Birləşmiş Krallıqda (BK) mənzillənən kommunikasiya bacarıqları və mədəniyyətlər arası məşqçi Chia Suan Chong bildirir ki, ana dili ingilis dili olanlar müasir cəmiyyətdə ünsiyyət zamanı bir sıra anlaşılmazlıqlarla üzləşirlər. Belə ki, onlar ikinci və ya üçüncü dili ingilis dili olan şəxslər üçün anlaşıqlı tərzdən istifadə etmirlər. Chong deyir: "İngilisdillilərin bir çoxu ingilis dilinin dünya dilinə çevrilməsindən şaddırlar. Onlar düşünürlər ki, başqa dil öyrənməyə vaxt sərf etmək kimi ehtiyacları yoxdur. Amma... dünyanın müxtəlif yerlərindən olan və ingilis dili vasitəsilə əlaqə quran insanların toplaşdığı bir iclas otağına anidən gələn amerikalı və ya britaniyalının danışığını çox vaxt heç kim başa düşmür". Ana dili ingilis dili olmayanlar sən demə, daha məqsədli və ehtiyatlı danışırlar. İkinci və ya üçüncü dili ingilis dili olanlar üçün bu, tipik haldır. İngilisdillilər isə adətən sürətli danışır, öz mədəniyyətlərinə xas zarafatlar, atmacalar və istinadlardan istifadə edirlər. Bundan başqa, onlar e-maillərdə, ofisdə deyiləm əvəzinə OOO (ingiliscə: out of office) kimi abreviaturalar işə salırlar. "Ana dili ingilis dili olan şəxs... başqalarına uyğun danışmayan və ya digərləri ilə ayaqlaşmağı bacarmayan yeganə insan olur"- Chong bildirir.
Dünyanın böyük hissəsində ingiliscə danışa bilən insanların əksəriyyətinin ana dili başqa dildir. Ona görə də ayaqlaşmağı bacaran tərəf məhz ana dili ingilis dili olanlar şəxslər olmalıdır. "Müxtəlif dilli insanlar arasında ingilisdillilərin vəziyyəti adətən daha çətin olur"- BK-da yerləşən Southampton Universitetindən qlobal ingilis dili üzrə professor Jennifer Jenkins deyir. "Anlamaq və anlatmaqda çətinlik çəkənlər məhz ana dili ingilis dili olan şəxslərdir". Başqa dillərin nümayəndələri adətən ingiliscə məhdud lüğətə və sadə ifadələrə əl atırlar. Buna görə də onlar bir-birlərini rahat başa düşürlər. Jenkins müəyyənləşdirib ki, məsələn, Britaniya universitetlərində təhsil alan beynəlxalq tələbələr bir-birlərini ingilis dilində daha yaxşı anlayırlar və dili daha az bilən üzvlər istənilən qrupa asanlıqla yovuşa bilirlər. Professor Jenkinsin fikrincə, ingilis dilini müxtəlif səviyyədə bilən şəxslərdən ibarət qrupla ünsiyyət qurmağa çalışarkən anlayışlı və uyumlu olmaq şərtdir: "Qulaqlarınızı istifadə olunan ingiliscənin müxtəlif tezliklərinə uyğun kökləmək lazımdır. Başqa dilləri öyrənən insanlar bunun öhdəsindən asanlıqla gəlirlər. Lakin ana dili ingilis dili olan şəxslər adətən birdilli olurlar və dili müxtəlif yanlardan istifadə etməyi yaxşı bacarmırlar".
Michael Blattner Sürix Sığorta Qrupu şirkətinin İP Əməliyyatları üzrə təlim və təklif rəhbəridir. Onun ana dili isveçcə-almancadır, amma işində daha çox ingilis dilindən istifadə edir: "Ana dili ingilis dili olmayan insanlar məni daha rahat başa düşdüklərini deyirlər". Əsas çaşdırıcı məqamlardan biri də abreviaturalardır. "Beynəlxalq ölçüdə yenicə işləməyə başlamışdım və bir nəfər mənə ETA (ingiliscə: Estimated Time of Arrival - təxmini çatdırılma vaxtı) 5-ə qalmışdır dedi. Öz-özümə fikirləşdim: ETA nədir axı?"- Blattner deyir. "Ən qəlizi isə bəzi qısaltmaların Britaniya ingiliscəsində başqa, Amerika ingiliscəsində başqa olmasıdır". Blattner söyləyir ki, hətta mədəni üsul da var. "Bir britaniyalı verilən təklifə "Maraqlıdır" deyərək reaksiya verirsə, başqa britaniyalı onu "Boş şeydir" kimi başa düşə bilər. Digər millətlər üçün isə bu, adətən hərfi məna verir". Blattner deyir ki, qəribə sözlər, sürətli nitq və mızıldamaq heç bir işə yaramır, xüsusilə də aşağı keyfiyyətli internet üzərindən telefon və ya video danışığı zamanı: "Diqqətin yayınmağa başlayır və başqa işə köklənirsən, çünki anlamaq qeyri-mümkündür". Blattner əlavə edir ki, görüşlərdə "tipik olaraq söhbətin 90%-ni ana dili ingilis dili olanlar aparırlar. Digərləri görüşdə eyni məqsədlə iştirak etsələr də belə".
İsveçrənin Baden şəhərində yerləşən dil kursu TLC Beynəlxalq Evində ingilis dili rəhbəri Dale Coulter də deyilənlərlə razıdır: "Başqa dildə danışa bilməyən ingilisdillilər, adətən ingilis dilinin beynəlxalq səviyyədə istifadə üsulundan xəbərsiz olurlar". O Berlində Fortune 500 adlı şirkətin alman işçilərinin Kaliforniyada yerləşən baş ofisdən göndərilən bir video linki izlədiklərini görüb. İngiliscə yaxşı bildiklərinə baxmayaraq, həmin almanlar amerikalı layihə rəhbərlərinin nə demək istədiyini anlamaya bilmirdilər. Nəticədə ortaq məxrəcə gələrək öz aralarında mənanı yozdular. Bəlkə də həmin məna Kaliforniyadan gələn məqsədlə üst-üstə düşmürdü. "Bir çox məlumatlar yanlış anlaşılır"- Coulter deyir.
Beynəlxalq Biznes Maşınları şirkətinin (ingiliscə IBM) beynəlxalq marketinq üzrə keçmiş icraçısı fransız Jean-Paul Nerriere isə xəbərdarlıq edir ki, saziş əldə etməmək riski ilə daha çox ana dili ingilis dili olan insanlar üzləşirlər. "İngilis dili ana dili olmayan bir çox insanlar, xüsusilə də asiyalılar və fransızlar "axmaq görünməkdən" çəkinirlər və deyilənləri başa düşməsələr belə, razılıqla baş tərpədirlər"- o deyir. Nerriere hətta bu səbəbdən Globish adlı bir alət də hazırlayıb. Burada ingilis dilində süzgəcdən keçirilmiş 1500 söz və sadə, amma standartlara əsaslanan qrammatika tətbiqi toplanıb. "Bu dil deyil, alətdir"- Nerriere söyləyir. Globish-i 2004-cü ildə istifadəyə verdikdən bəri o 18 dil üzrə 200 000-dən çox Globish dərsliyi satıb. "Məhdud və sadə dillə ünsiyyət quraraq vaxta qənaət edir, yanlış anlaşmadan yaxa qurtarır və ünsiyyətdə səhvlər buraxmırsan"- o deyir.
Telekommunikasiya nəhənglərindən biri olan NTT Kommunikasiyaların Avropada marketinq üzrə baş icraçı direktoru və fransızca öyrənməyə çalışan ingilis Rob Steggles də ingilisdillilərə bir məsləhət vermək istəyir. Parisdə yaşayan Steggles deyir: "Qısa, aydın və birbaşa danışmalısan və nitqini asanlaşdırmalısan. Amma bununla özünü yuxarıdan aparmaq arasında incə bir xətt var. Həmin xətt kəndirbazın kəndirinə bənzəyir". Stegglesə görə, iclaslarda ingilisdillilər adət etdiklərinə görə sürətli danışırlar və söhbətlərdə boşluqları doldurmağa tələsirlər: "Bəlkə qarşındakı ingilis dili ikinci dil olan adam cümlə qurmağa çalışır. Bir anlıq gözləmək və imkan vermək lazımdır. Əks halda görüşdən sonra yaxınlaşıb soruşa bilərlər: Söhbət nədən gedirdi? Yaxud heç nə başa düşmədiklərinə görə bir söz demədən gedə bilərlər". O eyni fikri bir neçə fərqli yollarla çatdırmağı və aydın olub-olmadığını soruşmağı, reaksiya və ya hərəkət gözləməyi məsləhət görür. Steggles vurğulayır: "İştirak yoxdursa, dediklərinin anlaşılıb-anlaşılmadığını bilməyəcəksən". /bbc.com/
Комментариев нет:
Отправить комментарий