Müşfiq Mədətov... Bu ad bəzi oxuculara, xüsusən də gənc nəslə bəlkə də heç nə demir. Amma vaxt vardı ki, bu ad mətbuatda, ictimaiyyətdə, adi adamlar arasında tez-tez çəkilirdi, çox populyar idi. Ondan az qala hər gün yazırdılar, onu ittiham və müdafiə edirdilər. O sıradan, adi bir məhbus deyildi. Çünki o tutduğu posta görə adi adam olmamışdı. Prezidenti qoruyan şəxsin siyasi və sair ittihamlarla həbsi Azərbaycan kimi avtokratik ölkələrdə əsl hadisəyə çevrilməli idi və çevrildi də...
Ulduzu birdən-birə parlayan Müşfiq Mədətovun gözqamaşdırıcı karyerası qəfildən də yarıda kəsildi. Çoxunun gözünü qamaşdıran o parlaq ulduz da çox tez söndü. Tale ona qəribə sürprizlər hazırlayıbmış. Hələ çox gənc ikən - 24 yaşında Heydər Əliyev kimi böyük və nüfuzlu bir adamın şəxsi mühafizəçisi mərtəbəsinədək yüksələn Müşfiq Mədətov haradan biləydi ki, 29 yaşında polis rəisi qismində, buz baltası kimi, sapsağlam halda həbsə düşüb oradan bir də 15 il sonra sözün əsl mənasında yarımcan halda, keçmiş siyasi məhbus statusu ilə çıxacaq?! Belə taleli insanlar az-az olur... Həsəd aparılası tale də deyil heç.
Ömrünün 15 ilini həbsxana divarları arasında keçirmiş, üst-üstə aylar uzunu təkadamlıq kamerada qalmış, hər cür işgəncələr, basqılar, təzyiqlər görmüş bu adamı yaxşı, “yumşaq” müsahib saymaq olmaz. Amma o da var ki, çox maraqlı müsahibdir. Danışdıqca maraqlı məqamlara toxunur. O məqamlara ki, onlar zaman-zaman kimlərəsə sərf etməyib deyə təhrif olunub, unudulub, unutdurulub. O məqamlara ki, Azərbaycanın son dövr ictimai-siyasi tarixinin ən həssas nöqtələri məhz onların üstündə qurulub.
Dediyimiz kimi, Müşfiq Mədətovla ütülü söhbət çətin alınan işdir. Ona görə də diqqətli və tələbkar oxucuların bu müsahibədə rastlaşa biləcəyi qüsurlar, tutaq ki bir sualın başqa formalarda bir daha verilməsi, artıq haqqında söz açılmış mövzuya bir də qayıdılması “pinti redaktə”nin ayağına yazılmasın. Müşfiq Mədətovun dediklərini olduğu kimi, “sığallayıb tumarlamadan” təqdim etməyi üstün tutduq...
- Türmədən çıxandan sonra Heydər Əliyevin məzarını ziyarət etməyə getdinizmi?
- Bəli, getdim. Mən indi də əliyevçiyəm, köhnə “91-lər” komandasındanam. Biz indi də bir komandayıq.
- Heydər Əliyev vəfat edəndə həbsxanada idiniz. Bu hadisə sizə necə təsir elədi?
- Mən 16-cı kolonda Heydər Əliyevin yasını saxlamışam, 500 nəfər üçün ehsan süfrəsi açmışam. O zaman həbsxana rəisi Məmmədəli Zeynalov idi.
- Bu itki sizi ağladar yəqin...
- Yox, mən ağlaya bilmirəm. Ən əziz adamım olan atam rəhmətə gedəndə həbsdə idim. Bir kənara çəkilib ağlaya bilmədim. İndi də yaxınlardan, doğmalardan kimsə rəhmətə gedəndə, ağlaya bilmirəm. Bu, özümə də pis təsir edir ki, necə olur, hamı ağlayır, mənsə ağlaya bilmirəm. Amma təsirli filmlərə baxanda hərdən ağlayıram.
- Söhbətimizin əvvəlində Rəsul Quliyevlə münasibətlərinizdən danışmışdınız. Onunla əlaqələriniz necə idi?
- Mən mühafizədə olanda o da spiker idi. Heydər Əliyevin yanına gələndə görürdüm. Nə mənim cinayət işimdə Rəsul Quliyevin adı keçib, nə də ona cinayət işi qaldırılanda mənim adım çəkilib. 15 il həbsdə oldum, bir dəfə məni axtarmadı. Atam da rəhmətə gedəndə başsağlığı da vermədi.
- Yəni siz həbsdə olarkən ailənizə mənəvi dəstək olanlar az oldu...
- Nə qədər qalstuklu varsa, hamısına nifrət edin. Polis rəisi olanda tutduğum neft, siqaret oğruları, narkomanlar var idi, onlar gəlib məni tapdı. Vəzifədə kimə köməklik etmişdimsə, demək olar ki heç birini görmədim.
- Sözünüzdən belə çıxır ki, sizin xidmətlərinizi tez unudublar, çünki kimlərinsə xoşuna gəlmirdiniz. Kim idi sizə qarşı çıxanlar?
- Sizə bir şey danışım, maraqlı olar. O vaxt Rza İbadovu qabağa çəkən də mən olmuşam. Hüseyn Abdullayev bizə ağız açırdı, hörmət edirdi, pul verirdi ki, Rzanı prezidentin qəbuluna salın, ona kömək edin. Rza o vaxt heç kəs idi. Anası evdar qadın olub, atası da sürücü. Kim olub ki?! Mənim tutulmağıma əsas səbəbkar da elə Rza İbadovla Hüseyn Abdullayev oldu.
- Niyə?
- Paxıllıqdan. Rza İbadov deputat olanda mən onu Bakıda döymüşdüm. O, bunu unuda bilmirmiş yəqin.
- Niyə döymüşdünüz?
- Polis bölməsi rəisi olan vaxtım idi, Naxçıvanla bağlı bir cəmiyyət yaratmaq istəyirdim. Rza gəldi ki, sən kimsən axı belə bir iş görürsən. Bu da mənə pis təsir elədi. Rza İbadov kim idi axı mənə göstəriş verə? Mənimlə bu söhbəti heç nazirlər edə bilmirdi. Bu sözündən bərk əsəbiləşib onu vurdum. Rza İbadovu döyəndən sonra o, Hüseyn Abdullayevlə gedib indiki prezidentimizin qəbuluna girmişdi. Onlar İlham Əliyevə deyiblər ki, Müşfiq Mədətov Rəsul Quliyevin tərəfdarıdır, rəsulçudur, sizə qarşıdır, daha nələr. Yəni dalımca danışmışdılar. Allah sonda kimin kim olduğunu göstərdi. Sonradan hər ikisi - həm Rza İbadov, həm də Hüseyn Abdullayev dövləti satdılar. İndi ikisi də gedib Rəsul Quliyevlə oturub-dururlar. Bu dövlətdən pul qazanan “Quska”, yəni Hüseyn Abdullayev deputat olmuşdu. “Quska”nı deputatlıq mərtəbəsinə gətirən adamı da sonralar sıxışdırırdılar ki, sən bunu gətirib bizə problem elədin. Rza da indi durub deyir ki, müxalifətəm. Mən bir dəfə demişəm ki, əliyevçiyəm, vəssalam. Yalnız Heydər Əliyevlə işləmişəm, onu tanımışam. O, əlini bir dəfə masaya vuranda hər kəs öz yerini bilirdi. İndiki YAP mənlik deyil. Mən həbsdə olanda “Quska” yanıma gəlib dedi ki, Müşfiq, sən gəl mənimlə düşmənçilik eləmə, Rza səndən gedib prezidentə nələr deyibsə, hamısını yazmışam diskə. “Quska”ya dedim ki, bunu ikinizin də etdiyini bilirəm, amma indi çətinə düşən kimi gəlib Rzanı satırsan. Onlar o qədər adama pislik etdilər ki... Axırda nə oldu? Rzanın taleyi dağıldı, özü didərgin düşdü. İndiki ağlım olsaydı, bu hakimiyyətdə olan naxçıvanlıların birinə də nəfəs almağa imkan verməzdim. Onlara qarşı həmişə yaxşı olmuşam. Kişi kimi arxalarında durmuşam.
- Rza İbadovu harada vurdunuz? Bu hadisə baş verəndə yanınızda çox adam var idi?
- Rzanı Milli Məclisdə döymüşəm. Yanımızda polis rəisləri də var idi.
- Gələk sizə qarşı daha bir maraqlı məqama. Sizi 2005-ci ildə “Lotu Quli” ilə birlikdə zorlamada ittiham etdilər. Həbsxanada belə bir şey olmuşdumu?
- Bizə heç nə sübut edə bilmədilər. Bundan sonra bizə qarşı cinayət işi başladı ki, guya Cahangir Hacıyevin (Beynəlxalq Bankın prezidenti- red.) həyat yoldaşını biz, yəni “Lotu Quli” və onun dəstəsi oğurlayıb. Belə bir bəyanat getdi. Dedilər ki, bu cinayəti həbsxanadan telefon zəngləri ilə siz təşkil etmisiniz. 2005-ci ilin yanvar ayında bizi “bandotdel”ə apardılar. Mən, “Lotu Quli”, boksçu Fariz Məmmədov... 7 nəfər idik. “Lotu Quli”ni qardaşını da tutdular. Adam oğurluğu işini bizim üstümüzə qoymağa çalışırdılar.
- Elmar Hüseynov işini də sizinin üstünüzə yıxmaq istəyirdilər deyəsən...
- Elmar Hüseynov öldürüləndən sonra məlum oldu ki, Cahangir Hacıyevin həyat yoldaşını martın 10-da Hacı Məmmədovgil oğurlayıbmış. Sonra bizə dedilər ki, artıq məsələ həll olunub, siz də gedirsiniz evinizə. Həbsdən çıxmağıma 9 gün qalırdı. İyunun 1-də bizi istintaqa apardılar. Ayın 10-da vaxtım tamam olurdu. Amma işimi uzatdılar. Biz 7 nəfərə dedilər ki, sizi gətirib saxladıq deyə məcbur olub zorlama ittihamı veririk. Dediklərini elədilər, amma heç nəyi sübuta yetirə bilmədilər. Mənə əlavə 13 il iş verdilər. Məndən nə istintaqda, nə məhkəmədə ifadə almayıblar. Məhkəməyə də çıxmamışam. Mən zorlamada təqsirli bilindiyim halda üzləşdirmə olmadı. Axırda iki qızla üzləşdirdilər, onlar da dedilər ki, biz bu adamları tanımırıq. Qızlar dedilər bizi aparıb döydülər ki durun üzlərinə. Bütün bunların heç birini nəzərə almayıb mənə əlavə 13 il verdilər. 10 il yatmağım sayılmadı, əlavə 13 il iş verdilər. Bundan üç ay sonra atamın ürəyi partladı.
- Sizcə, bu sifariş idi?
- Əlbəttə. Mən heç kimin arvadını görməmişdim, oğurlamamışdım. Bu da sübuta yetirildi.
- “Lotu Quli” ilə münasibətləriniz sonra necə oldu?
- Yaxş idi. Biz 7 nəfəri tutanda tək mən idim ağ vərəqə qol çəkməyən. O birilər təzyiqlərə tab gətirə bilmədilər deyə izahat yazdılar. Amma təkcə mən yazmadım. Dedilər yaz ki, şərdir, yalandır. Mən yenə də yazmadım. Dedim olmayan şeyi yaza bilmərəm. Bunu bütün DİN, avtoritetlərin hamısı bilir.
- Çox döyürdülər sizi?
- Bəli.
- Sizə xeyli işgəncə verilib. Azadlıqda olanda sizi döyən insanlarla üz-üzə gəlmisinizmi heç?
- Gəlmişəm.
- Və...
- Deyirəm ki, onları Allaha tapşırmışam. Allah ömür verər, qisasımızı alarıq.
- O insanlarda sizə münasibətdə sıxıntı hiss etdinizmi heç?
- İki gün əvvəl bulvarda gəzirdim. O adamlardan üçünü - Arzu Daşdəmirovu, Bağırı və Akifi gördüm. Məni görüb üstümə gəldilər ki, görüşələr. Mənsə görüşmək istəmədim. Dönüb gedəndə arxadan çağırdılar ki, Müşfiq, getmə, gözlə. Dedim nə var, nə istəyirsiniz. Dedilər ki, sən bizi bağışla, yuxarıdan deyirdilər, biz də deyiləni edirdik. Dedim mən də gedim indi nazirə deyim ki, bunlar deyir biz nazirin əmrini yerinə yetirmişikmi? Üzümü çevirib getdim. Mən onlarla danışmaq, əlaqə saxlamaq istəmirəm. Belə vəziyyətlərlə rastlaşmışam. Axırıncı dəfə Ağaməmməd Məmmədovu gördüm. Söydüm, dedim indi də apar məni sal karsa.
- Müşfiq bəy, bir neçə gün əvvəl əməliyyat olunmusunuz. Niyə?
- Əməliyyat olundum. Ayaq barmaqlarımın ikisini kəsdilər. 6 ay karsda qalmışam. Bu, onların nəticəsidir. Taxta çəkiclə ayaqlarıma o qədər vurublar ki, şişləri hələ də qalır. Mən axıra qədər sözümü demişəm. Məni sındıra bilməyiblər. Karsa düşdünsə, dözməlisən. Dözə bilməsən, hamının gözündən düşürsən. Məhbəs hər adamın yeri deyil. Bir şeyi deyim. 2005-ci idə mənə qarşı zorlama ittihamı ilə iş gedirdi. Hüseyn Abdullayev də təzəcə deputat seçilmişdi. Deyirdi ki, Müşfiq çıxıb Heydər Əliyevin kortejinin qabağına. Mənim silahlı dəstəmi də guya “Quska” zərərsizləşdirib. “Quska”, indi çıx qabağıma, de görüm bunları. Deyə bilməz. Əlində hansı faktlar vardı ki, belə deyirdin? Mən onda rəis idim. Yanımda olanlar da qanunla silah daşıyırdı. Amma “Quska”nın özünün qanunsuz dəstəsi var idi.
- “Quska”nın qanunsuz silahlı dəstəsi var idi?
- Bəli, 300 nəfərlik dəstəsi var idi.
- O dəstəni niyə yaratmışdı?
- Guya mitinqləri dağıdırdılar. Əslində neftin pulundan yaxşıca qazanırdı. Adam döyürdülər. “Razborka”lara gedirdilər. Kommersantları döyüb pullarını alırdılar.
- Bəs sonra “Quska”nın dəstəsi dağıldımı?
- Hə. Yuxarıdan göstəriş verdilər. Həm də o daha deputat seçilmişdi. Dedi pulum boş yerə getməsin. Onun əlindən nefti aldılar. O da uşaqları dağıtdı.
- O 300 nəfər harda qalırdı?
- Hərəsi bir yerdə qalırdı. Lazım olanda zəng edirdilər, yığışıb gəlirdilər.
- Onların silahı var idi?
- Silahlı idilər. “Quska”nın özü də neçə dəfə Qaradağ rayonunda qanunsuz silah işlədib. Amma ona cinayət işi açmayıblar. “Quska” haqqında faktlarım var. İndi “Quska”nın yanında heç kim yoxdu. O tutulanda da yanında heç kim yox idi. Kişi kimi yata da bilmədi. Həbsxanada “sındı”. Yaxınları girib kamerada ona-buna yalvarırdı. Müğənnilər çıxıb televiziyada bunun xahişini edirdilər.
- Siz hardan bildiniz ki, o “sındı”?
- Əlaqə saxlayıb məlumat alırdıq. Dustaqlar gəlib deyirdilər ki, “Quska” türmədə özünü dəliliyə vurub ağlayır. Anası girib kamerada ona uşaq kimi qaşıqla yemək yedirirmiş. Kürdəxanının rəisi Azər Seyidov özü mənə danışdı bunu. Dedi girdim kameraya “Quska”ya deyim ki, bura nazirlər düşüb, özünü “sındırma”. Naranın üstünə çıxıb qışqırıb ki, gəlməyin, məni öldürmək istəyirsiniz. “Quska” Bayılda olanda olub bu hadisələr.
- Sonra onu necə buraxdılar?
- Bilmirəm. Kimsə havadarlıq etdi və azad etdilər. Digər tərəfdən də artıq o heç kimə lazım deyildi. Onun milyonları var. Nə istəyirsən daha? Get yaşa da. Kim olmusan axı sən? Deyirlər ki, 15 iyunda “Quska” belə elədi, elə elədi. 15 iyunda “Quska” olub ki? Bu adamlar Heydər Əliyev üçün heç nə etməyiblər. “Quska” Gəncədə olub? Ora adam göndərib? Bunların heç birini etməyib. 1993-cü ilin iyununda “Quska”nı heç kim görməyib.
- O, öz dəstəsini nə zaman yaratmışdı?
- 1994-də. Aramızda sonra söhbətlər oldu. Onu ən çox “nakazat” eləyən mən olmuşam. Ona görə də Rza İbadovla birləşib məni tutdurdular. “Quska” pul verdi Rzanı deputat seçdirmişdi. Rzanın pulu yox idi. Naxçıvanda bütün kommersantların əlini vurdular, hamının işini əlindən aldılar. Bir adama da yaxşılıq eləmədilər. Kimə çörək veribsə, sonradan başına vurub. Tutulanda da yanında heç kim olmadı.
- Ona görə müxalifətə keçib?
- Yəqin ki... Kişisənsə, əqidəni niyə dəyişirsən? Mənim kimi 15 il yatmısan? Mən əvvəlcədən əliyevçi olmuşam, indi də əliyevçiyəm.
- Heydər Əliyev sizə çox etibar edirdi yəni?
- O, mənə həmişə etibar edib. Hər çətin vəziyyətdə də mənə etibar edib.
- Məsələn, hansı çətin vəziyyətlərdə?
- Məsələn, Ələkrəm Hümbətov məsələsində. Gəncəyə Surət Hüseynovla görüşə gedəndə Gəncədəki qonaq evinə Heydər Əliyevlə bərabər təkcə mən girmişəm.
- Necə yəni təkcə siz girdiniz?
- Qonaq evinə rəsmi şəxslərdən başqa heç kimi, o cümlədən mühafizəçiləri də buraxmırdılar. İçəri yalnız Heydər Əliyevi, Bəylər Əyyubovu və Mahmud müəllimi (Heydər Əliyevin kürəkəni Mahmud Məmmədquliyevi nəzərdə tutur- red.) buraxmışdılar. Mühafizəçilərdən isə heç kimi buraxmırdılar. Bizi çöldə saxladılar. Mən Surətin mühafizəçiləri ilə mübahisə etdim. Axır ki, mən də içəri girdim. İki gün qaldılar orada. Həmin iki günü orada da elə dəhlizdə qaldım, orada da yatdım.
- Lənkəranda Ələkrəm Hümbətovu niyə həbs edə bilmədiniz?
- Ələkrəmi həbs etmək üçün Lənkərana getmişdik. Amma alınmadı. Biz ora gedəndə artıq o qaçıb getmişdi. Qabağını ala bilmədik. Bizdən qabaq da ora Biləsuvar OMON-u getmişdi.
- Heydər Əliyev prezident olandan sonra onunla ünsiyyətiniz olurdumu?
- Yox. Əsas ünsiyyətimiz 1994-95-ci il hadisələrində olub.
- O zaman vəzifəniz nə idi?
- Mühafizə idarəsində növbə rəisi idim. O zaman Bakıya alışmışdım. İşim də rahat gedirdi. Hər kəs hörmətimi saxlayırdı. Həbsdə olanda da, indi də həmin insanlar məni axtarırlar, halımı soruşurlar.
- 1994-cü il də gərgin il idi. O olayları necə xatırlayırsınız?
- 1994-cü il OMON hadisələrində hər kəs qaçmışdı. Biz o zaman Heydər Əliyevlə Amerikada idik. Tariyel Ağayev bizə zəng vurdu ki, Afiyəddin Cəlilovu, Şəmsi Rəhimovu öldürüblər.
- Heydər Əliyevin bu xəbərə reaksiyası necə oldu? Siz onun yanında idiniz. O həyəcanlandımı?
- Ümumiyyətlə, Heydər Əliyev həyəcanını, hisslərini biruzə verən insan deyildi. O, çox soyuqqanlı, təmkinli, iradəli adam idi. Bu xəbəri alandan sonra Türkiyə prezidenti Süleyman Dəmirəlin təyyarəsi gəldi. Biz ABŞ-dan Türkiyəyə uçduq. Türkiyədə bizə dedilər ki, Heydər Əliyevə sui-qəsd olacaq. Bakı qvardiyasından Türkiyəyə - bizə kömək gəldi. 10 nəfər xüsusi təyinatlı gəlmişdi. Səhərisi gün Bakıya gəldik. Rəhmətlik Afiyəddin müəllimin evi Hökumət Evinin yanında idi. Yas mərasimi də orada keçirilirdi. Sonra Heydər Əliyev bizim müşayiətimizlə onun dəfninə getdi. O zaman yasda da heç kim yox idi. Bunun 10-12 şahidi var. Onlardan biri də mənəm. Tariyel Ağayev bilir ki, orada kimlər var idi.
- O yas mərasimində kimlər yox idi?
- Nazirlərin demək olar ki, heç biri yox idi. Hamısı qorxurdu. Prezidentin mühafizəçilərinə həyəcan siqnalı verilmişdi. Amma 30 nəfərdən cəmi 7 nəfər gəldi. Qalanları qorxurdular. Hamı gözləyirdi ki, görək axırı nə olacaq. O vaxt Heydər Əliyev dedi ki, Rövşən Cavadovun atası Bəxtiyar Cavadovu gətirin danışıqlara. Rövşənlə danışıqlara getməyə də adam yox idi. Akif Muradverdiyevlə ikimiz getdik. İndi hamı kitab yazır ki, belə hadisələr olub, nə bilim nə olub. Onlar oturub televizora baxıb kitab yazırlar. Həmin hadisələrin canlı şahidi mənəm, bir də qalan OMON-çulardır.
- Bəxtiyar Cavadovla görüşə elə siz və Akif Muradverdiyev getdiniz?
- Bəli. OMON-un bazasında bizə bildirdilər ki, Bəxtiyar kişi Heydər Əliyevin qəbuluna gedəndə onun yerinə girov kimi bir nəfər burada qalmalıdır. Dedim mən qalaram. Allaha şükür ki, Tariyel Ağayev sağdır, yaşayır, bilir hər şeyi və təsdiq edə bilər. Daha onu deyə bilmərəm ki, Tariyel Ağayev bəlkə dinini-məzhəbini dəyişə, deyə mən görməmişəm. Amma məsələ belə olub.
- Siz könüllü olaraq dedinizmi “mən girov qalaram” sözünü?
- Mən heç rəsmi adam deyildim axı. Getdim görüşə. Dedim məni girov saxlayın, əgər bir şey olsa, məni öldürərsiniz.
- Beləliklə, girov qaldınız..
- Yox, Rövşən Cavadov məni yaxşı tanıyırdı. Dedi bu, burada qalmayacaq, bizimlə birgə gedəcək. Onlarla birgə Prezident Aparatına girəndə tələb etdim ki, hamı silahlarını təhvil verməlidir, əks halda içəri buraxmayacağam. Cahangir Müslümzadə də söhbətə qarışdı. Dedim bura mühafizədir, silahları verməlisiniz. Rövşən Cavadov da silahını mənə təhvil verdi. Prezidentin yanına silahla heç kəs girə bilməzdi. Məndən qorxmurdular, sadəcə hörmət edirdilər. Hadisələr səngiyəndən sonra, ertəsi gün mitinq oldu. Sirus Təbrizli xalqı meydana çağırdı. Bundan sonra hamı, özünü əliyevçi sayan bütün məmurlar mitinqə axışıb orada şəkil çəkdirməyə başladılar.
- Sonra nə oldu?
- Heydər Əliyevlə Rövşən və Bəxtiyar kişi bütün məsələləri müzakirə etdilər. Barışıq oldu. Ara sakitləşdi.
- Bu olaylardan sonra sizə etimad güclənməli idi...
- Hə. Bu hadisələrdən sonra Heydər Əliyevin görüşünə kim gəlirdisə, onu içəri yalnız mən buraxırdım. Rza İbadovu, başqalarını.
- Rza İbadov Heydər Əliyevin qəbuluna düşə bilmirdi bəyəm?
- Yox. Rza İbadov və onun kimilər o zaman kim idi ki?! Mən gedib Bəylər müəllimə deyirdim ki, Rza gəlib, onu qəbul edin. Rzanın hansı səlahiyyəti var idi ki?! Bir keçmişə baxın. Tək o da deyildi. Hüseyn Abdullayev və onun kimilər bu hadisələrin heç birində olmayıb. Onlar 1997-ci ildən sonra ortaya düşdülər. Bunların hamısını sübut edərəm. İstəyirlərsə, məni məhkəməyə də verə bilərlər. Amma dediklərimi sübut edərəm.
- Rza İbadovun Heydər Əliyevə birbaşa çıxışının olmadığını dediniz...
- Bəli. Ona heç yaxınlaşmağa da ixtiyarı yox idi. Rza gəlib Bəylər müəllimlə görüşüb məsləhətlər alardı və bütün xahişlərini də onun əli ilə çatdırardı. Rza heç vaxt ondan yuxarı qalxa bilməzdi. Rzanı Heydər Əliyevin qəbuluna ilk dəfə bilirsiniz haçan buraxmışıq?! Naxçıvandan Heydər Əliyevlə görüşə gələn bir qrup sakinlə birgə. Orada da Rza guya natiq idi. Durdu danışdı.
- 1995-ci ilin mart hadisələrini necə yadda saxlamısınız? Orada da fəal iştirak etmisiniz?
- O zaman OMON polis idarəsinə hücum elədi. Mən də Nizami Rayon Polis İdarəsi 23-cü polis bölməsinin rəisi idim. Bu vəzifəyə həmin il martın 3-də təyin olunmuşdum. 1994-cü il oktyabr hadisələrindən sonra, 1995-ci il, fevralın 28-də mühafizədəki işimdən çıxdım. Çıxarılmadım, çıxdım. Mən qırmızı adamam, hər kəsin üzünə deyirdim ki, ən təhlükəli günlərdə siz Heydər Əliyevi tək qoyub qaçmışdınız, gizlənmişdiniz. Həqiqəti deməyim də belə insanların xoşuna gəlmirdi.
- Yəni siz onlara irad tuturdunuz ki, Heydər Əliyevin çətin günündə niyə onun yanında olmamısınız?
- Mən onları sata bilərdim. Heydər Əliyevə deyərdim ki, oktyabrda onların çoxu qaçıb. Heydər Əliyev onların birini də işdə saxlamazdı. Amma biz həmkar idik, mən belə şeyi dostluğa, kişiliyə sığışdırmıram.
- Və sizinlə o insanlar arasında qarşıdurma yarandı...
- Onlar mənimlə qarşıdurmaya gedə biləcək insanlar deyildi. Bir gün məni Vaqif Axundov yanına çağırdı. Haşiyə çıxıb deyim ki, oktyabr hadisələrindən sonra mənə baş leytenant rütbəsi verilmişdi. İşimdə də heç bir nöqsanım yox idi. Vaqif Axundov isə mənə dedi ki, sən işdən azad olunursan və bu, Heydər Əliyevin göstərişidir. Dedi səni DİN-ə sərəncama vermişik, işə götürəcəklər, get orada işlə. Mən də dedim ki, niyə getməliyəm, nə səhvim var. Dedim əgər Heydər Əliyev get desə, gedərəm. Dedim siz hamınız Surətin və Rövşənin qabağından qaçmışdınız, mən isə Heydər Əliyevin qapısının ağzında öz postumda idim, mən niyə getməliyəm. Sonradan mühafizədə gördüyünüz yeni adamlar təhlükəli günlərdən sonra üzə çıxdılar. Məsələn, 1994-cü il hadisələrindən sonra Nehrəmdən Molla Muradəli Bakıya gəlib, indiki növbə rəisləri Abdulla ilə Səftəri Heydər Əliyevə etibarlı insanlar kimi təqdim edib, onların mühafizəyə işə götürülməsini xahiş etmişdi. Halbuki Naxçıvanda hamı bilirdi ki, Abdulla cəbhəçi olub, sonra da Naxçıvanda “bandotdel”in rəisi vəzifəsinə gətirilib. 1994-cü ildə bunlar gəldi, düşdülər mühafizə idarəsinə, oldular qəhrəman. Biz də o pis günləri keçdik, olduq heç nə.
- Sizi bundan sonra 23-cü polis bölməsinə rəis göndərdilər?
- Yox. Mən onlara dedim ki, Heydər Əliyevlə görüşməsəm, işdən çıxmayacam.
- Heydər Əliyev sizi qəbul etdimi?
- Bəli. Sadəcə mən bu insanlara sübut etmək istəyirdim ki, son qərarı verən adam onlar deyil. Sonra Heydər Əliyevlə görüşüm oldu.
- Təkbətək?
- Yox. Rəsul Quliyev də içəridə idi. Heydər Əliyev mənə dedi belə məsləhət görmüşük ki, səni Nizami Rayon Polis İdarəsi 23-cü polis bölməsinə rəis verək. Mən də dedim, necə məsləhətdirsə, elə də olsun. Amma sual da verdim. Dedim, cənab prezident, mən niyə getməliyəm? Dedi mən belə məsləhət bilirəm, o generaldır, onu işdən çıxarsam, qalmaqal olar, sən isə hələ cavansan. Sonra Heydər Əliyev Ramil Usubovu çağırdı. Dedi bunu 23-cü polis bölməsinə rəis ver. Ramil Usubov o bölmədə başqa adamın rəis olduğunu bildirdi. Amma Heydər Əliyevin tapşırığı əmr idi. İcra olunmalı idi. 23-cü polis bölməsinin rəisini çıxarıb Suraxanıya bölmə rəisi göndərdilər. Gərək ki 33-cü bölməyə.
- Dediniz ki, Heydər Əliyevlə görüşəndə Rəsul Quliyev də orada idi. Cəmiyyətdə sonradan belə bir söz-söhbət yayılmışdı ki, sizin Rəsul Quliyevlə yaxınlığınız var. Yaxın idiniz doğrudan da?
- Bütün nazirləri Rəsul Quliyev çağırırdı. O nə deyirdisə, dərhal icra edirdilər. Mən də Heydər Əliyevlə görüşdə Rəsul Quliyevə deməli idim ki, siz çıxın çölə, mənim prezidentlə söhbətim var? Rəsul Quliyev hakimiyyətdə ikinci adam idi. Nazirlər gedib onun qapısında növbə gözləyirdi. Rəsul Quliyev məni çağırıb iclas keçirib, yoxsa mənə vəzifə verib, nə edib ki?! Onunla heç bir yaxın münasibətimiz olmayıb. Mən Heydər Əliyevin mühafizəçisi olmuşam.
- Deməli, 23-cü polis bölməsinə rəis təyin edildiniz…
- 1995-ci il, martın 3-də yeni iş yerimə çıxdım. Martın 7-8-də isə Qazaxda OMON hadisələri baş verdi. Onda bildim ki, məni elə “rasxod”a vermək üçün bu bölməyə göndəriblər.
- Yəni sizi əslində qaynar nöqtəyə göndərmişdilər...
- Bəli. Bilirdilər ki, mən heç nədən qorxan, geri çəkilən deyiləm.
- 1995-ci ilin mart hadisələrində iştirakınız, rolunuz nədən ibarət olub?
- Biz onda Nizami Rayon Polis İdarəsində otumuşduq. Maştağadan Vidadi adlı OMON-çu var idi. O gəlib Nizami Rayon Polis İdarəsinin rəisi Sahib Mirzəyevlə görüşdü. Yedilər-içdilər, söhbət etdilər. Vidadi gedəndən yarım saat sonra bizə hücum oldu. Bizdən iki nəfər yaralandı. Onlardan da yaralanan olmuşdu. Bizdən yaralananlardan birinin adı Kamal idi. İndi o, Naxçıvanda gömrükdə işləyir. Danışa bilmir, güllə ağzına dəymişdi. Bir də Azər idi bizdən yaralanan. İndi hamı qəhrəmanlıqdan danışır. Amma onda hamısı qaçıb divanın altında gizlənmişdi. Biri də yaxına gəlmirdi. Orada bizimlə birgə vuruşanlar Naxçıvan uşaqları idi.
- Deyirlər o zaman Naxçıvandan da dəstə gəlmişdi...
- Deyirlər, amma mən görməmişəm.
- Və o hadisələrdən bir il sonra siz həbs olundunuz…
- Bəli.
- Nə baş verdi? Sizi niyə tutdular?
- Heç nə. Öz ətrafımdakı adamların paxıllığından tutuldum. Yəqin özlüklərində deyirmişlər ki, Müşfiq niyə belə sürətlə qalxır. Mən dövlətçiliyə qarşı heç bir şey etməmişdim. Ayaz Mütəllibov ikinci dəfə hakimiyyətə gələndə onu Keşlə məscidinə aparıb xeyir-dua verib gətirmişdilər. Ətrafındakıların hamısı bakılılar idi. Mühafizəçisi, sürücüsü keşləli idi. Onlar özbaşınalıq edirdilər. Mənsə orada, Nizami rayonunda qayda-qanun yaratmışdım, vəssalam. Ayrı nə etmişdim ki?! Bakı qarnizonunda cinayətlərin açılma səviyyəsinə görə ən güclü bölmə mənim bölməm olub. Onlarsa bunu qəbul edə bilmirdilər. Mən polisə təzə uşaqlar götürmüşdüm. Mənim paxıllığımı çəkənlər isə deyirdilər ki, Müşfiq cinayətkarları döyür. Nə etməli idim?! İndiki polislər idmançıdır, seçib götürürlər. O vaxt mən də Kikboksinq Federasiyasının vitse-prezidenti idim. Federasiyanın prezidenti şəkili balası Azər idi. İndi Uşu-Sando Federasiyasındadır. O uşaqları mən öz hesabıma, dostlarımın köməyi ilə yarışlara, dünya çempionatına aparmışam. 4 nəfər apardım, üçü medal gətirdi. Mən belə işlər görürdüm. Amma çoxu bunu görməzliyə vururdu.
- 1996-cı ildə səni həbs elədilər. Harada həbs elədilər?
- Daxili İşlər Nazirliyində həbs olundum. Rəisim Sahib Mirzəyev mənə dedi ki, bu gün nazirlikdə iclasdır, səni də çağırırlar. Halbuki nazir biz bölmə rəislərini heç vaxt nazirliyə yığmırdı. Onda Elçin Əmiraslanov həbs olunmuşdu. Mən soruşdum ki, Sahib, qardaş, bizi nə məqsədlə nazirliyə yığırlar. Dedi ki, bu iclas Elçinin həbsi ilə bağıldır.
- O vaxt belə bir söhbət də var idi ki, Elçin Əmiraslanovu sən gizlətmisən...
- Hə, belə söhbətlər var idi. Hətta Elçini içəridə döyürdülər ki, üzümə dursun. Ona deyirdilər ki, de düşmənimdir. Mən də vəkil Namizəd Səfərova dedim yazıqdır, işgəncələrə dözməkdənsə qoy yalandan boynuna alsın. Onsuz da döyə-döyə “sındırır”lar. Sonra bizi Elçin Əmiraslanovla üzləşdirəndə işgəncələrə baxmayaraq o dedi ki mən qarşımdakı adamı tanımıram. Amma bütün problemləri mənim üstümə yıxmağa çalışırdılar. Məni hətta Afiyəddin Cəlilovun, Şəmsi Rəhimovun ölümünə bağlamaq istəyirdilər. Müstəntiq Vahid Məmişov var idi. Onun yadından çıxmışdı ki, Afiyəddin Cəlilov, Şəmsi Rəhimov öldürülən gün mən Heydər Əliyevlə birgə Amerikada olmuşam. Mən də vəkilim Yusifbəyliyə “zapiska” göndərdim. Ona yazdım ki, bu Amerika söhbətini müstəntiqə demə, qoy çaşsın, bu cəfəng iddianı cinayət işinə salsın. Məhkəmə başlayanda bu iş pis “partlayacaq”. Həmin gün Heydər Əliyevlə Amerikada olmağım bunların ağlına da gəlməmişdi. Mən necə oldu ki, Amerikadan uçub gəlib adam öldürmüşəm? Demə, vəkil Yusifbəyli də bunların adamı imiş. Vəkil sonra özümə dedi ki, həbsxanadan çıxanda guya üstünü axtarıb məktubu tapıblar. Beləliklə, qətl məsələsini mənim üstümdən götürdülər. O alçaq vəkilə 8 min dollar da pul vermişdim.
- Qayıdaq həbsinizə. Siz DİN-ə iclasa gedəndə nə baş verdi?
- DİN-ə gedəndə məni heç vaxt yoxlamırdılar. Çünki uşaqların hamısı məni yaxşı tanıyırdı. Çoxu naxçıvanlılar idi. Mən üstümdə silah gəzdirmirdim. Həmişə çantama qoyurdum. Nazirliyin binasına bu dəfə girəndə ilk dəfə üstümü yoxlamaq istədilər. O uşaqlara çox hörmət eləmişəm. Bakıda ev, maşın alanda hamısına yardım eləmişəm. Onlar məni görəndə qabağıma gəlib görüşərdilər. Amma bu dəfə üstümü yoxladılar. Heç ağlıma da gəlməzdi bu. Öz-özümə dedim yəqin göstəriş veriblər ki, hər kəsin üstü yoxlansın. Mən, Sahib Mirzəyev, Suraxanı Rayon Polis İdarəsinin rəisi Etibar Qazıbəyov birlikdə girdik nazirliyə. İçəri girəndən sonra onlar mənə dedilər ki, sən burada gözlə, biz gedib nazir müavini Əsgər Ələkbərovla görüşüb gəlirik. Demə, onlar mənim həbs olunacağımı bilirmişlər. Əslində onların heç biri mənim həbsimi istəmirdi, amma vəziyyət belə gətirmişdi. Nə isə, nazirin qəbuluna girdim. İclasda məni ayağa qaldırıb dedilər ki, sən iplik fabrikinin müdirindən rüşvət almısan. Fabrikin sahibinin qardaşı Zakir 9-cu polis bölməsinin rəisi idi. Fabrikin müdiri bir dəfə mənim yanıma görüşə gəlib. Təbrik etmək üçün. Bundan başqa mənim onunla görüşüm olmayıb. Yəni bu ittiham əsassız idi. Mənim üstümə başqa bir şey qoya bilmədilər. Sonra gedib evimdə axtarış aparmışdılar. Evdən də heç nə tapa bilməmişdilər.
- Sizi elə DİN-in binasında da qandalladılar?
- Bəli. Məni nazir Ramil Usubovun maşınına mindirib apardılar.
- Kim apardı?
- İndi Nəsimi Rayon Polis İdarəsinin rəisi olan Musa və nazirin sürücüsü apardı. Məni aparıb MTN-ə təhvil verdilər.
- Niyə MTN-ə?
- Dedilər ki, sən DİN-də işləmisən, orada dost-tanışın çox ola bilər. Ona görə də məni qanunsuz olaraq MTN-ə aparıb orada əsassız şəkildə saxladılar. Amma mənimlə həbs edilənləri DİN-də, “bandotdel”də qaldı.
- İstintaq isə rüşvət maddəsi ilə gedirdi?
- Yox, nazirin göstərişi ilə mənə əvvəl 10 sutka həbs verildi. 5 gün keçəndən sonra gəldilər ki, sənin evindən qumbara “tapdıq”. Buna görə mənə 220-ci maddə ilə cinayət işi açdılar. Halbuki evimdə yoxlama aparmışdılar və heç nə tapılmamışdı. 5 hal şahidi də gətirmişdilər. Amma heç biri imza atmamışdı. Bu barədə əlimdə sənəd-sübut da var. Bunu məhkəmədə də dedilər.
- Sizə birinci dəfə neçə il verdilər?
- 12 il.
- Müşfiq Mədətov… Prezidentin mühafizəçisi… Polis rəisi… İndi də məhbəs həyatı, 12 il həbs… Bunlar sizə necə təsir edirdi? İlk gündən özünüzü necə hiss etdiniz?
- İnanmırdım ki, məni həbs edələr. Mən tutulanda Heydər Əliyev Lissabon sammitində idi. Qəzetlərdə xüsusi olaraq kampaniya təşkil etdilər, belə yazılar verdilər ki, guya Elçin Əmiraslanovun istintaqda gizlənməsinə kömək etmişəm, qətllər törətmişəm və sair. Amma mənim işimdə nə bir ölüm-itim vardı, nə də başqa bir şey. Evimdə o vaxt Hacı Məmmədov axtarış aparmışdı. Yeri gəlib, bir məqamı da deyim. Hacı Məmmədovun ikinci həyat yoldaşı Nailə Quliyeva özünün Keşlədəki məşhur evində yaşayırdı. Mənə demişdilər ki, onun evinə çeçenlər gəlib-gedir. Həmin çeçenlərə ilk hücumu mən təşkil etdim, onları tutub döydüm. Çeçenlərin “Nissan Patrul” maşını vardı, onu da əllərindən aldım. Qoymazdım ki, kimsə orada artıq-əskik hərəkət eləsin. Mən Keşləyə qayda-qanun gətirmişəm. Nardarandan sonra ən “narahat” kənd Keşlə idi. Orada zavodlar çox idi. Keşləlilərin hamısı da yaxşı yaşayırdı. Heç kimə tabe olmaq istəmirdilər. Divara yazırdılar ki, “Keşlə keşləlilərindir”. Kənar kəndlərdən gələnləri sevmirdilər, yerlipərəst idilər.
- Deməli, çeçenlərlə birinci qarşıdurma sizinlə yarandı?
- Bəli.
- Bəs bilirdinizmi ki, onlar Hacı Məmmədovun evinə gedib-gəlirlər?
- Yox, uşaqlar dedilər ki, onlar o evə gedib-gəlirlər. Tutub gətirdilər yanıma, cəzalandırdım.
- Sonra Hacı Məmmədov sizdən xahiş etdimi ki, onları buraxasınız?
- Bəli. DİN-də də tanış adamlar var idi. Onlar da xahiş etdilər, buraxdım. Sonra isə mənim evimi onlar gəlib axtardılar.
- Həbsdə olarkən fikirləşdinizmi ki, Heydər Əliyevə məktub yazasınız?
- Heydər Əliyevə müraciət elədim. Amma müraciətimin gedib ona çatmasına imkan vermirdilər. Bu əngəllərə baxmayaraq mənə qarşı irəli sürülən ittihamların heç biri sübuta yetmədi. Hətta valyutadəyişmə məntəqələrindəki ölüm işlərini də üstümə qoymağa cəhd etdilər. Sonra ordubadlı şair Rüstəm Behrudinin qardaşının qətlini də mənim üstümə yıxmağa çalışırdılar. Rüstəmi gətirdilər mənimlə üzləşməyə. Onu həyatda ilk dəfə də elə həmin üzləşmədə gördüm. Mən xalq arasında ondan da hörmətliyəm. Nə olsun ki, şeirlər yazıb?! Behrudi üzləşmədə üzümə durub dedi ki, bu adam valyutadəyişmə məntəqəsinə girib, qardaşımı da evdə bacımın yanında vurubdur, üzündə heç maskası da olmayıb. Bunlar da mənim yanımda olan Mişaya deyirdilər ki, de Müşfiq deyib, sən vurmusan. Mişa isə bunu demirdi. Onu Qobustanda o qədər döydülər ki, işgəncələrdən öldü.
- Bəs Rüstəm Behrudinin qardaşının həbsinə görə başqa bir qrup həbs olunmuşdu axı. Onun qatili Prezidentin Mühafizə İdarəsinin digər əməkdaşı Tariyel Həsənov idi…
- Bizim məhkəmə gedəndə bu iş də açıldı. Yoxsa bizə bunun üstündə iş verəcəkdilər. Behrudinin qardaşı, bacısı məhkəmədə üzümüzə durmuşdular ki, vuran bunlardır.
- Rüstəm Behrudinin qardaşının qətlini niyə sizin üstünüzə qoymaq istəyirdilər?
- Yazıçıların qurultayında Rüstəm Behrudi Heydər Əliyevə gileylənmişdi ki, qardaşının qətlini aça bilmirlər. Hüquq-mühafizə orqanlarının rəhbərləri, ilk növbədə Zakir Nəsirov da fikirləşib ki, bu qrup tutulub, qoy yükləyək bunların üstünə, getsin.
- Qayıdaq əvvələ. Dediniz ki, 1991-ci ildə Heydər Əliyevlə görüşməyə can atanlar tez-tez Bakıya gəlib-gedirdilər. Cəbhə hakimiyyəti dövrü idi, İsgəndər Həmidov hamını hədələyirdi. Yəni o vaxt Heydər Əliyevlə görüşmək bunu istəyən adamlara təhlükə yaradırdı. Maraqlıdır, o zaman Əliyevlə görüşməyə can atan, bununla da özünü təhlükəyə salan ona sadiq insanlar kimlər idi?
- Mən Sirus Təbrizlini, Fərəməz Maqsudovu görmüşəm. Çox adamı tanımırdım. İndi Yeni Azərbaycan Partiyasında olan Siyavuş Novruzovu, Mübariz Qurbanlını sonralar Bakıda görmüşəm.
- Siyavuş Novruzov o zaman Naxçıvanda idi axı…
- Yox. Yalan söhbətdir.
- Bəs belə söhbətlər var ki, Siyavuş Novruzov da orada olub. Cüssəli, idmançı bir gənc kimi Əliyevin mühafizəsində xidmət edib…
- Yalandır. Naxçıvanda Siyavuş söhbəti olmayıb. Biz Həsən Əliyevin vəfatı ilə bağlı Bakıya gələndə burada bizə köməkçi kimi Tahir adlı oğlanı, bir də Abdin Fərzəliyevi vermişdilər. Onlardan başqa heç kəsi görməmişəm. Kimsə başqa adamları görübsə, desin. Siyavuş Novruzov bizi yığıb desin ki, Ali Sovetin qapısı necə olub, özü harada durub...
- Sizə 12 il həbs cəzası verdilər. Hansı cəzaçəkmə müəssisəsinə göndərdilər?
- 6-cı kolona. İki ay 15 gün orada qalandan sonra məni ən pis “zon” sayılan 14-cü kolona köçürdülər. Ora “disbat” (cəza batalyonu- red.) idi. Orada heç ot da bitmirdi. Lalə Şövkət dövlət katibi olanda ora yol çəkdirmişdi. Açılışına da gəlmişdi. Elçibəy də orada yatıb.
- İnanmırdınız ki, sizi həbs edələr. Bəs 12 ili eşidəndən sonra necə oldu? Reallıqla barışa bildinizmi?
- Bildim ki, reallıqdır. Amma fikirləşirdim ki, uzağı 2-3 il yatıb çıxaram. Öz-özümə deyirdim ki, cavanlıqdır, işdir olub, səhv eləmişəm. Amma mən heç vaxt dövlətçiliyə qarşı çıxmamışam. Mənə qarşı hər kəs aqressiv idi. Müxalifət qəzetləri məndən yazırdı. Mən onlara nə etmişdim ki?! Mən öz işimi görmüşdüm.
- Bəs deyirdilər Heydər Əliyev səni buraxmaq istəyib...
- Hə, belə deyirdilər. Amma olmadı. Əfv Komissiyasının üzvü İradə xanım gəlib mənə dedi ki, Heydər Əliyevə müraciət elə. Mən də dedim ki, mənə “rüşvət almısan” deyirlər, amma heç nəyi sübut edə bilmirlər. Guya Neft Şirkətində neft oğurlayanlar mənə 73 “şirvan” rüşvət veriblər. İddia edirdilər ki, guya 33 serjant 2 “şirvan”dan yığıblar, üstünü də komandir düzəldib, gətirib mənə veriblər. Mən də məhkəmədə hakimə dedim ki, 17 maşınımın 4-ü və evim müsadirə olunub. Dedim əgər mən o iki “şirvan”ları üst-üstə yığsaydım, 1 il 9 aya o maşınların heç təkərini ala bilməzdim. 73 “şirvan”a görə mənə 12 il həbs verdilər.
- Adətən polislər həbsə düşəndə kriminal aləmlə toqquşmalar yaranır. Siz isə həbsə düşəndə tam əksinə oldu. Siz “oğru”ların yanında oldunuz. Bunu necə izah edərsiniz?
- Düzdür, hələ belə şey olmamışdı. Bunu türmə rəisləri də bilirdi.
- Axı bu, həbsxana qanunlarının əleyhinə idi...
- Bəli, əleyhinə idi. Mən polis rəisi işləyəndə də kimi tutmuşamsa, qanuna əsasən tutmuşam. Sifarişə işləməmişəm. Öz qanunum olub ki, söyüş götürmək olmaz. Bunu işçilərim də bilirdi. Onlara da deyirdim cinayətkarları tutanda elə tutaq ki, bizi söyməsinlər. Söyüş altında qalmayaq. Kiminsə üstünə nəsə atıb tutmayaq. Yalandan tutsaq, o, bizi söyəcək. Mən bunu kişiliyimə sığışdıra bilməzdim. “İçəri” düşəndən sonra da başımı çox ağrıtdılar. Məni 22 OMON-çunun içinə atdılar. Yaşar, Natiq, Rövşən Cavadovun əmisi oğlu, xalası oğlu da orada idilər. Onlar türmədə məni sındırmaq istəyirdilər.
- Sizinlə bağlı nəsə problemlər yaşandı?
- Yox. Mənə deyirdilər ki, sən niyə belə elədin, bizə qarşı çıxdın. Cavab verdim ki, bəs mən neyləməli idim. Kabinetimdə oturmuşdum, mənə basqın etdiniz, məni öldürmək istədiniz. Mən də özümü müdafiə etdim. Üstümə gəlməyəyədiniz, cavabını almayaydınız. Biz dost idiksə, bu dostluğu birinci siz pozdunuz. Heydər Əliyevin yanında olan mən idim. Siz mənə deyirdiniz ki, keç biz tərəfə. Mən niyə keçim? Satqınammı? Siz keçin biz tərəfə. Onlardan soruşdum: siz indi Rövşəni satarsınızmı? Dedilər yox. Nə isə, belə söhbətlərimiz olurdu. O uşaqların bəziləri sonradan həbsxanada “sındı”. Mahir Cavadov indi oturub xaricdə istədiyi kimi danışır. Amma OMON-u bu günə qoyan Mahir oldu.
- Həbsxanada problemləriniz çox olurdumu?
- Bəli. “Razborka”larımız çox olurdu. Türmədə başıma çox oyun gəlib. Üstümə bıçaq da çəkdilər. Mən də kimisə vurmuşam. Məni 6-cı kolonda təcrid də ediblər. 14-cü kolonda bütün “zonu”, 300 məhbusu üstümə qaldırıblar. İnsan həbsxanada gərək əvvəl oradakı atmosferə dözsün. Mən dözdüm. Adam olub mənə 5 ay salam verməyib ki, sən “poqon”san. Əvvəllər heç kəs mənə yaxın gəlmirdi. Elə mən də heç kimdən qorxmurdum. Bilirdim ki, ya döyülüb, ya da döyüb karsa düşəcəm.
- Sizin “Lotu Quli” ilə də münasibətləriniz isti olub...
- Hə, yaxın olmuşuq. Bir yerdə şəkillərimiz də var. Mənim həbsxanada bütün lotularla yaxşı münasibətim, əlaqəm olub. “Lotu Quli” ilə də, rəhmətlik Hikmətlə, Mamedlə də. Eyni zamanda həbsxana rəisləri ilə də münasibətim yaxşı olub. Həbsxanada bəzən rəisdən də çox mən sözümü demişəm. Demirəm ki, rəisləri saymırdıq. Amma elə hadisələr olurdu ki, ipə-sapa yatmayan məhbusları mən yığıb başa salırdım. Məhkumlara dövlətə qarşı çıxmamağı məsləhət görürdüm, çünki bu ilk növbədə məhkumların vəziyyətinə təsir edəcəkdi. Fərəc Quliyev, Qurban Məmmədov və bir çox digər siyasi məhbuslar həbsxanada mənimlə bir yerdə yatıb. Həbsdə “mənəm-mənəm” deyənlərin 90 faizi çölə çıxanda satıldı, “sındı”.
- Dediniz ki, mənim üstümə 300 məhbus qalxdı. Səbəb nə idi?
- Polis idim, ona görə. Amma mən belə şeylərdən qorxan adam deyiləm. Aqressiv, davakar insanam. Mədət müəllim (Penitensiar Xidmətin rəisi Mədət Quliyev- red.) bir gün mənə dedi sənin atanın pis xasiyyəti o idi ki, biri ilə düşmən olanda bunu gizlətmirdi, adamın üzünə deyirdi ki, mən sənə düşmənəm. Amma səni hara aparırlarsa aparsınlar, oradakı qanunlardan baş çıxarıb yaşayırsan. Buna baxmayaraq yenə də çətin idi. Mən qısa müddətdə hər şey əldə etmişdim. Polis rəisi postu, maşın, ev... Bakıda sözümün qabağına söz deyən yox idi. Amma birdən-birə də 15 il həbs. Bu 15 ildə də yerimi 17 dəfə dəyişdilər. 1 il 6 ay MTN-də yatdım. 6-cı kolona üç dəfə etap elədilər. Sonra 6-dan 14-ə, 14-dən 12-yə, 12-dən 13-ə, 13-dən 9-a, 9-dan yenə 6-ya. 6-dan apardılar 16-ya. 16-dan bir də qaytardılar 6-ya. Oradan da apardılar Şüvəlana. Sonra yolladılar Bayıla, oradan da 9-a, sonra oradan 1-ci kolona apardılar. Ən dəhşətlisi bu idi ki, məni sağlam ola-ola “tubzon”a (vərəmli məhbuslar üçün cəzaçəkmə müəssisəsinə- red.) da apardılar. Sonra insan haqları təşkilatlarından nümayəndələr gəldi. Adları yadımdan çıxıb. Beynəlxalq Qırmızı Xaç Komitəsinə də yazdım ki, vərəm xəstəsi deyiləm, amma məni burada saxlayırlar. Bundan sonra məni oradan çıxardılar.
- 1996-cı ildə tutulmusunuz. 2008-ci ilə qədər sizinlə bu qədər amansız rəftar ediblər. Axı doğrudan da nə etmişdiniz ki, sizə qarşı qəzəbləri soyumamışdı?
- Bunu indiyə qədər də başa düşə bilmirəm. Mən Ələkrəm Hümbətovdan, Surət Hüseynovdan da pis olmuşdum bunlara? Səhv eləmişdimsə, 3-5 il cəzamı çəkərdim, qurtarıb gedərdi. 15 il oturdum “içəri”də. Atam rəhmətə gedəndə 11 il idi ki, yatırdım. Barı üç günlük icazə də vermədilər ki, gedib atamı dəfn edim. Qənimət Zahid həmişə bu hakimiyyətin əleyhinə olub, prezidentə qarşı çıxıb. Ona icazə verdilər, mənə isə yox. Kaş mənə də icazə verəydilər. Mən evin tək oğluyam. Qaçası deyildim. Həbsxanada belə qanunlar var ki, bir dustaq qaçdısa, digərlərinə buraxılış vermirlər. Sonra deyərdilər ki, Müşfiq qaçdığına görə sizə də buraxılış vermirik. Bir dəfə Mədət müəllimə dedim prezidentə çatdırın ki, məni bağışlasın. Mənim uşaqlarım yazıq deyil? Mən vətən xaini deyiləm, Qarabağı verməmişəm. Buraxın bu ölkədən çıxıb gedim. Bunlarsa düşünürdü ki, Müşfiq çıxıb nəsə edəcək. Çıxdım. Nə etdim? Sakit başıma dolanıram. Bəs siz mənə nə etdiniz? Bəlkə iş verdiniz? Bir adama bir söz deyirəmmi, ağız açırammı? Amma mənə ən çox yer eləyən o idi ki, Natiq Əfəndiyev dövlətə qarşı oldu, prezidentə qarşı çıxdı, onu 3 il 6 aydan sonra ömürlük həbsdən azad etdilər. Ələkrəm Hümbətov da, Surət Hüseynov da məndən tez azad edildilər. Məgər mənim günahım onların cinayətlərindən ağır idi?
Söhbəti qələmə aldı: İlkin Muradov virtualaz.org

Комментариев нет:
Отправить комментарий