14.01.2019

Bizdə bir nəğmə var

Əfrahim Hüseynli

DAHA PAYIZA DA İNANMAQ OLMUR

Sənə demədimmi günün birində
Çıxar qarşımıza payız tilsimi?
Günlər də adamın könlünə yatmaz
Yerinə düşməyən misralar kimi.

...Dumana bürünüb, çənə bürünüb,-
Payız nəfəsi var xatirələrdə.
Təsəlli bilmişdim bir ömür boyu,
Daha gərək olmur xatirələr də.

Doğmalar itirdim... dostlar itirdim
Baharı bitməyən bildiyim yolda.
Gecəylə gündüzün yeri dəyişik,-
Yarımçıq kimidir gəldiyim yol da...

Dastanlar söylədim, nəğmələr yazdım
Dağlara, daşlara... bu Yerə xətir.
İndisə... yazdığım şeirlərim də
Yarımçıq görünür sətirbəsətir.

Ömrə yazılası o yaz yerinə
İndi yaddaşımda bir yuxu qalıb.
Daha payıza da inanmaq olmur,-
Günlərin gözündə bir qorxu qalıb...

BACILARIM HAQQINDA

Onda yox imişəm, bilmirəm harda
Baxışlar toxunub, baxışlar dinib.
Bir arzu naminə bir ilk baharda
Qovuşub iki yol bir yola dönüb.

Bir qış səhərində ağaranda dan
Atam ata olub, anamsa ana.
Muştuluqdan ötrü qonşu Gülüstan
Xəbəri çatdırıb dosta, həyana.

Göz açıb ikinci, üçüncü bacım,-
Nənəmin köksünə "üç dağ" çəkilib.
Titrəyib, əlindən düşüb ağacı,
Deyirlər, bir az da beli bükülüb.

Nənəmdən müştuluq istəyən zaman
Gülüstanın əli uzalı qalıb.
Deyib; -Nə muştuluq daha, ay balam,
Oğluma, gəlnimə qızlar dərd olub.

...O şaxtalı günlər əlini çəkib,-
Doğma qara saçlar dağ zirvəsidir.
O günlər nənəmin belini büküb,-
İndi ürəklərin xatirəsidir.

Bir evi calayıb gör neçə evlə
"Atama, anama dərd olan qızlar".
Bürünsə kədərə əyər bənizim,
Atamtək, anamtək qəlbləri sızlar.

Nənə, "dayı" olub mənim bir adım,
Məndən pay istəyən indi çoxalıb.
"Oğlum gəldi"lərlə qarşılanardım,
İndi "dayım gəldi" deyən də olub.

...Bizdə bir nəğmə var maqnitafonda,
Bir dünyalıq sevinc yaşayır onda.
Doğmalar maraqla hey qulaq asar,
Buludsuz səmatək üzlər açılar.
Arifin sədası otağı gəzər,-
"...Kim deyir, köçəri quşlara bənzər?
Evləri evlərə calar bacılar".

PAYIZA DÖNDƏRDİM YAZ OLAN ÖMRÜ

Tanrım, yazdığına şükür söylədim,-
Dedim ki, sürərəm yazılan ömrü.
Ağlıma gəlməzdi bir ömür boyu
Yaşayım ümiddən asılan ömrü.

Ya nabələd oldum, ya naşı, sevdim,-
Nələrin xətrinə dağ-daşı sevdim?
Üstümə ələnən yağışı sevdim,-
Payıza döndərdim yaz olan ömrü.

Səni mən pozmuşam, ay alın yazım!-
Yersiz giley-güzar daha nə lazım?..
İndi hansı üzlə adıma yazım
Yuxutək yüz yerə yozulan ömrü?

Əlimi uzatdım uzana ömür,-
Uzanan əllərdən usana ömür.
Bölünə-bölünə uzanan ömür
Kim deyir qısaltdı az olan ömrü?!

Düzdən danışdımsa, düşdü söz yerə,-
Kül olub ələndi ocaq, köz yerə.
Günlər yolu-izi böldü yüz yerə,-
Saldılar dağ-daşa düz olan ömrü.

Комментариев нет:

Отправить комментарий