14.11.2013

Masallı Mamedlə “Zon”da görüşüm -2

O, elə bu adla tanındı - Masallı Mamed. Hüseynov Məmməd İsgəndər oğlu. 1961-ci ilin noyabr ayının 4-də Masallıda doğulmuşdu. 2011-ci ilin mart ayının 21-də növbəti dəfə həbs olunduğunda, rəsmi məlumatlarda deyilənlərə inansaq, əhvalı pisləşib və dünyasını dəyişib. Masallıda dəfn olunub.

“Qrex”ləri varmış, qədeş də “vurdu” onu
 
Mamed demək olar ki, bütün günü “zon”un həyətində gəzərdi. Dustaqlarla söhbət edər, onların futbol oyununa baxar, “promzondakı” “xata”sında olanda isə çox vaxt kitab oxuyardı. Dustaqların, xüsusilə də xəstə, qoca, kimsəsizlərin şəraiti ilə maraqlanar, onlara maddi yardım edər, səhhətləri ilə ilgili həkimlərə də “görüm-baxım” edərdi. Daim da yanında “bratvalar” olardı. Xüsusi ilə də ölümə görə həbs olunan Maştağalı Ataş və Yasamal əhlindən dəfələrlə həbs olunmuş bir başqası - adını nə illah etsəm də, yadımda saxlaya bilmədim; onun Mamed gələnə qədər bir çox dustağa “qanunlar” çərçivəsində “qulaqburması” verməsi də yaxşı qarşılanmamışdı. Hələ aralıq uşaqları onun türmə rəhbərliyi ilə də isti münasibətlərindən söz açırdılar.
“Sxodka”ya qədər isə Mamedlə bir neçə dəfə maraqlı və geniş söhbətimiz olmuşdu. Doğrusu, bu mənim istəyim idi və kənardan onu müşahidə edirdim. O, bunu hiss etməyə bilməzdi. Bir dəfə Cəlilabadın Abşabad kəndindən olan, qaçaqmalçılıq və narkotik maddələrin satışı ilə günahkar bilinən dustaq Araz Həsənov mənə dedi ki, gedək qədeşin yanına. Etiraz etdim. “Şair, o sənin xətrini istəyir, səninlə həmişə söhbət edir, gedək”, - Araz dedi. Sonra da əlavə etdi: “Qədeş dünən çox hirsli idi”. Araza, “boş-boş danışma, o ciddi adamdır, amma heç kəsə qəzəblənmir”, - dedim. “Ay hay, şair, sənin xəbərin yoxdu, “strimit” eləyən vardı e, yanında fırlanırdı, “qrex”ləri varmış, qədeş də “vurdu” onu. Görmürsən, Ataş təkdi yanında?”
 
Oğruya nağılmı danışdırmaq
 
Bu söhbətimizdən sonra doğurdan da həmin adamın “zon”un həyətində süst və pərt gəzdiyinin fərqinə vardım. Və Mamedin yanına getdik. Xeyli söhbət elədik. Daha doğrusu, söhbət bizim ikimizin arasında gedirdi. Araz kənarda sakitcə oturub qulaq asır, Mamedin “şustryak”ı isə soyumuş çayları təzələyir və əmrə müntəzir dayanırdı. Mamedə ondan müsahibə götürüb dərc etdirmək istədiyimi dedim. Razılaşmadı.
- Qədeş, mənə maraqlı hadisələrdən danışın da, – dedim və hiss etdim ki, xoşuna gəlmədi. Səhv etmişdim, mən oğruya nağılmı danışdıracaqdım?
Gülümsədi:
- Şair, sənin bir tərəfin Masallıdandı ki!
- Hə, nənəm boradigahlıdır, hardan bildin?
Yenə də gülümsədi və bir söz demədi. Mənə aydın oldu ki, bu adam istədiyi adam haqda dəqiq məlumat toplaya bilər. Necə ki zona gəldiyi günün səhəri “sançast”ın həyətində mənə Cinayət Məcəlləsinin 311.1 ilə tutulduğumu və jurnalist olduğumu demişdi.
 
“Məhəmməd Peyğəmbərin həyatı”
 
“Sançast”ın həyəti yaşıl ada idi; bir də görüş otağının həyəti. Burda müxtəlif ağaclar, gül kolları insana bir qədər rahatlıq, toxtaqlıq gətirirdi. Mən guya ki, “burjuy” idim və “sançast”da qalırdım. Bu haqda ötən yazılarımda yazmışam. Dustaq həyatımın ən rahat və duyğulu anlarını bu kiçik bağçada yaşamışam. Bir dəfə Mamed yenə də “sançast”ın həyətində oturub çay içirdi. Yaxınlaşdım, səmimi görüşdük. Söz-söhbət gəlib dinə çıxdı. Mən Məhəmməd peyğəmbərin həyatından danışırdım. Diqqətlə qulaq asırdı. Ətrafdakılar da bizim söhbətə aludə olmuşdu. Çoxunun da gözü Mamedin ağzında idi. Nə deyəcək - nəyə necə münasibət bildirəcək... Ani olaraq fikirləşdim, “çox danışmadım ki!”
Mamed stolun üstündəki “Parlament” siqaretindən birini götürdü və adəti üzrə qarşısındakı alışqanla deyil, qara dəri canlığının (qolsuz gödəkçə) cibindən kibrit qutusunu çıxararaq yandırdı. Yadıma düşdü ki, vaxt tapıb ondan siqareti niyə məhz kibritlə yandırmasını soruşacaqdım. Bu, sonranın söhbəti olardı, indi isə yox.
- Şair, sən Panovanın “Məhəmməd Peyğəmbərin həyatı”ndan danışırsan, – dedi.
Hər kəs mənə tərəf döndü. Mən:
- Düz deyirsən, qədeş, o kitabdan danışıram, - dedim.
Bərkgedən dustaqların içindən bir uğultu keçdi. Mamedin alt qatına, içinə bələd olurduq. Nəsimidən qəzəl dedi, Vaqifdən qoşma. Şukşindən danışdı. Və söhbətimiz o qədər maraqlı keçdi ki...
Nə qədər çalışsam da, kriminal dünya ilə bağlı xatirələrə, macəralara çəkə bilmirdim onu. Çox ayıq, hazırlıqlı, az danışan və yüksək məntiq sahibi idi. Siyasi söhbətlərə meyl etməzdi.
 
“Ulduz” jurnalını oxuyan zənci Samsun
 
Gəncəli Şəmi adlı hündürboy bir adam vardı. Onunla həmişə iki nəfər hərlənərdi. Mənim otaq yoldaşlarımdan olan beyləqanlı Namiq Namazəliyevlə köhnənin tanışı idilər. Namiq vergidən yayınma ilə həbs olunmuşdu, - 213-cü maddə ilə. Namiqin “Vəloş” ləqəbli naxçıvanlı bir köhnə tanışı da vardı ki, o da eyni maddə ilə həbs olunmuşdu. Şəminin maddəsi isə tamam başqa idi. Günahkar bilindiyi maddədə qatı cinayət əməli vardı. Qanuni oğru Yunislə əlaqəli iş idi. Belə başa düşmüşdüm ki, çox iri məbləğdə olan əmlakın mənimsənilməsi, yaxud oğurlanmasıdır. Hər halda, çox hörmətli dustaqlardandı, ona və onun yanındakılara hörmət edilir, sayılıb-seçilirdilər. Dəfələrlə Namiqlə şahmat oynayarkən yanımızda olar, oyuna diqqətlə baxar, bəzən də uduzan tərəfə gedişləri deməklə kömək edərdi.
Nigeriyadan olan Samsun adlı dustaqla isə xüsusi zarafatlarımız vardı. 2 il müddətinə bu zənci balası Azərbaycan dilini təmiz öyrənmişdi. Hətta dilimizdə mütaliələr də edirdi.
“Ulduz” jurnalında şeirlərim çıxmışdı. Samsun “Kefin necədi” rədifli gəraylımı əzbərləmişdi, kimə çatırdı, qara sifətində ağ ada kimi görünən dişlərini göstərərək deyirdi: “Balam, kefin necədir?”
Mamed onlarla da maraqlanıbmış. Mamedlə yuxarıda etdiyimiz maraqlı söhbətin şirin yerində Vəloş gəldi, salam verdi. Salamı alınandan sonra:
- Qədeş, gəncəli uşaqlar sizinlə söhbət etmək istəyir, vaxtınız olsa... – dedi.
- Bu nə deməkdir, biz hamımız dustağıq, qardaşıq, yaxşı qardaşların hamısı mənim üçün eynidir, - Mamedin cavabı belə oldu.
Vəloş:
- Yaxşı qardaşlardı. Yunusun “podelnik”ləridir.
Mamedin sifətinin döndüyünü ilk dəfə onda hiss etdim, özü də təkcə mən yox, çoxları.
- Nə “podelnik”, Oğru ilə nə “podelnik” ola bilər onlar? Arada salam-əleyk varsa, bu o deməkdir ki, nəsə oğurluq edəndə birgə giriblər harasa...
Vəloş çöməldiyi yerdən qalxdı. Sifətində qorxu vardı:
- Bağışla, qədeş, - dedi.
Mamed üzünü mənə tərəfə çevirdi, söhbətini davam elədi. Vəloş rahat nəfəs aldı. Deyəsən, bağışlanmasını hiss etdi və məmnun qaldı. Bundan bir necə gün sonra Vəloş mənimlə söhbətində qədeşin ona hörməti olduğunu və özünün səhv etdiyini deyəcəkdi.
 
Savadlı oğru olar?..
 
Mamedin söhbətindən: “Bir dəfə Bakıya gəlirdim. Moskva-Bakı qatarında idim. Uşaqlar da mənimlə idilər. Tək qoymadılar gəlməyə. Həmişə belə olurdu. Amma onların yeri başqa kupelərdə idi. Mənim yerləşdiyim kupedən sağ və solda. Təsadüf belə gətirmişdi. Mənimlə bir kupedə isə iki kişi və bir qadın vardı. Ziyalı idilər. Hər üçü Rusiyada yaşayan elm adamı idi və bir-birlərini çox gözəl tanıyırdılar. İki günlük yoldaşlıqdan xeyli rahat oldum. Yol boyu uşaqlar kupeyə yaxınlaşır və soruşurdular ki, bəlkə nəyəsə ehtiyac oldu. Yeyib-içmək də ki, öz yerində. Stansiyalarda yerli “bratvalar”, “palojeniya”ya baxanlar vaqona qalxır, mənimlə görüşür, xidmətlərini təklif edirlər. Eləcə də mənim kupe yoldaşlarıma diqqət göstərirdilər. Hiss edirdim ki, mənimlə, mənə olan diqqətlə çox maraqlanırlar. Bakıda keçiriləcək hansısa elmi konfransa, yaxud başqa bir tədbirə gəlirdilər. Mən də onlarla eyni mövzuda söhbətlər edir, fikir mübadiləsi aparırdım. Bakıya yaxınlaşanda artıq mənimlə, yol yoldaşları ilə yaxından tanış olmağın məqamını da fikirləşdilər. Qadın Piterdə hansısa ali məktəbin professoru idi. Adlarını unutduğum kişilər isə Moskvada yaşayan alimlərimizdən idi. Mənə telefon nömrələrini verdilər. Götürdüm. Mən də özümü təqdim etdim və əlavə etdim ki, əgər Rusiyada hər hansı dolaşıq işləri olsa, əlbəttə ki, haqlı olub, haqsızlıqla qarşılaşsalar, incidilsələr, mənə xəbər eləsinlər. İş yerimi soruşdular. “Fərq etməz, gəlin Moskva bazarlarına, azərbaycanlılara deyin, mənimlə əlaqə yaradarlar. Adım isə Mameddir - Masallı Mamed”, – dedim. Qadın familiyamı, hansı institutda işləməyimi, elmi dərəcəmi soruşdu. Güldüm, dedim, “Mən sadəcə Mamedəm, Masallı Mamed. Desəniz, tanıyacaqlar”. Kişilər artıq məni tanımışdı, təəccüblə bir-birilərinin üzünə baxırdılar. Qadına konkret: “Mən Oğruyam, Oğru Mamed”, - dedim. Artıq özümə də ləzzət edirdi bunların karıxması. Qadın qorxdu, tələsik yuxarı qatdakı əşyalarına baxdı. Əmin oldu ki, hər şey yerindədi. “Sadəcə təsəvvür etməzdim ki, sizin kimi oxumuş, savadlı birisi oğurluq etsin”, - dedi. Xeyli güldük. Amma Bakıya qədər elə bil ki, əvvəlki səmimiyyətin üstünə su çilənmişdi”.
 
Oğlu əsir götürülmüş atanın xahişi
 
Mamedlə söhbətlərin birində ondan soruşdum ki, ermənilərlə müharibə şəraitindəyik. Bütün təbəqələrdə bu iki millət biri digərini məhv etmək dərəcəsindədir. Bəs kriminal dünyada necə? Mamed cavabında dedi ki, oğru dünyasında qardaşlıq, dostluq, bərabərlik önəmli yer tutur. Amma bu ancaq qanunlarımızdadır. Sözsüz ki, iki millətin arasındakı düşmənçilik burda da özünü göstərir. Nüfuz söhbəti, harasa nəzarət və sairə. Amma qanuni oğrular bunun əleyhinə olublar. Münasibətlər normal olub.
Mameddə millətsevərlik müşahidə eləmişdim. Ondan müsahibə almaq istədiyimi dedim. Qəti etiraz etdi: “Suallara cavab verəndə elə bilirəm, istintaqdayam”. Ona görə də çalışırdım öyrənmək istədiyim nə varsa, ona sual şəklində ünvanlanmasın. Sonradan mənə deyəcəkdi:
- Şair, sən elə bilmə ki, danışığımızda mənə vermək istədiyin sualları tutmurdum. Bu, sadəcə sənin bunları bilməyinin arxasında səmimiyyətinin olduğu üçün alınan söhbət idi.
Erməni oğrularının müharibə vaxtı erməni ordusuna etdikləri yardımdan bəhs etdim. Maraqlandım ki, niyə bizim oğrular bu istiqamətdə heç nə etmir.
- Nə bilirsən etmir? Ola bilsin ki, edirlər, amma bilinmir. Elə məsələlər var ki, dövlət bacarmır, amma bu təbəqə onları edir.
Söhbətimiz əsnasında bir hadisəni danışdı: “Pervıda (1 saylı CÇM) olanda yanıma Yardımlıdan bir kişi gəldi. Cavan olsa da, beli bükülmüş, üzündən–gözündən dərd yağırdı. Bədbəxtin, yazığın biri idi. Dedi, Mamed, səni deyib gəlmişəm, bəs mənə pul lazımdır, kömək elə. Dərdini danışdı. Deməli, bu kişinin oğlu erməni əsirliyində idi. O zamanlar ayrı-ayrı adamlar əsirləri, girovları dəyişirdi. Qızğın alver gedirdi. Bu adam ev-eşiyini, mal-qarasını satıb, pul toplayıb ki, oğlunu satın alsın. Amma pulu çatmır. Bizim dəyyuslar da ayağını dirəyib ki, bəs filan qədər də gətir, verək ermənilərə. Topladığı pulun da müəyyən hissəsi xərclənmişdi. Mən ona xərclədiyi pulu verdim, “Get ev-eşiyini, mal-qaranı geri qaytar, - dedim. - Verməsələr, mənim adımı ver”. Aldadıb, ucuz almışdılar həm də. Kişi çox pərt oldu. O, oğlundan sarı gəlmişdi axı. Nə isə, ona dedim ki, get, gələn həftə gələrsən. Həm də telefonlarını saxlatdım. Qıraqda kiminlə görüşməli olduğunu dedim. Kişi naümid getdi. Üç gündən sonra qıraqdakı adamıma dedim ki, gedib filan vaxtı Qırmızı körpüdə uşağını ermənilərdən təhvil alsın.
- Kimə dedin, erməni vor zakonuna? - sualıma cavab olaraq, “Parlament” siqaretindən birini yandırdı və canlığının cibindən kibrit qutusunu çıxarıb siqaretə od vurdu. Stolun üstündəki alışqan isə yenə də yararsız əşya idi elə bil. Soruşacam, niyə axı alışqanla yandırmır?
 
Mamed pul paylayır...
 
(Ardı var)                         axar.az

Комментариев нет:

Отправить комментарий