08.03.2018

Gömrük rüsumları ensə də kərə yağının qiyməti sabit olaraq qalır

Nazirlər Kabinetinin qərarı ilə ötən ilin dekabrında kərə yağı idxalına tətbiq edilən gömrük rüsumu 15 faizdən 5 faizə endirildi. Rüsumların 3 dəfə azaldılması dünya bazarında sürətlə bahalaşan kərə yağının qiymətini Azərbaycanda nisbətən aşağı salıb onu əhali üçün əlçatan etməyə hesablanmışdı.
Bu qərarın tətbiqindən 3 ay keçib, amma yağ ucuzlaşmayıb, yaxud qiymətlərdə hissolunacaq dəyişiklik baş verməyib. Bəzi kərə yağı markalarının qiymətində qəpik-quruş azalma nəzərə alınmasa.
Virtualaz.org saytı xəbər verir ki, bu cüzi ucuzlaşma əsasən iri marketlərdə  müşahidə edilir- 30-50 qəpik arası. Məsələn, “Neptun” marketdə hazırda 1 kiloqram “Anchor” 17 manat 20 qəpiyə satılır.  Əvvəl isə bu yağın kiloqramı 17 manat 70 qəpik olub. “Golden Grown” 17 manat 50 qəpik, “President” 19 manat 40 qəpik, “Westgold” isə 17 manat 60 qəpiyə təklif edilir. 250 qramlıq “Burro Tedesko” 7 manat 75 qəpiyədir.  “Fresko” supermarketində də qiymətlər fəqrli deyil.
Amma şəhərin  kiçik ərzaq mağazalarında kərə yağının qiyməti 18-22 manat arası dəyişir. Satıcıların sözlərinə görə, nə idxal, nə də yerli istehsal kərə yağının qiymətində ciddi ucuzlaşma yoxdur. “Onsuz da son 1 ildə kərə yağının alıcıları azalıb. İndi yağı kiloqramla deyil, qramla alırlar”, - metronun “28 may” stansiyasının yaxınlığındakı ərzaq dükanlarından birinin Məhirə adlı satıcısı deyir.
Digər mağazada isə satıcı  deyir ki, indi çoxları Rusiya istehsallı bitki yağlarına üstünlük verir. Çünki bu yağlar dadı və ətrinə görə kərə yağından fərqlənmir. Kiloqramı 16 manatdan başlayan yerli istehsal kərə yağının da alıcıları çox deyil.
Ekspertlər də tezliklə kərə yağının ucuzlaşacağını proqnozlaşdırmırlar. İqtisadçı Qadir İbrahimlinin fikrincə, gömrük rüsumunun 3 dəfə azaldılması qiymətə ən yaxşı halda 3-5 faiz təsir edə bilərdi. “Ölkəyə kərə yağı idxalı monopoliyadadır. Buna görə gömrük rüsumunu tamamilə ləğvi olunsa belə, bazarda qiymətlərə ciddi təsir etməyəcək. Yada salaq ki, bir müddət əvvəl banan ucuzlaşdı, çünki bu sahədə monopoliya aradan qaldırılmışdı”, - İbrahimli əlavə edib.
İqtisadçı deyir ki, gömrük rüsumunun azaldılması bu sahə ilə məşğul olan şirkətlərin xərcini azaltmağa imkan verir. Amma bazara birbaşa təsiri olmur. Sadəcə olaraq, bu sahədə rəqabəti artırmaq, inhisarı aradan qaldırmaq lazımdır. Q.İbrahimli onu da qeyd edib ki, təlabatı nəzərə alıb Novruz bayramı ərəfəsində qiymətləri artıra bilərlər. Çünki Azərbaycanda bayramöncəsi bahalaşdırma ənənə halını alıb. Amma bayramdan sonra enidən ucuzlaşma olacaq.
Digər amil isə budur ki,  kərə yağı əsasən avro ilə alınır, avronun manata məzənnəsi isə dəyişmir. Üstəlik yağın gətirildiyi ölkələrdə də bahalaşma qeydə alınır. Azərbaycana gətirilən kərə yağının 80-82 faizi Yeni Zelandiyanın payına düşür. Yeni Zelandiyadan gətirilən yağların qiyməti isə yüksəkdir.  Ukrayna, Belarus, Rusiya, Türkiyə, Fransa və Almaniyadan da kərə yağı alınır: “Ölkə əhalisinin kərə yağına olan illik təlabatı 72 min tondur. Təlabatın müəyyən faizi idxal hesabına ödənilir. Ötən ilin son aylarında kərə yağının qiymətinin kəskin artması həm xaricdə bahalaşma, həm də inhisarla bağlı idi”.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycana 44 şirkət tərəfindən yağ gətirilir. Ötən ilin 3 rübündə 8,391.53 ton kərə yağının gətirilməsinə 35998.15 min dollar xərclənib.
Ekspert isə deyir ki, yağın daşınması, anbarlarda saxlanılması və mağazalara paylanması xərcləri də nəzərə alınmalıdır: “Kərə yağının saxlanılması üçün xüsusi şəraiti olan anbarlar olmalıdır. Hansı ki, bu anbarların saxlanılması aylıq 1000-1500 manata başa gəlir. Kərə yağının qiymətini azaltmaq üçün bazara yeni şirkətlər buraxılmalıdır”.

Ülviyyə Xudiyeva                     virtualaz.org

Комментариев нет:

Отправить комментарий