07.03.2018

Putin yeni silahlar barədə

Rusiya prezidenti Vladimir Putin bu gün Federal Təhlükəsizlik Xidmətinin kollegiyasında çıxış edərək ötən həftə açıqladığı fantastik silahlar üzərində işin məxfiliyini təmin edə bildiyinə görə çekistlərə minnətdarlıq edib.
Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Putin bu silahlar üzərində işin illərdir getdiyini deyib. “Burada minlərlə adam, yüzlərlə konstruktor və elmi kollektivlər, sənaye müəssisələri iştirak edirdi. Qeyd etmək istəyirəm ki, bu irimiqyaslı layihələrlə bağlı effektiv və operativ əks-kəşfiyyat fəaliyyətini təmin etmək mümkün olub. Sizə və bu məsul, mürəkkəb işdə iştirak edən hər kəsə təşəkkür edirəm” - Putin çekistlər qarşısında bildirib.
Rusiya prezidentinin sözlərinə görə yeni silahlar üzərində iş asan olmayan şərtlər altında aparılırdı. Xarici kəşfiyyat ən müasir metodlardan, agentura şəbəkəsindən və texnikadan istifadə edərək Rusiya üzrə işləyirdi. Putin bu yaxınlarda qəbul edilən yeni silahlanma proqramı barədə də FTX-yə tapşırıq verib, deyib ki, bu silahlanma proqramlarını korrupsiya təhdidindən qorumaq lazımdır.
Xatırladaq ki, Putin ötən həftə Federal Məclisə illik müraciətində ölkəsinin altı yeni fantastik silah növünə malik olduğunu açıqlayıb. Bunlar “Sarmat” qitələrarası ballistik raketi, “Kinjal” (“Xəncər”) aviasiya raketi, hipersəs sürəti ilə uçan nüvə mühərrikli qanadlı raket, yenə də nüvə mühərrikli sualtı pilotsuz döyüş aparatı və lazer silahıdır. Hansı ki, Putinin bildirdiyinə görə bu silahlara qarşı heç bir müdafiə vasitəsi yoxdur və yaxın perspektivdə də olmayacaq.
Rusiya prezidentinin yeni fantastik silahlar barədə danışdıqları dünyada əsas müzakirə mövzularından biridir. Hərçənd Putinin dedikləri Qərbdə sakit qarşılanıb, ABŞ Müdafiə Nazirliyi bildirib ki, Rusiyanın hipersəs sürətli yeni silahlar üzərində işlədiyi onlara məlum idi.

Комментариев нет:

Отправить комментарий