12.02.2023

ABŞ İLK ƏVVƏL ÖLKƏLƏRİN ELİTALARINI PULLA ALIR, SONRA ONLARIN BAŞI ÜZƏRİNDƏN CƏMİYYƏTLƏRƏ TƏSİR EDİR


Valeri Korovin

Bu gün Qərb ticarət sivilizasiyası meterial planda get-gedə sıxılmaqdadır. Qərbin real nəzarət etdiyi ərazilərin sayı keçmiş, kolonial dövrlə müqayisədə azalmaqdadır. Qərbdə sənaye istehsalının həcmi enir, o cümlədən əhali sayı ilə götürəndə də Qərb geri gedir. Bununla yanaşı, nə qədər paradoksal olsa da, Qərbin dünyadakı təsiri get-gedə artır. Bir çoxları birqütblü dünyaya fakt kimi, Qərb həyat tərzinə isə zəfər çalmış konsept kimi baxırlar. Bütün göstəricilərdə geriləmə olsa da, bu məsələdə irəliləmə var. Bəs bu necə təsirdir, mexanizmləri necədir, bunun sirri nədədir?
Hər halda sirr deyil ki, Qərb strateqləri birbaşa hərəkətlərdən birbaşa olmayan hərəkətlərə keçmişlər, hərbi üsulla, üz-üzə toquşma yolu ilə deyil, hədəfə aldıqları dövlətlərin cəmiyyətləri ilə birbaşa təmasa girməklə irəliləyirlər. Beynəlxalq münasibətlərin sosiologiyası məhz bu faktoru vurğulayır — daxildə cəmiyyət elitalara “aşağıdan” təsir göstərərək onun davranışını formalaşdırır, nəticədə dövlətin xarici siyasətdə davranışına təsir göstərərək onu yönləndirir. Burdan həmin dövlətlə gələcəkdə necə münasibətlər qurmaq və onu dünya arenasında necə qəbul etmək anlayışı ortalığa çıxır. Dövlətin daxilində cəmiyyətin davranışı instrumental faktora çevrilir ki, cəmiyyətə kənardan təsir etmək yolu ilə dövlətin xarici siyasi arenadakı davranışını yönləndirib formalaşdırmaq olur. Beləcə dövlətin özünü necə aparacağını əvvəlcədən proqnozlaşdırmağa, onunla münasibətdə vəziyyəti öz xeyrinə döndərməyə imkan yaranır.
Bəs cəmiyyət rəngarəng, qarışıq və xaotikdirsə, özü də Qərb dünyasından kənar məkanda yerləşirsə, üstəlik tam başaçmaz haldadırsa onu necə yönləndirərək idarə etmək olar? Burda ABŞ-ın köməyinə yüksək texnologiyalar gəlir. Dünya qalmaqallarında ad çıxarmış Milli Təhlükəsizlik Agentliyi (MTA), keçmiş əməkdaşı Edvard Snoudenin dediyi kimi, bəşəriyyət üzərində total nəzarət qurmağa çalışır. MTA qlobal şəbəkə idarəçiliyi prosesinə tam birbaşa formada cəlb olunmuşdur. Axı amerikan maraqlarına və təhlükəsizliyinə potensial təhdid yaradan şəxsləri müəyyənləşdirib təkcə onlar üzərində total izləmə qurmaq kifayət edərdi, Snoudunun dediyi kimi, MTA-nın bununçün sonsuz imkanları var. Aydın olur ki, MTA istənilən telefon danışıqlarını dinləmək, sms və elektron poçt vasitəsilə göndərilən istənilən məlumatı oxumaq, izlənilən obyektin hərəkət marşrutunu müəyyənləşdirmək, hətta sahibinin istəyindən kənar istənilən müasir qadjetdə səsi yazmaq və ya videoçəkilişi açmaq üçün hərtərəfli texniki imkanlara malikdir. Lakin MTA niyə planetdə elektron cihazlardan və internet şəbəkəsindən istifadə edən insanların məlumatlarını təkcə fiksasiya etmir, həm də yığıb saxlayır? MTA ələ keçirdiyi və yazdığı informasiyanı nəhəng saxlanclarda qoruyur ki, bunlar böyük həcmdə bərk disklərdən ibarətdir. Niyə? Bu sualın cavabı birbaşa ABŞ-ın dünyanı idarə etmək arzusu ilə bağlıdır. MTA-nın əldə etdiyi informasiya avtomatik seqmentləşdirilir və işlənir. Alınmış kontenti birləşdirərək və onda təkrarlanan açar məna qruplarını nişanlayaraq MTA araşdırılan seqmentin bütün istifadəçilərinin maraqları və əhval-ruhiyyələri barədə məlumatlanmış olur. Belə təhqiqat nəticəsində anlamaq olur ki, bu və ya digər dövlətlər, sosial məkanlar və hətta lokal sosial qruplar hansı baxışlara, əhval-ruhiyyələrə və sosial tendensiyalara malikdirlər. Bu və ya digər sosial komyunitinin yaratdığı məlumat, foto və video materialların ümumi həcmini analiz edərkən həmin sosial komyunitidə üstünlük təşkil edən əhval-rusiyyəni, onun iştirakçılarının qaillik etdiyi dəyərləri ortalığa çıxarmaq olur. Deməli bu cəmiyyətə necə, hansı yolla dürtülməyin, həmin dövlətdə lazımi kontekstin hansı tezislərlə, hansı məna və dünyagörüş fikirləri ilə yaratmağın mümkünlüyü aydınlaşır. Əslində MTA-nı əlbəttə ki adi, sıradan tipik şəxslər özlərinin gizlinləri və lazımsız “privacy”ları ilə maraqlandırmır. MTA-nı məhz tam həcmdə informasiya maraqlandırır ki, ondan artırılmış avtomatik kontent-analiz yolu ilə əhval-ruhiyyələrin ümumi kəsiyini müəyyənləşdirmək mümkün olsun, hansı ki bunu adi sosial sorğular yolu ilə müəyyənləşdirmək qətiyyən mümkün deyil. Cəmiyyət nə yazır, nə yaradır, nə göndərir, nəyin fotolarını çəkir, nəyi açır, onun ayrıca nümayəndəsi hardan hara hərəkət edir, nəyi bəyənir, öz telefonunun yaddaşından və brauzerinin istoriyasından nəyi birdəfəlik silir – bütün bunları bilməklə həmin cəmiyyətin nə məna kəsb etdiyini müəyyənləşdirmək, özündə nəyi ehtiva etdiyini anlamaq olur.
O da təsadüfi deyil ki, Qərb sivilizasiyası hər bir problemi həmişə iqtisadi relslərin üzərinə yönəldir. İqtisadiyyat Qərb sivilizasiyasının üstünlüyüdür, bu onun “dilidir”. Qərb modelləri bizim identikliyimizi, öz sivilizasiya dünyagörüşümüzü silib atır, nəticədə Qərb strateqləri bizi şüurlu şəkildə iqtisadi sahəyə yönəldirlər – Qərb sivilizasiyasının özəyi da bu sahədədir ki, biz bu sahədə onlara uduzuruq. Bu iki faktorun ortalığa qoyulması, yəni cəmiyyətə təsir göstərmək və iqtisadi əsasdan çıxış etmək baxımından Qərbin yaratdığı şəbəkələr məhz sosial şəbəkələrdir. Bunlar sırf sosial fəaliyyət və sosial ünsiyyət kimi sosial anlayışlar əsasında yaradılmış şəbəkələrdir. Prosesin gedişatında şəbəkə prinsipləri əsasında süni camiələr – cəmiyyətin və dövlətin daxilində Qərbin nəzərində olan, get-gedə əlaqəyə girdiyi komyunitilər yaradılır. Məhz bu sosial şəbəkələr iqtisadi motivasiyalar üzərində qurulur. İqtisadi motivasiya burda aparıcı və şirnikləndirici faktora çevrilir ki, özünü idarəedici elitanın pulla ələ alınmasında göstərir; kütlədən, eləcə də digər qruplardan ayrı düşmüş elitaya ayrıca sosial qrup kimi “sərfəli” iqtisadi təklif verilir.
Cəmiyyət üzərində nəzarətin qurulması üçün edilən “sərfəli” iqtisadi yanaşmanın detalları, məxsusi olaraq elitaların iqtisadi motivasiya vasitəsilə ələ alınması yolu ilə buna nail olunması barədə amerikan iqtisadi eksperti Con Perkins özünün “İqtisadi qatilin etirafı” kitabında geniş danışır. Bu kitabın yazılması üçün o özü şəxsən empirik tədqiqat aparmışdır. Nəticədə üzə çıxmışdır ki, Qərb elitaları digər dövlətlərin elitalarını birbaşa pulla alırlar. Qərb elitaları onları iqtisadi ünsiyyət yolu ilə özlərinin geopolitik təsir dairələrinə dəvət edirlər. Texnoloji cəhətdən bu onda təzahür edir ki, Qərbin marağına tuş gələn dövlətlərin elitaları lokal sosial komyunitilər kimi götürülür – onlar elə hərfi mənada, fiziki cəhətdən pulla alınır, sonra onlar vasitəsilə cəmiyyətin özünə təsir göstərilir, onların adından cəmiyyətə Qərb dəyərləri yeridilir və “alıcının” maraqları həyata keçirilir. Bundan sonra ölkə borc asılılığına itələnir, iqtisadi cəhətdən faktiki olaraq zəlil vəziyyətinə salındığından, sadə dillə desək bankrot edildiyindən siyasi suverenliyini də itirir. 
Elitaya iqtisadi cəhətdən təsir etmə faktoru işləmədiyi, effekt vermədiyi momentdə isə cəmiyyət ilə birbaşa təmasa girilir – elitanın başı üzərindən sosial şəbəkələr yaradılır. Həm birinci, həm də ikinci halda nəticə ərazilərin, bütöv dövlətlərin qoparılaraq ələ keçirilməsi olur. Yəni sırf Qərbin xeyrinə təsir və nəzarət sferalarının geopolitik bölüşdürülməsi həyata keçirilir.

Valeri Korovin, “Şəbəkə müharibəsi”

Комментариев нет:

Отправить комментарий