31.10.2010

BAKI-MİNCEVAN QATARI

Həmid HERISÇİ                                                                  marakaqol@rambler.ru


Konspiroloji təfəkkür bədii əsərin başlıca, ən gizli, həm də ən vacib şərtlərindən biridir.
Konspirologiyadan məhrum bədii mətni bu gün heç ədəbiyyat saymırlar. Den Braun, necə deyərlər, öz işini gördü bu sahədə-oxucunu saldı öz girinə (söz girinə!). “Kitab kitab içində” tilsimini yaratmaq, düz sözümdür, hər yazarın işi deyil. Çağdaş ədəbiyyatşünaslıq, köhnə təhlil üslublarını cəhənnəmə vızıldadıb, məhz konspiroloji bir üsulla bədii mətnlərin təhlilinə (gizlinlərinə!) girişməlidir. Ədəbiyyatın zahiri tərəfini bir kənara qoyub, gəlin girişək onun tilsiminə, yəni kitabın görünməyən tərəfinə. Bir kriminalist kimi təhlil edək yazarlarımızın yaradıcılığını-ordakı cinayətləri, qatilləri, qanunsuzluqları, qətlləri araşdıraq!
Hər kitabın dərinliklərində hələ ifşa edilməmiş bir cani, zavallı qurban ,qətl, qatil yaşayır... Sirr yatır...
Böyük nasirimiz Sabir Əhmədlinin “Ömür urası”, “Yasaq edilmiş oyun” romanlarından başlayaq bu mübarək işə.


GEDƏNLƏRİN QAYITMAĞI
Hərbçilərimiz, siyasətçilərimiz, millətimizin eləyə bilmədiyini yenə də ədəbiyyatımız, əslində, yalqız qocaman bir yazıçımız həyata keçirdi-işğal altındakı torpaqlarımızı, xəyalən də olsa belə, düşmən tapdağından azad edib öz doğma yurdu Cəbrayıla qayıtdı. Getdi, qayıtdı ora-iti qələmi, yazıçı sənəti, Azərbaycan türkcəsinin köməyi ilə. Getdi ora-yazıçı cümlələrinin gücüylə açdı Cəbrayıldakı evinin paslı qıfılını, gəlib oturdu qapı ağzındakı alçaq səki üzərində. Təmizlədi, sildi-süpürdü dədə ocağının kir-pasağını...
Yazıçı Sabir Əhmədlinin son romanı-“Ömür urası” məhz bu mövzuya həsr olunub. MÜHARİBƏ BİTİB, TORPAQLARIMIZ GERİ QAYIDIB, “BAKI-MİNCEVAN QATARI” YENİDƏN ARAZ BOYU TAQQA-TUKLA YOL GEDƏRƏK CƏBRAYILDAN KEÇİR. Onun ilk sərnişini yanıb külə dönmüş ata yurduna qayıdan qocaman bir müəllimdir. Məncə, Sabir Əhmədlinin özüdür. Ruhudur bəlkə də. Bədəni deyil...
Nə bilim...
Deyirlər-ruh həmişə doğulduğu məkana qayıtmağa can atır. Romanın mövzusu, qayəsi elə budur-RUHUN QAYIDIŞI.
Yazarlarımızın hamısı indi sanki nastalji hisslərinə qapılaraq “geri qayıtmaq istəyir”-Əkrəm doğma Əylisinə, Anar Rzayev 60-cı illərin rahatlığına, Elçin Əfəndiyev müasir ədəbi prosesə qayıtmaq istəyir. Kamal Abdulla itmiş oxucu kütləsinin gizli ünvanını axtarır. İsa Hüseynov laməkan aləmlərin sehrinə düşüb-bir ayağı, bir qələmi ilə artıq o biri aləmdədir sanki.
Görünür, gəlib yetişdiyimiz (?) mənzillər, məqamlar çox mənasız, darıxdırıcı olduğundan, ümid yalnız QAYIDIŞadır.
İmkan varmı buna?
Bilmirəm... Bilmirəm...
Biz “kələfin ucunu” çoxdan əlimizdən buraxmışıq. “Kələf” sözünü isə tərsinə oxusaq qarşımıza tam amansız “fələk” kəlməsi çıxacaq...

***
Hələ ki, “çərx-fələyin” bu qapalı dairəsini yarıb geri qayıdanların (həm də irəli sıçrayanların!) içində mən, yalnız bir qocaman qəhrəmanı-yazıçı Sabir Əhmədlini görürəm. Hələ ki yalnız o, geri qayıtmağı (həm də irəli sıçramağı!) bacardı, mindi xəyal qatarına, vaqon bələdçiləriylə danışa-danışa gəlib yetişdi doğma Cəbrayılına. Qələminin iti ucu üzərində Qarabağa qayıdan ilk azərbaycanlı kimi, Sabir Əhmədli öz ömür dairəsini bu əsərdə qapamaq, son nəticədə bir müqəddəs “məqama yetişmək” niyyətindədir. “Məqam”, “muğam” kəlmələri isə dilimizdəki çox nadir sözlərdəndir-“ata, ana” sözləri kimi, onları tərsinə oxusan, eyni kəlməni eşidəcəksən.
Yəni bu müqəddəs kəlmələrin canında “əvvəllə axır birləşir”, nəticədə bir əbədiyyat, bir ədəbiyyat yaranır. “MUĞAM” adlanan bir əbədiyyat.
Ədəbi (əbədi!) süjetin əsas qəyəsi də elə bax bu qapalı dairələri tapmaq, yaratmaqdır. Bəli, yalnız “əvvəllə axırın birləşdiyi” məqamlarda, adına “süjet” (qədim ismi “muğam”) dediyimiz bir sirli dairə yaranır. Bu dairədən istifadə edən ustad yazıçılar öz xəyallarında tam azaddırlar, istədikləri vaxt geriyə, gələcəyə, müasirliyə müraciət etməyi bacarırlar. Üç zamanı öz əlinə almış yazıçı isə artıq adına “roman” dediyimiz bir janrın ustad sahibinə çevrilir.
“Ömür urası” əsərində, məhz buna görə, Sabir dədə, həqiqətən bu çətin janrın tam ağasıdır.

***
Dairənin həndəsi təsviri (O) iki məna verir- həm puçluq, həm də tamlıq. Onu hər hansı rəqəmə qoşsan, çoxluq qazanacaqsan. Bacarmasan, qanın getdi, sıfırdasan.
Dairəni qapamaq, MUĞAMa, MƏQAMa yetişmək istedadı isə hər yazıçının, müğənninin işi deyil.
Roman boyu Sabir Əhmədli bu “həyat dairələrini” tapıb həm üzə çıxarır, həm qapayır-zəngin həyat təsvirləri əsasında onları əsərin baş süjetinə qoşur, tək buraxmır. Həyatdakı əbədiliklə puçluğu vəhdətdə, bir-birinin qonşuluğunda təsvir edərək, insan taleyinin gözəgörünməz tellərinə toxunur. Əsərdəki ən incə, dərin yerlər Cəbrayıldakı xalça sexində çalışan xalçaçı qızların acı taleyi ilə əlaqədar yazılmış yanıqlı hissələrdir.
Xalça-palazlarımız həmişə düşmən tərəfindən yağmalanıb - lakin bu dəfə xalçanı yaradan əllər düşmən caynağına keçir. Əsrlər boyu Cəbrayılın sirrini-tilsimini ovcunda saxlayan, “ipin, kələfin sahibi” olan bu qız-gəlinlərin düşmənə əsir düşməsi ilə, sanki dairə qapanır, “kələfin ucu” keçir yad əllərə.
Bu dairəni yarmaq isə artıq hər qüvvənin, hər yazıçının işimi?
“Kələf” kəlməsini tərsinə oxusan, tam amansız “fələk” sözüylə təkbətək qalacaqsan:
“Xalçaçı qızlar Cəbrayılda axıra qalmış sakinlərdi. Onları əhaliyə qoşulub qaçmağa qoymayıblar. Qoy qalıb işləsinlər. Əhali də onlara baxıb, toxdasın...Qızlar, hər an bizimkilərin gələcəyini, onları darda qoymayacaqlarını gözləyirmişlər...
Şəhərə girən erməni bölüklərindən birindən, beş-altı əsgər ayrılıb cumurlar çaylağın o tayına, xalçaxanaya. Çatırlar xalçaxanaya, başlayırlar xanadakı xalçaları qopartmağa. Xalçaları yerə döşəyib, üstlərində qızları zorlamaq....”.
“Xalçaçı qızları gətirirlər Xankəndinə...Sex açıb...Üstünə erməni hərifləri...”
Xalçaçı qızların ermənilərə əsir düşməyi ilə bizim həyat ipimiz qırılır, xalçamız yarımçıq qalır. Həyat bitir, acı tale başlayır...
Qapalı bir dairə...XANADAN TƏRƏKƏMƏ XALÇASINI DARTIB QOPARAN DÜŞMƏN ƏLİ.
Sabir Əhmədli məğlubiyyətimizin bax bu acı mənzərəsini görmüş bir dahidir “Ömür urası” əsərində...

***
İstərdim burda romanın ilk parçasını diqqətinizə çatdırım. Ancaq mən, Sabir dədənin usta cümlələrini olduğu kimi, bütöv şəkildə təkrarlamaq istəmirəm neyçünsə. Bu dəfə həmin cümlələri qırıq-qırıq, yarımçıq eşitsəniz yaxşıdı. Elə bilin, kimsə uzaqdan sizə qırıq-qırıq teleqram misraları göndərir. Tələsir. Vaxt azdı. Cümlələri axıra çatdıra bilmir.
Qədim şumer mətnləri, dövrümüzə bütöv, sağ-salamat gəlib çatmayıb-zaman pozub, dağıdıb həmin misraları. Sabir dədənin mətnləri üzərindən də elə bil fələyin bax belə bir qasırğası ötüb:
“Saatlıdan...Beyləqana yax...yolları bürümüş...axınıyla qarşılaşdılar. Hellənib Haramıya doğru gələn xılı “jiquli” yarıb keçə bilmirdi, ilişdilər.
Haramı...belə lov görməmişdi...itlər boğazındakı zənciri torpağın üstüylə sürüyür...evdən çıxanda, köpəklər zəncirləri qoparıb düşmüşdülər bunların ardınca...
Arvad-uşağın üz-gözündən zəhər...kişilər hirs-hikkədən...
Fotoaparatı götürdü...Qadınlar, qızlar da şəkillərinin çəkilməyinə yol vermədilər...
Beyləqan İcra Hakimiyyətindən....
Dörd-beş kişi yanaşdı...İcra başçısından xahiş etsin, onlara yük maşını versinlər. Orda, kənddə xeyli taxıl qalıb. Gedib onu götürsünlər.
Qayıdıblar kəndə, giriblər taxıl ambarına... Ermənilər... güdürmüşlər... Hamısını taxıl-maşınlı girov götürüblər...”
Sanki şumer dövründən gəlib bizə çatmış bu mənzərəyə-insanların düşməndən qaçmaq səhnəsinə! Day nə deyəsən... Köpəklər öz sahiblərinə vəfalılığı, boyunlarındakı zənciri qopartmaqla sübut etdikləri halda...
Qaçqınlar heç layiqdirlərmi öz köpəklərinin vəfasına?
Bax bu dar məqamda bir dəstə qaçqın geri qayıdır. Düşmənlə döyüşməyə görə yox! Taxılı ambardan çıxarıb bazara çıxarıb satmaqdan ötrü!
Ancaq vətəni uduzanlar, öz kiçik ticarət sevdalarını da uduzurlar. Taxılı geri qaytarmaq həvəsinə düşənlər, vətəni geri qaytarmaq istəmirdilər...

Vətənə ilk QAYIDIŞ, Həramı düzündəki bax bu əclaf qayıdışla başlayır-vətən hardadır? Taxıl ambarında? Köpəklərin vəfasında, yəni köpəklərin yaşlı gözündə?
Sabir Əhmədli bu “qayıdış”ı görüb.
O, bilir ki, RUH QAYITMALIDIR öz doğma yurduna.
Tamah, gördüyümüz kimi, məğlub olub Həramı düzündə...
Sözə fikir verin-“həramı düzündə”...
RUH QAYITMALIDIR...RUH...TAMAH QAYIDIB, ANCAQ MƏĞLUB OLUB KÖHNƏ KOLXOZ AMBARINDA.
VƏTƏNƏ DÖNƏN XƏYALİ “BAKI-MİNCEVAN QATARI”NA BİLET ALMAQ DAY ONUN QİSMƏTİNDƏ DEYİL.

MÜCƏRRƏD KƏDƏRƏ “YOX!”
 Ustad şairimiz Şəhriyarın “Heydərbabaya salam!” əsərində təsvir edilib sadalanan XEYİR qüvvələr, belə baxsan, çox aydın, real simalardan ibarətdir. Əsərdə bu xeyir qüvvələrin adı, təsviri, yaşantısı, sevinci, kədəri tam realdır-“Nənəxanım, Şüca xalaoğlu, Xanım əmmə, Məmmədsadıq, Təbriz, Xoşginab, Qıpçaq” bu qüvvələrin dəqiq ünvanıdır. Lakin həmin müsbət qütbün qarşılığı kimi təsvir edilən ŞƏR DÜNYAsına gəldikdəysə, Şəhriyarın iti qələmi mücərrədliyə varır. Şair onu mücərrəd “çərxi-fələk, fani dünya, rüzgarın dəyirmanı, xərabeyi-Şam” simvolları ilə canlandırmaq istəyir.
Höte, Balzak, Dostayevski, Folkner, Selin kimi yazıçılara qədər dünya ədəbiyyatı bu cür oxşar xəstəliyə düçar idi-şər aləmini mücərrəd təsvir edirdi. Məhz şər aləmini təsvir edərkən mücərrədlikdən reallığa əl atmaq, sonralar ədəbiyyatın tam simasını dəyişdi. Nəticədə nəsrdə “realizm” deyilən bir janr yarandı. Dostayevski, Balzaka qədər, şərin ədəbiyyatda ancaq təxəllüsü, ayaması vardı. Realist yazarlar bununla barışmadılar. Stavroqin, Sverdliqaylov, Lujin kimi şər qəhrəmanlarını yaradan Dostoyevski sanki şəri ənənəvi mücərrədlikdən çıxarıb ona ad, isim verdi. Şəri insanın daxilində axtardı, nəinki kənarda.
Bizim çağdaş ədəbiyyat da, həmin köhnə mücərrədlik xəstəliyindən hələ ki, tam sağalmayıb. Biz öz ŞƏR QƏHRƏMANLARIMIZIN ƏDƏBİ SİMASINI oxuculara göstərə bilməmişik-onu mücərrədlik pərdəsi arxasında gizləmişik. Şərri bu cür təsvir etmək, ədəbiyyat konteksində, həm də ona uduzmaq deməkdir.
“Heydərbabaya salam!” poemasında xeyrin realist, şərin isə mücərrəd təsvirlərini verməklə, şəri realistcəsinə təsvir etməməklə, ustad Şəhriyar şər qüvvələrə uduzub. BURDA, MƏHZ BURDADIR AZƏRBAYCANIN ŞƏRƏ MƏĞLUBİYYƏTİ.
TƏBRİZLƏ BAKININ QOŞA MƏĞLUBİYYƏTİ.

***
...Bakı-Mincevan qatarına əyləşib tək-tənha Cəbrayıla qayıdan Sabir Əhmədlinin kupesinə daxil olub bu acı həqiqəti ona söyləyirəm. “Yaşıl teatr” romanındakı Kişibəyov surətini yadıma salan qocaman yazıçımız, deyir ki, şərə münasibətdə o, heç vaxt mücərrədliyə sürüşməyib. “Yamacda nişanə”də Həsənxanı tünd boyalarla təsvir edib. “Qanköçürmə stansiyası”, “Kef”, “Axirət sevdası”nda da mücərrədliyə varmayıb şər barəsində.
Qatarın taqqatuku eşidilməz olur. Şər dünyasının anadangəlmə (şeytandangəlmə?) lüt-üryan, çıl-çılpaq, eybəcər bədəni gəlib canlanır gözlərim önündə.
Sabir Əhmədli orda mənə deyir: “Şeirimizin canlı həyat-yaşantıdan ayrılması işində böyük zəhmətlər çəkmiş, poeziyamızı nəğmələşdirib-musiqiləşdirərək onu bəsit xülyaların-xəyalların ağuşuna tolazlamış dekadent-simvolistləri heç vaxt sevməmişəm. “Hansı dildə susaq?”, “biz Allaha yox, Allah bizə inanmır” kimi tapmaca sualları ədəbiyyatda yersiz görmüşəm. Özü də həmin bu tapmacalar, bilin, bizim şairlərdən öncə Peru şairi Sesar Valyexo, rus ədibi Konstantin Vanşenkin kimilərin də şeiriyyətində də eynən var (Literaturnaya qazeta, 1997, 12 noyabr). Sual olunur-plaqiatdırmı bu? Cavabım sadədir-yox! Dekadent-simvolist yazarlarımızın mövzu, həyat dairəsi dar olduğundan onlar həmişə həm özlərini, həm də özü kimi digər şairləri daim təkrarlayırlar.
Mücərrəd kədər mənlik deyil. Elə mücərrəd şər də...

ŞƏRİN QƏLƏBƏSİMİ?
Bəzi sirlərin üstünü açmaq çətindi-belə hallarda bəzən yaddaş dünyası, ədəbiyyatın iti qələmi də hətta bizə yardım etməyəcək. BELƏ HALLARDA SÖZÜN YADDAŞINA MÜRACİƏT ETSƏK YAXŞIDIR.
Götürək elə “yer” kəlməsini.
Yaşadığımız məkanı bildirən bu sözü incələmək elə bəsimizdir. Bu kəlmə, mən deyərdim ki, “kir” (çirkab), “xır” (çökəkdə salınmış bostan), “qır” (neftli məhsul) kəlmələriylə qohumdur. Farsca “zir”, diqqətinizə çatdırıram, “aşağı” mənasını verir. Latınca “terra” torpaq deməkdir. Gördüyümüz kimi bütün hallarda, protodildə “yer” kəlməsi “aşağı, kirli, çökək dünya” anlamındadır. Qədimi insanların dünyagörüşüncə, görünür, “yer” ən aşağı, qaranlıq aləmmiş.
Üç dünyada (yuxarı+orta+aşağı) yaşayan əski qəhrəmanlardan fərqli olaraq biz ancaq “yer”də, yəni ən aşağı aləmdə, sözün əsl mənasında, günümüzü çürüdürük.
Hər halda “yer” kəlməsinin yaddaşı, tarixçəsi bu məxfi informasiyanın daşıyıcısıdır.
Sabir dədə, “Ömür urası” romanında “yer” adlanan aşağı dünyanın bütün kir-kəsafətini, Cəbrayıldakı qocaman tut ağacının koğuşunda yaşayan əfi ilan simasında cəmləşdirir. Cəbrayıldakı bütün digər ağacları mişar ağzına vermiş düşmən, yalnız ona toxunmayıb. Əfi ilanın qorxusundanmı görəsən?
Bilinmir.
Cəbrayılda bircə tək-tənha bax bu qocaman azərbaycanlı (!) sağ qalıbdır.
Xeyir deyil, şər qoruyub onu.
Vətəninə dönmüş müəllimi, bu qocaman gər tut ağacı, onun əfi ilanıyla görüşdürən Sabir Əhmədli, şərlə xeyiri bax bu cür üzləşdirib barışdırır. Onların bir-birinə olan gizli sevdasını da məharətlə qələmə alır: “Gərin köksündəki koğuşdan bir ilan başını çıxarmışdı. Sarı-yaşıl başını dik tutub, tanış kişinin (vətənə dönmüş ilk azərbaycanlının!-müəllif) davranışını izləyirdi...Ermənilər bəlkə...Kişi ustufca yaxınlaşmaqda, ilan başını dik saxlayıb, onun gəlişini gözləməkdə...Kişi burdaca qərara aldı-ilan mən çatınca geri çəkilməsə, onun gözlərindən öpəcəm...Onun çatmağına bircə addım qalmış vıyıltı qopdu. Gərin koğuşu boşdu. İlan yox olmuşdu”...
Bu səhnədəki şərin xeyirlə görüşüylə, öpüşüylə sanki Cəbrayıldakı köhnə həyat bərpa olur. Cəbrayıl xarabalıqlarına yaşantı, isti insan həniri gəlir. Xeyir də, şər də öz muradına çatır.
Sabir burda öz doğma Azərbaycan şərini də sığallayıb əzizləyir. Ölkəmizin məğlub xeyri ilə onun qalib şəri qucaqlaşıb ağlaşır. Şərin vətənə sədaqəti (!) qaçıb getmiş xeyrə, yəni MÜƏLLİMə örnək olur.
Bakı-Mincevan qatarında atıla-atıla, yuxulaya-yuxulaya qocaman müəllim əslində Cəbrayıla yox, doğma evinə deyil, bax bu əfi ilanla görüşə tələsirmiş sən demə.

***
Cəbrayıldakı kəsik ağacların dibinə axan sulara baxa-baxa Müəllim şər üzərində qələbə çalmır. Əsirlikdən, Stepanakert ermənilərinə xalça toxumaqdan canını qurtarmış qızla, şəhid övladı barədə danışa-danışa, Müəllim sanki Cəbrayılda şərlə xeyirin tarazılığını bərpa edir. Bu isə, diqqət edin, şər üzərində qələbədən dəfələrlə səmimi, dərin, layiqli bir hərəkətdir.
Bakı-Mincevan qatarının son dayanacağı elə orda-sağ qalmış yeganı gər tut, yeganı xalçaçı qız, yeganə müəllim, yeganə əfi ilanın hüzurundadır.
Taqqa-tukk orda kəsilir.

KONSPİROLOGİYA!-ERMƏNİ YAZISI...
Bədii nəsrin canındakı nəinki dərin, gizli fəlsəfi qatlar, bəzən sadəlövhlük də yazıçıya uğur gətirən, ədəbi mətni həyatiliklə dolduran vacib şərtlərdəndir. Sabir Əhmədlinin romanından buna uyğun bircə misal: “Sabunçu vağzalında qatara əyləşən Müəllim vaqon bələdçilərini görüncə tanıyır. Cəbrayılın Harovlu kəndindən çıxmış bu iki qardaş, küllü qarabağlılar kimi, “c” səsini “j”laşdırmayanlar sırasındadır”. Əsərin bu yerində Sabir dədə lap sadəliyə varır-özünü “j”-yla danışanlarla birgə görür. Şərlə xeyirin arasındakı fərqi də sanki burda axtarır-“c”-yla danışanlarda nöqsan var, onlar bəsitdirlər, “j”-yla danışanlarda isə sanki təbiətin uğultusu, səs-sadası yaşayır. Erməni “harsın”larını-arvadlarını belinə alıb onları yaylaqdakı erməni kəndlərinə çıxaran bir Harovlu hambalının iyrənc taleyi barədə söz açan Sabir kişi, burda öz fikirlərini həyat təcrübəsiylə də təsdiqləyir...
Bəli, həyat da, dil də bəsit olmamalı, dəyişməlidir. O da sanki “J”laşmalıdır...
 “C”-yla danışanlar, erməni harsınları belinə alıb yaylağa qalxan hamballardır!

***
Lakin əsərdəki uşaqlıq, sadəlövhlüyün ömrü az çəkir, Sabir kişi tez qayıdır acı müharibə səhnələrinə:
“Ədə, bala, yıxılarsan! Uy-uy! Daha bəsdir! Düş aşağı!
O isə aşağı düşmür, işi başa çatdırmaq istəyirdi. Ana səsləyir, o, isə çalışırdı”...
Yığdığı qəpik-quruşla Cəbrayılda özünə ev tikən Müəllim, evin tavanını doğma oğluna rənglədirmiş. Anasının “aşağı düş, bəsdir!” harayına məhəl qoymadan. Bu oğlan həmin o ata evinin tavanından yıxılmadı. Murovda yıxıldı, şəhid oldu, bir düşmən gülləsinin badına getdi...
Həə, bax burda Bakı-Mincevan qatarı sürətini lap artırır. Elə bil gedib Murovun zirvəsinə, dikinə qalxır. Kim...hansı köpəkoğlu deyir ki, Murov dağı ata evinin, Vətən evinin uca tavanı deyil? Bax ora qalxır, ordan yıxılır Müəllimin oğlu. Cəbrayıldakı ata evinin tavanını əliflə, Morovdakı Vətən evinin tavanını qanıyla rəngləyə-rəngləyə...

***
Sabirin qatarı burda bütün taqqatukunu, səs-küyünü itirərək səssiz hala düşür, sanki dağ tunellərinə girib ordan bir başqa aləmə-yazıçının tale yollarına daxil olur. Qəribə əhvalat üzə çıxır sanki, o dediyim dağ tunellərindən: Sabir dədənin qardaşı, vaxtiylə, QONŞU HƏRƏKÜL kəndindən olan bir erməniylə faşistlərə qarşı çiyin-çiyinə döyüşürmüş. Bu oğlanın həlak olma xəbərini də ilk dəfə Vətənə elə Sabirin qardaşı yollayıbmış. O vaxt-1943-də, Sabir anası ilə birlikdə eniş-yoxuşlu dağ yollarıyla Hərkülə qalxmış, erməni anasına oğlunun qara xəbərini çatdırıbmış. MƏRHUMUN QARDAŞI SONRALAR SABİR BƏYİN ƏLİNƏ BİR DÖYMƏ YAZI DA HƏKK EDİBMİŞ.
Nəyi həkk edibmiş? Tale yazısını? Alın yazısını?
Bunu Sabir deyil, əsər boyu eşitdiyimiz qatar təkərlərinin səsi cavablandırır:
“Baxışları əlinin üstə, biləyə doğru, dəri altında göyərən hərflərə sancıldı. Bu üç hərfi onun qoluna erməni dərzi Zümrüdün kiçik oğlu yazmışdı. Böyük qardaşlarının əsgərlikdə birlikdə olduğunu biləndən sonra, uşaqlar da yaxınlaşmışdılar. Öyünürdülər qardaşlarının dostluğu ilə...
Yığılmışdılar....arxı üstə...Əllərinə yazı yazdırırdılar. Kirill əlifbasını, rus hərflərini erməni oğlan yaxşı bilirdi...İynəni batırırdı göyümsov boya-tuşa, sancır, iynə ilə döyürdü onun əlinin üstünə, boyanı, hərfləri yedirdirdi dəri altına. Qan çıxır, döyülən yeri bürüyür, heç nə görünmürdü...Əli-dərisi yara bağladı. Sonra yaralar qaysaqlandı. Qaysaqlar quruyub qopandan sonra hərflər göründü. Tərtəmiz, apaydın göyümsov üç hərf: adı, soyadı, atasının adının baş hərfləri”...
Hə, biz ermənilərin, ermənilər bizim taleyimizə həkk olunmuş hərflərik-Sabirin əlindəki o döymə yazı kimi.
Bu taleyin bütün çalarlarını “Əsli-Kərəm” dastanında görmək olar. Murova qalxıb orda şəhid olan Sabirin əziz balası, Əsli eşqiylə Ərzurumun Palantökən dağına qalxmış Kərəmi xatırladır bəzən. Palantökən dağında aşiqlərin belindən bütün “palan”lar düşür. Kərəm orda öz lələsi Sofudan, sanki öz bədənindən ayrılır.
Təkcə Ruhuyla qalır orda.
Bax orda Kərəm məşhur “Yanıq Kərəm” havasını ifa edərək üstünə yağan qarı əridir, əslində öz ilahi meracını həyata keçirir. Yüksəlir. Palanı belindən aşağı atır.
Necə ki, Peyğəmbərimiz merac zamanı göyün 7-ci qatında Həzrət Cəbrayıldan ayrılmalı olur.
Göyün bu qatında tale yazısı pozulur. İnsan karması sınır. Palanlar yerə tökülür. “Yanıq Kərəm” havası eşidilir.
Sabirin əlindəki o döymə yazı əriyib qeybə çəkilir.
Orda tale sınır, həqiqət başlayır. Yaşıl işıq yanır bütün qatarların yolunda.

***
Gördüyümüz kimi, burda Peyğəmbərimiz, Aşıq Kərəm, Murov dağı, Palantökən bir araya gəlir.
BAKI-CƏBRAYIL QATARI HƏZRƏTİ CƏBRAYILA ÇEVRİLİB DAYANIR.
GÖYÜN 8-Cİ QATINA BƏDƏNLƏ KEÇMƏK OLMAZ. ORDA RUH BƏDƏNDƏN AYRILIR.
AYRILIR Kİ, TƏMİZLƏNSİN, MÜƏLLİMİ TƏMİZ RUHA ÇEVİRİB CƏBRAYILA QAYTARSIN:
“Qatar gedirdi, bələdçilər çəkilmişdilər öz kupelərinə. Qaranlıqda qatarın keçdiyi yerlər görünməsə də, kişi açıq pəncərədən içəri dolan havadan duymuşdu ki, Arazbara yaxınlaşmaqdadırlar. Şam ətri, sərhəd zolağını bürümüş ulğun kollarından qopan meh vaqona bir sərinlik, məhrəm hava gətirirdi...O, alaqaranlıq vaqonun dəhlizində, öz kupesinin astanasında, asma kətil üstə əyləşib, göz dikmişdi qatarın keçdiyi yolların görünməyən mənzərəsinə”...
“Başlıcası SSRİ Ali Soveti Rəyasət heyətinin 24 mart 1945-ci il fərmanı idi. Fərman “Kommunist” qəzetinin birinci səhifəsində, başdan verilmiş, oradaca qardaşının iri şəkili çap edilmişdi. Bu şəkil qardaşının son şəkili deyildi, onu evdən aparmış, dəyişib, hərbi libas geydirmiş, sinəsinə orden-medallarını taxmışdılar. Əslində o, qəhrəman orden-medallarını döşünə vurmağa macal tapmamış, qəhrəmanlıq adı təsdiq olanacan şəhid olmuş, iyirmi yaşlı oğlan Polşada ağır bir vuruşmada bölük komandiriykən həlak olmuş, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü...
“Kişi məktublara göz gəzdirdi. Baxışları, açılmış üçkünc məktubun bənovüş sətirləri üzərində dayandı: “Qonşu Hərəkül kəndindən bir erməni oğlan da mənimlədir. Dərzi Zümrüdün oğludur. Birlikdə günümüz yaxşı keçir”...Sonra məktubda bildirilirdi: “Hərəküllü oğlanı apardılar. Hər ikimiz qəmləndik. Neynəyəsən, adam doğma ata-anasından da ayrılmalı olur”...

***
Sabir Əhmədlinin qardışı Sovet İttifaqı Qəhrəmanıydı. Qonşu Hərəkül kəndindən olan bir erməni dərzisinin oğluyla səngərdə dostlaşıbmış.
Sabir isə tamam başqa bir tale yaşadı bunun qarşılığında...

***
“Hələ Bakıdaykən eşitmişdi:ermənilər tutduqları kənd-şəhərlərdə bütün dəyərli ağacları, cevizləri kəsirlər. Odur ki, kişi, həyətindəki ağacları görməzdən görmüş kimiydi. Üç ceviz kəsilmişdi orda...Yoxsa ağaclar da ayaq açmış, yurdan baş götürüb qaçmış insanların ardınca çıxıb getmişdilər?...O, kəsilmiş iri cevizdən qalma kötüyə yanaşdı. Bir vaxt düşünmüşdü: bir ağac gövdəsi tapsa, ondan masa, kətil düzəldəcək, qoyacaq həyətə, əldəqayırma masanın qırağında, ağac kətillərdə əyləşib, fikir edəcəkdi dünyanın işlərindən...
Bu işi sanki ermənilər onun istəyincə görmüşdülər”...
Böyük ustalıqla təsvir edilən bu mənzərəyə daha nə deyəsən? Qarabağın özü qocaman ceviz təkin lap kötüyündən kəsilib. Zaman indi bizdən bir müdrik insan istəyir ki, getsin otursun həmin o kəsik cevizlərin yastı kötükləri üstə, düşünsün orda dünyanın, Azərbaycanın işlərindən. NECƏ Kİ, SABİR DƏDƏ ƏVVƏL Bakı-Mincevan qatarında, sonra doğma həyətindəki kəsik ağacların kötüyü üstündə əyləşib Cəbrayılın gələcəyini düşünür. Qatar hərəkətli, kəsik ceviz ağacının kötüyü hərəkətsiz olsa da belə, onları vahid, müqəddəs amal birləşdirib eyniləşdirir. İnnən sonra işimizi elə görək ki, bir də, kəsilmiş ağacların kötüyü üstə əyləşib kədərə qərq olmayaq. Sındıraq bu ölkənin taleyini, söndürək, yaxud daha da alışdıraq Yanıq Kərəmin əbədi alovunu, qayıdaq Qarabağın cənnətinə.
Sabir kimi.

***
Cənnətə isə ancaq pak ruhlar gedəcək...Elə, Qarabağa da...

ROMAN BARƏDƏ EKSPERT KRİMİNALİST RƏYİ: ƏSƏRDƏ BAŞ GİZLİ QƏHRƏMAN DƏRZİ ZÜMRÜDÜN OĞLUDUR. VAXTİLƏ O, MÜƏLLİMİN QOLUNA DÖYMƏ YAZI HƏKK ETMİŞ, SON NƏTİCƏDƏ ÖZ GİZLİ İSTƏYİNƏ NAİL OLMUŞDUR.
İNDİ HƏMİN DÖYMƏ YAZINI DEŞİFRƏ ETMƏYƏ BÜTÜN ALİMLƏRİMİZ, HÖKUMƏTİMİZ QATILIB.
SON NƏTİCƏNİ ZAMAN GÖSTƏRƏCƏK.

Комментариев нет:

Отправить комментарий