27.09.2017

Abel Məhərrəmovun saxta alimliyi

Qocaman Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov “Bir qalanın sirri” filmindəki Elşəni geridə qoyub.
Mətanəti xilas etmək üçün dağı yarmağa hazırlaşan Elşənin belində kəmər yalnız bir rəf dolusu kitabı oxumaqla mümkün idi.
Sovet dövründə çəkilmiş və bu gün də uşaqların sevimli filmi olaraq qalan “Bir qalanın sirri”ndə Elşən təmkinlə kitabları oxuyub qüvvətlənir.
Bu utopik və uşaqlar üçün nəzərdə tutulmuş ssenari XXI əsr Azərbaycanında reallıq imiş. Demə, BDU rektoru Elşəni də tapdalayıb keçib.
Belə ki, onun biblioqrafiyası Heredotu, Platonu, İbn Sinanı şoka sala bilər. A.Məhərrəmov o qədər kitabların, məqalələrin müəllifidir ki, Lenin belə “əlinə su tökməyə yaramaz”.
Bu qənaət aparılan araşdırmalar, sosial şəbəkələrdə və mediada yayılmış məlumatlar, müqayisələr və statistik rəqəmlər əsasında yaranıb.
Anaxeber.az-ın hazırladığı araşdırmada qeyd olunur ki, A.Məhərrəmovun biblioqrafiyası haqda informasiyalar bir-birini təkzib edir.
Bu rəqəmlərə nəzərə salanda rektorun fəaliyyətinin təpədən-dırnağa qədər şişirdilmiş olduğu təsəvvürü yaranır.
İlk növbədə 2010-cu ildə yayılmış məlumatlara diqqət yetirək: “525-ci qəzet”də dərc olunmuş “Biblioqrafiyaya haqqı olan alim” başlıqlı məqalədə göstərilir ki, Abel müəllimin 512 səhifəlik yeni biblioqrafiyasına 9 monoqrafiyası, 600-dən çox məqalə və tezisi, 50-yə yaxın dərsliyi, dərs vəsaiti və digər kitabları, 50-yə yaxın patenti, rəhbərlik etdiyi-yetişdirdiyi 30-dan çox elmlər doktoru və elmlər namizədi daxildir.
Amma filologiya elmləri doktoru Cahangir Məmmədlinin “Vətəndaşlığın, yaradıcılığın, şəxsiyyətin ziyalı modeli” başlıqlı yazısında isə Abel müəllimin 9 fundamental monoqrafiyasının, 47 dərslik və dərs vəsaitinin, 800-dən çox elmi məqaləsinin, 40-dan çox patentinin olması və akademikin 26 nəfər elmlər doktoru və elmlər namizədinə rəhbərlik etdiyi göstərilir.
Cəmi 20 gün fərqlə dərc olunmuş bu yazılarda 200 məqalə, 3 dərslik və dərs vəsaiti, 10 patent, yetişdirilmiş 4 elmlər namizədi və elmlər doktoru fərqi var.
Dəhşətdir: ya BDU rektoru bu saxtakarlığa imza atıb, ya da Rəşad Məcidin rəhbəri olduğu qəzetlə Cahangir Məmmədli özlərindən uydurublar.
Anaxeber.az yazır ki, bir neçə mənbəyə istinadla yayılmış biblioqrafik məlumatlar daban-dabana ziddir.
A.Məhərrəmovun bu fantastik əməllərindən təhsil üzrə məşhur alim Etibar Əliyev də faktlar açıqlamışdı. Abel müəllim doktorluq dissertasiyasını 1991-ci ildə müdafiə edib. Tanınmış alimlərdən biri deyir ki, 1990-92-ci illər doktorluq dissertasiyalarının müdafiəsi üçün ən münbit illər olub. Səbəbini isə belə izah edirdi: “Sovetlər birliyinin dağıldığı ərəfədə Moskvada müdafiə işlərinin ciddiliyinə bir o qədər diqqət yetirilmirmiş. O zaman bundan xeyli adam sui-istifadə etdi. İndi elmdən ən çox dəm vuranlar o vaxt müdafiə edənlərdir”.
Görəsən nədən indiyə qədər Cahangir Məmmədli Abel müəllimin Nobel mükafatına namizədliyini irəli sürməyib? Yaxud Ginnesin rekordlar kitabı hara baxır?
Azərbaycanın ən böyük və qədim universitetinə rəhbərlik edən və Milli Məclisin üzvü olan bir şəxs görəsən elmlə məşğul olmağa necə vaxt tapir?
Rektorluqdan qabaq isə o, tədris hissə müdiri və dekan vəzifələrində çalışıb. Deyəsən bizdə artıq məqalə, monoqrafiya, patent, dərslik anlayışları öz mahiyyətini tamam itirib. Bəlkə bunlar da insana şeir kimi bədahətən gəlir?
Azərbaycanın böyük alimi akademik Yusif Məmmədəliyev cəmi 200-ə yaxın elmi əsərin və 6 monoqrafiyanın, tanınmış riyaziyyatçı-akademik Mirabbas Qasımov isə 100-ə yaxın elmi əsərin müəllifi olub. Elmimizdə kəmiyyətin keyfiyyət üzərində qələbəsi davam edir.
Lakin iş bununla yekunlaşmır. Vikipediyada göstərilir ki, akademik Abel Məhərrəmov 600-dən çox elmi məqalənin, 33 ixtiranın, 10 monoqrafiyanın, 37 dərslik və dərs vəsaitinin müəllifidir. Və yenə də rektorun bibliqorafiyası haqda səhih informasiyalar verilmir.
Üstəlik, bir neçə il öncə BDU rektorunun 510 səhifədə yer almış “Biblioqrafiya”sı çap olunub. Bu göz qamaşdıran “Biblioqrafiya” haqda Bəhmən Sultanlının bloqundakı geniş araşdırmada inanılmaz faktlara rast gəlinir.
BDU rektoru heç vaxt bir gün də məşğul olmadığı sahələrə (analitik kimya, qeyri-üzvi kimya, yer quruluşu kimyası, bioloji kimya, neft kimyası, fiziki kimya, fenollar kimyası, kükürdlü üzvi birləşmələr kimyası, kristallokimya, kvant kimyası, nanotexnologiya, kimya tədrisi metodikası, biofizika…) aid yüzlərcə elmi məqalənin, tezisin, kitabın, neçə-neçə patentin, dərsliyin, dərs vəsaitinin avtoru olub, elmi məqalə və tezislərinin, patent və kitablarının sayını fantastiktik həddə qədər artırıb.
Bunları “Biblioqrafiya”da izləyək:
1. İctimai vəzifə daşımadığı 20 ildə (1973-1993-cü illər) 2 dərslik və dərs vəsaitinin, 50 elmi məqalə və tezisin, 12 patentin avtoru olub.
2. Fakultə dekanı işlədiyi 5 ildə (1993-1998-ci illər) isə, 45 elmi məqalə və tezisin, 8 dərslik və dərs vəsaitinin avtoru olub, 1 dissertasiyaya elmi rəhbərlik edib, 1 müxtəlif mövzulara (?- B.S.) həsr olunmuş məqaləsi, 4 müsahibəsi dərc olunub.
3. Rektor olduğu 10 ildə (1999-2009 illər) 612 elmi məqalə və tezisə avtor olub, 9 kitabı, 48 dərsliyi və dərs vəsaiti çıxıb, 23 namizədlik, 2 doktorluq dissertasiyasına elmi rəhbərlikdə bulunub.
5 kitaba redaktorluq yapıb, ictimai-siyasi çalışmaları ilə bağlı 101, müxtəlif mövzulara həsr olunmuş 61 məqaləsi, 81 müsahibəsi, 240 çıxışı baş tutub.
2010, il boyu hər üç gündən bir məqalə və tezis yazmaq mümkündürmü? Bu “Biblioqrafiya”nı vərəqləyən ingilis, fransız, alman, rus, yəhudi alimləri başlarını itiriblər az qala…

anaxeber.az

Комментариев нет:

Отправить комментарий