01.08.2020

“FETÖ-nün nəfəs aldığı hər ölkə təhdit altındadır”

“FETÖ-nün nəfəs aldığı hər ölkə təhdit altındadır”. moderator.az xəbər verir ki, bu sözləri Türkiyənın Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan Türkiyədə 2016-cı ilin iyul ayının 15-də baş verən mənfur çevriliş cəhdindən bəhs edərkən deyib.
O qeyd edib ki, Türkiyə Cümhuriyyətinin tarixinə qara ləkə olaraq düşən Fətullahçı Terror Təşkilatının (FETÖ) orduya məxsus silahları türk millətinə tuşlamasının üzərindən dörd il keçib: “Ölkəmizin bütün kapilyarlarına gizli şəkildə sızan FETÖ 15 iyul gecəsi 251 nəfəri şəhid etdi, minlərlə insanı yaraladı və əlil qalmasına səbəb oldu. Polisimizi də hədəf alan FETÖ xainləri 16 iyul tarixinin ilk dəqiqələrində Gölbaşındakı Baş Polis İdarəsinin Xüsusi Əməliyyat-Axtarış Tədbirləri İdarəsinə bomba yağdıraraq 44 polisi şəhid etdi. Tarixdə ilk dəfə bir ordu döyüş təyyarələri ilə öz parlamentini bombaladı.
Xalqın seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğan öz xalqını zalımlara boyun əyməməyə, küçələrə çıxıb sui-qəsdçilərə, terrorçulara qarşı müqavimət göstərməyə çağırdı. Medianın çağırışları və minarələrdən ucalan azan sədaları altında milyonlarla insan “Allahu Əkbər” deyərək küçələrə çıxdı. Meydanlara axışan vətəndaşlar o gecə dastan yazdı. Canlarını heçə sayaraq tankların üzərinə çıxan, qorxusuzca silahların qarşısında sipər olan xalqımız yalın əllə tanklara, toplara, silahlı əsgərlərə doğru irəlilədi və  türklərin tarixinə yeni bir qəhrəmanlıq dastanı yazıldı.
Ordudakı və polisdəki milli qüvvələr də prezidentə sadiq qalaraq dövlətin yanında yer aldılar. Türk xalqı muzdlu xainlərə diz çökdürdü. İpləri xaricdəkilərin əlində olanların planları alt-üst oldu. Eynilə Çanaqqalada, Sakarya meydan müharibəsində olduğu kimi... Türk xalqı tarixini tərsinə çevirərək dünyaya nümunə oldu. 15 iyul gecəsi, Türkiyə Silahlı Qüvvələrinə sızan FETÖ üzvü olan və bu təşkilatın fəaliyyətini dəstəkləyən 8 mindən çox hərbçi, 35 təyyarə, o cümlədən döyüş təyyarələri, 3 gəmi, 37 helikopter, 74-ü tank olmaqla 246 zirehli maşın və 4 minə yaxın yüngül silahın istifadə olunduğu xain çevriliş cəhdinin qarşısı alındı.
Bunu xüsusilə qeyd etmək lazımdır ki, FETÖ üzvləri hər cür dona girir, hər cür ideoloji qanadda yer alaraq fəaliyyət göstərir. Millətçi, dindar, ateist və deist kimi müxtəlif görüntülər nümayiş etdirdikləri üçün müəyyən edilmələri çətin olan bu xain təşkilatla bağlı hər zaman ayıq olmaq lazımdır. FETÖ üzvləri mövcud olduqları ölkələrin müstəqilliyinə və sabitliyinə düşmən olan, bütün təxribatların arxasında dayanmaqdan çəkinməyən, ələ keçirmək istədikləri iqtidarı sıradan çıxarmaq üçün düşmənlərlə gizli əməkdaşlıq edən, günahsız insanların qanını tökməkdən çəkinməyən, qurban və dürüst görüntüsü yaradan mələk maskası geyinmiş şeytanlardır. FETÖ oğurluq edən, korrupsiya ilə məşğul olan, imtahan suallarını oğurlayaraq təşkilat üzvlərinə verib başqalarının gələcəyini oğurlayan, tələ quran, şantaj edən, gizli kameralarla nöqsan axtaran, hər yerə təşkilat üzvlərini və ya tərəfdarlarınıı yerləşdirməyə çalışan, özlərindən hesab etmədiklərinə iş yerlərində psixoloji təzyiq göstərən, qısacası hər cür çirkinliyə əl atan bir təşkilatdır. Və FETÖ onlardan olmayanları bütün bu etdikləri ilə günahlandıran bir təşkilatdır eyni zamanda.
Gizli fəaliyyət göstərən, dünyanın ən təhlükəli terror təşkilatlarının başında gələn bu təşkilatın üzvlərinə qətiyyən güzəştə gedilməməli, məsumiyyət maskalarına inanılmamalıdır. Çünki onlar xalqlarına və ölkələrinə düşməndır...
Kütləvi informasiya vasitələri FETÖ kimi terror təşkilatlarının ən vacib təbliğat və manipulyasiya vasitəsidir. FETÖ və PKK kimi terror təşkilatları bu vasitədən intensiv istifadə edir və beləliklə təbliğatlarını geniş kütlələrə yayırlar. Məqsədləri cəmiyyətdə çarəsizlik, ümidsizlik, bezginlik və narahatlıq yaradaraq xalqı üsyana təşviq etməkdir. Dünyada yeni “15 iyul”lar yaşamamaq üçün ayıq olmalı, məqsədinə çatmaq üçün hər cür dona girən, hər cür təbliğat aparan və hər yola əl atan FETÖ terror təşkilatına qarşı ayıq olmalı, tələyə düşmədən vətənimizə sahib çıxmalıyıq. Hər bir ölkə və xalqları onlara qarşı diqqətli olmalıdırlar”.

Комментариев нет:

Отправить комментарий