15.07.2023

QARABAĞDA VƏZİYYƏTİN ESKALASİYASINDA QƏRB MARAQLIDIR


Valeri Korovin
CALİBER.AZ SAYTI ÜÇÜN MÜSAHİBƏ, 20.10.2021

—Bu yaxınlarda Azərbaycan və Ermənistanın həmsərhəd rayonlarında baş verən eskalasiya nə ilə əlaqədardır?

—Mənim fikrimcə, vəziyyətin eskalasiyasında o adamlar maraqlıdır ki, yaranmış status-kvo onları qane etmir. Bu gün 30 illik konfliktin dayandırılması ortalıqdadır, Azərbaycan və Ermənistan liderlərinin də yorulmadan bəyan etdilkləri kimi tərəflərin bir-birinə ərazi iddiaları yoxdur. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bildirmişdir ki, konflikt bitmişdir, bununla Nikol Paşinyan da razıdır. Rusiya sülhməramlılarının olması regionda sülhün qarantıdır. Belə baxanda hamını hər şey qane edir.

Bircə hər iki tərəfdən radikallar, həmişə olduğu kimi revanş yanğısında olan milliyyətçilər və... Qərb, ilk növbədə ABŞ narazıdır. Bəs necə, axı sülh Qərbin birbaşa iştirakı olmadan yaradıldı, demək onların maraqları nəzərə alınmadı. Qərb strateqləri bildirirlər: “Belə olmaz, ABŞ və Fransanın da iştirakını nəzərdə tutan Minsk formatına qayıtmaq lazımdır”. Məntiqli sual ortalığa çıxır: “Niyə? Nə səbəbə?” Axı konflikt dayanıb, sülh yaranıb. Qərb strateqləri isə etiraz edirlər: “Konflikt dayanıb? Bizsiz? Onda biz sizə sülhü göstərərik!”

Məhz bu yanaşma bütün provokasiyaların və istənilən gərginliyin başlıca müqəddiməsidir. Çalışırlar göstərsinlər ki, heç bir sülh-zad yoxdur, Rusiya sülhməramlıları öz işlərinin öhdəsindən gələ bilmirlər. Qərb, ABŞ və onların tərəfdarları özlərinin iştirakı olmadan yaranmış sülhlə razılaşmırlar. Axı belə olan halda onlar öz şərtlərini diqtə edə bilmirlər, onların maraqları nəzərə alınmır, onlardan heç kəs asılı olmur! Buna isə onlar öyrəşməyiblər, axı “dünya ağalarıdır”, Barak Obamanın dediyi kimi, “xüsusi millətdirlər”.

Burdan Zaqafqazye üçün (təkcə onunçün deyil) geopolitik aksioma çıxarmaq olar: Regionda istənilən eskalasiyanın arxasında Qərb və onun agenturası durur. Belə ki Qərb, xüsusən də ABŞ istənilən regiona məhz destabilizasiya yolu ilə, öz tələblərini diqtə etməklə, öz maraqlarını sırımaqla girir. Baxaq görək eskalasiya kimə sərfəlidir. Azərbaycana sərfəli deyil, o öz rayonlarnı qaytarıb. Rayonları qaytaran Ermənistana da sərfəli deyil, o bu rayonları əvvəl-axır qaytarmalıydı, sadəcə müqavimətsiz qaytarmalıydı. Rusiyaya da eskalasiya lazım deyil, çünki ona öz böyründə konflikt gərək deyil.

Bir də regional oyunçular var ki, Zaqafqazyedə daha böyük təsir dairəsinə, daha böyük iştiraka, öz maraqlarının nəzərə alınmasına nail olmaq istəyirlər. Lakin müharibəni qızışdırmaqla onlar sırf ABŞ-ın strateji maraqlarına uyğun hərəkət edirlər. Hansı ki ABŞ onların özünü heç bir subyekt-zad da hesab eləmir, istənilən münasib imkan düşən kimi onları arxadan vurur, istifadə edir və tələyə salır.

—Fikrinizcə Cənubi Qafqazda Rusiya və Türkiyənin maraqları kəsişirmi?

—Burda dəqiqləşdirmə lazımdır: hansı Türkiyənin? Türkiyə bu gün birmənalı anlayış deyil. Geopolitik nöqteyi-nəzərdən iki Türkiyə var. Biri atlantist Türkiyədir: NATO-ya üzv olan Türkiyə, elitaların Qərbyönümlü hissəsi, Vaşinqtonun maraqları yolunda çarpışan gülənçi islamçı şəbəkələr, demokratiya, vətəndaş cəmiyyəti və insan hüquqlarını ehtiva edən Avropa dəyərləri – dünyanın bütöv regionlarını qul etmək, təkqütblü dünya konseptini otuzdurmaq, “vəhşi” və “varvar” adlandırdığı xalqları istismar və idarə etmək üçün Qərbin ixrac etdiyi cəfəngiyyatlar Türkiyəsi.

Bir də var avrasiyaçı Türkiyə. Bu Türkiyə ənənəçidir, antiqərbdir, antiamerikandır, ənənəvi islam dəyərləri üzərində bərqərar olmuşdur (təhrif olunmuş siyasi islam üzərində deyil), mədəniyyətlərin, xalqların və etnosların rəngarəngliyini qiymətləndirəndir (Qərbin qaynar vətəndaş cəmiyyəti qazanından fərqli olaraq). Bu təbii Türkiyədir ki, Avrasiya sivilizasiyasının, gələcək çoxqütblü dünyanın ayrılmaz hissəsidir.

Belə avrasiyaçı Türkiyəyə eynən Rusiyaya lazım olduğu kimi Qafqazda sülh lazımdır. Məhz belə ənənəvi, avrasiyaçı, Qərb tərəfindən tutulmamış, Qərb dəyərlərinə yoluxmamış, xaricdən Qərb və ya islamçı şəbəkələr tərəfindən idarə olunmayan Türkiyənin Rusiya ilə çoxlu ümumi cəhətləri var, necə ki regionun öz avrasiyaçı identikliyini saxlamış digər dövlətləri və xalqları ilə də var. Belə ənənəvi Türkiyə ilə Rusiyanın ümumi maraqları var ki, məhz bu maraqlara yönələrək Xəzəryanı regionun dövlətlərinə və xalqlarına xeyirli olan sahələri inkişaf etdirmək lazımdır. Okeanın o üzündən təşrif buyurmuş, özünü harda aş orda baş aparan, öz “seçilmişlərindən” başqa heç kəsin maraqları ilə hesablaşmayan xain “müttəfiqdən” isə uzaq durmaq lazımdır.

Burda qeyd etmək yerinə düşərdi ki, Türkiyədə olan yad şəbəkələrdən, yəni liberal, qərbyönümlü, islamçı şəbəkələrdən regionun digər ölkələrində – Azərbaycanda, Ermənistanda, hətta İranda və Rusiyada da var. Nə qədər ki onlar bizi içəridən məhv etməyiblər, bir-birimizlə vuruşdurmayıblar, saysız-hesabsız konfliktlər yaratmayıblar, onların onurğasını sındırıb məhv etmək lazımdır.

—Fikrinizcə, Zaqafqazyedə kommunikasiyaların açılması niyə uzanır?

—Qərbyönümlü şəbəkələrin – Amerikanın birbaşa agenturasının həyata keçirdiyi sabotaja görə. Kommunikasiyalar, onların fasiləsiz işi – bütün regionun iqtisadi inkişafının və çiçəklənməsinin qarantıdır. Bu isə amerikan maraqlılarına sərf eləmir. Amerikanlar iqtisadiyyatların normal fəaliyyətini iflic etmək istəyirlər ki, hamını özlərinin dilənçi paylarından asılı qoysunlar, Beynəlxalq Valyuta Fondundan və Ümumdünya Bankından kredit götürməyə məcbur eləsinlər, borc içində, ağır sələm içində boğsunlar və əvəzini suverenlikdən məhrum etməklə ödətdirsinlər.

Burdan sadə və aydın nəticə çıxır: istənilən inteqrasiya proyektlərini pozmaq, region ölkələri arasında transport koridorlarını, ümumiyyətlə normal kommunikasiyanı qapamaq onlara hava və su kimi lazımdır. İyirmi ildir ki, Rusiya, İran və Azərbaycan Şimal-Cənub transport koridorunun qurulması üçün əlləşirlər. Hər üç tərəfdə tam razılıq və anlaşma var, onlarla müvafiq qanun, sənəd, reqlament qəbul olunub, koridorun real işi isə hamının təəccübünə rəğmən hələ də ölü nöqtədən tərpənmək bilmir.

Belə misallar saysız-hesabsızdır. Harda ki elitaların, rəsmi hakimiyyətlərin iradəsi ortaya qoyulur, orda sabotaj aşağı səviyyədə həyata keçirilir – məsələn, Azərbaycana, Ermənistana, Rusiyaya mal daşıyan İranın fura maşınlarından alınan gömrük rüsumlarını çoxaldırlar, elə edirlər ki, sərfəli olmasın. Antiiran, antierməni, antirus isterikanı qızışdırırlar ki, sahibkarlara həmin ölkələrlə ticarət əməliyyatları aparmaq mənəvi cəhətdən çətin olsun. Nəhayət, regionda provokasiyalar yolu ilə ümumi vəziyyəti destabilizasiya edirlər; birini bu tərəfdən atəş açıb vururlar, digərini o tərəfdən – amerikanların tipik fəndidir ki, bu yolla onlarla, yüzlərlə konflikt alovlandırmağa nail olmuşlar. Ukrayna maydanını və onun “səma yüzlüyü” silahlı dəstəsini xatırlamaq kifayətdir. Axı orda da hər şey atəş açılaraq hər iki tərəfdən bir-bir öldürülən “sakral qurbanlardan” başlamışdı.

Nə qədər ki bizim ölkələrimizin ali rəhbərliyi səviyyəsində iradəli qərarlar qəbul olunmayıb və Qərb agenturası sərt və kompromissiz şəkildə aradan götürülməyib, heç bir transport və infrastruktur layihəsi açılmayacaq və işə düşməyəcək.

—Ermənistan və Azərbaycan yekun sülh müqaviləsini nə qədər tez imzalayacaqlar? Prosesi çətinləşdirən faktorlar hansılardır?

—Sülh müqaviləsi o zaman imzalanacaq ki, regiondan müharibə faktorları və konfliktogenlik səbəbləri tam yığışdırılsın. Əsas faktor barədə biz danışdıq – bu Qərbin müdaxiləsi və amerikan maraqlarıdır. Bura Türkiyə elitalarının bir qisminin regionda böyük təsirə nail olmaq cəhdini də əlavə etmək olar (hətta Azərbaycanı tam ələ keçirmək istəkləri də var).

Türkiyənin həmin yanaşması ilə bağlı konsensus yoxdur, amma ələ keçirmək adeptləri Azəbaycanda indilərdə aktiv şəkildə işə salınmışdır. Və əgər həmin ssenariyə hipotetik baxsaq, görərik ki, onun həyata keçirilməsi yalnız destabilizasiya yolu ilə mümkündür – konflikti yenidən işə salmaq, onu elə bir həddə çatdırmaq ki, Azərbaycan təklikdə bunun öhdəsindən gələ bilməsin, onda Türkiyə ortalığa düşərək dəstək versin və əvəzində müstəqillikdən məhrum etsin. Bu ssenari ola bilsin kiməsə inanılmaz gəlir, lakin o müəyyən dairələrdə ciddi şəkildə müzakirə olunur və buna hazırlıq işləri artıq gedir.

Sülhə qarşı, dediyimiz kimi, hər iki tərəfdən milliyyətçi qüvvələr çıxış edirlər, özü də həm erməni, həm də azərbaycanlı milliyyətçilər konfliktin qızışdırılması üçün eyni instansiya – Qərb tərəfindən, konkret olaraq Qərb xüsusi xidmət orqanları tərəfindən istifadə olunurlar.

Son zamanlar İsrail regionun aktiv oyunçusuna çevrilib ki, özünün İranla qaçılmaz konfliktinə görə regional oyunçuları da İrana qarşı yönəltməyə çalışır. İlk növbədə Azərbaycanı yönəldir ki, onun əli ilə İranı məhv edə bilməsə də, heç olmasa bir qədər zəiflətsin. İsrail Azərbaycanı özündən başqa heç kəsə lazım olmayan Azərbaycan-İran konfliktinə çəkmək istəyir.

Aydındır ki, İsrailin özündə bu məsələ ilə bağlı elitaların birgə razılaşması və tam anlaşması yoxdur. Lakin siyasi qüvvələrin bir qismi güc strukturlarının dəstəyi ilə bu ssenarini həyata keçirmək üçün aktiv şəkildə işləyir. Əlbəttə aydındır ki, elə onların da amerikanlar kimi Azərbaycanın bu halda nə günə düşəcəyi heç veclərinə də deyil.

Antiiran isterikası tam sürətlə qızışdırılır, özü də bu çox kobud və primitiv şəkildə edilir. Hərdən antiiran təbliğatının necə kobud yolla aparıldığını, necə axmaq və ağlasızmaz feyklərin Azərbaycan informasion məkanına, ilk növbədə bloqosferasına atıldığını görərkən, istər-istəməz sual yaranır: Buna kim aldana bilər? Axı kim belə cəfəngiyyata və axmaqlığa inanır? Doğrudanmı Azərbaycanda belələri var?

Yalnız bütün belə konfliktogen faktorları aradan qaldırmaqla yekun sülh müqaviləsi imzalana bilər. Özü də hökmən Rusiya sülhməramlılarının olması və Rusiyanın vasitəçiliyi ilə imzalana bilər, hansı ki o birilər kimi gizli niyyəti-zadı yoxdur, gündəmi açıq şəkildə ortalığa qoyur, real olaraq sülhün yaradılmasına çalışır. Və əgər sülh nə qədər möhkəm olsa, Ermənistan və Azərbaycan Rusiyanın başlatdığı Avrasiya inteqrasiyası proseslərində daha aktiv şəkildə iştirak edəcəklər, Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Gömrük İttifaqı və digər birliklərə qatılacaqlar. Rusiya – sülhün qarantıdır.

—Rusiya sülhməramlılarının qalma müddətinin uzadılması gözlənilirmi?

—Bu ondan asılıdır ki, yuxarıda sadaladığımız “müharibə partiyası”, əsas oyunçular və maraqlı tərəflər regionda nə dərəcədə güclü və effektiv olacaqlar. Onların aktivliyi nə qədər çox davam edəcəksə, Rusiya sülhməramlılarının qalması daha çox vacib olacaq. Rusiya sülhməramlıları olmasa regionu bir saatın içində partladarlar. Baxın görün sülh yox, məhz müharibə istəyən tərəflər nə qədərdir!

Rusiya bütün tarixi boyu müharibələri başlatmır, məhz dayandırır. Aqressorları durdurur və xalqlara sülhü qaytarır. Rus missiyası belədir. Odur ki kim doğrudan da sülh tərəfdarıdır, həmişə sülhün məhz Rusiya sülhməramlıları tərəfindən təmin olunmasında maraqlı olacaq.

Lakin elə vəziyyət yarana bilər ki, Rusiya sülhməramlıları doğrudan da regionda lazım olmaya bilərlər. Bu onda baş verər ki, Rusiya, Azərbaycan və Ermənistan yenidən vahid üst-dövlət təşkilatına – Avrasiya Birlliyinə qayıdarlar, Sovet İttifaqının çökməsindən ötən 30 il ərzindəki bütün dağıntıları yenidən bərpa edərlər.

Söhbətləşdi: İsmət Mirbabayev

Tanınmış rusiyalı politoloq və filosof, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovinin “Qarabağ haqqında imperiya söhbəti: Rusiya, Azərbaycan, Ermənistan, İran və Türkiyə Cənubi Qafqazın regional geopilitikasında” kitabından

Комментариев нет:

Отправить комментарий