14.09.2017

MTN əməkdaşları qaçaqmalçılarla necə ortaq biznes qurub? - Məhkəmədə şok ifadələr

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə,  Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə MTN-in Əməliyyat-Texniki İdarəsinin işçisi olmuş Sevinc İsgəndərova ifadə verib. O bildirib ki, həmin idarədə bölmə rəisinin köməkçisi işləyib: "İşim məxfi məlumatlarla bağlı telefonların dinləməsindən ibarət olub. İdarənin rəisi Natəvan xanım idi. Bizə raportla məlumat gəlirdi, telefonla izləyirdik. Həmin şəxsləri tanımırdım. Antiterror Mərkəzinin rəisi, idarə və şöbə rəisləri telefon dinləmələri ilə bağlı bizə raportla müraciət ediblər. Bizim də işimiz həmin texniki işləri görməkdən ibarət olub. Biz uzun illər məhkəmə qərarı olmadan, nazirin dərkənarı ilə telefon dinləmələrini həyata keçirmişik. Mənə tapşırıqları əsasən Elşad Əzizov verib, o işdə olmayanda isə tapşırıqları birbaşa Natəvan Mirvətovadan almışam".
Daha sonra şahid qismində MTN-nin Binəqədi şöbəsinin əməkdaşı Mirələm Həşimov ifadə verib. O, zərərçəkmiş iş adamları Sahib Qurbanov və Zaur Əzimovun epizodları üzrə dindirilib: "Şöbənin növbətçi hissəsindən zəng vurdular, bir nəfərin gəldiyini bildirdilər. Sonra şöbənin rəisi Rafiq Səfərov mənə zəng elədi, həmin şəxsi otağıma aparmağı, izahatını almağımı tapşırdı. Mən də onun tapşırığını icra elədim. Sonra Rafiq Səfərov zəng vurdu və həmin şəxsi otağımdan dəhlizə çıxarmağı dedi. Mən də həmin şəxsdən izahat almadım və onu dəhlizə çıxardım. Sonra onun hara getdiyini bilməmişəm".
Şahid əlavə edib ki, Rafiq Səfərov siqaret qaçaqmalçılığı ilə tutulan şəxsin yanında işləyən fəhləni dindirib: "Dindirilmə zamanı həmin şəxs heç nə bilmədiyini dedi. Bu zaman Rafiq onu şillə ilə vurdu. Bundan 10 gün sonra şöbəyə Zaur Əzimov gəlib. 15 dəqiqə sonra Rafiq müəllim onu da dəhlizə çıxarmağımı tapşırdı. Mən də onu dəhlizə çıxardım. Sonra onun hara getdiyini bilməmişəm".
Mirələm Həşimov qeyd edib ki, Zaur Əzimov və digərlərinin buraxılmasından, Rafiq Səfərovun onlardan pul tələb etməsi və ya almasından xəbəri olmayıb. Şahid bildirib ki, əməliyyatlara Rafiq Səfərovun özü rəhbərlik edib, onun Sahib Qurbanov və Zaur Əzimovdan 100 min dollar almasını ümümi söhbətlərdən eşidib.
İş üzrə şahid qismində MTN-in Tibb Baş İdarəsinin rəis müavini olmuş Vüqar Mahmudov dindirilib. O, ifadəsində qeyd edib ki, artıq xidmətdən uzaqlaşdırılıb və sərəncama götürülüb. Vüqar Mahmudov deyib ki,  MTN-də 2013-ci ildə işə başlayıb: "Nazirlikdə işləməzdən qabaq kiçik bizneslə məşğul olmuşam. O zaman İlham adlı şəxslə yaxın dostluq əlaqələri yarandı. Birlikdə iş görməyə başladıq. Ona pul vermişdim, İlham özü işləri görürdü. Qazancdan mənə pul verirdi". Şahid bildirib ki, bir müddət sonra İlhamı Binəqədi rayonun rəisi olan Rafiq Səfərovla tanış edib. Prokurorun suallarına cavab verən Vüqar Mahmudov etiraf edib ki, Rafiqlə İlhamı tanış eləməkdə məqsəd bazarda digər siqaret qaçaqmalçılarının qarşısını almaq olub: "İlham bu işdə uzun müddət idi çalışırdı. Ölkəyə siqaret gətirən hamını əlinin içi kimi bilirdi. Rafiqlə İlham birlikdə işləməyə başladılar. İlham Rafiqə kim siqaret gətirirdisə deyirdi. Rafiq də əməliyyat edib, həmin adamı tuturdu. Malını əlindən alıb İlhama verirdi, o da ucuz qiymətə həmin siqareti satıb Rafiqə pul şəkildə qaytarırdı". Şahid bildirib ki, bir neçə dəfə İlham ondan xahiş edərək pulu Rafiqə onun verməyini istəyib: "Bir neçə dəfə Rafiq və köməkçisi Heydər İslamova pulu mən vermişəm".
Bu zaman təqsirləndirilən general Elçin Quliyev etiraz edib. O bildirib ki, bunun onun işinə dəxli yoxdur: "Başa düşmürəm, deyirəm, sakit oturum, danışmayım, alınmır. Baxın, bu epizodun mənə nə dəxli var? Bu adamı birinci dəfə görürəm. Rafiq hansısa qaçaqmalçıdan pul alıb, buraxıb, bunun mənə nə dəxli var? Sonda deyəcəksiniz ki, bax, Elçin Quliyev, şahidlər gəlib sizin əməllərinizi etiraf edir". Bu zaman hakim bildirib ki, həmin şahidlər ittiham tərəfinin şahidləridir: "İttiham tərəfi bunları irəli sürüb. Sonda bunlara qiymət veriləcək". Prokuror arayış verərək bildirib ki, ittiham mütəşəkkil dəstə şəklində verilib.
Şahid Vüqar Mahmudov ifadəsini davam etdirərək bildirib ki, bu işdə zərərçəkmiş kimi tanınan Sahib Qurbanov bir dəfə yanına gəlib: "İşdən çıxan zaman yaxınlaşdı. Dedi ki, onun malları məndədi. Dedim mən heç kimin  malını götürməmişən. Dedim bu söhbəti sizə kim deyib? O da qeyd etdi ki, rəis müavini Heydər İslamov. Heydərlə danışdım, dedi ki, Sahibə 30 min manat verilməlidir. İlhamla əlaqə yaratdılar, 30 min ödənildi".
Daha bir DTX-a əməkdaşı Hüseyn İlyasov dindirilib. O bildirib ki, dinləmələri rəhbərliyin tapşırığı ilə ediblər: "Heç bir məhkəmə qərarı olmayıb".
Prosesdə hazırda həbsdə olan Fərhad Atayev və general Teymur Quliyev ifadə verib. Onlar da istintaqa verdikləri ifadələri təsdiq ediblər. Teymur Quliyev bildirib ki, o, istintaqa umumi məlumat verib: "Rəhbərlik nə tapşırıq verib, onu icra etmişik".
Məhkəmə sebtyabrın 22-də davam edəcək.
Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. MTN-lə bağlı həbslər başlayanda o adı çəkilən qurumun akademiyasına kafedra rəisi təyin edilib. Daha sonra cinayət işi üzrə həbs edilib.

Комментариев нет:

Отправить комментарий