19.04.2018

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının “soyqırımı əməliyyatı”

Sarvan Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun susmasının səbəbi...

Son aylar Sabunçu rayonu Zabrat qəsəbəsində özbaşınalıqlar baş verir. 2018-ci ilin fevral ayınadək Zabrat icra nümayəndəliyinin qarşısında yerləşən 4,5 sot torpaq sahəsində 40-50 yaşı olan 22 ədəd (bunlardan 6-sı tut, 16-sı şam) ağac vardı. Adamlar avtobus dayanacağına yaxın olan bu ağacların altında yayın qızmar günəşindən qorunurdılar.
Bu günlərdə həmin ağaclar soyqırıma məruz qaldı. Bu yeri satın alanlar həmin ərazini hərraca qoyanların köməyi ilə onların ətrafını daş hasarla hördülər.
Ancaq camaatın etirazından sonra daş hörgü söküldı.
Niyyətlərindən dönməyən soyqırımçılar insanları aldatmaq üçün növbəti hiyləyə əl atdılar. Daş hörgünün yerinə həmin ərazidə iki metrlik cavan şamları hörgü halında əkərək guya bağ saldılar. Bunlar o məqsədlə edildi ki, onların mənfur niyyətlərini heç kim görə bilməsin.
Martın əvvəllərində əvvəlcə 6 ədəd tut ağacının baş hissəsi vuruldu. Çox keçmədən buradakı tut ağacları kökündən kəsilərək yox edildi.
Ara sakitləşən kimi ikinci soyqırım əməliyyatı həyata keçdi. Bu, 16 mart 2018-ci il tarixdə gecə 20-dən sonra baş verdi. Ağaclar dibindən kəsilərək Bakı Şəhər İcra Hakimiyyətinin 99-JF-584 nömrəli qazelinə yüklənib daşındı.
Ancaq tərəfimizdən göstərilən sayıqlıq nəticəsində, o gecə növbəti soyqırımın qarşısı gec də olsa alındı. Buna baxmayaraq artıq 4 ədəd böyük şam ağacları məhv edilmişdi.
Növbəti gün, 17.03.2018-ci il tarixdə səhər saat 10-dək  “edamçılar” qırılmış ağacların köklərini yox etdilər. Biz bu cinayətin bəzi epizodlarını fotoaparatın yaddaşına köçürə bildik. Həmin gün bizim “Niyə ağacları qırırsız”- sualımıza belə cavab verdilər: “Sizin nə ixtiyarınız var ki, bura girib şəkil çəkirsiz?” Biz etiraz etdikdə isə “Gedin nə bilirsiz eləyin!”- dedilər.
Həmin gün Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər Nazirliklərinin qaynar xəttinə zəng etsək də, nə bizim harayımıza, nə də bu dilsiz ağacların naləsinə cavab  verən olmadı. Ayrı-ayrı günlərdə 4 dəfə “168” xəttinə zəng etsək də, tədbir qılan tapılmadı.
Sonradan bizə telefon vasitəsilə zəng edərək dedilər: “Şakir adlı mütəxəssisimiz hadisə yerində olmuş, onlara tut ağacını kəsdikləri üçün 4650 manat cərimə yazmışdır. Akt tərtib edib təqsirkar şəxs və ya şəxslər barədə Bakı Şəhər Baş Polis İdarəsinə müraciət ünvanlamışıq”.
Fikirləşdik, görəsən, digər  şam ağaclarını kim qırıb? Neçə tut ağacı qırıldığını Şakir bəy necə müəyyənləşdirib və aktda bunları necə qeyd edib? 
Digər, “102” xəttinə müraciətimizə isə 15-ci polis bölməsindən: “Vətəndaş, buyurun bizə ərizə ilə müraciət edin”- deyə cavab verilər.
Bizi isə düşündürən başqa məsələ idi:  Biri bir yerə daş qoyanda ərazinin icra məmurları və polis başda olmaqla bütün strukturları orada olur. Amma Sabunçu rayonunun Zabrat qəsəbəsi qarşısında hərraca qoyulan, daha doğrusu, böyük məbləğə satılan bu torpaqda törədilən cinayət hamının gözü qarşısında baş versə də, nə icra məmurları, nə bələdyyə işçiləri, nə də polis görünmür.
Məlumatlı mənbələrdən bizə o da bəlli olmuşdur ki, bu akt yuxarıların göstərişi ilə baş verdiyindən cinayəti törədənlər məsuliyyətdən yaxa qurtara biliblər.
Artıq ağacların yerində obyekt üçün tikinti işləri sürətlə aparılır. Biz isə dövlətimizin qanunlarına söykənərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın lazımi tədbir görəcəyinə ümid edirik. 

Qeyd: Xatırlatmaq istərdik ki, indi satılan bu yer bir dəfə 2000-ci ilin əvvəllərində Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən satılmışdı. O zaman buna ləyaqətlə etiraz edən sabiq Zabrat ərazi icra nümayəndəsi Bəxtiyar müəllim işdən uzaqlaşdırılmışdı. Biz isə bu gün düşünəsi oluruq: demək heç bir kiçik məmur özündən böyük məmurun hiddətinə daha tuş gəlmək istəmir. Amma biz Allahın qəzəbindən, nə də dövlət başçsının qərarından kimsənin cəzasız qalmayacağına inanırıq!
P.S. 11 mart 2018-ci ildə şikayətçi olduğum üçün Sabunçu rayon məmurlarının kimlərəsə verdiyi telefon nömrəmə görüşmək üçün zənglər gəldi. Görüşdən imtina etdim. Nəhayət, 12.04.2018 ci il tarixdə yenidən başqa bir nömrədən mənə zəng olundu. Özünü təqdim edən şəxs ağaclar qırılan yerin sakini olduğunu bildirdi. O, mənimlə görüşmək istəyirdi. Görüşdən yenə də imtina etdim. Bu zaman aramızda belə bir dialoq oldu. "Siz nədən şikayətçisiz?" "Ağacların qırılmağından!" "Heç bir ağac-filan qırılmayıb". "Qırılmayıbsa siz niyə narahatsız?" O yenə görüşmək istədiyini söylədi və dedi: "Müəllim, sizin Zabratda olduğunuzu və harada yaşadığınızı da yaxşı bilirəm". Mən "Nə demək istəyirsiz?" soruşaraq, danışmağın artıq olduğunu gördüm və onunla telefon əlaqəsini kəsdim.
Yəqin əlaqədar təşkilatlar bu dialoqdakı hədə-qorxunu başa düşdülər...





Комментариев нет:

Отправить комментарий