01.10.2022

İnamlı xarizmatik lider – Ramzan Kadırov

Müharibədən sonrakı Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun şəxsiyyəti Kremlin nizamlama planının əsas elementi idi. Moskva bütün dəstəyini, inzibati resursları və vəsaitlərini məhz ona yönləndirmiş, bütün hakimiyyəti Əhməd Kadırovun əlində cəmləmişdi. Bu, bir çox cəhətdən çeçen cəmiyyətində qaynar dövrün sonuna doğru yığılmış ziddiyyətləri aradan qaldırmaq üçün fövqəladə tədbir idi.
Əhməd Kadırovun aradan götürülməsi bütün Kremlə ciddi zərbə oldu və müvafiq olaraq, sülhün qorunması, Çeçenistan daxili ziddiyyətlərin aradan qaldırılması üçün görülən bütün işləri uğursuzluq həddinə çatdırdı – terrorçuların istəyi də məhz bu idi. Əhməd Kadırovun faciəli ölümündən sonra Kremlin Çeçenistanla bağlı variantları çox idi, lakin Putin məhz Kadırovun kursunu davam etdirmək variantı seçildi. Bu məqsədlə əsas variant olaraq dərhal Əhməd Kadırovun oğlu Ramzan Kadırovun prezident seçilməsi üzərində dayanıldı.
Respublikanın baş naziri postunu tutan kiçik Kadırov Çeçenistan sakinlərinə söz verdi ki, səlahiyyət müddəti başlayandan üç ay ərzində müsbət dəyişiklik baş verməsə, vicdanla istefa verəcək. Belə bir yanaşma həm bütövlükdə Çeçenistan, həm də Ramzan Kadırovun özü üçün olduqca xarakterikdir. Məsələ burasındadır ki, Ramzan içərisindən çıxdığı xalqa tam uyğun bir siyasətçidir. O çeçen cəmiyyətinin hələ də ənənəvi həyat tərzinə sadiq qaldığını başa düşür. Bunu onun atası da hələ Çeçenistanın ali müftisi olarkən dərk edirdi. Xalqının onun fəaliyyətini dəstəkləməyəcəyi halda istefa verəcəyini elan edən Ramzan tam ağıllı və prinsipial yanaşması ilə sadə insanların istək və əhval-ruhiyyəsini çox yaxşı başa düşdüyünü nümayiş etdirdi.
Kadırovun prezidentlik ambisiyaları onun şəxsi uğurları fonunda böyüdü. O gücün dadını tədricən hiss etdi və topladığı təcrübə onu bir siyasətçi kimi müdrikləşdirdi. Peşəkar mənada o prezidentliyə hazırlıq üçün baş nazir kimi sürətli kurs keçərək, həqiqətən də böyüdü. Digər tərəfdən kiçik Kadırov həm baş nazir, həm də prezident olarkən atası kimi həmişə öz prinsiplərinə sadiq qaldı və çeçen cəmiyyətinin ənənəvi yolunu nəzərə aldı.
Çeçenistanda xüsusi sosioloji araşdırmanın aparılması və kiçik Kadırovun parlament deputatları qarşısında çıxışı nəticə etibarilə seçkiqabağı vədin yerinə yetirilməsi oldu.
Çeçenistan sakinlərinin Ramzan Kadırovun respublikanın baş naziri kimi fəaliyyətinə yüksək qiymət verməsi ilk növbədə (və ən əsası), Çeçenistanda vəziyyətin həqiqətən yaxşılaşması ilə bağlı idi ki, bu da göz qabağındadır. Baxmayaraq ki, bu irəliləyişdə Kadırov administrasiyasının peşəkar idarəçiliyi ilə yanaşı təbii ki Moskvanın da siyasi və maliyyə dəstəyi böyük rol oynayıb. Respublikada həm iqtisadi, həm də sosial vəziyyətin sabitləşməsi üçün çox böyük işlər görüldü və bu işdə Kadırov Moskvadan olan “nəzarətçi” rolunu oynadı. O Kremlin etibarlı adamı olaraq respublikaya gələn maliyyə vəsaitlərinin ədalətli və yaradıcı şəkildə bölüşdürülməsinə savadlı şəkildə nəzarət etdi. Ona görə də o iqtisadi və siyasi sabitləşmə proseslərinin uğurlu olmasında, korrupsiya və oğurluq səviyyəsinin minimuma enməsində şəxsən maraqlı idi. Baş nazir olduğu bütün dövr ərzində Kadırovun Çeçenistanda reytinqi durmadan artdı. Üstəlik Kremlin ona olan inamı da artırdı. Bunlar Ramzanı var gücü ilə işləməyə və onun administrasiyasında çalışan məmurların sui-istifadələrinə nəzarət etməyə məcbur edən amillər idi. Nəhayət, unutmaq olmaz ki Ramzan Kadırov situasiyaya nəzarət etmək üçün də ənənəvi üsullardan istifadə edir və Çeçenistanın siyasi elitası indi əsasən onun şəxsiyyəti ətrafında cəmləşib. Ramzanın keçmiş yaraqlılara təsiri də həmişə məlum olub. Heç kəsə sirr deyil ki, Çeçenistan Daxili İşlər Nazirliyinin bir çox əməkdaşı bir vaxtlar qanunsuz quldur birləşmələrinin üzvləri olub, sonra isə silahı yerə qoyublar. Yəni Kadırovun hələ də Çeçenistan ərazisində fəaliyyət göstərən həmin kiçik banda qrupları ilə danışıqlar aparmaq üçün ciddi resursu da var. Belə ki kompyuter jarqonunda danışsaq Kadırov “interfeys” funksiyasını – federal mərkəzlə çeçen cəmiyyəti arasında qarşılıqlı əlaqəni həyata keçirirdi. 
Şübhəsiz ki, Çeçenistan iqtisadiyyatının bərpasında Kadırovun şəxsi töhfəsi böyükdür. Lakin Moskvanın Çeçenistana qoyduğu nəhəng investisiyaları da unutmaq olmaz.
Ramzan Kadırov region həyatının hərbi-siyasi sferasında sabitliyə nail ola bildi və bu baxımdan Çeçenistan bu gün, demək olar ki, nümunəvi regiondur. Burda baş verən proseslərlə bağlı Kadırov hər kəsdə olmayan informasiyaya malikdir. Məhz bu kontekstdə onun Çeçenistana bitişik respublikalarda - İnquşetiyada, Dağıstanda, Kabardin-Balkarda və digər yerlərdə xüsusi əməliyyatlar keçirmək təşəbbüslərini başa düşmək lazımdır. Vahhabi yaraqlılarının çoxu geri çəkilmək üçün artıq bütün yolların kəsildiyi Çeçenistanda deyil, hələ də qalan quldur dəstələri üçün daşınma bazası kimi istifadə olunan bitişik rayonlarda gizlənirdilər. Belə hallarda Təmizləmə əməliyyatları dəqiq xarakter daşımalı və ən son kəşfiyyat vasitələri (peyklə izləməsi və s.) ilə aparılmalıdır. Həmin uğurlu əməliyyatlar nəticəsində Federal mərkəzə qarşı mübarizə ideyasının sadə əhali arasında getdikcə gözdən düşdüyünü görən qeyri-qanuni silahlı birləşmələrin üzvləri mülki həyata qayıtmağa qərar verdilər.
Amnistiya başa çatdıqdan sonra Ramzan Kadırov əlamətdar bəyanatla çıxış edib. Onun fikrincə, Beynəlxalq terrorizmlə mübarizədə Çeçenistan Respublikası ön sıralarda idi. Kadırov dini ekstremizmin, xüsusən vahhabiliyin istənilən təzahürlərinin ən sərt şəkildə və vaxtında qarşısının alınmasına çağırdı. O öz açıqlamasında bunları dedi: “Çeçenistan Respublikasında geniş yayılmış ənənəvi İslamla ziddiyyət təşkil edən hər hansı bir cərəyanın daha da güclənməməsi üçün onu ilkin mərhələsində dayandırmaq lazımdır. Onu yayanlar şeytanlardır, onların yeri torpağın altıdır”.
Bu sözləri söyləyən Çeçenistan lideri sonradan Rusiya Federasiyasının dərinliklərinə nüfuz etmək üçün Çeçenistan ərazisində Qərb plasdarmı yaratmaq istəyən qüvvələrin cəhdlərinə son qoydu.
Məlumdur ki, çeçen xalqı qədim zamanlardan İslamda sufiliyi əsas götürən sünni məzhəbinə itaət edir. Sovet dövründə islam dini uzun illər qadağan olunduğundan Qərb islamçı təriqətləri bundan istifadə edərək, dinə qoyulan qadağa aradan qaldırıldıqdan dərhal sonra Şimali Qafqazda öz təsirlərini yaymağa çalışdılar. 
Vahhabilik təlim olaraq 18-ci əsrdə Məhəmməd ibn Əbd-əl-Vahhab tərəfindən, qəribə də olsa, Britaniya məxfi xidmətlərinin köməyi ilə yaradılıb - ilk növbədə müsəlmanların birliyini sarsıtmaq və onları Qərbin manipulyasiya obyektinə çevirmək üçün. Vahhabiliyin İslam dininin anti-Qərb qolu olması mifdir. O yalnız Qərbin özünə, o cümlədən amerikanlara növbəti xarici siyasi avantüralarını həyata keçirmək məqsədilə lazım olanda anti-Qərb yönümlü olur. Çoxları 2001-ci il 11 sentyabr hadisələrinin ABŞ üçün nə qədər sərfəli olduğuna diqqət yetirir. Onlar bu hadisədən Əfqanıstan və İraqı işğal edərək öz geopolitik təsir dairələrini keçmiş SSRİ-yə daxil olan Orta Asiya respublikalarına doğru genişləndirmək, sonradan bütün Yaxın Şərqə və onun neft ehtiyatlarına nəzarət etmək üçün bəhanə kimi istifadə etdilər.
Bildiyiniz kimi, vahhabilik adət sistemini - İslam xalqlarının yaşadıqları mühitin təsiri ilə formalaşan ənənələri inkar edir. Bu, xalqların əcdadlarının irsi, adət-ənənələri, inancları ilə əlaqəsini kəsmək üçün edilir.
Vahhabiliyin Çeçenistan ərazisinə nüfuz etməsi regionu Rusiyadan ayrılmaq məqsədilə qabaqcadan düşünülmüşdü. İslamın bu qeyri-ənənəvi azğın cərəyanı xalqı xaricin, ilk növbədə Qərbin manipulyasiya obyektinə çevirməyə imkan verən bir ideologiyadır. Kadırov bu “ideoloji yoluxmaya” qarşı müharibə elan etməklə Qərbin Şimali Qafqaza ekspansiya yolunu bağladı. 
Kadırovun respublikanın beynəlxalq terrorizmlə mübarizədə “cəbhə xətti” olması haqda bəyanatı mübaliğə deyildi, çünki vahhabi ekstremistlərinin bütün dünyada mənəvi dəstəyə ehtiyacı vardı. Beynəlxalq terrorizmin hər bir qələbəsi bidətçi islami cərəyanı bütün dünyada ruhlandırır. Odur ki, hər bir lokal itki və uğursuzluq terrorçuları ruhdan salırdı. Buna görə də terrorçuların Çeçenistanda mövqelərini və təsirlərini sürətlə itirməsi Qərbin yaratdığı bütün ekstremist hərəkatı mənəvi cəhətdən dağıtdı.
Ramzan Kadırov atasının başlatdığı siyasət dalğasında liderlik xarizmasını vaxtında qazana bildi. O Çeçenistanda hakimiyyətin zirvəsinə yüksəlsə də əqidəli dindar olaraq, sahib olduğu səlahiyyətlərdən şəxsi maraqları üçün istifadə etmədi. Əksinə, öz əməlləri ilə formal deyil, xalqının həqiqi lideri olduğunu sübut etdi.

Maqsud Qocabəyli

Комментариев нет:

Отправить комментарий