BİRİNCİ HİSSƏ: TURAN LOQOSU
“Vatan ne Türkiyedir türklere, ne Türkistan,/ Vatan büyük ve müebbet bir ülkedir: Turan”. Ziya Gökalp
Tarixən Avrasiyanın Böyük Çölündə altay xalqları dominantlıq etmişlər. Onların içində əsas üstünlük türk tayfalarına məxsus olmuşdur. Türklər hətta monqolların hökmranlığı dövründə Turan sivilizasiyasında fundamental rol oynamışlar. Bundan başqa, türklər monqollarla çoxsaylı tarixi və mədəni tellərlə bağlanmışlar – nə vaxtsa ümumi olmuş altay dilindən tutmuş simvolik hun mənşəyinə kimi. Prioritet hərbi orientasiya tarix boyu bütün türk cəmiyyətlərinin hamısına xas olmuşdur. Türküt atlıları döyüşdə məğlubedilməz idilər. Çinlilər onlarla çöl şəraitində birbaşa toqquşarkən məğlubiyyətə uğrayırdılar, çünki türklər kimi hərbiyə əsas önəm vermirdilər, sivilizasiyanın ali prioritetləri kimi tam başqa dəyərlərə və oriyentirlərə - mədəniyyət, incəsənət, fəlsəfə və s. üstünlük verirdilər. Odur ki çinlilər türkütlərə münasibətdə intriqalar yaratmaq yoluna, iqtisadi sövdələşmələrə və “təsir agentlərinin” ələ alınmasına girişirdilər. Onlar bu işlərdə türklərdən pərgar idilər. Türklər üzbəüz və açıq döyüşdə sərt, aqressiv və məğlubedilməz olsalar da sadə qəlbli, müəyyən qədər də sadəlövh idilər. Bununla yanaşı onlar şan-şöhrətə həvəsli idilər. Material zənginliklərə də ona görə can atırdılar ki, öz hərbi qüdrətlərini möhkəmləndirsinlər və şan-şöhrətə tez çatsınlar. Türklər Turan köçərilərinin döyüş ruhunu digər xalqlara baxanda daha çox özlərində saxlamışlar. Bu mənada onlar posthun dövründə Turan Loqosunun ən parlaq və ifadəli daşıyıcıları oldular.
***
Avrasiyann Böyük Çölü sivilizasiyaların interpretasiyası üçün semantik keçid mərkəzi rolunu oynayırdı. Eramıza qədər 3 min il ərzində bu məkandan dünyaya impuls və enerjilər saçıldı ki, nəticədə bir tərəfdə Anadolu, Yunanıstan, Roma, Avropa, digər tərəfdə İran, Hindistan, Əfqanıstan mədəniyyətlərinin yaranaraq ayaqda qalmasında mühüm rol oynadı. Eramızın ilk əsrlərindən isə bu missiyanı Avrasiyanın digər möhtəşəm xalqları – Altay qrupuna daxil olan türklər, monqollar və mancurlar öz üzərlərinə götürdülər. Onlar bu missiyanı min il ərzində şərəflə daşıdılar. Turan Loqosunun – Apollon Loqosunun təsiri Altay xalqları olan türklər, monqollar və mancurlar üçün o dərəcədə həlledici oldu ki, bu xalqlara və onların finksiyalarına Avrasiya sivilizasiyaları balansında vəhdət şəklində baxmaq olar. Türklərin öz ağalıqlarını təsdiq etdikləri hər yerdə hakimiyyət vertikalı gücləndi, patriarxat strukturu bərqərar oldu, göydəki işıqlı tanrılar kultu formalaşdı.
***
Altay xalqları qrupunda hind-avropa başlanğıcı o qədər gücləndi ki, məhz onlar Turan partlayışını davam etdirdilər. Hind-avropalılar oturaq həyat tərzinə keçdikdən sonra Avrasiya çöllərində estafet türklərin əlinə keçdi. Türklərin sayəsində Avrasiyanın hər yerində Apollon Loqosu bərqərar oldu. Köçəri həyat tərzini saxlayan hind-avropa xalqlarının bir qisminin və əfqan tayfalarının fəallığı müşahidə olunsa da, Turanın yeni söz sahibləri və ağaları türklər oldular. Siyasi səhnəyə girəndən sonra türklər morfolofji nöqteyi-nəzərdən Turanın hind-avropalılarının əvvəlki minilliklərdə daşıdıqları missiyanı uğurla davam etdirdilər. Və nəhayət, patriarxatın, Apollon Loqosunun dramatik hind-avropa partlayışı onunla tamamlandı ki, Turan torpaqları slavyanların, rusların nəzarətinə keçdi. Türklərdən sonra ruslar Turanın dramatik istorialını qapadılar, Avrasiyanın ekzistensial horizontlarının hərəkət və təyinat dialektikasına nöqtə qoydular.
***
Turan sivilizasiyasını araşdırarkən biz nomadik sivilizasiya ilə qarşılaşırıq ki, burda döyüşkən (patriarxal) başlanğıca malik tellurik tipli mədəniyyət üstünlük təşkil edir. Turanın təsiri ekspansiya ilə bağlıdır (Genonun genişlənmə prinsipi). Turanın cənub və qərb istiqamətlərində ekspansiyası doğrudan da tarixən yeni dövlətlərin və mədəniyyətlərin requlyar şəkildə yaranmasına gətirib çıxamışdır, o cümlədən Turan xalqlarının idarəedici sinif, patriarxal stil qanunvericiləri və əsas işlənən dil daşıyıcıları olduqları mükəmməl sivilizasiyaların formalaşmasına səbəb olmuşdur. Məhz köçərilər fəth edilmiş əkinçilərdən yığılan xəracın toplanması və qorunması üçün baza qismində şəhər-qalaların bünövrəsini qoymuşlar. Onlar islənilən sosial differensial cəmiyyətin hərbi aristokratiyasının özülünə çevrilmişlər. Bu mənada Turan faktoru dövlətyaradıcı faktordur. Turandakı türk rejiminə aşağıdakı cəhətlər xarakterikdir: kəskin fərqliliyin yüksək dərəcəsi, işığa və kristal aydınlığa canatma, maddiyyatdan və cismanilikdən təmizlənmə cəhdi, Göyün, nur daşıyıcılarının və uçuş stixiyasının sakralizasiyası, yüksək sürət və təşviqat, döyüşkənlik və igidlik, ölümə atılan çağırış, kişilik (virillik), kəsici və deşici silah, dualizm və əksliklər cütü, tabeliyə və gücə əsaslanan ierarxiya. Bütün bunlar onu deməyə əsas verir ki, Turan horizontu müsbət Apollon Loqosuna malikdir.
***
Semantik derivativlər göstərir ki, köçəri həyat tərzinə və kurqan mədəniyyətinə əsaslanan Turanın semantik özəyində qala ideyası, kişilik ideyası, qüdrət ideyası dururdu. Bu ideyalar Turana bütün tarixi boyunca bağlı qaldı. Turan identikliyini və Turan ekzistensial horizontunu da bir çox hallarda elə bu ideyalar müəyyənləşdirir. Hind-avropa mədəniyyətlərinin mənbəyini də məhz bu ideyalarda axtarmaq lazımdır.
***
Türklər Avrasiya tarixində öz möhtəşəm yeri olan xalqlardan biridir. Türklər anadangəlmə döyüşçülərdir. 550-ci ildən 560-cı ilə kimi 10 il ərzində türkütlər Şərqdə Sarı dənizdən Qafqaza kimi bütün xalqları özlərinə tabe etdirdilər və qısa bir zamanda nəhəng İmperiya yaratdılar. Bu İmperiya yüksək dərəcəli mərkəzləşdirməyə, böyük xanın (xaqanın) şəksiz hakimiyyətinə və ona sadiq olan hərbi aristokratiyaya əsaslanırdı. Bununla yanaşı Avrasiya köç imperiyalarının bütün qurucuları kimi türkütlərin də hökmranlığının əsas instrumenti alilik dərəcəsinə qaldırılmış misilsiz bir xüsusiyyət idi – döyüşdə mərdlik və igidlik, xan (xaqan) və dövlət uğrunda ölmək və öldürməyə hazırlıq. Etiraz etmək olar ki, bəs istənilən dövlət döyüşçülər tərəfindən qurulur, döyüşçülər də prinsipial olaraq məhz ekzistensial orientasiya ilə fərqlənirlər – ölümün üzünə dik baxmağa istiqamətlənirlər. Lakin sivilizasiyanın Turan stili bu prinsipi bütün cəmiyyətin əsasına qaldırmaqdan, sivilizasiyanın bütün digər istiqamətlərini ona tabe etdirməkdən ibarət oldu. Türk üçün həyat – döyüşdür, yerdə qalanlar isə sadəcə döyüşün atributlarıdır: döyüşə hazırlıq, döyüşdən sonrakı istirahət – bu da onunçün ki yenidən döyüşə atıla biləsən. Döyüşçü prinsipinin absolyutizasiyası (Dyumezilin üçhissəli modelinin ikinci funksiyası) təkcə ilkin hind-avropa sivilizasiyasının deyil, türk sivilizasiyasının da fərqləndirici xüsusiyyətidir. Türklərdə döyüş logikası qazanc logikasını üstələdi, o cümlədən rasional hesablardan, mənəvi horizontlardan, dinc əməkdən və bədii yaradıcılıqdan irəli çıxdı. Bütün bu momentlər türk sivilizasiyasına xaricdən – fəth etdikləri xalqlardan gəldi. Lakin 6-cı əsrdən 20-ci, hətta 21-ci əsrə kimi saxlanmış türk identikliyinin davamlılığı məhz hərbi ilkinliyin üstünlüyü və bunun əsasında qurulmuş döyüş etikası ilə izah olunur. Türklərin böyüklüyü də məhz bundadır.
***
Döyüşçülər istənilən xalqda və cəmiyyətdə var ki, onlar az-çox vacib rol oynayırlar. Lakin türklərin döyüşçü xüsusiyyəti tam fərqlidir. Avrasiyanın qədim köç imperiyalarından türklərə miras qalmış və gələcək nəsillərinə ötürülmüş Türk prinsipi (bununla yanaşı məhz türk “Dasein”inin əsasını təşkil etməklə) cəmiyyətin özünü ordu kimi başa düşməkdən, həyatını müharibə kimi qavramaqdan, bütün qalan aspektləri və praktikaları isə paralel marginallaşdırmaqdan ibarətdir. Hərbçilər xalq və cəmiyyət üçün deyil, xalq və cəmiyyət hərbçilər üçündür – türklərin həyat kredosu budur! Bununla yanaşı belə radikal hərbi təşəkkül heç bir mədəni-dini forma ilə sıx bağlı olmamışdır. Bu formalar möhkəmlənir, əxz olunur, dəyişir, müəyyən müddət ərzində qorunur, lakin türklərin təbiətinə transformasiya olunmur – təkcə müharibədə, müharibə üçün və müharibə zamanı ekzistensiya olunur. Türk öz mövcudluğunu müharibədə qavrayır.
***
Türklər ordu-xalqdırlar. Absolyuta qaldırılmış müharibə onun aparılması üçün vacib olan iki xüsusiyyəti ön plana çəkdi: cəsurluq (qədim türkcədə bayatur) və qüvvət (qədim türkcədə böke). Lakin türk antropologiyasının kökünə oturan bu iki xüsusiyyət daha çox effekt vermələri üçün cəngavər sədaqətinin və şərəfinin strukturlarında sinxronizasiya etməliydi ki, bunun hesabına igidlər və qəhrəmanlar şəxsi hislərini dəf etsinlər, məğlubedilməz, qüdrətli, yolu üstündə hər şeyi darmadağın edən qarşısıalınmaz çöl döyüşkənliklərində konsentrasiya olsunlar. Beləcə Turan kontekstində “orda” anlayışı meydana çıxdı ki, eyni zamanda həm xalqı, həm də ordunu bildirir, özü də xalq ordu kimi, cəmiyyət ordu kimi anlamına gəlir. “Orda” anlayışının qədim rus analoqu kimi “polk” göstərilə bilər ki, etimoloji cəhətdən almanların “volk”, yəni xalq anlayışı ilə bağlıdır və müəyyən mənada yunan sözü olan “laos” ilə uzlaşır”.
***
Türklər müharibə üçün doğulublar. Türk qövmü özü-özlüyündə döyüş ordusudur. Qədim türk cəmiyyətlərində uşaqdan böyüyə kimi hamı döyüşə hazırlanırdı. Hətta adi maldarlar ordu-xalqın bir hissəsi idilər. Qədim türk cəmiyyətlərində həm sakral hökmdar, həm xaqan, həm aristokratiya, həm də sadə camaat döyüşçü idilər - büsbütün ordu-xalqı təşkil edirdilər. Turanın hind-avropa sisteminin özəyini təşkil edən hərb dominantı türklərdə özünü daha qabarıq kontrastda büruzə verirdi. Tədricən hind-avropa köçərilərində müşahidə olunan hərbi başlanğıcın güclənməsi tendensiyası türklərdə ifrat və radikal hal aldı. Onlar Avrasiyanın Böyük Çöl istorialında hind-avropa estafetini qəbul etdilər və əsas güclərdən birinə (bəlkə də ən əsasına) çevrildilər. Türklər öz köçəri həyat tərzləri və hərbi ruhları ilə Böyük Çölün ağası, Turanın söz sahibi oldular.
***
Türklər fəth etdikləri xalqlarla delikat davranırdılar. Türklərin eksklüzivlikləri və qüdrətləri məxsusi olaraq müharibə məsələləri və birbaşa administrativ-siyasi hakimiyyət ilə bağlı idi: bu işlərdə onlar inadkar idilər. Lakin bütün başqa məsələlərdə onlar kifayət qədər çeviklik, diqqətcillik, müxtəlif etnosların, sosial və professional qrupların maraqlarını nəzərə alma bacarığı nümayiş etdirirdilər, dini məsələlərə münasibətdə isə son dərəcə delikatlılıq göstərirdilər. Beləcə hərbi dominantlıq təkcə bir sahədə (türklərçün vacib olan) üstünlük təşkil edirdi, qalan sahələrdə isə türklər mülayim və ötəri davranırdılar. Bu səbəbdən türklər (eynən Turan istorialının ilkin etaplarındakı köçəri hind-avropalılar kimi) fəth etdikləri xalqların içində hərbi elita kimi qalırdılar, mövcud sosial normalara gözəl adaptasiya olmuş azlıq kimi yaşam sürürdülər. Bununla yanaşı onlar hərbi aristokratiya yoluna qədəm qoymağı, “uzun nizə və iti qılınc” etikasını qəbul etməyi arzulayan avtoxton xalqların nümayəndələri üçün ümumi hərbi məişət stili verirdilər.
***
Türklər dünya xalqlarına dinclik gətirmişlər. Lev Qumilyov Qərb Xaqanlığının ilk hökmdarları barədə danışarkən haqlı olaraq bildirir: “Etiraf etmək lazımdır ki, İstemi və Qara-Çurin Türk təkcə ordu sərkərdəsi deyildilər, həm də gözəl administrator idilər. Onlar fateh kimi gəldikləri ölkələr üçün “modus vivendi” yaratdılar. O vaxta kimi dağınıq hala düşmüş və güclərini daimi xırda müharibələrdə tükətmiş qəbilələr dinc həyatın dadını çıxardılar, öz köçəri heyvandarlıq təsərrüfatlarının inkişafı üçün hər cür imkan əldə etdilər. Bu ilk növbədə vəhdət və birlik təfəkkürünün meydana çıxmasına gətirdi ki, o vaxtdan türklərin adı ilə bağlı oldu. Belə nəticəyə gəlmək olar ki, məhz hökmran təbəqə təşkil edən türkütlərin azsaylılığı ortalığa çıxan yeni sistemin davamlılığını və sabitliyini təmin etdi. Xan drujinasının təminatı o qədər də üzücü xərc aparmırdı, odur ki xərac ödəyənlərdə protest yaratmırdı, həm də vahid hakimiyyətin olmasının xeyri göz qabağında idi. Məmləkət qarşısında duran əsas xarici siyasət məsələsi böyük karvan yolları uğrunda mübarizə idi ki, xaqanlığın cənub vilayətlərinin ticarət şəhərlərinin tələbatı üçün həyati vacib məsələ idi və xaqanlığın şimal təbəələri üçün də gəlir vəd edirdi. Odur ki bu məsələdə də ölkənin və dinastiyanın maraqları üst-üstə düşürdü. Elə real gücün hakimiyyətdə deyil, xalqda olması səbəbindən biz tədricən Qərbi Türküt Xaqanlığının süqut etdiyi 659-cu ilə kimi onun tarixini təşkil edən bütün institutların və güclər nisbətinin get-gedə evolyusiyaya uğramasının şahidi oluruq. Türklərlə üz-üzə gələn müsəlmanlar da onların ətraf xalqlarla ümumi dil tapmaq bacarıqlarını təəccüblü şəkildə qeyd edirdilər. Türklər bu xüsusiyyətlərini yeni ölkəyə ya fateh kimi, ya qonaq kimi, ya muzdlu kimi, ya hərbi əsir kimi gəlmələrindən asılı olmayaraq hər dəfə nümayiş etdirmişlər. Nəticədə türklər digər xalqların nümayəndələri ilə müqayisədə karyeralarını daha böyük uğurla quraraq hər bir şəraitdə irəliləyə bilmişlər”.
***
Qədim türklərdə kişilik kultu digər xalqlara nisbətən daha tez formalaşmışdı. Araşdırdığımız nümunələr Dionis kultunun Yunanıstanda yayılması ilə bağlı analoji situasiyaları xatırladır. Ekstatik mədəniyyətin qədim matriarxal kompleksi tədricən kişi patriarxal qüdrətinin hakimiyyəti altına keçir. Beləcə Kibeladan Dionisə, ana hüququnun üstünlüyündən ata hüququnun üstünlüyünə nooloji sürüşmə baş verir. Bu zaman kult strukturu, parafernaliyalar və simvolik cərgələr olduğu kimi qalır, ümumi orientasiya isə kəskin dəyişir – ginekokratiyadan androkratiyaya ötürülür. Ön Asiya və Aralıq Dənizi regionları ilə bağlı vəziyyətlərdə patriarxal impulsun daim Turandan gəldiyini görürük. Biz kontinental patriarxatın mərkəzini və qütbünü də məhz burda lokalizasiya edirik. Artıq bilirik ki, türk və monqol xalqları, o cümlədən tibetlilər Turan ideologiyasının birbaşa varisləri idilər. Sonralar İran dualistik mazdeizminin birbaşa təsirinin fundamental faktoru əlavə olunsa da, bu ideologiya qərinələr boyu köçəri döyüşkən ilkinliyini qoruyub saxlamışdı. Aralıq dənizi hövzəsində biz görürük ki, güclü və qədim matriarxat hind-avropalıların gətirdiyi patriarxat strukturu vasitəsilə inkişaf edir. Amma Turan Loqosunun araşdırılması göstərir ki, solyar-polyar patriarxatın ən əsas, dəyişməz və daimi mənbəyi Avrasiya kontinentinin Böyük Çölü olmuşdur; bu patriarxatın daşıyıcıları isə məhz altaylar idi. Türklərin və monqolların timsalında Turan Loqosu tərəddüdsüz verifikasiya edir, birmənalı şəkildə özünü doğruldur.
***
Türk İmperiyası — müqəddəs imperiya idi. İlk Türküt Xaqanlığı dövründə imperiya prinsipini türklərin Aşina dinastiyası özündə təcəssüm etdirdi. Aşinalar türkütlərin ali təbəqəsi olmaqla, bəzi tarixçilərin fikrincə etnos olmaqdan da çox digər türklərdən fərqli, hind-avropa cizgilərinə malik xüsusi dinastik kasta idilər. Türkütlər ilkinliklərində imperiya orientasiyasında idilər, öz rəhbərlərinə isə xaqanların sakral soyu kimi baxırdılar. Halbuki onlarda hakimlik birbaşa xətlə atadan oğula ötürülmürdü, mirasın nərdivan sisteminə uyğun şəkildə tayfanın ağsaqqalına keçirdi. Bu şəkildə Türküt Xaqanlığı əslində sakral İmperiya idi ki, ona Göyün (Tenqrinin) seçilmiş soyu Aşinalardan olan müqəddəs imperator-xaqan rəhbərlik edirdi. Sonralar göytürklərin ikinci Türküt Xaqanlığı dövründə bu ideya qavranıldı və qədim türk abidələri olan Orxan yazılarında əksini tapdı.
***
Turanın döyüşçüləri – İşığın döyüşçüləridir. Əslində elə İşığın özüdürlər. Öz müqəddəs İmperatorlarının ardınca getməklə onlar Göyün hökmünə əməl edirlər, belə ki İmperator özü də Göyün hökmünü yerinə yetirir. Müharibə metafizikası da burdan təməl götürür: düşmənlə İmperiya adından vuruşmaqla döyüşçü çoxluğun birliyinin fundamental missiyasını həyata keçirir və bununla müharibə momentində ali vəhdətin təcəssümünə çevrilir.
***
Türk mədəniyyət stili hind-avropa stili ilə çox eyniliklərə malikdir: hərbi dəyərlər, sərt patriarxat, qəhrəmanlıq, müqəddəs imperator, göy dünyasına orientasiya və vertikal simmetriyalar, ulu İmperiya idealını (“Əbədi El” – “Əbədi Rim”, hansı ki aralarındakı paralelləri hər ikisinin qurucusu olan müqəddəs qurd obrazında da görmək olur) yüksəldən sonsuz iradə və s. Türk tenqriliyinə və onunla bağlı vertikal şamanizmə qədim Turan inamlarının versiyası kimi baxmaq olar ki, digər patriarxal günəşli olimpiya sivilizasiyalarının, xüsusən də Avropa sivilizasiyalarının əsasına oturduqlarına görə qohum idilər. Bununla yanaşı türklər həmin günəşli mirası elə bir neçə min qabaq qəhrəman günəşli Aralıq dənizi Loqosu qurucularının nəşət götürdükləri mənbələrdən almışdılar.
***
İradə, azadlıq, döyüşdə igidlik, ali hökmdarın ətrafında sıx mərkəzləşmə Türk identikliyinin kökündə duran Turan paradiqmasının fundamentini təşkil edir. Düzdür, bütün türk tayfaları və siyasi təsisatları tam mənada bu identikliyə uyğun gəlmirdi. Digər tərəfdən bu cizgilər Turanın başqa xalqlarına da -xüsusən Böyük Çölün nəhəng məkanlarının inteqrasiyasına yönəlmiş qüdrətli, azad və geniş ərazilərə malik dövlətlər yaratmağa nail olduqları dövrlərdə- xas idi. Bu logika ilə - hərbi başlanğıcın, azadlığa can atmanın, iradənin, köçəri həyat tərzinin və ali hökmdara sədaqətin mütləq dəyər səviyyəsinə qaldırılması əsasında formalaşan mədəni paradiqma ilə özlərinin əzəmətli dövrlərində skiflər, saklar, sarmatlar, alanlar, hunlar və monqollar da imperiya yaratmışlar. Lakin təkcə Birinci və İkinci Xaqanlığın yaradıcıları olan türkütlər bu ideala daha çox uyğun gəlirlər. Qutluqun 682-ci il üsyanından sonra türkütlər mərkəzi Xalxada olmaqla “Əbədi El” yaratdılar, hansı ki türküt ideoloqu və sərkərdəsi, xanın müşaviri Tonyukukun və dahi hərbi məmur Kül-təkinin dövründə çiçəklənərək gücləndi, sonda isə Tan İmperiyası və türkütlərin rəqibi olan uyğurlar tərəfindən darmadağın edildi. Posthun istorialının təmiz Turan idealı da məhz göytürklərin həmin “Əbədi El”ində təcəssüm etmişdi.
***
Türk Loqosu İkinci Türküt Xaqanlığı dövründə və kontekstində, o cümlədən əvvəlki dağılmış İmperiyanın şərq hissəsində, Xalxa rayonunda daha tam formulada təcəssüm etdi. Türk Loqosu konseptual və territorial olaraq (hansı ki Avrasiyasının geosof strukturu üçün olduqca vacibdir) digər möhtəşəm çöl imperiyasının ocağını vurğulandırır ki, taleyinə bu zonadan yaranmaq yazılmışdı. Düzdür, bu imperiyanın əsasında türk yox, monqol tayfası dururdu, di gəl ki özünün absolyut, ekzistensial və ideoloji orientirinə türklərdəki kimi imperiya köçəri metafizikasını, etikasını və inamını çevirmişdi. Biz Çingizxanı və onun dünya İmperiyasını nəzərdə tuturuq. Bu İmperiyanın əsasında türküt Loqosunun ali horizontu ilə hətta oxşar da deyil, tam eyni olan, üst-üstə düşən ideya durur. Bu ona görə təəccüblü deyil ki, Çingizxanın dövründə türklər etnik mənada imperiyanın əsasını təşkil edirdilər, baxmayaraq ki siyasi idarəedici elita monqollar idi. Göytürklərlə paralel olaraq qərbdə və şimalda digər türk dövlətləri də yarandı: şimalda qırğızların xanlığı, qərbdə Uyğur Xaqanlığı (744-847) göytürklərin əsas rəqibi olan Türkeş Xaqanlığı (698-766), o cümlədən Orta Asiyanın geniş ərazilərinə nəzarət edən qüdrətli karluq və basmıl tayfaları. Onlar hamısı türkütərin düşməni, rəqibi idilər və onların məhvinə bais oldular. Bir məsələyə diqqət yetirmək lazımdır ki, tipoloji cəhətdən teleslərə yaxın olan bu türk xalqlarında köçəri hərbi cəmiyyətin türk paradiqması vacib bir komponentdən mərhum idi: mərkəzləşməyə orientasiya etmirdilər, xaqan hakimiyyətini və universal İmperiya quruculuğunu absolyutlaşdırmırdılar – bütün bunlar təkcə türkütlərə xas idi. Bu fərqlənmə onlara Birinci Xaqanlığı yaratmağa və İkinci Xaqanlıq (Tonyukuk) dövründə şanlı keçmişi və imperativ gələcəyi müəyyənləşdirən sivilizasiya identikliyini qavramağa imkan verdi. Türkütlərdən başqa qalan türklərin çoxunda da zəif mərkəzləşmə hakimiyyətinə malik hərbi demokratiya üstünlük təşkil etdi ki, bu da onların taleyini müəyyənləşdirdi və yaratdıqları siyasi təsisatların efemerliyinə bais oldu.
***
Turan Loqosu ilə İran Loqosu tam üst-üstə düşürlər, belə ki eyni köklərə malikdirlər.
***
Türklərin dominant olduğu Səfəvi və Osmanlı dövlətlərinin hər ikisi möhtəşəm idi. Səfəvi dövləti təkcə fəlsəfi-dünyəvi orientasiyaya malik deyildi, həm də hərbi mahiyyətli idi. Osmanlı dövləti isə hərbi mahiyyətindən əlavə sufi ordenlərinin mükəmməl mənəviyyatı, eyni zamanda həm Yunan, həm də İran mirasına əsaslanan yüksək təfəkkür mədəniyyəti (ellinizmin və iranizmin vəhdəti), o cümlədən türk poetikasının dərin təbiiliyi ilə seçilirdi.
***
Səfəvi dövlətinin möhkəmlənməsində əsas rolu türklər oynadılar. Səfəvi şahənşahlarının dayaqları uzun müddət çox hissəsi iranlılaşmış türklərdən ibarət şiə qızılbaşlar olaraq qaldılar. Talışlar türklərdən sonra Səfəvi dövlətinə dəstək verməyə başladılar. Sonrakı dövrdə qızılbaşların ictimai və dini-siyasi birliyinə İranın etnik qruplarından olan oturaq həyat tərzi keçirən talışlar, o cümlədən ayrı-ayrı dini və sufi ordenləri, məsələn, qaradağlılar – Qaracadağ dağlıq rayonunun sufiləri də qoşuldular.
***
Səfəviləri məğlub edərək hakimiyyətə oturan əfqan Xötəki sülaləsinin dövründə İranın rəsmi dini sünnilik oldu. Nadir şahın dövründə də İranın rəsmi dini sünnilik elan edildi. Lakin məhz türklərin sayəsində şiəlik əvvəlki möntəşəmliyini bərpa edə bildi, yenidən İranın aparıcı dininə çevrildi. Məhz türklərin döyüşkənliyi və əzmkarlığı hesabına İranda qısa sünnilik epoxasından sonra şiəlik yenidən bərqərar oldu, sonrakı hökmdarların dövründə əsas dini forma kimi möhkəmləndi və indiyə qədər davam etdi.
***
Rus-türk birliyinin öz məxsusi tarixi çalarları vardır. Hərbi-siyası mənada aktivliyi ilə fərqlənən Oğuz dövləti dəfələrlə Kiyev Rusu ilə hərbi ittifaqa girdi. Oğuzlar ruslarla ittifaqda Ural və Volqa çayları arasında peçenqləri (kanqlıları) məğlub etdilər. 965-ci ildə oğuzlar Kiyev knyazı Svyatoslav ilə birləşib xəzərlərin üstünə getdilər ki, nəticədə Xəzər xaqanlığı darmadağın edildi. 985-ci ildə oğuzlar yenidən Rus ilə ittifaq bağladılar, bu dəfə Kiyev knyazı Vladimir ilə Volqa bulqarlarına qarşı birləşdilər.
***
Ortaq tariximizə əsaslanan, lakin yeni üfüqlərə, yeni formalara, ideoloji-siyasi hədəflərə çatmağa yönəlmiş gələcəyin dövlətini, böyük məkanı - Avrasiya Birliyini yaratmaq lazımdır. Köhnədən nəsə qalmalıdır, amma biz irəliyə doğru getməliyik. Avrasiya Birliyinin əsas özəlliklərindən biri odur ki, burda türklər üstünlük təşkil edirlər. Türklərin üstünlük təşkil etdiyi bütün qurumlar gözəldir və bizim ilham mənbəyimizdir.
***
Günəşli Apollon Loqosunun kökünü Avrasiya çöllərində, Turanın dərinliklərində – bu torpaqlarda qədim dövrlərdə bərqərar olmuş sivilizasyanın birbaşa varislərində axtarmaq lazımdır. Son əsrlər cəmiyyətlərin, xalqların və dövlətlərin etnomədəni əsasda müxtəlif formalı inteqrasiyaları baş vermişdir – pangermanizm, panslavizm və s. Bu xüsusda panturanizmin nooloji və geosof proyektinin ortalığa çıxması da təbii görünür. Bu proyekt Qərbin və Şərqin böyük sivilizasiyalarının özlərinin ümumi köklərini axtarmaları ilə bağlı birgə səyləridir. Bu köklər isə Turana – Avrasiyanın çöl zonasına, köçəri xalqların kültürünə gedib çıxır. Metafizik tamlığa çatmaq üçün məsələyə şərti olaraq sırf konseptual – hiperborik ölçü də vermək lazımdır. Hər bir Avrasiya xalqı öz mənşəyinin, köklərinin, dərin identiklyinin axtarışında əvvəl-axır Turan qatına, Turan kəsiminə gəlib çıxacaq. Bu isə yaxınlaşma qütbü olmalıdır, paralel axtarışların ümumi məxrəci olmalıdır ki, gedişatda Avrasiya xalqları Turana doğru yönəlmiş vektorda birləşə bilsinlər.
OSMANLI HAQQINDA “TUR HƏQİQƏTİ”: TÜRKLƏR İSTANBULU İŞĞAL ETMƏDİLƏR, AZAD ETDİLƏR
Osmanlı dövlətinin findamentini türk-pravoslav qardaşlığı qoymuşdur.
Tarixçilər bildirirlər ki, guya Konstantinopolun türklər tərəfindən fəthi yerli xalqlar tərəfindən faciə kimi qarşılanmışdır. Bizans İmperiyasının əsas pravoslav xalqları olan yunanlar, bolqarlar və serblər türklərdən asılı hala düşdülər ki, bu da tarixçilər tərəfindən sırf siyasi-dini fəlakət, bəd esxatoloji akkord kimi səciyyələndirilir. Roma İmperiyasının paytaxtı Konstantinopolun süqutundan sonra pravoslav dünyasında Moskvanın dünya pravoslavlarının paytaxtı kimi meydana girməsi ideologeması da meydana çıxdı: Moskva – Üçüncü Rim. Pravoslav yunanların katolik uniyasına etiraz etmələri qüdrətli pravoslav dövləti olan Moskva Rusiyasını məcbur etdi ki, Konstantinopolun süqutu ilə bağlı meydana çıxan çağırışlara cavab olaraq yeni tarixi-dini və siyasi cavablar axtarsın.
Çar İvan Qroznının dövründə rus Çarının statusunun Bizans İmperiyasının varisi kimi fiksasiyası və Moskva Rusiyasının Üçüncü Rim kimi formal təsdiqlənməsi baş verdi. Lakin maraqlıdır ki, elə həmin dövrdə İvan Peresvetov adlı müəllifin xalqa müraciəti meydana çıxdı. Bəzi tarixçilər İvan Peresvetovun elə çar İvan Qroznının özü olduğunu, bu mətni elə çarın özünün yazdığını bildirirlər.
İvan Peresvetov Konstantinopolun türklər tərəfindən fəthinə tam fərqli, qeyri-adi və gözlənilməz qiymət verirdi.
Peresvetov “Tur həqiqəti” deyilən həqiqəti açır, əsl adı Çarqrad olan, pravoslavların qədim şəhəri Konstantinopolun süqutunun əslində əhalinin pravoslav dinindən dönməsi və dövlətin siyasi cəhətdən çürüməsi ilə bağlı Allahın cəzası olduğunu bəyan edirdi.
Peresvetovun müraciətində türklərin Konstantinopolu tutmaqla pravoslavları məhv etdikləri yox, xilas etdikləri aydınlaşırdı.
Peresvetov osmanlıların qələbəsini və bizanslıların məğlubiyyətini sonuncuların pravoslavlıqdan üz döndərmələri, pozğunluğun və korrupsiyanın baş alıb getməsi, yunan idarəçiliyinin daha effektiv olmaması ilə izah edirdi. O bildirirdi ki, siyasi idarəetmənin türk modeli yunan modelinə baxanda daha mükəmməldir, ədalətlidir və işləkdir. O Mehmed sultanı müdrik filosof adlandıraraq onun pozğun və korrupsiyalaşmış aristokratiya ilə əhatələnmiş iradəsiz və bivec imperator Konstantindən qat-qat üstün olmasını göstərirdi. Peresvetov öz baxışını “Tur həqiqəti” adlandırırdı: onun fikrincə osmanlıların uğuru məhz idarəçiliklərindəki ədalətlə - “həqiqətlə” izah olunmalıdır.
Qeyd edək ki, bizanslıların pravoslavlıqdan üz döndərmələri Moskva – Üçüncü Rim teoriyasının rəsmi versiyasında da göstərilirdi ki, bizansllar Florensiya Uniyasının arxasınca getdilər, pravoslavlığı satdılar və buna görə də müsəlmanlar tərəfindən cəzalandırıldılar.
Peresvetov “Tur həqiqətini” izah edərkən danışırdı ki, sultan igidləri, düzləri, sədaqətliləri və ləyaqətliləri yüksəldir, rüşvəti yaxın buraxmır, hakimiyyətə bütün dinlərdən və etnoslardan olan adamları qoyur, öz şan-şöhrətinin və şəxsi maraqlarının yox, ilk növbədə dövlətçiliyin qayğısına qalır, adi əsgərləri ilə səfərlərə çıxaraq döyüşlərdə iştirak edir. Əslində İvan Qroznının özü olduğu güman edilən müəllif osmanlı paradiqmasında Turan idarəçiliyi görürdü, hind-avropa İmperiyası formulunun mahiyyətini üzə çıxarırdı: sərt mərkəzləşdirmə, hərbi aristokratiyanın cəsur və güclü əsgərlər içindən seçilməsi, etno-dini müxtəlifliyə fərq qoymadan hərtərəfli dözümlülük, dövlətin ordu kimi qurulması. Müəllif göstərirdi ki, belə “Tur həqiqətinin” mənbəsi və məramı Allah özüdür. Ona görə də müəllif bu fikrə gəlmişdi ki, Mehmed sultan elə gizli xristiandır ki var. Çünki o elə bir yol gedir ki, xristian çarı məhz o yolu getməlidir. Mehmed sultan da ona görə müdrik filosofdur ki, xristian kitablarını oxudu, İsa Peyğəmbərin nəsihətlərinə əməl etdi. Peresvetovun fikrincə belə “Tur həqiqətinə” qarşı kontrastına görə “yunan ikiüzlüyü” dururdu: rüşvət, ifrat dəbdəbə, yüksək dövlət postlarına adamları şəxsi keyfiyyətlərinə görə deyil, aristokrat tayfalardan olmalarına görə götürmək - bax bunlar da Bizans dövlətinin axırını gətirdi.
“Tur həqiqətini” İvan Qroznı dövlət proqramına çevrildi (qeyd edək ki, Qroznının anası Yelena Qlinskaya Krım xanı, etnik türk Mamayın soyundan idi). Bu yanaşma İvan Qroznının yaratdığı opriçnik ordusunda da özünü göstərdi ki, imperiya tipli ordu təşkilatı olması ilə osmanlı ordusunu xatırladırdı.
Peresvetov bildirirdi ki, rus çarında “Tur həqiqəti” pravoslav inamı ilə uzlaşmalıdır.
Görünən odur ki, məhz 15-ci əsrin ikinci yarısından Moskva dövləti qəti və birmənalı şəkildə tam Turan dövlətinə çevrilir, Çingizxanın İmperiyasını yenidən yaratmağa başlayır. Bu osmanlılarda müşahidə olunan Turan başlanğıcının (“Tur həqiqətinin”) əldə silah edilməsi sayəsində baş verir.
Beləliklə rus çarının və onun ideoloqunun “Tur həqiqətini” qavraması sayəsində Turan əhdinin qayıdışı gerçəkləşir. Bu əmanət hind-avropalılardan altaylar, xüsusən də türk-osmanlılar vasitəsilə yenidən slavyanlara çatdırılır ki, sonuncular Turan Loqosunun ilkin missiyasını öz istorialları strukturunda dərk edirlər.
Peresvetov belə deyirdi ki, əgər bizanslıların “xristian inamında Tur həqiqəti də olsaydı, onlarla mələklərin özləri söhbət edərdilər”.
Konstantinopolu tutduqdan sonra osmanlılar geopolitik Bizans İmperiyasını yenidən yaratmağa başladılar ki, bura həm pravoslavların inteqrasiyası, həm də islamın dirçəlişindən sonra itirilmiş Yaxın Şərq və Şimali Afrika torpaqlarının da qaytarılması daxil idi. Amma bu dəfə fəthlər dalğası Ərəb xilafətində olduğu kimi cənubdan şimala deyil, geri istiqamətə - mərkəzi Roma paytaxtı Konstantinopol olmaqla şimaldan cənuba baş aldı. Bu cəhətdən osmanlı sultanlarının hakimiyyəti olduqca maraqlı fenomendir.
Dini faktoru və idarəedici elitanın etnik tərkibini (yunanların, slavyanların, farsların və s. daxil olduğu müxtəlif xalqlardan təşkil olunmuşdu) bir kənara qoysaq, biz ilk baxışda Bizansın, demək Romanın dirçəlişini görürük. 2-ci Mehmed Fatehin nəvəsi 1-ci Səlimin dövründə Yaxın Şərq və Şimali Afrika, o cümlədən Ərəbistan özü Konstantinopolun hakimiyyəti altına düşür, yəni Avropa paytaxtına tabe olur. Regionda ərəb (semit) Cənubu deyil, turan Şimali dominant gücə çevrilir. Odur ki Osmanlı İmperiyasına Bizans İmperiyasının birbaşa varisi kimi baxmaq tendensiyası da vardır. Bəzi tarixçilər bildirirlər ki, hətta 2-ci Mehmed pravoslavlığa keçmək istəyirdi ki, türkləri əsl bizanslı eləsin. Düzdür bu baş vermədi, amma bizans yunanlarının çoxu anlaqlı və könüllü şəkildə Osmanlı dövlətinə xidmətə keçdilər ki, bu da dövlətin çiçəklənməsinə, möhkəmlənməsinə və qüdrətlənməsinə mühüm töhfələr verdi.
Müasir yunan geopolitiki Dimitris Kiçikis pravoslav yunanların türklərə dəstəyinin və Osmanlı İmperiyası quruculuğunda yaxından iştiraklarının izahını aydın şəkildə verir. Kiçikis öz tədqiqatlarında göstərir ki, türklər Konstantinopolu götürəndə şəhər işğal altında idi və yerli əhali yadellilərin zülmü altında inildəyirdi. Əslində türklər tərəfindən zəbt olunan zaman Konstantinopol onun həqiqi sahiblərinin – pravoslavların əlində olmayıb, genuyalıların və venesiyalıların, yəni anqlosakson katoliklərin əlində olub. Kiçikis yazır: “Konstantinopolun 1204-cü il franklar tərəfindən işğalı ilə Mistra və Trapezundun 1453-1461-ci illər arasında osmanlılar tərəfindən tutulması arasındakı dövrdə bizanslılar 2 düşərgəyə bölünmüşdülər – latın tərəfdarları və türk tərəfdarları. 1081-ci ildən etibarən Bizans imperiyası frankların müstəmləkə zülmü altında qalmışdı. Onun sakinləri daha dənizdə üzmürdülər və quruda hərəkət etmirdilər. Ticarətdən gələn bütün qazanclar xarici tacirlərin cibinə axırdı. Bunlar da əsasən venesiyalılar və genuyalılar idilər ki, eksterritorial hüquqlarla Bizans şəhərlərinin xüsusi təminatlı məhəllərində yaşayırdılar. Latınlar tərəfindən edilən belə iqtisadi istismar və pravoslav kilsəsindən tam tabeçilik tələb edən Romanın dini dözümsüzlüyü qarşısında zor gücü ilə tam latınlaşdırılacağını görən xalq üçün türklərin gəlişi yaranmış vəziyyətdən çıxış yolu kimi görünürdü”.
Bizansda türk tərəfdarları partiyasına xalq kütlələri dəstək verdilər ki, torpaq aristokratiyasının ağalığının güclənməsindən sonra acınacaqlı hala düşmüşdülər. Sosial krizisdən başqa dini krizis də vardı. Nəhəng monastır mülklərində kəndliləri istismar edib qul kimi işlədirdilər. Din xadimlərinin çoxu var-dövlət eşqi ilə alışıb yanırdılar, pozğun həyat tərzi sürürdülər, monaxlar isə ibadətxanalara məşuqələrini gətirirdilər. Xristian dininə etinasızlıq yaranmışdı. Türklər imperiyadakı bu cür ikiqat sosial-mənəvi krizisi görürdülər. Belə bir şəraitdə türklərin Konstantinopolu götürməsinə və Bizans məmləkətinə yiyələnməsinə yerli xalqlar özləri xeyir-dua verdilər.
Türklərin özlərini xarici səyahətçilər 15-ci əsrin birinci yarısında o dərəcədə yüksək mənəviyyatlı adamlar hesab edirdilər ki, “türk” adı sosial ədalətə can atan xeyirverən insanın sinoniminə çevrilmişdi. Nəticədə həm yunanlar, həm də türklər Bizansın osmanlılar tərəfindən götürülməsinə Allahın qisməti kimi yanaşmağa başladılar.
Beləliklə osmanlılar Konstantinopolu zəbt etməmişlər, yerli xalqların razılığı ilə götürmüşlər. Katolik zülmündən bezən pravoslavlar Konstantinopolun fəthindən sonra nəinki türklərə qarşı çıxdılar, əksinə onlara dəstək verdilər. İlkin Osmanlı dövləti elə türk-pravoslav dövləti olmuşdur. Fənərlilər – Konstantinopolun mərkəzində Fənər rayonunda yaşayan pravoslav yunanlara deyilirdi ki, onlar Osmanlı dövlətinin elitası sayılırdılar. Ümumdünya Pravoslavları Patriarxının rezidensiyası da bu rayonda yerləşirdi və Osmanlı dövlətinin himayəsi altında idi. Pravoslav ictimai-siyasi və din xadimləri Osmanlı sultanına sığınmışdılar. İoann 8-ci Paleoloqun katoliklərlə uniya bağlamaq üçün Florensiyaya 1439-cu il səfəri zamanı onu məsləhətçi qismində müşayiət edən 4 məşhur filosofdan 3-ü ordan geri türkmeylli qayıtdılar və Osmanlı hakimiyyətinə üz tutdular. Katoliklərlə uniya imzalanmasına qarşı çıxan Georgi Sxolariy Konstantinopolun fəthindən sonra 2-ci Mehmed tərəfindən Ümumdünya Patriarxı təyin olundu. Trapezund imperatorunun islamla siyası yaxınlaşma yolları axtaran kamerqeri Georgi Amirutsi 1461-ci ildə imperatoru Trapezundu könüllü şəkildə 2-ci Mehmedə verməyə inandıra bildi, sonra isə sultanın yanında xidmətə götürüldü və onun ən yaxın adamlarından birinə çevrildi. Georgi Amirutsinin islamı qəbul etmiş oğlu sultan tərəfindən nazir postuna təyin olundu. 1453-cü ilə kimi İtaliyaya gəlmiş Georgi Trapezundski Konstantinopolun fəthindən iki ay sonra 2-ci Mehmedə məktub göndərərək türk və yunan xalqlarını siyasi cəhətdən birləşdirməsini xahiş etdi. Beləcə latınmeyllilərin Qərblə ittifaqa olan bütün ümidləri puça çıxdı və türklərin yolu açıldı. Xalq latınları yox, türkləri dəstəklədi. Konstantinopolu tutduqdan sonra 2-ci Mehmed kilsənin arzusunu yerinə yetirərək pravoslav xalqını öz himayəsi altında bir yerə yığdı (11-ci əsrdə İmperiya qurulandan sonra bir neçə yerə - latınların, serblərin, bolqarların, türklərin yaratdırdıqları dövlətlərə bölünmüşdülər).
Georgi Trapezundski ellinizmlə türkizmin vəhdətinin və qarşılıqlı əlaqəsinin region üçün vacıbliyinə əsaslanaraq Türk-Yunan siyasi birliyi proyekti hazırladı. 2-ci Mehmed Fatehin Konstantinopola daxil olmasının səhəri günü Georgi Trapezundski ona 2 məktub göndərərək sultana gerbində ikibaşlı qartal olan türk-yunan dövləti yaratmağı məsləhət verdi. Konstantinopolun fəthindən iki ay sonra isə o “Xristian inamının həqiqəti barədə” adlı araşdırma hazırlayaraq sultana göndərdi. Bu araşdırmada o sübuta yetirirdi ki, islam və xristianlıq o qədər də prinsipial fərqlərə malik deyillər və sultan hər iki dindən olanları bərabərlik əsasında bir skipetr altında birləşdirməlidir. 2-ci Mehmed də öz növbəsində regionun layiqli imperatoru olmaqla pravoslav kilsəsinə ilk əvvəldən türk-ellin birgə hökmranlığının fundamentini təşkil edən və düz 19-cü əsrə kimi get-gedə artan imtiyazlar verdi.
Varisi olduğu Bizans İmperiyası qismində mövqeyinə görə Aralıq regionu ölkəsi olmaqla elə özünün qərbdəki Vena və şərqdəki Pekin analoqları kimi Osmanlı imperiyası da ümumdünya mahiyyətinə malik idi.
Bu dövlətin ümumbəşəri məna daşıdığını Georgi Trapezundski də 1466-cı ildə 2-ci Mehmed Fatehə yazdığı məktubunda göstərirdi: “Heç kəsin şübhəsi yoxdur ki, siz hüquqi cəhətcə romalıların imperatorusunuz. Həqiqilikdə imperator o adam sayılır ki, qanunla imperiya taxt-tacinin sahibi olsun. Roma İmperiyasının taxt-tacı isə Konstantinopoldur. Məntiqlə kim bu şəhərin sahibidir, o da imperatordur. Sən qılıncınla fəth etdiyin taxt-tacın insanların adından deyil, Allah tərəfindən sahibisən: demək sən elə romalıların qanuni imperatorusan. Və kim ki romalıların imperatorudur – o bütün dünyanın imperatorudur”. Bu namədə osmanlı sivilizasiyasının xüsusi missiyası aydın şəkildə ifadə olunub.
Tarixçilər Konstantinopoldakı Müqəddəs Sofiya Məbədinin məscidə çevrilməsinə pis hal kimi baxırlar. Onlar həmin məsələni müzakirə edərkən bunu qalibin məğlub edilən üzərində kobud dini zorakılıq aktı kimi səciyyələndirirlər. Elə müsəlmanlar özləri də bu işə yaxşı yanaşmırlar. Belə ki müsəlmanların nəzərində xristianlar da kitab əhlidirlər və onların ziyarətgahlarının təhqir edilməsi Qurana zidd sayılır. Məscidlər ayrıca tikilməlidir, minarələri isə kilsələrin günbəzlərindən uca olmalıdır ki, islamın üstünlüyü ifadə olunsun. Həm də kilsənin məscidə çevrilməsi islamı xristianlıqla eyniləşdirmək mənasına gəlir ki, bununla islamın mahiyyəti bir növ “aşağı salınır”. Beləliklə osmanlıların bu jesti nə müsəlmanlar, nə də xristanlar tərəfindən başa düşülür. Əslində isə bu məsələnin mahiyyəti tam fərqlidir. Türklərin din anlamında əsas tərəfi dini sinkretizm tutur. Türklər üçün müqəddəs məkan elə müqəddəs məkandır – o necə qurulub və onda hansı tanrıya ibadət edirlər, bu ikinci dərəcəli əhəmiyyət daşıyır. Türklər bu jestləri ilə bir daha bütün dünyaya mənəvi sivilizasiyanın varisləri olduqlarını göstərdilər. Sübut etdilər ki, Bizans irsinin layiqli davamçılarıdır. Onlar başqalarının bunu necə qəbul edəcəyinə fikir də vermədən bunu etdilər. Bəli, bu yad dindən olanların müqəddəs məkanını təhqir etmək deyil, bu teoloji cəhətdən səmimi, türk təfəkkürü kontekstində tam başa düşülən sinkretik bir gedişdir.
Analoji sinkretizmi biz yeniçərilərdə görürük ki, Osmanlı dövlətində ən nüfuzlu sufi ordeni olan bektaşilərin qollarından idi və dövlətin həyatında vacib sosial-siyasi rol oynadılar. Yeniçərilər əsasən xristian ailələrindən seçilirdilər. Onları uşaq yaşlarından götürüb tərbiyələndirirdilər və spesifik dini məzmunlu dövlətçilik ideyasının daşıyıcılarına çevirirdilər ki, bu məzmunda sufi islamı ekstatik praktikalar daxil olmaqla xristian monaxlığının bəzi asketik formaları ilə çuğlaşırdı. Onların analoqları Orta Asiya türklərində olan qulamlar və Səfəfilərdə olan qızılbaşlar idi. Sufi döyüşçüləri olan yeniçərilər osmanlı ordusunda hələ 1365-ci ildən, Konstantinopol alınmamışdan qabaq döyüş bölmələrindən biri kimi meydana çıxmışdılar və 1826-ci ildə, Osmanlının qürubu dövründə ləğv olundular. İmperiyanın bir çox dövrlərində yeniçərilərin rolu həlledici oldu. Onlar nəinki sultanın seçmə və sadiq qoşununu təşkil edirdilər, həm də osmanlı elitasının ali administrativ kadrları üçün mənbə rolu oynayırdılar. Yeniçəri ordusuna yalnız qeyri-türk ailələrə məxsus uşaqlar düşürdü. Bu yolla sultanlar “Tur həqiqətini” təsdiqləməyə və möhkəmlətməyə çalışırdılar: klan, ailə və korrupsiya strategiyalarından qaçırdılar ki, bu hallar ali hakimiyyəti laxladır və şəxsi maraqları dövlət maraqlarından yüksəyə qoya bilir. Türk yeniçəriləri ilə rus opriçnikləri arasında da paralellər aydın görünür. Yeniçəriləri “Portanın qulları” adlandırırdılar ki, bu da onların sırf İmperiyaya sədaqətli olmalarının göstəricisi idi. Yeniçərilər ordenində dini sufi ayinlər sıx şəkildə İmperiyanın metafizikası ilə onun iki versiyasında – bizans-xristian və turan versiyalarında birləşirdi. Hərb sənətindən başqa yeniçərilər xəttatlığı, hüququ, ilahiyyatı, ədəbiyyatı və dilləri öyrənirdilər.
Beləliklə Osmanlı İmperiyasında dominantlıq edən islam əvvəlki ərəb xilafətlərindəki islamdan bir çox fərqliliklərə malikdir. Ərəb xilafəti ilə Türk xilafəti arasındakı bu köklü fərqliliklər elə nominal şəkildə Abbasilər sülaləsinin sonuna qədər mövcud olmuşdur. Türk xilafəti dövründə isə Abbasilər dövründən yığılıb qalmış sintetik və universal cizgilər ön planda qabarmışdır. Nəticədə xüsusi sivilizasiya fenomeni olan türk islamı, yaxud osmanlı islamı meydana çıxmışdır.
Konstantinopolun fəthindən sonra türk-pravoslav qardaşlığının katolik Avropaya qarşı yeni müzəffər erası başlandı.
OSMANLI İMPERİYASI AVROPA ŞƏRİNƏ QARŞI
Bir məsələyə diqqət yetirmək lazımdır ki, Qərbi Avropa Modern epoxasına qədəm qoyduğu dövrdə Osmanlı İmperiyası yaranır (Bizans İmperiyası isə yoxa çıxır). Odur ki Osmanlı-Avropa münasibətləri Avropanın özünün modernləşməsi ilə paralel cərəyan edir. Avropanın əsas modernizasiya qütbləri isə bildiyimiz kimi İngiltərə və Fransa idi. Odur ki Osmanlı İmperiyası əvvəldən axıra ənənəvi cəmiyyət olmaqla Avropa transformasiyalarının çətin sivilizasion reallığına qatlaşır. Bu transformasiyaların semantikası ən aşağısı 2 fundamental plasta malikdir:
1)ideoloji, yəni Modernin İngiltərə və Fransadan Avropanın digər regionlarına yayılması;
2)geopolitik, yəni Avropa dövlətlərinin öz aralarında daim dəyişən güclər balansı ki burda Osmanlı İmperiyası “modul üzrə” götürülürdü – ona konfessional və dini mahiyyət nəzərə alınmadan konkret hərbi-strateji birlik kimi baxılırdı.
Məsələ ilə bağlı nəzərə almaq lazımdır ki, Rusiya İmperiyası Avropa dövlətlərinə baxanda daha çox ənənəvi cəmiyyət idi (Avropa dövlətlərindən Avstriya-Macarıstan və alman dövlətləri Qərbi Avropa dövlətlərinə baxanda daha çox konservativ identiklərini saxlamışdılar). Bu baxımdan Türkiyə və Rusiya münasibətlərində dini faktor daha çox önəm daşıyırdı.
Modernizm-Ənənəçilik oxu münasibətlərində Avropa ilə Osmanlı arasında konflikt xristian cəmiyyətlərinin öz aralarındakı konfliktlər sxeminə uyğun şəkildə başlayaraq inkişaf etdi – necə ki bəzilərində sekulyar dünyəvi burjua-milli paradiqmaya keçid olmuşdu, bəzilərində isə yox. Odur ki mason tipli burjua nasionalizminin normativ sosial-siyasi tərkibə çevrildiyi İngiltərə və Fransa həmin strukturları ənənəvi yaşam tərzinin saxlandığı cəmiyyətlərə də ixrac etməyə başladılar - bunlar modernizasiya ocaqları vəzifəsini yerinə yetirməyə başladılar. Özü də analoji ssenari həm xristian imperiyalarına – Avstriya-Macarıstana və Rusiyaya, həm də Osmanlı xilafətinə qarşı tətbiq olundu. Hər yerdə mason gizli cəmiyyətləri millətçi antiimperial ideoloji və inqilabi hərəkatların formalaşdırılması mərkəzlərinə çevrildi. Bu sxem üzrə Avstriya-Macarıstan və Rusiya imperiyaları süquta yetirilərək dağıdıldı, ərazilərində yeni burjua sekulyar millətçi təsisatların əsasları qoyuldu. Tam eyni şəkilıdə hadisələr Osmanlı İmperiyasında da cərəyan etdi ki, milli azadlıq mübarizəsinə rəhbərlik edən mason lojaları yunanlarda, bolqarlarda və serblərdə yaradıldı. Bu ümumilikdə Cənubi Amerikanın, ondan əvvəl isə Şimali Amerikanın dekolonizasiyası strategiyasını xatırladır. Eyni zamanda İngiltərə və Fransa aktiv şəkildə ərəb millətçiliyini də gücləndirdi, burjua-sekulyar formaları ərəb cəmiyyətlərinə də yaydılar ki, onları Osmanlı İmperiyasından ayrılmağa və düşmənçilik etməyə istiqamətləndirdilər. İngiltərə və Fransa ərəb dünyasında mason lojaları ilə yanaşı türklərin hakimiyyətinə qarşı çıxan digər cərəyanlara da dəstək verdilər. Bunlar əsasən radikal ərəb islamının Əl-Vahhab kimi nümayəndələri oldu. Ümumilikdə sələfi mahiyyətində olan ərəb islamı bir çox aspektlərdə Osmanlıda olan türk islamından fundamental şəkildə fərqlənirdi. 18-ci əsrdən başlayaraq sələfilik Avropa Moderninin avanqardında dayanan ölkələr tərəfindən dəstəkləndi və istiqamətləndirildi, nəticədə antiosman siyasətində effektiv geopolitoloji instrumentə çevrildi. Biz yenə bu iki faktorun çuğlaşmasını görürük ki, heç də təsadüfi ola bilməzdi.
İngiltərə və Fransa sivilizasion nöqteyi nəzərdən Moderni təmsil edirlər ki, ənənəvi cəmiyyətə qarşı yönəlib, yəni Avropa Loqosunun özünə qarşıdır. Nooloji nöqteyi-nəzərdən İngiltərə və Fransa qara Loqosun revanşist əks-hücumunun avanqardını, titanizmin yüksəlişini təmsil edirlər. Modernin Ənənəyə qarşı mübarizəsi Noomaxiyanın mövzusudur ki, yerli, kökənli, hind-avropalı, işıqlı, apollon-dionis Loqosu ona qarşı olan Böyük Materin titanları və qara fəlsəfəsi tərəfindən hücuma məruz qalır. Bu mənada Osmanlı İmperiyasının Turan identikliyi də Avropa Moderni üçün nooloji düşmən sayılırdı. Əslində Osmanlı – Modern Avropanın ekziztensial düşməni idi.
Osmanlıya qarşı mübarizədə sələfi islamının ərəb ocaqları, xüsusən də vahhabizm Modern Avropanın dayağına çevrildi. Vahhabiliyə xristian Reformasiyasının analoqu kimi də baxmaq olar, belə ki vahhabilər “ilkin islama” qayıtmağa çağırış etdikləri kimi Avropa protestantları da “ilkin xristanlığa” qayıtmağa çağırırlar. Vahhabilərin nəzərdə tutduğu “ilkin islam” semitizmin üstünlüyü ilə fərqlənirdi, Abbasilər xiləfətinə kimi formalaşdığından unversallaşmamışdı və daha çox antitürk mahiyyəti daşıyırdı. Protestantların da xristianlığında daha çox iudaizm üstünlük təşkil edirdi, katolik universallığına onlar cəhalətə qayıdış kimi baxırdılar. Sırf praktiki geopolitik mülahizələrdən başqa biz İngiltərə və Fransa ilə ərəb sələfi dünyası arasında dərin nooloji struktur əlaqələri də görürük – həm də biz vahhabilərin “ilkin islamını” öz baza impulsunda titanik struktur kimi interpretasiya etdik. Qara Loqosun iki tam fərqli forması, tarixi, məzmunu və stili – Avropa Moderni və ərəb vahhabizmi Osmanlı İmperiyasına qarşı mübarizədə taktiki məqsədlərin məcmuəsində paralel rezonansa girdilər. Bundan başqa gənctürklərin millətçiliyi, -hansı ki Atatürkün yaratdığı yeni Türkiyə Respublikasının əsasında dururdu-, mason qruplarının və gizli cəmiyyətlərinin ətrafında qurulmuşdu, türklər üçün millətçilik, avropalaşma, modernləşmə yolu təklif edirdi.
Beləliklə Modern-Ənənə liniyasında biz Modernin qütbü və müasir (anti)Avropanın avanqardı kimi İngiltərə-Fransanın ənənəvi cəmiyyətli Osmanlı İmperiyasına qarşı fundamental müxalifətdə durduğunu görürük. Ortalığa çıxan avropalaşma tərəfdarları millətçiliyin, modernizmin, burjua-demokratik təlimlərinin və nəzəriyyələrinin dominantlıq etdiyi antiimperiya qüvvələrinə bağlı idi. Həmin konfliktin nəticəsində baş verən Osmanlı İmperiyasının süqutu Modernin Ənənə üzərində qələbəsi idi. Bütün postosman təsisatlar isə (Türkiyə Respublikasının özü qarışıq) avropalaşmanın və modernləşmənin məhsulları idi. Həm ərəb ölkələri, həm Yunanıstan, həm Balkan dövlətləri, həm də Türkiyə Respublikasının özü modernist tallassokratik Qərbin birbaşa nəzarəti altında yaradılmışlar və üzərlərində bu sivilizasion möhürü daşıyırlar. Bununla yanaşı həmin ölkələrin millətçi ideologiyaları süni şəkildə və praqmatik məqsədlər üçün özlərində olan “ənənəvi” elementlərlə də bürünmüşdülər – Balkanlarda pravoslavlıq və neovizantizm, ərəb ölkələrində islam, Türkiyənin özündə turançılıq. Əgər müasir Türkiyədə Modern-Ənənə optikasından müxtəlif faktorların balansına baxsaq, əslində kemalizmin müxtəlif versiyalarını özündə ehtiva edən aşağıdakı elementləri görərik:
–Avropa modernizmi, Fransa və İngiltərəyə orientasiya (vesternizasiya);
–türk burjua millətçiliyi, milli dövlətin absolyutizasiyası (suverenitet, realizm);
–postosmanizm geopolitikada, mədəniyyətdə və sosial-siyasi xüsusiyyətlərdə Osmanlı İmperiyasının müəyyən davamı kimi (ekspansionizm);
–türk islamı (sünni islamının xüsusi versiyası);
–turanizm türk sivilizasiyasının dərin identikliyi kimi, türk “Dasein”inin kökü kimi.
Osmanlılar bizanslılardan onların əsas rəqiblərini də miras almışdılar: bunlar qərbdə latınlar və xüsusən də venesiyalılar, şərqdə farslar (bu dəfə Səfəvi İranı qismində), şimalda slavyanlar – Moskva Rusiyası idi (bizanslılar da əvvəllər slavyan xalqları ilə, xüsusən bolqarlar ilə toqquşmuşdular). Geopolitik təlatümlərdə Osmanlı İmperiyası Qərbi Avropanın Mərkəzi Avropa ilə qarşıdurmasında vacib oyunçuya çevrildi. Yəni modernləşmiş İngiltərənin konservativ Qabsburqlar İmperiyasına qarşı mübarizəsində ortalığa girdi. Frank-osman ittifaqları da bununla izah olunur. Digər vəziyyətlərdə isə Osmanlı modernləşdirilmiş dövlətlərlə - İngiltərə və Fransa ilə ittifaqda onların Rusiyaya qarşı koalisyon mübarizəsində iştirak etdi (1853-1856-cı illər Krım müharibəsi).
Rusiya dövləti daim Osmanlı dövləti ilə ittifaqa girmək üçün yollar aradı, bu cəhdlər həmişə İngiltərə və Fransanın müdaxiləsi sayəsində nəticəsiz qaldı. 1831-ci ildə Misir sultanı Məhəmməd Əli və onun sərkərdə oğulluğu İbrahim paşa üsyan qaldırdılar, qoşun yeridərək az qala İstanbulu tutdular. Lakin Rusiya Osmanlının köməyinə yetişərək onu məhv olmaqdan xilas etdi. Çar 1-ci Nikolayın əmri ilə rus gəmiləri Bosfora girdi və misirliləri geri oturtdu. Osmanlı ilə Rusiya arasında geopolitik alyans qurulmasına bu cür imkanlar bir neçə dəfə yaransa da hər dəfə ortalığa girən Modern Avropa bu alyansa imkan vermədi. Bu iki ənənəvi cəmiyyətlərin, iki imperiyaların birləşməsinə xırda bir işarə, xırda bir cəhd belə modernist sekulyar Qərbdə dəhşət doğururdu. Avropalılar bunda özlərinə qarşı təhlükə görürdülər. Rusiya vizantizminin baş teoretiki Konstantin Leontyev də məhz belə bir ittifaqın yaradılmasının tərəfdarı idi.
Və nəhayət, Birinci Dünya Müharibəsində Osmanlı İmperiyası Mərkəzi Avropa ölkələrinin – Almaniya və Avstriya-Macarıstanın tərəfində çıxış etdi, yəni Antantaya – İngiltərə və Fransaya, o cümlədən Rusiyaya düşmən düşərgədə yer aldı. Beləliklə Osmanlı İmperiyasının geopolitikasında biz hər cür mümkün alyanslara rast gəlirik.
Ərəb dünyası Osmanlı İmperiyasına münasibətdə kəskin müxalif mövqe tutmuşdu, türk hakimiyyətinə işğalçıların ağalığı kimi baxırdı. Ərəblər Osmanlı dövlətinin islam xarakterini şübhə altına almırdılar, amma osmanlıları yadelli ağalar kimi görürdülər. 18-ci əsrin sonunda Səudiyyə Ərəbistanının beduin əhalisi arasında vahhabizm ideyası geniş yayılmağa başladı. Vahhabizm get-gedə antiosman islam hərəkatı formasına yüksəldi. Nəticədə vahhabizm 20-ci əsrdə kral Əbduləziz əs-Səudun yaratdığı Səudiyyə Ərəbistanının rəsmi ideologiyasına çevrildi.
Misirdə 1805-ci ildə hakimiyyətə Məhəmməd Əli paşa gəldikdən sonra Osmanlı hakimiyyəti təkcə nominal şəkildə tanınırdı, mahiyyətdə isə Misirin öz daxili və xarici siyasəti formalaşmışdı. Misir ordusu ərazilərini genişləndirmək üçün müharibələr apardı, Səudiyyə vahhabiləri ilə döyüşdü, Suriya və Adana torpaqlarını zəbt etdi, ölkəyə hücum edən ingilis qoşunları ilə vuruşarkən isə məğlubiyyətə uğradı və ölkə 1882-ci ilə ingilislər tərəfindən işğal olundu.
17-ci əsrdə və 18-ci əsrin əvvəllərində İraqda yerli şeyxlər formal şəkildə türklərə tabe olsalar da praktiki olaraq onlardan müstəqil hökmranlıq edirdilər, baxmayaraq ki Bağdadda osmanlı qubernatoru otururdu. 18-ci əsrin əvvəllərində İraqı Osmanlıdan asılı olmayan məmlüklər zəbt etdilər. Məmlüklər Bəsrədən tutmuş Dəclə və Fərat sahillərinə kimi əraziləri nəzarət altına aldılar. Ərəb identikliyi və müəyyən sosial-siyasi avtonomiyalar postkolonial etapı keçən Osmanlı İmperiyasının digər ərazilərində də formalaşdı.
20-ci əsrdə Osmanlı İmperiyasının süqutundan sonra ondan qopan ərəb ərazilərində Avropa ölkələrinin aktiv iştirakı ilə müstəmləkə prinsipi əsasında yeni ərəb dövlətləri yaradıldı. Bu ölkələrdə avropalılar tərəfindən süni şəkildə yaradılmış və yönəldilən ərəb millətçliyi ilkin olaraq antitürk xarakteri daşıyırdı.
Osmanlıların Persiyaya münasibəti düşməncəsinə idi, bu sahədə Osmanlı İmperiyasına Bizansın, bir az da dərindən baxsaq Romanın, qədim Elladanın geopolitikası miras qalmışdı ki, həmin məmləkətlər İranı Şərqdə özlərinin əsas rəqibləri və konkurentləri kimi görürdülər. İran-Osmanlı münasibətləri şiəliyi İranın rəsmi dininə çevirən Səfəvi sülaləsinin hökmranlığı dövründə əlavə ölçülər aldı. O dövrdən Osmanlı ilə İran arasındalı geopolitik didişmələr konfessional xarakterə gəldi: osmanlılar sünni, iranlılar isə şiə identikliyini təmsil etdilər. Maraqlıdır ki, islamın rəqabətdə olan bu iki versiyası 16-cı əsrdən başlayaraq qeyri-ərəblər tərəfindən təmsil olunmuşdur: sünnilik türklər, şiəlik isə iranlılar tərəfindən.
Rusiya ilə Osmanlı İmperiyasının ilk əvvəllər neytral münasibətləri vardı, belə ki Bizansın süqut edib Osmanlının yarandığı dövrdə Moskva Rusiyası hələ Qızıl Ordadan yenicə qurtularaq öz dövlətçiliyini təsdiqləməkdəydi və bundan sonra da uzun müddət türklərlə toqquşması olmamışdı. 17-ci əsrdə rusların qərb istiqamətində bir sıra uğurlarından sonra Moskoviyaya gəlib gedən yunanlar belə bir fikir ortalığa atdılar ki, ruslar Çarqradın azad edilməsi barədə düşünməlidirlər, belə ki Moskva özünü dünya pravoslavlığının qalası saymaqdadır.
Rusiya və Osmanlı İmperiyasının maraqları ciddi şəkildə Böyük Pyotrun dövründə toqquşdu. Böyük Pyotr Azovdan tutmuş Qara dəniz sahillərinə və Bessarabiyaya nəzarət uğrunda rus-osmanlı müharibələrinə start verdi.
O da maraqlıdır ki, Rusiya və Osmanlı imperiyaları geopolitik düşmənlərə məhz o zaman çevrildilər ki, Rusiyada artıq modernləşmə işləri başlanmışdı və Avropa təsiri öz sözünü deyirdi. Məhz o dövrdə Rusiya özünün ilkin pravoslav-xristian köklü identikliyini rədd edir (Pyotr özü pravoslavlığı Rusiyada yarımcan hala salır), “xristianlığın” müdafiəsi problemi antitürk xarici siyasət faktoruna çevrilməyə başlayır. Axı tarixə baxsaq Moskva Rusiyasının pravoslav fundamentalizmi Çarqradın türklər tərəfindən tutulmasına qarşı çıxmamışdı, əksinə alqışlamışdı. İran Peresvetovun vəsatətlərindən də gördüyümüz kimi Moskva Rusiyası “Tur həqiqəti” ilə qürur duyurdu, Çarqradın çökməsini təmiz pravoslav dinindən imtinaya və dövlətin siyasi cəhətdən çürüməsinə görə cəza kimi qiymətləndirirdi. Avropa modernizasiyasına yönəlmiş Pyotr isə öz evində pravoslav identikliyinin başına min oyun açdığı halda Osmanlı İmperiyası ilə münasibətlərə gələndə müsəlmanara qarşı “din keşikçisinə” çevrilir! Ola bilər bu Rusiya dövlətinin artmaqda olan obyektiv geopolitik maraqlarını pərdələmək üçün bəhanə idi. Amma digər tərəfdən bu tam olaraq Modern-Ənənə liniyası qarşıdurması strategiyasına uyğun gəlir. Düzdür, Pyotr Moderni daha çox üzdə imitasiya edirdi, amma əsas odur ki Pyotrun və onun ardıcıllarının moderləşdirdiyi və avropalaşdırdığı Rusiya Osmanlı İmperiyasının ənənəvi cəmiyyəti ilə silsilə müharibələrə başlayır. Özü də bunu “xristian dini” yolunda etdiyini bildirir, halbuki Rusiyanın özündə modernləşmə logikasına uyğun olaraq dini rədd etmə prosesi gedirdi.
Pyotrun varislərinin 18-19-cu əsrlərdə davam etdirdikləri rus-osmanlı müharibələri nəticəsində osmanlılar Qara dənizin şimal sahillərində və Cənubi Qafqazda nəzarəti itirirlər. Rusiya isə özünün cənub ekspansiyasının geopolitik məqsədlərinə sıx şəkildə qatılır - isti dənizlərə çıxış əldə etməyə çalışır ki, buna da Qərbi Avropanın tallassokratik ölkələri olan İngiltərə və Fransa var-gücləri ilə müqavimət göstərirlər. Rusiya hər dəfə Osmanlı üzərində həlledici qələbəyə yaxınlaşanda, ya da Osmanlı ilə uğurlu və hər iki tərəfə xeyirli strateji ittifaq sazişi imzalamaq ərəfəsinə gələndə Qərb dövlətləri aktiv şəkildə araya girirlər, bu prosesə müdaxilə edərək inisiativi effektiv və inadlı şəkildə pozurlar. Oərb hər dəfə müxtəlif üsullarla müdaxilə edərək kontinental Rusiyanın yüksəlməsinin, Turan-Avrasiya rus-türk imperiya blokunun yaradılmasının qarşısını alır. Rus teoretiki Konstantin Leontyev də məhz Qərbin Modern cəmiyyətlərinə qarşı olan belə müştərək ənənəvi sivilizasiyaya əsaslanan vahid blokun yaradılmasını istəyirdi.
20-ci əsrdə rus-türk alyansı ideyasının vacibliyi avrasiyaçılar və kontinental məktəbin geopolitikləri tərəfindən əsaslı şəkildə araşdırılmışdır. Onlar vahid Avrasiya kökləri üzərində dayanaraq həm Rusiyada, həm də Türkiyədə olan telluokratik orierntasiyaların oxşarlığını yüksək qiymətləndirmişlər.
İKİNCİ HİSSƏ: İRAN LOQOSU
Şiəlik mənə başqa dinlərdən daha yaxındır.
***
Mənim İrana və şiə məktəbinə sevgim var. 30 ildir bu ruhiyyədəyəm. İslam fəlsəfəsi, şiə mədəniyyəti mövzusunda mütaliələrim var. Sührəvərdi, Molla Sədranı oxumuşam. Əqidələrimiz arasında müştərək nöqtələr çoxdur. Mən ortodoks məsihiyəm, eyni zamanda şiə məktəbindən ilham alıram.
***
Şiələr İslam dünyasında amerikan imperializminin qarşısını alan əsas qüvvədir.
***
Şiələrlə həmrəylik, Suriyada, İraqda, Yəməndə, Bəhreyndə - ümumiyyətlə, hər yerdə şiələrlə birgə ümumi düşmənə qarşı döyüşmək biz rusların borcudur. Rus-şiə alyansı sadəcə geopolitika deyil - bu dini tiplərin dərin qohumluğudur. Səudiyyənin amerikan rejimi məhv edilməlidir! Bu - Avrasiya fətvasıdır! Şəhid şeyx Nimru əl-Nimruya eşq olsun!
***
Biz Rusiya və İran xalqları Müqavimət cəbhəsində birgə dayanmalıyıq. Ona görə ki, bu yolda Qasim Süleymanı kimi ən yaxşı oğullarımız şəhid olublar.
***
General Süleymani əsl qəhrəman idi. O təkcə İranın maraqları üçün, şiə dünyası uğrunda vuruşmurdu, o bütün Müqavimətin qəhrəmanı idi. O imperializmin hegemonluğuna qarşı, Qərbin islam dünyasında, Yaxın Şərqdə və ümumiyyətlə planetar səviyyədə öz şərtlərini yeritmək cəhdlərinə qarşı Müqavimətin qəhrəmanı idi. Qasim Süleymanini itirəndə elə bil ailə üzvümü itirdim. Onun ölümü mənə ən əziz adamımın ölümü kimi təsir etdi. O mənə çox yaxın olan böyük bir mənəviyyat adamı idi.
***
Qasim Süleymani Müqavimətin, çoxqütblü dünya uğrunda mübarizənin qəhrəmanı idi. O Yaxın Şərqin şiə icmasının adi dini qrup olmaqdan çıxaraq siyasi gücə çevrilməsində çox işlər görmüşdür ki, bu da olduqca vacib məsələdir. Yəni o faktiki olaraq şiəliyi Yaxın Şərqin əsas subyektinə çevirməyi bacarmışdır. O sünnilərlə, müsəlmanlarla və digər xalqlarla birgə bütün ölkələr və sakinlər üçün ədalət, azadlıq və sərbəstlik istəyirdi. O İran, İraq, Suriya, Liviya və Livan xalqlarının böyük fədaisi idi. O Livan xalqının müstəqilliyi və müqaviməti üçün böyük işlər görmüşdü. Başqa sözlə, general Süleymani böyük qəhrəman və əsl strateq idi. Əlbəttə onun aramızdan getməsi, bu gün bizimlə olmaması hamımızçün böyük zərbədir.
***
Qasim Süleymaninin ölümü təkcə İran üçün deyil, Rusiya üçün də böyük itki idi. Mənim yadımdadır, general öldürülərkən onun ölümü Rusiyada böyük kədərlə, Yaxın Şərqdə hərbi strategiya ilə məşğul olan adamlarımız arasında isə əsl matəmlə qarşılandı. Bu bizimçün böyük zərbə və hüzn oldu. Onun ölümü bizə bizlərdən birinin ölümü kimi təsir etdi. Sanki İran xalqının yox, rus xalqının hansısa böyük qəhrəmanı, vacib hərbi sərkərdələrindən biri öldürülmüşdü. Süleymani təkcə İran xalqının deyil, Rus xalqının da strateqi, çoxqütblü dünya uğrunda mübarizi sayılırdı. İran xalqı kimi rus xalqı da Süleymanini öz döyüşçüsü, öz əsgəri kimi görürdü. Süleymaninin ölümü - rus xalqının yaxın bir dostunun rəşadətli ölümü idi. O bizimçün böyük əhəmiyyət kəsb edirdi. Süleymaninin ölümünə rus strateqləri, rus hərbçiləri necə yanıb yaxılırdılar, necə heyfslənirdilər, bunu sözlə ifadə etmək çətindir. Onun alçaqcasına öldürülməsi burda ABŞ-a olan nifrəti, o cümlədən bu provokasiyanın arxasında duran İsrailə nifrəti daha da artırdı, qisas hissi yaratdı. Onun ölümünün Rusiyadakı nəticələri belə oldu. Süleymaninin ölümü Rusiya-İran müttəfiqliyində düşmənə qarşı bizim birgə mübarizəmizi daha da möhkəmləndirdi. Odur ki Süleymanin özünü qurban verməsi hədər yerə olmayıb. Onun ruhu daim bizimlə olacaq.
***
Qasim Süleymani təkcə siyasi xadim, hərbi strateq deyildi, həm də əsl din xadimi idi. Onun şəxsiyyəti və mənəviyyatı təkcə geopolitik və hərbçi olmağa sığmırdı, o həm də ruhani bir şəxs idi. O əsl şəhid idi. Baxın, şəhid sözünün ərəbcə iki mənası var. Biri cəfakeş, digəri isə şahidlik edən mənasındadır. O adam şəhid sayılır ki, həqiqətə şahidlik edir. Belə adam öz həyatını hansısa şəxsi maraqlara qurban vermir, öz ölümü ilə uğrunda vuruşduğu yolun müqəddəsliyinə şahidlik edir. O öz ölümü ilə şahidlik edir ki, bizim döyüşümüz haqq yolundadır. Bu mənada Süleymaninin ölümü əks-təsir məsələsidir. Onlar bizim qəhrəmanlarımızı öldürməklə biz zəfləmirik, əksinə güclənirik. Axı biz inanclı adamlarıq - biz xristianlar və müsəlmanlar Allaha inanırıq. Biz bilirik ki, Allah bizim qətiyyətimizi, haqq uğrunda fədailiyimizi, bu yolda canımıza belə heyfslənməməyimizi görürsə, demək Allah bizə kömək olacaq. Yaxşı, əgər Allah bizimlədirsə, bəs kim bizə qarşıdır? Bizim düşmənlərimiz materialistdirlər və düşünürlər bizim qəhrəmanlarımızı cismani məhv etməklə biz zəifləyəcəyik, ya geri çəkiləcəyik. Xeyr, əslində belə şəhidlərimiz çox olduqca biz get-gedə güclənirik. Çünki şəhid qəhrəmanlarımız bizə uca göylərdən kömək olacaqlar. Və bu kömək – metafora deyil, real gücə malikdir. Odur ki bizi öldürmək olmaz. Kim Allahladırsa, ona heç kimin gücü çatmaz. Bu mənada general Süleymaninin, o cümlədən İraq xalqının qəhrəman oğlu Mühəndisinin öldürülməsi bizi əslində zəiflətmək iqtidarında deyil. Məsələn, Süleymanini itirməklə Rusiya-İran münasibətləri heç də zəifləməyib, İranın Yaxın Şərqdəki fəaliyyəti azalmayıb, İran İslam İnqilabı Keşikçiləri Korpusu, İran vətənpərvərləri öz mövqelərindən geri çəkilməyiblər. Əksinə mövqelərimiz daha da güclənib. Əgər insan öz həyatını haqq yolunda qurban verirsə, o mübarizəni zəiflətmir, daha da gücləndirir. Biz maddiyyatçı deyilik, biz qələbəni qoşunların sayı, ölülərin və sağların miqdarı ilə hesablamırıq. Biz reallığı haqqın dərəcəsi ilə ölçürük. Əgər insan öz həyatını haqq yolunda, ədalət uğrunda qurban verirsə, bu iş daha da güclənir. Odur ki Qasim Süleymaninin işi yaşayır və davam edir. Onun ölümünə Rusiyadakı reaksiya bizim mövqelərimizi burda daha da gücləndirdi. O bizə arqument verdi, göstərdi ki, baxın, düşmənlərimiz hər şey edəcəklər ki, dostlarımızı, müttəfiqlərimizi məhv etsinlər, demək biz Rusiya-İran alyansında daha möhkəm durmalıyıq. Bəli, biz Rusiya və İran xalqları Müqavimət cəbhəsində birgə dayanmalıyıq. Ona görə ki bu yolda Qasim Süleymanı kimi ən yaxşı oğullarımız can qoydular.
***
Avropa sağının – Salvini və Mari Le Penin antiqlobalist qəhrəman Süleymaninin öldürülməsinə reaksiyası bizə bir daha onu xatırladır ki, liberallardan və mərkəzçilərdən başqa daha iki növ iyrənc yön var – ifrat sağ və ifrat sol. Geosiyasi özünüdərkin tam olmaması, axmaq konformist zibil. Ancaq bizi heç bir şey dayandıra bilməz. Görünür Avropanın heç bir şansı yoxdur. Eyb etməz, cəhənnəm olsun Avropa… Qarşıda bizi Zühur gözləyir!
***
İmam Əli uduzdu. Amma nə olsun, İsa peyğəmbər də uduzdu. Öz ölümləri ilə onlar bəşəriyyəti dirçəltdilər, qəlblərə çökdülər, cənnətə yol açdılar və milyonların qəlbində yaşayaraq ölməzliyə çatdılar.
***
Mən diqqətinizə bir müddət əvvəl İranın ruhani liderlərindən biri ilə ümmətin içində etdiyim müdhiş söhbəti çatdırmaq istəyirəm. O mənə dedi ki, İranın sirri – Zühur intizarındadır. Əslində Zühur intizarı ədalətli dünyanın yetişməsini, 12-ci imam Mehdinin gəlişini, cadu-piti dövranının bitməsini, böyük Qeybin açılmasını gözləmə mədəniyyətidir ki, bu pravoslav rus insanının dünyagörüşü ilə həddən artıq səsləşir. Biz pravoslav ruslar da gözləmə mədəniyyətində yaşayırıq, İkinci Gəlişi gözləyirik. Və bizimçün gözlədiyimiz gələcək – ədalətsizliyin, yalanın, istismarın hökmranlıq etdiyi müasir dünyanın gələcəyi deyil, ədalətin hökm sürəcəyi cəmiyyətdir.
***
Mən uzun illərdir ki, şiələrin Ərbəin yürüşü ilə yaxından maraqlanıram. Bu yürüşə qatılmaqdam məmnunluq duyuram. Bəzi türk dostlarım da var ki, onlar da bu mərasimə qatılmaq istəyirlər. Ona görə də biz Ərbəin yürüşündə iştirak etmək qərarına gəldik. Getdikcə beynəlxalq səciyyə alan, bütün millətlərdən, dinlərdən olanların, o cümlədən xristianların iştirak etdiyi Ərbəin yürüş qlobal dəyişikliyin müqəddiməsidir. Mən dəfələrlə demişəm ki, modern dünya özünün liberal və kapitalizm ideologiyası ilə sonuna doğru yaxınlaşır. Modernin dünyada bəşəriyyət üçün böhran yaratmaqdan başqa faydası olmayıb. Dünyanın mənəvi və ilahi inqilaba ehtiyacı var. Necə ki İranda islam inqilabı baş verib. Biz pravoslavlar belə bir mənəvi dirçəlişin ardıncayıq.
***
Bu gün dünyada Ərbəindəki insan kütləsini kim idarə edirsə, gələcək onundur.
***
Azərbaycan mənim sevdiyim gözəl ölkədir. Azərbaycanlıları çox sevirəm. Möhtəşəm xalqdır. Mən Bakıda çox olmuşam. Təəssüf ki bu ölkədə şiə faktoruna diqqət yetirilmir. Azərbaycanda şiə identikliyinə təkcə divarlarda rast gəlmək olur və hakimiyyət ona vahimə ilə baxır. Azərbaycan hakimiyyəti şiəliyə diqqətlə yanaşmalıdır.
**
Şiəlik xəzinədir. Şiəlik Azərbaycan identikliyinin, azərbaycanlıların qədim mədəniyyətinin sərvətidir. Şiəlik Azərbaycan xalqının şəxsiyyət kimliyidir.
***
İran şiəliyi təkcə islamla bağlı deyildir, o həm də mazdeizm, maniçilik, zərdüştlük, maqların doktrinası, nestorianlıq, Şərq qnozisi və digər ezoterik təlimləri özündə birləşdirir. Bu, böyük bir fəlsəfi məktəbdir.
***
Osmanlı ilə Səfəvi İmperiyaları arasında müharibə Osmanlı sultanı 1-ci Səlimin 1513-cü ildə Anadoluda on minlərlə şiənin başını kəsməsi ilə başlandı. Bu zona osmanlılarla səfəvilərin sərhəd zonası idi. Anadolunun pers və iranlılaşmış türk əhalisinin çox hissəsini şiələr təşkil edirdi ki, onların İrana simpatiyası təbii və məntiqli idi. Məhz sultan 1-ci Səlimin törətdiyi bu qırğınla əsrlərlə davam edən və böyük itkilərə səbəb olan sivilizasiyalararası qarşıdurma yarandı.
***
Düşünürəm ki, indi Rusiya-İran əlaqələrinin inkişaf etdirilməsi üçün ən əlverişli məqamdır. Hal-hazırda unikal imkanlar pəncərəsi açılıb, belə ki indi heç bir zaman olmadığı kimi aydınlaşıb ki, İranla Rusiyanın çoxlu sayda ümumi maraqları və ümumi dəyərləri var. Ümumi maraqlardan danışarkən ilk növbədə qeyd etmək lazımdır ki, İran öz müstəqilliyini qoruyub saxlamaqda maraqlı olan suveren dövlətdir, eləcə də Rusiya öz müstəqilliyini qoruyub saxlamaq niyyətində olan suveren dövlətdir. Bu müstəvidən çıxış edərkən aydınlaşır ki, biz – qonşuyuq və amerikan hegemonluğu üçün eyni dərəcədə qəbuledilməzik. Və əgər biz dərin geopolitik müttəfiqlik yaratsaq, alyans, ittifaq formalaşdıracayıq, bununla həm biz, həm də iranlılar öz strateji məqsədlərimizi reallaşdıracayıq. Məhz dostluq şəraitində biz çata bilmədiyimiz hədəflərimizə çatacayıq. Rusiya dost ölkə qazanacaq ki, bu ölkə onun isti dənizlərə çıxışını təmin edəcək, İran isə şimalda etibarlı tərəfdaş qazanacaq. Birlikdə biz Mərkəzi Asiyada geopolitik məkanın yenidən formalaşdırılmasına başlayacayıq ki, xarici qüvvələrin bura soxulmasının qarşısını alacayıq.
***
İran və Rusiya ümumi maraqlara, ümumi strateji hədəflərə malikdirlər. Bu məsələdə bizim yaxınlaşmağımız çoxlu sayda problemləri həll edəcək. Əks təqdirdə həmin problemlər həll olunmamış qalacaq. Bu yaxınlaşma olmasa nə Xəzər regionunda, nə də ümumən Mərkəzi Asiyadan tutmuş Qafqaza kimi bütün məkanda ədalətli güc balansı yaranmayacaq. Bu günün ən əsas, ən aktual məsələsi isə Suriyadır. Suriyada biz İranla eyni cəbhədə vuruşduq. Orda həm Rusiyanın, həm İranın, həm də əsaslı dərəcədə İrana istiqamətlənmiş Livan Hizbullahının təkcə siyasi deyil, həm də hərbi iştirakı vardı. Bu gün biz tam mənada rus-şiə alyansının geopolitikası barədə danışa bilərik. Əlbəttə Rusiya bu seçimi ideoloji, dini sferalardan da çox praqmatik sferada edir, amma hər halda rus-şiə alyansı göz qabağındadır. Mən bu məsələyə diqqətlə yanaşmağa çağırıram. Və heç də təsadüfi deyil ki, Suriyada bizə - Rusiya və İrana qarşı duran qüvvələr elə dünyanın hər yerində bizə qarşıdırlar. Həttə Şimali Qafqazda – öz ərazimizdə belə. Bu gün biz İranla həm Bəhreyndə, həm Yəməndə - bütün cəbhələrdə bir yerdəyik. Bu da təsadüfi deyil. Bu müasir Rusiya və İran siyasətinin rus-şiə alyansı imperatividir.
***
Bu gün bizim tarixi kursu, onun məntiqini, gedişatını anlamağa əvvəllər heç vaxt olmadığı qədər ehtiyacımız var. Biz hər gün gələcək nəsillərin taleyinin asılı olacağı qərarlar qəbul edirik. Getdikcə daha çox aydın olur ki, heç bir xalq, heç bir ölkə, heç bir konfessiya, heç bir sosial sinif, hətta heç bir sivilizasiya bu problemi təklikdə həll edə bilməz. Biz bir-birimizlə hesablaşmağa daha çox məcburuq: Avropa Asiya ilə, xristianlar müsəlmanlarla, ağlar qaralarla, müasir demokratik dövlətlərin vətəndaşları ənənəvi cəmiyyətin dayaqlarının qorunduğu ölkələrin sakinləri ilə. Bunun üçün bir-birimizi yaxşı anlamağı öyrənməli, tələsik mühakimələrdən yayınmalı, əsl tolerantlıq ruhunu əxz etməli və öz dəyər sistemlərimizdən, vərdişlərimizdən fərqlənən şeylərə (çox zaman mahiyyətcə) dərin hörmət bəsləməliyik.
***
Ayətullah Xomeyninin Qorbaçova məktubu olduqca vacib əhəmiyyətə malikdir. Xomeyni öncəgörənlik edərək Qorbaçovu qabaqcadan xəbərdarlıq edirdi ki, Sovet yenidənqurması gedişatda Qərb istiqamətinə yönələcək, bu isə siyası, mənəvi və geopolitik süquta aparıb çıxaracaq. Belə də oldu. Həmin məktubda deyilənlər sözbəsöz baş verdi. Təəssüf ki İran inqilabının dini liderinin həmin məktubuna fikir vermədilər. Xomeyni məktubunda İslamın və İranın nəhəng təfəkkür xəzinəsindən yalnız iki alimdən sitat gətirir - Şihabəddin Yəhya Sührəvərdi və İbn Ərəbi. Axı bu iki müəllif – dərin mistiklərdir, Şərqin teoretikləridir. Ən əsası, məhz Sührəvərdidə biz “qərb təzyiqi”, “qərb təzyiqinin quyuları” termini ilə rastlaşırıq. Bu nəinki mənəvi coğrafiya ilə, həm də geopolitik coğrafiya ilə səsləşir. Qərb – elə təzyiq məkanıdır. Qərb – Ənənə günəşinin çıxdığı yer idi, lakin müasir Qərb Yer üzünün tənəzzül məkanına və cəhənnəminə çevrilib. Məhz Sührəvərdi və İbn Ərəbi pravoslav mistik monaxlığına, bizim qavrama stilimizə, əvvəl-axır bizim müqəddəs coğrafiyamıza, – hansında ki Şərq (Rusiya da Şərqdir) müsbət qütbün mərkəzi, Qərb isə mənfi qütbün mərkəzi sayılır, – daha çox yaxındırlar. Düşünürəm ki, yaşadığımız dövran sivilizasiyalarımız arasında, ölkələrimiz arasında həm də Zühur intizarı dediyimiz gözləmə mədəniyyəti ümumiliyinə əsaslanan dərin mənəvi və dini dialoqa da yol açır.
***
Ayətullah Xomeyni sivilizasiya identikliyini qoruyub saxlamış bir fenomendir.
***
İmam Xomeyninin vəzifəsi bəşəriyyəti Zühura hazırlamaq idi.
***
İran Zühuru gözləyir. Bəs siz nəyi gözləyirsiz?
***
İran işıq ölkəsidir, nur ölkəsidir.
***
İşıq – İran metafizikasının mərkəzi konseptidir.
***
Tarixən iranlını iranlı edən məhz işığa meyillilik olmuşdur.
***
İran – İşıq məkanıdır. İran – İşığın özüdür. Bu İşıq özünün radikal əksi olan Qaranlıqla ölüm-dirim döyüşü aparır. İran mədəniyyətinin bütün semantikası bu müharibənin müstəvisi üzərində qurulur.
***
Qədim İran çarlarının təcəssümündə İşıq təbiətinin konsentrasiyası maksimal dərəcədə idi. Qədim İran hakimiyyətinin mənbəyi kobud güc olmamışdır, o cümlədən hədəfi də öz eqoistik istəklərini zor gücü ilə zəiflərə, iradəsizlərə yeritmək olmamışdır. Qədim İran siyasəti apollonik vertikal boyunca yuxarıdan aşağıya doğru yönəlməklə müqəddəsliyin paylanması üzərində ərsəyə gəlmişdi. Bu paylanma çarda maksimal dərəcədə olmaqla ən axırıncı iranlıya, əkinçiyə, hətta minimal dərəcədə dilənçiyə də çatırdı. Lakin məhz sakral xvareno gücü bütün İran cəmiyyətini vahid dini strukturda birləşdirirdi ki, bunun da formal təcəssümü İran çarlığı idi.
***
Yunanlar üçün xvareno ya abstraksiya, ya da təxəyyül məhsulu idi. Lakin iranlılar üçün xvareno instansiya idi və siyasi ontologiyanın əsasında dururdu. Şəksiz şəkildə öz çarlarına biət etməklə iranlılar adi adama deyil, Axura-Mazdanın elçisinə, mələyinə tabe olurdular ki, bu da elə insanın özü özünə, öz fravartisinə, öz səma ideyasına tabe olmaq anlamına gəlirdi. Bu tabeçilik insana işıq apollonik vertikalının bütün sistemindən keçməklə təsir edirdi. Öz xoşunla etdiyin belə tabeçilik qədim yunanların bizə varvar adlandırdıqları iranlıların hakimiyyət münasibətləri barədə yeritdikləri ilə heç də üst-üstə düşmür. Axı belə tabeçilik öz çarının əmrinə müntəzir dayanan iranlılın ləyaqətini heç də alçaltmırdı, əksinə onu yüksəldirdi, sakral güc konsentrasiyasının səviyyəsini artırırdı, iranlını İşıq övladına çevirirdi. Bu isə İşığın imperiya liturgiyasını yaradaraq möhkəmləndirirdi, siyasi və dini fəaliyyəti esxatoloji şücaətin vahid inteqral stixiyasında birləşdirirdi. Nətcədə iranlı öz siyasi sisteminin məxsusiliyini müqəddəsliyin gərginliyi kimi, İşığın Qaranlığa qarşı mübarizəsi kimi qavrayırdı. Burda isə insanın mahiyyəti şəxsiliyin individual çərçivələrini aşırdı: taxt-taca ayrı-ayrı şəxslər yox, İşıq ordusu, işıqlı səma canlarından ibarət qoşunlar xidmət edirdi. Fravartini təcəssüm etdirən bəşər övladları öz rəhbərinin başçılığı altında döyüşə atılırdılar ki, bu başçılığın Yer üzündəki obrazı müqəddəs çar idi. Burda həm təfəkkür, həm də iradə söhbəti var. Lakin söhbət yunanlarda olduğu kimi individual subyektdən – adi vətəndaşdan getmir. Söhbət xüsusi İşıq adamından, İşıq döyüşçüsündən gedir ki, onun təbiəti və ontologiyası yüksək səviyyədə individualdır və Platonun qanadlı qəlb strukturunu xatırladaraq düz vertikalla üzü yuxarı doğru gedir.
***
İmperiya prinsipinin dünyanın axırı və Xilaskarın – axırıncı hökmdarın gəlişi ilə əlaqəsini biz tarixdə ilk dəfə açıq-aydın və birmənalı şəkildə ancaq İran ənənəsində, zərdüşt istorialında görürük.
***
İranlılar – öz təyinatlarına görə İmperiya xalqıdırlar. İran dininin, İran mifinin və İran istorialının mərkəzində müqəddəs İmperiya ideyası əsas ideya kimi durur. İmperiya fikri – bütün İran mədəniyyətinin və sivilizasiyasının mərkəzi fikridir və İran Loqosunun məğzidir. İranlının nəzərində İmperiya xvarenonun birbaşa ifadəsidir, elə xvareno özüdür, möhtəşəm günəş işığı qüdrətidir və eyni zamanda hər cür müqəddəsliyin diqqət mərkəzidir. Belə İmperiya əlbəttə ki öz mahiyyətinə görə müqəddəs olacaq.
***
İranlının döyüşü sülhə qarşı deyil, sülh uğrunda döyüşdür.
***
İran adi ölkə deyil, iranlılar da sadəcə xalq deyillər. Bu qədimliyin və müasirliyin böyük sivilizasiyasıdır ki, mədəniyyətlərin çoxölçülü dialoqunda nəhəng, bəzən də aparıcı rol oynayır.
***
İran sivilizasiyası dünya tarixinin məğzini təşkil edir.
***
İran Asiya ölkəsidir, onun xalqı, tarixi isə Asiya mədəniyyətinin bir hissəsidir. Bu isə o deməkdir ki, biz Avropadan, Avropanın yollarından, identikliyindən və Loqoslarının mübarizəsindən tam azad bir mahiyyətlə üz-üzəyik. İranı başa düşmək, ya da heç olmasa onun identikliyini konkret rekonstruksiya etmək üçün Avropa məkanından aralanmaq, avrosentrik baxışdan fərqli baxmaq lazımdır. İrana avrosentrik baxışın kökü ellin sivilizasiyasına gedib çıxır ki, tarixən İrana regional düşmən olmuşdur, müxtəlif etaplarda onun ideya antaqonisti kimi qalmışdır. Avropanın ellin identikliyi özünü İrana qarşı qoymaqla formalaşmışdır ki, bu da özünü yunan-fars müharibələri dövrlərində tam mənada göstərmişdir. Ona görə də İrana avropalı mövqeyindən baxış obyektiv ola bilməz.
***
İran sivilizasiyası nümunəvi hind-avropa mədəniyyətləri tipinə mənsubdur və hind-avropa cəmiyyətinin Avropa qolu ilə yanaşı sadə bir qolunu təmsil etmir, həm də bu qolu öz ilkinliyində olduğu kimi – dəyişməz saxlayır. İran sivilizasiyasının qoruyub saxladığı çoxsaylı simvolları, fiqurları, süjetləri və xüsusiyyətləri artıq digər hind-avropa xalqları itirmişlər. Ona görə də İranla toqquşma – avropalı üçün bir çox məsələdə özünün hind-avropa keçmişi ilə üz-üzə gəlməkdir, ümumi köklərlə, öz arxaikliyi ilə qarşılaşmaqdır. Müəyyən mənada öz hind-avropa təbiətini duyan avropalı üçün İranla rastlaşmaq - özü özü ilə rastlaşmaqdır. Anlaqlı avropalı üçün İranla tanış olmaq – öz kökü ilə tanış olmaqdır.
***
Hind-avropa cəmiyyətlərinin əksəriyyəti, eləcə də digər cəmiyyətlərin bir çoxu hərbi üslubda təşəkkül tapmışlar və öz tarixləri boyunca fasiləsiz müharibələr aparmışlar. Bəziləri də var ki, onlarda hərbi təbəqə - Jorj Dümezilin dediyi ikinci funksiya - digər iki təbəqədən üstün hesab edilmişlər. Lakin İranın fərqi ondadır ki, iranlıların taleyinə düşən müharibələr onlar üçün İşıq müharibələri, İşıq uğrunda müharibələr kimi anlaşılmışdır. Bu isə onları unikal edir. İşıq müharibəsi digər tip müharibələrdən fərqli olaraq qələbə uğrunda aparılmır. Belə müharibə konkret ortalıqda olan nəticələr uğrunda – torpaqlar, ərazilər, şəhərlər, strateji mövqelər, xalqları fəth etmə və dəyərlərə yiyələnmə uğrunda mübarizədə güc yarışması və ya rəqabəti deyildir. Belə müharibədə tam başqa qüdrətlər iştirak edir ki, onlar prinsipial dərəcədə fərqli simmetriya, kosmosun və dəyərlər sisteminin fərqli strukturunu qururlar. İranlılar işığı tam fərqli - özünəməxsus şəkildə başa düşürlər. İşıq iranlı üçün haqqın ali və möhtəşəm qüdrətidir, görünən və hiss olunan Xeyir qüvvədir. İranlı üçün işıq heç bir funksionallıqla qapanmayıb və istənilən dəyərdən üstündür. Əksinə hər hansı bir şey İşıq stixiyasına nə qədər çox yaxındırsa, iranlı üçün bir o qədər dəyərlidir, onun nəzərində daha çox üstünlük qazanır. Belə demək mümkünsə İran xalqı – işığa, nura sitayiş edənlərdir. Onların mədəniyyətini və identikliyini də məhz bu səciyyələndirir.
***
İranlı üçün İşıq – yaradıcı qüdrətdir. İranlı üçün işıq – ilk yerdə gəlir və şəksizdir. Müxtəlif tarixi dövrlərin iranlısı, hətta müxtəlif dinlərə sitayiş edən iranlılar daim və dəyişməz şəkildə bu formula ilə razılaşıb: İlk əvvəl İşıq olub. Bu adi bəyanat və qərar deyil, bu imandır, sadiqliyə anddır və hətta tərafət verən ayindir. İranlı üçün hər şeyi İşıq yaradıb, İşıqdan yaranıb və İşıq üçün yaranıb. Ona görə də İşıq – iranlının diqqət mərkəzindədir, onun qəlbindədir, düşüncə tərzindədir, əməllərindədir və hərəkətlərindədir.
***
İşıq müharibəsi ideyası tarixdə sırf iranlılara məxsusdur. İran Loqosunun əsas aspektlərinin icmalı ilə tanış olarkən biz buna əmin oluruq. O cümlədən görürük ki, müharibə ideyası İran mədəniyyətinin özülü ilə ayrılmaz şəkildə bağlıdır. Hətta digər coğrafiyalarda da “İşıq müharibəsi” anlayışı ilə rastlaşarkən aydınlaşdırıb görürük ki, bu məsələnin də kökü İrandan qaynaqlanır. Bu məsələdə İran mədəniyətinin təsirini ellin fəlsəfəsinin və dini baxışının bir çox istiqamətlərində (Heraklit, Pifaqor, Platon və s.), iudaizmdə, ellinizmdə (Aleksandr Makedonskinin yürüşlərindən sonra), nəhayət xristianlıqda, iudo-xristianlıqda, Aralıq dənizi regionunun saysız-hesabsız ereslərində və sinkretik sistemlərində (qnostisizm, mitraizm, manixeylik və s.), hansılarda ki İşıq oğullarının Zülmət oğulları ilə savaşı mövzusu qabardılır, o cümlədən islamda açıq-aydın görmək olur. “İşıq müharibəsi” mövzusu İrandan başqa sivilizasiyalara da siyarət eləyib. Əgər biz bura “mədəniyyətlər dairəsi” nəzəriyyəsini tətbiq etsək, onda “İşıq müharibəsi” İran mədəniyyət dairəsinin əsas xarakteristikası hesab olunmalıdır.
***
İşıq mistikası İran ənənəsində olduğu qədər başqa heç yerdə fundamental, mərkəzi və başlıca rol oynamır. İşıq teologiyanın mərkəzində duran, o cümlədən ritual praktikanın əsasını təşkil edən (hansı ki bunu kobud və qeyri-dəqiq şəkildə “oda sitayiş” adlandırırlar) metafizik prinsip kimi sırf İran ideyasıdır. İşığın ön plana çıxdığı bütün Aralıq dənizi hövzəsi mədəniyyətlərində, dinləriində, fəlsəfi və mistik təlimlərində də bu birbaşa, ya dolayısı İran kökü ilə bağlıdır, yəni İran mədəniyyət dairəsindən nəşət götürür.
***
İran ənənəsi özündə mübarizə titanomaxiyasını əks etdirir ki, burda səma tanrılarına düşmənçilik edən qütbün (devlər-titanlar qütbü) ardınca stimulverici döyüş gücü, səfərbərlik və birləşmə ruhu yaradan mətinlik və dərinlik, böyük müharibəyə hazırlıq ortalığa qoyulur. İran Loqosunun üstünlüyü Noomaxiya Loqosu olmasındadır. Burda işıqlı Loqos qara Loqosa qarşı hərbi şəkildə səfərbər olunub, kəskincəsinə ona qarşı çıxır. Belə xüsusiyyət İran sivilizasiyası sərhədlərindən kənar dini və mədəni formalara da siyarət eləyib, qonşu mədəniyyət dairələrində, xüsusən Avropada, Aralıq dənizi sivilizasiyasında da təzahür edir. Qnostisizmdə İran təsiri demurqun arxontları (devlər-titanlar) ilə qnostiklərin özləri arasında düşmənçilikdə, mitraizmdə isə ekvipolent döyüşkən apollonizmdə (baxmayaraq ki məzdəkilik dininin radikal formaları ilə müqayisədə yumşaq şəkildədir) özünü göstərir.
***
İran dininin mənası – Xeyir və Şəri tanımaqdır.
***
İran dini – Şərə qarşıdır. İran dini bütünlüklə Şərin tanıdılması, fərqləndirilməsi, kənarlaşdırılması, qarşısına sədd çəkilməsi prosesidir. İran dinində Şər aydın şəkildə identifikasiya edilir, izolyasiyaya salınır və ona İşıq qüvvələri tərəfindən hücum olunur. Empirik cəhətdən bu fenomenl dünya özündə iki hissəni – İşıq və Qaranlıq tərəflərini birləşdirir. Onları bir-birindən ayırmaq – İran dininin məqsədi və vəzifəsi budur. Persiya Loqosunun mənası, zərfüşt məzdəki Dasieninin əsası da budur. İranlı – o adamdır ki, İşıq və Qaranlıq arasındakı sərhədləri ayırd edərək, Xeyir və Şəri tanıyaraq yaşayır. İran mədəniyyətinin dərin identikliyi də bununla bağlıdır.
***
İranı sevməmək mümkün deyil.
***
İranlılar – İşıqdırlar.
***
Şiəçi İran – İşıq dövlətidir.
***
İranlı olmaq – dünyanın işıqlı və zülmət, xeyir və şər, həqiqət və yalan, təmiz və murdar, halal və haram polyar ontoloji qruplardan ibarət iki hissəli məzmununu ayırd etmək, tanımaq, dəyərləndirmək və yaymaqdır. Ona görə də İran identikliyi sərt şəkildə qumezişn epoxasından vizarişn epoxasına doğru gedir – qarışmağa qarşı yönəlir və ayırmağın tərəfini tutur. Məhz bu gedişat İran istorialının fundamental strukturunu müəyyənləşdirir. İran cəmiyyətinin tarixi məişəti, İran dini, İran İmperiyası, İran mədəniyyəti, İran fəlsəfəsi ciddi şəkildə bu 3 istiqamətə yönəlmiş akkordlara malikdir: 1) Yaradan (Xeyir); 2) Qarışdıran (Şər); 3) Ayıran (Xeyirin bərpa edilməsi). Birinci və üçüncü akkordlar İran identikliyinin mahiyyətini, onun alfa və omeqasını təşkil edir. Eyni zamanda iranlılar məzdəki antropologiyasına müvafiq olaraq İşığın Qaranlığa qarşı müharibəsində sadəcə kənar alətlər deyillər, İşıq oğullarıdır, müəyyən mənada elə İşığın özüdürlər.
***
Təqdirəlayiqdir ki, biz həm etnik, həm də sülalə baxımından imamların soyunda İran izi görürük. İmam Əlinin kiçik oğlu olan üçüncü imam Hüseyn ibn Əli əl-Qüreyşinin (626-680) həyat yoldaşlarından biri İran şahının qızı Şəhrbanu idi. Şəhrbanu həm də imam Hüseynin yeganə salamat çıxmış övladı olan dördüncü imam Əli ibn Hüseyn əl-Qüreyşinin (658-712) anasıdır. Bu minvalla ortodoksal şiəlikdə əsas hesab olunan, Hüseynin varisləri xətti ilə gələn şiə soyu öz mənbəyində İran kökünə, özü də çar, şah qanına malikdir. Odur ki şiəlik və İran ideyası ərəb fəthlərinin ilkin etaplarından praktiki olaraq yaxınlaşmağa başladı və Yezidin Əməvi xilafətinə qarşı müxalifətdə birləşdi.
***
Xilafətdə gedən “vətəndaş müharibəsində” ərəb liniyasını hakimiyyətdəki Əməvilər təmsil edirdi. Onların düşmənçilik etdiyi İmam Əlinin yanında isə intuitiv olaraq ərəb dini-ideoloji diktaturasını dəyişmək istəyənlər yer almışdı. Beləliklə, Əməvi xilafəti ümumilikdə ilkin təmiz ərəb identikliyinin ərəbizm adlandıra biləcəyimiz (ellinizm və iranizm analogiyalarına uyğun olaraq) platformaya keçid meydanı oldu. İlk başlanğıcdan imam Əlinin ətrafında dərin düşüncə mənəviyyatı ilə fərqlənən tərəfdarlar qrupu formalaşmağa başladı ki, onlarda günəşli apollonik-dionistik paradiqmanın xarakterik cizgilərini asanca sezmək mümkündür. Məhz həmin mənəviyyat İslamın interpretasiya strukturunu və bununla ayrılmaz şəkildə bağlı olan ərəb filoloji və linqvistik mirasını müəyyənləşdirir.
***
Sührəvərdinin yaratdığı İşrak mistik-ruhani məktəbi onun ölümündən sonra İranın əsas intellektual cərəyanlarından biri oldu. Bu məktəb sufiliyə, şiəliyə, ismaililiyə, germetizmə, fəlsəfə və mistikanın bütün digər formalarına dərin təsir göstərdi. Məhz İşrak fəlsəfəsində müsəlman İranının identikliyi tam özünəməxsus mədəniyyət kimi açıq-aydın formalaşdı ki, bunun da kulminasiyası sonradan Səfəvi dövləti oldu. Səfəvi dövləti Persiya İmperiyasının müstəqilliyini, özünəməxsusluğunu dirçəltdi, üzərində qurulduğu İran Loqosunu ucaltdı. Sührəvərdi fəlsəfəsinə tam mənada İran identikliyinin islam dövründəki ali təcəssümü kimi baxmaq olar; bu qütbə Sührəvərdidən əvvəlki ruhani tendensiyalar da can atmışlar, sonrakı mədəni və fəlsəfi formalar da bu qütbün ətrafında qurulmuşdur.
***
İrfan və İşrak istiqamətlərinin ruhanı və filosofları arasında aşağıdakıları xüsusi qeyd etmək lazımdır:
✳Böyük ayətullah Seyid Hüseyn Bürucirdi (1875-1961);
✳Onun davamçısı və dostu, böyük dini və siyasi xadım ayətullah Seyid Ruhullah Musəvi Xomeyni (1902-1989) ki, taleyinə 1979-cu il İslam İnqilabının rəhbəri olmaq düşdü;
✳İranın mənəvi lideri (Rəhbər) qismində onun varisi Seyid Əli Xamenei;
✳20-ci əsrin nəhəng İran mütəfəkkiri Məhəmmədhüseyn Təbatəbai (1892-1981) ki, klassik islam mənbələrinin, eləcə də Molla Sədranın mətnlərinin şərhçisidir, marksist və liberalist ideologiyalara qarşı yönəlmiş tənqidi əsərlərin müəllifidir;
✳Onun şagirdi, eyni zamanda Xomeyninin davamçısı olan Mürtəza Mütəhhəri (1919-1979);
✳Müasir dövrün şiə teologiyası və teosofiyası üzrə ən böyük mütəxəssisi ayətullah Abdullah Cavadi Amuli;
✳Ayətullah Hüseyn Nuri Həmədani və s.
İşıq İmperiyası, Platonopolis və Absolyut İnsan ideyalarının bu cür 20-cı və 21-ci əsr insanları tərəfindən səsləndirilməsi özü ağlasızmazdır. Halbuki bu adamlar hətta həmin ideyalar əsasında dövlət də qurmağı bacardılar. Hər halda bu faktdır, sivilizasiya identikliyinin təbiətinin itirilməməsindən xəbər verir, qorunub saxlanmasına dəlalət edir.
***
İran İslam İnqilabından sonra yaranmış yeni dövlət dünya tarixində unikal siyasi-sosial və sivilizasion bir fenomen idi. Bu dövlət müəddəs ənənəçiliyə söykənən prinsipləri bərqərar edən Mühafizəkar İnqilab nəticəsində ərsəyə gəldi. Bu inqilab son əsrlərdə, xüsusən də Pəhləvi sülaləsi dövründə modernizasiyanın hərtərəfli və dərin oturduğu bir cəmiyyətdə qələbə çaldı. İslam İnqilabının gedişatında İran cəmiyyətində qeybə çəkilmiş İmam, Zühur, Mehdi intizarı və son döyüş haqqında mövzular yenidən vüsət aldı. İşıq müharibəsinin dərki yenidən kəskinləşdi. İndi hər bir iranlının əsas vəzifəsi o sayılırdı ki, Dəccalın hakimlik etdiyi modern və postmodern Qərbin qarşısında şiəliyin siyasi, dini və metafizik ideallarına və prinsiplərinə sonadək sadiq qalsın. Bu esxatoloji məğz faktiki olaraq İran Konstitusiyasının əsasına qoyuldu və Vilayəti-fəqih təliminə rəsmi hüquqi status qazandırdı. İranlılar dünyada və islam regionunda gedən dini, siyasi, iqtisadi və geopolitik prosesləri bu məhz məğzdən traktovka edirlər, sakral coğrafiya və istorial prinsiplərini mistik şiəlik ruhunda dirçəldirlər. Vilayəti-fəqihin germenevtik ənənələri ilə müşayiət olunan Quran аyәlәrinin tәvili metodikası yeni aktuallıq qazandı, qüdrətli, suveren İran dövləti masştabında siyasi mədəniyyətin bir hissəsinə çevrildi, o cümlədən İran İnqilabı təcrübəsinin mənəvi-siyasi oriyentirə çevrildiyi şiə dünyasında da (İraq, Yəmən, Livan, Suriya, Bəhreyn və s.) əsas götürüldü.
***
İranın ruhani xadimləri, o cümlədən sadə iranlılar inanırlar ki, müasir şiə İranının dini dirçəlişi və 1979-cü il İslam İnqilabı Mehdinin gəlişi və dünya tarixinin final etapı ilə bağlıdır. Və Vilayəti-fəqih məktəbi mütləq fəqihin qeyb olmuş İmamla teoloji əlaqəsini əsaslandırır. Müəyyən mənada İran İslam İnqilabı möcüzəsi və Xomeyni fenomeni aktiv təxəyyülü eyni zamanda həm örtən, həm də açan pərdə kimi İşıq dövlətinin ontologiyası, İran və şiə tarixinin birbaşa esxatoloji açılışa – zühura keçiddən xəbər verən yüksək nöqtəsində kulminasiyası sübutu (höccət) idi.
***
İslam İnqilabında aktiv iştirak Xomeyninin özü üçün daxilən mükəməlləşmə yolunda qnoseoloji kvadratda qapanma oldu. Bu yol dördüncü səyahətin son üfüqi kimi Molla Sədranın dediyi həmin esxatoloji ana çatdı. Platonun filosofu təmiz fəlsəfi həqiqəti anladıqdan sonra insanların yanına mağaraya qayıdır ki, onların baxışlarını İşığın mənbəsinə doğru yönəltsin. Xomeyni də beləcə siyasətə ona görə baş vurmadı ki, yüksəkdən aşağıya keçid etsin, siyasətə ona görə qatıldı ki, aşağını yüksəyə qaldırsın, müasir yer İranının nəzərini onun səma paradiqmasına yönəltsin, intensiv şəkildə mövcud olan Vətənə diqqət yaratsın. İran İslam İnqilabının məhvəri də bu oldu ki, həmin məhvərdə Mehdi ilə bağlı esxatoloji anlar mühüm rol oynadı. Belə Mühafizəkar İnqilabın uğurlu olması faktının özü göstərdi ki, İran mistikasının vacib diqqət yetirdiyi xəyali görünən imajinal heç də belə şeyləri gülüş hədəfinə çevirən materialistik cəmiyyətlərin və mədəniyyətlərin təsəvvür etdikləri kimi deyil. İslam İnqilabının baş tutması göstərdi ki, həmin imajinal boş individual fantaziya deyil, Tanrı buyruğunun həqiqilik və qüdrət zonasıdır, yüksək intensivlik yaşamıdır ki, korrekt şəkildə başa düşülməli və qədul olunmalıdır. İslam İnqilabı göstərdi ki, həmin imajinal dönməz və qarşısıalınmaz ekzistensial hərəkatda, yaşam aktında təzahür edir və siyasi sferaya da tətbiq oluna bilər. Bu fakta elə höccət – sübutlardan biri kimi də baxmaq olar.
***
İran öz ilkinliyində qalmış, orijinal təşkilatlanmış Loqosa malik yetkin, mükəmməl, unikal bir sivilizasiyanı təmsil edir ki, fundamental cizgilərini biz Midiya və Əhəməni İranının ilkin dövrlərindən başlayaraq müasir İran İslam Respublikasına kimi bütün tarixi boyunca görürük. Məntiqli olaraq bu canlı, qaynar və yüksək dəyərlərə malik sivilizasiya öz identikliyinin müəyyən parametrlərini tarixin bütün etaplarında saxlayır, baxmayaraq ki hər dəfə öz forma və təzahürlərini dəyişir. Hal-hazırda özünürefleksiya bu faktı belə müəyyənləşdirir: İran özünün ali ifadəsində İşıq oğullarının məskunlaşdığı ölkədir. İranın üstünlüyü də bundadır: İran xüsusi solyar cəmiyyətə, mənəvi missiyanı öz üzərinə götürmüş cəmiyyətə, qarşısına messian hədəf qoymuş cəmiyyətə malik ölkədir.
***
Messianlıq və esxatoliji yönüm – İran mədəniyyətinin həm islam, həm də islama qədərki variantında fundamental xüsusiyyətlərdir. İran – Qiyamət günü problematikasına dini, mənəvi, mədəni, fəlsəfi və siyasi sferalardan hərtərəfli və dərin qatılmış esxatoloji bir sivilizasiyadır.
***
İran Loqosu sırf günəşli apollonik xarakter daşıyır. Bu Loqos Titanomaxiyanın və Noomaxiyanın döyüş dualizmi ətrafında strukturlaşmışdır. Bu Loqos ilk növbədə alidir, təmizdir, təfəkkürlüdür, amma eyni zamanda konkret müharibə Loqosudur – İşıq Loqosu kimi Qara Loqosun düşərgəsinə, onun sivilizasiya nəzarəti altında olan bütün zonalara qarşı vuruşmağa yönəlmişdir. Bəzən bu müharibə bütün mənalarda uğurlu (həm daxildə, həm də xaricdə), bəzən də uğursuz olur. Lakin iranlının yaşamının mənası həm qələbələr epoxasında, həm məğlubiyyətlər periodunda xarici işğalçılara çöküb tabe olarkən onda olur ki, gücün, zorun tərəfini tutmasın, Haqqın təfəfini tutsun, xvarenonu dəstəkləsin, fravartinin işıqlı devlərinin səma ordusu cərgələrində olsun.
***
İranın təbii özünəməxsusluğu, İran Loqosunun fundamental sərbəstliyi, təəccüblü davamlılığı və dəyanəti adamı riqqətə gətirir. Lakin əgər biz İran Loqosunun çoxşaxəli strukturlarını araşdırsaq, onun digər mədəniyyətlərə və dinlərə təsirinin masştabına nəzər yetirsək, gəldiyimiz nəticələr daha heyranedici olar və bizi mat qoyar. Həm də məsələyə bir az İran tərəfdən baxmaq lazımdır. İranın özünəməxsusluğa, sərbəstliyə olan hüququnu nəzərə almaq, tarixə və ətraf dünyaya İran baxışını təsdiqləmək gərəkdir. Onda biz özünəməxsusluqdan ötərək hətta İranın Aralıq dənizi sivilizasiyasına, demək elə Avropaya, semit dünyasına, Şimali Afrikaya, Turan cəmiyyətinə, o cümlədən Şimali Hindistana, hətta Tibetə (elə Şenrab Mivo tərəfindən ərsəyə gəlmiş bon dini də İran dini modelinin davamı idi) fundamental və həlledici təsirini üzə çıxararıq. Onda biz İranın özünəməxsusluğundan və sərbəstliyindən dolayı onun bəşəri missiyasından da danışa bilərik.
***
İran həm ekslüziv, həm də inklüziv olaraq özünü dünya fenomeni kimi, İran planeti kimi, bəşəriyyətin mərkəzi kimi, Ümumdünya çarlığı kimi görür. Bu yanaşmaya varmaqla biz İrana sırf öz baxışımızı mənimsəyə bilərik. İrana avrosentrik baxışdan qurtularaq ona ölçülü-biçili və dostcasına baxış qazanarıq. İrana avroplalıların deyil, öz rakursumuzdan baxmağa başlayarıq. İrana ikrahla baxmağı və aşağılamağı tərgitmək vacibdir - elə təkcə bu özü bizim ona münasibətimizi keyfiyyətcə dəyişəcək. Növbəti addım – onu sevmək olacaq. Obyektiv yanaşmada İranı sevməmək mümkün deyil. Məhz avrosentrik baxışdan azad olduqda bizə İranın daxili ölçüsü, daxili aləmi, ondakı məna və transsendent İşıq açılacaq.
***
Dionis temasının yunanların təsiri ilə əvvəlcə iranizm mədəniyyətində, sonra isə Abbasilər xilafəti periodunda tam oturuşaraq İran Loqosu strukturuna girməsinə baxmayaraq, İran Loqosunun fərqləndirici və parlaq xarakterik cəhəti barışmaz radikal apollonizm, böyük səma İşığı kultu olmuşdur və olaraq qalır ki, iranlılar İşıq oğulları kimi bunun uğrunda Qaranlıq oğulları ilə sonsuz müharibələr aparırlar. Dünyanın başqa heç bir ənənəsində iranlılarda olduğu qədər İşığa üstünlük verilmir. İranlıların dinində olduğu qədər başqa heç bir dində İşıq bu dərəcədə mütləq rol oynamır. O cümlədən İşığın qeybə çəkilməsi və onun zühurunun gözlənilməsi İran ruhani mədəniyyətində olduğu kimi başqa heç bir mədəniyyətdə dramatilk hal almır, bu dərəcədə həyəcanla müşayiət olunmur.
***
İranlı üçün zaman – intizar zamanıdır. İran zamanı – gözləmə zamanıdır. Və əgər gözləmə varsa, demək Gözlənilən də var. Zamanın qütbü. Zərdüştilərdə bu – Saoşyant, yaxud üçüncü Zərdüştdür. Şiələrdə – İmam zamandır, Mehdidir. Lakin burda konkret forma əsas deyil, strukturun özü əsasdır. Zaman tam bütövlükdə məna qazanır: intizar – gözləyənlərdir, gözlədikləridir. Bunlar ayrı-ayrı şeylər deyil, eyni mənanın aspektləri, hissələridir. İntizar – ilkin gələndir; gözləyənləri və gözləniləni o ortaya çıxarır. Məhz İran identiklik strukturunda bu hal başqa yerlərdə olmadığı qədər tam, dərin və mükəmməl tədqim olunmuşdur. Həm də İranda zaman ideyası başqa sivilizasiyalardan, dinlərdən və ənənələrdən daha tez ortalığa çıxmışdır – burda zühur intizarına digərlərindən daha tez rast gəlinir.
***
Tarıx – İran ruhunun yaradıcılığıdır. Bu ruh Əhəmənilərin dövründə İrandan Aralıq dənizi mədəniyyətinə keçmişdir, Selevkilərin və Parfiya arşakilərinin dövründə iranizmdən yayılmışdır, çoxlu sayda esxatoloji və soterioloji kult və təlimlərə, o cümlədən germetizmə və qnostisizmə təsir etmişdir. Eramızdan əvvə 6-cı əsrdən başlayaraq bu ruh bütün Aralıq dənizi sivilizasiyasının məzmununa oturuşmuşdur. Ona görə də Aralıq dənizi sivilizasiyası Avropanın matrisası kimi əslində iki qütbə borcludur: aydın görünən, hamının qəbul etdiyi ellinizmə və ilk baxışda görünməyən, kölgədə qalan iranizmə. Araşdırmalar bizi belə nəticəyə gətirir: Avropa Loqosunun strukturunun ikinci yarısını ellinizmdən başqa iranizm təşkil edir. Ona görə də Avropa sivilizasiyası tək ellin deyil, əslində ellin-İran məhsuludur.
***
Avropanın təfəkkür tarixi bütünlüklə İranla əlaqədardır. Avropanın qədim dövrlərdən tutmuş orta əsrlərə kimi istorial strukturu İran kökündən gəlir. O cümlədən xristian tarixinin İoaxim de Floredən tutmuş Şellinqə, Hegelə, Nitsşeyə, Xaydeggerə kimi müxtəlif versiyaları da struktur cəhətdən İranla bağlıdır. Odur ki qırmızı şiəlik tərəfdarı olan iranlı Əli Şəritətinin marksizmlə təması, dərin İran təfəkkürünün Marksda Hegel fəlsəfəsi tarixinin sol versiyası ilə səsləşməsi heç də təsadüfi deyil. Belə ümumi paradiqmatikanın üzə çıxması hər ikisinin ümumi İran kökünə, İran mənbəsinə malik olması nəticəsindədir. Eynən sağçı şiə Əhməd Fərdidin Xaydeggerin fundamental ontologiyası ilə səsləşməsi kimi.
***
Əl-fələsifə – hərdən ərəb fəlsəfəsi adlandırılan islam fəlsəfəsinə aid bizə gəlib çıxmış mətnlərin çoxu bildiyimiz kimi ərəb dilində yazılıb. Bu fəlsəfə özündə ellin Loqosu ilə İran Loqosunu görüşdürən unikal bir fenomendir ki, onlar arasında dərin paradiqmal uyğunluqları və eyni zamanda boşluqları əks etdirir. İran istorialı kontekstində əl-fələsifə əhəmiyyətli amildir, belə ki onda İran identikliyi daha bir kültür forması alır. Açıq iranizmin ümümiləşdirilmiş versiyasında İran Loqosu ellin neoplatonizminə söykənərək tam səslə özünü ərəb dilində bəyan edir. Yəni, burda İran fəlsəfəsi sadəcə ərəb dilində səsləndirilir.
***
Osmanlı İmperiyasının əsas, ən geniş yayılmış sufi təriqəti Mövləvi təriqəti idi. Bu təriqət Mövlanə Cəlaləddin Rumi tərəfindən, onun ideyaları əsasında yaradılmışdı ki, Bəlxdə anadan olmuşdur, atası və ilk müəllimi Bəhaəddin Vələd ilə birlikdə Hicaza köçmüşdür, daha sonra Konyaya gəlmişdir. Bu onu göstərir ki, sünni türk imperiyasında batiniyyənin magistral qütbü İran kökünə gedib çıxır, açıq-aydın İran mənbəsinə malikdir. Cəlaləddin Ruminin yaşadığı Konya indi də türk sufilərinin ziyarət yeridir. Beləliklə türk spesifik ruhani islamının identikliyi də İran ruhaniliyinin kökündən qaynaqlanır. O cümlədən Osmanlı imperiyasının taleyində fundamental rol oynamış digər sufi ordeni – Bektaşilərlə də bağlı eyni mənzərəni görürük. Bektaşilər ordeni 13-cü əsrin ikinci yarısında Hacı Bektaşi tərəfindən yaradılmışdı ki, bu adam iranlı idi və Xorasanda (Nişapur) doğulmuşdu. Bektaşi təriqətinin davamçısı, Ruminin müəllimi və yaxın dostu Şəmsi Təbrizi (1185-1248) də iranlı idi. Sufiliyin mahiyyətini kristal formada izhar etmiş, ona aydın intellektual-poetik, plastik məzmun vermiş böyük sufilərin də çoxu iranlı olmuşlar. Məsələn, Kadiriyyə təriqətinin banisi Muhyəddin Əbdülkadir Gilani (1077-1166), Nişapurdan olan şair Attar (1120-1230), Şeyxlər Şeyxi Ömər Sührəvərdi (1145-1234), Şeyx Nəcməddin Kübra (1145-1221), Şeyx Əlaüddövlə Simnani (1261-1336), Mir Seyid Əli Həmədani (1314-1384), Mahmud Şəbüstəri (1287-1320), Nəqşibəndiyyə təriqətinin yaradıcısı Xacə Bəhaəddin Buxari (1327-1390), Şah Nemətulla Vəli (1330-1429) və bir çox başqaları iranlı olmuşlar.
***
Şiəliyin ilkin ocağı keçmiş Sasani İranı ərazisidir ki, bu məkan sırf İran mədəniyyətinin yayıldığı, İran Loqosunun oturduğu yerdir. Belə məkanda qərarlaşması şiəliyi İran ruhani ənənəsi elementləri ilə zənginləşdirdi, islam ilə iranizm arasında özünəməxsus sintez yaratdı. Nəzəri cəhətdən bəlkə də hər şey başqa cür ola bilərdi, lakin islam dünyasının teosofiyası bizə aydın nəticəli formalar verir ki, bu nəticələr sivilizasion proseslərə hipotetik deyil, birmənalı və şəksiz baxmağa imkan yaradır. Biz hətta bu proseslərin səbəb-nəticə zəncirini tam sonadək aydın görməsək də, onlar arasında aydın tarixi-semantik bağlılıq qura bilirik, çünki kökləri və nəticələri bizə bəllidir. İstənilən halda şiəliyin tarixi yoluna nəzər yetirərkən bu prinsipial fakta əmin ola bilirik: ərəblərin böyük əksəriyyəti şiəliyə qarşı olmuşlar, imamların ənənəsini qəbul etməmişlər, Əlini rədd etmişlər, iranlıların böyük əksəriyyəti isə əksinə, məhz şiəlik xəttini dəstəkləmişlər və sadiqliklərini sonadək saxlamışlar.
***
Xristianlıq – iranizmdən törəmişdir.
***
Xristianlıq qədim İranla bağlıdır. Xristianlıq heç də ilk baxışda göründüyü kimi iudaizmdən deyil, iranizmdən yaranmışdır. Xristianlıqdakı esxatologiya və soteriologiya, xilaskarın gəlişini gözləmə, sonda ümumdünya çarlığının yaranacağı və ölülərin diriləcəyi ətrafındakı mövzular iranizmdən qaynaqlanır. Zərdüşt ənənəsi müstəvisində bu ideyalar daha dərin İran köklərinə malikdirlər. Müəyyən tendensiyalar, doktrinalar və prinsiplər iudaizm tərəfindən iranizmdən əxz olunmuş, daha sonra isə iudaizmdən xristianlığa keçmişdir. Araşdırmalar göstərir ki, xristianlıq iudaizmdən məhz öz təbiətinə görə iranizmə aid olanları götürmüşdür. Xristianlıq tipoloji olaraq iudaizmdən yox, iranizmdən formalaşmışdır. Xristianlıqdakı Xrist fiquru da məzdəki köklərinə malikdir.
***
İlk “İncil” bizə yunan dilində çatmışdır. Xristian dini təliminin əsas mənbələri yunan dilində yazılmışdır. İlk xristianlar yunan dilində danışmışlar və düşünmüşlər. Bu isə o deməkdir ki, xristianlıq yunan fəlsəfi ideyalarının – ilk növbədə Platon və Aristotel təliminin üstünlük təşkil etdiyi mühitdə yaranmışdır; xristian teologiyasının yaranmasında əsas alət bu fəlsəfi aparat olmuşdur. Araşdırmalarımızda biz göstərmişik ki, ellinizm özündə iranizmi ehtiva edirdi, İran təsiri ellin mədəniyyətində geniş yayılmışdı. İlkin xristianlıqdakı yunan faktoru da sırf yunanların özləri ilə bağlı deyildi, əslində iranizmlə bağlı idi. Platonizm özü qədim İran dini təliminin təcəssümüdür. Xristianlıqdakı ruhun ölməzliyi, mələklər, İşıq oğullarının Zülmət oğullarına qarşı döyüşü (İşıq oğulları ifadəsini apostol Pavel özü işlədirdi), ölülərin dirilməsi, məhşər günü süjetləri öz strukturuna görə iranizmin məhsuludur.
***
Xristian təlimində İran haqda təkcə bir yerdə danışılır. Lakin bu yer fundamental əhəmiyyət daşıyır. Matfeyin “İncil”ində göstərilir ki, İsus Xristos doğulanda ona xeyir-dua verməyə şərqdən – İrandan zərdüşt maqları gəlmişdilər. Xristianlardakı İsus Xristos iranlılardakı İmam Mehdinin analoqudur. Şərqdən olan maqların xatırlanması Zühur intizarının qurulduğu ənənə istiqamətindən Xilaskarın dərin legitimasiyasını vurğulayır. Bu hadisədə xristianlıq İran öncəgörənliyinin həyata keçdiyi ənənə kimi qarşımızda canlanır. Bu hadisə İran ənənəsinin mahiyyətini təşkil edən esxatoloji intizarın möhürüdür. Vavilon əsirliyindən sonra iudeylərdə yaranmış Xilaskar gözləntisi, ellinizmə İran təsiri, İran ideyalarının ellin mədəniyyətinə birbaşa oturuşması – bu liniyaları araşdırarkən xristianlığın İran oxunuşunu üzə çıxarırıq. Yəhudilərin Vavilon əsirliyindən qayıtmasından sonra ortalığa çıxmış iudaizmə Xilaskar gözləntisi ilə bağlı İran təsiri, sonra bu təsirin xristianlığa keçməsi yolu xristianlığın bütün messian və esxatoloji tematikasını müəyyənləşdirir. Xristianlığın yarandığı ilk əsrlərdən İran dini mədəniyyəti iudaizmə təsirini davam etdirməkdəydi ki, bu özünü xristianlığın Şərq Kilsəsində, Antiox məktəbi teologiyasında, çoxlu sayda qnostik və iudo-xristian ereslərində göstərməkdəydi. Xristianlıqda semit təsiri adı altında təqdim olunanlar əslində iranizm təsirinin nəticələridir. Beləcə üzə çıxır ki, Avropa Loqosu öz kökündə İran fundamentinə bağlıdır. Ellinizm ilə iranizm arasında dialoq Avropanın semantikasını müəyyənləşdirir. Tarix, İşıq, müqəddəs müharibə, esxatologiya, xilas, maddiyyatdan imtina, dualizm – İran Loqosunun şüalarıdır. Əbədilik, formalar, personalizm, estetika, emanasiya, non-dualizm isə – ellin Loqosunun şüalarıdır. Avropanın bütün mahiyyəti, Avropanın mənası da bunlardır. Müqəddəs Avqustinin, Hegelin, Nitsşenin İrana (İran tarixi konseptinə) müraciətləri də bununla bağlıdır.
***
Ellinizm dövründə, hətta ondan əvvəl Əhəmənilər İmperiyası dövründən başlayaraq Aralıq dənizi mədəniyyətinə İranın təsiri o qədər güclü və semantik cəhətdən kontrastlı çıxdı ki, biz İranda Aralıq dənizi istorialının öz əhəmiyyətinə görə ikinci (bəlkə də birinci!) mənbəsini görməyə məcburuq. Bununla yanaşı əsas məsələni də nəzərə almaq lazımdır: Vavilon əsirliyindən sonra iudaizmə İran ənənəsi təsirinin nəhəngliyi iudey ənənəsinin əslində semitlərin öz məhsulu olmadığını, yəhudilərin iranlılaşmasının məhsulu olduğunu deməyə əsas verir. İranlılaşma Əhəmənilər dövründə başlamış, xristianlığa və Suriyanın iudo-xristian icmalarına kimi davam etmişdir. İran Loqosuna və onun strukturuna nəzər yetirsək görərik ki, tarixi iudaizm iranizmin versiyalarından biri kimi ortalığa çıxmışdır. Eramızdan 4 əsr əvvəldən başlayaraq iranizmdən nəşət götürmüş iudaizm öz yolunu qeterodoksal, özünəməxsus və lokal şəkildə davam etdirmişdir. Xristianlığın və iudaizmin ellinizmlə səsləşməsində də təəccüblü heç nə yoxdur, çünki ellinizim özü də iranizmlə sıx əlaqəlidir. Beləliklə Avropa istorialı İranla sıx bağlıdır. İran Loqosu Avropaya digər sivilizasiyalardan daha çox təsir göstərmişdir.
***
Xristianlığın Antiox məktəbində ərsəyə gəlmiş, iudo-xristianlığın ilkin tendensiyalarına yaxın olan nestorianlıq versiyası özündə semit ruhundan da çox İran ruhunu izhar edirdi. Nestorianlığı iranizmin iudeyləşmiş və xristianlaşmış versiyası da saymaq olar. Nestorianlıq unikal zərdüşt kontekstində - messianlıq, soteriologiya və Zühur intizarı ruhunda ərsəyə gəlmişdi.
***
İşıqlı insanların peyğəmbər nəsli özündə haqq-ədalət və xilas daşıyır. Onlar bəşəriyyətdə az-çox qalmış İşığı öz mənbəsinə doğru yüksəldirlər. Odur ki bütün tarix – peyğəmbər varisliyinin cavabıdır, məzmunudur. Bütün tarixi yol peyğəmbərin üzərinə və onun sadiq davamçılarının camiəsinə gedib çıxır. Davamçılar özlərində İşıq ordusunun axırıncı dəstəsini ehtiva edirlər ki, bu ordu vaxtilə Qaranlıq ordusu ilə döyüşə girmişdir, məğlub olmuşdur, dağıdılmışdır və final restavrasiyasını həyata keçirmək üçün materiyanın bətnindən yenidən zühur edir. Üçüncü yaradılış – insanların tarix yaratmasıdır ki, dünya dramının sonuncu aktı olacaq. Tarix son həddə ümumbəşər Zühuru anında çatacaq ki, elə bu da sırf İran (məzdəki) ideyasıdır. İşıq oğulları esxatoloji mübarizədə Qaranlıq oğulları ilə son döyüşə girəcəklər.
***
Biz anti-məsihi mədəniyyətlərə qarşı gedirik. Müasir Qərb mədəniyyəti utanc gətirir, xəcalətdir. Biz Qərb mədəniyyətini anti-məsihi mədəniyyət kimi dəyərləndiririk. Siz İslamda Dəccalı necə görürsünüzsə, biz Qərb mədəniyyətini həmin şəkildə görürük.
***
Amerika və Qərbi Avropanın hegemonluğu insanlığın ölüm nümunəsidir. Rusiya müqəddəslik və ənələrin qorunması yolunu tutub. Biz haqpərəst, ədalətli və çoxqütblü dünya arzusundayıq.
***
Axirüzzamanda eyni düşərgədəyik. Katolik, protestant Qərblə aramızda heç bir müştərəkliyimiz yoxdur. Çünki biz müqəddəslik, onlar modernizm ardıncayıq. Biz irfançı məsihiyik. İranda şiəlikdə də təfəkkür, irfan və axirüzzaman görürəm.
***
Sələfilik ənənəvi İslam deyil. Maraqlı nöqtə budur ki, müqəddəslik ardınca olan ortodoks məsihilik və şiəliyə qarşı cəbhədə həmin Qərb məsihiliyi ilə sələfilik birləşib. Radikal İslam həm Rusiyaya, həm də İrana qarşıdır. Qərb mədəniyyəti də eyni mövqedən çıxış edir.
***
Belə bir nöqtəyə diqqətli olmalıyıq ki, bizə - ortodoks məsihi Rusiyaya şiə İran modern Qərbdən yaxındır. İrana da ortodoks məsihi Rusiya sələfi cərəyanından yaxındır.
***
Mənəviyyatın ön plana keçdiyi dövrdəyik. İrana da, bizə də düşmən olan Qərb, liberalizm yönlü insanlardır.
***
İranın dünyada maddi mənafeləri ilə yanaşı öz vəziyyətini mənəvi dərki də var. Bu, Vilayəti-Fəqih adlanan İran cəmiyyətinin səciyyəvi xüsusiyyətidir. Bu vilayətin mərkəzində insan yox, Allahın iradəsi dayanır. Ruhani və mənəvi varlığın təzminatçısı Rəhbərdir.
ALEKSANDR DUQİN HAQQINDA
Aleksandr Duqin – Beynəlxalq Avrasiya Hərəkatının rəhbəridir.
Rusiyalı filosof, geopolitik, professor, sosioloq, publisistdir.
7 yanvar 1962-ci ildə Rusiyanın Moskva şəhərində anadan olub.
Atası QRU generalı, anası isə tibb elmləri namizədidir.
Moskva Aviasiya İnstitutunu, Novoçerkassk Dövlət Meliorativ Akademiyasını bitirib.
Elmi dərəcələri: sosiologiya elmləri doktoru, siyasi elmlər doktoru, fəlsəfə elmlər namizədi.
Aleksandr Duqini Kremlin beyni, onun avrasiyaçılıq ideologiyasını isə Rusiya hökumətinin doktrinası hesab edirlər. Mətbuat onu Rusiyanın hakim “Vahid Rusiya” Partiyasının qeyri-formal məsləhətçisi və ideoloqu kimi səciyyələndirir. Qərb mətbuatı onu putinizmin boz kardinalı, onun geopolitika haqqında kitabını isə Putinin xarici siyasət planı adlandırır. Fransanın “Aktüel” jurnalı Duqini postkommunist epoxasının ən nüfuzlu mütəfəkkiri adlandırır.
2009-2014-cü illərdə Moskva Dövlət Universitetinin sosiologiya fakultəsində kafedra müdiri işləmişdir. Bu universitetdə struktur sosiologiyasından, etnososiologiyadan, geopolitika sosiologiyasından, beynəlxalq münasibətlərin sosiologiyasından mühazirələr oxumuşdur.
1997-ci ildə qələmə aldığı “Geopolitikanın əsasları” kitabı Rusiya Genştabı Hərbi Akademiyasının dərsliyinə çevrilmişdir. Duqin özü də bu akademiyada dərs vermişdir.
1998-ci ildən Rusiya Dövlət Dumasının sədri Genadi Seleznyovun, 2012-ci ildən isə Dövlət Dumasının sədri Serqey Narışkinin müşaviri işləmişdir.
2016-2017-ci illərdə “Çarqrad” telekanalının baş redaktoru olmuşdur.
Avropanın və ABŞ-ın ultrasağ və tradisionalist hərəkat aktivistləri ilə görüşlər keçirmiş, antiqərb əhval-ruhiyyədə olan ölkələrin – Çinin, İranın və Türkiyənin akademik və ideoloji dairələri ilə əlaqələr qurmuşdur. ABŞ, Fransa, Türkiyə, İran və Moldova universitetlərinə mühazirələr oxumaq üçün dəvətlər almışdır.
Türkiyəli siyasətçi Doğu Perinçek (jurnalistlər onu Ərdoğanın qeyri-rəsmi müşaviri adlandırırlar) bildirmişdir ki, Ərdoğana 2016-cı ildə Darbe çevrilişi təhlükəsi barədə qabaqcadan məhz Duqin xəbər vermişdir və Türkiyənin növbəti ABŞ xuntası əsarəti altına düşməsindən xilas olmasında o mühüm rol oynamışdır.
Rusiyalı yazıçı və siyasi xadim Aleksandr Proxanov Duqini “görkəmli rus insanı” adlandırır və “bizim günlərin parlaq ideoloqlarından biri” kimi səciyyələndirir: “Çox şeylərdə onun tayı-bərabəri yoxdur. O nəhəng tarixi layları adlayır, ilkin axritepləri dirildir. Duqin rus ənənəçiliyi ilə modernist avanqardı birləşdirir”.
Adı ABŞ-ın, Kanadanın və Avropa İttifaqının sanksiya siyahılarına düşmüşdür.
“Amerikanın səcdə etdiyi Tanrı pravoslav ixtiologiyasında Şeytan adlanır” – Duqinin Amerikaya münasibəti belədir.
O Rusiyanın xilasını Şərqə dönüşdə, demokratiyadan və bazar iqtisadiyyatından imtinada görür.
Duqin SSRİ-nin dağılmasını faciə adlandıraraq bunu geopolitik nöqteyi-nəzərdən dəniz sivilizasiyasının quru sivilizasiyası üzərində qələbəsi kimi xarakterizə edir.
Onun nəzəriyyəsində dünya quru və dəniz sivilizasiyalarının mübarizə meydanı kimi təqdim olunur: kontinental dövlətlərin tellurokratiyası dəniz dövlətlərinin tallasokratiyası ilə mübarizə aparır. Burda quru sivilizasiyasına Avrasiya dünyası (başda Rusiya olmaqla), dəniz sivilizasiyasına isə Atlantika dünyası (başda ABŞ olmaqla) aiddir.
Duqinə görə, Avrasiyanın quru dövlətlərində hakimiyyətlər tarixən, ənənəvi olaraq avtoritardır, cəmiyyət quruluşu isə kollektivçilikdir. Demokratiya, individuallıq, istismar isə Atlantik dünyanın məhsullarıdır. Dünya tarixi pərdəarxasında “avrasiyaçılar ordeni” ilə “atlantistlər ordeni” arasında savaş gedir. Bunlar bir növ dünyanın meqa xüsusi xidmət orqanlarıdır.
O liberalizmi bütün bəlaların günahkarı sayır və Stalin kultunu pravoslavlıq ilə əlaqələndirir.
Kitabdakı fikirlər rusiyalı professor, filosof, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqinin 24 cildlik “Noomaxiya” əsərindəndir. Kitab fəlsəfə, metafizika, geosofiya, geopolitika, sivilizasiyaların və mədəniyyətlərin tarixi ilə maraqlanan intellektuallar üçün nəzərdə tutulub.
Комментариев нет:
Отправить комментарий