08.11.2013

Masallı Mamedlə “Zon”da görüşüm

Faiq Balabəyli

O, elə bu adla tanındı - Masallı Mamed. Hüseynov Məmməd İsgəndər oğlu. 1961-ci ilin noyabr ayının 4-də Masallıda doğulmuşdu. 2011-ci ilin martın 21-də növbəti dəfə həbs olunduğunda, rəsmi məlumatlarda deyilənlərə inansaq, əhvalı pisləşib və dünyasını dəyişib. Masallıda dəfn olunub.

Qan-qada – onun həqiqəti

Onun haqqında çox yazılıb, çox danışılıb və danışılacaq. Masallı Mamed hələ sağlığında mifləşdirilən, əfsanələşdirilən yaxın tariximizin real simalarındandan olub. Düzdür, bu qəhrəmanlığın arxasında qan-qada, zorakılıq, həbs və digər əməllər dururdu. Amma bu qan-qada onun həqiqəti idi. O, talançılıqla, başqasının əmlakını əlindən almaqla, nüfuzundan istifadə etməklə zəifin və kimsəsizin hissiyatı ilə oynamaz, onu aşağılamazdı.
Onun əməllərində qanuni baxımdan həmişə cinayət tərkibi olub. Amma onu sevənlər, ona güvənənlər də çox olub. Problemlərin həllində qanun acizlik göstərəndə ona olunan müraciətlərə verdiyi müsbət reaksiyalar bunu deyir.
Hüquq mühafizə orqanları isə onu daima nəzarətdə saxlayıb. 50 illik ömrünün çoxu qalın divarlar arasında keçib.
Onu şəxsən tanıdım. Amma dost olduq demək düzgün olmazdı. Buna vaxtımız çatmadı. Söhbətimiz isə alınırdı. Ömrümdə ilk dəfə idi ki, qanuni oğru ilə həmsöhbət olmuşdum.

Daşdan keşən ad

Bu zamana qədər isə Mamedin haqqında çox eşitmişdim. Bayıl türməsinə qədər bu adam haqda kifayət qədər informasiyam vardı. Sabiq iş yoldaşlarım, macəra dolu günlər yaşamağa, dava–dalaşa meyilli olan dənizçilərin keçmiş SSRİ-nin bir çox limanlarında törətdikləri “hoqqalardan” Mamedin, rəhmətlik Hikmət Sabirabadlının adından istifadə edərək qurtulduqlarının da şahidi və iştirakçısı olmuşdum. Bayıl türməsində isə Masallının Şərəfə kəndindən olan, dələduzluğa görə həbs olunmuş Xanlar kişi Mameddən saatlarla danışardı. İsti yay günlərinin Bayıl türməsinin can alan havasızlığında bu söhbətlər vaxtımızın ”səmərəli” keçməsinə hesablanırdı sanki.

Xanlar kişinin söhbətindən

“Mən bir neçə dəfə tutulmuşam. Rusiyanın ayrı-ayrı həbsxanalarında, eləcə də Piterdə, “Morskaya tşinia”da, “Krest”də cəza çəkmişəm. Çox avtoritetlərlə, köhnə “koterjanlarla” kamera yoldaşı , “xlebnik“ olmuşam. Mənim “işim” balaca “iş” olub, amma böyük qardaşlarla söz-söhbətim tutub. Yaxşı qardaşlar idi hamısı. Masallı Mamedlə də salam-əleykim olub. Deməzdim “xlebnik”, “podelnik” səviyyəsində, - yox, əlbəttə yox. Sadəcə, bir neçə dəfə onunla Moskvada görüşmüşəm. O, bizim xeyirxahımız idi. Adına güvənib bazarlarda rahat nəfəs alır, reketlərdən, qruplaşmalardan yaxa qurtara bilirdik. Oğru dünyasının dəmir qanunları var. O qanunlar imkan verməzdi ki, nahaq haqqı üstələsin. O da düzdür ki, kriminal aləmdə olanların da kifayət qədər “qrexləri” var ki, bu “qrexlər” əslində hökumətin, hüquq-mühafizə orqanlarının ucbatından yaranırdı. Oturub baxanda da görürdün ki, bu adam bu yola düşübsə, demək, “vnujden” olub. Oğurluq edibsə “nujdası” varmış.

Reketlərin əsirliyində

Bir dəfə Gürcüstandan 5 fura apelsin, mandalin vurub Kalininqrad və Vilnüs bazarlarına aparırdıq. Yollar təhlükəli olduğu üçün Azərbaycana, sonra da Rusiyaya getməliydik. Rusiyadan Pribaltikaya, ordan da Kalininqrada. Çeçenistandan keçmək istəmədik. Qərara aldıq ki, Volqa boyu hərəkət edək. Həştərxan vilayətinin ərazisində alatoran vaxtı reketlər bizi saxladı. Pul tələb edirdilər. Məbləğ çox idi. O qədər pulu versək, ziyana düşəcəkdik. Razılaşmadıq. Zorakılıq etdilər, saldılar bizi Volqanın içinə. Çayın sahilə yaxın yerində qurşağa qədər suyun içində idik. Bir neçə ağ rəngli “09”da idilər. Avtomatla, tapança ilə silahlanmışdılar. Gürcü sürücülərdən biri dikbaşlıq etdi, basıb döydülər. Polislər gələndə sevindik. Reketlər polislərlə xeyli söhbət etdilər, zarafatlaşdılar, maşının baqajının üstündə süfrə açdılar, yeyib içdilər... getdilər. Rusiyada da dərəbəylik idi o zamanlar. Nə isə, reketlərdən biri arada bizə yaxınlaşırdı və pulu verməyəcəyimiz təqdirdə bizi ölümlə hədələyirdi. Birdən qeybdən ağlıma gəldi ki, bunlara yalan danışım. Amma bu da risk idi. Adını çəkəcəyim adamla əlaqə saxlaya bilərdilər və yalanım üzə çıxsa, durumumuz daha pis olardı. Ancaq daha dözüləsi deyildi - soyuq su artıq iliyimizi dondururdu. Mən reketə dedim ki, maşınlar Moskvaya gedir və Masallı Mamedin nəzarətindədir. Biz ona haqq veririk. Bir yerə toplaşdılar. Xeyli məşvərətdən sonra harasa zəng elədilər. Bir saat yarımdan sonra maşınlarına minib getdilər. İşarə elədilər ki, gedin. Sonra da qərara aldıq ki, Moskvaya gedək. Getdik. Mamedlə görüşdüm. Təşəkkürümü bildirdim. Bir maşın yükü onlara verdim ki, dustaq olaraq əziyyət çəkən qardaşlara “qrev” etsinlər”.

Mamedi gətirirlər

Xəbər ildırım surəti ilə yayıldı: Oğru gəlir! Cəlilabadın Alar kəndindən olan Cəlal kişi həmyerlisi, qonşu Sabirabad kəndindən olan “Qara Kəl” ləqəbli  İlyas Şükürova: “Adə, Andrey, deyirlər zona oğurçu gəlir, pal-paltarundan muğayat ol!” mesajını verdi. Yaşı 70-i haqlamış kənd adamının, təsadüf nəticəsində həbs olunmuş Cəlal kişinin oğru dünyası haqda düşüncəsi, bilgisi bu idi. O, İlyasa – Qara Kələ qonşu kəndləri olan Andreyevkadakı macəralarından çox danışdığına görə “Andrey” deyridi.
“Balta” ləqəbli “opartaçenni” dustaq vardı, o da bu məşhur Oğrunu səbirsizliklə gözləyirdi. Sınmış, sındırılmış taleyinin səbəbkarlarının divanını qurmağı xahiş edəcəkdi.
Dələduzluğa və vergidən yayınmaya görə həbs olunmuş Möhsün adlı iş adamının isə qorxusu gözündən və yerişindən oxunurdu: O, Mamedin zona gəlməsini arzulamayanlardan idi...

Nadzor da “qədeşi” gözləyir

Cəzaçəkmə Müəssisəsinin həyətində Oruc adlı nadzorun öz-özünə danışdığının şahidi oldum. Əslən Gürcüstandan olan Oruc fağır və miskin görkəmli bir nəzarətçi idi. Dustaqlara yaxşılıq etmək istəyi onu həmişə pis vəziyyətə qoyurdu. Fikirləşmirdi ki, içəridəkilərin 90 faizi dələduz, fırıldaqçı, qətl törətmiş və başqa cinayətlərdə günahkar bilinərək məhkum olunanlardı. Oruc: “Baxarıq, qədeş gəlsin, görüm onda necə olacaq; bespredeldi”.  “Qədeş” deyəndə Mamedi nəzərdə tuturdu.
Beləliklə, hər kəs bu gəlişi özünün yaxın adamının, yaxud arzulamadığı insanın gəlişi kimi gözləyirdi.
Nadzorlar da Oğrunun “zon”da olmasına sevinirdi. Bunun bir neçə səbəbi vardı.
Qanuni oğru olan “zon”da oğru qanunları işləyir və bu qanunlar “bespredelliyin” qarşısını alır.
Oğru olan “zona” çöldən “qrevlər” çox gəlir və bu da kimsəsiz, kasıb dustaqların dolanışığına, qidalanmasına yönəldilir və sair.
Bu baxımdan Orucu başa düşmək olardı.
Mamedi “Voronok”da gətirmədilər. Deyilənə görə, ona hörmət əlaməti olaraq minik maşınında gəlmişdi. İnanmayanlar daha çox idi. Çünkü Mamed özünü heç vaxt yuxarı tutmazdı. O özünün dustaq həyatını başqalarından fərqləndirməzdi.
Müşahidələrimə və onunla söhbətimə söykənərək deyim ki, Masallı Mamed həmişə haqlının yanında olub. Zorakılıq edib zəif dustaqları incidənləri, zonda oğurluq edənləri, satqınları, işverənləri oğru qanunlarının diqtə etdiyi cəza növləri ilə cəzalandırılmasının hökmünü də verirdi.

Sən get, mən qardaşların yanındayam...

Rejimin rəis müavini “sançasta” kapitan Raufla gəldi. Aralıq uşaqları, “strimit” edənlər, özlərini oğru dünyasının yolçuları bilənlər artıq Böyük Qardaş üçün tibbi məntəqənin həyətində süfrə açmışdılar. Meyvə, şirniyyat, çay...
Mamedin pişvazına “yerini bilən dustaqlar” toplaşmışdı. Sakit adama bənzəyirdi. Mən bir qədər uzaqdan seyr edirdim. Baxmayaraq ki, “Nemes” ləqəbli Yasamal uşağı olan Azər mənə təklif etdi ki, şair, qədeş gəlir, gəl, tanış ol. Şeiri, xüsusi ilə də klassik poeziyanı gözəl bilən, yüzlərlə qəzəli əzbərində saxlayan, üst-üstə bir neçə cinayət maddəsi ilə həbs olunan Nemeslə çox yaxın idik. Bizi ədəbiyyat dost etmişdi. Mən: “Sonra yaxınlaşaram, salamlaşaram”, - demişdim, o da təkid etməmişdi. Həm də bir gəmi kapitanı və yazarın OĞRU ilə ilk ünsiyyətinin baş tuta biləcəyinə inamsız görüntü vardı onun sifətində.
Təxminən 15-20 metrlik məsafəsdə oturub “Azərbaycan” jurnalını oxuyurdum. Türmədən göndərdiyim şeirlərim dərc olunmuşdu. Fikrim isə onun- haqqında əfsanələr dolaşan Oğru dünyasının nəhənglərindən birinin yanında idi. Mənə elə gəldi ki, oradakıların hər biri ona özünü tanıtmaq istəyir... Bəlkə də belə deyildi. Gözlərimin önünə kəndimizdəki ağır məclislər gəlir. Ötkəm sözlü, ötkəm duruşlu sayılıb-seçilən kişilərin yanında dayananlar onların xoşuna gəlmək, ağsaqqallardan bir atmaca, papaq atma eşitmək üçün sinov gedərdilər. Eynən həmin mənzərə idi. Lap yaxında zonun “polojeniya”sına baxan, “tarsovkanı” tutan və digər “bərk gedənlər” durmuşdu. Oturanlar da vardı. Bir qədər aralıda isə “aralıq uşaqları”, “təsbeh fırladanlar” dayanmışdı. Birdən Masllı Mamedin ətrafında olanların hamısı komanda verilibmiş kimi mənə tərəf çevrildilər. Yenə də sükut. Mamed sakit halda çayını içir, nəsə deyir, ətarafdakılar hesabat verirmiş kimi danışırdı. Elə bil, “zonda” dikbaşlıq edən bunlar deyildi. Oruc bədbəxt düz deyirmiş: “Qədeş gələndən sonra görərik, kimdi bərkgedən”.

Maraq məni çəkir, bir qədər yaxına gedirəm.

Kapitan Rauf Mamedə: “Dur bax, səninçün yer hazırlanıb. Bu gecəlik burda qal. Sabah yerini düzəldərlər”,- deyir.
Mamed ona tərəf dönmədən: “Sən get, mən qardaşların yanındayam”.
Təsəvvür edilməyəcək ifadələr sifətlərə çilənir. Kənardan müşahidələrim bunu deyir: “Ay dedi ha”, “Duxun var, cavab ver”, “Bizi özünə qardaş bildi” və sair...
Rauf furajkasını əlinə alıb “sançast”ın həyətindən çıxır. Onu da deyim ki, Rauf çox ləyaqətli adam idi və zabit şərəfini tapdalatmağa heç kəsə imkan verməz, nahaqdan da dustaqları incitməz, onlara çox şeydə yardımçı olardı. Açığı, söz sahibi olan, “özünü tanıyan, yerini bilən” dustaqların onunla isti münasibətləri vardı.

Şair, sən “razvod”a getmə

Səhər “razvod”una getmək üçün “sançast”ın həyətinə çıxdım. Mamed dünənki stolun arxasında oturmuşdu. Yanında da bir-iki nəfər oğru dünyasına meyilli dustaq. Salam verdim, salamımı aldı. Qapıdan çıxarkən arxadan Mamed: “Şair, sən razvoda getmə, gəl otur”,- dedi. Qayıtdım və onunla üz-üzə oturdum. İşarə etdi. Mənə də çay süzdülər. Yenə də səssiz işarə, hər kəs kənara çəkildi. “Parlament” siqareti vardı masada. Yanında da alışqan. Amma o, cibindən kibrit qutusu çıxardıb siqaretini yandırdı. Təklifsiz-zadsız siqaret götürdüm, alışqanı götürüb, siqareti yandırdım və ani olaraq fikrimdən keçirdim: niyə o, siqaretini cibindən çıxardığı kibritlə yandırdı? Soruşacam, vaxtı gələndə. Amma indilərdə isə sanki heç ətrafda MDB-nin kriminal aləmində adı, nüfuzu olan, Qanuni Oğru Mamed yox, sadə bir insan vardı. Maraqlıdır, inana bilmirdim ki, ağbəniz, bəstəboy, idmançı görkəmi olan bu insan hansısa cinayət əməlinin sahibidir.
Dolanışığımla maraqlandı. Həbs olunduğum maddəni bildiyini söylədi, əlavə başqa mövzulardan danışdıq. “Brjuysan deyəsən, maddən də bunu deyir”,– dəxli olmayan anda dedi.
- Dostlarım kömək edir. Jurnal və qəzetlərə buradan məqalə, şeir göndərirəm, dərc edirlər, qonorar yazırlar. Oğlum qonorarı alır, ailənin dolanışığına sərf edir. Buranın aylığını isə yenə də dostlar ödəyir. (Mən “sançast”da qalırdım və aylıq kirayə haqqı bir nəfər üçün 150 dollar idi.)
“Dostların yaxş uşaqlarmış”,- dedi.

Şair, sən “dalyak”san

Bu vaxta qədər çox “koterjanlarla”, “smotriyaşşilərlə”, “özlərinə bu yolun yolçusu” deyənlərlə söhbət etmişdim. Bəzən mübahisələrim, söz deyişmələrim, hətta dalaşmalarım da olmuşdu. Yazıçı marağımdan, bu dünyanın daimi sakinlərindən, onların həyatından yazmaq istəyim məni buna sövq edirdi. Və hamısının da sifətində təkkəbbür, etdikləri cinayətə qəhrəmanlıq donu geyindirmək, peşman olmamaq (təbii haldır), özlərini cinayət aləminin bilicisi kimi göstərmək və s. ifadələr. Amma Masallı Mameddə bir təmkin, insana diqqət, qayğı, yavaş tonda danışıq, diqqət, ətrafa ani nəzər yetirib də, elə nəzərləri ilə ətrafındakılara diqtə gücünü müşahidə etdim. Doğrusu, bu insanın fəhminə, duyumuna valeh oldum.
İlk söhbətimizdə mən ondan, “hər hansı bir “sxodka” olsa, məni də dəvət edərlərmi”, - deyə soruşdum.
Üzümə təəcülə baxdı: - Nə sxodkası?
- Heç, eşitmişəm ki, sənin gəlişindən sonra bəzi məsələlərə aydınlıq gəturiləcək.
Eləcə güldü:
- Şair, sən “dalyok”san bu həyatdan, baş qoşma belə şeylərə, “posajir”sən, tez qocalarsan. - Yumor hissi də varmış demə. Amma mən onu heç zaman danışıb-gülən görmədim. Çox ciddi insan idi. “Sxodka”ya isə dəvət edildim.

(Ardı var)                         axar.az

Комментариев нет:

Отправить комментарий