girov qoyulmuş qızıl-brilyantları nəzərdə tutur- E.M) baş ofisə aparıblar. Səbəbini mənə izah etmirlər. Dedilər ki, MTN apardı. Bankın işçisi mənə zəng edir, deyir ki, malları ora aparıblar. Bir müddət sonra məni bankın zərgəri yığdı. Dedi ki, orada malları açıblar. Mənim nümayəndəm İlham Əsədov ora gedəndə artıq malları açıb töküblər ortalığa. Ona görə orada iştirakdan imtina edir. Arif Piriyev bankın zərgəridir. O, görür ki, malları açırlar, yaxın durmur. Arifi aparırlar MTN-ə. Ona deyirlər ki, de ki, bu qaşlar şüşədir. O da deyir ki, mən necə deyə bilərəm ki, o qaşlar şüşədir? Arif bunu demir. Sürücümü MTN-ə aparıb döyürlər. Mən bankın baş ofisinə gedib məsələni aydınlaşdırmaq istədim. Oradan çıxandan sonra tutub MTN-ə apardılar. Orada Fizuli adlı işçi deyir ki, ticarətçisən. Məni soyub buraxırlar”. 
M.Mahmudov deyir ki, 2009-cu ildə banka girov kimi təqdim etdiyi brilyantlar şüşə ilə əvəzlənərək özünə qaytarılıb. Özünə isə hədə-qorxu gəlinib. Buna görə də Eldar Mahmudov vəzifədə olduğu illərdə şikayət etməyib. Bu il noyabrın 13-də “Azəriqazbank”ın idarə heyətinin sədrinə teleqram vurub və ona şüşə ilə əvəzlənən brilyantların geri qaytarılmasını tələb edib: “Arif Piriyev də dediklərimi təsdiqləyir. Hamı bilir ki, Çingiz Əsədullayev Eldar Mahmudovla şərikdir. Tək mən deyiləm, mənim kimi yüzlərlə adam var. Mənim itirəcəyim bir şey qalmayıb, hər şeyim əlimdən gedib. “Azəriqazbank”dan Rizvan adlı şəxs zəng edib deyir ki, qaşların qiyməti nə qədərdir. Dedim, mənə pul lazım deyil. Mənim brilyant qaşlarım niyə Eldar Mahmudovun balonundan çıxmalıdır? Mətbuatda gedir ki, Eldar Mahmudovun evindən balonlarla brilyant çıxıb. Həmin o daş-qaşlar, mənim kimilərin əlindən alınan insanlarınkıdır. Şər atırıq? 2012-ci ildə Çingiz Əsədullayevə müraciət etmişəm. Teleqram vurmuşam. İndinin söhbəti deyil. Mən haqqımı tələb edirəm”. 
1 ay əvvəl vəzifəsindən uzaqlaşdırılan milli təhlükəsizlik naziri Eldar Mahmudovun ölkəyə idxal olunan digər mallarla yanaşı, qızıl və brilyantın inhisarçısı olması haqda illərdir ki, məlumatlar dolaşırdı. O, tutduğu postdan uzaqlaşdırılandan sonra mətbuatda bu məlumatları təsdiqləyən ifadələr yayıldı. Qızıl və brilyant biznesi ilə məşğul olan iş adamları Milli Təhlükəsizlik Nazirliyinə aparılaraq başlarına açılan oyunları dilə gətirməyə başladılar. Məlum oldu ki, nazirin razılığı ilə qaş-daş sektoruna bu və ya digər formada aidiyyatı olan hər kəs “mahmudovçu”ların diqqət mərkəzində olub. İş adamları ən müxtəlif adlar altında MTN-ə aparılıb, onlardan şantaj yolu ilə böyük məbləğdə pullar alınıb. Belə şəxslərdən biri də iş adamı Maqsud Mahmudov olub. MTN-ə dəvət edilən iş adamından “mahmudovçu”lar şantaj yolu ilə 250 min dollar aldıqları haqda məlumat vermişdik. İndi məlum olur ki, M.Mahmudovdan alınan təkcə bu məbləğ olmayıb. Onu Eldar Mahmudovun yaxını Çingiz Əsədullayevə məxsus “Azəriqazbank”a girov qoyduğu qızıl-zinət əşyalarına görə də MTN-ə aparıb başına oyun açıblar. M.Mahmudovun banka girov kimi qoyduğu 5 karatlıq brilyant qaş şüşə qaşla əvəzlənib. Bu əməldən şikayətçi olan iş adamı “mahmudovçu”lar tərəfindən saxlanıb, ondan 30 min manat alıblar, özünü də şikayətçi olmamasını “tövsiyə” etməklə azad buraxıblar. “Azəriqazbank”ın qiymətləndirici-zərgəri Arif Piriyev “Yeni Müsavat”a müsahibəsində M.Mahmudovun girov qoyduğu brilyantların həqiqi olduğunu söyləyib. O, bankda baş verənlərdən sonra oradan uzaqşalaşdığını da videomüsahibəsində deyib. /aznews.az/

Ərəbin həyatı fransızın həyatından ucuzdurmu?

Məmməd Süleymanov

Parisdə terror aktları baş verən gün fransızlar öz filosofları Andre Qlüksmanla vidalaşırdı.
78 yaşında dünyasını dəyişən bu “yeni filosof” tipik nümunədir ki, indi Volter və Didro Fransasına iqtibas edənlərin gözləri bugünkü Avropa ilə klassik dəyərlərə söykənən Avropa arasındakı keçilməz uçurumu hiss etsin. Axı son onilliklər boyunca oralarda ictimai rəyi ensiklopedistlər, Sartr və Kamyu yox, məhz Qlüksman və onun “əkiz”i olan Bernar-Anri Levi kimi kanniballar formalaşdırır!
Gəncliyində marksist, sonra maoist olan Qlüksman ömrünü dalaşqan antikommunist kimi başa vurdu. Məhz o, kommunizmlə nasizmi eyniləşdirən ilk fikir “qaranquş”u oldu.
Qlüksman ABŞ-ın Yuqoslaviyanı, İraqı, Əfqanıstanı bombalamasını alqışlarla qarşılayanlardan biri idi. Dostu Bernar-Anri Levi ilə birlikdə Liviyanı bombalamağa çağıranlardandı - bu vandalizmi o, “xalqlara terrordan yaxa qurtarmaq və insan haqlarına hörmət etmək şansı qazandırmaq” üçün etdiyini yazırdı.
İndi adi liviyalırdan soruşmaq maraqlı olardı: onlar Qlüksmanla razıdırmı? Adi liviyalı Fransada ictimai rəyin dəbverənlərindən biri olan Qlüksmanın ən azı üzünə tüpürərdi.
Elə məhz Qlüksman və Levi də Suriyadakı çeşidli terrorçulara qahmar çıxanlardandı.
Bu “yeni filosoflar”a əsl sosial-darvinizm xasdır. Onlar öz söylədiklərini son instansiyada həqiqət kimi sırıyır, xalqları növlərə bölür. Birinci növ xalqlar - avropalılar və ABŞ-da yaşayanlar həmişə haqlıdır.
İkinci sort xalqlar - liviyalılar, suriyalılar, iraqlılar, serblər isə yalnız “demokratikləşdirmə” yolunda “humanitar bombardmanlar”a layiqdirlər. Və kim bu ikinci növ insanlara qarşı çıxırsa, onlar birinci növ xalqların dostu, ədalətin bərpaçıları, insan haqlarının yanında olanlar sayılmalıdırlar.
Qlüksman və Anri Levi bugünkü Avropanın “dəyər”lərinin simvollarıdır. Və onların dəyərlərinin Volterin, Didronun dəyərlərinə heç bir dəxli yoxdur. Necə ki, onların ardınca “suriyalının həyatı fransızın həyatından əhəmiyyətsizdir” deyə bağıran “humanistlər”in XVIII əsr ensiklopedistlərinə və maarifçilərinə aiddiyyəti yoxdur. Ancaq nə edəsən ki, Qlüksman ölsə də onun fikirləri yaşayır. Kaş əksinə olaydı...
Bu gün virtual fəzada barmaqları yorulana qədər bir xalqın ölüsünü digərinin ölüsündən qiymətli sayan yerli sosial-darvinistlərin əslində Qlüksmanın “övladlar”ı olduqları halda Volterlə və Sartrla pərdələnmələri ikiqat absurddur. Onlar klassik Avropa dəyərlərinin adı altında öz antihumanizmlərinə və nasizmlərinə haqq qazandırırlar.
Eynilə Qlüksman kimiləri öz nasizmini formal olaraq ultrademokratik və antifaşist şüarlar altında gizlədirdilər.
***
Teraktların özü qədər də onlara olan çeşidli reaksiyalar bəşəriyyətin dərin xəstəliyini və kor dalanda olduğunu üzə çıxardı. Məni israrla inandırmağa çalışırlar ki, 3 yaşlı Aylan Kurdinin ölümü mənasız təfərrüatdır, hər ölən fransıza görə nasistlər sayağı 100 suriyalını dəyişmək olarmış.
Elə bir absurd dövrə gəlib çatdıq ki, 2 dəfə 2-nin 4-ə bərabər olduğunun sübuta ehtiyacı var. Və fransızlar qiymətlidir, çünki onların Volteri olub. Keçmişlə öyünmək nə vaxtdan həlledici arqumentə çevrildi görəsən? Elə isə bəlkə bir Suriyanın da tarixinə baxasınız?
“Ərəblər az olsa, partlayışlar da az olar” deyirlər. Bu kəlmələrdə özlərini ziyalı və erudit sayanların bütün mahiyyəti ortadadır. İkiüzlülük, rasizm, əyalət mədəniyyətsizliyi, isterik idiotizm, dünyanın güclüləri qarşısında yaltaqlıq və zəiflərin taleyinə biganəlikdən ibarət mahiyyət.
Və ətrafımızda bu cürləri nə qədər çox olarsa, partlayışlar və qətllər də bir o qədər artacaq.
Terrora qarşı mübarizə isə ona imkan yaradan, dini fanatizmi çiçəkləndirən sistemə, imperialist işğallara və müharibələrə qarşı mübarizədən kənarda mümkün deyil. Budur həqiqət.
Və hazırkı reallığın Avropanın bütün dünyaya bəxş etdiyi humanist dəyərlərlə - İntibah və Maarifçilik dəyərləri ilə uzaqdan-uzağa belə əlaqəsi yoxdur.
Parisdəki qətliamın vur-tut bir mühüm nəticəsi ola bilər - xəstə, iri addımlarla tartarara, barbarların qucağına doğru gedən dünyada yenidən Azadlıq ifadəsinin klassik məzmununa qayıdışın zəruriliyi ətrafında müzakirələrin başlanması.
Ortada iki təbliğatın - bir-biri ilə barışmaz ziddiyyətdə olan, ancaq eyni dərəcədə təhlükəli taktikanın toqquşması var.
Fransanın dünyaya bağışladığı sonuncu fikir nəhəngləri, böyük humanistlər isə XX əsrdə qalıb - Sent-Ekzüperi, Sartr, Kamyu, Simona Veyl, Klod Levi-Stross, Bensaid. Onlardan sonra - boşluq...
Hamı qaçqınlardan danışır, halbuki səbəblə nəticənin yeri səhv salınıb. Hər dəfə “demokratikləşdirmə” sayıqlaması altında kübar dövlətləri məhv edəndə Avropa bumeranqın geri dönəcəyini gözləməli idi. Multukulturalizm görüntüsünün niyə başlarına uçduğunun səbəblərini də işğallarda axtarmalı idi.
Məsələn, multukulturalizmə qalanda tikə-tikə edilmiş Suriya dünənədək məhz xalqların və dinlərin yanaşı və dinc yaşadığı ərazi idi. O model ki, Fransa onu sözdə elan edib, ancaq qurmağa nail olmayıb.
Bunun sübutudur ki, bu gün də Bəşər Əsədin tərəfində təkcə ələvilər və şiələr yox, həm də sünnilər, druzlar, ermənilər, aysorlar, yunanlar, kürdlər, yezidlər vuruşur. Belə bir cəmiyyəti məhv edən Qərb təşəkkürmü gözləyirdi?
Əgər Fransa nəinki yeni qaçqınları, hətta Fransada doğulmuş müsəlmanları inteqrasiya edə bilməyibsə və etmək istəməyibsə, bunda Fransa günahkardır. Xurafat, mövhumat və dini radikalizmə qarşı alternativ kimi adi insani dəyərlər, yaxud sadəcə normal iş, sosial siyasət, yaşam perspektivləri verilə bilər. Bunlar isə yoxdur. Multikulturalizm mifi iflasa uğrayıb. Zatən kapitalizmdə başqa cür ola da bilməzdi.
Və bu şəraitdə ac meşşanların faşizmi ilə tox meşşanların neoliberalizmi toqquşmalı idi. Bu qanlı toqquşmanın növbəti epizodu da noyabrın 13-də qeydə alındı...

virtualaz.org

Beş tərkibli nəsihətlər

Şiələrin Peyğəmbərdən (s) nəql etdikləri hədislər

◘Beş şey əməl tərəzisini qat-qat ağırlaşdırar: “Subhənallah”, “Əlhəmdu lillah”, “La ilahə illəllah”, “Allahu Əkbər” və Allah xatirinə saleh övladın ölümünə səbr etmək.

◘İslamın əsası beş şeydən ibarətdir: “La ilahə illəllah”, namaz, zəkat, həcc və Ramazan ayının orucu.

◘Beş iş var ki, hər kəs onları yaxud, birini yerinə yetirsə cənnət əhlidir. (Bir şərtlə ki, e`tiqad və əməli tamam-kamal olsun); susuza su vermək, acı doyurmaq, çılpağa paltar geyindirmək, piyadanı mindirmək və qul azad etmək.

◘Tövratda beş cümlə var ki, qızıl su ilə yazılsa yenə azdır: 
1. Evdə qəsbi bir daşın olması həmin evin xaraba qalmasına səbəb olar. 
2. Zülmlə qalib gələn məğlubdur. 
3. Günah vasitəsilə qələbə çalan qalib deyil.
 4. Allahın haqqını yerinə yetirməyin ən az həddi odur ki, verdiyi ne`mətləri günah qazanma vasitəsi etməyəsən. 
5. Sənin abrın donmuş su (buz) kimidir. Yalvarma və xahiş zamanı əriyər. Bax gör abır-heysiyyətini kimin yanında tökürsən.

◘İbn Abbas deyir ki, bir gün Peyğəmbərdən (s) soruşdum: “Adəmin Allahdan öyrəndiyi və tövbə etmə vasitəsi olan sözlər hansılardır?” Buyurdu: “Allahı Məhəmmədə (s), Əliyə (ə), Fatiməyə (ə), Həsənə (ə) və Hüseynə (ə) and verdi, tövbəsi də qəbul oldu.”

◘Həyatımın sonuna qədər bu beş əməli əldən vermərəm; qullarla bir yerdə torpaq üzərində oturub yemək yemək, ulağa minmək (çünki, bu iş təvazökarlıq əlamətidir), keçini öz əli ilə sağmaq, yundan hazırlanan paltar geyinmək (o zamanlar yundan hazırlanan parça ən kobud parça idi) və uşaqlara salam vermək. (Mən bu işləri heç vaxt tərk etməyəcəyəm ki,) qoy, məndən sonra bunlar sünnə olsun.

◘Alış-verişlə məşğul olan kəs gərək beş şeydən uzaq olsun. Əks təqdirdə, alveri tərk etsin; riba almaq, and içmək, malın nöqsanını örtmək, satış zamanı malı tə`rifləmək, alış zamanı malı pisləmək.

◘Beş nəfərdən hər bir halda uzaq gəzmək lazımdır; xora xəstəliyinə tutulandan, natəmiz və çirkin adamdan, dəlidən, haramzadədən və ərəblərdən. (yə`ni, biyabanda həyat sürüb ictimai və dini ədəblərdən xəbəri olmayan bədəvilərdən).

◘Bir kişi Peyğəmbərə (s) ərz etdi: “Ya Rəsuləllah, mən bu oğluma yazı yazmaq öyrətmişəm, indi onu hansı peşəyə qoyum?” Həzrət buyurdu: “Allah sənin atana xeyir versin! Hansı işə istəyirsən qoy, beş işdən başqa; kəfən satan, zərgərlik, qəssablıq, buğda satan və qul satan. Çünki, kəfən satan həmişə camaatın ölməyini arzulayar, halbuki, mənim ümmətimdə yeni doğulan körpə günəşdən və onun saçdığı bütün şeylərdən üstündür. Zərgər müamilə zamanı hiylə və fırıldaq işlədər, qəssab daşqəlbli olar, buğda satan möhtəkir  olar. Qul alveri ilə məşğul olan adama gəldikdə isə, Cəbrail (ə) mənə xəbər verdi ki, insanların ən pisi Allahın qullarını satanlardır.”

◘Allah mənə üç üstün xüsusiyyət vermişdir ki, məndən öncə bunları heç kəsə verməmişdir; yer üzərini (torpağı) mənim üçün səcdəgah və paklayıcı qərar vermişdir, mənə düşmənlərimin qəlbində dəhşət və qorxu yaratmaqla daim kömək etmişdir, döyüş qənimətlərini mədən ötrü halal etdi, mənə mükəmməl, hərtərəfli nitq və bəlağət verdi və mənə şəfaət məqamı nəsib etdi.

◘Allah-təala beş xüsusiyyət mənə və beş xüsusiyyət də Əliyə (ə) verib; mənə mükəmməl sözlər, Əliyə isə mükəmməl elm əta edib, mənə peyğəmbərlik, Əliyə (ə) isə imamlıq verib, mənə Kövsər hovuzunu, Əliyə (ə) isə Səlsəbili bəxş edib, mənə vəhy göndərib, Əliyə (ə) isə ilham, məni göyə apardı, Əlidən (ə) ötrü isə göyün qapılarını açıb gözləri önündən pərdələri götürdü.

◘Allahdan necə lazımdır utanın;
1.Əgər əməl etmək qərarınız varsa yatmayın.
2-3. Beyinə və onun fikirlərinə və qarına və onun möhtəvasına düzgün riayət edin. 4. Qəbiri və bədəninizi örtməyi yaddan çıxarmayın. 5. Axirəti istəyəndə dünya bər-bəzəyindən əl çəkin.

◘Hər kəs beş şeyi öz öhdəçiliyinə alsa, mən də behiştdən ötrü ona zamin olaram; Allaha, Peyğəmbərə (s), Qur`ana, Allahın dininə, İslam cəmiyyətinə qarşı xeyirxah və ürəyiyanan olsun.

◘Peyğəmbər (s) əmr verib ki, beş heyvanı öldürsünlər; qarğa, sağsağan, ilan, əqrəb və quduz it.

◘Beş şey fitri dindən irəli gəlir; dırnaq tutmaq, bığları azaltmaq, qoltuğun tüklərini və qarının aşağı hissəsindəki tükləri azaltmaq və sünnət etmək.

◘Həzrət Əliyə (ə) etdiyi nəsihətlərində belə buyurur: “Əbdül-Müttəlib cahiliyyət dövründə beş qanunu adət halına saldı ki, Allah-təala onları İslamda da saxladı: 
1) Atanın arvadını oğula haram bildi. Bu barədə Allah-təala buyurub: “Atalarınızın evləndiyi qadınlarla evlənməyin.” 
2) Xəzinə tapan şəxs beşdə birini sədəqə verməli idi. Allah da belə buyurub: “Bilin ki, döyüşdə ələ keçirdiyiniz qənimətlərin beşdə bir hissəsi Allahındır.” 
3) Zəmzəm suyunun adına “Siqayətül-Həcc” yə`ni, “Hacılara verilən su” adını qoymuşdur. 
4) Qan bahasını yüz dəvə qərar verdi. 
5. Qüreyş nəzərində təvafın xüsusi miqdarı yox idi. Əbdülmüttəlib onun sayını yeddi qərar verdi. Bu hökm də İslamda olduğu kimi qaldı.”

◘Ey Əli! Əbdülmüttəlib nə qumar oynadı, nə bütə sitayiş etdi, nə də ki, bütlərdən ötrü kəsilən qurbanlıq heyvanların ətindən yedi. O, belə deyirdi: “Mən İbrahimin (ə) dinindəyəm.”

◘Beş münasibətdən başqa ziyafət verməyə lüzum yoxdur; toy, övlad dünyaya gələrkən, uşağı sünnət edərkən, Məkkədən qayıdarkən və ev alarkən.

◘Ey Əli! Mən sənin barəndə Allahdan beş şey istədim, hamısını da verdi: 
1. Mən qəbirdən qalxacaq əvvəlinci kəs olum, Əli də mənimlə olsun. 
2. İcazə versin əməllərin haqq-hesabı çəkilən yerdə ikimiz də olaq. 
3. Qiyamət günü səni mənim bayraqdarım etsin. 
4. Mənim ümmətimə sənin vasitənlə Kövsər hovuzundan su içirsin.
 5. Behiştə gedən zaman səni ümmətin rəhbəri qərar versin. Allaha şükürlər olsun ki, bütün bunları qəbul etməklə mənim boynuma minnət qoydu.

◘Cümə günü günlərin ən üstünüdür və Allah yanında fitr və Quban bayramlarından da üstündür. Cümə gününün beş üstün xüsusiyyəti var:
1) Adəm bu gündə yaranıb. 
2) Bu gündə də yerə enib. 
3) Vəfatı da bu gündə olub. 
4) Cümə günündə bir saat var ki, hər kəs Allahdan öz hacətini həmin saatda istəsə qəbul olunar. Bu şərtlə ki, haram bir şey istəməsin. 
5) Müqərrəb mələklər, yer, göy, küləklər, dağlar, su, quru hamısı nigarandırlar ki, olmaya qiyamət günü də bu gündə olsun. (Yə`ni, çox ehtimal var ki, Qiyamət günü də bu gündə olsun.)

◘Yəzid ibni Sabitə buyurdu: “Evlənmisən?” Dedi: “Xeyr.”Buyurdu: “Evlən ki, pakdamən qalasan və heç vaxt “şəhirə”, “ləhirə”, “nəhirə”, “hidərə” və “ləfut”la evlənmə! Yəzid dedi: “Ya Rəsuləllah, mən bilmirəm sənin bu buyurduqların nə deməkdir.” Buyurdu: “Ərəb deyilsənmi? Şəhirə göy rəngli, acıdil və həyasızdır, “ləhirə” hündür boylu və arıqdır, “nəhirə” balaca boylu və pis görkəmlidir, “hidərə” yaşı keçmiş qocadır, “ləfut” isə başqa ərdən uşağı olan qadındır.”

◘İnsanların ən yaxşısı o kəslərdir ki, yaxşı iş görən zaman sevinər, pis iş görən zaman peşman olar və istiğfar edər, ne`mət zamanı şükür, bəla və müsibət zamanı isə səbir olar və bir də acığı tutanda güzəştə gedir.

◘Ramazan ayında mənim ümmətimə beş imtiyaz verilib ki, məndən öncə heç bir ümmətə verilməyib:
1. Birinci gecədə Allah hamıya rəhmət nəzərilə baxar və hər kəsə ki, Allah rəhmət nəzəri ilə baxsa heç vaxt ona əzab verməz.
2. Ağızlarından gələn iy Allah yanında müşkdən də ətirlidir.
3. Mələklər gecə-gündüz onlardan ötrü istiğfar edər.
4. Allah behiştə əmr edər ki, özünü bəzəyib bəndələrimdən ötrü rəhmət diləsin. Çünki, tezliklə onlar dünyanın əzab-əziyyətindən xilas olub behiştə, mənim onları şərəfləndirəcəyim yerə daxil olacaqlar.
5. Ayın axırıncı gecəsi hamını bağışlayar.
Bu zaman bir nəfər soruşdu: “Qədr gecəsi bağışlayar, yoxsa axırıncı gecə? “ Həzrət buyurdu: “Məgər görməmisənmi ki, işçilərin maaşını işin axırında verirlər?”
(Zahirən bunlar o kəslərə aiddir ki, bu ayın orucunu üzürsüz sındırmır və günah etməklə həya pərdələrini yırtmırlar.)

◘Məaz deyir ki, bir gün Peyğəmbərə (s) ərz etdim: “ Mənə elə bir əməl öyrət ki, onun vasitəsi ilə atəşdən xilas olub cənnətə daxil olum.” Buyurdu: “Ey Məaz, böyük bir şey istədin, lakin, Allah hər kəs üçün istəsə işləri asanlaşdırar. Allaha itaət et və heç bir şeyi ona şərik qoşma, namaz qıl, zəkat ver, Ramazan ayının orcunu tut və bir də nə qədər bacardın Allah evinin ziyarətinə get.”

◘Beş xüsusiyyətə yiyələnməmiş heç bir bəndənin imanı kamil olmaz; Allaha təvəkkül, işləri ona tapşırmaq, fərmanına itaət etmək, təqdirinə razı olub, bəlalarına səbr etmək. Bir də hər kəsin dostluğu və düşmənçiliyi, verməyi və əsirgəməyi Allaha görə olsa imanı kamil olar.

***
Sünnilərin Peyğəmbərdən (s) nəql etdikləri hədislər

◘Hər kəs yeddi tayfa insanla düz gəlməsə zərər görər; Alimlərlə düz gəlməyən dinini, rəhbərlərlə düz gəlməyən dünyasını, qonşusu ilə düz gəlməyən mənafeyini, qohumlarla düz gəlməyən alicənablığını, həyat yoldaşı ilə düz gəlməyən isə həyatın şirinliyini və ləzzətini əldən verər.

◘Allah hər kəsə beş işdə tövfiq versə, ondan ötrü beş mükafat hazırlayıb; hər kəsə şükr etmə tövfiqi versə onun üçün çoxlu ne`mət hazırlayıb, hər kəsə dua etmək tövfiqi versə ondan ötrü icabət hazırlayıb, hər kəsə tövbə və istiğfar tövfiqi versə ondan ötrü bağışlama hazırlayıb, hər kəsə sədəqə vermə tövfiqi veribsə ondan ötrü əvəz hazırlayıb və o kəsə ki, iman verib ona behişt də verəcək.

◘Beş şeydən qabaq beş şeyi qənimət bil; qocalıqdan qabaq cavanlığı, fəqirlikdən qabaq dövlətliliyi, məşğul olmaqdan öncə asudəliyi, xəstəlikdən öncə sağlamlığı və ölümdən öncə diriliyi.

◘Beş əməlin nəticəsi beş şeydir:
1) Allah əhd-peymanlarını sındıran millətə düşmənləri hakim edər. 
2) Allahın hökmlərindən başqa qanunlar qəbul edən və onlar əsasında hökm verən camaata fəqirlik və yoxsulluq üz verər. 
3) Hər hansı bir millət arasında zina artdıqca ölüm də artar. 
4) Çəkidə aldadılan yerdə bitki bitməz, yaşıllıq olmaz və həmin yerə qıtlıq üz verər. 
5) Zəkat verilməyən yerdə də yağış yağmaz.

◘Hər kəs beş iş görsə beş şeyə giriftar olar və hər kəs də bu beş şeyə giriftar olsa şübhəsiz atəşə daxil olar:
1) Hər kəs qaynadılmış üzüm suyu içsə şəraba qurşanar. Şərab içənin də cəhənnəmdən çarəsi yoxdur.
2) Hər kəs naməhrəm qadınlarla oturub-dursa zinaya qurşanar və zinakar cəhənnəm əhlindəndir.
3) Şən və vəzifəsinə uyğun olmayan bahalı paltarlar geyən şəxs getdikcə təkəbbürlü olar. Mütəkəbbirin də yeri cəhənnəmdir.
4) Hər kəs sultanın xalçası üzərində otursa gərək onun xoşuna gələn sözlər danışsın. Bu işin də sonu cəhənnəmdir.
5) Hər kəs İslam əhkamından xəbəri olmadan alış-veriş etsə ribaya düçar olar. Ribaxor da od əhlindəndir.

◘Sizi beş bataqlıqdan çıxarıb beş mərhələyə yüksəldən hər bir alimlə yoldaşlıq edin; şəkdən yəqinə, riyadan ixlasa, dünyapərəstlikdən zahidliyə, təkəbbürdən təvazöyə, düşmənçilikdən dostluğa.

◘Elə bir dövr yetişər ki, mənim ümmətim beş şeyə könül bağlayar və beş şeyi unudar, Dünyaya könül bağlayıb axirəti unudar, var-dövlətə, pula bağlanıb haqq-hesabı unudar: qadınlara bağlanıb hurul-eyni yaddan çıxarar, qəsrlərə bağlanıb qəbirləri unudar və özünü sevib Allahı unudar. Onlar məndən bezardır, mən də onlardan bezaram.

◘Sizə beş şeyi əmr edirəm; cəm halda olmağı (cəmiyyəti), haqq sözü eşitməyi və ona itaət etməyi, (ilahi elmləri və hökmləri öyrənməkdən ötrü) vətəni tərk etmək və Allah yolunda cihad etməyi. Hər kəs bir qarış İslam cəmiyyətindən uzaq düşsə və qayıdıb ona qoşulmasa İslamdan xaric  olmuşdur. Hər kəs başında cahiliyyət fikirləri dolandırsa cəhənnəmdə dizi üstə çökmüş kəslərdəndir, baxmayaraq ki, namaz qılıb oruc tutmaqla özünü müsəlman hesab edir.

***
Sünni və şiələrin hər ikisinin Peyğəmbərdən nəql etdikləri hədislər

◘Əli (ə) barədə mənə beş imtiyaz verilib ki, onları dünyadan və dünyada olanlardan daha artıq sevirəm: 
1) Bəndələrin əməl və xüsusiyyətləri barədə olan Allahın kitabı bəndələrin haqq-hesabı bitənə qədər onun yanındadır. 
2) Qiyamət günü həmd  bayrağı onun əlində olacaq. 
3) “Kövsər” hovuzunun saqisidir, mənim ümmətimdən də kimi istəsə sirab edəcək. 
4) Məni kəfənə büküb, Allaha tapşıracaq (yə`ni, qəbrə qoyacaq). 
5) Onun paklıqdan sonra çirkaba bulaşacağı imandan sonra küfrə düşəcəyi barədə zərrə qədər də olsun nə bir qorxum var, nə də bir narahatçılığım.

◘Həzrət Əliyə (ə) etdikləri nəsihətlərində buyurur: Ey Əli! Beş şey qəlbi öldürər; çox yemək, çox yatmaq, çox gülmək, çoxlu qəm-qüssə  və haram yemək. Bu, imanı da aradan aparır.

◘Beş şey unutqanlığa səbəb olar; siçan yeyən bir şeydən yemək, üzü qibləyə idrar etmək, axarı olmayan suya, yaxud da kül üzərinə idrar etmək, biti diri halda yerə atmaq və haramçılıqla yaşamaq.

◘Beş şey qəlbi işıqlandırar: “İxlas” surəsini çox oxumaq, az yemək, alimlərlə oturub-durmaq, gecə namazı, məscidlərə getmək.

◘Beş şey qəlbə səfa bəxş edər və qəsavəti aradan aparar; alimlərlə oturub-durmaq, yetimin başına sığal çəkmək, gecə yarısı istiğfar etmək, gecə az yatmaq və oruc tutmaq.

◘Ey Əli! Beş şey gözün nurunu artırar: Kə`bəyə baxmaq, Qur`anın xəttinə baxmaq, ata-ananın üzünə baxmaq, alimin üzünə baxmaq və bir də axar suya baxmaq.

◘Bir qurtum şərab içən adamı Allah beş bəlaya düçar edər; qəlb bərkliyi, Cəbrail, Mikail, İsrafil və bütün mələklərin bezarlığı, peyğəmbərlərin bezarlığı və cəhənnəm atəşi.

◘Hər kəs beş yerdə Allaha xəyanət etsə Qiyamət günü Allahın rəhməti ona nəsib olmaz və aqibəti də cəhənnəm odudur; dəstəmaz, namaz, oruc, həcc və zəkat. Hər kəs peyğəmbərlərin göstərişlərinə itaət etməsə Allaha xəyanət etmiş hesab edilir və sonluğu da cəhənnəm əzabıdır.

◘Allah beş qrup insana görə mələklər yanında fəxr edər; cihad edənlər, fəqirlər, Allaha xatir alnını torpağa qoyan cavanlar, çoxlu sayda minnətsiz infaq edən dövlətlilər və xəlvət yerdə Allah qorxusundan ağlayan kəs.

◘Beş şey beş kəsdə görünəndə daha gözəl olur; əməl alimdən, ədalət padşahdan, səxavət varlılardan, səbr fəqirlərdən və həya da qadınlardan. Əməlsiz elm tavanı olmayan otaq kimidir. Ədalətsiz padşah susuz arx kimidir. Səxavətli olmayan dövlətli meyvəsi olmayan ağac kimidir. Səbri olmayan fəqir işıq saçmayan çıraq kimidir. Həyasız qadın da duzsuz xörək kimidir.

◘Hər bir müsəlmanın digər müsəlman boynunda beş haqqı var; salama cavab, xəstə olanda yoluxmaq, dəfn mərasimində iştirak etmək, də`vətini qəbul etmək, asqıran zaman ona “yərhəməkumullah” demək.

◘Əbuzər deyir ki, Peyğəmbər (s) belə buyurdu: “Kimdir ki, mənim sözlərimi öyrənsin və ona əməl etsin, yaxud da başqalarının əməl etməsindən ötrü onlara öyrətsin?”
Dedim: “Mən!” Həmin vaxt Həzrət (s) əlimdən tutub mənim üçün beş şey saydı: “Günahdan çəkin ki, insanların ən abidi hesab olunasan, Allahın qismətinə razı ol ki, hamıdan daha varlı olasan, qonşuna yaxşılıq et ki, mö`min olasan, özün üçün istədiyin şeyləri başqaları üçün də istə ki, müsəlman olasan və bir də çox gülmə ki, çox gülmək qəlbi öldürər.

◘Uşaqları beş şeydən ötrü çox istəyirəm; çox ağlayırlar, toz-torpağa bulaşırlar (yə`ni, təkəbbürdən tamamilə uzaqdırlar), anlaşılmazlıq olanda kin saxlamırlar, sabahdan ötrü ehtiyat saxlamırlar, tikirlər və sökürlər (yə`ni, öz tikdiklərinə qarşı məhəbbətləri yoxdur.”

◘İmam Hüseynə (ə) buyurub: “Vacibləri yerinə yetir ki, hamıdan təqvalı olasan, Allahın qismətinə razı ol ki, hamıdan daha ehtiyacsız olasan, günahdan çəkin ki, hamıdan daha zahid olasan, qonşunla xoş rəftar et ki, mö`min olasan və yoldaşınla da yaxşı davran ki, İslamın şərtlərindəndir.”

◘Dünyanın beş çətinliyi var; bir dirhəm də olsa borc, fəraq (uzaq düşmək), bir xardal qədər də olsa dilənmək, bir mil də olsa səfər və qız, baxmayaraq ki, bir dənədir.

◘İnsanların ən simici odur ki, İslamdan simiclik etsin, ən tənbəli odur ki, bekar oturub Allaha zikr demir, ən oğrusu odur ki, namazdan bə`zi şeylər oğurlayır və bu namazı köhnə əski parçası kimi necə gəldi büküb onun üzünə vurarlar, ən zalımı odur ki, mənim adımı eşidib salavat demir, ən bacarıqsızı da odur ki, dua etməkdə aciz olsun.

◘“Layiqli elm” təhsilindən ötrü sərf olunmayan ömür hədərə gedib, xeyir işdən ötrü sərf olunmayan elm batil olub, ixlasla yerinə yetirilməyən əməl bərbad olub, davamlı olaraq qorunmayan ixlas zay olub, aqibəti xeyirli olmayan davamiyyət də puç olub. Çünki hər bir əməlin xeyirli olub olmamasının me`yarı onun aqibəti ilə ölçülür.

◘Bilin ki, qəbir beş sözlə fəryad edir:
1) Ey Adəm övladı! İndi mənim belimdə gəzirsən, lakin son mənzilin bətnimdədir.
2) Ey Adəm övladı! Belimdə şadsan, lakin, bətnimdə qəmgin olacaqsan.
3) Belimdə günah edirsən, bətnimdə əzaba düçar olacaqsan.
4) Belimdə gülürsən, qarnımda isə ağlayacaqsan.
5) Belimdə haram yeməklər yeyirsən, bətnimdə isə oddan, atəşdən yeməklər yeyəcəksən.

◘Qəbrin beş nidası var: 
1) Mən tənhalıq eviyəm, özünüzlə dost gətirin. 
2) Mən ilanlar mərkəziyəm, özünüzlə onları zərərsizləşdirən vasitə gətirin. 
3) Mən qaranlıq bir mənziləm, özünüzlə çıraq gətirin.
4) Mən döşəməsi torpaq olan bir mənziləm, özünüzlə xalça gətirin. 
5) Mən fəqirlik eviyəm, özünüzdən qabaq xəzinə göndərin.

◘Nə qədər ki, bir kəsdə beş xüsusiyyət cəm olmayıb heç vaxt imanı kamil olmaz; Allaha təvəkkül, Onun qarşısında təslim, bəlaya səbr, Allahın təqdirinə razılıq və camaatla mehribanlıq.

◘Mö`minin beş əlaməti var; xəlvətdə də təqvalı olmaq, kasıb halında da sədəqə vermək, müsibət və bəla zamanı səbr, qorxu zamanı düz danışmaq, qəzəb zamanı mülayim olmaq.

◘Mal toplamağın beş eybi, nöqsanı var; cəm etmək əziyyəti, Allahı yad etməkdən qəflət, əldə edən zaman onu əldən vermək qorxusu, simiclik, ləyaqətli və saleh insanlardan uzaq düşmək. Mal-dövləti xərcləməyin də beş nəticəsi var; can rahatlığı, Allahı yad etməkdən ötrü asudə olmaq, oğrudan və s. əldən vermə vasitələrindən olan qorxunun olmaması, kərim və səxavətli insan kimi tanınmaq və saleh insanlarla dostluq.

◘Hər kəs özünü göstərməkdən ötrü elm öyrənərsə dünyadan cahil kimi gedər, hər kəs əməldən ötrü yox, danışmaqdan, söhbət etməkdən ötrü elm öyrənərsə münafiq kimi ölər, hər kəs mübahisə və mücadilə etməkdən ötrü elm öyrənərsə fasiq kimi can verər, hər kəs var-dövlət toplamaqdan ötrü elm öyrənərsə dinsiz halda dünyadan gedər və hər kəs əməldən ötrü elm öyrənərsə arif və Allahı tanıdığı halda dünyadan gedər.

◘Beş şey axirət müsibətlərindəndir; namazı əldən vermək, alimin ölməyi, səndən bir şey istəyəni naümid etmək, ata-anaya itaətsizlik etmək və zəkat verməmək.

◘Beş şey də dünya müsibətlərindəndir; dostun ölümü, mal-dövlətin tələf olmağı, düşmənin məzəmməti, işləməmək və pis qadın.

◘Bir kəs sübh namazını qılmadığı vaxt göydən bir mələk onu səsləyib deyər: “Ey ziyankar!” Əgər zöhr namazını da qılmasa ona deyilər: “Ey xəyanətkar!” Əgər əsr namazını da tərk etsə ona deyilər: “Ey günahkar!” Əgər məğrib namazını da tərk etsə ona deyilər : “Ey kafir!” Elə ki, işa namazını da tərk edər ona belə deyilər: “Səndə heç bir xeyir və fayda yoxdur!”

◘Allah qiyamət günü beş nəfəri öz ərşinin kölgəsi altında saxlayar; namaz qılanı, zəkat verəni, oruc tutanı, Allah yolunda cihad edəni və Kə`bənin ziyarətinə gedənləri.

***
Həzrət Əlidən (ə) nəql olunmuş hədislər

◘Beş şey olmasaydı, insanlar hamısı saleh və ləyaqətli olardılar; nadanlıq və savadsızlığa qane olmaq, dünya hərisliyi, bolluqda simiclik, riya və ikiüzlülük, öz rə`y və fikirlərində xudpəsəndlik.

◘Mən dili saxlamaqdan gözəl dostluq, təqvadan gözəl libas, qənaətdən dəyərli dövlət və mərhəmətli və mehriban olmaqdan gözəl ehsan və səbrdən də dadlı yemək görmədim.

◘Tövratın sonunda beş cümlə var ki, hər sübh tezdən mən onları oxumağı xoşlayıram:
1) Əməlsiz alim şeytana bərabərdir.
2) Ədalətsiz sultan Fir`ona bərabərdir.
3) Dövlətli qarşısında müt`i olan tamahkar fəqir itə bərabərdir.
4) Faydası olmayan dövlət kərpicə bərabərdir.
5) Heç bir zəruri ehtiyac olmadan evdən çıxan qadın kənizə bərabərdir.

◘Mənim beş nəsihətimi heç vaxt unutmayın. Əgər bunları əldə etmək məqsədilə dəvəyə minib dünyanı dövr etsəniz dəvə əldən düşər, lakin siz məqsədinizə çatmazsınız:
1) Heç kəs Allahdan başqasına ümid bağlamasın.
2) Günahdan başqa bir şeydən qorxmayın.
3) Heç bir cahil sual soruşmaqdan utanmasın.
4) Səbrin imana nisbəti, başın bədənə olan nisbəti kimidir. 
5) Səbri olmayanın imanı da olmaz.

◘Həzrətdən soruşdular: “Bəndəlik nədir?” Buyurdu: “Bəndəlik beş şeydə özünü biruzə verir; qarını boş saxlamaq, Qur`an oxumaq, gecə namazı qılmaq, sübh çağı ah-zar edib yalvarmaq və Allah qorxusundan ağlamaqda.”

◘Allah bizə beş imtiyaz verib; fəsahət, camal, kərəm, alicənablıq və camaat arasında ehtiram.

◘Elm beş şeydən başqa heç cür ələ gəlməz; çoxlu sual soruşmaq, çoxlu məşğul olmaq, rəftarın paklaşdırılması, alimlərin xidmətində durmaq və Cəlal sahibi olan Allahdan kömək istəməklə.

◘Cəhənnəmdə bir dəyirman var ki, hey fırlanır. Bilmək istəyirsinizmi ki, nə üyüdür?” Dedilər: “Nə üyüdür?” Buyurdu: “Günahkar alim, fasiq fəqir, zalım rəhbər, xain vəzir və yalançı şəhər hakimi.”

◘O həzrət öz fərmanı altında olan böyüklərə yazır: “Qələmlərinizi nazik edin, sətirlərin də arasında az məsafə qoyun. Artıq kəlmələri atın, ümdə diqqətiniz mə`naya yönəlsin və artıq (ifrat) şeylərdən çəkinin. Çünki, müsəlmanların beytül-malının bütün bunlara dözümüyoxdur.

◘Hər kəs gününü bu beş şeydən birinə sərf etməsə o günün haqqını tapdalayıb: Haqqı əda etmək, ya vacibləri yerinə yetirmək, ya yaxşı ad qazanmaq, ya xeyirli bir işin əsasını qoymaq və yaxud da elm kəsb etmək.

***
İmam Sadiqdən (ə) nəql olunan hədislər

◘Beş şeyin beş kəsdən görünməyi qeyri-mümkündür: paxıldan nəsihət, düşməndən mehr, fasiqdən ehtiram, qadından vəfa, fəqirdən də heybət.

◘Beş şeyə heç kəs e`tiraz etmir: Simicin aramlığı yoxdur, paxıl heç vaxt ləzzət görməz, küsəyən adamın vəfası olmaz, yalançının comərdliyi, ağılsızın da alicənablığı olmaz.

◘Ən çox ağlayanlar beş nəfər olub: Adəm (ə), Yə`qub (ə), Yusif (ə), Fatimə (ə) və dördüncü imam Həzrət Səccad (ə).
Adəm behiştdən uzaq düşdüyünə görə elə ağlayırdı ki, gözünün suyu sel kimi axırdı. Yə`qub Yusifin ayrılığına görə o qədər ağladı ki, ona dedilər: “Vallah sən belə ağlamaqla ya möhkəm xəstəliyə tutulacaqsan, ya da öləcəksən.” Yusif (ə) atasından uzaq düşdüyünə görə o qədər ağladı ki, zindandakılar bezib dedilər: “Ya gecə ağla, gündüz aram qal, ya da gündüz ağla, gecə sakit qal.” O da, nəhayət, bunların birini qəbul etdi. Fatimə (ə) atasının ayrılığına görə o qədər ağladı ki, bütün Mədinə əhli bundan narahat oldular. Çarəsiz qalıb gedib şəhidlərin qəbri üzərində ağladı. Həzrət Səccad (ə) iyirmi il (yaxud, qırx il) atasından ötrü daim ağlar halda idi.

◘Həzrət Əlinin (ə) yazısında gördük ki, böyük günahların sayı beş qeyd olunub: Allaha şərik qoşmaq, ata-anaya zülm etmək, Allahın hökmündən xəbərdar olduğu halda faizə pul yemək, döyüşdən qaçmaq, müsəlmanların şəhərinə mühacirət etdikdən sonra kafirlərin şəhərinə geri dönmək (dinin vacib hökmlərini yerinə yetirə bilmədiyi halda.)

◘Əbid ibn Zürarə deyir ki, bir gün Həzrət Sadiqə (ə) ərz etdim: “Böyük günahları bəyan edin.” Buyurdu: “Beş günah var ki, Allah onlardan ötrü cəhənnəm atəşi və`d edib:
1) Yetimin malını yemək; Bu barədə buyurub: “Yetimlərin mallarını yeyənlər qarınlarını odla doldururlar, tezliklə onlar cəhənnəmə daxil olacaqlar.
2) Riba; Bu barədə buyurub: “Ey mö`minlər! Allahdan qorxun və faizli puldan əl götürün...”
3) Döyüşdən qaçmaq; Bu barədə belə buyurub: “Ey mö`minlər! Döyüşdə kafirlərlə üz-üzə gəldiyiniz zaman dönüb qaçmayın...”
4) İffət sahibi olan ərli qadınlara böhtan atmaq;
5) Qəsdən mö`mini öldürmək.
(Böyük günahlar çoxdur. Lakin, hər bir münasib anda şəxs və məkan nəzərə alınaraq onlardan bir neçəsi bəyan olunub.)

◘Dostluğun şərtləri və hədləri var. Bu həddi-hüduda riayət etməyənləri kamil dost hesab etmə. Hər kəs də ki, ümumiyyətlə, bu şərtlərdən xaric oldu, ona heç dost demə. Şərtlər və hüdudlar bunlardır; gizlini də aşkarı da bir olsun. (Heysiyyəti sənin heysiyyətin,  xiffəti də sənin xiffətin olsun), malı pulu onun dostluğuna heç bir tə`sir göstərməsin, qüdrəti çatan heç bir şeyi əsirgəməsin, çətinliklər zamanı səni tək qoymasın.

◘Hər kəsdə bu beş xüsusiyyətdən biri olmasa heç kəs ondan faydalana bilməz; vəfa, tədbir, həya, xoş xasiyyət və azadlıqsevən.

◘Hər kəs bu beş ne`mətdən birinə sahib olmasa həyatın şirinliyini dadmaz və həmişə fikri ayrı yerdə (qarışıq) olub daim özü ilə məşğul olar; bədənin sağlamlığı, əmniyyət, geniş ruzi və münasib munis. Ravi deyir: “Soruşdum, münasib munis kimdir? “ Buyurdu: “Saleh qadın, saleh övlad və saleh dost. Beşincisi isə bunların dördünə də sahib olmaqdır.”

◘İnsanlar arasında paylanan ən az şey beşdir: yəqin, qənaət, səbr, şükür və bunların hamısına sahib olan əql.

◘Şeytan deyib: “Beş nəfərdən başqa hamı mənim əlimdədir:
1) Səhih niyyətlə bütün işlərdə Allaha təvəkkül edənlər;
2) Gecə-güdüz çoxlu zikr deyənlər; 
3) Özü üçün istədiyi hər bir şeyi mö`min qardaşından ötrü də istəyənlər; 
4) Müsibət zamanı səbr edənlər; 
5) Öz qismətinə razı olub ruzi dərdi çəkməyənlər.

◘Zəkatı beş kəsə vermək olmaz; övlada, ataya, anaya, qadına və nökərə.

◘Behişt meyvələrindən beşi dünyada da var; nar, alma, heyva, üzüm və rütbə (xurma növü)

◘Əbu Üsamə deyir ki, Həzrət Sadiq (ə) belə buyurdu: “Allahdan başqa heç kəsin bilmədiyi beş şeyi sənə söyləyimmi?” Dedim: “Bəli.” Həzrət bu ayəni oxudu: 
1) Qiyamətin qopacağı vaxtı Allahdan başqa heç kəs bilmir. 
2) Allah yağış göndərir. 
3) Bilir ki, bətinlərdə nə var. 
4) Heç kəs bilmir ki, sabah nə edəcək. 
5) Heç kəs harada öləcəyini də bilmir. Allah bunların hamısını bilir.”

◘İmam Səccad (ə) buyurub: “Dinin kamil olmasının beş əlaməti var; faydası olmayan sözlərdən çəkinmək, söhbət zamanı mücadilə, höcət etməmək, səbr, dözümlülük və xoş xasiyyət.

◘Mənim şiəm o kəsdir ki , öz qarnını və cinsiyyət üzvünü qorusun, din yolunda möhkəm və çalışqan olsun, işlərini yalnız Allaha görə etsin, Onun savabına ümidvar olsun və əzabından qorxsun. Əgər bu xüsusiyyətdə bir adam görsən bil ki, İmam Cə`fər Sadiqin (ə) şiəsidir.

◘İmam Zamanın (ə) zühurundan qabaq beş şey mütləq baş verəcək: 
1) Bir Yəmənli kişinin meydana çıxması. 
2) Əbu Süfyan nəslindən olan bir kəsin meydana çıxması. 
3) Asimandan gələn səs. 
4) Məkkə və Mədinə arasında olan “Biyda” adlı bir məkanın bir hissəsinin yerə batması. 
5) Pak bir kişinin öldürülməsi.

◘Dinin məsləhət icazəsi verdiyi işlərdə beş xüsusiyyətə malik olan insanlarla məşvərət et; ağıl, elm, təcrübə, xeyirxahlıq və təqva. Əgər belə bir adam tapmasan sən özün bu beş cəhətə riayət et, sonra qərar qəbul et və Allaha təvəkkül et, mütləq yol tapacaqsan.

***
Sair imamlardan (ə) olan hədislər

◘İmam Məhəmməd Baqir (ə) buyurub: “İslamın beş əsası var; namaz, zəkat, həcc, ramazan ayının orucu, biz əhli-beytin vilayətini və dostluğunu qəbul etmək. Bunlardan dördü müəyyən hallarda rüsxətlidir. Yə`ni, fəqirə zəkat düşmür, imkanı müəyyən həddə çatmayan həccdən azaddır, xəstə adam namazını oturduğu halda da qıla bilər və oruc tutmaya bilər. Lakin vilayət heç kəsin boynundan götürülmür. Bu xəstəyə də, sağlama da, varlıya da, yoxsula da vacibdir.

◘Həzrət Baqir (ə) Əbi-Bəkr Həzrəmiyə buyurub: “Bilirsənmi ki, ölüyə necə namaz qılınır?” Dedi: “Xeyr.” Buyurdu: “Beş təkbir gündəlik beş namazdan götürülüb. Beş gündəlik namazlardan da yalnız təkbir götürülüb. (Elə hesab etmək olar ki, beş namaz qılınıb.)

◘Həzrət Sadiq (ə) buyurub: “Həzrət Adəm (ə) meyvə yemək istədi. Oğlu Hibətullah meyvə ardınca yola düşdü. Yolda Cəbrail onunla qarşılaşıb dedi: “Hara gedirsən? “ Dedi: “Adəm xəstədir, ürəyi meyvə istədi.” Cəbrail dedi: “Qayıt, Allah ruhunu aldı.” Hibətullah qayıdıb atasının vəfat etdiyini gördü. Sonra mələklər ona qüsul verdi. Sonra Cəbrail Hibətullaha göstəriş verdi ki, qabağa keçib atasının bədəninə namaz qılsın, mələklər də ona iqtida etsin. Allah tərəfindən vəhy nazil oldu ki, beş təkbir desin, sonra aram-aram bədəni qaldırıb qəbirə qoysun və qəbri hamarlasın. Daha sonra göstəriş verdi ki, bütün ölüləri bu cür etsinlər.

◘Həzrət Baqir (ə) buyurub: “Bir qrup müşriki Peyğəmbərin (s) hüzuruna gətirdilər, göstəriş verdi ki, birindən başqa hamını öldürsünlər. Həmin müşrik soruşdu: “Nə üçün məni azad etdiniz? “ Buyurdu: “Cəbrail mənə xəbər verib bildirdi ki, sən Allahın və Peyğəmbərin sevdiyi beş xüsusiyyətə maliksən; öz namusuna qarşı çox qeyrətlisən, səxavətlisən, xoşxasiyyətsən, doğrudanışan və şücaətlisən.” Müşrik bu sözləri eşidən kimi dönüb müsəlman oldu. O, ömrünün axırına qədər İslama sadiq qaldı və nəhayət, Peyğəmbərin (s) apardığı döyüşlərin birində şəhid oldu.

◘Həzrət Musa ibn Cə`fər (ə) buyurub: “Həzrət Əli (ə) “Özünün dünyadakı bəhrəni yaddan çıxarma” ayəsinin təfsirindən buyurub: “Yə`ni, bədənin sağlamlığı, asudə vaxt, cavanlıq və fərəhindən axirətindən ötrü istifadə etməyi unutma.”

◘Həzrət Riza (ə) buyurub: “Var-dövlət beş xüsusiyyət olmasa toplanmaz: “Möhkəm simiclik, uzun-uzadı arzular, hərislik, qohumlarla əlaqəni kəsmək və dünyanı axirətdən üstün tutmaq.”

◘Allah-təala peyğəmbərlərdən birinə vəhy edib buyurdu: “Sabah səhər qarşılaşdığın birinci şeyi ye, ikincini gizlət, üçüncünü qəbul et, dördüncünü naümid etmə və beşincidən özünü qoru.”
Sabahısı gün səhər hərəkət etdi. Elə ilk mərhələdə böyük, qara bir dağla üzləşdi. Heyrətlə donub yerində qaldı. Sonra öz-özünə dedi: “Allah boş yerə göstəriş verməz.” Dağı yemək məqsədilə irəli getdi.” Hər nə qədər irəli gedirdisə dağ getdikcə kiçilirdi. Nəhayət, həmin dağ kiçik bir tikəyə çevrildi. Elə ki yedi, gördü çox dadlı bir tikədir. Oradan keçib qızıldan bir teşt gördü, göstərişə uyğun olaraq yeri qazıb teşti orada basdırdı. Bir az gedib dönüb arxaya baxdı. Gördü ki, teşt öz-özünə torpağın altında çıxıb. Öz-özünə dedi: “Mən öz üzərimə düşəni yerinə yetirdim.” Sonra bir quşa rast gəldi. Həmin quşun ardınca ov qızılquşu düşmüşdü. Quş gəlib onun ətrafında fırlanmağa başladı. Peyğəmbər dedi: “Mənə əmr olunub onu qəbul edim.” Əbasının yaxasını araladı. Quş ora daxil oldu. Qızılquş ona dedi: “Neçə gün idi bu ovun arxasınca düşmüşəm, sən isə onu məndən oğurladın.” Öz-özünə dedi: “Allah mənə bunu da naümid etməməyi tapşırıb.” Ovun bud hissəsindən bir tikə qoparıb ona atdı. Bir az getmişdi ki, gördü bir parça ət yerə düşüb. Ət iylənmiş və qurd basmışdı. Vəzifəsinə uyğun olaraq ondan uzaqlaşdı. Bundan sonra qayıtdı. Gecə yatarkən yuxuda ona belə dedilər: “Sən boynuna düşən vəzifəni yerinə yetirdin. Məqsədin nə olduğunu başa düşdün?” Dedi: “Xeyr.” Dedilər: “O dağ qəzəb idi. İnsan qəzəblənən zaman özünü dağın qarşısında görür. Əgər insan özünü ələ alsa qəzəb yavaş-yavaş aramlaşar. Nəticədə dadlı bir tikə kimi onu udar. Qızıl  teşt saleh və xeyir əməl idi. Nə qədər gizlətsən də Allah onu aşkar edib sahibini tanıtdırar. Axirətdə də özünəməxsus savabı var. Quş nəsihət edənə işarə idi. Gərək onun göstərişinə əməl edəsən. Qızılquş isə hacəti olandır ki, onu naümid etmək olmaz. İylənmiş ət isə qeybətdir. Ondan uzaq ol.”

◘Həzrət Sadiq (ə) buyurub: “Mö`minin beş əlaməti var; xəlvətdə Allahdan qorxu, yoxsulluq zamanı sədəqə, müsibət zamanı səbr, qəzəb zamanı helm və qorxu zamanı doğru danışmaq.

◘Beş xüsusiyyət hər hansı bir mö`mində cəm olsa layiqdir ki, Allah onu behiştə varid etsin; qəlbin nuraniliyi, İslami məsələlərin fəhmi, təqva, camaatı sevmək və xoş sima (elə bir sima ki, kamal və salehlik əlamətləri onda açıq-aşkar görünsün.)

◘Həzrət Musa ibn Cə`fər (ə) buyurub: “İslamın baş barədə beş göstərişi; sair üzvlər barədə də beş göstərişi var. Baş barəsində olan göstərişləri bunlardır; dişləri yumaq, bığı qısaltmaq, saçları daramaq, məzməzə (ağızı yumaq), istinşaq (burunu yuyub təmizləmək). Sair üzvlər barədə olan göstərişlər isə bunlardır; sünnət etmək, qarının aşağı hissəsinin tüklərini təmizləmək, qoltuğun tüklərini təmizləmək, dırnaq tutmaq və istinca (ifrazat yerini yuyub təmizləmək).

◘Həzrət Baqir (ə) buyurub: “Namazı yalnız beş halda yenidən qılmaq lazımdır; təharət pozulan zaman, qiblə, rüku və səcdə düz olmadıqda. Həmd və surə sünnətdir, təşəhhüd də sünnətdir, bunlar namazı batil etmir. (Yə`ni, əvvəlki beş şey namazın əsas vaciblərindəndir. Bunların hansına xələl gəlsə namaz batildir. Sair vaciblər isə Peyğəmbərin (s) sünnəsidir ki, əgər səhvən icra olunmasa namazı batil etmir.)”

◘Həzrət Baqir (ə) buyurub: “Ulul-əmr (yə`ni, müstəqil dinə sahib olub, din gətirməklə öncəki dini qüvvədən salan) peyğəmbərlər beş nəfərdir; Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə) və Məhəmməd (s).”

◘Həzrət Səccad (ə) buyurub: “Xoş danışıq mal-dövlətin artmasına, ruzinin çoxalmasına, ömrün uzanmasına, ailədə məhəbbətə və behiştə səbəb olar.”

◘Yeddinci imam (ə) buyurub: “Mö`min həmişə beş şeyə sahibdir; diş fırçası, daraq, səccadə, otuz dörd dənəli təsbeh, əqiq üzük.” (Yə`ni, bunlar mö`minin zinətlərindəndir, nəinki, bir kəs bunlara sahib olmasa mö`min hesab edilmir.)

◘İmam Həsən Əsgəri (ə) buyurub: “Mö`minin beş əlaməti var; gecə-gündüz əlli bir rəkətlik namaz (vacib və müstəhəb hər ikisi daxil olmaqla), “Ərbəin” ziyarəti, sağ əlinə üzük taxmaq, alnını torpağa qoymaq, “Bismillah” sözünü ucadan demək.”

◘Bir nəfər İmam Həsənə (ə) ərz etdi: “Mən günah qarşısında acizəm, günahdan çəkinməyə qüdrətim çatmır. Mənə moizə edin.” Buyurdu: “Beş işi yerinə yetir, ondan sonra hər nə günah istəyirsən et; Allahın ruzisini yemə, elə bir xəlvət yer tap ki, Allah səni orada görməsin, Allahın qüdrət və hakimiyyətindən kənara çıx, Əzrail gələn zaman onu özündən uzaqlaşdır və cəhənnəmin mə`muru səni oda tərəf çəkmək istəyərkən sən getmə. Əgər bu işləri yerinə yetirmə qüdrətinə maliksənsə hər nə qədər istəyirsən günah et.”

◘Həzrət İmam Hüseyn (ə) Cabir ibni yəzid Cofiyə buyurdu: “Ey Cabir! Sənə beş nəsihət edirəm. Sənə zülm etsələr sən zülm etmə, sənə qarşı xəyanət etsələr sən əmanətdarlığını əldən vermə, səni təhqir etsələr qəzəblənmə, onun-bunun səni mədh etməsinə xoşhal olma, məzəmmətlərindən narahat olma, sənin barəndə deyilən bu sözləri özünlə tutuşdur. Əgər düz deyirlərsə, o zaman nahaq yerə qəzəblənmisən. Çünki haqq sözdən inciməklə Allahın nəzərindən düşmək, camaat gözündən düşməkdən daha böyükdür. Yalan deyirlərsə sən heç bir əziyyət çəkmədən savaba nail olmusan.”

◘İmam Məhəmməd Baqir (ə) buyurub: ”Atam mənə tapşırdı ki, hətta yol yoldaşı da olsa beş dəstə insanla dostluq və yoldaşlıq etmə:
1. Fasiqlə; Çünki fasiq səni bir tikəyə, hətta, bəlkə ondan da aza satar. Soruşdum: Atacan tikədən də kiçik nədir? Buyurdu: Heç, bəlkə də çata bilməyəcəyi tikənin tamahına.
2. Simiclə; Simic ən çətin anlarında əlində olanı səndən əsirgəyər.
3. Yalançı ilə; Yalançı ilğıma bənzəyir. O, uzağı sənə yaxın, yaxını isə uzaq göstərər.
4. Axmaqla; Axmaq sənə xeyir vermək istədiyi halda zərər verər.
5. Qohumları ilə yola getməyən kəslə. Çünki, Allah Qur`anda üç yerdə onlara lə`nət edib.

***
Me`racnamədən olan hədislər

◘Allah-təala Peyğəmbərə (s) xitab etdi: “Ey Əhməd! Bilirsənmi ki, bir bəndə Allaha nə vaxt həqiqi ibadət edir? “ Peyğəmbər (s) ərz etdi: “Xeyr, Pərvərdigara!” Allah-təala buyurdu: “Yalnız beş xüsusiyyətə yiyələndiyi halda; onu günahdan qoruyan təqvaya, boş-boş sözlərdən çəkindirən sükuta, hər gün ağlamağını artıran qorxuya, təklikdə onu Allahdan utanmağa vadar edən həyaya, dünya ilə düşmənçiliyə və Mənim sevdiyim kəslərə qarşı tutduğu dostluq mövqeyinə sahib olduğu vaxt.”

◘Hər kəs beş xüsusiyyətə sahib olsa, bunlar onun zərərinədir; bey`ət sındırmaq, təcavüz, hiylə, fırıldaq, zülm. Bey`ət sındıran barədə Allah buyurur: “Hər kəs bey`ət sındırsa öz zərərinə sındırıb.” Hiylə barəsində də buyurur: “Hiylə yalnız öz sahibinin ayağını dolaşdırar.” Təcavüz barədə də buyurur: “Ey insanlar! Təcavüzünüz zərərinizədir.” Fırıldaq barəsində buyurub: ”Allah və peyğəmbərinə qarşı hiylə işlədirlər, halbuki, bu fırıldaqları onların öz əleyhinədir.” Zülm barədə isə buyurur: “Biz onlara zülm etmədik, onlar özləri özlərinə zülm etdilər.”

***
Alimlər, zahidlər və filosofların dediklərindən

◘Bir alim deyib: “Təqvalı insanın beş əlaməti var: 
1) Dinini islah etməkdə ona kömək edənlərdən başqa heç kəslə oturub-durmaz. 
2) Öz dilini və şəhvətini idarə edər. 
3) Dünyanın böyük bəla və müsibətlərini günahın cəzası bilər və dinə aid olan kiçicik bəlaya görə qəmgin olar. 
4) Qarnını halalla doldurmaz ki, birdən harama düşər. 
5) Camaatı haqq, özünü isə nahaq (təqsirkar) bilər.”

◘Başqa bir alim buyurub: ”Allah Adəmi (ə) seçdi və ona beş üstün xüsusiyyət əta etdi; fövqəladə gözəllik, adların tə`limi, mələklərin onun müqabilində səcdəsi, behiştdə məskən, bütün bəşər övladının atası olmaq şərəfi.
Nuha da (ə) beş imtiyaz verdi: 
1) Onu ikinci əbül-bəşər (bəşərin atası) adlandırdı. Çünki, onun nəslindən başqa bütün insanlar  batdı. 
2) Ömrünü uzatdı. Çünki, deyirlər, xoş o kəsin halına ki, ömrü uzun və əməli salehdir. 
3) Onun mö`minlər barəsindəki duasını və kafirlər barəsindəki nifrinini müstəcab etdi. 
4) Onu gəmiyə mindirdi. 
5) Və ilk olaraq müstəqim bir dini onun əlinə verdi.
Həzrət İbrahimi (də) beş imtiyaz vasitəsi ilə şərəfləndirdi: 
1) Özündən sonra bütün peyğəmbərlərin atası oldu. Çünki, hədislərdə var ki, İbrahim (ə) ilə Həzrət Məhəmməd (s) arasında min peyğəmbər mövcud olmuşdur. 
2) Allahın dostu–Xəlilullah məqamı. 
3) Atəşdən nicat. 
4) İnsanlara imamət və rəhbərlik məqamı. (Onun bə`zi sünnələri həmişə ehtirama və icraya səbəb olmuşdur. 
5) Hamısından müvəffəqiyyətlə çıxdığı imtahanlar.”

◘Bə`ziləri deyib: “Xüsusiyyətlərin ən pisi beş sifətdir: qocaların eşqbazlığı, padşahların tündxasiyyət olması, əsil-nəcabətli insanların yalan danışması, varlıların simicliyi və alimlərin hərisliyi.”

◘Bir alim deyir: “Təfəkkür beş növdür: 
1) Allahın yeganəliyi barədə insana yəqin gətirən, onun ayət və nişanələri barədə olan təfəkkür. 
2) Allaha qarşı insanın şükr və məhəbbəti artıran, onun ne`mətləri barədə olan təfəkkür. 
3) Allahdan qorxunu artıran və Onun əzabı barəsində olan təfəkkür. 
4) Allaha qarşı rəğbətə səbəb olan və Onun savabları barədə olan təfəkkür. 
5) Allahın bütün bu lütfləri müqabilində itaətdə yol verilən nöqsan və təqsirlərə görə həya və utancaqlığa səbəb olan təfəkkür.”

◘Başqa birisi deyib: “Elm arzusunda olan kəs gərək beş şeyə ciddi riayət etsin: 
1) Aşkarda da, gizlində də təqvalı və pəhrizkar olmaq. 
2) “Ayətəl-kürsi” oxumaq. 
3) Daim dəstəmazlı olmaq. 
4) İki rəkət də olsa gecə namazı qılmaq. 
5) Qarını doldurmaqdan ötrü deyil, yalnız qüvvətlənməkdən ötrü yemək.”

◘Süfyan Suri deyir: “İndiki dövranda beş şey olmasa mal-dövlət toplamaq olmaz; uzun-uzadı arzular, hərislik, simiclik, təqva azlığı və axirəti unutmaq.”

◘Zahidlərdən olmuş Hatəm Əsəm deyir: “Beş vaxt istisna olmaqla – bunlar Peyğəmbər (s) sünnəsidir – tələsmək şeytan əməlidir; qonaq üçün yemək gətirən zaman, cənazənin dəfni, həddi-büluğa çatmış qızı ərə vermək, borcu düz vaxtında qaytarmaq və günahdan tövbə üçün.

◘Məhəmməd Dövri deyib: “İblis beş şeyə görə bədbəxt oldu; günahını iqrar etmədi, etdiyi günahdan peşman olmadı, özünü danlamadı, tövbə etmək qərarına gəlmədi və Allahın rəhmətindən naümid oldu. Adəm (ə) beş şeyə görə səadətə qovuşdu; günahını iqrar etdi, peşman oldu, özünü danladı, tövbə etməyə tələsdi və Allahın rəhmətinə ümid bağladı.”

◘Əbu Zeyd deyib: “Ayıq-sayıq olmağın beş əlaməti var: Özünə nəzər salan zaman ehtiyac hiss etsin, Allahı xatırlayarkən bağışlama diləsin, dünyaya nəzər saldıqda ibrət götürsün, yadına axirət düşən zaman isə şad olsun, Allahın qulu olduğunu nəzərində canlandıran zaman da iftixar etsin.”

◘Şəqiq Bəlxi deyir: “Beş xüsusiyyətə riayət edin: Allaha ehtiyacınız olduğu qədər ibadət edin, dünyadan ömrünüz qədər uzaq gəzin, əzaba dözəcəyiniz qədər günah edin, nə qədər bacarırsınız qəbirdən ötrü ehtiyat götürün və behiştdə qalmaq istədiyiniz qədər çalışın.”

◘Yoxsullar (yoxsulluğun təqdirinə və az fəqirliklərinə razı olan kasıblar) beş şey seçmiş, varlılar da beş şey seçmişlər. Yoxsulların seçdiyi beş şey bunlardır; can rahatlığı, qəlb asudəliyi, Allaha bəndəlik, hesabın asanlığı və ən ali dərəcə.
Varlıların (halal-haram bilmədən bütün sə`y və himmətini var-dövlət toplamağa sərf edən varlılar) seçdiyi beş şey isə bunlardır; can bəlası, fikir dağınıqlığı, dünyaya qul olmaq, hesabın çətinliyi və ən alçaq dərəcə.”

◘Şəfiq ibn İbrahim deyir: Beş məsələni yeddi yüz alimdən soruşdum, hamısı eyni cavabı verdi. Soruşdum: Aqil (ağıllı) kimdir? Dedilər: Dünyaya könül bağlamayan kəs. Soruşdum: Zirək kimdir? Dedilər: O kəs ki, dünya onu məğrur etməyib. Soruşdum: Ehtiyacsız kimdir? Dedilər: Allahın verdiyinə razı olan kəs. Soruşdum: Fəqir kimdir: Dedilər: Daim artırmaq fikrində olanlar. Soruşdum: Simic kimdir? Dedilər: Allahın haqqını ödəməyən kəs.

◘Dünyada beş şeydən başqa hər şey artıqdır. (Yə`ni, zəruri olan yalnız beş şeydir.); aclığı aradan aparan miqdarda çörək, susuzluğu aradan aparan miqdarda su, bədəni örtən paltar, yaşamaqdan ötrü ev və istifadə olunan (əməl olunan) elm.

◘Zün-Nun Misri deyir: “Behişt əhlinin beş əlaməti var; xoş sima, xoş xasiyyət, qohumlara ehsan, şirin dil və günahdan uzaq olmaq. Od əhlinin də beş əlaməti var; bədxasiyyət, daş ürəkli olmaq, günahkarlıq, acı dilli olmaq, qaş-qabaqlı üz.”

◘Əntaki deyir: “Beş şey qəlbin dərmanıdır; ləyaqətli insanlarla yoldaşlıq etmək, Qur`an oxumaq, qəlbin asudə olması, gecə namazı qılmaq və sağlam olan zaman Allah dərgahında ahu-zar etmək.”

◘Bir filosof deyib: “Allahdan qorxmayan kəs dilin xatalarından nicat tapmaz, hər kəs Allah hüzuruna qaytarılacağından qorxmasa haram və şübhələrdən xilas olmaz, hər kəs camaatdan naümid olmasa tamahdan azad olmaz, hər kəs öz ibadət və rəftarına nəzarət etməsə riyadan amanda olmaz və hər kəs də qəlbinin qorunmasında Allaha təvəkkül etməsə həsəddən amanda qalmaz.”

◘Başqa birisi deyir: “Hikmət sahibləri müəyyən ediblər ki, dünyanın əziyyət və müsibəti beş şeydədir; qürbət yerdə xəstələnmək, qocalıqda yoxsulluq, cavan halda ölmək, görən olduqdan sonra kor olmaq, şöhrətdən  sonra itib-batmaq.”

◘Başqa birisi deyib: “Hind, Roma və İran təbibləri bu fikirdə həmrəydirlər ki, bütün xəstəliklər beş şeydən irəli gəlir; çox yemək, çoxlu cinsi yaxınlıq etmək, gündüz həddindən artıq yatmaq, gecə az yatmaq, gecə yarısı su içmək.”

***
Müxtəlif məsələlər

◘Deyirlər Ənuşirəvanın evində bir lövhə tapdılar ki, onda beş sətir yazı yazılmışdı:
1) Oğlu olmayanın gözünün nuru yoxdur.
2) Qardaşı olmayanın bazu sümüyü yoxdur.
3) Evlənməyən ləzzət nə olduğunu bilməz.
4) Pulu olmayanın məqamı olmaz.
5) Bunların heç birinə sahib olmayanın qəm-qüssəsi olmaz.

◘Kəsra deyib: “Hər kəs beş şeydən çəkinə bilsə onun bu qərarının heç bir eyib və nöqsanı yoxdur; hərislik, arzu, xudpəsəndlik, nəfsani istəklərə uymaq və süstlük. Hərislik həyanı aparar, xudpəsəndlik düşmənçiliyə səbəb olar. Nəfsani istəklərə uymaq rüsvayçılıq gətirər, süstlük isə peşimançılığa səbəb olar.”

◘Həsən Bəsri deyir: “Tövratda bu beş ifadə yazılmışdır; 
1) Ehtiyacsızlıq qənaətdədir. 
2) Salamatlıq pis insanlardan uzaq gəzməkdədir. 
3) Azadlıq tərki-dünyalıqdadır. 
4) Bəhrələnmə uzun müddətə başa gəlir. (Yə`ni, axirət əməllərin nəticəsidə qazanılar.) 
5) Səbr isə az bir müddətdədir (yə`ni, dünyadadır.)

◘Bir nəfər deyib: “Qənaət can rahatlığıdır, çoxlu təcrübə əqlin kamala çatmasına səbəb olar, söz gəzdirmək yaxınların və uzaqların təhdidinə səbəb olar, qadınla məşvərət hər şeyin alt-üst olmasına səbəb olar və xoşxasiyyət insan da böyük insan olar.

◘“Ər-riyazüz-zahirə” kitabında belə yazılıb: “Həzrət Adəm (ə) oğlu Şeysə beş vəsiyyət verib tapşırdı ki, o da bunları öz oğluna vəsiyyət etsin:
1) Dünyaya bel bağlamayın, çünki, əbədi olan behiştə bel bağladım, Allah bunu bəyənmədi və məni oradan çıxardı.
2) Qadınların rə`yinə əsasən iş görməyin. Çünki,  mən qadının sözünə qulaq asıb ağacdan yedim, sonra isə   peşman oldum.
3) Görmək istədiyiniz hər bir işin nəticəsini əvvəlcdən düşünün. Mən əvvəlcədən düşünmədiyimə görə bu müsibətə düçar oldum.
4) Qəlbin narahat olduğu işi görməyin. Mən həmin meyvəni yeyən zaman qəlbim əsirdi. Lakin e`tina etmədim, nəticədə peşman oldum.
5) İşlərinizdə məşvərət edin, əgər mən mələklərlə məşvərət etsəydim bu bəlaya düçar olmazdım.

◘Sədəqə verənlərin beş imtiyazı var: Hacətlərin həyata keçməsi, çətinliklərin aradan qalxması, ruzinin genişlənməsi, pis ölümdən nicat, günahların bağışlanması və bol ruzili uzun ömür.

◘Peyğəmbərdən (s) nəql olunur ki, Həzrət buyurdu: Sədəqə barəsində şeytandan soruşdum: Nə üçün sədəqənin qarşısını almağa çalışırsan? Dedi: Ey Məhəmməd (s) elə ki, sədəqə verildiyini görürəm sanki, mişarı götürüb boynumu kəsirlər. Soruşdum: Nə üçün? Dedi: Sədəqənin beş xüsusiyyəti var; var-dövləti artırar, xəstənin şəfa tapmasına səbəb olar, bəlanı qaytarar, sədəqə verən kəs Sirat körpüsündən ildırım kimi keçər və hesabsız behiştə daxil olar. Dedim: Allah əzabını daha da artıq etsin!

◘Başqa bir hədisdə deyilir ki, Peyğəmbər (s) belə  buyurdu: “Elə ki, sədəqə sahibinin əlindən çıxar beş söz deyər: “Fani idim, məni əbədi etdin, kiçik idim, məni böyütdün, düşmənin idim, məni özünə dost etdin, bu vaxta qədər sən məni qoruyurdun, bundan sonra Qiyamətə qədər mən səni qoruyacağam.”

◘Səqədə beş qisimdir: 
1) Malın sədəqəsi. 
2) Hörmətin, məqamın sədəqəsi. (Müxtəlif insanlardan ötrü şəfaət etmək, vasitəçi durmaqdan ötrü.) Peyğəmbər (s) buyurub ən gözəl sədəqə dilin sədəqəsidir.” Soruşdular: “Dilin sədəqəsi nədir?” Buyurdu: “Şəfaət. Onun vasitəsi ilə əsiri əsirlikdən qurtarmaq olur, qan tökülməsinin, hər hansı bir müsəlmana zərər yetişməsinin qarşısı alınır.” 
3) Əql və təfəkkürün sədəqəsi, yə`ni, məşvərət. Bu barədə Peyğəmbər (s) buyurub: ”Mö`min qardaşınıza ona yol göstərəcək biliyiniz vasitəsi ilə sədəqə verin.” 
4) Dilin sədəqəsi. Yə`ni, fitnə odunu yatırmaqdan ötrü vasitəçilik etmək, yaxud, insanları barışdırmaq. Allah-təala buyurur: “Onların qulağına sədəqə vermək, yaxşı iş görmək və insanları barışdırmaqdan başqa heç bir söz tə`sir göstərmir.” 
5) Elmin sədəqəsi. Yə`ni onu öyrənmək istəyənlərə paylamaq. Peyğəmbər (s) buyurub: «Sədəqənin bir növü də elmi öyrənib başqalarına tədris etməkdir.» Yenə də buyurub: «Zəkat, cahilə elm öyrətməkdir.»

◘Hər bir dində riayət olunması vacib olan əsas məsələlər beşdir: Qisas vasitəsi ilə canı təhlükədən qorumaq, dindən çıxanı öldürməklə dini təhlükədən qorumaq, oğrunun əlini kəsməklə malı təhlükədən qorumaq, şərabxoru cəzalandırmaqla əqli təhlükədən qorumaq və zinakarı cəzalandırmaqla əsil-nəsəbi qorumaq.

◘Dinin əsası beşdir: Allahı tanıma, əldə olana qane olmaq, dinin həddi-hüdudlarını aşmamaq, əhdə vəfalı olmaq, itirilmiş şeyə səbr etmək.
◘Bir hədisdə deyilir ki, hər kəs behişt istəyir, gərək beş şeydən əl çəkməsin: 
1) Allahın qorxusundan günahı tərk etməkdən; Qur`anda belə buyurulur: “Hər kəs öz Pərvərdigarının məqamından qorxsa və nəfsani istəklərinin qarşısını alsa onun yeri behiştdir.”
2) Dünyada qarını doyduran və bədəni örtən şeyə qane olmaq. Çünki deyiblər, behiştin qiyməti dünya matahını tərk etməkdir.”
3) İtaət və ibadətə, Allahın və Peyğəmbərin (s) razı olduğu hər bir şeyə həvəslə yanaşmaq.
4) Elm əhli və saleh insanlarla yoldaşlıq, fəqir və yoxsulları sevmək.
5) Dua, ah-zar, yalvar-yaxar etmək. Hədislərdə var ki, hər kəs Allahdan üç dəfə behişt istəsə, behişt Allaha belə deyər: “Pərvərdigara! Məni ona, onu da mənə qovuşdur.”

◘Başqa bir hədisdə belə deyilir ki, bir şəxs Peyğəmbərdən ona elə bir əməl öyrətməsini istədi ki, həmin əməl vasitəsi ilə o, behiştə gedə bilsin. Peyğəmbər (s) buyurdu: “Gündəlik beş vacibi namazı qıl, Ramazan ayının orucunu tut, cənabət qüsulu al, Əlini (ə) və onun mə`sum övladlarını (ə) sev, ondan sonra behiştin hansı qapısından istəyirsən daxil ol. And olsun məni peyğəmbərliyə tə`yin edib mənə vəhy göndərən Allaha, əgər min namaz qılıb min dəfə həccə getsən, lakin qəlbində Əlinin (ə) və onun mə`sum övladlarının (ə) məhəbbəti olmasa sair cəhənnəm əhli kimi oda daxil olacaqsan. Hazırlar qaiblərə xəbər versinlər ki, mən bu sözü yalnız və yalnız Cəbrailin göstərişi ilə, o da Allahın göstərişi ilə deyib. Cəbrail aləmdə Əlidən (ə) başqa bir qardaş seçməyib. İndi, hər kəs istəyir onu sevsin, hər kəs də istəyir onunla düşmən olsun. Allah-təala and içmişdir ki, nə qədər ki, Əlinin (ə) dostları cənnətdə məskunlaşıb, ne`mətlərdən istifadə edir, onun düşmənləri də cəhənnəmdə olacaq.”

Ayətullah Meşkini, “Nəsihətlər” kitabı. 
Tərcümə edən: Xəlifə Həmidov
Nəşr edən: Şəhriyar