19.11.2013

Kəmaləddin Heydərova ilk zərbə vuruldu

FHN şefinin şirkətində yoxlamalar başlanıb...

Bu günlərdə "Yeni Cumhuriyyət” qəzetində dərc olunmuş "İlham Əliyev gizli vəsiyyətin icrasına başladı” başlıqlı yazı böyük rezonansa səbəb oldu.  Həmin yazıda bildirmişdik ki, hakimiyyətdaxili ailə qrupu- Paşayevlər qrupunun Kəmaləddin Heydərovun baş nazir olmaq iddiası və son zamanar onun iddiası ilə bərabər təsir imkanlarının, iqtisadi və siyasi gücünün artmasından ehtiyat edərək "fövqəlnazir”-i zərəsizləşdirmək haqqında qəti qərara qəbul ediblər. Məhz bu səbəbdən Əliyev- Paşayev qruplaşması K. Heydərovun iqtisadi-siyasi gücü ilə bərabər iddialarının artması fonunda onu tam zərərsizləşdirmək kursu götürüblər.

Bununla bağlı geniş araşdırma aparan "Yeni Cumhuriyyət” yazırdı: "Bu arada maraqlı bir məqamı da qeyd edək ki, Heydər Əliyev ölümündən az öncə İlham Əliyevi hakimiyyətə hazırlayan zaman komandasında olan və olmayan bəzi şəxslər haqqında ona müəyyən fikirlər söyləyib. Əldə etdiyimiz məlumata görə o, oğluna Kəmaləddin Heydərovun iddialı və təhlükəli olduğuna görə ona qarşı diqqətli olmağı vəsiyyət edib. "Oçqarikdən özünü gözlə və ehtiyatlı ol, o çox təhlükəli adamdır. Onu qabağa çox buraxma”. Aldığımız son məlumatlar onu deməyə əsas verir ki, İlham Əliyev atasının vəziyətini yerinə yetirməyə başlayıb və Kəmaləddin Heydərovu tamamilə zərərsizləşdirməyə başlayıb”. Adı çəkilən yazıda onu da göstərmişdik ki, "fövqəlnazir”in iqtisadi cinayətlərinin və korrupsiyasının aşkarlanması üçün artıq ən yüksək səviyyədə göstəriş verilib.

"Yeni Cumhuriyyət”in yazdıqları təsdiqlənir: "Fövqəlnazir”in iqtisadi imperiyasında yoxlama

Yazdıqlarımızla bağlı müəyyən təsdiqedici məlumatlar almaqdayıq. Belə ki, hakimiyyətə yaxın mənbədən cumhuriyyet.az-a daxil olan məlumata görə artıq Kəmaləddin Heydərovun nəzarətində olan şirkətlərin birində yoxlamalara başlanıb. Söhbət "Azəri Trans” şirkətindən gedir. Etibarlı mənbələr tərəfindən redaksiyamıza daxil olan məlumatlara görə, adıçəkilən şirkət əsasən Fövqəladə Hallar Nazirliyinin (FHN) tikinti işlərini görür və birbaşa Kəmaləddin Heydərovun nəzarəti altındadır. FHN şefi bu şirkətin vəzifə sahiblərinə etibar edərək iri layihələri onlara tapşırır. Mənbəmizin verdiyi məlumata görə "Azəri Trans” MMC-də vergi yoxlamasına başlanılıb. Onu da bildirək ki, bir zaman məhz K.Heydərovun komanda üzvü sayılan Fazil Məmmədovun bu işə cəlb edilməsi də təsadüfi sayılmamalıdır. Amma sonralar F.Məmmədov hakimiyyətdaxili qruplaşmalarda yerdəyişmə etdi. "Yeni Cumhuriyyət” hələ bir neçə gün öncə Vergilər Nazirinin Paşayevlərin siyahısında Baş Nazir kimi yer alması və bu namizədə K.Heydərovun sərt etiraz etdiyi haqda məlumat vermişdi.
Mənbəmizin vergi yoxlamasının sözügedən şirkətdə bir çox cinayətləri ortaya qoyacağını bildirir. Mənbə deyir ki, işçilər ağır şəraitdə işlədilsələr də, vaxtı-vaxtında maaşlarını ala bilmirlər: «İşçilərə verilməli olan pulları «Dəmirbank»da saxlayıb faiz alırlar. Tikinti işləri adı altında kassadan pul çıxarıb başqa təyinatlar üçün istifadə edirlər. Dövlətə düzgün vergi də keçirilmir.  MMC-nin möhürü olsa da, sənəd üzərinə vurulmur.  Şirkət rəhbərliyi vergidən yayınmaq üçün bu yoldan istifadə edir.  Hazırda şirkətdə mövcud olan durum çox acınacaqlıdır. Külli miqdarda vergidən yayınma və digər neqativ hallar var.

"Azəri Trans”da cinayətkar qruplaşma

Mənbəmiz bildirir ki, Şirkətin FHN- nin rəhbərliyinə daxil olan şəxslər tərəfindən yaradıldığı və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ən yaxın adamlarından olan FHN- də Tikintiyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov tərəfindən birbaşa idarə olunduğu bildirilir. FHN rəhbərliyi üçün "kaşilok” rolunu oynayan, vəzifəsi birbaşa çirkli pulların yuyulmasına xidmət edən sözü gedən şirkətin simvolik rəhbəri Cəbrayıl Xanlarovun yaxın adamı olan, əvvəllər Daxili İşlər Nazirliyinin Təchizat şöbəsində işləmiş Nizami Sadıqovdur. Onun müavini ixtisasca həkim olan İlqar Əliyev isə Sərhəd Qoşunları Xidmətinə məxsus Hospitaldan gəlib və yeri gəlmişkən şirkətin əsas işçi heyəti də məhz keçmiş polislər və sərhdəçilərdir (!?). Hətta şirkətin baş mühasibi və Təchizat İdarəsinin rəisi olan Hidayət Əliyev bu yaxınlarda Sərhəd Qoşunları Xidmətində sıravi gizir rütbəsindən bu vəzifəyə gətirilib. Şirkətin rəis müavini Əbil Şükürov da keçmiş "Sərhədçi” olmaqla digər müavin İlqar Əliyevlə quda olduğuna görə sonuncu tərəfindən bu vəzifəyə irəli çəkilib. Nizami Sadıqovun bacanağı və digər qohumları da "Azəri Trans” MMC- də yüksək vəzifə tuturlar. Şirkət haqda kifayət qədər məlumatlı olan mənbə deyir: "Şirkətin icraçı direktoru əslən Füzuli rayonundan olan İlqar Əliyevdir. Şirkətin yüzlərlə işçisi bir neçə ay əvvəl maaşlarını ala bilmədikləri üçün etiraz aksiyası keçirmişdilər. Fəhlələrin ayağa qalxdığını görən MMC rəsmiləri narazılığın qarşısını güclə də olsa ala bilmişdilər. Amma şirkətdə yenə də problemlər qalmaqdadır. Heç bir işçi ilə əmək müqaviləsi bağlanmır, məvaciblər vaxtında verilmir və işçilər 8 saatdan artıq, 12-13 saat işlədilir. Bu isə əmək qanunlarının pozulması deməkdir. Dövlət sifarişli layihələrin həyata keçirilməsi üçün ayrılan vəsaitlərin böyük hissəsi adlarını qeyd etdiyim insanlar tərəfindən mənimsənilir. İlqar Əliyevin Novxanıda villası var. Villanın tikintisində istifadə olunan bütün tikinti materialları şirkətin hesabına alınıb. «Azəri Trans»ın işçiləri qanunsuz olaraq həmin villanın tikintisinə cəlb edilib. Hidayət Əliyevin Mehdiabad qəsəbəsindəki villası da eyni üsulla tikilib. Aydın Ağayevin «Bağlar massivi» deyilən yerdə böyük imarəti var. Buranı da şirkətin işçiləri tikib. Bu işlərin hamısına Nizami Sadıqov rəhbərlik edir».

İqtisadi cinayətə yoldaşlıq edən siyasi müəmma

Göründüyü kimi Qax-Zaqatala bölgəsində də "çalışan” "Azəri Trans” MMС  FHN-nin seçdiyi, etimad göstərdiyi tərəfdaş şirkət ailə podrat təşkilatıdır və ailə marağından uzağa gedə bilməyən bu şirkətə məhz FHN- nin dəstəyi ilə dövlətin çox böyük həcmdə vəsaitinin istədiyi kimi xərcləmək etibar olunub. Mənbənin verdiyi məlumata görə tikinti şirkəti kimi zəlzələ ilə bağlı son 5 ayda "Azəri Trans” şirkətinə 70 milyon manatdan artıq vəsait köçürülüb. Dövlətə vergi və digər sosial ödənişlər ödəməyən, birbaşa FHN rəhbərliyi tərəfindən himayə olunan şirkətin 70 milyonu hara xərclədiyi bəlli deyil.
Apardığımız digər bir araşdırmaya və bizə verilən məlumata görə "Azəri Trans” MMC vaxtilə Fərhad və Rafiq Əliyev qardaşlarının tabeliyində çalışan və onlara məxsus şirkət olub. 2007-ci ildə sözü gedən şəxslərlə bağlı məhkəmələrdə "Azəri Trans” MMC külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi və vergidən yayınma iddiası ilə məhkəməyə cəlb olunub və şirkətin məsul şəxsləri bununla bağlı Ağır Cinayətlərə dair Məhkəmədə ifadə veriblər. Və məhkəmə protokollarında bu şirkətin vergidən yayınma, dövlət əmlkaını mənimsəmə və s. bağlı qeydlər var (http://az.trend.az/news/society/952742.html) Məlumatda qeyd olunan şirkətlə bağlı Qax-Zaqatala bölgəsində çalışan eyni adlı şirkət haqqında müfəssəl məlumat öyrənmək üçün təəssüf ki, dəfələrlə etdiyimiz cəhdlərə baxmayaraq FHN- dən lazımi bilgi ala bilmədik. Amma çox maraqlıdır ki, vaxtilə FHN rəhbəri ilə əks düşərgədə olmuş, indi isə hökümət tərəfindən asi elan edilmiş keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevə məxsusluğu qeyd olunan, dövlət əmlkaını talan etdiyi və külli miqdarda vergidən yayınmaqda ittiham olunan şirkətin Kəmaləddin Heydərovun rəhbərliyi altında zəlzələ bölgəsində hansı status və məqsədlə geniş maştablı tikinti işlərinə cəlb olunub?
Amma "fövqəlnazir”dən soruşulan tək bu sual olmayacaq. Ən yüksək səviyyədə bitirlmək əmri verilibsə ortaya daha çox cavabsız suallar qoyulacaq...

http://cumhuriyyet.az

Комментариев нет:

Отправить комментарий